Həyatımın ən önəmli günlərindən biri də kitab təqdimatım oldu. Bu tədbirin gözəlliyini kitabımı dərc etdirən “TELLİSƏNƏM BORÇALI” jurnalının təsisçi və redaktoru TelliSənəm xanıma borcluyam. Tədbirdə gözəl insanlar, hörmətli qələm dostlarımız, vətən uğrunda döyüşən fədakar qazilərimiz, çıxış etdilər. Tədbir öz rəngarəngliyi ilə işıq saçırdı. Güllər, çicəklər, ödüllər, hərbiri biri birindən gözəl əhvalruhiyyə bəxş edirdi mənə. “Yazarlar” saytının rəhbəri Zaur Ustac bəy və “TELLİSƏNƏM BORÇALI” jurnalının təsisçi və redaktoru TelliSənəm xanım da öz töhvələri ilə gəlmişdilər. Fotolar:
Bu gözəl günü mənə yaşadan bütün dostlarıma təşəkkür edirəm.
DOSTLARA TƏŞƏKKÜR
Səhifəmə boylandım görüm nə səsdi, Çiçək dəstələri yolumu kəsdi, Dostlarım səhifəmi elə bəzəyib, Baxdım göz qamaşdı, ürəyim əsdi.
Hər çiçək qəlbimə sevgi toxudu, Hər sətir səslənib nəğmə oxudu, İlahi, nə gözəl dostlarım varmış, Arzular, diləklər cənnət qoxudu.
Sizsiz ağac idim meyvəsiz, barsız, Bahardım ciçksiz, qış idim qarsız, Bir ömür təravət verdiniz mənə, Mənim əzizlərim, yaxşı ki, varsız.
Qəlbimə səsləndim etmə ahuzar, Dostlar məni sevir, qoyma intizar, Bu şerim onlara ərməğan olsun, Çün, mənim dostlara təşəkkürüm var!
Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]
↑“”Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT XADİMİ ELXAN MƏMMƏDLİNİN HAQQ DÜNYASINA QOVUŞMASINDAN QIRX GÜN ÖTÜR!
Adətən bu möhürün dəqiq təyinatı olur, – insanlıqda, dostluqda, həmkarlıqda, yol yoldaşlığında, sənətdə, ədəbiyyatda, folklorda və s. və ilaxır. Mənim üçün və əminəm ki, onu tanıyan hər kəs üçün bunu müəyyənləşdirməyə ehtiyac qalmaz, çünki folklorşünas alim, əməkdar mədəniyyət xadimi Elxan Məmmədli hərtərəfli inkişaf etmiş şəxsiyyət idi. Ədəbiyyatsevər, efirdə və mavi ekranda xalq yaradıcılığı ilə bağlı verilişləri izləyən birisi kimi imzası və səsi, eyni zamanda sinəsi dolu boxçası ilə, sərbəst və mənalı diskussiyaları ilə çoxdan diqqətimi cəlb etmişdi. AMEA Folklor İnstitutunda işə qəbul olarkən adının və həm də yaşının böyüklüyündən çəkindiyim bir vaxtda, mehribancasına “Qardaşoğlu, təbrik edirəm, nə kömək lazım olsa, çəkinmə ha!” deyərək əlimi sıxması sonradan daha da yaxınlaşmağımıza ilk addım oldu. Sonradan ədəbi-bədii məclislərdə məni qanadı altına alması (şövqlə təqdim edərək yanaşı stolda yer verməsi, dostlarla tanış etməsi və s.) və davamlı tədbirlərdə iştirakımız bu insanı nə qədər genişürəkli, kinsiz-küdurətsiz, dostcanlı və sədaqətli olması, son tikəsini bölüşməyə çalışması kimi xüsusiyyətləri ilə tanıtdı və sevdirdi mənə! Bütün məclislərdə sayılıb-seçilərdi. Dost məclisinə uzaq rayonlara da birgə gedərdik. Elxan Məmmədli adı həmişə uca tutular, kiçikli-böyüklü, cavanlı-qocalı hamı üçün əziz və doğma idi, bu münasibətlərdən zövq alardı, üzü gülümsər, çatılmış qaşlarının altından alışan baxışları sevinclə dolardı.
Mənə elə gəlir ki, Elxan Məmmədlini folklorşünas kimi, şair olaraq məndən yaxşı tanıyanlar daha çoxdur, haqqında məqalələr, xatirələr yazılıb, yaradıcılığı geniş və ətraflı təhlillər predmetidir. Bu işin öz xiridarları var.
Mən Elxan Məmmədlinin son illərdə, 75-79 yaş arasında necə həyat eşqi ilə qaynadığının, insanlara sevgi, qayğı bəxş etmək həvəsində olduğunun, köməksizə əl tutmaq istədiyinin, dost məclisində odlu-alovlu çıxışlarının, sinədən rəvanlıqla bayatı, qoşma, gəraylı, təcnis deməsinin canlı şahidi, belə görüşlərin ən yaxın iştirakçısı olmuşam. Çünki o məndə ədəbiyyata, folklora, şeirə həvəsi duymuşdu və buna çox sevinirdi.
44 günlük Zəfərimizlə bağlı kitabım çapa hazırlanarkən bütün şeirləri oxuyandan sonra isə heç nə demədən rəy yazmışdı və məni bu qayğıdan azad etmişdi. “Zəfər bizə yaraşır” adının kitaba qoyulması da Elxan Məmmədlinin təklifi ilə oldu. Hələki sonuncu kitabımın redaktoru və ön sözün müəllifinin bu unudulmaz insanın olması mənim üçün böyük qürurverici və təsəllidir.
Elxan müəllim mənim gözümdə təkcə yumşaq və mülayim rəftarı ilə qalmayıb. O, sənətə və ədəbiyyata, xüsusən folklora münasibətdə çox sərt və barışmaz mövqe tutmağı da bacarırdı. Yadımdadır, məclislərin birində kimsə bir rəvayətin hansısa başqa bir bölgəyə aid olduğu barədə “bilgilərini” sərgiləmək istədi, mənasız və qırıq-qırıq danışması Elxan Məmmədlini hövsələdən çıxardı: “Ə, bacıoğlu, bir dəqiqə dayan e, folklorda mənəm-mənəmlik keçmir, folklorda baş və yaddaş, bir də bax, bu ürək lazımdır” – deyib (Elxan müəllimi yaxından tanıyanlarda yəqin ki, onun şəhadət barmağının hərəkətləri barədə müəyyən təsəvvür yarandı) həmin rəvayəti tam təfsilatı ilə danışdı, arxasınca da məclisə uyğun gözəl bir gəraylı ilə çıxışını yekunlaşdırdı.
Bu insan üçün rayon, bölgə fərqi yox idi. Mənə elə gəlir ki, o bütün insanlara yaradıcılığın, folklorun, şeiriyyətin gözü ilə baxırdı. Ancaq bütün baxışlarının məğzində və mənasında insanlıq, humanistlik, vicdan, şərəf, ləyaqət dururdu… Yerin behişt olsun, USTAD!
“Gözəl günlər naminə” – Günel Natiqin yeni kitabının təqdimatı
26 aprel 2025-ci il tarixində “Qanun” nəşriyyatında yazıçı Günel Natiqin “Gözəl günlər naminə” kitabının təqdimatı və imza günü keçirildi. Tədbirdə tanınmış qələm adamları, tədqiqatçılar, jurnalistlər və sənətsevərlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə nəşriyyatın redaktoru, yazıçı Şərif Ağayar açdı. O, “Qanun” nəşriyyatının yazarların oxucularla birbaşa ünsiyyət qurması üçün təşkil etdiyi imza günlərinin əhəmiyyətindən danışdı, Günel Natiqin yeni kitabını müəllifin yaradıcılıq axtarışlarının davamı kimi dəyərləndirdi. Tədbirin aparıcısı yazıçı Təranə Vahid çıxışında Günel Natiqin müasir ədəbiyyatda özünəməxsus dəst-xəttinin olduğunu, ədəbiyyata təsadüfən gəlmədiyini, dünya ədəbiyyatından ilham alaraq öz ədəbi üslubunu formalaşdırdığını qeyd etdi: “Günelin yazılarını oxuyanda sən ordakı insanların taleyini, psixoloji portretlərini görürsən,” – deyə o bildirdi. Yazıçı Azad Qaradərəli çıxîşında Günel Natiqlə uzun illər Dövlət Radiosunda birgə çalışdıqlarını xatırladaraq, onun fərqli səs tonu və söz duyumu ilə radio verilişlərində seçildiyini qeyd etdi. Günelin atasına, tanınmış tərcüməçi və yazıçı Natiq Səfərova həsr etdiyi “Ayı dərisi” povestinə toxunaraq, “Hər bir yazar özünü yazır, özünü yazmayan yazıçı yazıçı deyil,” – fikrini səsləndirdi. “Azərbaycan” jurnalının baş redaktor müavini Südabə Ağabalayeva da tədbirdə çıxış edərək, 2015-ci ildə Günel Natiqin “Kağız gəmilər” kitabını oxuduqdan sonra onu jurnal ilə əməkdaşlığa dəvət etdiyini qeyd etdi. O, müəllifin insan talelərini ustalıqla qələmə aldığını, tənhalığın müxtəlif çalarlarını əsərlərinə köçürə bildiyini vurğuladı. Südabə Ağabalayeva bildirdi ki, “Azərbaycan” jurnalında “Ədəbi talelər” rubrikasının yaranması və daha sonra eyniadlı kitabın nəşri də bu əməkdaşlığın uğurlu nəticələrindəndir. Tərcüməçi Seyfəddin Hüseynli çıxışında Günel Natiqin fəaliyyət göstərdiyi müxtəlif sahələrdəki peşəkarlığından söz açdı. Naşir Şahbaz Xuduoğlu çıxışında görkəmli tərcüməçi Natiq Səfərovla uzun illər davam edən dostluq münasibətlərindən bəhs etdi, ondan bir ustad kimi çox şey öyrəndiyini vurğuladı. O, Günel Natiqin yeni kitabının nəşrini ədəbi irsin davamı kimi qiymətləndirdi. Daha sonra yazıçı-publisist Qorxmaz Şıxalıoğlu, Azərbaycan Nyu-York Diaspor Cəmiyyətinin vitse-prezidenti Zəminə Mirhadiyeva, şair-tərcüməçi Rəfail Tağızadə, rəssam Sehran Allahverdi, yazıçı İlhamə Nasir, şair Mina Rəşid, şair Səfər Rzasoylu, şair, jurnalist Fuad Biləsuvarlı, tədqiqatçı- alim Elçin Qaliboğlu, Azərbaycan Radiosunun “Xüsusi layihələr” departamentinin rəhbəri Dilşad Tahirqızı və digər qələm adamları çıxış edərək Günel Natiqin yazıçı və jurnalist kimi məziyyətlərindən söz açdılar. Tədbirin yaddaqalan məqamlarından biri Dövlət Radiosunun tanınmış diktoru, Xalq artisti Eldost Bayramın “Gözəl günlər naminə” kitabından “Epidemiya” hekayəsini səsləndirməsi oldu. Onun ifası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Tədbirin sonunda müəllif Günel Natiq çıxış edərək tədbirə gələnlərə, oxuculara və onu dəstəkləyən dostlarına təşəkkürünü bildirdi. Daha sonra oxucular üçün kitablarını imzaladı.
Dəyərli gənclər! Yeni tövsiyələri sizinlə bölüşürəm. Məlumat üçün qeyd edim ki, bu dəfə tövsiyələri Genclerin Sesi Könüllü Platformasının üzvü Nigar Qulamova hazırlayıb. İnanıram ki, bu tövsiyələr də sizin üçün faydalı və maraqlı olacaq:
Oxumaqdan, öyrənməkdən və öz üzərinizdə işləməkdən heç vaxt usanmayın. İnsanı da cəmiyyəti də zəka və savadın ucaltdığını unutmayın!
Başqasının uğuruna paxıllıq etməyin. Əksinə, uğurlu insanlardan ilham alın və öz yolunuza davam edin.
Sizə pislik edənlərə yaxşılıq edin. Onlar etdikləri pisliklərdən yorulmasalar da siz yaxşılıq etməkdən heç zaman usanmayın.
Uğursuzluqlardan qorxmayın, onları həyatın dərsi kimi qəbul edin və yolunuza davam edin.
Öz xalqınızı, mədəniyyətinizi və köklərinizi dərindən öyrənin. Milli kimliyinizlə fəxr edin və onu qoruyun.
Böyük danışmaqdan çəkinin, əvəzində böyük işlər görün. Sadəlik və təvazökarlıq sizi daha da ucaldacaq.
Gözəl danışmaq qədər, gözəl dinləməyi də öyrənin. Diqqətlə dinləmək qarşı tərəfə hörmətin və dərin zəkanın göstəricisidir.
Sosial şəbəkələrdə özünüzü nümayiş etdirməkdənsə, düşüncələrinizi və dəyərlərinizi nümayiş etdirin. Unutmayın, virtual aləmdə görünənlə gerçək həyat fərqli ola bilər.
Kim olursunuzsa olun – tələbə, işçi, rəhbər və ya sadə vətəndaş – ədalətli və vicdanlı olun. Cəmiyyətin dəyişməsi hər bir fərdin dürüstlüyündən başlayır.
Tənqidə açıq olun. Onlardan nəticə çıxarın. Bu sizin inkişafınıza təkan verəcək.
Azərbaycan Yazıçılar Birliyi katibliyinin 2025-ci il 3 saylı qərarı ilə “Məhəmməd Füzuli medalı” təsis edilib. Bu haqda xəbəri AYB-nin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu paylaşıb.
Məhəmməd Füzuli medalının təqdimetmə komissiyasının rəhbəri olan Səlim Babullaoğlu qeyd edib ki, əsasnaməyə görə bu medalla yalnız “yüksək ədəbi uğurlara görə” əcnəbi şair və yazıçılar təltif ediləcək. Nominantlar həm öz ölkəsində, həm də xaricdə yüksək ədəbi uğurları ilə təsdiq və təqdir olunan ədiblərin, eləcə də Azərbaycan ədəbiyyatını, həqiqətlərini öz ölkələrində və dünyada təbliğ edən, sənət əsərlərimizin tərcüməsi sahəsində fəaliyyətlərinə görə fərqlənən ədəbiyyat xadimlərinin sırasından seçilir.
Medalın bürüncdən hazırlandığını, ortasında Məhəmməd Füzulinin barelyefinin əks olunduğunu, xüsusi hazırlanmış diplomla birgə təqdim olunacağını bildirən komissiyasının rəhbəri Səlim Babullaoğlu “Ədəbiyyat qəzeti”nə açıqlamasında deyib:
– Ötən il dahi şairimiz Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi idi və Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin sərəncamı ilə “Füzuli ili” elan olunmuşdu. İl çərçivəsində həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə çoxlu konfrans və simpoziumlar, tədbirlər keçirildi. Çoxsaylı kitablar, tədqiqatlar çap edildi. AZB-nin “Füzuli ili”nin məntiqi yekunu kimi təsis etdiyi medal il ərzində yalnız 3 əcnəbi ədibə veriləcək.
Azərbaycan Yazıçılar Birliyi katibliyinin qərarı ilə bu il Məhəmməd Füzuli medalı 2 nəfərə – böyük qazax şairi, ədibi, mütəfəkkiri Oljas Suleymenova və görkəmli rumın şairi və alimi, Mihay Eminesku Akademiyasının prezidenti İon Deakoneskuya veriləcək. Azərbaycanın böyük dostu olan Oljas Suleymnovu ədib kimi ölkə ictimaiyyəti yaxşı tanıyır. Onu Azərbaycanda elə öz klassiklərimiz qədər sevirlər. Üstəgəl, bu il onun məşhur “Az I Ya” əsərinin 50 illiyi qeyd olunacaq.
İon Deakonesku isə həm öz ölkəsində, həm də Şərqi Avropada yaxşı tanınan məşhur şair, ədəbiyyat təşkilatçısı və ölkəmizin dostudur. Rumıniyada keçirilən bir çox ədəbiyyat tədbirlərində zaman-zaman ölkəmizin və ədiblərimizin təmsil olunmasına şərait yaradıb. Türklərə, Azərbaycana və azərbaycanlılara hörmətlə yanaşır.
Sonda Səlim müəllim vurğulayıb ki, bu ilin may ayında medallar sahiblərinə təqdim ediləcək.
Bu gün Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illik yubileyi ilə bağlı toplantı keçirilib.
“Olaylar” İnformasiya Agentliyi 24 aprel 1994-cü ildən fəaliyyət göstərir.
Olaylar.az Azərbaycan dilində on-line xəbər saytıdır. Saytda “Olaylar” İA-nın və “Olaylar” qəzetinin xəbərləri, siyasət, sosial, mədəniyyət, şou-biznes, idman, kriminal, Güney Azərbaycan, din və digər mövzularda araşdırma yazıları, analitik təhlilləri yerləşdirilir.
“Olaylar” İnformasiya Agentliyinin direktoru və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzdur. YAZARLAR olaraq, dəyərli dostumuz Yunus Oğuzu və “Olaylar” kollektivini bir daha təbrik dirik! Uğurlarınız bol olsun!
Albert Kamyu (1913–1960) XX əsr Avropa ədəbiyyatının və fəlsəfi fikrinin ən özünəməxsus simalarından biridir. Onun əsərlərində ölüm, üsyan, həyatın mənasızlığı və insanın ona qarşı duruşu dərin poetik-fəlsəfi dillə əks olunur. Kamyu nə ekzistensialist olduğunu qəbul edirdi, nə də nihilist sayılmaq istəyirdi. O, özünü “absurd filosofu” adlandırmağı daha uyğun görürdü.
Əslən Əlcəzairliydi – Fransız diliylə yazan Şimali Afrikalı
Kamyu Fransız ədəbiyyatının ulduzu sayılsa da, o, Əlcəzairdə, yoxsul bir ailədə doğulmuşdu. Atası I Dünya Müharibəsində öldükdən sonra, anası onu yoxsulluq içində tək böyütdü. Kamyu uşaq yaşlarından əməkçi təbəqənin çətinliklərini yaşamış, bu təcrübə onun yazılarında tez-tez öz əksini tapmışdır. Əlcəzairin yandırıcı günəşi, dənizi və sakit küçələri onun estetik dünyasını formalaşdırmışdır.
Futbol Kamyu üçün sadəcə idman deyildi
Gəncliyində qapıçı kimi futbol oynamış Kamyu deyirdi: “Mən futboldan ədəbiyyatdan öyrəndiyimdən daha çox şey öyrəndim.” Ona görə, futbol ədalət, kollektiv ruh və məğlubiyyəti qəbul etməyi öyrədirdi – bu da onun həyat və absurd haqda düşüncələrinə birbaşa təsir etmişdir.
Kamyu üçün “absurd” nədir?
Kamyuya görə absurd, insanın sonsuz mənalı həyat axtarışı ilə dünyanın səssizliyi arasındakı uçurumdur. İnsan həyatın məqsədini axtarır, amma kainat cavab vermir. Bu qarşıdurma “absurd vəziyyət” adlanır. Onun məşhur “Sizif əfsanəsi”ndə olduğu kimi, insan daş daşısa da, hər gün yenidən başlasa da, o işi davam etdirməklə azad olur.
Nobel mükafatını ən gənc alan yazarlardan biri
1957-ci ildə, cəmi 44 yaşında Kamyu Nobel Ədəbiyyat Mükafatına layiq görüldü. Bu, o dövrdə böyük sensasiya doğurmuşdu. Kamyu Nobel nitqində yazıçıların vəzifəsini belə ifadə edirdi: “Həqiqətə və azadlığa xidmət etmək.” O, heç vaxt özünü “elitist” yazıçı hesab etmədi – onun üçün ədəbiyyat mübarizə aləti idi, səsizlərin səsi olmaq idi.
Sartrla yolları niyə ayrıldı?
Jean-Paul Sartre və Kamyu bir dövr yaxın dost olsalar da, ideoloji baxımdan ciddi ziddiyyətlərə sahib idilər. Sartr marksizmi və inqilabı müdafiə etdiyi halda, Kamyu totalitarizmin hər növünə qarşı idi. O, insanların məcburi şəkildə “xoşbəxt” edilməsinə qarşı çıxırdı. Bu ziddiyyət onların yollarını ayırdı və Kamyu tək qaldı – öz sükutunda, absurdun içində.
Kamyu 1960-cı ildə avtomobil qəzasında faciəvi şəkildə vəfat etdi. Maraqlıdır ki, cəmi bir neçə gün əvvəl o, dostuna belə demişdi: “Ən axmaq ölüm maşın qəzasıdır. Mən qatarla gedəcəm.” Ancaq son anda fikrini dəyişdi və dostunun maşını ilə yola çıxdı…
Albert Kamyu öz dövrünün vicdanı idi. Onun qəhrəmanları – Meursault, Ryu, Sizif – sakit, dərin və inadkar surətlərdir. Onlar nə dünyanı dəyişir, nə də özlərini. Sadəcə dururlar və müqavimət göstərirlər – mənasızlığa qarşı, ölümə qarşı, soyuqluğa qarşı. Və bəlkə də bu duruş – ən böyük mənadır.