İki gün öncə bir qrup Ağdama səfər etmişdi, bu gün də bir qrup gedir. Bir gün biz də həmin Uzundərədən keçib Ağdama həmişəlik gedəcəyik. Tarixlər yatan Uzundərədən…
UZUNDƏRƏ Ağdamda Uzundərə deyilən bir yer var. “Uzundərə” oyun havası da həmin yerin adıyla bağlıdır. İşğal altında olan Uzundərədə ermənilər tez-tez hərbi təlimlər keçirirlər.
Bu nə toydu, Uzundərə- tar-qavalın qırıq-qırıq, çadırların cırıq-cırıq, qəlblər ölü, sınıq-sınıq. Havana tanklar oynayır, toyunda mərmi partlayır, bu nə toydu, Uzundərə? Dərd dolusu mənim dərəm, dərdim mənim, Uzundərəm.
Gəlinlər getməz bu yolu, gül bitirməz sağı-solu, kim qaldırar burda qolu, dərd dolusu mənim dərəm, dərdim mənim, Uzundərəm.
Nələr çəkər başın hələ, bu dərd sığmaz göyə, yerə, oynayırıq sənsiz yenə: bir hava çal, “Uzundərə” çal, kəsik qolum oynasın, yox olan yolum oynasın, boş qalan solum oynasın, qoy durub ölüm oynasın. Ürəksiz oğlun oynasın ağrıları kürəyində, qovruluram ürəyimdə, dərd dolusu mənim dərəm, dərdim mənim, Uzundərəm.
Yolun hara-Şuşayamı, sağın-solun şiş qayamı, yaylağa köçlər daşıyan karvanlar düşdü “hay”amı? Mərmi dolu maşın gedir faytonlar gedən yolları, içində ölüm aparır, toyların fəryad qoparır, dərd dolusu mənim dərəm, dərdim mənim, Uzundərəm.
Ağdam – Uzundərə…
dərd ağlayar beləsinə, sel yeriyər dərəsinə, əlim çatmır bərəsinə, qaralı-ağlı dərəmin, sinəsi dağlı dərəmin, yolları bağlı dərəmin
İlk dəfə 6-cı sinifdə oxuyanda ağdamlı görmüşəm. Qaraşın adamlar idi. Ya günəş yandırmışdı, ya doğrudan da qaraşın doğulmuşdular, bilmirəm. Dayım Eldəniz onları nənəmgilə gətirmişdi. Nənəm Bikəxanım “xoş gəlmisiz” deyib mətbəxə keçdi ki, çay-çörək hazırlasın. Pıçıltı ilə dayımdan soruşdu ki, “bunlar kimdir”. Dayım dedi ki, “maşın ustalarıdır, gətirmişəm müştərilərim çoxalsın”. O iki ağdamlı uzun müddət nənəmgildə qaldılar. Dayım proflaktoriya işlədirdi, özü də usta idi, əlinin qızıl olmasına görə rayonda ad çıxarmışdı. Görünür, gəlirini artırmaq istəyirmiş. Axşamlar yorğun gəlib “Ceyran” sobasının yanında çöküb qalardılar. Baməzə idilər, həm də çılğın danışırdılar. “Peredok” belə getdi, “filtr” elə gəldi, bir sözlə, danışdıqları maşından idi. Onlar gələndən dayımın gəliri artdı, pullarını da qəşəng verirdi ki, narazı qalmasınlar. Altı aydan sonra getdilər. Ya evdən çağırımışdılar, ya da gedib orda öz proflaktoriyalarını açacaqdılar. Getməzdən əvvəl verdiyim suala hələ də gülürəm. Soruşmuşdum ki, “sizdə bütün evlərin damı ağ rəngdə olur?” Cavab belə olmuşdu ki, “o adamların damı ağdır ki, ağ gündə yaşayırlar”. Hardan biləydilər ki, üstündən neçə il keçəndən sonra ağ həyatları qara rəngə boyanacaq. Bunu deyən uzunsov sifətli, ovurdları batmış ağdamlı idi. Sonra televizordan Qədir Rüstəmovu gördüm. Onun da ovurdları batmışdı. Və alt şüuruma belə fikir hakim kəsildi ki, bütün ağdamlıların ovurdları batıq olur. Universitetdəki Şən və Haızrcavablar Klubunda konsertlər verəndə orda bir ağdamlımız vardı, ya təsadüfən, ya nədənsə, onun da ovurdları batırdı, sifəti uzunsov idi. Bu yaşımacan harda elə sifət quruluşlu adam görürəmsə, düşünürəm ki, yüz faiz ağdamlıdır. İkinci Ağdam barədə təəssüratım 1987-ci ildə yaranmışdı. Atam təsərrüfatlararası tikinti idarəsində baş mühəndis idi. Hansısa inşaat məsələsinə görə Ağdama yola düşdü, məni də apardı ki, “gedək, Ağdamı da görərsən”. Orda çay evində çay içdik. Yuxarıdan şəhəri seyr edirdim, atamla ağdamlı həmkarı tikintidən danışırdılar. O çay evində elə pürrəngi çay dəmləyərdilər ki… Neçə çaydan içdik, mixəkli, kəklikotulu, bir də sarı çiçəkli. O çaydan yalnız 20 il sonra Tovuzdakı dəmiryol idarəsinin yanındakı çayxanada içdim, amma Ağdamdakının yerini vermədi. Mən ağdamlı deyiləm. Dişləmədən yaranan qaşıntıdan bir həftə özünə gəlmədiyin iri-iri ağcaqanadlar olan, ayaqqabındakı sarı palçığı ən sürətli axan çayın da yuyub aparmadığı Sabirabaddanam. Ağdam barədə ağdamlıdan bir çıqqan da gözəl yaza bilmərəm. Həm də ixtisasım telejurnalistika olduğundan qısa danışığa üstünlük verənin biriyəm. Yaxşı ki, neçə saatlıq yolda Vüsalə Mahirqızı, Elman Babayev və Elnur Məmmədli ilə yaxında əyləşmişdim. Ağdama qədər söhbət etdik. Ağdama çatanda daha söhbət edə bilmədik. Çünki fikrimiz şəhərin xarabaqlıqlarında qaldı. “Qaldı” desəm düz olmaz, gözümüz axdı o xarabalıqlara. Və ucsuz-bucaqsız xarabalıqlara baxdıqca dövlətimə ürəyim yandı ki, quruculuq işini hardan başlayıb harda qurtaracaq? Adam düşünürdü ki, bəlkə bu dağıntıların bir sonu olar, amma qurtarmaq bilmirdi. Gözüm azacıq doldu. Erməni azərbaycanlının mənəviyyatı, mənliyi ilə oynamışdı. Dünyanın ən güclü texnologiyası insan gözünün gördüyünü əks etdirə bilməz. Hər adam öz gözləri ilə görməlidir o xarabalıqları, bunu yaxından duymalıdır. Evlərin şiferlərini söküb aparıblar. Baxıblar ki, ev çay daşından tikilib, ona dəyməmişdilər, ancaq qəşəng mişar daşından olan evləri bünövrəsinə qədər say-seçmə edib daşımışdılar. Ağdamın digər rayonlardan fərqi həm də burdakı evlərin 2-3 mərtəbədən tikilməsi olub. İnşaat işlərində müasirliyə can atıblar. Yerli qoca danışırdı ki, burda bəzi imarətlərdə lift də quraşdırılıbmış. Təsəvvürə gətirmək çətindir ki, bütün bunlar sovet rejiminin qadağası içində baş verib. Yol kənarında “Zaparojets”, “Jiquli” maşınlarının ancaq karkasını görmək olardı, içini tamamilə söküb aparmışdı ermənilər. Nar ağacları isə üstündəki çürümüş barla yetim qalmışdı. Ermənilər hər il burdan yeşiklərlə nar aparıblar. 44 günlük müharibə nar mövsümünə düşdüyündən, bu dəfə narları apara bilməmişdilər. Allahverdi Bağırovun qəbrini ziyarət edəndən sonra beş-altısını yığdım, ikisinin dadına baxdım. Çox yeri çürümüşdü, salamat yerindən daddım, yurdun narı da dadlı idi. Belə narı olan rayona qıymaq vallah olmazdı, billah olmazdı. Elə o narlardan avtobus tərəfə gələnlərə verdim ki, dadsınlar. Bəzən vətən torpağının dadını onun meyvəsində taparsan. Cümə məscidinə gedən yolda qızıl dükanı, üzümçülər binasının xarabağlığının qarşısından keçəndə nəzərimi paslı avtomat telefon cəlb etdi. Neçə-neçə ağdamlı oğlan qızlara zəng edib, qəpik qurtaranda yoldan keçəndən istəyiblər ki, qəpiyiniz olmaz ki? Həmin xoşbəxt gənclərin həyatına barıt qoxusu yayıldı. O oğlanlardan neçəsi şəhid oldu, qızlar didərgin düşdü, saçları vaxtsız ağardı. Qəpiklərin qurtarmasından kəsilən telefon danışıqları həyatlarını da beləcə yarımçıq kəsmişdi. Ağdamlı qoca dedi ki, “o vaxtlar respublikada hər qızıl dükanının qarşısında belə avtomat telefon quraşdırardılar. Kimsə oğurluq qızıl gətirəndə satıcılar tez çıxıb milisə xəbər versinlər. Amma axşamlar qızıl dükanı bağlanardı, gedib istədiklərimizlə danışardıq. Bir də növbəti günün qürub çağını gözləyərdik ki, qaçaq avtomat telefona”. O qocanın gözləri dolmadı. Yəqin dolmağa başqa pis xatirələri çox idi. Pis xatirə təkcə qocanın gözlərinə yox, Cümə məscidinin divarına da hopmuşdu. Bu divar Xocalıdan gətirilən meyidləri görmüşdü, ağlayan doğmaların harayını çəkmişdi içinə. Yaşamışdı azdır, divarlarına hopmuşdu. İndi qələbədən sonra az qala divarında gizli güllər açmışdı sevindiyindən. Təkcə adamlar sevinmir ki… Ağdamdan çıxanda bir ovuc torpaq götürüb selafona bükdüm. enli gödəkçəmin cibinə qoydum. Anama dedim ki, “Gəncəyə getməmişdim, Ağdamdan gəlirəm”. Əvvəldən deməmişdim ki, minadan partlayacağım üşəntisini yaşamasın. Torpağı çıxardım. Anam torpağa baxıb dedi ki, “nə qara torpaqdır, elə et ki, soxulcanları evə düşməsin”. Diqqətlə baxdıq, soxulcan yox idi. Anam dedi: -Deyəsən ermənilər torpağın soxulcanını da çıxarıb aparıblar. Fikrə getdim.
Osloda həftəsonu məktəbinin şagirdləri Zahid Xəlil və Gülzar İbrahimova ilə görüşüb
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbində «Ana dilimizi qoruyaq!» və “Vətən bizi çağırır!” rublikasında növbəti Zoom videogörüşü keçirilib. Budəfəki görüşünün mövzusu “Nizami Gəncəvi yaradıcılığının uşaqlar üçün tərbiyəvi əhəmiyyəti” olub.
Videogörüşün qonaqları professor, filologiya elmləri doktoru, uşaq yazıçısı Zahid Xəlil, “ Sehrli dünya” jurnalının baş redaktoru, uşaqların sevimlisi Gülzar İbrahimova və ibtidai sinif müəlliməsi İnarə Cəfərova olub. Zahid Xəlil və Gülzar İbrahimova yaradıcılıqlarından söhbət açaraq, dəyərli ədəbi nümunələrini uşaqlarla bölüşüblər.
Eyni zamanda, görkəmli yazıçımız Zahid Xəlil videogörüş iştirakçılarına Azərbaycanda keçirilən “Nizami ili” haqqında ətraflı məlumat verib, dahi sənətkarın yaradıcılığının uşaqlar üçün əhəmiyyətindən danışıb və ədəbi irsindən nümunələr səsləndirib.
Tələbələri ilə dost olduğunu deyən Z.Xəlil uşaqlarla bərabərhüquqlu davranışlara sahib olmağın vacibliyini vurğulayıb. Kitabda olan bilikləri heç nə əvəz edə bilməz deyən professor valideynləri uşaqlara maraqlı kitablar almağa və onların kitablarla mütəmadi təmasda olmağının vacib olduğunu bildirib
Uşaqları sehrli məxluq adlandıran, hər bir yazdığı nağılda uşaqlar üçün maraqlı bir dünya yaradan istedadlı yazıçımız Gülzar Ibrahimova vətəndən uzaqda dilimizi uşaqlarımıza öyrətməyin vacib olduğunu bildirib: “Azərbaycandan çox-çox uzaqlarda – Oslada dilimizi qorumaq və yaşatmaq üçün yaradılmış məktəbin işini alqışlayıram və ümid edirəm ki, uzunömürlü olacaqdır.” “Xarıbülbül” rəsmini çəkən Səlim Abbaszadənin kiçik əsərinin, Sabina Luisa Hidayatinin pianoda ifa etdiyi musiqinin böyük vətənpərvərlik hissindən xəbər verdiyini deyən, G.İbrahimova bu cür görüşlərin keçirilməsinin uşaqlar üçün önəmli olduğunu söyləyib.
Görüşümüzdə iştirak edən ibtidai sinif müəlliməsi İnarə Cəfərova Ana dilini öyrənməyin uşaqlar üçün vacib olduğunu vurğulayıb və öz təcrübəsini şagirdlərlə bölüşüb.
Uşaqlarımız və valideynlərimizin Z.Xəlil və G.İbrahimova ilə maraqlı ədəbi dialoqu olub , onların sevdikləri nağıl,tapmaca və şeirlər yazıçılar tərəfindən səsləndirilib.
Z.Xəlil və G.İbrahimova ilə maraqlı ədəbi dialoq
Yazıçılar şagirdlərin suallarını cavablandırıb və onların ifasında musiqi,şeir,mahnı dinləyib və çəkdikləri rəsmlər ilə tanış olublar.
Görüşdə fəallıq göstərən şagirdlər “Sehrli Dünya”jurnalının diplomları ilə təltif olunub.
Xanım Emfira Ərkli naşiri və redaktoru Müşfiq Borçalının olduğu “Dünyam mənim” adlı şeirlər kitabının işıq üzü görməsi münasibəti ilə “Ziyadar” Mükafatı (DİPLOM – EMFİRA ƏRKLİ N: 064 18.03.2021. – XAÇMAZ.) ilə təltif olunmuşdur. Laureatı təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Emfira xanım!!!
Salam olsun! Siz bu yazını oxuduğunuz zaman indiyə qədər çap olunmuş “Yazarlar” jurnalının istənilən nömrəsini sifariş etməklə əldə edə bilərsiniz. Əlaqə vasitələri:
MÜBARİZ (Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunur) Əlində ucalan qeyrət bayrağı, Çəkdi düşmənlərə dağ üstə dağı. Adınla öyündü vətən torpağı, Böyük hünərinə alqış, Mübariz ! * * * Qılınca döndərdin dəyanətini, Qırdın ümidsizlik əsarətini, Göstərdin cahana cəsarətini, Böyük hünərinə alqış, Mübariz ! * * * Keçdin yurd uğrunda öz həyatından , Şəhidlər vətənin çıxmaz yadından Zəfər ətri gəldi sənin adından, Böyük hünərinə alqış , Mübariz!
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * * Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu) — azərbaycanlı şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həyatı,
Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra «Azərbaycan» jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.
Yaradıcılığı,
Əli Kərimin ömrü,öz şair sözü kimi,poeziyada atributa çevrildi. Bu gün onun üslubunu,deyim tərzini,söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində çıxmış «Təzə müəllim» şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında «İlk simfoniya» poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan «İki sevgili» kitabı olmuşdur.
«İki sevgi» (1960), «Həmişə səfərdə» (1963), «Qızıl qanad» (1965), «Qaytar ana borcunu» (1970), «Uşaqlar və ulduzlar» (1971) «Səfərdən sonra» (1972), «Pillələr» (1978), «Gül və çörək» (1978), «Seçilmiş əçərləri» (I cild, 1974, II cild 1975), «Qayıt» (1983), «Pillələr» (1987), Seçilmiş əsərləri» (2 cilddə, 1991), «Mavi nəğmənin sahilində» (1991), «Neyləyim, şeirlə dərd söyləyirəm, (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin «Dinmə, ey kədər» (1986), Elza Kərimin «Nə xoşbəxt imişəm», Altay Məmmədovun «Tanıdığım Əli Kərim» xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin «Azərbaycan poeziyasında Əli Kərim mərhələsi» (2005), «Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış» (2010), Sona Xəyalın «Əli Kərim» (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkimək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür. Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: «Ə.Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: «Babəkin qolları»nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; «Heykəl və heykəlin qardaşı» poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. «Gül və çörək», «Sevirəm», «Bomba üstündə ev», «Çiçəklər iclasda» kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir.
Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı «Bir santimetr haqqında ballada» poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: «İlk simfoniya» poemasını oxuyarkn əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir. «Heykəl və heykəlin qardaşı» poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir…»
,Şeirlərinə yazılmış mahnılar,
· Aybəniz Haşımova, Nə gəlməz oldun, musiqi: Oqtay Kazımi
· Flora Kərimova, Nə gəlməz oldun, musiqi: Oqtay Kazımi
· Səbinə Ərəbli, Yar gəldi, musiqi: Adil Gəray
· Yaqub Zurufçu, Yar gəldi, musiqi: Adil Gəray
· Vaqif Şıxəliyev, Azərbaycanım mənim, musiqi: Hacı Zirəddin Tağıyev
Haqqında yazılmış kitablar,
· Feyzi Mustafayev – “Dinmə, ey kədər”
· Cavanşir Yusifli – “Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış”
· Cavanşir Yusifli – “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”
· Altay Məmmədov – “Tanıdığım Əli Kərim”
· Sona Xəyal – “Əli Kərim”
· Elza Kərimova – “Nə xoşbəxt imişəm”
Əsərləri,
Əli Kərimin Təbrizdə nəşr olunan Qaytar Ana Borcunu kitabı
1. İki sevgili. Bakı: Azərnəşr, 1960, 60 səh.
2. Həmişə səfərdə. Bakı: Azərnəşr, 1963, 63 səh.
3. Qızıl qanad. Bakı: Azərnəşr, 1965, 132 səh.
4. Qaytar ana borcunu. Bakı: Gənclik, 1970, 223 səh.
5. Uşaqlar və ulduzlar. Bakı: Gənclik, 1971, 71 səh.
6. Səfərdən sonra. Bakı: Azərnəşr, 1972, 192 səh.
7. Tənbəl ayı balası. Bakı: Uşaqgəncnəşr, 1973, 15 səh.
8. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1974, 407 səh.
9. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1975, 185 səh.