
Kim nə ilə öyünürsə, öyündüyü obyektdən onda nəyin çatışmadığı bilinir. Kim nədən xoşu gəlmədiyini dönə-dönə təkrar edirsə, deməli, ən çox arzuladığı həmin şeydir.
Doğulduğu bölgədən utananların, həmin rayonun adını dilinə gətirməyənlərin, hətta gizlədənlərin hansı çatışmazlığı olduğunu təhlil etmək əməlli-başlı müşahidə tələb edir.
Bölgə seçkinliyi, məncə, adamlarda natamamlıq kompleksindən gəlir. Adam doğulub boya-başa çatdığı yurdundan utanırsa, əminliklə deyə bilərik, onda sağlam mənəviyyat, normal təfəkkür formalaşmayıb. Bəlkə, bu cür adamlarda psixoloji travmaları var? Xarakter kimi qiymətləndirilsə, çürük, ucuz şöhrətpərsətlik hesab edilə bilər. Adam yurduna niyə xor baxsın ki? Görəsən, nədən əziyyət çəkirlər ki, doğulduqları rayon, yaxud qəsəbə onları utandırır? Niyə öz əməlindən, xasiyyətindən, ədalətsizliyindən utanmayanlar rayonundan utanır?
Hansısa bir xainə görə müəyyən bir bölgəyə xor baxmağı da anlamaq olmur. Müəyyən bir bölgədən bir nəfər paxıl, mərdimazar çıxıbsa, bu nə həmin bölgənin havasındandır, nə də oranın digər sakinlərinin günahıdır. Bu həm də o bölgənin hamısının pis olması fikrini təsdiqləmir.
Bəzilərində daha bir “xəstəlik” də mövcuddur: sanballı kökdən törəmək iddiası. Özü də yalançılıqla.
Adam nəslini zorla aparıb bəy nəslinə calamağa çalışırsa, demək, bunu hamıdan aşağı olduğunu bildiyindən edir. Hiss edir ki, heç kəsə lazım deyil, sevilmir, ona elə gəlir, bəy nəslindən olduğunu desə, adamlar ona hörmətlə yanaşacaqlar. Belələri ölkəmizin o qədər də böyük olmadığını gərək unutmasınlar. Bir-birimizin harda, necə böyüdüyünü eşidib-bilirik. Bir də ki kimin necə böyüdüyü də eyib sayılan mövzulara aid deyil. Eyib olan xasiyyətinin ucbatından adamları özündən iyrəndirib, hörmət qazanmağı uydurma məlumatlarda axtarmaqdır.
Özlərini gözdən salmağa hər cür rəftarları olduğu halda nifrəti niyə vətənə, yurda, el-obaya yuxarıdan-aşağı baxmaqla qazanırlar? Azərbaycanda yaşayanlardan üstünsənsə, onun bölgələrinə şəbədə edirsənsə, doğulduğun rayonun adını gizlədib özünü başqa bir sevilən bölgədən gəlmiş kimi qələmə verirsənsə, köç bu ölkədən. Köçə bilmirsən, çünki qabiliyyətin yoxdur. Tamahın böyük olsa da imkanın kiçikdir. Bu da onu göstərir ki, hərənin öz vətəni, öz yaşayışı olur. Biz də bizik, buralarda doğulmuşuq. Mən Gədəbəydə, sən Kürdəmirdə, o Qazaxda, digəri Ağdamda və s. Adları çəkilən və çəkilməyən rayonların hamısı mənə əzizdir, Azərbaycanımındır. Bir namərdə görə bütöv bir rayonu ələ salmaq həmin namərdin tayı olmaq deməkdir.
Davam elə, adam, davam elə. Özünün rəzil olduğunu bir az da göstər. Adamın özünün özünü ifşa eləməsi yaxşıdır, yaramazlığını başqasının deməyinə ehtiyac qalmır.
Müəllif: PƏRVANƏ BAYRAMQIZI
PƏRVANƏ BAYRAMQIZININ YAZILARI
Pərvanə Bayramqızı digər mənbələrdə
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru