ƏDƏBIYYAT SAYƏSINDƏ DÜNYA DAHA DA GÖZƏLDIR

ƏDƏBIYYAT SAYƏSINDƏ DÜNYA DAHA DA GÖZƏLDIR

“YAZARLAR ” jurnalinın qiymətli oxucuları!
Bügünkü qonağımız tanınmış özbək yazıçısı, Özbəkistan Yazıçılar Birliyinin üzvü, Özbəkistan Respublikasının müstəqilliyinin 25 illik yubiley medalı, “Möhtərəm qadın” döş nişanı sahibi, ondan çox nəsr əsərinin müəllifi Labər RUSTAMOVAdır.
-Yaradıcı fəaliyyətə marağınız nə zaman başladı və bu yolda sizi ruhlandıran amillər nə idi?
-Məktəb dərslərində şeirlər və monoloqları əzbərləyib, səhnədə təqdim etməyi çox sevirdim. Onlar ruhumda sirli və heyranedicı bir qüvvə oyadırdılar.
Nəticədə oxuduğum və əzbərlədiyim əsərlərdəki hadisələr, hətta onların müəllifləri-şair və yazıçılar mənim üçün sanki arzu edilməsi mümkün olmayan zirvələr kimi görünürdü. Bundan sonra ürəyimdə bir arzu yarandı və özümdən soruşdum: “Mən də bu böyük ustadlar kimi yaza bilərəmmi?”
Atam kimya fənnindən dərs deyirdi və mənim ilk müəllimim də məhz odur.
O, bizə: “Kitabı cızma, vərəqlərini qatlama, oxu və qiymətlə,” deyə öyrədirdi. Ailəmizdəki dörd qız da atamızın yolunu izləyib, müəllimlik peşəsini seçdik. Məktəbi qızıl medalla, ali məktəbi isə imtiyazlı diplomla bitirdim. Yaxınlarım, dostlarım və müəllimlərimin etirafları mənə daim güc və ruh verir. Bir sözümlə atam mənə yazı maşını almışdı. Rayon, vilayət və respublika qəzetlərində yazılarım çap edilməyə başlayanda, sevincimdən sanki göylərdə uçurmuşam kimi hiss edərdim. O vaxtlar poçt xidməti yaxşı işləyirdi. Yazdıqlarımı əl yazması halında konvertə salıb göndərsəm, vaxtında çatırdı.

-Əsərlərinizdə əsasən hansı mövzuları əhatə edirsiniz?

-Mən daha çox insanlıq, mərhəmət, yaxşılıq və mənəviyyat kimi yüksək dəyərlər haqqında yazıram. Həmçinin, din və əxlaq, insan olmaq, həyat və zamanın qiymətini anlamaq kimi mövzular da ürəyimə yaxındır.

-Yaradıcı fəaliyyət vasitəsilə bu mənəvi anlayışları insanlara çatdırmağı öz vəzifəmdən hesab edirəm. Belə yüksək mövzularda yazmaq, ruhu ilhamlandırır, həyatı isə mənalandırır.

-Yeni əsərlər yazarkən sizin üçün hansı mərhələ ən vacibdir?
-Ən önəmlisi ideyanın yaranması və onu necə təqdim etmək, hadisəni necə inkişaf etdirmək və nəticəni necə başa çatdırmaqdır. Bu proseslərdə hər addımı düşünərək, planlaşdıraraq və hər tərəfdən hazırlıqlı olmaq vacibdir. Buna görə də mən çox vaxtımı ideya üzərində düşünməyə, onun ən optimal şəkildə ifadə olunmasını təmin etməyə sərf edirəm. Çünki hər bir yaradıcı əsər mükəmməlliyə can atan ağıllı və ürəkdən edilən əməyin nəticəsidir.

-Müəllim-şagird münasibətləri haqqında fikirləriniz…

-Şansım o oldu ki, məktəbdə də, ali məktəbdə də, iş həyatımda da həmişə yaxşı müəllimlər yanımda oldular. Bir çoxları həyatdan köçdülər, onları yaxşı xatirələrlə xatırlayıram. Həyatdakı müəllimlərimlə ən azı bir zəng edib hal-əhval tuturam.

-Müəllim-şagird münasibətləri maddiyyata əsaslanmamalıdır.

-Həqiqətən səmimi olan, lazım gələndə dəstək verə bilən və çatışmazlıqlarını izah edib yol göstərə bilən müəllim olmalıdır. Mən də bir neçə şagirdimdən «müəllim» kimi tanınmaq istədiyini eşidirəm və bundan çox məmnun oluram.
Lakin bəzən yardıma gəlib sonra tanımayan şagirdlər də olur. Bu münasibətə əsasən, müəllim-şagird əlaqələri həqiqi hörmət və səmimiyyət üzərində qurulmalı, hər bir şagirdin yaradıcı inkişafını dəstəkləməli və onların çatışmazlıqlarını kömək yolu ilə düzgün istiqamətə yönəltmək lazımdır.

-Ədəbiyyatın cəmiyyətdəki yeri haqqında nə düşünürsünüz?

-Özbəkistan xalq yazıçısı, söz ustası, Abdulla Qahharin belə bir sözü var: «Ədəbiyyat -atomdan güclüdür…»
Həqiqətən də ədəbiyyatın cəmiyyətdəki yeri çox böyükdür. İnsan özlüyünə çata bilmək, kamilliyə və mənəviyyata nail olmaq üçün əlbəttə ki, ən vacib tərbiyə vasitəsi olan ədəbiyyat lazımdır, kitab lazımdır. Ədəbiyyat sayəsində dünya daha da gözəldir. Ədəbiyyat, öz növbəsində, insanların ruhunu ucaldır, onları həqiqi dəyərlərə çatdırmağa yönəldir. Beləliklə, ədəbiyyat yalnız dilin deyil, həm də ürəyin güclü qüvvəsidir.

-Əsərlərinizin bir çox xarici nəşrlərdə çap edilməsi, yaradıcı fəaliyyətinizə necə təsir etdi?

-Ailəm, övladlarım həyatımın mənası, bəxtim olduğu kimi, yaradıcı fəaliyyətim də məni irəliləməyə, təslim olmamağa səsləyən və həmişə çağıran “İŞIQLI NUR!”
Bir vaxtlar dünya şairlərinin əsərlərini oxuduğumda; mənim də əsərlərimin xarici nəşrlərdə çap olunmasını istərdim…Bu gün isə, ucqar bir kənddə yaşayaraq yaradıcı fəaliyyət göstərən birinin yazdığı əsərlərin xarici nəşrlərdə çap edilib, dünya üzünü gördüyünü görərək, arzularımın həyata keçdiyini hiss edirəm.
Bu isə mənə daha çox ruh verir, daha çox, daha yaxşı axtarışlar etməyə, yaradıcı işlər görməyə təşviq edir.

-Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?

-Azərbaycan ədəbiyyatına marağım və sevgim böyük mütəfəkkir Nizami Gəncəvinin şah əsərlərini oxumaqla başladı.
Bu böyük mütəfəkkirin yaradıcı fəaliyyəti mənim üçün Azərbaycan ədəbiyyatına geniş yol açdı desəm, yanılmaram. Onun əsərləri vasitəsilə ədəbiyyatın son dərəcə böyük qüdrətini, insan ruhunu yaxşılığa və həqiqətə yönəldən ilahi qüvvəsini hiss etdim. Sonra Səməd Vurğunun duyğusal şeirləri və Mirzə Fətəli Axundovun dram əsərləri ilə tanış oldum və Azərbaycan ədəbiyyatının sosial-siyasi və insanpərvərlik dəyərlərini daha dərindən anladım. Bəxtiyar Vahabzadənin Vətənə və sevgiə həsr edilmiş şeirləri, Anarın müasir qəhrəmanlıq ruhunu əks etdirən əsərləri və Nəbi Xəzrinin ürəklərə nur bəxş edən yaradıcılığı mənim üçün xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan ədəbiyyatı-dünya mədəniyyətində özünə xüsusi yer tutan, insanlığın mənəviyyatının ən yüksək tərəflərini əks etdirən ədəbiyyatdır.
Onun hər bir səhifəsi bizə həyat həqiqətləri və sonsuz ilham mənbəyini çatdırır.

-Yaradıcılıq yolunuzda qarşılaşdığınız ən böyük çətinliklər və onları necə dəf edirsiniz?

-Ən böyük çətinlik- vaxt, imkan və şərait məsələsidir. Əslində, gündəlik həyatın çətinlikləri və şəxsi məsuliyyətlər çox vaxt qadını yaradıcı fəaliyyətlərdən uzaqlaşdırır. Lakin, ona müəyyən vaxt və uyğun şərait yaradıldıqda, qadının ürəyindən çıxan duyğular və fikirlər özünəməxsus və təbii şəkildə, yaxşı yazılır.

-Yaradıcı həyat və şəxsi həyat arasında necə bir balans saxlanmalıdır?

-Şəxsi həyat və yazdıqlarının arasında ziddiyyət, yəni insanlıq haqqında yazıb, özünün praktik həyatında insanlıqdan uzaq olmaq, yaradıcı insan üçün ən böyük səhv və ağrıdır. Yaradıcı insanın həqiqi mənada yaradıcı həyatı yazdıqlarına uyğun olmalı, onun qəlbinin həqiqi hissləri, arzu və istəkləri əks etdirməlidir. Hansı vəziyyətdə olursa-olsun, yaradıcı insan müvazinətli, səmimi və yaxşı əxlaq sahibi olmalıdır. Bu əxlaq onun yazdıqlarında aydın şəkildə görünməli və yaradıcılığına dərin mənalar verməlidir. Əgər yaradıcı insan özünə xas insanlıq və ədalətdən məhrum olarsa, onda onun yaradıcılığı həqiqi insanı tərənnüm etməyə qadir olmaz.

Söhbətləşdi: Cahangir NAMAZOV,
“Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
Azerbaycan Jurnalistlar birliyinin üzvü.

ƏDİLƏ ƏLİMİRZƏQIZI – QADIN

QADIN
Mən qadınam, övladam, anayam,
Bacıyam, xala, bibi, nənəyəm.
Qadınam, dostam , sirdaşam, sənə yaxın yoldaşam.
Mən qadınam, qırma qəlbimi !
Qırma sevgidən doğan ümidlərimi.
Mən qadınam, qabartma qırışan cizgilərimi.
Mən qadınam- sevgiylə yoğrulan, sevgidən doğan
Arzular qatında var olmuş adam!
Mən qadınam…
Bu həyat yolunda əlindən tutub
əzəldən axıra yol yoldaşınam.
Sevinci, kədəri birgə yaşayıb
Yıxılıb dirçəlib
Ümidi kiçilib
Dərdi ürəyində qovrulan qadın!

Bəzən valideynlər qız övladlarının çiyninə gücündən qat-qat artıq yük qoyurlar. Kölgələri yanında kənardan müdaxilə etmədən sakitcə izləyirlər. Əslində, övladları büdrəsə, qaça-qaça köməyə gələcəklər. Zülm, zillətlə böyük yükü, dərdləri çiyinlərində, qəlblərində təkcə daşıyan qızlar çox güclü olur həyatda. Çünki güclü olmağa məcbur qalıblar. Bütün qızlar xoşbəxt olmağı xəyal edirlər. Kimisinin xoşbəxtlik asanlıqla qarşısına səpilir, kimisinə də güc-qüvvət toplayıb, yıxılıb – qalxıb, əzilib inciyib, uzun imtahan sınaqlardan keçəndən sonra xoşbəxt olmaq nəsib olur. Bir vaxt qızlarımız özləri də valideyn olurlar. Göz nuru övlad böyüdürlər. Artıq onlar özləri də balalara həyatdan inci dənələri toplamağı, çətin həyat cığırında yıxılmadan əmin addımlarla addımlamağı bacarmağı, ağıllı, savadlı, imanlı, mərhəmətli, mərd insan olmağı öyrətməlidirlər.
Ailə tərbiyəsi sanki bir çərçivə. Gözəl bir portretin çərçivəsi. Əsas məsələ – portret hansı nəslin şəcərəsindən qaynaqlanır. Müasir dövr nə qədər sərbəstliyi, azadlığı nəsib etsə də, “tərbiyə bir insan əyninə biçilmiş ən gözəl geyimdir.”
Qız övladı gəlin köçəndə ayrı bir dünyaya daxil olur. Struktur kənardan bəsit, hər kəsdə olduğu kimi görünsə də…. Əslində hər ailənin daxili, özülü tam başqadır. Yeni ailədə sağlam qalmaq, sağ qalmaq… Bəli,düz eşitdiniz, mənəvi və fiziki olaraq sağ qalmaq. Mənliyini, kimliyini itirmədən, əzilmədən, geri getmədən sağlam qalmaq, xoşbəxt olmaq, hər ailədə mümkün olmur. Vay o qızın halına ki, “xəstə” düşüncəli , üstü bəzək, içi naməlum birisi ilə ailə qurub. Bəli, indi gəlib çıxdıq bax o yerə, tam o yerə. Əziz valideynlər, istər qız, istər oğul balanızı düzgün tərbiyə edin. Oğlanlar ailə quracaqları xanımı sevgiylə seçsinlər. Gənclər müqəddəs andı dildə yox, qəlbən sədaqətlə içsinlər. Bir ömür boyu bir yerdə, pis və yaxşı gündə bir-birlərini sevib qorumaq, qayğısına qalmaq nədir – uşaqlar bu kimi dəyərləri valideynlərindən görüb götürürlər. Qızlarımız ailə üçün ən gözəl pay, övlad hədiyyə edir. Ailə üzvlərinin qayğısına qalır, yuvasının həm həkimi, həm xadiməsi, həm tərbiyəçisi, həm müəllimi, həm mühasibi, həm aşbazı – hər şeyi olmağa çalışırlar. Atalar ailənin maddi-mənəvi qazancı, qüdrəti, müdafiəçisi – bir sözlə baş tacıdır.Nənələr demişkən: “Üzük qaşı ilə tanınar.” Həmin o qaş atadır, üzük isə ailə. Hər ailədə söz-söhbət olur. Ailəni uzun müddət ailə kimi saxlayan çox vaxt qadının gücü, qüvvəsi, dözümlüyüdür. Dəyərini bilin xanımların. Oxuyun, araşdırın bütün dünya nəşrlərini, informasiya qaynaqlarını- qadınlar bir sevgi qarşılığında nələrə dözməz, nəyindən keçməz!?! Burada çox geniş mənalar var. Siz ancaq yaxşıları seçin. Çünki azərbaycanlılar üçün qadın isməti, qadın namusu, ailədə kişi və qadının yeri tam başqa olub. Get-gedə bütün dəyərlərimiz öz mövqeyini itirir. Çox təəssüf! Dəyəri bilinmədikcə xanımların yaxşıları azalır, yaxşı ana, yaxşı bacı, yaxşı yoldaş… Hər birinin günahkarı nə vaxtsa bir kişi olub deyilir. Ya atası, ya qardaşı, ya yoldaşı, ya əmi ya dayısı, ya da min bir yadı. Qadın dünyaya göz açandan “yaxşı” olmaq üçün böyüyür. Unudubsa yaxşılığı, demək , buna vadar olub, həyatından bezar olub. Bağban başqa bağlarda çiçəkləri suvararkən öz bağından uzaq olur. Halal gül-çiçəyi solur. Bağçasının barı övlad arzulanan övlad olmur. Sevgisiz hansı ağac dadlı bəhər verər ki!?
Zaman, zəmanə günahlandırılır. Yaşadığımız zamanı bu hala salan elə biz özümüz insanlarıq da. Fövqəltəbii qüvvələr yaratmır ki, hər gününü, saatını, istədiyin kimi yaşayırsan, ey insan, alnına silah dirəyib yaşatmırlar ki səni könülsüz-kefsiz. Hə, hər qadın da hər şeyə görə ailə dağıtmır. Ya qorxuları var həyatda, maddi-mənəvi, ya güvənsizdir həyata , gələcəyə, ya yoxdur bir kimsə arxa-dayağı, ya da… ya da… çoxdur davamı.
Ailə dəyərlərini öyrədin! Ailə heç nə ilə əvəz olunmaz. Nə pulla ala bilərsən ailə xoşbəxtliyini, nə vəzifə, nə şan-şöhrət – heç nə ilə… Maddiyata bağlı müvəqqəti xoşbəxtliklər ailə deyil. Nəfəs alıb, bir yerdə yaşamaq, gün keçirmək, harda qırıldı qırılar….bunlar var olan YER ev,yuva ,ocaq, ailə deyil. Hər şeyin öz yeri, öz vaxtı , zamanı var. Bir gün dəyərsiz olan hər şey yox olar, hamı gedər. Yanında təkcə səni sevən ailə üzvlərin qalar.
Siz də öz nəslinizin portreti olun! İllər keçsə də , daim adınız qürurla anılsın. Sizli xatirələr dillər əzbəri olsun yaxınlarda, yadlarda. Bu dünyanı cismani tərk edirik. Amma ruhən daim yaşayırıq qəlblərdə, sözlərdə,əməllərdə… Adı dillərdə fəxarətlə anılanlardan olun! Həyat fanidir. Xoşbəxt edin, xoşbəxt olun! Ailə dəyərini bilənlər üçün ən böyük mirasdır.

Müəllif: Ədilə Əlimirzəqızı

ƏDİLƏ ƏLİMİRZƏQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru