Adilə Şahtaxtniskaya – Azərbaycanın ilk həkim-ginekoloqu, tibb elmləri doktoru və professor elmi adını alan ilk azərbaycanlı qadın. Bu gün onun anım günüdür… 1922-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinin (o zaman hələ Tibb Universiteti yaradılmamışdı-M.R) məzunları arasında yalnız iki qız var idi. Onlardan biri haqqında danışdığımız Adilə xanım Şahtaxtinskaya, digəri isə Ceyran xanım Sultanova idi. Azərbaycanın mama-ginekologiya sahədə ilk xanım mütəxəssisi olan Adilə Şaxtaxtinskaya Naxçıvanın məşhur Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrindən biridir. Adilə xanım 1894-cü il aprelin 17-də Tiflis şəhərində, görkəmli ziyalı, yazıçı-publisist İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazanıb. O, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın kimi tarixə düşüb. 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edib. 1933-cü ildə universitet rəhbərliyinin etdiyi bu təyinatla Adilə Şahtaxtinskaya Azərbaycanın ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına və eklampsiyaya həsr olunmuş professor Adilə Şahtaxtinskaya bu elmin bu sahəsində bir-birindən dəyərli və qiymətli əsərlər yazıb, tədqiqatlar aparıb. Adilə xanımın bacısı Leyla xanım isə Avropada təhsil alan ilk azərbaycanlı qadın olub. İsveçrədə təhsil alan Leyla xanım məzun olmasına az müddət qalmış dünyasını dəyişib. Onun ölümü haqqında məşhur “Molla Nəsrəddin” jurnalında nekroloq dərc edilib. Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflis şəhərində vəfat edib. Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn olunub (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub…
Seminariyada oxuduğu illərdə canına qəsd etmək istəyən yazıçı – Süleyman Sani Axundov. O, nə üçün intihar etmək istəyirdi? Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Qərənfil Dünyaminqızı yazır: “1885-ci ililin qarlı-boranlı bir qış günündə Tiflisdə Qori Müəllimlər seminariyasında açılan atəş səsi müsəlman şöbəsinin şagird və müəllimlərini daha çox narahat etdi. Çünki özünə qəsd etmək istəyən seminariyanın çalışqan, nizam-intizamlı şagirdlərindən biri olan Süleyman Sani Axundov idi. Bəs nə üçün Süleyman özünə qəsd etmişdi? Tədqiqatçıların yazdığına görə, yuxarı sinif şagirdlərindən hər gün biri seminariyada növbətçi olurmuş. Bir gün də Süleymanın növbəsində pansionata keyfiyyətsiz çörək gətirilir. Süleyman buna etiraz edərək seminariyanın inspektoru Aleksey Osipoviç Çernyayevskiyə məlumat verir. A.O.Çernyayevskinin əmri ilə nağd pulla çörək alınıb seminariyanın şagirdlərinə paylanır. Bu iş növbətçi kimi Süleymana tapşırılır. Süleyman da məktəbin xəzinəsindən götürdüyü pula seminariyanın yaxınlığında yerləşən sexdən çörək alaraq pansionata gətirir. Kiçik bir anlaşılmazlıq üzündən inspektor Süleymanı yalançılıqda, tamahkarlıqda təqsirləndirir. (Guya Süleyman çörəyin pudunu 1 manata alıb, amma seminariyanın xəzinəsindən 1 manat 20 qəpik pul götürüb). Bu hadisədən sonra seminariyanın müəllim və şagirdləri arasında Süleymana münasibət dəyişir. Məsələyə Süleymanın dayısı, seminariyanın müəllimi Səfərəlibəy Vəlibəyov qarışaraq çörəyin qiymətinin hər yerdə 1 manat 20 qəpik olduğunu aşkarlayır və bu işdə Süleymanın günahsız olduğunu sübut edir. Lakin həqiqətin aşkarlanması seminariya rəhbərliyinin heç də xoşuna gəlmir. Belə olduqda Süleymanı cəzalandırmaq üçün pedaqoji sovetdə onun təlim-tərbiyə qiymətini əladan birbaşa kafiyə endirirlər. Həqiqəti araşdırmağa özündə təpər tapmayan seminariya rəhbərliyinin bu haqsız hərəkəti Süleymanda əsəb gərginliyi və ruh düşgünlüyü yaradır. Və bir gün bütün şagird yoldaşları yatandan sonra o özünə qəsd edərək tapançadan atəş açır. Xoşbəxtlikdən güllə onun ürəyinə dəymir… Bu haqda S.S.Axundovun qohumu Nadir Vəlixanov yazırdı ki: “1885-cü ildə Süleymanın seminariyada başına gələn bir əhvalat ömrü boyu xatirindən silinməmişdi. Şöbədə növbətçi olduğu vaxt təsadüfi olaraq, dövlət pulunu mənimsəməkdə günahlandırıldığı üçün kədərə dalıb, öz canına qəsd etmişdi”. Tədqiqatçı alim Aslan Kənan isə “XX əsrdə repressiyaya məruz qalanlar” adlı əsərində bu hadisə haqqında məlumat verərək seminariya rəhbərliyinin, xüsusən də N.S.Streletskinin direktorluq etdiyi illərdə apardığı intiriqabazlıqdan, azərbaycanlı seminaristlərə qarşı etdiyi kobudluqdan və haqsızlıqlardan geniş bəhs edərək bu məsələyə aydınlıq gətirir. Bu faktı A.O.Çernyayevskinin 1893-cü ildə Qafqaz Təhsil Dairəsinə yazdığı izahat bir daha təsdiq edir. S.S.Axundovun intihar cəhdini “özlüyündə fövqəladə dərəcədə qəmgin bir fakt” hesab etmiş və şagirdlərin bu vəziyyətə gəlib çıxmasının günahkarı N.S.Streletskini və onun seminariyada direktor olduğu dövrdə təlim-tərbiyə sahəsində apardığı yarıtmaz iş üsulu ilə əlaqələndirmişdir…” Bu gün Süleyman Sani Axundovun anım günüdür. Allah rəhmət eləsin!
Əziz həmvətənlər! Artıq mübarək Ramazan ayının son gününü yaşayırıq. Ramazan ayını yaşamaq, onun bərəkətindən faydalanmaq, bu ayı sona qədər oruc tuta bilmək Allah-Taalanın Adəm övladına bir lütfüdür. Nə qədər bu ayı görmək arzusunda olan ancaq vüsalına çata bilməyən insanlar var. Bizə bu ayda oruc tutmağı nəsib edən Rəbbimizə sonsuz şükürlər olsun! Qarşıdan bayram günləri gəlir. Bayram günləri nə edilməlidir və ya bayram gününə xas əməllər hansılardır? İslam ənənələrinə əsasən gün bayram namazı ilə başlayır. Bayramdan sonra insanların bir-birini, valideynlərini və qohum-əqrəbalarını ziyarət etmələri tövsiyə olunur. Əksər müsəlman ölkələrində həm də qəbirlər ziyarət olunur, dünyasını dəyişən insanların ruhuna dualar oxunur. Bayram günlərində tövsiyə edilən əməllərdən biri də küsülülərin barışmasıdır. İslamın bəyənmədiyi əməllərdən biri də insanların bir-birindən küsməsidir. Oruc fərdi ibadətdən daha çox ictimai ibadətdir. Onun faydasını cəmiyyətin bütün üzvləri hiss etməlidir. Allah bütün oruc və duaları qəbul etsin. Dövlətimizi, xalqımızı, Prezidentimizi, birliyimizi və həmrəyliyimizi hər zaman qorusun!
Milli Kitabxanada “31 mart – Azərbaycanlıların Sоyqırımı Günüdür” adlı geniş kitab sərgisi açılıb
Milli Kitabxanada 1918-ci ilin mart soyqırımında ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliam haqqında həqiqətlərin təbliği məqsədilə “31 mart – Azərbaycanlıların Sоyqırımı Günüdür” adlı ənənəvi kitab sərgisi açılıb.
Mənbə və Ətraflı: https://www.millikitabxana.az/news/31-mart–soyqirimi
“Qızılbaşlar Türk olmağı və Türk həyatı yaşamağı müqəddəs şərəf sayırlar.”
«Günümüz Balkan yarımadasında var olan Rumıniya və Bolqarıstan respublikalarında Qızılbaşlar da yaşamaqdadır. Bu Qızılbaşlar Rumıniyanın “Şimali Dobruca” və Bolqarıstanın “Cənubi Dobruca” bölgələrində yaşayırlar.
15-ci və 16-cı əsrdə Osmanlı dövləti Qızılbaşların Səfəvi təriqəti və dövləti ilə əlaqəsini kəsmək üçün “Balkan (Rumeli)” torpaqlarına sürgün etdilər. Xüsusilə Sultan II Bəyazid tərəfindən Balkanlara sürgün edildilər.
Balkan Qızılbaşları sürgünləri haqqında məlumat verərkən, belə söyləyirlər; “Bizlər, Haymana (Ankara) bölgəsindən Rumeliyə sürgün edilmişik.”
Balkan Qızılbaşları iki hissəyə bölünür; Babai və Çələbi Qızılbaşları. Bu qızılbaşlar sadəcə bağlı olduqları Təkkə mərkəzlərinə görə iki hissəyə bölünüblər, ibadətlərində isə kiçik fərq var.
Balkan Qızılbaşlarının günümüzə qədər gəlib çatmış “İsimli Risalesi” vardır. Bu Risalədə Qızılbaşların İslami inanc sistemi, ailə təşkilatı, təkkə mərkəzləri və günlük duaları haqqında məlumat verir. Bu Risalə haqqında ətraflı məlumatı Türk tarixçisi Ahmet Taşğın “Romanya Müslümanları Kızılbaşlar, Babalılar, Bektaşiler İsimli Risale Üzerine.” kitabında toplamışdır.
Balkan türkləri və qızılbaşları haqqında geniş məlumatlara xüsusilə Türk Professor Ahmet Taşğın, Polyak türkoloq Tadeusz Kovalski, Bolqar tarixçi Prof. S.S Bobçev, Rus etnoqrafı V.A. Moşkov, D.G. Gadzanow, St.Romansky və A. Popoviçin araşdırmalarında rast gəlmək mümkündür.
Polyak T. Kovalskinin Rumeli və Balkan araşdırmalarının Dobruca bölməsində verdiyi məlumatlar, Dobrucada mövcud olan Qızılbaş, Bəktaşi və Ələvi kəndləri haqqında ilk və ən əhatəli araşdırmalardandır. D.G. Gadzanow 1911-ci ildə Tozluk, Gerlova və Deliormanda dil və ləhcə tədqiqatlarında “Köse Abdi” kəndinin Bəktaşi, “Akkadınlar” kəndinin isə Qızılbaş olduğunu müəyyən edib, qeydə almışdır.
A. Popoviç “Balkanlarda İslam” əsərində belə qeyd edir; Şimali Dobruca [🇷🇴 Rumıniya] türklərindən bəhs edərkən, St. Romansky’nin aşağıdakı ifadəsini də əlavə etmək lazımdır; “Onlara (Qızılbaşlara) Ortaköy, Trastenik, Balabanca və Frecatrei-də daxil olmaqla bəzi şəhərlərdə də rast gəlirik. Bu dörd qəsəbədəki Türklər Ələvi təriqətinə mənsubdur və onlara Qızılbaş deyilir.
St. Romansky Köstəncə ətrafında Babadağ, Tulça, Maçin, İsakça və Babadağdan bəhs edərkən kəndlərə nümunə olaraq Əli (Ələvi) təriqətinə bağlı Qızılbaş kəndlərinin adlarını sadalayır. Araşdırmalarında Qızılbaşların yaşadığı Ortaköy, Trastenik, Balabança və Frekase qəsəbə və kəndlərinin adları qeyd edilib.”
Rumıniyanın “Silistre” sancağında Qızılbaş kəndlərinin adları aşağıdakılardır;
“Debbağlar, Karalar, Akkadınlar, Söğütcük, Baltacı Yeniköy, Kolebina, Yeniceköy, Denizler, Meşe Mahalle, Mesim Mahalle, Hacı Fakih.” Professor Ahmet Taşğın bu kəndlər haqqında belə bəhs edir; “bu kəndlərin sakinləri təmiz Qızılbaşlardır. Yəni onların arasında qarışıq “sünni” ailəsi yoxdur.”
Ahmet Taşğın Rumıniya-Bolqarıstan sərhədindəki Qızılbaş qəsəbə və kəndləri haqqında belə qeyd edir;
“Bolqarıstanda “Caferler, Kazcılar, Kumluca” kəndləri vardır. Bu kəndlər Bolqarıstanın “Rusçuk” (Ruse) rayonunda yerləşir. Bolqarıstandakı bu kəndlər təmiz Qızılbaşlardır. Bunların (Qızılbaşların) bir qismi Babai və bir qismi isə Çələbidir. Razgrad şəhərində “Sinanköy ve “Adalar” kəndləri, Osman Pazarı şəhərində isə “Alvanlar, Küçükler, Veledler” kəndləri Çələbi Qızılbaşlarıdır.
Bundan başqa Varna şəhərində “Kumluca” kəndi Babai Qızılbaşlarıdır. Həmçinin Bolqarıstan dövləti 1992-ci ildə əhalinin siyahıyaalması zamanı ölkədə 85.773 Şiə və Qızılbaşların yaşadığını qeydə almışdır.
Balkan Qızılbaşları Türkcə danışır və ibadətlərini də, Türkcə edirlər. Həmçinin bu Qızılbaşlar Türk adlarına da sahib çıxır və övladlarına Türk və Əhli-beyt mənsubu adları qoyurlar. Bir sözlə Türk irsini günümüzə qədər qoruyublar.
İbadətlərini əsasən Şeyx Səfi, Otman Baba, Hürufi şairi Mühyiddin Abdal, Şah Xətainin və bir sıra qızılbaş-ələvi şəxsiyyətlərinin kitablarından İlahi zikrlər və dualar söyləməklə edirlər. 600 ilə yaxın müddət keçib, ancaq bu Qızılbaşlar Türk dilini, irsini unutmayıb, qoruyurlar.
Professor Ahmet Taşğın Balkan Qızılbaşlarının Türk irsinə bağlılığını belə təsvir edir;
“Hürriyyətpərvər olmaqla milliyətpərvərdirlər. Qızılbaşlar Türk olmağı və Türk həyatı yaşamağı müqəddəs şərəf sayırlar.”»
Mənbələr;
Professor Ahmet Taşğın -“Romanya Müslümanları Kızılbaşlar, Babalılar, Bektaşiler İsimli Risale Üzerine. sayfa 31, 32, 33, 34, 90, 99, 137, 157.”
Aleksandre Popoviç – “Balkanlarda İslam. sayfa 165 və 174” (1995-ci il)
Xalq şairi Osman Sarıvəlli qələmindən “Gətir, oğlum, gətir” Mən kənddə doğuldum, sənsə şəhərdə, Sən beşikdə yatdın, mənsə yəhərdə. Yatdım boz otlaqda boz dovşan kimi… Gözümüz dünyaya açılan kimi Mən çomaq götürdüm, sən kağız, qələm, Çomaq bir aləmdir, qələm bir aləm… Dolandı sənələr, dolandı aylar, Gah dondu, gah coşdu, bulandı çaylar. Zaman hökm elədi…Bir qərib axşam Yolun məskənimə düşdü nagahan. Səni oğul kimi o yerdə mənsiz Bağrına basdımı ana kəndimiz? Xoşuna gəldimi Kürün kənarı? Gördünmü, gördünmü göy çinarları? Görürəm, səfalı bir yaz axşamı Çinarın dibinə yığışır hamı. Bu saz məclisindən olanlar halı – Kəndin ağsaqqalı, qarasaqqalı Oraya toplanıb…Sən də bu axşam, Orda, uşaqların arasındasan. Ortada vüqarla aşıq gəzişir, Danışır arabir, deyir arabir. Bir qoca yerindən səslənir bu an: – Aşıq, bir nağıl de, səsinə qurban! Hamı vəcdə gəlir…Bu məsləhəti Bəyənib dəyişir aşıq söhbəti; Bir dastan başlayır coşqun həvəslə, Min yerdə xal vurur yanıqlı səslə. Xalqın əzəməti, fikri, xəyalı, Onun hissi, zövqü, ağlı, kamalı Sanma bir qılıncda, bir hünərdədir, Onlar bu sazlarda, bu sözlərdədir!.. Bu günün qəlbinə girmək istəsən, Durduğun pillədən hələ bir az en. En! Uçan alçalar, enən ucalar! En! Yerin təkində xəzinələr var. Demə “köhnə sözün mənası nədir?” Hər söz, anlayana bir qərinədir!.. Hər fikir mülkündə zərrin tac yatır, Hər meyvə tumunda bir ağac yatır. Hər kiçik bayatı xalqın səsidir, Kamal dünyasının xəzinəsidir. Bahar gecələri enib sahilə Uçan ləpələrin səsini dinlə! Gümüş dalğalarda Ay baxan zaman Düşün, gör nə deyir çay axan zaman? Kömürdən almaz çək, yarpaqdan ipək, Daşdan gövhər çıxart, buluddan şimşək. Gətir ildırımın məğrur səsini, Qumru bulaqların zümzüməsini. Zəmilərdən sünbül, bağçalardan bar, Dərələrdən vüsət, dağlardan vüqar… Özünlə çiçəkli, güllü yaz gətir, Bir aşıq mahnısı, bir də saz gətir! Gətir, yollarına müntəzirəm mən! Gətir, bu fürsəti vermə əlindən! Ana yurdumuzun nəyi var gətir – Məhəbbət, sədaqət, etibar gətir!..