
“YAZARLAR” JURNALININ YANVAR – 2026 № 01 (61)-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB PDF: Yazarlar-61
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

“YAZARLAR” JURNALININ YANVAR – 2026 № 01 (61)-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB PDF: Yazarlar-61
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

I ÜMUMİTTİFAQ TÜRKOLOJİ QURULTAYIN 100 İLLİK YUBİLEYİNƏ DƏYƏRLİ TÖHFƏ
2026- cı ilin fevral ayında I Ümumittifaq Türkoloji Qurultayın 100 illik yubileyi bütüm türkdilli dövlətlər çərçivəsində keçirilməkdədir. I Türkoloji Qurultatyın 100 illik yubileyi münasibətilə müxtəlif əsərlər hazırlanmışdır. Belə əsərlərdən biri də Türkiyəli alim, Azərbaycanın dostu, Türk Dil Qurumunun keçmiş rəhbəri, professor Şükürü Haluk Akalının “100 Yılında 100 Soruda Birinci Türkoloji Kurultay” əsəridir. (Ankara: Erkmen Yayınçılık, 2025. –300 səh.). Əsər I Türkoloji Qurultay haqqında yazılmış ən orijinal və özünəməxsus kitab sayıla bilər. Çünki əsər 100 sual əsasında hazırlanmışdır və Türkoloji Qurultayın 100 illik yubileyinə həsr edilmiş mükəmməl bir hədiyyə, ərmağan sayıla bilər.
Buradan belə bir sual meydana çıxa bilər ki, əsərin digər bu mövzuda yazılmış kitablardan fərqi v ə özünəməxsusluğu nədir?.
Əvvəla əsər 100 sual əsasında hazırlanıb. Müəllif kitabda 100 sual qoyur. Və bu 100 sual çərçivəsində türkoloji qurultayın elə bir əlaməti, qurultayda baş vermiş elə bir hadisə, qurultayda iştirak etmiş elə bir şəxs yoxdur ki, Şükrü bəy ona toxunmasın. Nəinki toxunmaq, toxunduğu hər bir detal haqqında ətraflı şəkildə məlumat verir. Kitabda birinci sual “Türkoloji qurultayın tam adı nədir?”, 100-cü sual isə “Türkoloji qyrultayda iştirak edən nümayəndələrin aqibəti necə oldu?” suallarıdır. Düzdür, suallar içərisində indiyə qədər bizə– türkoloji aləmə bəlli olan, cavabları məlum olan suallar da çoxluq təşkil edir. Lakin müəllif bizə məlum olan sualın cavabında da gizlənmiş bəzi məqamları izah edir. Məsələn, 2-ci sual belədir: “Türkoloji nə deməkdir?”. Müəllif izah edir: Türkoloq yalnız bugünükü Türkiyə türkcəsi və ədəbiyyatı mütəxəssisi deyil. Türkoloq türklərin tarixi, dili, mədəniyyəti, ədəbiyyatı, coğrafiyası ilə məşğul olan elm adamlarıdır. Türkoloq və türk dilləri mütəxəssisi eyni zamanda Azərbaycan dili, qazax dili, yakut dili, qaqauz dili ilə və s. türk dilləriylə, onların tarix və etnoqrafiyası ilə məşğul olan alimlərdir. Və yaxud 4 cü sual: “Türkoloji qurultayın keçirilməsi fikri nə vaxt və neçə meydana çıxdı?”. Şükrü bəy bu sualın cavabını 1905-ci ildə Rusiyada keçirilmiş Rusiya Müsəlmanları Konqresi ilə əlaqələndirir. Bu qurultayı keçirmək ideyasının ilkin rüşeymləri məhz bu konfransdan doğmuşdir. Bu ideyanın ilk müəllifi isə rus türkoloqu A.N. Samoyleviç olmuşdur. A.N. Samoyleviç Bakıda dərc olunan “Maarif və mədəniyyət” jurnalında “Türkoloji qurultay lazımdır” adlı məqalə ilə çıxış edir.
Qurultayla bağlı ən kiçik bir detal belə müəllifin nəzərindən qaçmamışdır. Hətta iclasdların niyə bir salonda keçirilməsi, türk dillərində olan çıxışların stenoqrafiyasının niyə bu günümüzə gəlib çatmamağının səbəblərini müəllif ətraflı şəkildə şərh edir. Qurultayın keçirilməsi üçün məkan seçilməsindən bəhs edən alim İsmailiyyə binasının tam tarixini təqdim edir. Nəzərə alsaq ki, bu əsər bu gün ortaq türkcə olma yolunda irəliləyən Türkiyə türkcəsində yazılıb və bu əsərdən bütün türkdilli ölkələrin türkoloqları bəhrələnəcək biz, Azərbaycan alimləri Şükrü hocaya minnətdar olmalıyıq. Çünki müəllif bu kitabda təkcə türkoloji qurultayın tarixini deyil, eyni zamanda Bakının, o dönəmin Bakısının elmi və ictimai, eyni zamanda mədəni həyatını bütün türkdilli ölkələrə çatdırır.
Kitabda mənim nəzərimi bəzi suallar cəlb etdi ki, bu sualların cavablaraı bu gün də müasir türkologiyada bir növ müəmmalı olaraq qalır.
16-cı sual: “Qurultayın rəsmi bir dili varmı?”. Türk dilindəki çıxış və məruzələr niyə stenoqrafiyayay alınmamışdır? Türk soylu xalqların dilini və ədəbiyyatını mövzu edən, Sovet Türk respublikalarının əksəriyyətinin nümayəndələrinin iştirak etdiyi Birinci Türkoloji Qurultayda çıxışların Türk dillərinin olması təbii idi. Sovetlər Birliyində nizamlanma prosesi nəticəsində rus dili də təbii olaraq işlək dilə çevrilmişdi. Lakin türk ləhcələri arasında qarşılıqlı anlaşıqlılıq nisbətinin aşağı olması, hər kəsin rus dilini bilməməsi səbəbindən Qurultayın ortaq bir ünsiyyət dili formalaşa bilməmişdi. Qeydlərdə və ümumi iclas müzakirələrində Birinci Türkoloji Qurultayda rus dilinin yeganə dil kimi nəzərdə tutulmadığı açıq şəkildə göstərilir. Alınan ilk qərara görə, yaxşı hazırlıq, nizam-intizamlı rəhbərlik və zamana diqqət edilməsi şərti ilə hər çıxışdan sonra rus dilində xülasə verilməsi şərti ilə hər bir bildirinin türk və ya rus dilində olması mümkündür. Bu tətbiq qısa iclasları izləməyi təmin edir. Lakin zaman keçdikcə çıxışların çox uzanması və eyni mövzuların təkrarlanması bu qaydanın tətbiqini çətinləşdirmişdi. Bu səbəbdən ən mühüm məruzələr üçün xülasələrin verilməsi qərara alınmışdı.
Hər kəsin müəyyən edilən türk dilində xülasə verilməsi düşünülmüşdü. Buna qarşılıq, müxtəlif türk toplumlarından gələn iştirakçılar üçün Türkiyə türkcəsi və ya Anadolu türkcəsinin seçilməsi uyğun hesab edilməmişdi. Əslində, əvvəldən yalnız Türkçə danışılmasının mümkünsüzlüyü deyil, Çıxışların anlaşıla bilməsi üçün yenidən rus dilinə müraciət edilməsi də vacib idi. Buna görə rus dilinə tərcümənin aparılması zəruri görülmüşdü.
Qurultayda müxtəlif türk dillərinin eyni anda rus dilinə tərcümə edilməsi də vacib idi. Müxtəlif türk dillərini bir-birindən fərqləndirən, lakin eyni zamanda onları bir araya gətirən rəngarəng bir mühit yaranmışdı. Rus dili bu mühitdə bir növ vasitəçi rolunu oynayaraq, iştirakçıların bir-birinə yaxınlaşmasına, onların öz xüsusiyyətlərini qorumaqla qarşılıqlı ünsiyyət qurmasına imkan verirdi.
Türk dilinin, ədəbiyyatının və tarixinin müzakirə mövzusu olduğu bir toplantıda türk dilləri ilə aparılan çıxışların qeydə alınmaması mümkün deyildi. Lakin türk dillərində aparılan çıxışlar stenoqramiyaya tam şəkildə salınmamışdı. Bunun əsas səbəbi Sovet İttifaqında yaşayan türk soylu xalqların öz dillərində apardıqları çıxışların geniş miqyasda qeydə alınmasının müəyyən çətinliklər yaratması idi. Bu vəziyyət qeydlərin daha çox rus dilində aparılmasını zəruri etmişdi.
Rusca xülasə istənilməsinə baxmayaraq, türkcə aparılan çıxışların rusca xülasələrinin verilməsi sonrakı mərhələlərdə də tətbiq edilmişdir. Məsələn, F.Ağazadənin türkcə çıxışının xülasəsi daha sonra rus dilində təqdim edilmişdir. Bəzi çıxışçılar üçün rusca xülasə tərtib edilmiş, bəzilərinin isə çıxışları birbaşa rus dilinə tərcümə olunaraq stenoqrafiyaya salınmışdır.
Bu məsələnin əsas səbəbi katiblərin və stenoqrafların türk ləhcələrinin hamısına tam şəkildə bələd olmamaları idi. Türk dünyasının müxtəlif bölgələrindən gələn iştirakçıların danışdıqları dillər və ləhcələr arasındakı anlaşıqlılıq səviyyəsinin aşağı olması da bu vəziyyəti daha da mürəkkəbləşdirirdi.
21- ci sual belədir: “Ənvər paşa birici türkoloji qurultaya gəldimi?”.
Şükrü bəy birmənalı şəkildə bidirir ki, xeyir. Çünki Əvnər paşa 4 avqust 1922-ci ildə Düşənbə yaxınlığında Qurban bayramı ərəfəsində əsgərləri ilə bayramlaşarkən rusların hücumuna məruz qalmış və şəhid olmuşdur. O zaman niyə düşünülür ki, Ənvər paşa qurultayda iştirak edib? Bu suala Şükrü bəy aydınlıq gətirir. Ənvər Paşa 1920-ci ildə sentyabrın 1 -də I Şərq Xalqları Qurultayında iştirak etmişdir. Opera tetrında keçirilmiş bu qurultayda Ənvər Paşanın şəkli də var.
39-cu sual belədir: “Qurultayda türklərin rəsm sənətindən danışılbmı?”. Əslində bu da mübahisəli məsələlərdəndir. Çünki 1 Türkoloji Qurultayda yalnız əlifba, orfoqrafiya, etnoqrafiya məsələlərinin yer aldığından bəhs olunur. Lakin Şükrü bəyin tədqiqiatı nəticəsində bəlli olur ki, qurultayın ikinci oturumunda Aleksandr Aleksadroviç Miller türk xalqlarının rəsm sənti haqqında məruzə ilə çıxış edir.
Müəllif qurultayda məruzə söyləmiş hər bir məruzəçinin tərcümeyi -halını, türkologiyayya xidmətlərini təqdim edir və sonra qurultaydakı məruzəsində hansı məsələlərə toxunduğunu qeyd edir. Sadə xalıqn, bakılıların I Türkoloji Qurultaya münasibəti, marağı da müəllifin nəzərindən qaçmır. Dinləyici qismində zala buraxılan xalq nümayəndələrindən əlavə bugünkü Sabir bağında, İsmailiyyə binasının qarşısında xalq yığışıb səsgücləndiricilər vasitəsilə məruzələri dinləyirmişlər.
Kitab haqqında uzun – uzadı danışmaq mümkündür. Hər bir sualı, sualın cavabında işıq üzü görən həqiqətləri saatlarla təhlil etmək olar. Sonda bir fikri bildirim ki, bu kitab sadəcə olaraq I Türkoloji Qurultaya həsr olunmuş, qurultaydakı hadisələri təsvir edən bir əsər deyil. Bu kitab türkün tarixidir. 1937 -ci ildə güllələnən türkologiyanın tarixi. Eyni zamanda türkologiyada Bakının tutduğu mövqeyinin göstəricisidir. XX əsrin 1-ci yarısında Bakıda mövcud olan elmin, mədəniyyətin, təhsilin güzgüsüdür.
100 il bundan öncə doğma paytaxtımız Bakıda baş tutan bu möhtəşəm tədbiri bu qədər dəqiqliklə araşdırıb, belə gözəl əsər ərsəyə gətirən professor Şükrü Haluk Akalına bu kitab üçün yalnız və yalnız təşəkkür borcluyuq.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Türk dilləri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru
Oxuyun >> Gözündə tük var

ZEYNƏB CƏMALƏDDİN YARADICILIĞINDA KLASSİK-MÜHAFİZƏKAR ÜSLUBUN ÜSTÜNLÜYÜ
Kim ayırdı bu dünyanın günlərini beş-beşə,
Fani deyib beşcə gündə gəldilər hey döş-döşə.
Bəni-adəm girdi cəngə Yerə qədəm basandan,
Kim ağladı, sevindi kim söykənəndə leş-leşə?
Cəmiyyətə təqdim etməyə ehtiyacı olmayan, sosial şəbəkələr üzərindən və ədəbi-bədii dərgilərdə çap olunmuş poeziya nümunələrindən kifayət qədər yaxşı tanınan şair Zeynəb Cəmaləddinin “Divani”sindəndi bu bənd. Adətən şair, yazıçı yaradıcılıqları haqda uzun giriş yazıb oxucunu bir müddət intizarda saxlayırlar. “Görəsən, kimdən söhbət gedir? Bu cür möhtəşəm giriş hansı şairə aiddir?” deyə sual-suala dirənir. Odur ki, birbaşa haqqında söhbət açmaq istədiyim şairin bir bəndini dərhal təqdim etdim ki, mənim bəzəksiz-düzəksiz sözlərimdən əvvəl elə şairin şeirini oxuyasınız.
Düzdür, şairin doğulub boya-başa çatdığı coğrafi məkanın da təsiri mütləq öyrənilməlidir. Çünki şairlər hər zaman təbiətdən ilham alıblar. Bu ilham bəzi şairlərin yalnız təbiət təsvirlərini və sevgi macəralarını nəzmə çəkməyinə bəs edib. Lakin əsl şairlərin missiyası daha dərin mövzuları əhatə edib, yaranışdan üzübəri zamanın gərdişində hər nə baş veribsə, bir qəvvas kimi həmin hikmətlərin dərinliklərinə baş vurmaqla vəzifələndirilib. Şairlərin doğulub böyüdüyü, təbiətindən güc aldığı bölgənin adamlarının fərdi xüsusiyyətləri, ötkəmliyi, ibarəli danışıq tərzi mütləqdir ki, onun poeziyasında öz təsirini göstərmiş olsun.
Zeynəb Cəmaləddin təbiəti və əhalisi ilə Azərbaycanın füsunkar guşələrindən biri sayılan Quba şəhərində anadan olub. İbtidai təhsilinə orda başlasa da ailəsi Bakıya köçdüyündən təhsilini Bakıda davam etdirmişdir. Bakı Neft Texnikumunu bitirib. Bədii yaradıcılıqla məşğuldur. “Payız qoxulu nəğmələrim” və “Ruhumun zərrələri” şeirlər kitablarının müəllifidir.
Mən qaçmazdım söyuq haşa, yağışdan,
Pəncərəyə şaxta salan naxışdan.
Çəkinməyib, heyrət edən baxışdan,
Təbiətlə qıraqlaşıb, gəzmişəm.
Duyğularla dolub-daşıb gəzmişəm.
Leysan yağış bənzəyəndə şırnağa,
Hər kəs evə, mən çıxmışam qırağa.
İslanmışam ta təpədən dırnağa,
Yağış ilə qucaqlaşıb, gəzmişəm,
Duyğularla dolub-daşıb gəzmişəm.
Təbiətlə harmoniya təşkil edən yaradıcılıq özü elə təbiət boydadır, bəlkə də ondan daha böyükdür, hüdudsuzdur, sonsuzdur. Yaradıcılıq təbiəti tez-tez dəyişən fəsillər kimi də ola bilir. “Bir də görürsən ki, açılan solur”, “Bir yandan boşalır, bir yandan dolur”, deyən böyük Vurğun necə də haqlıymış. Yaradıcılığına ciddi yanaşan, yaratdıqlarında səmimiyyət və məsuliyyət hiss olunan istənilən yaradıcı insanın külliyyatı təbiətin fəsilləri kimi dəyişkən olsa da, vəhdətində ahəngdarlıq duyulmalıdır. Gülli-çiçəkli laləzarı əks etdirən poetik nümunələr xəzan yeli kimi hər şeyi silib-süpürüb aparan digər yaradıcılıq növləri ilə zənginlik, rəngarənglik təşkil etməli, gecə kəhkəşanda bərq vuran çilçırağı xatırlatmalıdı. Belə zəngin yaradıcılıq nadir imza sahiblərinə nəsib olur. İndiki azad şəraitdən bəhrələnən qələmini sınayan yüzlərlə adam arasından yaradıcılığını incələyib o nadir imza sahibini üzə çıxartmaq bir o qədər də çətin deyil. Çünki, qızıl öz parıltısı ilə ona oxşar parıltılardan seçildiyi kimi, əsl poeziya da digər yaradıcılıq nümunələrindən; həvəskar nəzmə çəkilmişlərdən, qafiyəsi, hecası yerində olan şeir nümunələrindən dərhal seçilir.
Bildiyimiz kimi poeziya nitqin xüsusi formasıdır. Bu formadan istifadə olunmaqla hiss-həyəcanı, emosiyanı, sevgini, hiddəti daha ritmik və bəlağətli şəkildə ifadə etmək mümkündür. Poeziya təbiətin və dünyanın gözəlliklərini tərənnüm etdiyi kimi, müxtəlif dərdlərini və düşüncələrini də əks etdirən bədii yaradıcılıq növüdür.
Xeyli vaxtdır ki, sosial şəbəkələrdən tanış olduğum, ədəbi-bədii dərgilərdən oxuduğum bir şairin poeziyası xüsusi olaraq diqqətimi çəkmişdi. Gözüm hər yerdə həmin imzaya məxsus şeirləri axtarırdı, daha geniş yaradıcılıq nümunələri ilə tanış olmaq istəyirdim. Bu şeirlərdə təkcə təbiət tərənnümü, lirik qəhrəmanın sevgisi, hiss-həyəcanı əks olunmurdu, bu şeirlərdə təbiətin dinamikliyi əks olunduğu kimi dünyanın gərdişi də hiss olunurdu. Klassik şeir nümunələri qloballaşan dünyanın yenilikləri ilə ayaqlaşırdı:
Ağlı kölə eylədinsə alma əsir cismini,
Təlqin ilə kim dəyişir Yerdə dünya rəsmini,
Hansı dildə öyrənmişdi Adəm baba ismini,
İnsanlığı kim oynadır şeytan ilə baş-başa?
Müxtəlif dövrlərdə ədəbiyyata, xüsusən də poeziyaya baxışlar bir-birindən fərqlənib. Yenilik tərəfdarlarının klassik poeziya nümunələrindən bəhrələnməməyə çağırışları son otuz ildə daha çox vüsət alıb, hansı ki, bu cür şeirlər XX əsrin otuzuncu illərindən yaranmağa başlamışdı. İndi əruzun ağırlığından şikayət edənlər daha az hecalı şeirlərə üstünlük verməyə başlayıblar. Bu həm də mahnı bəstələyənlərə, onları ifa edənlərin işinə yarayır. Hardan tapsınlar ikinci Zeynəb Xanlarovanı ki, Süleyman Rüstəmin qəzəllərinə bəstələnmiş muğam bəstələrini dünyanın hər yerində istənilən tribunalardan səsləndirə bilsin.
Nəhayət, ədəbi mühit bir müddət hecalı şeir növündən imtina həddinədək gəlib çıxdı. Son otuz ildən artıq bir müddətdə ədəbi proseslər onu göstərir ki, sərbəst şeir üstünlüyə can atmaqdadır. “Əsas fikirdir”, deyənlər öz seçimlərinə ciddi-cəhdlə bəraət qazandırmağa çalışırlar. Lakin hələ də Mayakovskini, Yevgeni Yevtuşenkonu üstələyən “sərbəst” şeir nümunəsi yetişməyib.
Bir qazanda qaynamağa gərək bircə baş olsun,
Şir şir ilə baş eləsin, quş quşa yoldaş olsun.
Ki, yaradan qismətinə bəlkə yazıb, daş olsun,
Yazıq olur kəsəklərə rast gələndə daş-daşa.
Heç bir izaha, şərhə ehtiyac duyulmur. Zeynəb Cəmaləddin dərin mənalı sözləri muncuq kimi elə düzür ki, orda nə bir söz dəyişməyə, ya çıxartmağa, ya artırmağa ehtiyac qalmır. Eyni zamanda, hiss olunur ki, şair daha dərin mətləblərdən xəbərdardır və hər zaman söz açmağa hazırdır, sinədəftərdir. Görünür, xalq folklorunu yaxşı mənimsəyib, Aşıq Alı, Dədə Ələsgər məktəbindən bəhrələnib, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Dirili Qurbani külliyyatlarından xəbərdardır. Ustadlardan dərs almış şairin şeirləri elə ustadlara layiq səviyyədə olmalıdır.
Zeynəb Cəmaləddinin poetik nümunələri arasında şeirin müxtəlif növlərinə rast gəlmək olar. Onun təcnisi də, gəraylısı da, müxtəlif hecalı şeirləri də, hətta tərcümələri də fərqlidir, möhtəşəmdir, könüloxşayandır. Zeynəb xanım, sadəcə, fikir ifadə etmir, hardansa, kimdənsə eşitdiyi deyimi yeniləyib özününküləşdirmir, o, insanı düşündürəcək fikirləri səsləndirir, özü də necə: – müdrikcəsinə, ibarəli tərzdə söyləməyi bacarır.
Doğrudurmu min illərlə ömrü olub insanın,
Çoxlu sayda kitabəni ha gizlədin, ha danın.
Məlum deyil kim gedəcək, kim yeyəcək ehsanın,
Zeynəb deyir, fərqinə var, bacar, yüz il yaş yaşa.
Zeynəb Zeynəb olmazdı “divani”ni sonadək bu cür gətirib çıxarmasaydı. Onun bütün şeirləri bu cürdü, dərin məzmunlu, yüksək ritmli, necə başlayırsa, sonadək o cür gedir. Fəlsəfi fikirlərlə dolu poetik nümunələrinin hər misrası düşündürücü suallar doğurur.
Əlbəttə ki, əsl şairin bir şeirini oxumaqla onun şairliyini müəyyənləşdirmək mümkündür. Yaradıcılığı itib-batmış, yalnız bir şeiri dövrümüzə gəlib çatmış şairləri buna nümunə göstərmək olar. Mən də Zeynəb Cəmaləddinin çoxşaxəli yaradıcılığından əsasən bir-iki şeirindən parçalar seçməklə kifayətləndim. Məhz, onun zəngin və çoxşaxəli poeziyasından seçilmiş bu parçalar onun necə qüdrətli ilhama, təbə sahib olduğundan xəbər verir.
Zeynəb Cəmaləddinin yaradıcılığında mövzu mübarizədir – həyatla mübarizə, yaramazlıqlarla, cəhalətlə, kütbeyinliklə… hər nə pislik varsa, onlarla mübarizə… Şairin silahı da qəribədir. Şairin silahı təpədən dırnağadək folklorla yüklənmiş SÖZdür – əlahəzrət söz. Zeynəb Cəmaləddin dastan qəhrəmanları kimi hayqırmır, qılıncı çəkib meydana girmir, o, elə hər zaman meydandadır – eyhamla səsləndirsə belə kəsərli sözləri ilə.
Bütün yaradıcı insanlar bir marafonun iştirakçılarıdır. Bu marafonu ZAMAN təşkil edir. Marafonun nə vaxt başlayıb, nə vaxt bicəcəyi dünya binə olandan bəri heç kimə bəlli deyil. Hər kəs öz yaşadığı dövrdə dərk etdiyi səviyyədə bu marafona qoşulur. Zamanın süzgəcindən kimlər keçir, kimlər ilişib xəlbirdə qalır, bu, çox-çox sonra aydınlaşır. Lakin gedişatı diqqətlə izləyənlər təxmini olsa da fikir yürüdə bilirlər. Bu, yaradıcılıq mərhələsində özü-özünə görünür.
Mənə elə gəlir ki, Zeynəb Cəmaləddin imzası da onlarla parlaq imza sırasında daha parlaq bərq vurur. Onun fəlsəfi zənginliklərlə yüklənmiş poeziyası Məhsəti Gəncəvi, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün, Firuzə Məmmədli kimi dolğun yaradıcılıqla yadda qalan imzalar cərgəsində yer tutmağa çalışır. Hər halda, Zeynəb Cəmaləddinin yaradıcılıq tempi belə deməyə əsas verir.
“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Dilbər Vətən qızı Camalinin “Türk dillərində köməkçi nitq hissələri” adlı kitabı işıq üzü görüb
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk Dilləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Dilbər Vətən qızı Camalinin “Türk dillərində köməkçi nitq hissələri” adlı kitabı çapdan çıxmışdır. Yeni nəşr türk dillərinin qrammatik sistemində mühüm yer tutan köməkçi nitq hissələrinin nəzəri və müqayisəli aspektdə araşdırılmasına həsr olunmuşdur. Əsərdə köməkçi nitq hissələri müxtəlif türk dilləri materialları əsasında təhlil edilir, zəngin faktoloji bazaya söykənən elmi ümumiləşdirmələr aparılır. Monoqrafiyada köməkçi nitq hissələrinin funksional-semantik xüsusiyyətləri, struktur-morfoloji göstəriciləri və dil sistemində tutduğu yer ardıcıl şəkildə şərh olunur. Tədqiqat türkoloji dilçilikdə nitq hissələri probleminin öyrənilməsi baxımından aktual elmi nəticələrlə diqqət çəkir. Kitabın baş redaktoru professor Nadir Məmmədli, rəyçiləri professor Sevil Mehdiyeva, professor İsmayıl Kazımov və filologiya elmləri doktoru, dosent Aynel Məşədiyevadır. “Türk dillərində köməkçi nitq hissələri” əsəri türkoloji dilçilik, ümumi dilçilik və qrammatika problemləri ilə maraqlanan tədqiqatçılar, ali məktəb müəllimləri və tələbələr üçün dəyərli elmi mənbə kimi nəzərdə tutulmuşdur.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Elboy QULMONOV 1992-ci il 29 may tarixində Özbəkistan Respublikası Qəşqədərya vilayətinin Koson rayonunda anadan olmuşdur. Qarşı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.
Yaradıcılıq nümunələri respublika və bir sıra xarici ölkələrin dövri mətbuat orqanlarında dərc olunmuşdur. Onun özbək–qırğız dillərində nəşr edilən “Duyğular şəhəri” (2019), “Könül sarayı” (2021), “Qəlbimin Kəbəsi – anam” (2022) adlı şeir kitabları, eləcə də “Eldə əziz tutulanlar”, “Maarifət işıqları” adlı publisistik kitabları çapdan çıxmışdır.
2023-cü ildə Rusiya “Qızıl Qələm” Milli Ədəbiyyat Mükafatı beynəlxalq müsabiqəsində iştirak etmişdir.
2025-ci ildə TÜRKSOY beynəlxalq təşkilatının “Ahmet Baytursunov” adına ədəbi mükafatı ilə təltif olunmuşdur.
Hazırda Asiya Texnologiyaları Universitetində tarix ixtisası üzrə magistratura pilləsinin I kurs tələbəsidir.
Eyni zamanda Özbəkistan Yazıçılar Birliyinin Qəşqədərya vilayət bölməsində baş mütəxəssis vəzifəsində fəaliyyət göstərir.
Özbəkistan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.
HAQİQƏTİN SÖZÜYƏM…
Ey azadlıq, işıqlı ünvanım,
Gələcəyim, əfsanəm – Vətən.
Böyük tarix içində köklənmiş,
Ayağında bir astanam – Vətən.
Çinar kimi zamana sarılmış,
Səadət sevən boyunam – Vətən.
Kəpənək tək şadlanıb uçmuş,
Bəxti oxuyan nəğməyəm – Vətən.
Günəşinə nur içirmişəm,
Sədaqətin özüyəm – Vətən.
Şiroq kimi yurdunu sevən,
Həqiqətin sözüyəm – Vətən.
VƏTƏN
Ulduzlar xəyala vurğundur,
Gecə bağrına alıb yatır baş.
Nura qərq olan hər bir səhəri
Əzizləyib oyadır günəş.
Heyranlıq könlün surətidir,
Dağ sinəsini yarar şəlalə.
Bağlarında Ay oxuyar nəğmə,
Hər meyvəsi baldan da ləzzətə.
Yurda canını fəda edən oğullar –
Səf bağlayıb dayanıb dağlar!
Məcnuntəklər saçını sığallayıb,
Əzizləyib oynar bulaqlar.
Hər bir çəməni təsbeh çəkər,
Təpələri könül kimi gen.
Sübh çağında bülbüllər səsi,
Məhəbbəti səmalarla tən.
Qədim tarix içində kökü var,
Hər zərrəsini candan sevirəm.
“Vətən” adlı uca ünvanı
Bəxtin köksünə taxıb verirəm!..
***
Qış… fevralın köksündə düşüncələr,
Qaşları oyulmuş, səssiz, xamuş.
Bax, uzaqlardan bahar pıçıltısı,
Yağış yağacağını sanki unutmuş.
Buludları bir-bir ələyir zaman,
Sanki aləm nura qərq olub tamam.
Və yer üzünün hər bir qatında
Günəşin mehrini həsrətlə anan səma var.
Bir an xəyala dalar ana torpaq,
Baharla üz-üzə gəlsə əgər.
Qaşlarını çatıb qar yağdırar,
Torpağın dodağından bir öpüş alar.
Yorğun baxar göylərdə Ay da,
Sərgərdan külək qulağını burar.
Qış ömrünün daha bir ili
Arxada qalar, xatirəyə dönər.
ŞÜKRANƏ DEYƏK
Sülhün sübhü öpər astanamızı,
Səadət doldurar könül evimizi,
Dünya heyran qalar zamanımıza,
Şükranə deyək bu gözəl günlərə.
Hər sahədə uca dəyişmələr var,
İnansan, yolunda yüksəlişlər var,
Bir yanı çəmənlik, bir yanı gülzar,
Şükranə deyək bu gözəl günlərə.
Könüldə qəribə humalar uçar,
Coşqun irməkləri qucaqlar çaylar,
İstiqlal ovucunda fürsətlər tutar,
Şükranə deyək bu gözəl günlərə.
Yeni gün ömrün təzə ənamıdır,
Hər anı yeni arzuların camıdır,
Sevinclə doldurub Özbəkistanı,
Şükranə deyək bu gözəl günlərə.
BAHAR
Səma sinəsinə vurur sirrlara,
Gizlincə oynayar buludlar.
Çiçək fidanları çıxar yamaca,
Günəş səmadan onları qutlar.
Çaxmaq da səmada musiqiçidir,
Kiçik ulduzlar rəqs edər bir-bir.
Xoşbəxtlik evinə apararkən
Qəlbimə dolur ruhların hissi.
Qar qucağında oxunan nəğmə,
Güllü fidanlar üz açar dünyaya.
Gövdələrdə çiçəklər açar bahar,
Başlayar Qəşqədəryadan.
SEVGİ
Sevgi sənin… əzablarından?!
Dadını bilməyən könül varmı?
Əzablara verib canını,
Könül hicranlara yoldaş olarmı?
Sevgi sənin… işgəncələrindən,
Görüşə həsrət illər keçir.
Eşqin sirli səhəri arasında
Xoşbəxtlik qalasına səyahət edər könüllər.
Sevgi sənin… əzablarından,
Günəşin özü də ürəyi bəzən donar.
Könüllərə yardımçı olar məhəbbət,
Ən şirin sözlərin yoldaşı olar.
ŞART
Könlümü yeyir qəm,
Qanımı içib böyüdür dərd.
Əzablara boyun əyməmək üçün,
İndi məni unutmağın şərtdir!
Sən haralara çağırırsan sərgərdan,
Gəl, könlünü ver, ey Günəş!
Eşqin dərdində tökülməmək üçün,
Arzulara od salar gözyaşın.
Könül iradəm zəif olmaz cəsur,
Ürəyimlə əbədi yaşayar dərd.
Səni mənə xatırlatmamaq üçün,
Günəşi görməmək şərtdir.
Mən Günəşi sevməməliyəm!
***
Şükranə qızım üçün
Yaradandan yalvararaq,
Diləyib aldığım arzularım.
Göy gözlü, qızıl saçlı,
Erkək qızım, mələyim.
Sən ömrümə günəş kimi,
Nur saçıb girdin həyatımın içinə.
Ürəyimin qüvvəsi,
Əbədi diləyim sənsən.
Oyaq keçən gecələrim,
İşıq saçan ulduzumsan.
Sinəmdə döyünən,
Canımın köküsən.
Arzularımın qanadı,
Şirin dilli uşağım sənsən.
Ömrümün malıkəsi,
Cücük erkəkoyumsan.
Gülüşün gül kimi gözəl,
Həyatımın mahısan.
Sən ömrümün işığı,
Bebəxəyim, xoşbəxtliyimsən.
MƏNƏLİ MÜHR
Bu həyat sınaqlarla doludur əslində,
Könüldə açılan böyük vəsli var,
Əslində Sahibqirondan nəsli,
Dünya səhnəsində əbədi Nəvai…
Dinləsən könül ilə dil ahlarını,
Gəzsən aləm qulaq asmalarını,
Ən böyük xəzinə olan kitablarını,
Dünya səhnəsində əbədi Nəvai…
Nazm səmasının günəşi əbədi,
Maarif diyarının sərkərdəsidir o,
Nazm saltanatının sərbəndəsidir o,
Dünya səhnəsində əbədi Nəvai…
Gülzarlara sarılan çəmənlərimi,
Uçan at kimi ötən səmalarımı,
Torpaqlarım öpən addımlarını,
Dünya səhnəsində əbədi Nəvai…
Qırmızı mevaları üzən bağımı,
Hər sətiri səmalara söykənmiş dağımı,
Neçə əsrləri görmüş çinarımı,
Dünya səhnəsində əbədi Nəvai…
ANAM
Kədərlər könlünü titrətmiş olsa da,
Təşvişlər dənizi udmuş olsa da,
Əzablar canını sarsamış olsa da,
Dərdini heç kimə deməmiş anam.
Başına daş atdı neçə üzüqsüzlər,
Sinəsində ləkə oldu neçə ürəksizlər,
Gecələr göz yaşı içərisində ulduzlar,
Dərdini heç kimə deməmiş anam.
Doğma dostlar içində sədaqət əslidir,
Könlündə hər zaman bahar mövsümüdür,
Səbrinə dağlar ibrət dərsidir,
Dərdini heç kimə deməmiş anam.
Səmaya ürəyini qoyub yatır başını,
Gecələr ay dərdinə sirdaş olar,
Mehrindən nur içərək yaşayır günəş,
Dərdini heç kimə deməmiş anam.
Heyranlıq uşağıma heyran olsun deyə,
Allah’a yalvarar, uşağımla ünsiyyət tapsın deyə,
Uşaq bilməsin deyə, uşağım gülsün deyə,
Dərdini heç kimə deməmiş anam.
Hasrəti bulud kimi səmanı dolaşar,
Bir canı min bir kədərlə bağlı olar,
Müşfiq ürəyini əzab meydanına qoyar,
Dərdini heç kimə deməmiş anam.
Səbrinin saçlarını sığallayan canı,
Sədaqətinin daşlarını əzir canı,
Sinəsini ətsə də dərd dəyirmanı,
Dərdini heç kimə deməmiş anam.

GÖZÜNDƏ TÜK VAR
(novella)
Salam, çox dəyərli “Qəribə dünya” TV-nin izləyiciləri, “Onun həyat yolu” proqramının daimi qonaqları! Hamınızı xoş gördük! Vaxtı çox uzatmadan ilk qonağımıza yaxınlaşıram:
– Fağır müəllim, salam! İlk öncə nəzərinizə çatdırım ki, canlı yayımdayıq. “Qəribə dünya” TV-nin milyonlarla izləyicisi bizi bu qəribə dünyanın internet olan bütün nöqtələrindən izləyir. Bilirik ki, siz fizika-riyaziyyat elmləri doktoru, professorsunuz və bir də indiki, sizi bütün dünyaya tanıdan, məşhurlaşdıran fəaliyyətiniz var. Özünüzü bizim çoxmilyonlu izləyicilərimizə necə təqdim edərdiniz? Buyurun, zəhmət olmasa.
– Əvvala, “ilk” də, “öncə” də eyni şeydi. Bu iki sözdən birini işlətsəniz daha yaxşı olar. Fəaliyyətimizə gəlincə, deməlini dediniz. Təkrara yol vermək istəmirəm. Düşünürəm ki, “Gözündə tük var” kooperasiyasının prezidenti Hacı Fağır Naxırçıyev kimi təqdim etsəniz daha məqsədəuyğun olar. Buyurun.
– Bəli, çox dəyərli, izləyicilər, gördüyünüz kimi qonağımız “Gözündə tük var” kooperasiyasının prezidenti Hacı Fağır Naxırçıyevdi və o tək deyil. Bu barədə bir az sonra. İndi isə qısa bir ara: Reklamlar. … Bəli, qısa fasiləmiz bitdi. Söhbətimizi qaldığımız yerdən davam edirik. Buyurun, Hacı – icazənizə sizə kəsədən belə müraciət edəcəm – davam edin. Zəhmət olmasa, maraqlı, nümunəvi və eyni zamanda ibrətamiz həyat yolunuz barədə “Onun həyat yolu” proqramının izləyicilərinə danışın.
– Deməli belə, universiteti bitirən ildən öz ixtisasım üzrə institutda əmək fəaliyyətimə başladım. Nə qədər ki, subay idim, tələbə yataqxanasında qalırdım. Elə ki, ailə həyatı qurdum, köçdük ailəlilər üçün olan yataqxanaya. Doxsanlarda vəziyyət çətinləşəndə həyat yoldaşım məni iki qızımla həmin o yataqxana otağında atıb getdi Türkiyəyə. Onu təqsirləndirmək istəmirəm. Bəlkə də zamanında özü üçün düzgün qərar vermişdi. Onu qınamıram, axı həmin vaxt orada da elm-təhsil işçilərinə böyük təlabat var idi. Yataqxanamız da çox şəraitsiz idi. İndi oranı söküb, yerində yeni bina tikiblər. Yasamalda yerləşirdi. Adına “Elçibəyin binası” deyirdilər. Mən uşaqları böyütdüm, oxutdum. Hal-hazırda Almaniyada yaşayırlar. Təqaüdə çıxana qədər elə o yataqxanada subay-salıq yaşadım. İlk gündən təqaüdə çıxana kimi bütün əmək fəaliyyətim dövründə yalnız bir müəssisədə çalışmışam. Elə həmin institutda işləyən dövrdə də indiki fəaliyyətimlə bir xobbi kimi məşğul idim. İş deyəndə, əslində elə bir iş də yox idi. Bütün gün kabinetlərdə oturub vaxt öldürməklə məşğul idik. Yəqin ki, sizin də bu adətdən xəbəriniz var? Adamın gözündə tük olanda, kirpiyi üzünə, gözünün altına düşəndə bunu görən digər şəxslər ailədə, kollektivdə gözündə tük olan adama ürəyində bir arzu tut deyib, tükün hansı gözdə olmasını soruşurlar. Bununla da arzunun çin çıxacağına, niyətin hasil olacağına inanırlar. Bizimkilər, mənim iş yoldaşlarım uzun illər bu adəti öz bildikləri kimi interpretasiya edərək arzunu özləri tutub, tükün mənim hansı gözümdə olduğunu soruşurdular. Mən də həmişə düz tapırdım. Və ən asası onların arzuları həyata keçir, niyətləri hasil olurdu. İlk vaxtlarda birlikdə çayla içməyə alınan şokoladla və akademiyanın bufetindəki kiçik qonaqlıqlarla başlayan iş, sonda maşın, ev, ofis kimi təşəkkür hədiyyələrinə qədər inkişaf edərək böyüdü. İndi mənə xaricdə adalar hədiyyə edirlər. Sözüm onda deyil. Təqaüdə təzə çıxmışdım. İnstitutumuza 30-35 yaşında yeni gözəl, hər şeyi yerində ağıllı-kamallı bir xanım labarant təyin olunmuşdu. Məharətimdən xəbərdar olan kimi o da ürəyində arzu tutub mənim masama yaxınlaşdı. Hamı kimi o da məndən soruşdu ki, tük hansı gözümə düşüb? Mən əlimi qaldırıb tük olan gözümün üstünə qoymaqla, bu xanım sevinclə necə ucadan qışıraraq, atlanıb düşdüsə, otağımızda hamı “nə oldu” deyə-deyə bir-birinə qarışdı. Nə başınızı ağrıdım, otaqda əməlli-başlı həngamə qopdu. Sən demə, elə bu dəmdə akademiyanın prezidenti və müavinlər, institutumuzun direktoru ilə birlikdə təasadüfən bizim otağın qarşısından keçirmişlər. Elə həmin məqamda bütün deleqasiya tam heyətlə girdi içəri və heyrətlə bir xeyli bizi təpədən dırnağa süzərək, çıxıb getdilər. Otağı hamıdın sonra tərk edən institutumuzun direktoru mənim masama yaxınlaşıb, elə bircə kəlmə dedi ki, ikiniz də gedin ərizənizi yazın. Biz də getdik ərizəmizi yazdıq. Öz xahişimizlə işdən çıxdıq. Mən heç, pis-yaxşı yataqxanada bir otağım, az-çox dövlətimizn gücünə görə öz aliminə verə biləcəyi ən yüksək təqaüdüm var idi. Xanım isə, tək-tənha və bütün bunların hamısından məhrum idi. İşdən çıxdığına görə kirayə pulunu da ödəyə bilməyəckdi. İlk məvacibini belə almamış mənə görə, daha doğrusu mənim tükümə görə öz işindən olmuşdu. Necə deyərlər yazığın karyera yoluna tir düşmüşdü. Daha doğrusu, tir yox, tük. Özü də mənim tüküm. Xanıma təklif etdim ki, özünə yeni iş tapana qədər mənimlə birlikdə yaşasın. Xanım razılaşdı. Və növbəti həftəsonu köçdü mənim yanıma. Uşaqlar da böyüyüb məni tərk etdiyinə görə neçə vaxt idi susuz dəyirmanı xatırladan o bir otağım saraya dönmüşdü. İndi bu balaca otaqda həyat eşqi qaynayırdı. Bir-birimizi hələ yaxşı tanımadığımıza görə danışmağa çox sözümüz var idi. Həm də söhbətimiz tuturdu. Hansı mövzudan söz düşsə, yorulub əldən düşənə qədər söhbət edirdik. Beləcə bir həftənin tamamına gəlib çatdıq. İkimiz də halımızdan məmnun idik. İşdən çıxmaq heç vecimizə də deyildi. Ancaq, bir məsələ var idi ki, getdikcə ciddiləşir və düz bir həftənin tamamında pik həddə çatmışdı. Bu bir həftə ərzində xeyli sayda niyyəti gözündə, arzusu ürəyində qalan dost-tanış hər gün ardı-arası kəsilmədən fasiləsiz olaraq bizə zəng edirdi. Artıq mobil telefonlarımızın nömrəsini dəyişmək barədə belə düşünürdük. Yaxşı ki, belə tələsik qərar verməmişik. İnsanlarda belə hallar olur axı, qapı açılır özün örtüb, kip-kip bağlayırsan, ruzi pəncərədən girmək istəyir, aman vermirsən, bacadan gəlir oranı da basdırırsan. Hə, yaxşı ki, bizdə belə olmadı. Necə deyərlər, “bir tərəfdən bağlayan, bir tərəfdən açar” məsəli bizim üçün düz çıxdı. Birlikdə olduğumuz birinci həftənin sonu idi. İnstitutda bizim iş otağına hər gün baş çəkməyə vərdiş eləmiş institutumuzun direktorunun sürücüsü zəng elədi ki, bəs sabah istirahət gününə heç nə planlaşdırmayın sizi gəlib bir yerə aparacam. Biz də razılaşdıq. Zatən elə bir planımız da yox idi. Danışdığımız kimi ilk istirahət günümüz səhər saat 10:00 sürücü həmin o yataqxananın yanından, bildiniz də hansı binanı deyirəm, buradan bir az yuxarı, o qaçqınlar qalan yataqxanalar var ha, bax oradan, “Kaktus” restoranının düz qabağından bizi götürdü və apardı indi həm yaşayıb, həm işlədiyimiz “Gənclik”də “Milyonerlər məhəlləsi” adlanan yerdə olan “osabnyaka”…
– “Xüsusi mülk”ə, çox-çox üzr istəyirəm işlətdiyimiz söz və ifadələrə diqqət edək.
-Bəli, bəli. Olsun elə. Siz deyən kimi. Bu obyekt bizim institumuzun direktorunun sürücüsünün öz halal zəhməti ilə qurub yaratdığı bütün Azərbaycan üzrə səpələnmiş sayı-hesabı məlum olmayan istirahət guşələrindən biri idi. Elə həmin obyektin açarını verdi bizə, sənədləri də keçirdi bir həftənin içində təsis etdiyimiz “Gözündə tük var” kooperasiyasının adına və bura oldu bizim həm rəsmi iş yerimiz, həm də evimiz.
– Nə gözəl. Nə yaxşı ki, Azərbaycanımızın belə xeyirxah, mərd oğulları var. Hacı, bəs sürücü bu xeyirxahlığı nəyin müqabilində etdi?
– A zalım, xeyirxahlığın müqabili olur? Adı üstündə xeyirxahlıq. Varlığa nə darlıq? Var idi bağışladı də. Bir də ürəyi istədiyi vaxt növbədənkənar rahat gəlib-gedə biləcəyi bir ünvan oldu. Bunun nəyi pisdir? Biz yataqxanada yaşasaq indiki fəaliyyətimiz heç cür mümkün olmazdı axı… Hə, onu deyirdim axı, girdik “villa”nın, – üzr istəyirəm, – “xüsusi mülk”ün həyətinə arxamızca da bir avtobus institutumuzun işçiləri, dost-tanış … İş demək olar ki, öz-özündən yarandı. Xanım məcbur oldu ki, girişdəki masada əyləşib, gələnləri bir-bir buraxsın…
– Üzr istəyirəm. Bəlkə xanımı da izləyicilərimizə təqdim edəsiniz. Məncə tam zamanıdır.
– Bərəkət xanım! Bərəkət xanım, mənim qoruyucu mələyim, həm xanımım, həm köməkçim, başımın tacıdır. Şirkəti, əmlakı, bütün digər işləri sənədləşdirən zaman rəsmi olaraq nigaha da girdik. İndi hərtərəfli xoşbəxt və halımızdan məmnunuq.
– Bəs, heç soruşmadınız ki, xanımın bütün bu hadisələrin baş verməsinə səbəb olan arzusu nə imiş?
– Xeyr! Düzü hadisələr elə sürətlə baş verdi və sonralar da hər gün yeni mövzular… Heç bu barədə soruşmaq ağlıma belə gəlməyib. İstəyirsiniz indi bu barədə özündən soruşaq.
– Şok, şok, şok! İndi uzun illər sirr kimi qalan bir məsələnin üstü “Qəribə dünya” TV-nin izləyicilərinə məlum olacaq. Paylaşın, paylaşın ki, qoy digər bixəbərlərin də bu məsələdən xəbəri olsun!
Salam, Bərəkət xanım! Nəzərinizə çatdırım ki, biz canlı yayımdayıq. İndi bütün dünya bizə baxır. Həmin günü, o məlum hadisə baş verən vaxt, siz ilk dəfə institutda iş otağında Fağır müəllimə, – üzür istəyirəm, – Hacı Fağır Naxırçıyevə yaxınlaşıb, “tük hansı gözünüzə düşüb?” sualını verəndə ürəyinizdə hansı arzunu tutmuşdunuz? Zəhmət olmasa. Çox dəyərli “Onun həyat yolu” proqramının daimi izləyiciləri, diqqətiniz bizdə olsun, indi çox vacib, bir məlumat olacaq. Uzun illər sirr kimi qalmış bir olayın üstü açılacaq!
– Olar ki, bu məsələ elə belə də sirr olaraq qalsın?
– Xeyr! Xeyr! Siz nə danışırsınız? Elə iş olmaz! Deyin! Bərəkət xanım, çox xahiş edirik, izləyicilərimizi intizarda qoymayaq. O nə arzu idi ki, belə bütün həyatı kökündən dəyişdi.
– Yaxşı deyəcəm.
– Ura! Diqqət! İndi çox vacib bir məsələdən xəbərdar olacağıq! Buyurun Bərəkət xanım!
– Hacını ilk gördüyüm gündən, – düzdü, onda hələ hacı deyildi, – onun alicənablığına, səmimiliyinə, insanlığına vurulmuşdum. Savadı, ziyalılığı da öz yerində. Subay olduğunu və tək yaşadığını bildikdən sonra isə sözün əsl mənasında istəyirdim onu… Həmin gün də tam olaraq arzum belə idi: “Ey böyük Allahım, bu kişi mənim olsun!”
– Eşq olsun! Nə gözəl, nə gözəl! Demək xəyyallarınız gerçək oldu?
– Bəli! Özü də bir göz qırpımında.
– Doğrudan, Fağır müəllim! Üzr istəyirəm dəyərli, çox hörmətli Hacı, gözdən söz düşmüşkən, bəs necə olur ki, siz həmişə tükün hansı gözünüzdə olduğunu düz tapırsınız?
– Əşi, bu tük lap yeniyetməlik vaxtından sol gözümün altında bitib, həmişə də ordadır.
12 dekabr 2025, Bakı.
Müəllif: Zaur USTAC
AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

Şamsız Zəngəzurun qədim kəndidir
Şamsız (Dzorak) – Zəngəzur mahalının qədim tarixə malik olan kəndlərindən biridir.
Şamsız kəndi Qafan – Gorus yolunun sağ tərəfində Ağbulaq, Qurdqalaq və Şurnuxu kəndlərinə yaxın, meşənin içərisində, Daşbaşı – dağın ətəyində, Gorus – Qafan yolu ilə Ağbulaq kəndi arasında yerləşir.
Ata yurdum olan Şamsız kəndi Zəngəzur mahalının Gorus rayonuna aid olan beş azərbaycanlı kəndindən biridir. Bu kənd ata – babalarımızın bizə qoyub getdiyi ən böyük sərvətdi. Qədim tarixə və zəngin mədəniyyətə malikdir. Bu toponim P. Zelinskinin tədqiq etdiyi qeydlərdə vardır. Q. Qeybullayev o adın Qızılbaş tayfasından olduğunu qeyd etmişdir.
Kənddə 1897-ci ildə 124 nəfər, 1914- cü ildə 186 nəfər, 1916 –cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918 –ci ildə kəndin əhalisi erməni quldur dəstələrinin hücumuna məruz qalaraq kəndi tərk etməyə məcbur olmuşlar. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi etnik torpaqlarına dönmüşlər . Burada 1926 – cı ildə 54 nəfər, 1931- ci ildə 52 nəfər, azərbaycanlı yaşamışdır. 1949 – cu ilin oktyabr ayına qədər kəndin 26 evdən
( bəzi evlərdə 2- 3 ailə yaşayıb) ibarət əhalisi kənddən çıxarılmış, deportasiya olunmuşdur. Deportasiya olunanlar əsasən Yevlağın Malbinəsi, Salahlı kəndlərində, Bərdənin Cijimli kəndində və Ağdamda məskunlaşmışlar.
1941 – 1945 – ci illərdə Böyük Vətən müharibəsi zamanı şamsızlılarda müharibədə iıtirak etmişdir. Onlardan 13 nəfəri müharibədən qayıtmış, 4 nəfəri isə qayıtmamışdır.
1935 – ci ildə kənddə “26 komissar” adına kolxoz qurulmuş, ibtidai sinif, klub, mağaza 1949- cu ilə qədər fəaliyyət göstərmişdir. Deportasiyadan bir neçə il sonra vətən həsrəti ilə yaşayan şamsızlı ailələrdən bəziləri Şamsız kəndinə qayıdıb və orada yaşamışlar. Lakin kəndin kolxozu Ağbulaq kəndinin kolxozu ilə birləşdirildi. Ferma isə Şamsız kəndində yerləşirdi. İbtidai sinif yenidən açıldı və 1974 –cü ilə qədər fəaliyyətini davam etdirdi. Mağaza isə bir evin zirzəmisində yerləşmişdir. 1988-ci ilə qədər fəaliyyət göstərmişdir.
1988- ci ildə isə kəndin əhalisi yenidən erməni təcavüzünə məruz qalaraq kəndi məcburən tərk etmişlər.
Təbiətin bütün gözəlliklərini özündə əks etdirən Şamsız kəndini, Ağbulağa gedən yol iki yerə ayırır. El arasında yoldan yuxarıda olan hissəyə yuxarı məhlə, yoldan aşağıda olan hissəyə isə aşağı məhlə deyilir. Kənd dağın ətəyində, daşbaşının altında meşənin içərisində yerləşir. Kəndin toponimlərinə Yuxarı məhlə, Aşağı məhlə, Süleyman bulağı, Ağ bulaq, Xor-xor bulaq, Soyuq bulaq, Ayna bulaq, Xallava bulağı, Qəhrəman bulağı, Taxta körpü, Daş körpü, Qum dərəsi, Sulu dərə, Kəpəz dağı, Daşbaşı, Kaha, Dəf yalı, Kotan yalı, Üç ağac, Alçalıq, Armudluq, Almalıq, Cilli çəmən, İsmayıl çəmənliyi, Şamolu yurdu, Təpəsər və Biçənək daxildir.
Kənd sakinləri deyirdilər ki, Qaçaq Nəbi dəstəsi ilə dağın başında yerləşən kahada gizlənirmiş.
1949 – cu ilə deportasiyaya məruz qalan, vətən həsrəti ilə dünyadan köçmüş Şahsuvar Cəfərov yazdığı bayatılarında kəndə aid toponimlərin adlarını çəkmiş dir.
Şamsız bayatıları
Əzizim Daşbaşına,
Çıxaydım daş qaşına,
Ordan hər yana baxıb,
Güc verib göz yaşına.
Əzizim Kəpəz qaldı,
Baxmadıq Kəpəz qaldı
O bahar köç eylədi
Yurdunda Kəpəz qaldı.
Əzizim Xor-xor bulaq,
Dəf yalı, Xor-xor bulaq,
Vətən erməniyə qaldı,
Xorulda Xor-xorbulaq.
Əzizim Ayna bulaq,
Gözündən qayna bulaq,
Elimiz köç eylədi,
Dərdimi söylə, bulaq.
Əzizim Suludərə
Su vermə, sulu dərə
Vətən düşmənə qaldı
Qalasan quru, dərə.
Əzizim Cərgədaşı
Tarixdir Cərgədaşı
Biz köçdük, sən qalırsan
Cərgələn , Cərgədaşı.
Əzizim Kotanyalı
Böyük yer, Kotan yalı
El köçdü, oba köçdü
Hər yanın qaldı xalı.
Əzizim Təpəsərdən
Yel əsdi mənə sərdən,
Mikoyan hiylə qurdu
Milləti etdi sərgən.
Əzizim Qanlı gədik
Qədimdən Qanlı gədik
Erməni qan axıtdı,
Sən qaldın qanlı, gədik.
Əzizim ay Niyadar,
Hökumət Verdi qərar
Elimiz köç eylədi
Yurdu qaldı tarimar.
Əziziyəm boy otu
Kəklikotu, boyotu
Çayına mən həsrətəm
Söyləyirəm bayatı.
Əzizim Qalaboynu,
Çay zəmi, Qala boynu,
Rusun fitvası ilə
Erməni qurdu oynu.
Əzizim ay bənövşə
Lalə, nərgiz, bənövşə
Biz köçdük, siz qaldınız
Bəzək vurun dağ döşə
Doyunca gəzim, meşə.
Əzizim uzun meşə
Bu dərdə dözüm meşə
Arzum budur səndə bir
Doyunca gəzim, meşə.
Əzizim zirə qaldı
Qantəpər, zirə qaldı
Şamsıza qayıtmağım
Qiyamət günə qaldı.
Əzizim div damları,
Daşdandır div damları
Şamsız xaraba qalıb
Yox imiş adamları.
Şamsız haqqında Təvəkkül Goruslu “Şamsız”, kənd sakini Zərifə Əliyeva “Kəndimiz” adlı şeirlər, Qiyas Quliyev “Şamsızdan gələn köç” adlı əsər yazmışdır.
I Qarabağ döyüşləri zamanı Şamsızda anadan olmuş Quliyev Seymur Misir oğlu 02. 09. 1992 – ci ildə Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəman
casına şəhid olmuşdur. Şamsız kəndində anadan olmuş orada böyümüş 1949 -cu ildə deportasiya olunan 1934 – cü il təvəllüdlü mülki şəxs Əliyeva Sürəyya Bayram qızı Xocalı faciəsi zamanı şəhid olmuşdur. Əslən Şamsız kəndindən olan daha 3 nəfər Qarabağ döyüşlərində şəhid olub, 6 nəfər isə müharibə Onlar döyüşlərdə iştirak edərək medallarla təltif edilmişdir.
Görkəmli alim, tex.e.d. professor Xansuvar Fərzəli oğlu Cəfərov, (Azərbaycan Milli Ensiklopediyasında adı var), Sosialist Əməyi Qəhrəmanı Tamara Bəbir qızı Heydərova ( Azərbaycan Sovet Ensiklopediyasında adı var), Beynəlxalq dərəcəli hakim, Boks üzrə SSRİ idman ustası Məmməd Fətəli oğlu Eyvazov(ibtidai sinfi Şamsızda, 8-ci sinfə qədər isə Ağbulaq kəndində oxuyub. Azərbaycan Milli Ensiklopediyasında adı var), Şamsız kənd sakinləridir. Əslən Şamsızdan olan bir çox tanınmış şəxsiyyətlərdən biri də Filologiya elmləri doktoru, professor Zahid Xəlildir.
Şamsız kəndində 1988 –ci ildə əhali kəndi tərk etməyə məcbur olmuşlar. Ermənilər Ağbulaq kəndindən olan Əsgərov Bərxudarı da qətlə yetirmişdilər.
Hələ 1944- cü ildə Şamsiz kəndinin kolxoz sədri Sona Məmmədova (quçağında körpə uşağı), sovet sədri Adıgözəlov Usub və kəndin ibtidai sinif müəllimi İsa Quliyev rayon mərkəzindən qayıdarkən taxta körpüdə erməni əsilli qaçaq Levon onların qarşısını kəsmiş və atəş açmışdır. Bu zaman Sona Məmmədova atdan yıxılmış başından xəsarət almışdır. Qızı Zərqələm isə heç bir xəsarət almamışdır. Zərqələm hal –hazırda Yevlax şəhərində yaşayır.
Kənd ta qədimdən ermənilərin təcavüzünə dəfələrlə məruz qalmışdır.
Qəbrista lıq Gorus –Qafan yolundan kəndə tərəf döndükdən sonradaş körpüdən kənd istiqamətində, yolun sağ tərəfində 150 – 200 m məsafədə dağın döşündə yerləşir. Qəbristanlıqda yeni məzarlarla yanaşı köhnə məzar da əhali tərəfindən qorunub saxlanırdı. Əhali kəndi tərk etdikdən sonra məzarlar ermənilər tərəfindən dağıdılmışdır. Hal – hazırda peyk vasitəsilə baxdıqda evlərin də ermənilər tərəfindən dağıdıldığı aydın görünür. Kənddə yerləşən ferma binasının (kolxoz birləşsə də ferma Şamsız kəndində idi) dağıdılmaması aydın görünür. Fermanın qarşısında maşınların olması onu göstərir ki, ermənilər fermadan istifadə edirlər.
Vətən həsrətilə yaşayan şamsızlılar ümid edirlər ki, tezliklə dədə – baba torpaqlarına qayıdacaqlar. O günü səbirsizliklə gözləyirlər.

Müəllif: İnarə Şahsuvar qızı Musayeva
Qərbi Azərbaycan Gorus rayon icmasının üzvü
Şamsız Zəngəzurun qədim kəndidir PDF
ZAUR USTACIN YAZILARI
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında
I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I
I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir olaq Güclü olaq Vətənimizə Dəstək Olaq
Vətənimizin qüdrətinin artmasına öz töhfəmizi verək!
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. . 1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə, dövlətçiliyə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi və xidmətlər, xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq vacibdir. “Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq”- istiqamətində aparılan işlərin nəticələri sevindiricidir. Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! Allahın qüdrəti, Zamanın diqtəsi: Azərbaycan dövlətinin Zəfər yürüşü, Qayıdışın başlanmasının nəticəsidir Qələbə! Dünyanın Azərbaycan maraqları, heyranlığı, dilə gətirdiyi: -Azərbaycanın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Xalqın, dövlətin, Silahlı Qüvvələrin birliyi! Vətən sevgisi! İgid oğulların göstərdikləri rəşadətlərlə Qürurlanırıq! Azərbaycanın hər bir vətəndaşı səfərbərdir! Müstəqil dövlətimizin müdafiəsi, qorunması dünyanın hər çür var-dövlətindən, nemətindən qiymətlidir! Məkrli düşmən hiyləsinə qalib gəlmək üçün bir olub yumruq olmaq zamanın diqtəsi və tələbidir! Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir! Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq. Cözün aydın Azərbaycan Dünyası! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz oldu! Torpağında Şəhid yatan Qarabağımız var! Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları!.
Vətəni Sevmək İmandandır!Vətəndən öncə heç nə yoxdur! Hamılıqla məsuliyyət daşıyırıq! Bir olaq güclü olaq, ədalətli olaq! Vətən hamının dünyaya göz açdığı, torpaqinda uyuduğu məkandır! Vətənini, dilini, dinini sevəsən, sevmək azdır, həm də onu sevdirəsən! Olum-ölüm məqamında edilən səhvi Allah heç bir bəndəsinə bağışlamaz! Qəlbimizdə olan ambisiyaları öldürək, Vətənimizin, dövlətimizin, dövlətçiliyimizin qorunması üçün bir olaq!
Hər zaman düşünək:- Vətən bizim üçün hər şeydir. Biz Vətən üçün nə etmişik! “Vətən anadır” – kəlməsi eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Hər bir insan üçün əvəz olunmaz məkandır onun Vətəni. Olan Vətən sevgisi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Qarabağ uğrunda şəhid olan generalımız Polad Haşımovun, yüksək rütbəli zabit və əsgərlərimizin, mülki vətandaşlarımızın, nigaran ruhlarımızın rahat olmas üçün bizim Qarabağ torpağını düşmən tapdağından azad etməyimiz ola bilərdi. Şükür bu baş verdi. Qarabağda Vətənin azadlığı uğrunda əbədiyyətə qovuşmuş şəhidlərin məzarı başında hörmətlə dayanıb, sevinc göz yaşları içində: -Gözünüz aydın Vətən oğullarl, biz yurdumuzu yağılardan azad etdik sözünü deyə bildik! Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürurvericidir. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağıtək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.
Gözün aydın Azərbaycan Dünyası! Yolumuz Haqq yoludur! Bir yumruquq, Birliyimiz Əbədi! Sözümüzün var kəsəri! Dünya nizamına imza atırlq! Azərbaycan Türkiyə modeli yaradırıq! Azərbaycan Sərq ilə Qərb arasında Qapıdır! Dünya üçün Böyük İpək Yoludur! Üzüyünün Qaşı, Başimizın Tacı Qarabağ! Qürurumuz Dövlətimiz, Millətimiz, Ordumuz! Tarix yazan Ali Baş Komandanımız! Şəhidlər Ölməz, Vətən Bölünməz! Qarabağda dalğalanan Bayraq, Bir daha enməz!
Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılmasında imzası olan Vətən övladlarına mənəvi dəstək olmaq əsas qayəmizdir.Tarixi torpaqlarımızın düşmən tapdağından təmizlənməsində əldə etdiyimiz uğurlar Allahın qüdrəti, zamanın diqtəsdir. Dünyanın Azərbaycan maraqları , heyranlıqla dilə gətirilən:-Azərbaycannın öz torpaqlarını işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti!Vətən müharibəsinin 44 günə başa catmısı üçün Xalqımızın birliyi, igid oğullarimizin göstərdikləri rəşadətlər Qürurvericidir!
Yurd yerinin həsrətinə son verildi! Xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etmək xoşbəxtlikdir. Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətinin yeni səhifəsi Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılması birliyimizin təntənəsidir. Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında imzası olan oğullarımızla yanaşı Dünya Azərbaycanlıları xaricdə aksiyalar keçirmiş, döyüş bölgəsinə maddi, mənəvi dəstək göstərilmişlər. Azərbaycandan kənarda yaşayan şəhid ailələrinə mənəvi və maddi dəstək göstərmiş soydaşlarımız vardır.
Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan gözlərin aydın Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir!Xilaskar Azərbaycan ordusunun qanı ilə, canı ilə Şuşanı 30 ildən sonra azad etməsi bizim üçün:
-Qeyrətimizin, namusumuzun üzərindən ləkənin götürülməsi, sınmış ruhumuzun qaytarlması, Şəhidlərimizin ruhunun şad olması, Xocalının qısası, mənfur düşmənə verdiyimiz tarixi dərsdir! Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq!Qarabağın azad olunmasında şəhid olmuş Vətən oğullarımız , Qazilərimiz cəmiyyətin həssas üzvü olmaqla diqqət, qayğı, hörmət və ehtirama layiqdirlər. Gərəkdi onların səsi vaxtında eşidilsin, problemləri dərhal həll olunsun. Buna gücümüz yetər!
Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətlərinin yeni səhifəsində Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılmasında imzası olan Vətən övladlarına mənəvi dəstək olmaq əsas qayəmizdir! Vətən müharibəsində ömrünü, sağlamlığını xalqına, Dövlətinə, dövlətçiliyin möhkəmləndirilməsndə həsr etmiş, böyük zəhmətlər bahasına əldə olunan uğurlara imza atmış oğulların ömür yolu gənclər üçün öyrənilməli nümünədir!
Dünyada yaşayan bütün azərbaycanlılar bu gün qüdrətli, Qalib,müstəqil Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edirlər! Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Dünyada yaşayan bütün azərbaycanlıların dünya xəritəsində Azərbaycan kimi dövləti var, öz sözünü deyir, deyəcək, uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir. Dünyamızı qorumaq, İnsanığın qorunsası üçün bir olaq birləşək! Türk xalqları arasında birlik və dostluğun gücləndirilməsi birgə əməkdaşlıq, dəyərlərin qorunması və təbliği, Vətənə və İnsana sevgi! Yaradanın yaradıqlarını sevməklə qorumağanın yolu: İlahi eşqidən, mənəviyyatdan ,halal və düz yolda olmaqdadır! Yeni Era Türk erasıdır.Türk dünyasının uğurlarına dəstək olmaq, dünyada sülhün, əmin amanlığın qorunmasına töhfə vermək üçün daha səylə çalışmaq gərəkdir.
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar. Bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Əziz Vətən Övladları:-Həmrəylik günü hər bir azərbaycanlı üçün birlik!İnsanlığın qorunması üçün bir olaq!

Zülfiyyə Vəliyeva
ADPU,ETM-nin böyük elmi işçisi
Respublikanın Əməkdar Müəllimi
Akademik M.Mehdizadə mükafatı laureatı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

EY HURİCAMAL
“Gərçi məndən surətin qaibdir, ey huricamal,
Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!”
İmadəddin Nəsimi
Camalın pünhan sanıldı,
Çünki, gözlər görməz onu.
Gözlər görməz, könül görər,
könülsə, hərfə möhtac…
Mən səni gözlə gəzmədim,
Çünki, göz zahiri görür.
Bütün zahirlərsə, hicab.
Səni hərflərdə gördüm —
“əlif”də qaim vücudun,
“be”də bükülən sirrin var.
Həqiqətlər “nöqtə”də cəm…
Hərf oxunur, yox olmur,
oxunmadan da, mövcuddur.
Sənin camalın da belə:
nə görünməklə var olur,
nə də gizlənməklə itir.
Mən sənə heç “gəl” də deməm,
Çünki, “gəlmək” də bir hicab…
Üfurdüyün ruh canımda,
Dik tutan iliyimdəsən!
27.12.2025. Bakı.
Müəllif: Zaur USTAC
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında