
Ağa LAÇINLI (5 may 1940 – 25 noyabr 2007)
SEVƏSƏN
Ömürlük qonasan bu ölməzliyə,
Bu köhlən dağları gündə minəsən.
Dumanın qanadı səni gizləyə,
Gülün xırmanında gülə dönəsən.
Gələsən ilk yazın ilıq çağında,
Görəsən gözəllər boynunu burub.
Gümüşü göllərin süd işığında
Çimişə səninlə qızılı qürub.
Ya da geyinəsən yay axşamını,
Gün dağa dırmaşa, kölgə alçala.
Aşasan o külək aşırımını,
Ağac qol götürə, budaq əl çala.
Payızın kəfəni sapsarı küləş,
Ürəyin yanırsa mələ ki, mələ.
Elə qıy çəkəsən – o batan günəş
Qəbir qapısından qayıdıb gələ.
Gəzirsən… atının başını burax,
Duruluq çiləmiş çillə ayazı.
Qarın göbəyində buğlanan bulaq
Düzüb yaxasına yaşıl qotazı.
Görürsən dünyanın düzümü necə,
Üz-üzə dayanıb quzeylə güney.
Ağlaya-ağlaya gülər indicə
Çayın dodağında çalınan o ney.
Hər isti-soyuğa alışmaq asan,
Ömürlük sevəsən umub-küsəni.
Sən doğma torpağı əziz tutasan,
Torpaq ürəyində yaşada səni.
1985-ci il
Müəllif: Ağa Laçınlı
GÖRÜŞ
Qonarar aşiqinin
Anbara düşdü yolu.
Bu həmin anbar idi,
Köhnə kitabla dolu…
Tozlu, solğun kitablar
Onu anbarda görcək,
Dedilər: xoş gəlibsən!
Sən, a mərəzi göyçək.
Yadındamı o vaxtlar
Arxalanıb dayına,
İldə bir kitab yazıb,
Saldın bizi oyuna.
Ağappaq üzümüzü
Elə etdin ki, ara,
Dükanları dolaşıb
Yenə düşdük anbara.
Oxucu həsrətiylə
Saralmışıq, solmuşuq.
Sən qonarar aşiqi,
Biz tullantı olmuşuq.
Axırı özün gəlib
Yaxşı keçibsən ələ.
İndi bizimlə birgə
Verilərsən utilə.
Mikayıl Məxfi