“Yazarlar” jurnalı “Mustafa Müseyiboğlu – 70” layihəsi çərçivəsində həyata keçirdiyi resenziya müsabiqəsi nəticəsində bu kitab ərsəyə gəlmişdir. Şipşirin, doğma ana dilimlzdə oxuyub, anlayan hər kəsin müsabiqədə iştirak etmək imkanı olub. Müsabiqə iştirakçıları həm ənənəvi kitab formasında, həm də elektron formada dünyanın internet mövcud olan istənilən nöqtəsində “BB” (hekayələr) kitabı ilə tanış olduqdan sonra kitab və ya bu kitabda yer almış hər hansı bir hekayə haqqında öz fikirlərini yazıb zauryazar@mail.ru email ünvanına göndərməklə iştirakçı hüququ qazanmış olurdu. Yazılar 01.09.2022-ci ildən 01.12.2022-ci ilə qədər qəbul olunub. 01.12.2022-ci il gecə saat 23:45-də qaliblər və müsabiqədə topladıqları ballara uyğun iştirakçılar sırası elan elan olunub: Əli bəy Azəri 6 bal III YER, Nəzakət Eminqızı (Əhmədova-Kərimova) 5 bal III YER, Mina Rəşid 5 bal III YER, Aytac İbrahim 4 bal, Məmməd Mərzili 4 bal, Afət Şahid 4 bal, Zaur Qasımlı 3 bal, Zaur Əsgərov 3 bal, Səma Muğanna 3 bal olmaqla cəmi 9 iştirakçı layihə çərçivəsində nəşr olunan bu topluda yer almaq hüququ qazanıblar. Bundan əlavə 6 bal toplamış Əli bəy Azərinin yazısı müxtəlif mətbu orqanlarda, 5 və 6 bal toplayaraq III YER-i bölüşmüş yazılar “Yazarlar” jurnalının dekabr -2022-ci il 12 (24)-cü sayında, siyahıda olan bütün 9 yazı “Yazarlar” jurnalının yanvar 2023-cü il 1 (25)-ci sayında təkrar-təkrar dərc olunaraq yayımlanmaq hüququ qazanmışlar. İştirakçılar əvvəlcədən müsabiqə şərtlərində elan olunmuş şərtlərə əsasən 5-6 bal toplamış yazılar III YER-i öz aralarında bölüşdürməklə diplom və pul mükafatı ilə, 4 bal toplayan yazılar həvəsləndirici diplom və əlavə ilə, 3 bal toplamış yazılar isə iştirakçı diplomları ilə mükafatlandırılmışdır. Müsabiqənin elan qaydası, şərtləri və qiymətləndirmə meyarları sonda “Mustafa Müseyiboğlu-70” yazısında verilib.Tuncay Şəhrili “Mustafa Müseyiboğlu-1” Oxucu və yazarların nəzərininə çatdırıram ki, gələn il eyni vaxtda, eyni qayda ilə hekayə müsabiqəsi elan olunacaq.
BABA Səhər açılmır ki, açılmır baba, Ürək də yorulub, dözməyir daha. Günahım nə idi, düşdüm bəlaya, Açılmır səhərim, açılmır baba. * * * Bizim də bağçada gül-çiçək açar, Sevincdən dostlarda gülər, əl çalar. Bir ağac əkərəm o, çiçək açar, Açılmır güllərim, açılmır baba. * * * Bir bəlaya düşdüm, uzanır ömrü, Tükənir, qəlbimin tükənir sözü. Körpə Kənanım da dikib gözünü, Onunda ürəyi açılmır baba. * * * Açıl, ey dünyanın səadət yolu, Qaytar keçmişimə sevinclə dolu. Pisləri bu yoldan uzaq et barı, Qoy açılsın səhər, açılsın baba.
TUFAN Yaxşılara yaman demə, amandır, Yaman günə qalıb tamam, yanaşan. Yaxşıların haqqın yemə, amandır, Tufan səni qışa atar, donarsan. * * * Yaxşılara böhtan atıb, demə pis, Daxilində olsun saf, həm təmiz hiss. Daşları dəlməsə hər bir kəlməniz, Tufan səni qışa atar, donarsan. * * * Zalımdan yapışıb, ədalət demə, Mərdi qova-qova namərd eyləmə. Xainə, satqına tərif söyləmə, Tufan səni qışa atar, donarsan. * * * Yandırsalar, yana-yana ağlama, Sağlığını göz yaşınla yoğurma. Ölüm ayağında Allah çağırma, Tufan səni qışa atar, donarsan.
SƏN Ürəyindən ağrı keçir, Gözlərindən qəm su içir. Əcəl məni həmən seçir, Saralanda, solanda sən. * * * Fikir məni alıb gedir, İçimi də bir hiss didir. Kimdir sənə pislik edir? Saralanda, solanda sən. * * * Gözlərinin rəngi solur, Saçlarımı bir əl yolur. İşgəncələr məndən sorur, Saralanda, solanda sən. * * * Qəmli-qəmli belə baxma, Sən Allah gəl, məni sıxma. Vallah ollam loxma-loxma, Saralanda, solanda sən. * * * Həsrət qallam sevinməyə, Al qırmızı geyinməyə. Sözüm qalmaz öyünməyə, Saralanda, solanda sən.
ƏHSƏN Sizlərə tövsiyyəm əziz dostlarım, Yaxşılıq gəlməsə əllərimizdən. Pislikdə etməyin pissən deyənə, Qoy desin hər deyən sizlərə əhsən. * * * Yenə güvəncini itirmə heç vaxt , Yüzlərlə dostundan əlin üzülsə. Dostluğa sadiq ol, həmişə ürəkdən Hər anın qüssəylə, kədərlə keçsə, * * * Hər kiçik təpəyə güvənsəz əgər, O dərin ürəyin açarı ilə. Çatmasa gücünüz təpəciklərə, İnansaz dağ olar o təpəcikdə. * * * Sabahlar yetəcək köməyinizə, Etsəniz kiməsə sizdə yaxşılıq. Etsədə sizlərə kimsə nadanlıq, Verin siz onlara yenə halallıq. * * * Soyuq qarşılasa kimsə hər zaman, Pisliyə verməyin siz heç bir aman. Allahın duası üstündə hər an, Köməyi olacaq, Allaha inam.
TƏLƏSDİM Zirvə-zirvə seyr elədim dostları, Söhbəti-sözləri bol insanları. Ömrün cavan ya da ahıl çağında, Ayrılmarıq, yanındayıq hər anında, Bu dostlara dost deməyə tələsdim. * * * Dost oldum, bu yolu xeyli izlədim, Dostları ucaltdım, dostun gözündə. Dost yalan söylədi, hər bir sözündə, Dostluğu anladım onda özümdə, Bu dostlara dost deməyə tələsdim. * * * Var olanda hər an olar yanında, Xoş keçəcək hə zamanın bax onda. Hər sözü şirindir, baldır, şəkərdir, Bax onda dostları baxıb ələndir, Bu dostlara dost deməyə tələsdim. * * * Leyliyəm, açılan sabaha doğru, Yolumu azmadım, ah da almadım. Dost kimi dost oldum, amma ki, amma, Dostum deyər mən dostlara aldandım, Bu dostlara dost deməyə tələsdim. * * * Bu cür insanların budur vərdişi, Elə ki, düşəcək sənə bir işi. Verdiyin çörəyi kəsməsə dişi, Qaçıb getmək olur vallahi işi, Bu dostlara dost deməyə tələsdim. * * * Varın olsa hər an dostlar yanında, Danışacaq dostlar sənə yalan da. Cibini dost bilən bəzi dostlar da, Qoyub qacacaqlar cib boş olanda, Bu dostlara dost deməyə tələsdim. * * * Ələnmədi nə dəymişim, nə kalım, Dostlarıma dost deməyə aldandım. Dost deyəndə dost sözünü anmadım, Üzümə gülənə dostumsan dedim. Kimlə çörək kəsdim, mən heç bilmədim, Bu dostlara dost deməyə tələsdik.
AMANSIZ DEMƏYİN Amansız deməyin bu gündən qışa, Amansız bir virus çıxıb savaşa. Alıb bu dünyanı çıxıbdı başa, İnsanlar qalıbdı onla baş-başa. * * * Ay Allah kömək ol bu insanlara, Boğulub dərmansız qalan canlara. Kəsilmiş ağaclar qalıb bir yanda, Virus insanlardan ocaq qaladıb. * * * Amansız həyatdır, amansız zaman, Vermir insanlara yenə də aman, Tanrım, haqqın-haqq yolunda durmuşuq, Yaratdığın bəndələrin olmuşuq. * * * Qoyma vaxtsız sönsün insan ocağı, Tanrım qoru bu bəladan dünyanı, Qoy silinsin insanların göz yaşı, Qoy qurtarsın bu virusun sovası. * * * Gecəni gündüzə çevirən Tanrı, Bağlı qoymaz, açılar qapıları, Bircə rəhm et, bağışla insanları, Yox et, gələn ölümlü virusları.
YENƏ DÖZÜRSƏN Bilmirəm, ay ürək, necə dözürsən? Dil aç, söylə görək, necə edirsən? Hər gələn zülməti yox eləyirsən… Calışırsan, gecə-gündüz dözürsən, Dağmısan, daşmısan, yenə dözürsən?! * * * Vallahi, mən sənə əhsən deyirəm, Belə güc-qüvvədə təksən deyirəm, Sənə güvənirəm, ümüd edirəm… Baxmırsan gözündə qana, dözürsən, Dağmısan, daşmısan, yenə dözürsən?! * * * Geçələr didirlər yuxular səni, Gündüz də narahat qoyurlar səni, Qara fikirlər də yorurlar səni… Gətirirlər səni cana, dözürsən, Dağmısan, daşmısan, yenə dözürsən?! * * * Ay ürək, heç kəsdən ümüd gözləmə, Kənardan, nakəsdən ümüd istəmə, İnanma sən məndən başqa heç kimə… Hər dərdimə yana-yana dözürsən!
ƏZABLAR TÜKƏNMİR Həyat bizi yaman çəkir sınağa, Ya biz qalib gələcəyik, ya həyat…. Narahatam, əzablarım çoxalır, Sevinc tapılmır, olum mən rahat… * * * İlahi, arzular bitmək bilməyir, Gedib hədəfinə yetmək bilməyir… Ələyimdə tərsinə un ələyir, Pisliklər içində qurur toy-busat… * * * Sinəmin üstündə tonqal qalanıb, Dərdimin üstünə dərdim calanıb… Ürəyim yandıqca ruhum talanıb, Sızlayan ürəyim olubdu çat-çat…
YAXŞILIQ Yolunu gözləyir sonunda hamı, Cavab yığır sənin donuna hamı… Əzəldən çəkinir odundan hamı, İnsanlar məhv olar sönsə, yaxşılıq! * * * Yaxşılar əvəzin verdilər sənin, Yaxşı yollarını gördülər sənin… Özündən də ibrət aldılar sənin, Yaxşının həyatı sənsən, yaxşılıq! * * * Tərifli sözlərdən tükənməyəsən, Layiqli gözlərdən heç itməyəsən… Arzumdu bizlərdən çəkinməyəsən, Qorxaram tərsinə dönsən, yaxşılıq! * * * Hamıya bir gözlə baxsan xoş olar, Yaxşılıq qabına yaxşılıq dolar… Qurusan, yox olsan ümüdlər solar, İnsan həyatında, önsən, yaxşılıq! * * * Pisə yaxşı donu biçdin hər zaman, Mən keçən yolları keçdin hər zaman… Ömrümdə yaxşını seçdim hər zaman, Şükür ki, pislərdən gensən, yaxşılıq!
DÜNYA Dünya, sənin sonun varmı? Bir əbədi qanun varmı? Haqq deyilən yolun varmı? Göz yaşıyla doldun dünya! * * * Sevinclisən, kədərllisən, Cəsarətli, hünərlisən… Belə gəldi gedərlisən, Nadana gül oldun, dünya! * * * Sol gözündə, üfunətdir, Bu gerçəkdir, həqiqətdir… Səndə niyə hər şey cürdür? Təki tezcə, uddun dünya! * * * Bir üzün qış, biri yazdır, Bilmirəm, bu nə avazdır… Namərdlərin kefi sazdır, Mərdə hiylə qurdun, dünya!
FƏLƏK Vətən bülbül idi, dağları qəfəs, Dardaydı o vaxtdan, almırdı nəfəs. Xarıbülbülüdə görmürdü heç kəs, Vətən boğulurdu, almırdı nəfəs. * * * Qəm çəkib ağladı, dağı-daşıda, Qanadsız quş idi, vətənim mənim. Heç gəlmədi düşmən dinə, imana, Fələk imza atdı haqsız fərmana. * * * Hər ərənlər yenə hücum çəkdilər, Vətən üçün səfərbərlik etdilər. O, murdarın al qanını tökdülər, Vətənimə yeni həyat verdilər. * * * Düşməni vətəndən yaman qovdular, Oxla murdarların gözün ovdular. Namussuzlar, papaq qoyub qaçdılar, Tülkü kimi, kolluqda gizləndilər.
QARA QÜVVƏLƏR Pozdu sakitliyi qara qüvvələr, Gecənin sükutun yenə pozdula! Atəşkəsi o, vəhşilər pozdular! Vicdansızlar, yenə yolu azdllar! * * * Gəncəni müsibət, dumanlar aldı, Bu gecə körpələr, qana doyandı. Yatanlarda o dəhşətə oyandı, Aman Allah, bu nə zülüm, zamandır? * * * Atəşkəs deyən, bax Indi dinlə! Düşmən gedir indi, sənin izinlə! Yatmış körpələrə, endirdi zərbə! Ulu Tanrı verəcək, bəlanı gözlə… * * * Millətim yuxudan səsə oyandı, Gecə zülmətində, ana naləsi… Hıcqıran körpənin, atanın səsi, Dəhşətə gətirdi, Allah, hər kəsi. * * * Gecə zülmətində o, körpələrin, Ümüd qığılcımı qaldı gözündə. Atanın göz yaşı dondu gözündə, Körpə gözü qaldı, ana gözündə, Tapşırdı canın ananın dizində…. * * * Günahkar düşmənin yenə zülmünə, Tuş oldu, günahsız yatan körpələr. O, qansız kafirlər etdi, gör nələr!? Yatmış əhaliyə zülüm etdilər, Günahsız körpələr şəhid getdilər….
Bu gün Mustafa Müseyiboğlunun anadan olduğu gündür. Onu doğum günündə rəhmətlə anırıq. Ruhuna Fatihə: … Amin.
QISA ARAYIŞ
MUSTAFA MÜSEYİBOĞLU HAQQINDA
Mustafa Müseyiboğlu – Gizir (Mustafayev Mustafa Müseyib oğlu) 1 dekar 1952-ci ildə Ağdam rayonu, Yusifcanlı kəndində anadan olub.
1959-cu ildə Ağdam rayonu Yusifcanlı kənd məktəbində birinci sinfə getmişdir. 1969-cu ildə Ağdam rayon Novruzlu kənd orta məktəbini bitirərək (9-10-cu siniflər), Bakı plan-iqtisad texnikumuna Tikintidə planlaşdırma ixtisası üzrə qəbul olunmuşdur. 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub hərbi xidmətə yollanmışdır. Xidməti keçmiş ittifaqın Komi Muxtar Sovet Sosialist Respublikasında (Rusiya – Komi Respublikası) layiqincə yerinə yetirib 1973-cü ilin dekabr ayında Vətənə dönür. Əvvəllər Bakı şəhərində yaşayıb fəaliyyət göstərsə də (1974-76-cı illərdə Maştağa qəsəbə sovetinin deputatı olub. 1975-ci ildən KP-nın üzvü idi.) 1976-cı ildə Yusifcanlıya köçür və 1993-cü ilə qədər burada yaşayıb, yaradır. 1993-cü ildən 1999-cu ilə qədər Yevlax rayonunun Xanabad kəndində, 1999-cu ildən 2018-ci ilədək isə Bakı şəhərində yaşamışdır. 2018-ci ilin dekabın 29-da Bakı şəhərində vəfat etmiş, Ağdam rayonu II Yusifcanlı kənd (Əfətli) qəbirstanlığında dəfn olunmuşdur.
Mustafa Müseyiboğlu Bakı plan-iqtisad texnikumundan (1971) əlavə Ağdam kənd təsərrüfatı kadırları ixtisas artırma məktəbində – İqtisadçı (1988), Moskva kənd kənd təsərrüfatı kadırları ixtisas artırma institutunda – İqtisadiyyat və aqro istehsalat sahələrinin təşkili (1992) üzrə təhsilini davam etdirmişdir.
Uzun illər kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışmış, keçmiş ittifaqın son günlərində dövlətdən torpaq icarəyə götürüb “İcarədar” statusu ilə şəxsi təsərrüfatını yaratmış ilk şəxslərdən biri olub (1991).
Tezyetişən “Kardinal” və “Hafisəli” üzüm sortlarını öz sahəsində uğurla sınaqdan keçirərək ancaq bu sortlardan ibarət ayrıca sahə yaratmışdır.
Kənd təsərrüfatında müxtəlif sahələrdə çalışdığı zamanlar mütəmadi olaraq kataloqda olan bütün mətbu orqanlara abunə olan Mustafa Müseyiboğlu yeni nəşr olunan kitabları da əvvəlcədən sifariş yolu ilə mütləq əldə edirmiş. Hələ gənc yaşlarından Gizir təxəllüsü ilə şeirlər yazan Mustafa Müseyiboğlunun əlyazmalar şəklində bir neçə kitab həcmində şeirlərinin olması barədə məlumat olsa da, Yusifcanlının işğalı zamanı bütün mal-mülklə bərabər zəngin kitabxanası, həmçinin əlyazmaları da xain düşmən tərəfindən yağmalanaraq, məhv edilmişdir. Əlimizdə qalan irsi yalnız “Sibiriyadan məktublar və iki şeir” adlı kitabdan ibarətdir. 2018 – ci ildə MYK -ın ömürlük fəxri katibi seçilmişdir.
Hal-hazırda (2022-ci ildə) “Mustafa Müseyiboğlu-70” layihəsi davam etməkdədir. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
Sumqayıtda 7 saylı məktəbdə şəhidlərin xatirəsinə həsr olunmuş kitabların təqdimatı oldu
30 noyabr tarixində Sumqayıt şəhər Corat qəsəbəsində yerləşən 7 saylı tam orta məktəbdə şairə Esmira Günəşin şəhidlərin əziz xatirəsinə həsr etdiyi kitablarının təqdimatı keçirilib. Tədbirdə kitabda yer alan Sumqayıt şəhidlərinin ailə üzvləri, qazi Səyavuş Məmmədov, 365 qəzetinin redaktor heyyəti, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Daha sonra şagirdlər şairə Esmira Günəşin “Xarıbülbüllər” kitabından şəhidlərə həsr olunan şeirlərini səsləndirərək, vətənpərvər musiqilər ifa ediblər. Sonda çıxış üçün söz kitabın müəllifinə verilib. Şairə Esmira Günəş məktəbin direktoru Təranə müəlliməyə öz kitablarını hədiyyə edərək, məktəbə özəl yazdığı şeiri səsləndirib. Şəhid analarının və qazinin çıxışından sonra isə tədbirin sonunda məktəbin şagirdləri şəhid ailələrini hədiyyələrlə sevindirərək xatirə şəkilləri çəkdiriblər. Qonaqları öz otağında çay süfrəsinə qonaq edən məktəbin direktoru tədbirdən sonra şəhid ailələrini və qonaqları şəhidlərin adlarını daşıyan sinif otaqları ilə də tanış edib. Sonda məktəbin həyətində şəhidlərimizin xatirəsinə həsr olunmuş abidəni də ziyarət edərək qonaqlar məktəbdən ayrılıblar.
Eşq olsun Azərbaycan xalqının şəhidlərinə hər zaman dəyər verən vətənpərvər nümayəndələrinə. Şəhidlər ölməz, Vətən bölünməz!
Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin tarixində, xüsusilə də Azərbaycanın azadlığı uğrunda böyük şücaətlər göstərən fədailərdən biridir.
O, 1881-ci il 8 fevral tarixində İrəvan şəhərində anadan olmuşdur. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında almış, daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olmuşdur. Həbib bəy 1900-cü ilin avqustunda könüllü şəkildə 156-cı Yelizavetpol (Gəncə) süvari alayında 14 ay xidmət etmiş, unter-zabit rütbəsi almışdır. 1902-ci ildə Tiflisdə süvari hərbi məktəbini bitirən Həbib bəy Üçüncü Qafqaz Atıcı Batalyonunda podporuçik vəzifəsində xidmət etmişdir. 1905-ci ildə batalyon komandirinin köməkçisi, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rota komandiri təyin olunan Həbib bəy Səlimov həmin ilin sentyabr ayında “Müqəddəs Vladimir” ordeni ilə təltif olunmuşdur. O, 1908-1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Culfa sərhədlərində xidmət etmiş, xüsusi tapşırıqla Tehrana göndərilmişdir. 1912-ci ildə kapitan rütbəsi almış və Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra polkovnik-leytenant Həbib bəy Səlimov ölkəyə qayıtmış və milli Azərbaycan Ordusunun formalaşdırılmasında da böyük tarix xidmətləri olmuşdur. O, ilk olaraq Milli Orduda Dəftərxana rəisi vəzifəsində çalışmışdır.
1918-ci ilin avqustunda Qafqaz İslam Ordusu komandanı Nuru paşanın əmri ilə Azərbaycan korpusu yenidən qurulmağa başlayanda hərbi təcrübəsinə və biliyinə görə bu korpusun qərargah rəisi təyin edilmişdi.
Həmin tarixlərdə bolşevik-daşnak birləşmələrinə qarşı qızğın döyüşlərdə Gəncə-Bakı istiqamətində dəmir yolu xətti boyunca irəliləyən Cənub qrupunun komandiri H.Səlimovun təşkilatçılığı və igidliyi layiqincə qiymətləndirilmiş, Azərbaycan hökuməti tərəfindən ona polkovnik rütbəsi verilmişdir. Türkiyədə çıxan “Böyük hərbdə Bakı yollarında. 5-ci Qafqaz piyada firqəsi” kitabında türk polkovniki Rüştü bəy Həbib bəy haqqında yazırdı: “Cəsur, döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitləndəndir”.
Həbib bəy Səlimovun vətən qarşısındakı xidmətlərinin daim yüksək dəyərləndirildiyini 1919-cu il fevral ayının 26-da Müdafiə nazirliyinin 31 saylı əmrinə əsasən, general-mayor hərbi rütbəsi verilməsi də təsdiq edir. Qeyd edək ki, General Həbib bəy Səlimov əslən Litva tatarı olan, general-leytenant Məmməd bəy Sulkeviçdən sonra Azərbaycan Milli Ordusunda Baş Qərargah Akademiyasını bitirmiş ikinci general idi. Bir müddət sonra Həbib bəy Səlimov Azərbaycan ordusunun Baş Qərargahının rəisi kimi yüksək vəzifəni icra etmiş, Azərbaycanın Qarabağa erməni separatçılarına və Ermənistandan gəlmiş quldur dəstələrinə qarşı döyüşməyə göndərdiyi ordunun komandanı olmuşdur.
1919-cu ilin iyul ayında briqada generalı Həbib bəy Səlimovun rəhbərliyi ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaqdan boyun qaçıran malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilmişdir. Uğurlu hərbi əməliyyatlar nəticəsində qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi dörd topu və altmış pulemyotu Azərbaycan Ordusuna təhvil vermişdir. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddət ərzində vali təyin edilmişdir.
Sovet Rusiyasının Azərbaycan torpaqlarında işğalçılıq planına uyğun olaraq 1920-ci il mart ayının 22-də Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq istəyən daşnaklar Əsgəran keçidini ələ keçirməyə cəhd göstərdilər. Son dərəcə təhlükəli vəziyyətin yarandığını nəzərə alan hökumət artıq hərbi yürüşlərdə kifayət qədər təcrübə toplamış general Həbib bəy Səlimovun komandanlığı altında Yuxarı Qarabağa güclü əsgəri qüvvə göndərdi. Bu qüvvə işğalçı erməni dəstələri ilə 12 gün amansız vuruşmalardan, qanlı döyüşlərdən sonra daşnak ordusunu darmadağın etdi və erməni generalı Dəli Qazar öldürüldü. Həbib bəyin sərkərdəlik məharəti nəticəsində Azərbaycan əsgəri özünün ən şanlı vuruşlarından birini də zəfərlə başa çatdırmağa nail oldu. Tarixə “Əsgəran müharibəsi” kimi düşmüş bu savaş Vətən yolunda silaha sarılan qorxmaz türk oğlunun qarşısını heç bir qüvvənin almağa qadir olmadığını düşmənlərimizə bir daha sübut etdi. 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Həbib bəy Səlimov Naxçıvanın hərbi komissarı olmuşdur.
Azərbaycanda aprel çevrilişindən sonra bütün Zaqafqaziyanı ələ keçirməyə çalışan sovet Rusiyası bu məqsədlə həm diplomatik vasitələrdən istifadə edir, həm də guya ermənilərlə azərbaycanlılar arasında millətlərarası toqquşmalara yol verməmək adı altında hərbi əməliyyatlar üçün yeni planlar işləyib hazırlayırdı. Rusiya rəhbərliyinin tövsiyələrinə əməl edən 11-ci ordunun komandanı Levandovski bunu bəhanə gətirərək “Azərbaycanın Gürcüstan və Ermənistanla sərhədlərinin mühafizəsi haqqında” 1920-ci il may ayının 18-də 58 saylı əmr verir. Əmrin 4-cü bəndinə əsasən 11-ci ordunun 32-ci diviziyasının rəisi Şteygerə Naxçıvan-Cülfa-Ordubadı ələ keçirmək üçün həmin məntəqələr mayın 25-də güclü dəstələr göndərmək tapşırığı verildi. Lakin sovet hakimiyyəti əleyhinə Gəncə, Qarabağ üsyanları ilə əlaqədar bu dəstələrin göndərilməsi işi bir qədər ləngidi. Naxçıvanda isə həmin dövrdə vəziyyət həddən artıq ziddiyətli idi. Müstəqil Azərbaycan tərəfdarları ilə 11-ci ordunun yaxınlaşdığını duyduqca fəallaşan bolşevikpərəst qüvvələr arasında qarşıdurma günbəgün artırdı. Yerli bolşeviklər və AKP (b) MK Azərbaycan İnqilab Komitəsinin Naxçıvana göndərdikləri kommunistlər qrupu əhali arasında sovetləşmə təbliğatı aparırdılar. Ancaq hələ ki, bölgədə vəziyyətə Naxçıvan Milli Komitəsi nəzarət edirdi və Türkiyə əsgərlərinin kiçik bir dəstəsi ilə Xəlil bəy də burada idi. Ermənilərin bölgə üçün ciddi təhlükə yaratdığını görən Türkiyə Bəyazid diviziyası iyunun sonunda 9 min nəfərlik qoşunla Naxçıvan-Cülfa-Ordubad istiqamətində hərəkətə başladı və artıq iyulun 2-də 3 min nəfər Naxçıvan-Şahtaxtı rayonuna daxil oldu. Ancaq Şahtaxtı stansiyasından Naxçıvan dəstəsinə komandanlıq edən Kəlbalı xanın 14 və 16 iyul 1920-ci ildə general Həbib bəy Səlimova göndərdiyi məlumatlardan aydın olur ki, türklərin gəlişi də vəziyyəti o qədər düzəltməmiş, yerli əhalidən təşkil edilmiş hərbi dəstələrdə nizamsızlığı sonadək aradan qaldırmaq mümkün olmamışdı. Məhz bu vəziyyətdən istifadə edən və özünün hərbi hazırlıq işlərini müəyyən qədər başa çatdıran 11-ci ordu hissələri isə iyulun 28-də Gorus, Şahbuz və Cəhridən keçərək Naxçıvana daxil oldu. Naxçıvan inqilab komitəsi yaradıldı. Bu vaxt Həbib bəy İranda idi. O, 1920-ci il iyulun 19-da Naxçıvan şəhər general-qubernatoru tərəfindən 14 günlüyə Təbriz şəhərinə ticarət məsələləri ilə məşğul olmaq üçün göndərilmişdir.
Vətən qarşısında bu qədər xidmətləri olmağına baxmayaraq General Səlimov bolşeviklərin nəzərində quldur dəstəsinin başçısı idi və onun barəsində Fövqəladə Komissiyasının (ÇK) əməkdaşı Qubinin raportunda aşağıdakılar göstərmişdi: “Səlimovun təşkilatı barədə tərəfimdən yığılan arayışlar nəticəsində aşağıdakılar aydın olmuşdur. General rus hərbi xidmətinin Baş Qərargahının sürətləndirilmiş buraxılışının keçmiş podpolkovnikidir. Azərbaycan hökumətində general olmuşdur. Hazırda ingilislər tərəfindən yardım edilən dəstə yaratmışdır. Dəstənin fəaliyyət sahəsi Araz çayıdır. Dəstə ağqvardiyaçı quldur dəstələrin tör-töküntülərindən və şahsevənlərdən ibarətdir. Komanda heyəti ağqvardiyaçı zabitlər, ruslar, gürcülər və ermənilərdən ibarətdir. Dəstənin təşkilatlanması aparılmışdır: ermənilərin və Gürcüstanın hücuma keçəcəyi halda onlar Bakı-Tiflis dəmir yolunu kəsəcəklər. Təşkilat işlərində Ənvər Paşanın hələlik heç bir iştirakı və ümumi işbirliyi yoxdur. General Səlimov müsavat hökuməti dövründə Xəlil Paşa ilə (türk xadimi) münaqişəyə görə müsəlmanlar arasında məşhur deyil.”
Qubin guya Səlimovun ifadəsi əsasında belə nəticə çıxarmışdı: “Azərbaycanda iki üsyançı təşkilat fəaliyyət göstərir, biri Tiflisdə, digəri Bakıda. Onların məqsədi birgə üsyan qalıdrmaqdır. Vəsaitin bir hissəsi Bakıdakı kapitalistlər tərəfindən, bir hissəsi Vrangelin Tiflis və Batumdakı nümayəndəsi tərəfindən buraxılır. Silahı qaçaqmal yolu ilə Batumdan və Gürcüstandan general Səlimov gətirir və o, Tiflis təşkilatı ilə əlaqələrə malik olmaqla Bakı quberniyasında, Cavad qəzasında İran quldurlarına və Muğan sakinlərinə arxalanaraq, Bakıda bir neçə agenti olmaqla, burjuaziyanın və digər şübhəli elementlərin şəxsində iş aparır”.
Beləliklə, Həbib bəyin həbsi üçün ilkin materiallar toplanmışdı və artıq çıxarılması nəzərdə tutulan qərarın qarşısını almaq mümkün deyildi.
Həbib bəy Səlimov barəsində açılan cinayət işi protokolundan: “Səlimov Həbib Yusif oğlu, 39 yaş, 1881-ci il fevralın 8-də Naxçıvan şəhərində anadan olub…Bitərəfdir… Mülki təhsilini müəllimlər seminariyasında, hərbi təhsilini Baş Qərargahın məktəbində alıb… 1914-cü ilə qədər Kozlovski alayında podpolkovnik rütbəsinədək xidmət edib… Fevral burjua inqilabına qədər cəbhədə diviziyada adyutant olub… Oktyabr inqilabına qədər Petroqradda Baş Qərargahın Nikaleyvsk Akademiyasında oxuyub (7 mart 1918-ci ilə qədər) sonra onu birinci dünya müharibəsi cəbhələrinə göndəriblər… Almaniya-Türkiyə qüvvələrinə qarşı döyüşmək üçün Türkiyə cəbhəsindəki qüvvələrin tərkibində olub. Əvvəllər mühakimə edilməyib…”.
Həbib bəy yuxarıda göstərilən səbəblərdən dolayı bolşeviklərlə işləməkdən imtina etdiyi üçün 1920-ci ilin 1 sentyabrında həbs edilir və elə həmin ilin dekabr ayının 30-da saat 10:30-də bolşeviklər tərəfindən güllələnilir. Amansız repressiya caynağından, təəssüf ki, Həbib bəy də xilas ola bilmir… 39 il – qısa bir ömür sürməsinə baxmayaraq Səlimovun Azərbaycan dövləti qarşısında böyük xidmətləri olmuş, Azərbaycan torpaqlarını düşmən tapdağından azad etməkdə, ordunun formalaşmasında misilsiz xidmətlər göstərmişdir.
Amma söhbətin qəhrəmanı tanınmış musiqişünas Firudin Şuşinskidir.
Arada boş vaxtım olanda”ciddi” yazılarımla bərabər, qarmaqarışıq xatirələrimi, habelə müxtəlif qovluq və çantalarda sistemsiz halda toplanıb üst-üstə, yan-yana qalaqlanmış fotolarımı səliqəyə salmağa çalışıram. Bir çox fotoların bilavasitə “iştirakçısı”, bəzilərininsə “seyrçisi” olmuşam. Bir neçə dəfə həmin fotolarla bağlı xatirələrimi yazıb paylaşmış, dərc etdirmişəm.
Budur, həmin “silsilədən” yenə bir nümunə…
Tanıyanlar bilir, Firudin Şuşinski (Şuşalı) xarakteri etibarilə ziddiyyətli bir adam idi. Yorulmaz musiqi tədqiqatçısı və subyektiv baxışlı, şən və qəzəbli, zarafatcıl və ciddi, dostcanlı və dostlardan tez-tez küsən bir adam idi. “Olimp”in yaxınlığındakı “rəssamlar binası”nın həndəvərində yaşayanlar onu yaxşı tanıyırdı. Çox vaxt damağında qəlyan və başında qaragül dərisindən (buxara) papağı olardı. Qamətli, enlikürəkli, sarışın bir kişi idi.
Yaxın-doğma adamlar ona hörmət əlaməti olaraq “Firudin bəy” –deyə müraciət edərdi. Əslində görünüşündə doğrudan da bir “bəyzadəlik” hiss olunardı. Amma aşırı zarafatyana söhbətləri, atmacaları da vardı. Üzeyir bəyin, Seyid Şuşinskinin, Səməd Vurğunun, Mircəfər Bağırovun “gizli sevgiləri” barədə dinləyicilərinin çoxunun maraağına səbəb olan söhbətlər edərdi.
O vaxt (80-lərdə) mən “Azərbaycan gəncləri” qəzetində köşə yazıları ilə çıxış edir (“Şənbədən-şənbəyə”, “Həftənin mozaikası” və s.), Az.Tv-də isə verilişlər (“İlğım”, “İdrak” və s.) aparırdım. Elə Firudin Şuşinski ilə də bu redaksiyalarda rastlaşırdım.
Maraqlı əhvalatlar danışardı. Orasını da deyim ki, danışıqlarında baş verən hadisələri öz üslubuna uyğun dəyişməyi, vəziyyətə uyğun olaraq üstünə qoymağı və üstündən götürməyi vardı. Arada Marksdan, Lenindən və digər klassiklərdən misal çəkməyi də olardı. Soruşanda ki, bunu o məçhur adamlar harada yazıblar, ciddi tərzdə deyərdi: “Bunları yazmayıblar, şifahi deyiblər…”
“Azərbaycan gəncləri” qəzetində daha çox Tofiq Mütəllibov və Şahmar Əkbərzadə ilə zarafatlaşardı.
Bir dəfə Moskvadan gəlmişdi. Məşhur qəlyanı damağında, papağı da başında idi.
Şöbə müdiri, şairTofiq Mütəllibov dedi:
-Firudin, çoxdan idi görünmürdün, haralarda idin? –Sonra bir az susub əlavə etdi- Soyuq yerlərdən gələnə oxşayırsan…
Onsuz da həmişə bir az burnunda danışan Şuşinski öskürı-öskürə dedi:
-Sən yaman çoxbilmişsən Tofiq, haradan bildin ki, Moskvada, soyuq yerdə idim?
Hazırcavab şair tez dilləndi:
-Öskürməyindən bilinir ki…
Hamı güldü.
Firudin bəylə çox vaxt musiqiçilərlə bağlı “radikal” yazılarına görə mübahisə edən şair-publisist Şahmar Əkbərzadə söhbətə bir az “ciddi axar” vermək məqsədilə soruşdu:
-Firudin, oralarda kimi gördün?
-Harada?-deyə, Şuşinski dilləndi.
-Moskvada… Necə yəni harada?
Şuşinski əlindəki çubuqla qəlyanını eşə-eşə dedi:
-Moskvada bolluqdur, ucuzluqdur.
Kimsə soruşdu:
-Məsələn, nə? Nə ucuzdur?
Tədqiqatçı qəyanının çubuğunu kənara qoyub bığını sıqallaya-sığallaya dedi:
-Məsələn, dondurma çox ucuzdur… Bir də, zad… zad…
Şahmar gülüb dedi:
-Nə zad-zad salmısan? Yoxsa arxiv bəhanəsi ilə yenə Jukovun qızının yanına getmişdin?
Şuşinski bığaltı gülüb dedi:
-Sənin də bilmədiyin şey yoxdur.
Mənim dilim dinc durmadı, soruşdum:
-Jukovun hansı qızını deyirsiz?
Firudin Şuşinski bir az duruxub dedi:
-Kimə nə dəxli var bunun? Şahmar, sən də söz tapmadın də danışmağa…
Mən haradasa oxumuşdum ki, məşhur sərkərdənin üç qızı var. Onlardan birini –Moskvadakı Hüquq institutunda çalışan Era Qriqoryevna Jukovanı isə o vaxtlar çalışdığım Fəlsəfə və Hüquq İnstitutunun bəzi əməkdaşları şəxsən tanıyırdılar və işgüzar-istedadlı bir xanım olduğunu, marşal Vasilevskinin oğluna ərə getdiyini deyirdilər. Marşalın digər qızları isə deyəsən jurnalist, publisist idi…
Bir az ordan-burdan danışandan sonra Firudin bəy üzünü Şahmara tutub dedi:
-A dəli Çəmənli, sabah bu cavan oğlanı-Firuzu, bir də Tofiqi götürüb gələrsən bizə… Axşamdan yaxşı piti qoyacam.
Dəqiqliyi sevən Tofiq Mütəllibov tez dilləndi:
-Mən sabah Təhsinlə görüşməliyəm, gələ bilməyəcəm… Təklifinə görə sağ ol, Firudin…
Mən də kitabxanaya gedəcəyimi bildirdim.
Şahmar mənə göz vurub dedi:
-Sən heç bilirsən bu köhnə kişinin necə zəngin arxivi, kitabxanası var?.. –Sonra köhnə dostuna sarı dönüb onu arxayın saldı:- Yaxşı, Firudin sabah günorta mən Firuzla sizdə…
Sabahısı gün Şahmarla vədələşdiyimiz yerdə görüşüb “köhnə kişinin” mənzilinə getdik. Məşhur “rəssamlar evində” yerləşən mənzil bir növü yarızirzəmi idi. Otaqlar çox səliqəli idi. Divarlar məşhur adamların portreti ilə bəzənmişdi. Mizin üstündə qədim potefon, müxtəlif ölçülü vallar, cürbəcür musiqi alətləri vardı.
Amma piti hələ hazır deyildi. Əvəzində ev sahibi bizi çiçəklərdən dəmlədiyi ətirli çaya qonaq etdi…
Söhbətarası Şahmar mənə astadan dedi ki, bu evi Firudina vaxtilə dostu, Bakı meri Əliş Ləmbəranski verib… Özü də çoxlarının subay hesab etdiyi “köhnə kişi” polyak bir qadınla evlidir, Məhəmməd adlı istəkli bir oğlu da var.
Biz xudahafizləşib ayrılmaq istəyəndə Firudin Şuşinski qovluqların içindən bir şəkil çıxarıb dedi:
-Bu yaxınlarda sizə bir yazı gətirəcəm, orada bu şəkli verərsiniz.
Doğrusu, bilmirəm yazı nə zaman dərc olundu, amma şəkil indiyəcən qalmaqdadır. Fotonun arxasında yazılıb: “Şövkət Ələkbərova, Firudin Şuşinski, türk müğənnisi Zəlihə”.
Zəlihə kimdir? Zənnimcə bu, Müzeyyen Senar ola bilər. Həmin gözəl xanımı musiqi xiridarları daha yaxşı tanıya bilər.
Aləm Qulu oğlu Əkbərov 6 aprel 1957-ci ildə Naxçıvan MR, Kəngərli rayonu, Qarabağlar kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
EHSAN
Payızın üz qarsıyan sazaqlı günləri arxada qalmaqda idi. Saat təqribən beş olardı. Bir azdan dan yeri qızaracaq, kənd-kəsək gözünü ovuşdura-ovuşdura yuxudan ayılacaqdı…
Göyüş kişi Alabaşın gur səsinə yuxudan oyandı. Gecələri yuvasında rahat yatıb səsini çıxarmayan, heç nəyə məhəl qoymayan itin birdən-birə belə hay-küy salması Göyüş kişini çox təəccübləndirdi. Yaşlanıb heydən düşmüş, ömrünü bu həyətin keşiyini çəkməklə başa vurmağa hazırlaşan Alabaş gündə üç dəfə yalını yeyib yatar, cınqırını belə çıxarmazdı.
Kənddə kimə desəydin ki, Alabaş Saymazın balasıdır, heç kim inanmazdı. Çünki Saymaz sağlığında elə bir ad çıxarmışdı ki, indi də xatirələrdə yaşayırdı. Hələm-hələm itlər onun qabağına çıxa bilməzdi. Çıxsa da zəngiltiləri kəndi bürüyərdi. Dəfələrlə olmuşdu ki, qonşu kəndlərdən gəlib mərc ilə it boğuşduranları da Saymaz həmişə kor-peşman yola salmışdı. Çox vaxt kəndin qoyun sürüsünü təkbaşına qorumuşdu, qurda-quşa yem eləməmişdi. Odur ki, Göyüş kişi zirəklik edib hələ Alabaş anasının qarnında olanda onu behləmiş, çoban Bayram da kişi kimi söz vermişdi ki, Saymazın bir balası səninkidir. Elə də olmuşdu. Saymaz balalayanda hər gün göz-qulaqda olan Göyüş kişi özünü hamıdan qabaq yetirmiş və küçüyün birini götürüb aradan çıxmışdı. Alabaş böyüməyinə böyümüşdü, amma Saymaza cəkməmişdi… Alabaşa pis baxılmamış, ağzı yeməyə çatana kimi qoyun südü ilə bəslənmişdi. Anasından fərqli olaraq o, çöldə-bayırda böyüməmişdi, həyətdən qırağa çıxmamış, canavarlarla üz-üzə gəlməmişdi. Bir tikə çörəyə qane olaraq zəncirli taleyi ilə barışmışdı. Qarşısına hansısa bir it çıxsa, yəqin ki, quyruq bulayar, yaltaqlanar, boğuşmaqdan imtina edərdi.
Əkin-biçinə ziyan vurmasın deyə, Göyüş kişi Alabaşı ilin üç fəsli zəncirdə saxlayar, yalnız qış gecələri açıb buraxardı. Alabaş hər il havaların soyumasını və həyət azadlığını böyük səbirsizliklə gözləyərdi. Göyüş kişi hər dəfə zənciri açmaq üçün ona yaxınlaşanda it sevincindən qabaq ayaqlarını yerə döyər, quyruq bulayar, tullanıb-düşərdi. Alabaşın şıltaq hərəkətlərinə tamaşa edəndə istər-istəməz adamın könlü açılardı.
Həyətə kənar şəxs gələndə yalandan iki ağız “hav” eləyib səsini kəsən itin indi susmaması Göyüş kişini çaşdırdı. Fikirləşdi ki, yəqin həyətə tülkü girib. Çünki, Alabaşın qeyrətə gəlib, birdən-birə belə “tufan” qoparması görünməmiş hal idi.
Göyüş kişi hər gün səhər tezdən durub tövləyə baş çəkər, arvadı çay hazırlığı görənə qədər həyətdəki xırda-para işləri görərdi. Alabaşın dayanmadan hürməsi onu bu gün yataqdan tez qaldırdı. Köhnə pencəyini çiyninə atıb tuman-köynəkdə həyətə çıxdı. Hasar qapısının arxasından Mais kişinin oğlu Dilavərin səsi gəlirdi:
-Qonşu! Ay qonşu!
Dilavər üz-gözündən zəhrimar yağan, adamlıqdan kənar, işi-gücü olmayan, avaranın biri idi. Üstəlik, fırıldaqçı və dələduz kimi də ad çıxarmışdı. Bu adam yağlı vədlərlə təkcə uşaqları deyil, hətta böyükləri belə aldadıb, pullarını ələ keçirərdi. O gün olmazdı ki, qapılarına şikayətə gəlməsinlər. Bir-iki dəfə kənd cavanları onu möhkəmcə əzişdirsələr də xeyri olmamışdı. Adam olmaq istəmirdi ki, istəmirdi. Kənddə heç kim onunla münasibət qurmazdı. Elə Göyüş kişinin də iti-qurdu görməyə gözü var idi, Dilavəri yox. Odur ki, onunla üz-üzə gələndə ya yolunu dəyişər, ya da ki, özünü görməməzliyə vuraraq salam-kalamsız yanından ötüb keçərdi.
Dilavər istər sifət quruluşuna, istərsə də xasiyyətinə görə atası ilə birə-bir eyni idi. Mais kişi 27 yaşda nə idisə, Dilavər də indi o idi. Elə bil o getmişdi, yerində bu bitmişdi. Mais kişinin kənd adamları arasında hörmət sahibi olmaması, daima ara qarışdırması, çuğulluq etməsi, ev yıxmağa meyilli olması bütünlüklə oğul balasına keçmişdi.
Görünür, Alabaş da Dilavərin yaramaz adam olduğunu hiss etdiyindən, dayanmadan hürürdü. Göyüş kişinin düşməni həyətə gəlsəydi, bəlkə də səsini çıxarmazdı. Ancaq indi dişlərini qırcıyıb Dilavərə tərəf elə dartınırdı ki, deyirdin bəs ya zəncir qırılacaq, ya da zəncir bağlanan mıx yerindən çıxacaq. Qonşular belə, bu mənzərəni görsəydi, heyrətlənər, gözlərinə inanmazdılar.
Göyüş kişi itə acıqlanaraq, onu susudurdu. Sonra yaxınlaşıb, yavaşca qapını açdı. Bir söz demədən Dilavərin gözlərinə baxaraq, belə erkən nə üçün gəldiyinə cavab gözlədi. Dilavər titrək səslə dedi:
-Göyüş əmi, atam öldü.
Göyüş kişi duruxsa da, cavabı çox yubatmadı:
-Yaxşı, get, gəlirəm.
Dilavər gedən kimi it yuvasına girdi. Kişi evə girib arvadını yavaşca dümsüklədi:
-Dur, Xalidə. Bəsdir yatdın.
Arvadı özünə gəlib, soruşdu:
-A kişi, nə tez durmusan? Olmaya yuxunu qatışdırmısan?
-Yox, Alabaş oyatdı. Mais rəhmətə gedib, – deyə kişi cavab verdi.
-Pah, böyük şey olub. Ölüb ölüb da. Sənə nə? Onlar ki, xeyrə-şərə yarayan adam deyillər. Yadındamı, şəhid Azərin qəbrini qazmağa çağırdılar, iki kişidən biri gəlmədi?
Göyüş kişi haqlı sözə hökmlə cavab verdi:
-Yaxşı, yaxşı! Az danış. Hamı eyni cür ola bilməz ki. Hərənin öz adı var.
-Onda heç olmasa bir stəkan çay iç, get, – arvadı canıyananlıq etdi.
-Yox, yox. Çay qaçmır ki. Yubanmayım, ayıbdır. Camaat adama nə deyər? Sən heyvanları çölə ötürüb, toyuqların dənini verərəsən. Mən külüngü götürüm, gedim.
Göyüş kişi qonşunun həyətinə girəndə ağlaşma səsi eşitmədi. Sonra külüngü bayıra qoyub evə daxil oldu. Mais kişinin cəsədi dəmir çarpayının üstündə idi. Qızı atasının böyründə oturub sakitcə göz yaşı tökürdü. Dilavər və anası Gülzar arvad isə yerdən əyləşib mızıldansalar da, yanaqları qupquru idi.
Əslində Mais kişi uzun müddət yataq xəstəsi olduğundan, evdəkiləri bezdirmiş, canlarını boğazına yığmışdı. Mais kişi ölümü ilə özünü işgəncə və ağrılardan qurtarmaqla bərabər, şirin yuxuya həsrət qalan ailə üzvlərinin canına da bir rahatlıq gətirəcəkdi. Görünür, elə ona görə də evdəkilər hay-həşir salmaqda həvəsli görünmürdülər. Gəlin isə ümumiyyətlə ağlamır, yüyürərək yan-yörəyə əl gəzdirir, evdə səliqə-sahman yaradırdı. Sağlığında qayınatasının qulluğunda dursa da, altına qab aparmağı Dilavər ona yasaq eləmişdi.
-Camaata demisiz? – Göyüş kişi Dilavərdən soruşdu.
-Hə. Qohum-qonşuların hamısı bilir, – deyə, Mais kişinin qızı Çiçək cavab verdi.
Çiçək salamlı-kəlamlı, mehriban, gülərüz bir qız idi. Hamı da xətrini çox istəyirdi. Elə bil heç bu evin uşağı deyildi. Ərə getməsə də, istəyəni yetərincə idi. Di gəl ki, el qınağından çəkinərək bir nəfər də bu qapıya elçi göndərməzdi.
Çiçəkdən fərqli olaraq, anası Gülzar arvad tam başqa bir adam idi. O, heç kimlə get-gəl eləməz, kəlmə kəsməz, bütün günü evə qapanıb oturardı. Bilmək olmurdu ki, qaş-qabağının açılmamasına səbəb nədir: əri ilə oğlunun bəd xasiyyəti, yoxsa günü-gündən yaşlanan qızının evdə qalması? Oturub-durduğu bir nəfər yox idi ki, dərdindən xəbər tutsun. Gülzar arvad haqqında hərə öz fərziyyəsini dilə gətirərdi. Əsl həqiqətdə isə həyatdan küskünlüyünün əsas səbəbini özündən və Allahdan başqa heç kim bilmirdi. Bəlkə bilsəydi, bir də indicə dünyasını dəyişən əri bilərdi. O da ki, bildiyini özü ilə goruna aparacaqdı.
Aradan xeyli vaxt keçmişdi. Hava işıqlansa da, qonşulardan, kənd adamlarından qapını açıb içəri girən yox idi. Bayaqdan taxta kətildə oturub gözləyən Göyüş kişi vəziyyəti başa düşüb Dilavərə dedi:
-Gecdir, beli götür, gedək. Mən külüng gətirmişəm.
Birlikdə iki nəfər üz tutdular qəbiristanlığa. Dilavər beli əlində tutsa da, külüng ağır olduğu üçün Göyüş kişi onu çiyninə atmışdı. Dilavər elə şeyləri başa düşən deyildi ki, külüngü kişidən alıb, beli ona versin. Elə bil, onun deyil, Göyüş kişinin atasının qəbrni qazmağa gedirdilər. Əslində bu çətin işdə 75 yaşlı Göyüş kişiyə heç bir rol yaraşmırdı. Necə deyərlər, canı sulu olsa da, yaş öz sözünü deyirdi.
Gəlib qəbirsanlığa çatdılar. Göyüş kişi Dilavərin babasının məzarına işarə edib dedi:
-Allah rəhmət eləsin, bunu da biz qazmışdıq.
Sonra onun böyüründəki boş yeri göstərib:
-Burdan qazacağıq, – dedi.
Torpağın üst qatını bel ilə götürüb kənara atır, bərkə çıxan yerləri külünglə yumşaldırdılar. Bu minvalla bir az qazmışdılar ki, beş-altı adamın əllərində bel onlara tərəf gəldiyini gördülər. Dilavər bilmədi, sevincindən nə etsin. Qarnına sancı dolmuşdu ki, qəbri axşama kimi qazıb qurtara bilməyəcəklər. Sən demə, camaat səhər mal-heyvanı çölə ötürməyə çıxanda xəbər tutub ki, qəbir qazmağa qonşulardan təkcə Göyüş kişi gedib. Sabah ağsaqqalın üzünə baxa bilsinlər deyə, yığışıblar ki, onun köməyinə getsinlər.
Qəbri hazırlayıb, meyidi gətirmək üçün birlikdə geri döndülər. Həyətdə Dilavərin qayınatası, Mais kişinin küsülü olduğu böyük qardaşı və bir də kənd mollası meyidi kəfənləyib, onları gözləyirdi. Qəssab Yaqub həm də aşbazlıq etdiyindən ocaq qalayıb ət dolu qazanı üstünə qoymuşdu ki, ehsan günortaya hazır olsun.
Tabutu çiyinlərinə alıb səssiz-səmirsiz yola düzəldilər. Xəstəlik Mais kişini əridib “çöpə” döndərdiyindən tabut ağır deyildi.
Mərhumu dəfn etdikdən sonra molla dedi ki, ölü sahibləri onları bu ağır məqamda tək qoymadığınıza görə sizə təşəkkür edir. Hər birinizdən zəhmətinizi halal etməyi və günorta ehsan süfrəsinə təşrif buyurmağınızı xahiş edir. Qonşular bir ağızdan “halal xoşu olsun”, dedilər. Sonra isə gəldikləri kimi də dinməz-söyləməz geri qayıtdılar. Üst-başlarını qaydaya salmaq üçün hərə öz evinə getdi.
Günorta ehsan vaxtında hazır olsa da, yeməyə gələn olmadı.
Axşama yaxın Dilavərin arvadı əlində bir qab yeməklə Göyüş kişigilə gəldi. Qabı Xalidə arvada uzadıb dedi:
-Ehsandır. Xahiş edirəm, götürün. Qabı sonra qaytararsınız.
Xalidə arvad tərəddüd içərisində bir söz demədən ehsanı aldı. Sonra fikirli halda qabı tut ağacının gövdəsindəki oyuq yerə qoyub, toyuqlara yem gətirmək üçün təndirəsərə getdi. Geri qayıdan zaman gözlərinə inanmadı. İt dartınaraq ayağı ilə ağacdan yerə saldığı ehsana elə daraşmışdı ki, sanki, uzun müddət ac saxlanılmışdı.
Alabaş indiyə kimi belə dadlı yemək yediyini xatırlamırdı.