Bu gün istəsək-istəməsək də sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Hər kəs bu şəbəkələrdən bir cür istifadə edir, axı hərənin öz dünyası var. Biri daim xəbər, yenilik axtarışındadı, kimsə öz işinin reklamı ilə məşğuldu, kimi də, dostluq, yoldaşlıq arzusunda burada var-gəl edir. Bir qisim isə həyatda özünü tapmayan, dünyadan bixəbər burada ordan-burdan köçürdüyü fikirlərlə “filosof”a çevrilən və yorulanda da adamlara söz atan, öz yerini bilməyən zəhlə tökən adamlardı… İnsan həm də bir vətəndaş olduğu üçün öz yurdunun, ocağının təəssübünü çəkir. Axı sosial şəbəkələrdə təkcə həmyerlilərimiz deyil, bütün dünyadan insanlar bizi izləyir… Nə yaxşı ki, bu gün Azərbaycan vətəndaşı alnıaçıq, üzüağdı. Daha əvvəlki kimi heç bir ölkə nümayəndəsi qarşısında başı aşağı deyil. Ondan ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Azərbaycanın düşmənlə ədalətli müharibəsində biz qalib gəldik. Üzümüzü qara edən köçkün adından xilas olduq. İllərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Bu gün daha hüznlə işğal günlərimizi qeyd etmirik. Sosial şəbəkələrdə də qələbə sevincimizi paylaşırıq. Dövlətimizlə, Ali Baş Komandanımızla millətimizlə, müzəffər ordumuzla, şəhid və qazilərimizlə qürur duyuruq. Hamımız az qala gecə-gündüz “Vətən!” – deyirik. Amma, hə, hər işin də bir “amma”sı olmaya. Belə ki, uzun həsrətdən sonra doğma torpaqlarımıza möhtəşəm qayıdışımızla bağlı sevinclə, göz yaşlarıyla paylaşımlar edirik. Biz o sevincə qoşuluruqmu? Əlbəttə, buna hər kəs məcbur deyil. Heç bu paylaşımı edən də, bunu o məqsədlə etməyib. Amma biz Vətəni, Ali Baş Komandanımızı, Şəhidimizi, Qazimizi, dirçələn Qarabağımızı, qısası, dünyanı heyrətə salan möcüzələrimizi çox vaxt şəxsi münasibətimizə, göstərişə qurban veririk. Tutaq ki, o paylaşımı sənin xoşuna gəlməyən Vəli adında biri edib. Buna görə, indi Vətənimizin uğurlarına, möhtəşəm qayıdışımıza, illərlə arzuladığımız gözəl günlərimizə göz yummalıyıq. İçimizdəki bir-birinə olan o kin, nifrət, paxıllıq hissi o qədər güclüdü ki, elə bilirik biz Vəlinin sevincinə (halbuki bu hamımızın sevincidi) qoşulsaq, onun sevinci aşıb-daşar və biz bundan bədbəxt olarıq. Əslində biz elə öz sevincimizə sevinə bilməyəndə bədbəxt oluruq… Axı bu hamımızın sevincidi. Hərdən düşünürsən ki, görəsən, o paxıllıq nə olan şeydi ki, bu yaramaz çoxumuzun qəlbində kök salıb. Ali Baş Komandanımızı görəndə ətəyindən öpməyə hazır olanlar onunla bağlı paylaşımlara biganə qalırsa deməli, o münasibət səmimi deyil… Sən sevdiyini hər yerdə, hər gözəl paylaşımda əzizləyə bilmirsənsə onda sənin Vətən anlayışında problemlərin var… Bir də Vətəni sevmək həm də, imandandır axı. İctimai xadim, alim, həm də, dinimizin gözəl təbliğatçısı Siracəddin Hacının dediyi kimi, surələri əzbərləməklə, gecə-gündüz ibadət etməklə əsl insan, əsl mömin ola bilməzsən, bunu dərk etməklə, əməlinlə sübut eləməlisən… İllər əvvəl belə bir şeir də yazmışdım…
Ədalətsiz adamla Könlüm heç vaxt barışmır. Vətən sənin cibindi Bayraq sənə yaraşmır.
Vətən o şəhid olmuş Atamın torpağıdı. Qardaşımın savaşda Kəsilən qollarıdı.
Qəlbimizdən xəbərsiz, Tək nəfsini güdən, öl! “Vətən” deyib, bağırma, Sən özün də Vətən ol!
Açığını deyim, necə ki, qələm gərək doğrunu yazsın. Mən FB sosial şəbəkəsindən istifadə edincə adamları tanımağa başladım. Kaş tanımaz olaydım, İlahi, burada çox dəyərli, hörmətli insanlarımızla yanaşı, necə qədirbilməz, nankor adamlara rast gəldim, boğazdan yuxarı “Vətən!” qışqıran yerlibaz adamları tanıdım. Dünən haqqında yazdığın, bağrına basdıqların bu gün burada səni görməzdən gəlirlər… Həm də səni yox e, göz yaşıyla təbliğ, tərənnüm elədiyin doğma Vətəni… Sizcə, bu cür adamların Vətən sevgisinə, yurd təəssübkeşliyinə inanmaq olarmı? Hərdən öz-özümə deyirəm, sağ olsun, FB-u məni tanımadığım adamlarla tanış elədi…
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, AYB-nin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova 1960-cı il noyabr ayının 4-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. 1968-ci il də Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu (indiki Babək rayonu) Xalxal kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuş, yaşayış yerini dəyişməklə əlaqədar olaraq, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (ADPU-nun) filologiya fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı illərdə öz fəallığı ilə seçilmiş, fakültədə keçirilən bütün tədbirlərdə iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən də təyinatla əvvəlcə Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da ixtisası üzrə işləmişdir. Bu illərdə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, qızıl döş nişanı ilə təltif edilmişdir. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır. 2004-cü ildə Azərbaycan Respublikasının “qaqbaqcıl təhsil işçisi” döş nişanı, 2007-ci ildə “Qızıl qələm” Media Mükafatı Laureatı, “İlin Alimi” Media Mükafatı Laureatı və s. mükafatlara layiq görülmüşdür. 2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kaferasının müəllimi kimi fəaliyyətə başlamış, 2004-cü ildən baş müəllim, 2015-ci ildən həm Müasir Azərbaycan dili kafedrasının dosenti, həm də həmin ildən həmin kafedranın müdiri vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildən Müasir Azərbaycan dili kafedrasının professoru adını almışdır. Həmin ilin dekabr ayının 10-dan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. 2021-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə Prorektoru vəzifəsində çalışır. ADPU-nun müəllim və tələbələrin Orduya dəstək kampaniyasında fəal iştirakını təşkil etdiyinə görə 2020-ci il 4 noyabr Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyi tərəfindən Milli Ordu-100 medalı ilə təltif edilmişdir. Eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri Üzvü adına layiq görülmüşdür. 2021 – ci ildə “Səməd Behrəngi” Beynəlxalq mükafatını almış və həmin ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. M.Hüseynova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi olmuşdur. “Türk dilləri dialektlərinin qarşılıqlı inteqrasiyası” adlı layihə çərçivəsində Respublika daxilində və xaricdə xeyli məqalələr yazmış və dərc etdirmişdir. Euroasia Journal of Social Sciences & Humanities jurnalında redaksiya heyətinin üzvüdür. 2020-ci ildən “Linqvistika problemləri” Beynəlxalq Elmi jurnalının təsisçisi və baş redaktorudur. “Azərbaycan dili və ədəbiyyatın tədrisi” jurnalının redaksiya heyətinin üzvüdür. BDU-nun nəşr etdirdiyi “Türk filologiyası” jurnalının redaksiya heyətinin üzvüdür. “Türkologiya” jurnalının redaksiya heyətinin üzvüdür. M.Hüseynova 2021-ci ildən Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədridir. Elmi araşdırmaları ilə diqqəti cəlb edən Mahirə Hüseynova 2001-ci ildən Qərbi Azərbaycanın Dərələyəz mahalı üzrə tədqiqatlar aparmışdır. Həmin mahalın aşıq və el şairlərinin yaradıcılığı, onomastik vahidləri haqqında xeyli material toplamış, 2012-ci ildə başladığı işi uğurla davam etdirərək filologiya üzrə fəlsəfə doktoru elmi adını qazanmışdır. Bu məqamda o, həm görkəmli dilçi-alim Həsən Mirzəyevin filoloji görüşlərini, həm də Dərələyəzə aid olan dil faktlarını, poetik nümunələrini araşdırmışdır. Elə bunların nəticəsidir ki, o, 2017-ci ildə “XIX-XX əsr Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri” adlı dissertasiyasını yazmış və onu uğurla müdafiə edərək filologiya elmləri doktoru adını qazanmışdır.Alimin araşdırmalarının nəticəsi olaraq xeyli sayda kitab işıq üzü görmüşdür. Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə araşdırmaları ilə seçilən xanım Mahirə Hüseynova 28 elmi kitabın – monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqramın və 16 bədii (şeirlər) kitabın müəllifidir. Alimin Respublikanın nüfuzlu jurnallarında (o cümlədən xarici mətbuatda), qəzet və digər mətbu orqanlarda 400-ə qədər elmi məqaləsi çap olunmuşdur. Eynilə onun haqqında 300-dən yuxarı məqalə Respublika mətbuatında dərc olunmuşdur. Respublika mətbuatında onun kitabları haqqında 300-dən çox məqalə dərc olunmuşdur. Bir çox qrant layihələrin, elmi-publisistik məqalələrin müəllifi, bir sıra genişmiqyaslı tədbirlərin təşkilatçısıdır.