
ƏLLİNCİ YAZI
ÇİÇƏK ELƏ ÇİÇƏKDİR
(Nəzakət Eminqızının “Gecikmiş çiçəklər” kitabına ön söz)
Bəli, çiçək elə çiçəkdir. Gecikmişi, filanı olmur. Nəzakət Eminqızı (Kərimova – Əhmədova) imzası ilə hələ ötən əsrin sonlarından tanışam. Onun istər ənənəvi mətbu orqanlarda, istərsə də tele-radio proqramları vasitəsilə uşaq və yeniyetmələr üçün tərbiyəvi əhəmiyyətli fəaliyyəti həmişə seçilib, diqqət mərkəzində olub. Əyalətdə yaşamasına baxmayaraq, respublika səviyyəsində tanınmağı bacarıb. Onun bu fədakarlığı (bu fəaliyyəti məhz belə adlandırmaq ədalətli və doğru olar) dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Nəzakət xanım təcrübəli pedaqoq, peşəkar təhsil işçisi kimi “İlin müəllimi” fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif olunub.
Yuxarıda qeyd etdiyim kimi, hələ ötən əsrin sonlarından başlayaraq günümüzədək “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat qəzeti”) qəzetlərində, “Azərbaycan məktəbi”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə”, “Təhsil” jurnallarında ibtidai təhsilin müxtəlif problemlərilə bağlı elmi məqalələri və publisistik yazıları ilə çıxış edən Nəzakət xanım pedaqoji fəaliyyətini başa vurduqdan sonra xüsusi bir şövqlə ictimai işlərlə fəal məşğul olmağa başlayıb. Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, Nəzakət xanım uzun illər könüllü olaraq (ictimai iş kimi) Xudat şəhərində özünün yaratdığı Nəriman Nərimanov adına muzeyə də rəhbərlik etmişdir. Yəni can-dildən ictimai əsaslarla ümumi işin xeyirinə işləmək, zəhmət çəkmək onun üçün adi həyat tərzi, gündəlik işlərin bir parçası olub həmişə…
Bu fəaliyyət onun yaradıcılığına yeni bir istiqamət verib, fərqli bir məzmun qazandırıb. Son illərdə onu daha çox bədii-publisistik mətnlərlə çıxış edən görürük.
Demək olar ki, Nəzakət Eminqızı müntəzəm olaraq “Bakı xəbər”, “Yeni təfəkkür”, “Abşeron”, “Təzadlar”, “Samur” qəzetlərində və “Carçı”, “Xəzan”, “Veteran”, “Yazarlar” jurnallarında çap olunur. Onun bədii yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurları “Qızıl qələm” və “Ziyadar” mükafatları ilə qiymətləndirilib.
Uzun illər pedaqoji fəaliyyətlə yanaşı paralel olaraq ictimai əsaslarla özünün yaratdığı N.Nərimanov muzeyinə rəhbərlik etmiş Nəzakət xanım bu gün də təşkilatçılıq, idarəetmə sahəsində fəaliyyətini uğurla davam etdirir. “Veteran” jurnalının baş redaktoru, “Yazarlar” jurnalının redaksiya heyəti üzvü, İƏÜM-i olmaqla bərabər, bir çox ictimai birlik və təşkilatlarda da səmərəli fəaliyyəti göz qabağındadır.
AYB və AJB-nin, Azərbaycanda “PEN” klubun üzvü, DAMM İB-nin idarə heyətinin üzvüdür.
Hal-hazırda “Heydər Əliyev – 100” yubiley tədbirləri çərçivəsində yeni kitab üzərində işləyir.
İşiniz avand olsun, Nəzakət xanım. Həyat eşqiniz, yazıb-yaratmaq əzminiz heç vaxt tükənməsin, sönməsin, solmasın! Yazın, yaradın! Çiçək elə çiçəkdir. Təzəsi-köhnəsi, tezi-geci, vaxtında açanı-gecikmişi, təri-solmuşu olmur! Qışda açan da çiçəkdir, yazda açan da… Yolunuz daim açıq və gül-çiçək olsun!
Müəllif: Zaur USTAC
“Yazarlar” jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü