
***
Nə çətinmiş bu payızın sevgisi,
Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
Saçlarını payız yeli dağıdır,
Küsər deyə, “o yana dur” demirsən,
Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
Bulud tökür sellərini üstünə,
Aradabir günəş baxır uzaqdan.
Bir ümidə sığınırsan, onda da
Göy gurlayır, şimşək çaxır uzaqdan.
Gündüzləri küçə küçə atırsan
Gecələrin həsrətini gözündən.
Yavaş yavaş şeirləşir bu sevgi,
Varaq varaq tökülürsən özündən.
Nə sevgini gizləməyə bir yuva,
Nə dərdini ovutmağa yer olur.
Nə getməyə yol tapırsan özünə,
Nə təzədən qayıtmağa yer olur.
Nə çətinmiş bu payızın sevgisi,
Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
Saçlarını payız yeli dağıdır,
Küsər deyə, “o yana dur” demirsən,
Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
***
Bu quşların,böcəklərin səsində,
Ağacların,çiçəklərin səsində,
Bahar donlu küləklərin səsində
Payız-payız darıxıram özümçün.
Yağan yağış pəncərəyə gül çəkir,
Baxışlarım uzaqlara yol çəkir,
Üşüyürəm,xatirələr yel çəkir,
Payız-payız darıxıram özümçün.
Gələn bahar göz yaşımı qurutmur,
Şeirlərim nisgilimi ovutmur,
Çağırıram,o qız geri qayıtmır,
Payız-payız darıxıram özümçün.
Qaşını çatıb durmusan,
Küləkdən tutub durmusan,
Torpağa batıb durmusan,
Külün mübarək,mübarək.
Belin,buxunun bükülüb,
Gözlərin yerə dikilib,
Qolun,budağın tökülüb,
Çulun mübarək,mübarək.
Üstün başın toz içində,
Qıvrılırsan söz içində,
Nə çəkirsən öz içində?
Yolun mübarək,mübarək.
Yarı daşsan,yarı ağac,
Yarı quşsan,yarı ağac,
Gülləmisən, quru ağac,
Gülün mübarək,mübarək.,
***
Bu yolun əvvəlin bildik
Bəs bunun sonu hardadı?
Gecəni birtəhər keçdik,
Bəs bunun danı hardadı?
Bilmədik,girdik oyuna,
Baxmadıq adam sayına,
Düşdük həqiqət hayına,
Tapmadıq,hanı,hardadı?
Hər gün bir yalan doğuldu,
Şər-böhtan,filan,doğuldu,
İlandan ilan doğuldu,
Bu Qır qazanı hardadı?
Üstümüzə dərd uladı,
Oba köçdü,yurd uladı,
Çaqqallar meydan suladı,
Bunun aslanı hardadı?
Tez-teləsik yola çıxdıq,
Hardan gəldik,hara çıxdıq,
Bu nağıl da yarımçıqdı,
Bunun qalanı hardadı?
***
Bu adam kimə əl çalır?
Gəlib gedənə alçalır,
Başın sağ olsun,İlahi!
Bu qadın niyə yorulub?
Gözündə həya,yorulub,
Üzü ağ olsun,İlahi!
Bu çiçək niyə ağlayır?
Batıbdi suya,ağlayır,
Qoyma boğulsun,İlahi!
Bu ağac niyə quruyub?
Dırmaşıb göyə,quruyub,
Qoyma yıxılsın,İlahi!
Bu dünya niyə boşalıb?
Gedir ölümə,baş alıb,
Dəymə,dağılsın,İlahi.
***
Səsin qulağıma gəlmir haçandı,
Daha çağırmırsan yazı, qaranquş.
Yadından çıxıbdı bu yurd, bu yuva,
Deyən unutmusan bizi, qaranquş.
Yolunu çən, duman kəsib deyəsən,
Ürəyin bahardan küsüb deyəsən,
Kimsə qanadını kəsib deyəsən,
Yarana basıbdı duzu, qaranquş.
Getdin qayıtmadın geriyə bir də,
Bizim bu bəndlərə, bərəyə bir də,
Dönüb boylanmadın bəriyə bir də,
Yoxdumu dönməyə üzün, qaranquş?
Qoyduğun bu yerlər qış qalıb hələ,
Tikan qalıb hələ, daş qalıb hələ,
Baharın qucağı boş qalıb hələ,
Yoldadı hamının gözü ,qaranquş,
Deyən unutmusan bizi, qaranquş.
***
Ruhumuz yenə də dərdə köklənib,
Yenə də aldadır duyğular bizi.
Çıxıb yadımızdan bütün fəsillər,
Qoymur göz açmağa qayğılar bizi.
Gecə səhərəcən vaxtı sayırıq,
Zaman öz işində,ürək tələsir.
Qaranlıq işığa meydan oxuyur,
Sevginin qabağın ayrılıq kəsir.
Hər gün başımızda kədər dolaşır,
Hər gün ömrümüzdə qəm çiçəkləyir.
Hər gün suya düşür xəyallarımız,
Hər gün gözümüzdə nəm çiçəkləyir.
***
Hələ təbiətin bahar çağıdı,
Hələ bağlar yaz ömrünü yaşayır.
Günəş-günəş sığallanır ağaclar,
Hələ güllər naz ömrünü yaşayır,
Hələ bunun töhməti var qabaqda.
Ulduz -ulduz xəyallanır gecələr,
Ulduz-ulduz yuxu axır gözündən.
Quşlar yenə salamlayır səhəri,
Nur tökülür səhərlərin üzündən,
Hələ bunun zülməti var qabaqda.
Ürəklərdə min arzu var,min ümid,
Sevənlərin üzü gülür hələ ki.
Bahar donlu,yaz ətirli duyğular
Yavaş-yavaş sözə gəlir hələ ki,
Hələ bunun həsrəti var qabaqda.
***
Səni addım səslərindən tanıyıram,
Səni küçələrin yel çəkənindən.
Səni dənizin ləpəsindən ,
Səni dalğaların pıçıltısından tanıyıram.
Küləklərində nazlanıb saçlarım,
Yağışlarında islanıb.
Gecələri pəncərə-pəncərə sabahlamışam səninlə,
Səhərləri səninlə salamlamışam günəşi,
Baxışlarında xumarlanıb xəyallarım.
Hara getsəm kölgə kimi düşüb baxışların arxamca,
Keçirmisən məni zülmətdən işığa,
Nağıl-nağıl ovutmusan.
Səndə aza-aza tapmışam özümü,
Yoxsa unutmusan?
Səni işıqlarından tanıyıram,
Səni qaranlığından.
Səni yuxusuzluğundan tanıyıram,
Səni yorğunluğundan.
Məni sabaha uğurlyıb dəli Xəzər,
köhnə dalanlar,sürüşkən küçələr.
Səni yanaqlarımda oynaşan qum dənələrindən tanıyıram,
Səni xəzəllərindən.
Bakı,sən ey ayrılığa sevdalı şəhər,
Nöqtələr,nöqtələr…
Müəllif: Təranə DƏMİR,
AYB -nin və AJB-nin üzvü, şair -publisist
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında