Mahir CAVADLI yazır

Şəkildə Asya Əhmədova doğma vətəndə sakinlərlə görüşdən.

YURDA SİNƏ DOLU SÖZLƏ DÖNƏN ŞAİR

(Asya Əhmədovanın şeirləri yurda, vətənə, torpağa sevgidən doğur)

Bu şairə xanımı Azərbaycan Milli Elmlər Akademiyasının geniş, işıqlı zalında Zəfər münasibəti ilə keçirilən yığıncaqda tanımışam. Tədbirin rəsmiliyinə baxmayaraq, sözünü nəzmlə bitirən, çıxışlarında poeziyaya yer ayıran natiqlərin olması elm, ədəbiyyat ocağında rəsmiliyin mahiyyəti barədə məndə ilk təəssüratları yaratmışdı. Elə həmin tədbirdə bəstəboy, gülərüz xanımın çıxışına bir-iki cümlə ilə ayaq verərək yurd həsrətli, qələbə sevincli şeirlərini söyləməsinə və zaldakıların ürəkdən coşan misralara fərqli münasibətinə daha çox təəccüblənmişdim. Sanki bu xanım heç nədən çəkinmədən “mən poeziya vurğunu, söz adamıyam” mesajını vermək, illərlə sinə dağına çevrilən duyğularını misraların dili ilə bəyan etmək üçün çıxmışdı bu kürsüyə! Əlbəttə ki, sürəkli alqışlar halal payıydı bu xanımın!

Asya Əhmədova ilə AMEA kollektivinin tərkibində 30 illik həsrətdən sonra qovuşduğum doğma Zəngilana səfər zamanı daha yaxından tanış olduq. Yenə kürsüdən alovlu şeirləri ilə oxşadı ürəyimizi.

…Və növbəti “görüşümüz”, – bu dəfə “Xəzan” jurnalının mart-aprel 2025/2/65 sayında mənalı baxışlarının fonunda ürək döyüntülərini misralara düzdüyü sağlam, saf duyğuların ifadəsi olan şeirləri sayəsində baş tutdu. Elə ilk şeirinin adı (“Vətən, görüşünə gəlmişəm sənin”) və tarixi (iyul 2024) çox mətləblərdən xəbər verirdi, yəni bizim Zəngilana səfərimizin təəssüratlarının ifadəsi olaraq qısa zaman kəsiyində yazılmışdı bu misralar!

Şəhidlik meracı səfər yoluyla,

Güllə yox, gül açan səhər yoluyla,

Dönüşə köklənən Zəfər yoluyla

Vətən, görüşünə gəlmişəm sənin.

İlk bənddən son misrayadək sanki bu şairə xanım yolüstü hazırlığını görür, uzaq səfər qabağı hisslərini cuşa gətirir, saçına düşən dən-dən ağlar, uzaqdan qoyub getdiyi dağlar görünən müqəddəs bir görüşdən, vətənə qovuşmaq sevincindən bəhs edir. Şeirin gözəlliyini başa düşmək, şairin hisslərini duymaq üçün onun qalaq-qalaq çoxcildliyini oxumağa heç də ehtiyac yoxdur. Bəzən bir bənd, bir misra poetik fikrin haradan qaynaqlandığına, necə yarandığına, hansı duyğulara kökləndiyinə şahidlik edir:

Göz yaşım dayanmır, yağışdı sanki,

Sinəm bir köz idi, alışdı sanki,

Yer göyə, göy yerə qarışdı sanki,

Vətən, görüşünə gəlmişəm sənin.

Sevinc hisslərini yağışa bənzədən şairə uçmağa qanadı olmadığını “yer göyə, göy yerə qarışdı” ərzdə ifadə edir ki, bu da folklorumuzdan qaynaqlanır. Sinəsində sönməyən közün 30 illik tarixinə işarə vuran müəllif 17 yaşından bu yana o dağı sinəsində gəzdirdiyinə, yəni vətənini, yurd-yuvasını bir an unutmadığına oxucunu inandıra bilir.

Həyatını elmi sahəyə həsr etmiş, ailə, kollektif, yaxın və doğmalarının hörmət və ehtiramını qazanmış incə xanım fikirlərini başqa cür necə ifadə etməlidir ki, özünün poeziyada təsadüfi olmadığını təsdiqləyə bilsin. Uzun həsrətdən sonra doğma vətənə qovuşan söz adamlarının şeirlərini yana-yana çox oxumuşam, duyğulanmışam. Şair dostlarımın xətrinə dəyməsin, məncə, Asya Əhmədovanın on bir bəndlik “Vətən, görüşünə gəlmişəm sənin” şeiri bu mənada ön sıralarda durmağa layiqdir. Şeirin sonunda da şairə xanım hələ ilk təəssüratlarının təsirindən qopa bilməmiş kimi duyğularına qanad verir:

Sənə sinə dolu söz gətirmişəm,

Sənə həsrət dolu göz gətirmişəm,

Qəlbimin içində alışan oddan

Sönən ocağına köz gətirmişəm,

Vətən görüşünə gəlmişəm sənin.

Bu sayında Asya  Əhmədovanın 14 şeirinə 9 səhifə ayıran “Xəzan” oxuculara yeni müəllifi təqdim etməklə, həm də, sözsüz ki, oxucuların, poeziyamızın, söz adamlarımızın dəyərini artırmış olur. Çünki A.Əhmədova özünün-sözünün yerini bilən birisi kimi şeirlərinə yad fikirləri calaq eləmir, təbiiliyi sevir, ürəyindən gələnləri qələmə alır. Onun “Layla dedim, yurdum sənə” şeiri də vətən, torpaq sevgisinə bağlıdır:

Gözlərimdə qoruyaraq hər şəklini,

Sözlərimdə neçə tərif vurdum sənə.

Həsrətimi bölüşərək kəlmələrlə

Şeir yazdım, nağıl qoşub durdum sənə.

Müəllif bəzən hisslərinə, duyğularına qoşularaq şeirin ənənəvi formatından qaçmaqdan çəkinmır, kənara çıxır, ancaq bu, təbii alınır, xəta, qüsur təsiri bağışlamır.

Elə talan, elə viran olmusan ki,

Tanımadım ilk baxışda, yurdum, səni.

Nənəm kimi bir bayatı qoşub dildən,

Başın üstə buludlardan sordum səni.

yazır və bu qoşmanın son iki misrasında sinədən gələn və ürəklərə yatan bayatıya

zəmin hazırlayaraq  şeiri də elə klassik xalq yaradıcılığı formasında ilə tamamlayır:

Bu yerdən ötən bulud,

Haraya yetən bulud,

Başqa yerdə gördünmü

Yurd izi itən, bulud?!…

Şairənin “Bir yol gedir bizim kəndə”, “O kənd bizim kəndimizdir”, “Bir yol, bir də mən varam” şeirləri də yuxarıda bəhs etdiyimiz hisslərdən qaynaqlanır. Bu misralarda Zəngəzurun, Zəngilanın füsunkarlıqları vəsf olunur, uzun həsrətdən sonra qəlbi coşduran vüsal duyğuları nəzmə çəkilir. Ayna xanımın “Bir arzu tut…” şeiri yaxın-uzaq keçmişlərdən süzüb gələn kövrək hisslərin, zərif ürək çırpıntılarının bədii təsviridir. Bu şeir də müəllifin əksər poetik nümunələri kimi milli-mənəvi irsin bir parçası olan inanclardan qaynaqlanır. İstək, arzu  dolu misralar isə oxucunu doğma yurdumuz Qarabağa, Zəngəzura, bu bölgələrdə formalaşan milli dəyərlərimizə doğru çəkib aparır.

Bir arzu tut…  

Göydən ulduz düşəndə,

kirpiyin gözlərindən

üzünə sürüşəndə.

Bir arzu tut…

Bədirlənmiş ay görəndə,

Sakit axan çay görəndə,

Ağacların nübarından

Şirin, şəkər pay görəndə.

Molla Pənah məqbərəsi göz önündə canlanır, “Bayatı-Şiraz”, “Qarabağ şikəstəsi”, Xan əminin zənguləsi qulaqlarında ən həzin ritmə, haya-haraya çevrilir. Şeiri oxuyursan və arzu tutursan, uşaqlığın, yeniyetməliyin yadına düşür, nənələrin nağıllarına qarışırsan, babaların müdrik kəlamlarına qovuşursan və inanırsan ki, arzular insanı yaşamağa və yaşatmağa ryhlandıran ən saf və təmiz duyğulardır.

Əminliklə demək olar ki, “Xəzan” jurnalının oxucuya təqdim etdiyi Asya Əhmədova maraqlı şeirləri ilə poeziyamıza yenilik gətirən müəlliflərdəndir. Onun ədəbi nümunələri şair təbiətinin zənginliyindən, ədəbiyyata ciddi və məsuliyyətlə yanaşmasından, söz boxçası açıldıqca daha böyük maraq kəsb edən folklora, xalq yaradıcılığına bağlılığından, bədii fikrin ucalığına sadiqliyindən xəbər verir. Asya Əhmədovaya yeni-yeni yaradıclıq uğurları arzulayırıq!    

Mahir CAVADLI,

AMEA Folklor Institutu

Mina RƏŞİD – Yaşasın Ağdam, yaşasın Azərbaycan!

Yaşasın Ağdam, yaşasın Azərbaycan!

Biz artıq doğma yurdumuza, illərlə həsrətində olduğumuz elimizə-obamıza qayıdırıq. Bax, bu da bizim qatarımızın fit səsi. Bəli, Sizə möcüzələrdən danışacam. Bura Ağdamdı! Bir vaxt adı dillər əzbəri, şanı göylərə ucalan Ağdam. Sonra erməni qəsbkarları tərəfindən yerlə-yeksan edilən, daşı-daş üstündə qalmayan və 30 ilə yaxın düşmən əsarətində qalan dədə-baba yurdumuz. Daha sonra bütün dünyaya səs salan 44 günlük Şanlı Vətən Müharibəmiz və böyük Zəfərimiz! İndi də doğma Qarabağda quruculuq işlərinin vüsəti görənləri, dünyanın hər tərəfindən bura səfər edənləri mat qoyur. Gör qısa bir vaxtda düşmənin yandırıb kül etdiyi quru bir yurdda nə xariqələr yaratmışıq! Bax, Ağdam da indi nağıllar diyarına bənzəyir…

Qoynu nəğməli şəhər,
Sən yenə də, bizimsən.
Yenə də, deyəcəyəm
Şəhərlərin gözüsən!

Mayın 10-da ölkəmizin başçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və bir qrup dövlət nümayəndəsi Ağdamda olub. Onlar əvvəlcə burada Dəmiryolu və Avtovağzal Kompleksinin açılışında iştirak ediblər. Qeyd edək ki, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

Azərbaycanda ilk qapalı dəmir yolu platforması

Kompleksin ərazisində müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması da tikilib. Qeyd edək ki, Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir.
Açılış tədbiri çərçivəsində Bərdə–Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı da yola salındı.
Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Bərdə–Ağdam və Horadiz–Ağbənd dəmiryol layihələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə müsbət iqtisadi təsirləri olacaq. Yeni dəmiryol xətləri həm sərnişinlərin, həm də sənaye və kənd təsərrüfatı məhsullarının daha sürətli və sərfəli şəkildə daşınmasına imkan verəcək, bölgənin logistik potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Kəngərli kəndinin birinci mərhələsinin açılışında…

Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva həmin gün Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verib.
Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Prezident İlham Əliyevlə, ölkəmizin Birinci xanımı daha sonra Kəngərli sakinləri ilə görüşdü. Prezdentimiz əvvəlcə kənd sakinlərini bu böyük gün münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, bu böyük xoşbəxtlikdi, tarixi bir hadisədi. Sonra sakinlərin bir vaxt evsiz-eşiksiz qaldıqları, necə çətinliklərə sinə gərdiklərini xatırlatdı: “Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır”.
Daha sonra sakinlərə yeni evlərinin açarları təqdim edildi.

