
YAŞAYIRSAN
Oturub şahzadətək eşqimin taxt-tacında,
Sahiblənib bir böyük saraya yaşayırsan.
Bəlkə də heç bilmirsən, deyim, xəbərin olsun
Tutub ağ günlərimi qaraya yaşayırsan.
Üşüyər ötən günlər o titrəyən səsində,
Buz bağlayıb sönəcək nəfəsim nəfəsində.
Hər əmrinə müntəzir əsgər qiyafəsində
Düzüb xatirələri sıraya yaşayırsan.
Sənə məğlub oluram özümlə cəng eyləyib,
Həsrətin də rəngimi bir az bədrəng eyləyib
Gizli nömrələr ilə arada zəng eyləyib
Toxunub sağalmayan yaraya yaşayırsan.
Hara qədəm bassaydın, yol olardım izinə,
Təbəssümün bənzərdi, gülsən, gül dənizinə.
“Ürəyim”- deyirdin ha, o ürək əvəzinə
Gəzdirib köksün altda daş-qaya, yaşayırsan.
Həyat adlı səngərdə gör da, gör savaşımı,
Dünya edam kötüyü, tale kəsir başımı.
Yeyib canda canımı, içib gözdə yaşımı
Qanımda yanağında al boya, yaşayırsan.
Xəyallarım piyada gedib hara çatası…
Göylər tutub ahımdan yerə çətir, qadası.
Ürəyim sevənlərin görünməyən odası,
Sən də həmin məkanda kirayə yaşayırsan.
11 avqust 2022
Mənbə və müəllif: Qılman İMAN