Tahirə İlyasqızının kitabı – “Ziyadar” Mükafatı N: 067 31.03.2021 – BAKI.
Hamımızın sevimlisi Tahirə İlyasqızının “Könlümün harayı” adlı yeni kitabı işıq üzü görüb. “Yazarlar” jurnalı ənənəyə sadiq qalaraq müəllifi yeni kitabların nəşrinə görə təqdimolunan “Ziyadar” Mükafatı ilə təltif edib.
Tahirə İlyasqızının diplomu – “Ziyadar” Mükafatı N: 067 31.03.2021. – BAKI.
Laureatı bu münasibətlə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Tahirə xanım!
Mayıl Dostu – Pedaqogika üzrə fəlsəfə doktoru, şair.
Bu gün pedaqogika üzrə fəlsəfə doktoru, şair Mayıl Dostunun doğum günüdür! Ad günü münasibəti ilə Mayıl müəllimi təbrik edir, uzun və sağlıqlı bir ömür, bütün işlərində müvəffəqiyyətlər arzu edirik!!!
Dramatik növün sinkretik mahiyyəti və sənətkar üçün qarşıya qoyduğu tələblər o qədər mürəkkəbdir ki, hətta uzun illər qələmini bu ədəbi növün komediya, faciə, dram kimi müxtəlif janrlarında sınayanlarda belə bəzən müvəffəq nəticə alınmır. Çünki dramaturgiyada qızıl ortanı – açarı tapmaq başlıca şərtdir və bu, uğurun başlanğıcıdır.
Artıq bir neçə ildir ki, biz ədəbi mühitdə yazıçı – esseist kimi sevilərək oxunan Pərvinin öz yaradıcılıq yolunu – taleyini teatrla, səhnə ilə yaxından bağladığını müşahidə edirik.
Əslində, Onun imzasını teatrla bağlı yazılarda on il öncə də görürdük. Pərvin mütəmadi olaraq müxtəlif teatr tamaşaları ilə bağlı resenziyalar, Bakıda və xarici ölkələrdə keçirilən Beynəlxalq Teatr festivalları, konfranslar barədə məqalələr yazır və eləcə də sənət aləmində xüsusi – dəsti olan teatr xadimləri ilə ustad dərsləri səviyyəsində söhbətlər edir, müsahibələr aparırdı.
Təbii ki, bu müəllifin içindəki səhnəyə, görümlü mətnə, sinkretik sənətə olan daxili bir tələbat idi və həmin mənəvi ehtiyac “Qoğalın nağılı”, “Dəcəl keçi”, “Mauqlinin yeni ili”, “Nənələr ərə gedir”, “Sonuncu” kimi pyeslərin yaranması ilə gerçəkləşdi.
Və sevindirici haldır ki, gənc dramaturqun bu əsərləri təkcə paytaxtımızda deyil, eyni zamanda müxtəlif rayon və şəhər teatrlarında da uğurla səhnələşdirilir.
2019-cu ilin payızında Pərvin birgə çalışdığı həmkarları – gənc və yaradıcı rejissor Ayla Bəhramqızı, məlahəti və istedadı ilə sevilən aktrisa Səbinə Məmmədova ilə ölkəmizin hüdudlarından çox-çox uzaqlarda – Türk dünyasının mədəniyyət paytaxtı, Qırğızıstanın Oş şəhərində keçirilən “Art – Ordo” VII Beynəlxalq Teatr Festivalında ölkəmizə “Mən öləndə ağlama” lirik monotamaşası ilə birincilik qazandırdı. Həmçinin pyes 2020-ci ilin fevralında Türkiyədə Diyarbakır Mordem Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Solo Beynəlxalq Teatr festivalında böyük pərəstiş və alqışla qarşılandı. Əslində, bu əsər hər üç yaradıcı gəncin – üç zərif istedadın sənət aləmində özünütəsdiqi üçün böyük istinad nöqtəsi oldu.
Müsahibələrinin birində Pərvin deyir ki: ““Mən öləndə ağlama” Mənim, Aylanın və Səbinənin fikrində, düşüncəsində növbəti mərhələ, pillə, mərtəbə oldu. Ona görə hesab edirəm ki, bu iş bizim üçün həyati əhəmiyyət daşıyır. Mən hər zaman pozitiv olan və illər öncə “Dəcəl keçi” uşaq pyesimə çox oynaq, şıltaq bir quruluş verən Aylanın daxili aləmini anladım, gördüm, kəşf etdim özüm üçün. Həmçinin Leyli, Gövhərtac, elə Dəcəl keçi obrazları ilə sevdiyim Səbinə Məmmədova mənim aktrisamdan mənim ADAMıma çevrildi”.
“Mən öləndə ağlama„ dramaturgiyamızda yeni bir hadisədir. Əsərdə dərin psixologizm, orijinal kompozisiya, subyektiv düşüncə, obrazlılıq, bənzərsiz və zərif yazı manerası və eləcə də intersemiotika – görünənlərin gizli mənası aparıcı səciyyə daşıyır, ifaçının bədən dili müəllifin ideyası ilə birbaşa assosiasiya yarada bilir. Pyes boyu situasiyaları həssaslıqla çatdıra bilən musiqilərin seçilməsi, orijinallığı, qəhrəmanın həmin melodiyaların sədası altında rəqs eləməsi sanki zərgər incəliyi ilə işlənmiş detallardır… Müəllif mürəkkəb, bəzən mücərrəd görünən fikirləri, hissləri o qədər təbii, doğma bir axarda təqdim edir ki, sanki hissin mənzərəsini yaradır. Hələ tamaşaya baxmazdan öncə sadəcə pyesi oxuduqca rastlaşdığın hadisələr gözünün önündə canlanır, film aurası yaradır.
Əsərin əsas psixoloji konfliktini Leylanın qurduğu xəyalları, arzuları ilə üzləşdiyi reallıq arasındakı barışmaz mübarizə təşkil edir. Əvvəldən sona kimi bu mübarizə hadisələrin hərəkətverici qüvvəsinə çevrilir. Sərt, illüziyaları məhv edən həyat Leylanın arzu və ideallarını dağıdır. İstedadlı dramaturq bu məqamda əsərin əsas estetik ağırlıq mərkəzini obrazın mənəvi-əxlaqi sahəsinə, daxili mahiyyətinin açılmasına yönəldir. Yaşadığı psixoloji gərginliklər Leylanı tənhalaşdırır, Amma Pərvin oxucunu – tamaşaçını bədbinləşməyə qoymur. Yenə də SEVGİ öz xilaskar missiyasını həyata keçirir. Sevdiyi kişinin mənəvi dəstəyi ilə Leylanın alt-üst olmuş xəyalları başqa bir formada reallaşır.
“190 yaşlı həmdəmim” essesində Pərvinin maraqlı bir fikrini oxuyuruq: “Bütün sənətin, ədəbiyyatın niyyəti İlahi həqiqəti anlamaq və bir az da “məngənəyə” salmaq, özününküləşdirməkdir. Bu mənada yaradıcı adamların Allahlıq iddiası da başa düşüləndir”.
Qəribə səslənsə də, Allahın bütün yaratdıqlarından hər yönüylə fərqləndirdiyi, Seçdiyi bəndəsi olduğu kimi, qələm adamının da sevə-sevə, oxşayıb əzizləyə – əzizləyə yaratdığı obrazı, qəhrəmanı olur. Bu mənada, Leyla Pərvinin yaradıcılığının Seçilmişidi…
Bu qəmlər ki, mənim vardır, bəyirin başına qoysan,
Keçər kafər cəhənnəmdən, gülər əhli – əzab oynar…
-deyir Füzuli. “Bəyir” – dəvəyə deyirlər. “İncil”də də, “Tövrat”da da belə bir məqam var: “Dəvə iynənin gözündən keçərsə əgər, günah əhli, kafirlər yalnız o zaman bağışlanar.” Əvvəllər Füzulini oxuyanda bu böyüklükdə beytin mahiyyətini anlamamışdım. Sonra təsadüfən İncildə o fikirlə qarşılaşanda: “Füzulinin Qəm yükü nə qədər böyükmüş, İlahi”, deyə pıçıldadım öz – özümə. O qədər böyük ki, onu bəyirin – dəvənin belinə qoyanda bəyiri iynənin gözündən keçirəcək, kafiri cəhənnəmdən çıxaracaq…
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Heç görmüsünüzmü qanmazın, hissizin, duyğusuz – duyarsızın birinə Allah dərd verə? Görə bilməzsiniz… Çünki Dərd o qədər müqəddəs şeydir ki, Allah onu da qanana – seçdiyi bəndəsinə – dərd qədri bilənə verir. Verir, sonra o dərdin Adamın üzündə necə şəkilləndiyinə, bəndəsinin o Dərdi övladıtək əzizlədiyinə – canının parçası kimi sahib çıxdığına Allah özü də məəttəl qalır…
… Pərvinin yaratdığı Leyla da məhz belə bir sənət möcüzəsidi… Acıların bətnindən doğulan qadındı Leyla…
Hamı kimi olmağa – dağda dağı, daşda daşı görməyə nə var ki?! Hamının görmədiyini görməkdi Leyla olmaq….
Bu ömrü yaşamaq həm də əzabdır və Leyla bu taledən qaçmağa çalışır, əslində. Amma nə qədər qaçırsa, yenə də O taleyə doğru gedir, beləcə Leyla ömrü başlayır. Bu ömür ona dünyanı hamının gördüyü kimi görməyə imkan vermir. Daha duyarlı olmaq daha çox əzabla yaşamaq – “dəli olmaq” deməkdir.
“Bax bu nədi axı, adamı da bu günə qoyub müalicə eləyərlər?! Mən bəyəm dəli zadam?! Həkim deyir – psixi pozğunluqdu… Pozğunluq a… Nolar, qoy mənim də psixikam pozğun olsun da… Düz demirəm sən Allah, adamı bağlayıb düz yola qaytararlar, mən pozğunam bəyəm?!”– deyir…
Nə qədər barışmasa da, bu, Leylanın taleyidir, ömrüdür. Bu ömrün rahatlığı, dincliyi yoxdur, bu ömrün cəfası səfasından çoxdur, hər anı, hər dəqiqəsi dərddi, əzabdı, taleylə vuruşdu, döyüşdü!
… “Adamı da bağlayıb müalicə edərlər?! Azadlıq olmayan yerdə nə müalicə?!” – deyə fəryad qoparır sanki Leyla…
Valideynlər arasında yaranan uçuruma həmişə uşaqlar yıxılırlar. Ataların bitmək bilməyən ehtirasları, anaların eqosu, “camaat nə deyər?” kimi natamamlıq komplekslərinin əzablarını Leylalar çəkir həmişə…
Pərvin əsərdə bu məqamı elə həssaslıqla yazıb, Leylanın daxili əzablarını, körpə ruhunda tüğyan edən təlatümləri elə canlandırıb ki, bu səhnəni göz yaşlarına boğulmadan izləmək olmur…
“Eeeehhhh burax cəhənnəm olub getsin də, ay arvad, gedəni saxlamazlar, nə görmüşdün ey bu kişidə?! Neynirdim e elə atanı?! Ay başına dönüm, aşıb-daşırdım, amma adam sayan yox idi ey məni…
(uşaqlıq arzuların sadalayır, həm də balaca uşaq kimi) “Ana, rəqsə qoy da məni, rəqqasə olum”, “Ata, şeir yazmışam ey, oxuyum da sənə”, “Ana, nolar qoy gedim də məktəbdəki dərnəyə”, “Ata, icazə verərsən uşaqlarla xora yazılım”
(valideynlərinin dilindən danışır) Yox, olmaz, qaxıl otur yerində, bircə bu çatışmırdı, qələtini elə… (əli-qolu yanına düşür”
Pərvin bir essesində yazır ki: “Mübarizə insanı formada saxlayır! Hər yeni maneəni aşdıqca güclənirsən, bir az da enirsən öz içinə, yeni imkanlarını kəşf edirsən, nələrə qadir olduğunu anlayırsan…”
Yaşadıqları, həyatın ona vurduğu sərt zərbələr də zərif Leylanın içindəki güclü qadını ortaya çıxarır, əzildikcə mətinləşir, həyatın hər üzünü, əzabını gördükcə “ölümüylə barışmayıb öz külündən doğulan bir Səməndər quşuna…..” çevrilir: “Bax onda başa düşdüm ki, təhsili buraxmaq olmaz, hüququ yaxşı öyrənib vəkil olmalıyam, məhz onda qandım bunu, özü də zorlanmış qadınları müdafiə eləməliyəm…”
Cəmiyyəti bataqlığa çevirən yaramazlıqları, mənəvi iflası bütövlükdə qanun açıb göstərə, tənqid edə bilmir. Qanun sürüşkən xislətli insanın mənəvi pozğunluğunu yox, cinayəti cəzalandırır. Qanunların, cəzanın dairəsindən kənarda qalan eybəcərliyi Pərvin Leylanın diliylə tənqid edir, Kefli İsgəndər kimi Leyla da “diri ikən ölü” mühitə meydan oxuyur.
“Bir gün Süleyman peyğəmbər yol gedərkən belində torpaq daşıyan bir qarışqaya rast gəlir. Torpağı hara daşıdığını soruşur qarışqadan… Qarışqa cavab verir: mən birinin eşqinə tutulmuşam. O mənə deyir ki, əgər sevgində doğrusansa, onda bu təpənin torpağını qarşıdakı təpəyə daşı. Süleyman peyğəmbər gülür: Axı, sənin ömrün yetməz bir təpənin torpağını o birinə daşıyasan. Təpəni yerindən eləməyə bir qarışqa ömrü bəs eləməz. Qarışqa cavab verir: Bilirəm, ömrüm yetməz. Amma onu da bilirəm ki, ömrüm bir eşqin cəfasını çəkməkdə keçəcək.”
Nə qutsal bir eşq… Bütün ömrünü bir eşqin cəfasına həsr etmək… Bunun adı nə sevgi, nə də fədakarlıq deyil. Bu duyğuların adı yoxdu dilimizdə… Bir ömrün buna yetməyəcəyini bilə – bilə ağır olduğu qədər də müqəddəs yükü daşımaq… İzaholunmaz bağlılıqdı… Leylanın Mikayıla vurulduğu, sevdiyi, aşiq olduğu kimi:
Yaş fərqindən danışma mənə… Sənin 51 yaşın var, mənim 30 … Cəmi-cümlətanı 21 yaş fərq nədi ki?! Taleyini mənimlə bağlamaq istərdin?!
(qəhqəhə çəkir birdən) Hahahahaha, mənim poetik şəkildə, səliqəylə dediyimi əla çevirirsən e… Məni alardın demədim axı, dedim taleyini bağlamaq istərdin?! Sən heç bilirsən necə əla bacarırsan sevməyi?! Sən heç bilirsən nə gözəl öpüşürsən? Öpüşünün dadını düşünürəm, tapa bilmirəm nədi. Bir az şabalıd qoxusu gəlir dodaqlarından, bir az qaymaq, bir az bal… Təbiətdə bu dad var, amma tapa bilmirəm nədi?! Məni necə dəyişmisən?! Necə elədin axı bunu?! Niyə gəldim ki yanına?! Axı hamıdan zəhləm gedirdi?! Elə baxdın ki, özümü qadın hiss etdim… Mika canımdı… Ay Mika, Mikayıl, adının qurbanı olum! Məni həmişə sev, nolar… Bu günki kimi, dünənki kimi sev!”
Nakam eşqi, ayrılığı, lap elə bədbəxtliyin özünü də ünvanladığın Eşqin – aşiqinin xatirinə əzizləyib oxşamaq, Dərdi Alın yazısı kimi sinəyə çəkməyi bacarmaq da bir cür böyüklükdü – Leylaya xas olan qeyri-adilikdi….
Leylam, sənin qocalığını görməyəcəm…
Bəsdi, demə, heç nə danışma… Mən sənə minnətdaram… Axı biz Şubertə qulaq asmalı idik… Belə eləmə, qurban olum. Təslim olma, sən güclüsən… Söz vermişdin mənə…
(kişinin adından) Mən öləndə ağlama…
Yaxşı, ağlamıram… Bax gülürəm… Gülürəm…
(arxası səhnəyə əlini yuxarı-aşağı edib kardioqrammanı, ürəyin ritmini göstərir, sonra birdən düz xətt “çəkir” əllə… Başını aşağı salır, qolları yanına düşür… Sonra yastığı qucaqlayıb ağlayır… Hönkürür. Sonra üz-gözünü silir… ) – Yaxşı, ağlamıram, gülürəm, gülürəm…
Bu dünyada bütün ağrılara məlhəm tapmaq olur, lap Allah kəsmiş, diş ağrısına da… Amma Leylanın “həyatı ağrıyır…” Adamın “həyatı ağrıyanda” heç bir məlhəmlə ovutmaq olmur sızıltısını…
“İsinmədim istisinə, kor oldum tüstüsünə deyirlər belə sevginin…” Leyla da içində istisinə isinmədiyi, tüstüsünə kor olduğu, ruhunu darmadağın edən nakam sevgisindən, o sevgini doya – doya yaşamağa macal tapmadan araya qəfil hicran salan vaxtsız ölümdən… danışır. Ki, bəlkə ürəyi boşala… Ki, bir az səbbi alına, unuda yaşadıqlarını… Amma Leyla danışdıqca bütün yaşananları daha da unudulmaz edir, əbədiləşdirir, xatirəyə – Sözə çevirir. Nakam sevgisi və … və… Ölüm…
Təkcə Leylanın yaşadıqlarında yox, geniş mənada düşünəndə Pərvinin yaradıcılığında, bütövlükdə ədəbiyyatda, musiqidə, sənətdə bəlkə də “Sevgi və Ölüm” mövzusu olmasaydı, heç ümumiyyətlə, sənət əsəri yaranmazdı. Yaransaydı da, “Ölümün yaratdığı” səviyyədə olmazdı.
Platon “Hər bir yaradıcılıq öz gücünü ölümdən alır” – deyirdi, Ölümlə təmasdan yaranır, Ölümün “canından” qopur. Əsl sənət nümunəsi əslində, o ucsuz – bucaqsız qaranlığa – Ölüm adlı əbədiyyətə açılan pəncərədi.
“Ölüm – Haqqdır” – Ölüm Tanrının ən çox yazdığı və heç vaxt yazmadığı həqiqətdir…
İnsan həyatı bir çevrədir. Mahiyyət etibarilə, dünya özü bir çevrədir. Çevrə sonsuzluqdur. Pərvinin yazdığı bu əsər də, canlandırdığı hadisələrin cızdığı trayektoriya da sanki bir çevrədir, düz xətt üzrə deyil. Ona görə də əsər boyu yaşananları xətkeşlə ölçmək mümkün olmur. Leylanın yaşadıqlarını hiss edirsən, duyursan, içində yaşayırsan, yanırsan, göz yaşların dinmək bilmir, amma izah etmək məqamı gələndə kəlmələr çox aciz gəlir adama. Çünki əsərin başlanğıc nöqtəsi ilə, son nöqtəsi iç – içə, üst – üstədir. Məhz bu keyfiyyəti Pərvinin qələminə xas incə bir məqam və istedadlı müəllifin yazı üslubundakı bənzərsizlikdir.
Xatırladaq ki, ötən ilin payızında müəllifin Bakıda “Qanun” nəşriyyatında işıq üzü görən “Serpantin” kitabında yer alan hekayələr və “Mən öləndə ağlama” monopyesi bu günlərdə İstanbulda Türk Ədəbiyyatı Vəqfinin dəstəyi ilə Turay yayın evində Azərbaycan ədəbiyyatının yorulmaz və fədakar təbliğatçısı, dəyərli söz adamı İmdat Avşarın çevirisiylə oxucuların görüşünə gəlib. FOTOLAR:
Gənc yazıçıya yeni yaradıcılıq uğurları, əsərinə isə pandemiyasız səhnə taleyi arzulayıram. Gələn baharda “Mən öləndə ağlama”ya həyat verən üç zərif istedadı – Pərvini, Aylanı, Səbinəni Füzuli, Şuşa, Ağdam… Dövlət Dram Teatrında xarıbülbül yağışına qərq etməyimiz diləyiylə…
General Kərim Kərimovun əziz xatirəsinə xoş sözlər yazanlara ailəsi adından minnətdaram. Kərim Kərimovun özü, atası Abasəli bəy, anası, bibim olan Sürəyya xanım, Bakı şəhərində anadan olublar. Əslən Şamaxılıdırlar. Bizim babamız Hacı Əsədulla bəy, nənəmiz Səyyarə xanım, atam Ələsgər bəy,Anam Gülzar xanım, qardaşım Aydın bəy, Bakı şəhəri Yasamal rayon qəbristanlığında, ailəmizə aid olan məzarlıq sahədə dəfn olunublar. Babam Əsədulla Əhməd oğlu Əhmədov Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”una əsasən Cümhuriyyət Parlamentinin üzvü, bundan əvvəl Bakı şəhər dumasının üzvü olmuş, geniş xeyriyyəçilik işi aparmışdır. Qeyd edim ki, 1988- ci ildə AzTv-nin lentə aldığı sənədli filmdə K.Kərimovun həmin məzarları ziyarət etməsi lentə alınıb. O ki,qaldı son vaxtlar peydə olunan saxta “qohumlara” məşhur atalar sözü yada düşür. “Yalan ayaq tutar amma yeriməz.” Sonda bildirim ki, bu yalanlara huquqi müstəvidə qiymət veriləcək. Deyilən hər bir söz, subutlarla təsdiq olunmalıdır. “Respublika” qazetində 14 noyabr 2017-ci il tarixdə dərc olunmuş məqaləni əldə edib oxumağı məsləhət görərdim. FOTOLAR:
Əhmədov Oktay Ələsgər oğlu və Kərim Kərimov.Əhmədov Oktay Ələsgər oğlu və Kərim Kərimov.
Facebook-da profil “Axmedov Oktay” əlaqə saxlaya bilərsiz. Hörmətlə: Kərim Kərimovun dayısı oğlu Əhmədov Oktay Ələsgər oğlu.
Bu gün böyüməkdə olan gənc nəslə bütün parametrlərdə örnək ola biləcək bir şəxsin, çoxumuzun artıq uzun illərdir mavi ekranlardan, mətbuat səhifələrindən yaxşı tanıdığı, Azərbaycanın dəyərli ziyalısı Cəsarət Valehovun doğum günüdür! Ad günü münasibətilə Cəsarət müəllimi təbrik edir, bütün fəaliyyətində uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Cəsarət müəllim!!!
1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi:
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün ağrı-acılar, qanlı-qadalı illər arxada qalsın Azərbaycanımız bütövləşsin, yaraları sağalsın, İn-şəa-Allah!!! Bu gün bütün bu sətirləri oxuyanların hamısına günü-gündən böyüyən, dirçələn, çiçəklənən bir Azərbaycan görməyi arzu edirəm!!! Acılarımız böyükdür bütün bunlardan sıyrılıb önə baxmaq, irəli getmək vacibdir. Bunun üçün uşaqların, xüsusi ilə qız uşaqlarının təhsilinə ciddi fikir vermək lazımdır. Bu günün təhsilli qız uşaqları sabahın sağlam və güclü anası, həyat yoldaşına dayaq ola biləcək Azərbaycan xanımlarıdır. Əgər inkişaf etmək istəyiriksə daim bu vacib məsələyə xüsusi diqqət göstərməliyik!!!
«Mənim dilim -Ana dilim» layihəsinin bu dəfəki qonağı xalq yazıçısı Çingiz Abdullayev olub. Dedektiv janrda yazan Ç. Abdullayevin əsərləri Azərbaycanla yanaşı,dünyanın bir sıra ölkələrində xaric dillərə tərcümə edilərək, geniş bir oxucu sevgisi qazanıb. Belə ki, Ç. Abdullayevin əsərləri Norveçdə də oxucuların rəğbətini qazanıb və sevilib. İki dəfə Norveçə səfər edən Ç. Abdullayev Osla və Bergen şəhərlərində oxucularla görüş keçirib və imzalı kitablarını onlara təqdim edib. Yazıçının dediyinə görə Skandinaviya ölkələri əsərlərinin çox oxunduğu ölkələr sırasındadır.
Bu dəfə isə Ç. Abdullayevin Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin şagirdləri ilə zoom görüşü olub. Qeyd edək ki, bu görüş Novruz bayramı günü məktəbin şagirdlərinə və valideynlərə dəyərli və gözəl bir hədiyyə olub. Ç.Abdullayev Osloda dahi şairimiz Nizami Gəncəvinin adını daşıyan həftəsonu məktəbində ana dilinin tədris edilməsini müsbət qiymətləndirib və bilirib ki, ana dilini uzaq Skandinav ölkəsində uşaqlara öyrədilməsi, onlarda ana dilinə olan sevginin artmasına səbəb olacaqdır. Ç.Abdullayev müasir dövrdə dünyaya çıxmaq ,müəyyən bir mövqey və status əldə etmək üçün uşaqların ana dili ilə yanaşı, bir neçə xarici dil bilməsinin vacib olduğunu söyləyib. Kitabların uşaqlar üçün zəngin bir bilik mənbəyi olduğunu deyən yazıçı,anacq kitabların köməyi ilə uşaqların lazımi bilikləri əldə edə biləcəyini qeyd edib. Bu gün artıq Avropa ölkələrində olduğu kimi Azərbaycanda da müasir kitab evlərinin olduğunu deyən Ç. Abdullayev valideynləri uşaqları bu cür məkanlara tez-tez aparmağa və kitabları onlara kiçik yaşlarından sevdirməyə səsləyib.
Ç.Abdullayev ölkəmizdə Vətən Müharibəsi getdiyi bir vaxtda Rusiyanın müxtəlif telekanallarında dəfələrlə çıxışlar edib,Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb və erməni yalanlarını ifşa edib.
Görüşdə vətənpərvərlik mövzusuna da toxunan Ç.Abdullayev ölkəmizin 44 günlük Vətən Müharibəsində sonra qazandığı böyük qələbənin xalqımızın tükənməz vətən sevgisinin,fədakarlığının və əzimkarlığının nəticəsi olduğunu bildirib. Yazıçı qeyd edib ki, Azərbaycandan kənarda yaşayan uşaqlarımızla yazıçı və şairlərimizin görüşünün təşkili onlarda vətnpərvərlik hissinin və Vətən sevgisinin güclənməsi üçün əsas vasitə və zəmin ola bilər.
Aysel İsazadə Ç. Abdullayevin portretini çəkib.
Görüşdə iştirak edənOsloda Nizami Gəncəvi adına həftəsonu məktəbinin və Yevlax rayonu Nizami Gəncəvi adına Malbinəsi tam orta məktəbinin şagirdləri söylədikləri, şeir, mahnı və çəkdikləri rəsmləri ilə görüşə xüsusi bir rəng qatıb və onların çıxışları maraqla qarşılanıb.Beşinci sinif şagirdi Aysel İsazadə Ç. Abdullayevin portretini çəkib və görüşdə yazıçıya təqdim edib. Və digər beşinci sinif şagirdi Nuran Həsənzadə ifa etdiyi “ Bayram axşamları” mahnısı ilə görüşə xoş əhval-ruhiyyə qatıb. Milli geyim ilə görüşümüzə qatılmış birinci sinif şagirdi İnci Əliyeva geyimi və söylədiyi şeiri ilə həftəsonu məktəbinin şagirdlərinin marağına səbəb olub. Aylan Süleymanlı,Rəhimli Miran,Əli Vəlizadə və digər uşaqlarda görüşdə maraqlı çıxışları ilə yadda qalıblar. TƏDBİRDƏN FOTOLAR:
Son bir qərinədə Azərbaycanın öz torpaqları uğrunda mücadilə tarixini iki qanlı dövrə bölmək olar: Birinci Qarabağ Müharibəsi (20 fevral 1988 – 12 may 1994-cü il) və İkinci Qarabağ Müharibəsi (27 sentyabr – 10 noyabr 2020-ci il).
Birinci Qarabağ Müharibəsinin
nəticələri
Atəşkəs əldə olunması ilə qan tökülməsinin durdurulması (may 1994 – 27 sentyabr 2020-ci il). Münaqişənin sülh yolu ilə həlli məqsədilə ATƏT-in prinsipləri əsasında Minsk qrupunun yaradılması. Uzun illər ərzində Azərbaycan tərəfinin səbr və təmkin göstərərək danışıqlar aparması. Məsələnin sülh yolu ilə qansız həllinə çalışmaq cəhdi.
İkinci Qarabağ Müharibəsinin
nəticələri
XXI əsrin ilk iki onilliyiAzərbaycan üçünyaddaqalandır. Mütəxəssislər tərəfindən sınaq döyüşləri kimi qiymətləndirilən aprel döyüşləri (1-5 aprel 2016-cı il) və 2020-ci ilin44 günlük Zəfər döyüşü (27 sentyabr – 10 noyabr 2020 – ci il).
Qürurla qeyd etməliyik ki, 28 il çözülməsi mümkünsüz olan problem Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, silahlı qüvvələrimizin cəsarətli döyüş əzmi sayəsində 44 günə həllini tapmış oldu.
***
İkinci Qarabağ Müharibəsinin salnaməsini
yazanlardan biri:
İsgəndərov Fail Rəfayıl oğlu
1994-cü ildə Hacıqabul şəhərində anadan olub. 2011-ci ildə Hacıqabul şəhər 2 saylı orta məktəbin bitirib. 2012-2016-cı illərdə Şirvan şəhər Humanitar kollecində təhsil alıb. 2016-2018-ci illərdə hərbi xidmətdə olub. 2018-ci ilin sentyabrından ailəlidir. Zeynəb adında 2019-cu il (16.06.2019)təvəllüdlü bir övladı var. Bir neçə dəfə Məşhəd, Kərbəla ziyarətində olub. “Qarabağ qazisi Kərbəlayi Fail” adı ilə tanınır…
2020-ci il iyulun 14-də Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı general-mayor Polad Həşimovun şəhid olmasından ciddi təsirlənən Fail Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə müraciət edib. Müraciəti ilə əlaqədar Ali Baş Komandan İlham Əliyevin qismən səfərbərlik haqqında sərəncamından sonra yuxarıda adı çəkilən qurum tərəfindən səfərbərliyə alınaraq cəbhəyə göndərilib.
Əvvəlcə artilleriya bölməsində kəşfiyyatçı kimi təlimlərə qatılsa da, döyüşlərin başlandığı elə ilk günlərdəcə öz xahişi ilə minaatan batareyasından ayrılaraq piyada bölüyünə qoşulub.
F.İsgəndərovun döyüş yolu haqqında
qısa xronoloji anlatma
1. Sentyabrın 27-də müharibə başlayanda Füzuli şəhərindən hücum əmri alıb Alıxanlıya kimi gediblər;
Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov
2. Oktyabrın 10-da Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılmış minaatan mərmilərindən biri Cəlilabaddan olan Əkbərov İbarət Faiq oğlunun üstünə düşüb. İ.Əkbərov şəhid olub, Fail isə sol çiynindən və burnundan ciddi qəlpə yarası alıb: “Düşmən minaatanlardan mərmini dolu kimi yağdırırdı. Pis vəziyyətə düşmüşdük. Ayağımızın altına, yan-yörəmizə minaatan mərmiləri düşür, snayperlə yağan güllə yağışı göz açmağa imkan vermirdi. Kömək gələnə qədər o cür güclü hücuma necə tab gətirdiyimizi təsəvvür edirsinizmi? Bu vaxta qədər belə şeyləri ancaq Böyük Vətən Müharibəsindən bəhs edən filmlərdə görmüşdüm…
Burunla gicgah arasında nə qədər məsafə var? Ölüm gözlə qaş arasında olub. “Allah qoruyub” bunun kimi hallar üçün deyilib. Bunabənzər hallarla isə hər gün-hər saat göz-gözə idik…
Əvvəl-əvvəl elə bildim qəlpə burnumu tamam aparıb, burnum daha yoxdur. Ancaq sən demə qəlpə bir tərəfdən girib o biri tərəfdən çıxıbmış. Burunda nə qədər qan olarmış! Hospitalda da qanı kəsməkdə çətinlik çəkirdilər”.
Sutka yarım Füzulidə hospitalda, doqquz gün Zərdab rayon xəstəxanasında, qısa bir müddət də alayın tibb məntəqəsində müalicə alandan sonra yenidən döyüş əməliyyatlarına qoşulub.
“Çiyindəki yaramın vəziyyəti yaxşıdır. Burnumdakı yaranın fəsadları isə bu gün də qalıb. Qəlpənin yeri zaman-zaman şişməkdə davam edir. Bu fəsad səsimdə də dəyişiklik əmələ gətirib. Əvvəlki ilə müqayisədə səsim boğulmuş vəziyyətdə çıxır, elə bil yolunu nə isə tutub”.
Atasının səhhətində narahatlıq olduğundan, günaşırı, iki gündənbir ailə ilə telefon əlaqəsi saxlayırmış. Əlaqənin qəflətən 10 gündən artıq müddətə kəsilməsi valideynlərində əndişə yaratsa da, digər ailə üzvləri onları inandırmağa çalışıb ki, komandiri ilə maraqlanıblar, heç bir narahatlıq yoxdur, sadəcə telefon rabitəsi mümkün deyil.
3. Müalicədən sonra da Füzulinin və kəndlərinin düşməndən azad olunmasında və müdafiəsində iştirak edib.
4. Sonra üç gün Qubadlının müdafiəsində olublar;
5. Zərurət üzündən müəyyən taktiki əməliyyatların icraası məqsədilə bölük yenidən Hadruta üz tutub, bir gün şəhərin yaxınlığındakı yüksəkliyin müdafiəsində olub;
6. Briqada Tuğda cəmləşdiriləndən sonra tabor min zülmlə Topxana meşəsinə qədər hərbi yürüş edib;
7. Daha ağır döyüşlərdən biri Daşaltı istiqamətində olub: “Noyabrın ilk günləri idi. Minamyot atəşləri, iri çaplı silahlardan atılan güllə yağışı altında Topxana meşəsindən Daşaltı kəndinə irəlilədik. Burada çox ölüm oldu, çox yaralanan oldu”;
8. Noyabrın 8-də Şuşa şəhərinə giriblər: “Noyabın 9-u da daxil olmaqla gecə saat 3-4-ə kimi ermənilər səhəri atəşə tuturdular. Atəş səslərindən qulaq tutulurdu. Noyabrın 10-na keçən gecə Atəşkəs imzalansa da, təqribən bir saat sonra və dəfələrlə atışma yenidən qızışdı. Şuşanın onlardan alınmasilə ermənilər heç cür barışa bilmirdilər”;
Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov
9. Şuşa alınandan sonra Failgilin bölüyü Şuşaətrafı kəndləri düşməndən təmizləyə-təmizləyə Xankəndiyə istiqamət götürüb. Son olaraq bölük musiqi məktəbinin binasında yerləşib;
“Xankəndi yaxınlığında “erməni xaçı” deyilən bir təpə var. Ermənilər iri bir təpə üzərində dəmirdən xaç vurmuşdular, ona görə belə deyilirdi”. Həmin gündən ordudan tərxis olunana qədər – dekabrın 15-dək adı çəkilən ərazinin düşməndən qorunmasında fəallıq göstərib. Deyir, bizim gücümüz də, qüvvətimiz də var idi ki axıra qədər gedək. İkicə saat vaxt lazım idi, Xankəndini götürəcəkdik. Bəzən eşidirəm deyirlər ki, ermənilər özləri təslim olublar. Bu heç də belə deyil, erməni məcbur olub təslim olub. Düşmən yaxşı bilirdi ki, Azərbaycan ordusu ondan qat-qat güclüdür. Təslim olmasaydılar, hamısı qırılacaqdı… Ordudan tərxis olunana qədər həmin ərazinin müdafiəsində iştirak etmişəm”.
Qaziliyi ilə ailəsinə, elinə-obasına başucalığı gətirən F.İsgəndərov üçün 44 günlük Zəfər döyüşü 86 günə tamamlanıb. Müharibədə göstərdiyi qəhrəmanlıq nümunəsi döyüşçünün hərbi biletində də əksini tapır. Belə ki, F.İsgəndərovun hərbi biletində döyüş qabiliyyətinin göstəricisi olan aşağıdakı kəlmələr qeyd olunub: “Füzuli və Şuşa istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir”.
Döyüş qabiliyyəti Füzulinin və Qubadlının alınmasına görə medalları ilə dəyərləndirilib.
Cəbhədən döndüyü ilk günlər Faillə çox görüşlərimiz olub. Yaddaş pərakəndəliyi hiss olunurdu. Söhbətdən yayınmağa çalışır, danışılanlara aludə olurdusa da, bir an sonra bəhs etdiyi hadisə ilə əlaqədar sual verəndə duruxur, dəqiqləşdirmə aparmaqda şətinlik çəkirdi.
Döyüşçü yoldaşlarının, tanışlarının tez-tez onun görüşünə gəlməkləri, dindar dostlarının ziyarətləri, cəbhə yoldaşları ilə telefon danışıqları və yazışmaları zaman-zaman yaddaşının bərpasına yardımçı oldu. “MTV Azərbaycan” kanalının “10-da görüşərik” adlı verilişində söhbətlərinin lazımi mizan-tərəzidə olduğunu görəndə telefon açdım ki, səninlə ilk görüşlərimiz zamanı özün bilərəkdən danışmaq istəmirdin, yoxsa… “Elə demə, əmi, o zaman həqiqətən olanları xatırlamaqda çətinlik çəkirdim, sonra yavaş-yavaş yaddaşım aydınlaşdı”, – dedi.
Verilişin aparıcının aşağıdakı düşüncələrinə diqqət yetirək: “Döyüşçü yoldaşlarına daim yüksək əhval-ruhiyyə bəxş edən bu qəhrəmanlar (verilişə F.İsgəndərovla eyni taborda döyüşmüş Hacıqabullu Nurlan Şükürov da dəvətli idi) bu gün olduqca məmnundurlar. Aldıqları yaralar, bədənlərindəki qəlpələr onların bugünkü məmnunluqlarına mane olmur. Əksinə, başlarına gələnlərdən bir şey olmamış kimi söhbət açır, erməniyə acıq verirmiş kimi təbəssümlə, məmnunluqla bəhs edirlər”.
II Qarabağ Müharibəsi əsl müharibənin nə və necə olduğunu bizlərə başa saldı. Dərk etdik ki, filmlərdə gördüklərimiz həqiqətən kinodur. Müharibə tamam özgə bir nəsnədir. Sözün müstəqim mənasında “müharibə” döyüşçü üçün bir yandan əgər düşmənə nifrət və intiqam kəlmələri ilə qoşalaşırsa, digər tərəfdən həm də ölümlə üzləşmək, müəyyən taktiki döyüş əməliyyatları zamanı bu kimi hallarla üzləşməmək üçün ayıq-sayıq olmaq, qarlı-şaxtalı, sazaqlı, soyuq cəbhə həyatı deməkdir, – deyir Fail, – Döyüşdə olduğum müddət ərzində bu dediklərimlə hər gün, hər saat üz-üzə, göz-gözə idik. Bildiyiniz kimi, Füzuli, Daşaltı, adı dünya döyüş salnaməsinə düşmüş Şuşa döyüşləri ən qanlı döyüşlər sırasındadır. Rembodan bəhs edən döyüş filmləri bunun yanında heç nədir. Mərmi başımıza yağış kimi yağırdı. Biz də ki… Elə bil ki, minaatan mərmilərinə qucaq açırdıq. Güllələr yan-yörəmzə, ayağımızın altına tökülür, biz isə olanlara məhəl qoymadan, zərrə qədər də qorxu hiss etmədən verilən əmrin yerinə yetirilməsi üçün irəli şığıyırdıq. Hamıda İlahidən ifadəsi mümkün olmayan bir qüvvət var idi. Elə bir ruh yüksəkliyi ki… Bu hisslərin sözlə ifadəsi mümkün deyil.
“Xankəndini başlanğıcında Xaçaltı deyilən bir yer var, ermənilərlə 30 metr məsafədəydik. Orada mən Azan vermişəm. “Allahü-Əkbər” sədaları dağlara-daşlara yayılanda… Bu ermənilərə qıcıq verirdi, əsəbiləşirdilər, amma qorxularından cınqırlarını çıxara bimirdilər. Özlərində buna cəsarət tapa bilmirdilər.
“Ölümdən qorxmurdunuz?” sualıma cavabından: “II Qarabağ müharibəsində mənim ən güclü silahım 28 il “azan” səsinə həsrət qalmış Qarabağın şəhər və kəndlərində, adsız yüksəkliklərində səsləndirdiyim “Allahü-əkbər” sədaları olub. Ayağım dəyən elə bir yaşayış məskəni, dağ-dərə, orman olmayıb ki, orada mənim səsimdə azan səslənməsin.
Başına yağış kimi yağan güllədən kim qorxmaz ki, ölümdən hamı qorxur. Amma bu hissi içindən qovmağın yolları var. Hücum başlayanda öz-özümə tez-tez təkrarlayırdım ki, “mən heş nədən qorxmuram”. Bunu döyüşçü yoldaşlarıma da təlqin etmişdm. Düzü, onlar həmişə mənim ehkamlarıma ehtiramla yanaşıblar. Bu, bəlkə dinə, Allaha sıx bağlılığımla əlaqədar idi, deyə bilmərəm. Kəlmeyi-şəhadət öyrətdiyim uşaqlar da olub. Baxırdılar ki, mən kəlmeyi-şəhadətimi oxuyub döyüşə girirəm. Və Allahı çağırıb döyüşə girəndə mənə heç nə olmur, onlar mənə necə inanmaya bilərdilər.
Düşməndən intiqam almaq hissi ruhumuzu oda-alova döndərmişdi. Düşüncəmizə bir duyğu hakim kəsilmişdi: torpaqlarımızı düşməndən xilas etmək! Vətən müharibəsində şəhid olanların qisasını almaq! Öhdəmizə düşüən vəzifəni ləyaqətlə yerinə yetirmək! Gələcək nəsillər deməsin ki, öhdələrinə düşən vəzifəni yerinə yetirə bilmədilər, öz babaları kimi onlar da olanları bizim üçün qoyub getdilər. Qürur duyuram ki, borcumuz olanı, öhdəmizə düşəni layiqincə və ləyaqətlə yerinə yetirə bilmişik. Bu kimi hislərlə yaşayan insan da ölüm haqda düşünərmi? Odu, ölümdən qorxmaq kimi hisslər düşüncəmizə yaxın düşə bilmirdi. Bir də ki, düşünürdüm, olsa-olsa şəhid ola bilərəm, bu da ki, döyüşçü üçün ən yüksək zirvədir”.
Ölümlə göz-gözə durduqları az olmayıb. Ancaq dediyi kimi, onları Allah saxlayıb: “Bir hadisə danışım. Neçə gün idi ki, yeməyimiz, suyumuz qurtarmışdı. Aclığa dözmək mümkündür, susuzluq çətindir. Döyüş də göz açmağa macal vermirdi. Azacıq başını qaldırsaydın, hədəfdə idin. Bunu hamımız yaxşı bilirdik. Az aralıda erməniləri qovub çıxartdığılmız yer var idi, uşaqlardan ikisinə dedim ki, əyninizi soyunun, hiss edib bizi hədəfə götürə bilməsinlər. Adama bir-iki kisə də götürüb səngərin içi ilə var gücümüzlə bəllədiyim yerə yüyürdük. Mineral sular, konserv, çörək… yan-yörə ərzaqla dolu idi. Kisənin birini mineral sularla doldurub kürəyimə almaq istədim. Kisə ağır, mən də zəif adam. Uşaqlara dedim ki, köməkləşib qaldırın kürəyimə. Qaldırdılar. Səngərlə qaça-qaça suyu gətirib döyüşçü yoldaşlara çatdırdım… Belə günlərimiz az olmayıb…
Başqa bir hadisəni xatırlayır: “Məktəb binası bildiyim üstü panellə örtülü, sığınacaq üçün yaxşı bir yer var idi. Mərmidən daldalanmaq üçün ora üz tutduq. Axırıncı adam “sığınacağa” girəndə gəldiyimiz yolu vurdular. Dörd mərmi düşdü. Üç-dörd dəqiqə geçiksəydik, hamımız qırılacadıq”.
Cəbhədə olduğu günlərdə həm dini, həm də oxuduğu xalq mahnıları, səsini mobil telefona yazan döyüşçü yoldaşları tərəfindən internet vacitəsi ilə müxtəlif sayt və kanallarda yayımlanırdı.
Qarabağ qazisi Kərbəlayi Fail İsgəndərov
Deyir ki, qarabağlı sənət adamlarının bu torpaq haqqında söylədiklərində haqq varmış. Havada qəribə oksigen var. Zilə qalxdıqca səs açılır, oxuduqca yorulmaq bimirsən. Özüm də təəccüb qalırdım, inana bilmirdim ki, o soyuğun, şaxtanın qabağında (mən soyuqdan qorxan adamam) bu səs hardan gəlir. Elə xırdalıqlar edirsən ki… Aran bölgəsində bu, mümkün deyil”.
***
Qarabağ qazisi Kərbəlayi Faildən döyüş yolu haqqında qəlpə-qəlpə öyrənə bildiklərimiz hələlik ancaq bu. Zaman keçsin, II Qarabağ Müharibəsinin salnaməsini yazan Fail və döyüşçü yoldaşlarının Zəfər yolu haqqında daha ətraflı bəhs etmək borcumuz olsun.
***
…28 il töhmət dolu ömür yaşayan Azərbaycan insanı, nəhayət ki, başda Ali Baş Komandan İlham Əliyev olmaqla özünü toparlayıb Vətən torpaqlarının bütövlüyünü bərpa etdi.
Yalnız 28 illik ömürmü? Heç də yox.
Azərbaycan xalqı bu qələbə əzmi ilə 207 illik (12 oktyabr 1813-cü il, Gülüstan sülh müqaviləsi) ilhaqa son qoyub. Qələm sahibləri bu iradənin nəticəsini “Dəmir Yumruq” adı ilə əbədiləşdirdilər, bəstəkarlar “Dəmir Yumruq” sahibinin şəninə nəğmə qoşdular.
O anlatdı Yer üzünə
Məğlub nədi, zəfər nədi.
O adı bir yumruq deyil,
Nağıldakı əfsanədi.
…Haqqı nahaqq etmişdilər.
O qaldırdı haqq səsini.
Onun polad iradəsi
Titrətdi Yer kürəsini
yazdı Zahid Xəlil.
II Qarabağ Müharibəsində qazanılan qələbə Azərbaycan insanının sarsılmaz milli birliyinin təntənəsi, 10 noyabr 2020-ci il təqvim tarixi Azərbaycanın erməni faşizmi üzərində tarixi qələbəsi, xalqımızın həyatında Yeni Tarixin başlandığının göstəricisidir.