Doğru yolun yolçusu olmaq böyük şərəfdir

Kəngərli sakini, 76 yaşında xanım, Əməkdar müəllim doğma prezidentə öz ürək sözlərini söylədi. O, bildirdi ki, düzdü, çətin dövrdə yaşamışıq və bugünkü gözəl həyatı da görürük: “Müqayisə aparanda düşünürəm ki, buradakılar hər kəsin arzusudur, arzu edirəm ki, ömrünüz uzun olsun, canınız sağ olsun və nə qədər ömrünüz var, hakimiyyətdə olun. Çünki biz inanmırıq ki, Ulu Öndərdən sonra Azərbaycanı Sizdən başqa kimsə bu vəziyyətdə idarə etsin. Sağ olun, var olun, daim hakimiyyətdə olun”.
Sakin daha sonra Ulu Öndərimiz Heydər Əliyevin vaxtilə köçkünlərə qayğısından, Vətən, xalq üçün böyük, unudulmaz işlərindən danışdı: “Müqəddəs kitabımız Qurani-Kərimdə belə bir ayə var: “Salam olsun doğru yolun yolçularına”. Doğru yolun yolçusu olmaq böyük şərəfdir. Bu şərəfi Siz çox ləyaqətlə yerinə yetirdiniz, tarix yazdınız, möcüzələr qurdunuz – bütöv Azərbaycanı. Eşq olsun Sizə!”

Muğam Mərkəzinin açılışı tarixi bir gündür

Həmin tarixi gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər.
Mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verdi. Xatırladaq ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuşdu. Qeyd edildi ki, Muğam mərkəzi Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Bu da danılmaz faktdır ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Onun üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir.
Daha sonra Prezidentimiz bildirdi ki, otuz iki il ərzində bir çox hadisələr baş verib, ancaq bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, biz inkişaf yolumuzdan dönmədik. O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni, biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir.
“Bu gün azad Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir. Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdi.
44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bölüşmüşük.
…Təsadüfi deyil ki, bu gün Azərbaycana dünyada olan münasibət, – hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.

Bu gün biz azad Qarabağda yaşayırıq

Ölkə başçısı İlham Əliyev bildirdi ki, bu gün biz azad Qarabağda yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, biz Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun.

Şuşanı Xankəndi ilə birləşdirəcək “Kanat yolu”

“Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm.
Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq.
…Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.
Yaşasın Ağdam, yaşasın Azərbaycan!”

Bu gün Azərbaycan muğamının təntənəsidir

Konsertdən sonra dövlətimizin başçısı və Birinci xanım incəsənət ustaları və müharibə veteranları ilə səmimi söhbət etdilər.
Xalq artisti Bəyimxanım Cavanşirova bildirdi ki, bu gün Azərbaycan muğamının təntənəsidir. Bu gün ən gözəl gündür. Doğma Qarabağımızda Ulu Öndərimizin ruhu şaddır. Xatirinizdədirsə, həmişə o, öz çıxışlarında deyərdi ki, biz Qarabağa qayıdacağıq. Bu gün həmin gündür. Ruhu şad olsun. Çox-çox təşəkkür edirik, minnətdarıq Sizə.
Daha sonra Prezident İlham Əliyevin müharibə iştirakçıları ilə səmimi görüşü yaddaşlara yazıldı.
Elə açıq havada, Muğam Mərkəzinin qarşısında “Qarabağ” mahnısı xorla ifa olunarkən doğma Prezidentimiz də onlara qoşuldu. Və inanıram ki, Vətənini sevən hər bir azərbaycanlı da mənim kimi doğma Prezidentinə, Müzəffər Ali Baş Komandanına qoşularaq göz yaşları içində “QARABAĞ, CAN QARABAĞ, ANA YURDUM!”, – söylədi.

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu – Üzə çıxmayan xatirələr dərində yatan inci kimidir

Üzə çıxmayan xatirələr dərində yatan inci kimidir
(Bu yazı “Kimya gündəliyi” kitabı üçün yazılıb)

Jalə İsmayıl neçə vaxtı Günel Eminli ilə bağlı kitab hazırlandığını deyib və mənim də o kitab üçün xatirələrimi göndərməyimi istəyib, sağ olsun. Mən isə demək olar, hər gün axşam nə yazacağımı düşünürəm. Günellə olan görüş və söhbətləri xatırlamağa çalışır, aciz cəhdlər edirəm.
Başqa tərəfdən, indiyəcən yalnız bir neçə adamla bölüşdüyüm, hər dəfə məndə dərin təşviş yaradan, əzab verən bir məsələ var. Təəssüf ki, ən yaxın adamlarımın, dostlarımın ağır xəstəliklərini, ölümünü qabaqcadan görürəm və yuxularım mənə olmazın iztirab verir. Anamla, atamla, xalam Zeynəblə, dostlarım Pərviz Yusif, Fərhad Mete, Qənirə Paşayeva ilə bağlı belə olub…hamını, hamısını yazmıram…
Günellə də belə olmuşdu, çox təəssüf.
Günel Eminlini ilk dəfə görəndə bibim qızı yadıma düşmüşdü, Təranə, 7-8 il yaş fərqləri vardı, Təranə böyükdü, təəssüf ki, ikisi də eyni ildə tərk etdi bu dünyanı. Hədsiz oxşarlıq bir yana, Günelin mənə yaxın qohumu, yaşca böyük dayısıoğlu, ya da qardaşı kimi baxmağı da vardı, isti, etibar dolu nəzərlərlə. Bu baxışları bir dəfə Sumqayıta, Fərhad Metenin yasına gedəndə daha qabarıq hiss elədim: ümidsizlik içində olan qızcığazın böyük qardaşına baxmasının kədərli nümunəsi idi, təskinlik verə bilmədim.
Son yazışmalarımızdan ikisini xatılayıram: Moldovadan ədəbi sorğu vardı, rumın şairəsi Mariya Pilkin göndərmişdi, gənc xanım yazarlarımızdan bir neçəsini məsləhət görmüşdüm, Günel xanımı da. Özünə yazdım ki, sorğu üçün Mariya onunla əlaqə saxlayacaq. Cavabı belə idi: “Böyük məmnuniyyətlə iştirak edəcəm. Həmişə yaxşı olun. Həmidə xanıma salam deyin”. Onda 1920-ci il idi, mayın 19-u, iki həftə sonra xəstəxanaya düşəcəkdim və 1 il 9 ay ağır xəstəliklə mübarizə aparacaqdım.
Lap axırıncısı isə oktyabrın 8-i və 9-na təsadüf edirdi. İki gün və iki fərqli kitabımın təqdimatı olacaqdı. Biri Beynəlxalq Bakı Kitab Yarmarkası çərçivəsində, biri də Əl Oyunları Sarayında. Dəvət göndərdim, həmişəki kimi cavab verdi, çiçək işarəsi göndərdi, “böyük məmnuniyyətlə iştirak edəcəm” yazdı.
Çox görüşmüşük Günel Eminli ilə. Əsasən ədəbiyyat tədbirlərində. Yazıçılar Birliyində, muzeydə, dostlarla tədbirlər sonrası çay süfrəsi arxasında. Bir dəfə qonaqlıq da vermişdi rəfiqələrinə, nədənsə məni də dəvət eləmişdi, yəqin dayıoğlu, qardaş kimi. Fəvvarələr meydanına açılan dar küçələrin birində Meksika mətbəxindən dada-dada xeyli söhbətlər eləmişdik hamılıqla.
İndi qüssəqarışıq xoşluq var içimdə. Nə yaxşı ki, Günelin ilk kitabının çapında iştirakım olub. “Cənnətdə payız”, hekayələr, esselər toplusuydu.
“Bəzən bir əsərdə Parisin bir uydurma küçəsindən bəhs edilər və həmin küçə o şəhərin xəritəsində olmasa belə, biz o şəhəri həmin küçəsilə daha çox sevərik. İstedadlı yazıçı Günel Eminlinin kəşf elədiyi bir küçə var: “Hay-haraylı dilənçi küçəsi “. Nə “google-map”də tapa bilərsiz o küçəni, nə Bakının hər hansı başqa xəritəsində. Amma siz o küçədə həmişə gördüyünüz həqiqətlərə bir başqa nəzərlə baxacaqsız. “Ana kimdir?” sualının əsrarəngiz cavabını alacaqsız. Günel Eminlinin ilk kitabında çoxlu böyük sualların adi görünən dərin cavabları var. O deyir ki, uşaqlıq cənnətdir, biz sözü yox, söz bizi seçəndə maraqlı olur, azadlıq xoşbəxtlikdir. Onun hekayələri esseləri qədər düşündürür, esseləri isə hekayələr qədər diridir, mütəhərrikdir”.
Belə yazmışdım o kitabı üçün və Elmlər Akademiyasının kitabxanasındakı təqdimatda da aşağı-yuxarı eyni sözləri təkrarlamışdım. Arxivimdə (bu sözdən heç xoşum gəlmir, bəlkə də Pasternakın şeirinə görədi) 6 avqust, 2011-ci ilə aid “525-ci qəzet” var. 30-cu səhifədə Günelin “Amerika, Amerika” yazısı dərc olunub. Yazı bu cümlələrlə bitir: “Desəm, nədən ötrü darıxdım, qəribə gələr, amma səmimilik üçün darıxdım, səmimilik üçün…”. Başlıq və son cümlə birlikdə artıq bitkin bir bir yazıdır.
Günel bir vaxtlar BSU nəzdində fəaliyyət göstərən Yaradıcılıq fakültəsinin dinləyicilərindən olub. Bir ilə yaxın orda dərs demişəm. Bir dəfə test eləmişdim. Yazılıydı. 14 dinləyicinin qeydini indiyədək saxlayıram, Günelin qısa qeydi də onların arasındadı, təsbitləri doğruydu: “Uşaqların yazdığı şeirin səmimiyyəti yaxşıdı. Pis, yaxud xoşa gəlməyən mətn(in) başlanğıcı… adama bədbinlik gətirir”. Çünki mətnin əvvəlini mən yazmışdım, məqsədli; sonunu uşaqların yazısından kollaj eləmişdim. Bunu isə dilə gətirməsə də, yalnız Günel hiss eləmişdi.
Adətən yaxın adamların həyatımıza necə daxil olduğunu xatırlaya bilmirik, ilk görüş, ünsiyyət, dəqiq səhnələr yaddaşın sirli dəhlizlərində aydın görünmür, üstəgəl təxəyyülümüz o səhnələri dəyişir, ya bər-bəzək vurur, ya necəsə redaktə, montaj eləyir. Amma yerdə qalanlar, bəlkə də heç vacib olmayan səhnələr bir başqa ardıcıllıqla özgə bir süjet xətti yaradır. Görünür üzə çıxmayan, daha doğrusu unudub çıxara bilmədiyin xatirələr dərində yatan inci kimidir, onları çıxarsan profanasiya baş verəcək, boş qutuya çevriləcəksən, özün öz gözündən düşəcəksən.
Adətən yaxın adamların həyatdan getdiyinə də inanmır, daha doğrusu, bunu sonadək başa düşə bilmirsən. Anlamadığını qəbul etmək isə çətindir.
Ruhun şad olsun, gözəl, istedadlı və istiqanlı bacım.

Səlim BABULLAOĞLU

Mənbə: Salim Babullaoglu

SƏLİM BABULLAOĞLUNUN YAZILARI