“Əgər Tereza Ana müqəddəsdirsə, mən İsa Məsihəm.”

“Əgər Tereza Ana müqəddəsdirsə, mən İsa Məsihəm”

Bir neçə gün əvvəl illər öncə də xeyli müzakirə olunmuş Tereza Ananın şəkilləri qarşıma çıxdı. Dedim, əlüstü bir az araşdırım bunu. Baxdım ki, “mərhəmət mələyi” kimi tanınan bu qadın haqqında həm heyranlıq dolu yazılar, həm də kəskin ittihamlar var. Maraqlıdır, həqiqətən o, insanlara şəfa gətirən bir mələk idi, yoxsa sadəcə mifləşdirilmiş bir sima?

Tereza Ananın rəhbərlik etdiyi “Missionaries of Charity” – “Xeyriyyə bacıları” təşkilatı illərlə kasıblara və xəstələrə yardım mərkəzi kimi təqdim olunub. Amma müxtəlif illərdə yayılan şahid ifadələri və araşdırmalar bu “xeyirxahlıq evlərinin” arxasında tükürpədici mənzərə olduğunu göstərib.
“Lancet” tibb jurnalının baş redaktoru Robin Foks 1994-cü ildə “Ölüm evi” adlanan müəssisəni araşdırarkən yazıb ki, xəstələr döşəməyə salınmış köhnə matraslarda yatır, tibbi alətlər bir neçə dəfə yuyulmadan istifadə olunur, ağrıları azaltmaq üçün isə yalnız aspirin verilirdi. Könüllülərin sözlərinə görə, orada sanitar qaydalar demək olar ki, yox idi, insanların çoxu “dua və təslimiyyət”lə ölümə tərk edilirdi.
Könüllülərdən biri müsahibəsində deyib:
“Orda 15 yaşlı bir oğlan vardı. Böyrəkləri ağrıyırdı, antibiotik vermədilər. Ağrısı gücləndi, əməliyyata ehtiyac vardı. Mən dedim, onu xəstəxanaya aparmaq lazımdır. Cavab verdilər ki, birinə kömək etsək, hamı istəyəcək.”
Araşdırmalar göstərir ki, Tereza Ananın fonduna daxil olan milyonlarla ianə çox vaxt ehtiyac sahiblərinə yönəldilməyib. Dünya mediasının yazdığına görə, pulların böyük hissəsi Vatikan strukturlarına və yeni missioner mərkəzlərin açılmasına sərf olunub. Düşünün ki, bu Vatikana 3 milyard dollardan çox gəlir gətirib.
Bəziləri hesab edir ki, onun “müqəddəs” elan olunması sırf dini yox, həm də siyasi – iqtisadi məqsədlər daşıyıb.
Britaniyalı jurnalist Kristofer Hitçens uzun illər Tereza Ananın fəaliyyətini tədqiq edib və nəticədə “Hell’s angel” “Cəhənnəm mələyi”adlı sənədli film hazırlayıb. Film Tereza Ananı fırıldaqçı kimi təsvir edir.
Hitçensin fikrincə, Tereza Ana kasıbların əzabını azaltmaq istəmirdi, əksinə, bu əzabı “Allahın iradəsi” kimi qəbul edərək müqəddəsləşdirirdi.
Bu baxış bir çox Qərb mediasında rezonans yaratdı. Əvvəllər “mərhəmət simvolu” kimi təqdim edilən Tereza Ana, getdikcə dini fanatizm və riyakarlığın təcəssümü kimi görünməyə başladı.
2005–2010-cu illərdə Bikash Bhattacharya da Tereza Ananı sərt tənqid edənlərdən biridir. Onun sözlərinə görə, Tereza Ana xəstəliklərə qarşı çıxmaq əvəzinə, onları təbliğ edib. Kasıblığın səbəbləri ilə deyil, görüntüsü ilə məşğul olub.
Bu fikirlər Hindistanda böyük müzakirələrə səbəb olub. Bəzi hind alimləri hesab edir ki, Tereza Ananın fəaliyyəti Qərbin “aşağı baxışını” gücləndirib, yəni Hindistanı kasıblıq və acizlik ölkəsi kimi təqdim etməyə xidmət edib.
İtalyan jurnalist Giorgio Brusko isə həbsdə olan zaman onun kanonlaşdırıldığını eşidib belə demişdi:
“Əgər Tereza Ana müqəddəsdirsə, mən İsa Məsihəm.”
Bu ifadə son illərdə onunla bağlı yaranan inamsızlığın simvoluna çevrilib.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir