07 Aprel –“Molla Nəsrəddin” jurnalının – 120 illiyidir (1906)

07 Aprel –“Molla Nəsrəddin” jurnalının – 120 illiyidir (1906)

Azərbaycan mətbuat tarixində mühüm yer tutan “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində ölkənin ictimai-siyasi
və mədəni həyatında dönüş nöqtəsi yaratmışdır.
Jurnal 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində nəşrə başlamış və müəyyən fasilələrlə iyirmi beş il ərzində fəaliyyət göstərmişdir. Əvvəlcə Tiflisdə (370 nömrə), sonra qısa müddət
Təbrizdə (8 nömrə), nəhayət, Bakıda (390 nömrə) çap olunan jurnalın redaktoru görkəmli ədib, publisist və satirik ədəbiyyatın
banisi Cəlil Məmmədquluzadə olmuşdur.
Jurnal həftədə bir dəfə, hər sayı 8 səhifə həcmində, rəngli və şəkilli nəşr olunaraq dövrün sosial problemlərini, cəhaləti, haqsızlığı və ictimai bəlaları satirik üslubda işıqlandırırdı. Adını xalq ədəbiyyatının
müdrik və zarafatcıl obrazı Molla Nəsrəddindən alan jurnal, gülüş vasitəsilə cəmiyyəti düşündürməyi, ədalətsizliyə qarşı maarifçilik missiyasını həyata keçirməyi məqsəd qoymuşdur. Mirzə Cəlil jurnal vasitəsilə Molla Nəsrəddinin dili ilə xalqın sosial narahatlıqlarını çatdırmaqla yanaşı, onlara çıxış yollarını da göstərirdi.
“Molla Nəsrəddin” jurnalının səhifələrində milli dilin qorunması, maarifçilik və ictimai şüurun yüksəldilməsi əsas prioritet kimi nəzərə alınırdı. Burada atalar sözləri, lətifələr, poçt qutusu yazıları, satirik
elanlar, tərcümeyi-hallar, tapmacalar, sual-cavab və digər janrlarda materiallar dərc olunurdu. Jurnalın yaradıcı heyətinə M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar, M.S.Ordubadi və digər ziyalılar daxil olmuş, öz satirik əsərləri ilə jurnalın ideyalarını zənginləşdirmişlər.
Bədii təsvirin inkişafında jurnalın karikatura və illüstrasiyaları mühüm rol oynamışdır. Rəssamlar Rötter, Şmerlinq, Əzim Əzimzadə və Təbrizdə çıxan nömrələrin illüstratoru Əli Behzad realist üslubda
çəkdikləri karikaturalarla jurnalınsosial-satirik mesajını vizual olaraq ifadə etmişlər.
Jurnal yalnız Azərbaycanda deyil, həm də Qafqaz, Rusiya, Orta Asiya, Yaxın Şərq və Şimali Afrikanın bir çox şəhərlərində yayılmış, müxtəlif millətlərdən milyonlarla oxucu qazanmışdır. Onun təsiri nəticəsində Azərbaycanda “Bəhlul”, “Kirpi”, “Zənbur”, “Babayi-Əmir”, “Şeypur” və digər satirik nəşrlər meydana çıxmışdır.
“Molla Nəsrəddin” jurnalı təkcə satirik nəşr deyil, eyni zamanda milli oyanış, maarifçilik və ictimai şüurun inkişafında vasitə kimi Azərbaycan mətbuatının tarixi baxımından əhəmiyyətli rol oynamışdır
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı ilə “Molla Nəsrəddin” jurnalı yenidən çap olunmuşdur.
2021-ci il aprelin 7-də Milli Kitabxanada “Molla Nəsrəddin – 115” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunmuşdur.

Ə d ə b i y y a t :

“Molla Nəsrəddin” jurnalı və milli ədəbi dəyərlər” // Mədəniyyət.– 2020.– 18 noyabr.– S.7.

Əsgərova, G. “Şərq qapısı” qəzeti və “Molla Nəsrəddin” jurnalı / G.Əsgərova // Kredo.– 2021.– 29 oktyabr.– S.2;6.

Nurəddin. Ordubadi və “Molla Nəsrəddin” jurnalı / Nurəddin // Mədəniyyət.– 2022.– 8 aprel.– S.3.

Qasımov, R. Vətən, millət, dil mücahid: “Molla Nəsrəddin” jurnalı / R. Qasımov // Olaylar.–2023.– 7-13 aprel.– S.23.

Atalı, İ. “Molla Nəsrəddin”in ulusal dərdçiliyi / İ. Atalı // Türküstan.– 2024.– 2-8 aprel, №12.– S.13.

Hadıyeva, L. “Molla Nəsrəddin” jurnalı və Naxçıvan” / L. Hadıyeva // Xalq qəzeti.– 2025.– 4 aprel (№64).– S.12.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir