Kateqoriya arxivləri: İramin İsayev

“KİÇİK TORPAĞIN”  ELM FƏDAİSİ

“KİÇİK TORPAĞIN”  ELM FƏDAİSİ

(Pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovun 50 illiyi münasibətilə)

Naxçıvan torpağının elm fədaisi kimi dəyərləndirdiyim Kamal Həsən oğlu Camalov 1973-cü il 5 dekabrda Kəngərli rayonunun Qıvraq qəsəbəsində ziyalı müəllim ailəsində dünyaya göz açıb.  Kamal Camalov Qıvraq kənd 1 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinin dil və ədəbiyyat müəllimliyi ixtisasına daxil olmuşdur. Kamal Camalovun təhsil illərində ilk qələm nümunələrinə universitetin “Fikir qəzeti”ndə Əliağa Vahid yara­dı­cı­lı­ğın­dan bəhs olunan “Səni zəmanə yetirməz” adlı yazısı ilə başlamışdır. Tələbəlik illərində elmi tədqiqata meylliliyi, ictimai fəallığı ilə fərqlənən Kamal Camalov ikinci kursdan “Abbas Zamanov adına fəxri təqaüd”ə layiq görülmüş, Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildən başlayaraq Kamal Camalov Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasına müəllim təyin olunur.

Kamal Camalovla ilk şəxsi tanışlığımız mənim fəaliyyət göstərdiyim Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasının qiyabi şöbəsinə (“Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi” ixtisası üzrə) daxil olduğu illərdən başlamışdır. Kamal müəllimlə məni Azərbaycan pedaqoji fikir tarixinin orijinal tədqiqatçı alimi Hüseyn Əhmədov tanış etdi və elm yollarında ona lazım gəldikcə köməklik etməyi məndən xahiş etdi. “Hüseyn Cavidin pedaqoji görüşləri” adlı dissertasiyası üzərində çalışan Kamal müəllim hər dəfə Bakıya gəldikcə onunla görüşür, elmi işi ilə bağlı mən də öz müəyyən məsləhətlərimi verirdim. Kamal müəllimlə söhbətlərimizdən onun verilən tapşırıq və məsləhətləri yerinə yetirməkdən həzz aldığının tədqiqatçılıq qabiliyyətinin formalaşması naminə məqsədə çatmaq üçün tutduğu yolu dəyişmədən qətiyyətlə irəlilədiyinin şahidi oldum. Məhz bu keyfiyyət mənzil başına çatmaq üçün mühüm amil sayılır. Çünki, mənzil başına çatmaq üçün yolu tez-tez dəyişmək müvəffəqiyyətsizliyə gətirib, çıxarır. Axı “Yolunuzu tez-tez dəyişsəniz mənzil başına çata bilməzsiniz” (A.Blanşe) təsadüfi deyil ki, yolunu dəyişmədən irəliləyən Kamal Camalovun imzalarına sonralar Pedaqoji Universitetin “Xəbərlər” ində Naxçı­van Dövlət Universitetinin «Elmi əsərlər»ində, Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər”i jurnalında rast gəlirdim və hər bir elmi məqaləsini oxuduqca məndə qürur və fərəh hissi oyadırdı. Artıq Kamal Camalovun əsərləri təkcə Azərbaycanda deyil, Azərbaycanın hüdudlarından kənarda Türkiyədə, Rusiyada, Amerikada, İranda, Gürcüstanda, Hollandiyada, Özbəkistanda, Kubada, İsveçdə, Makedoniya kimi ölkələrin nüfuzlu jurnallarında nəşr olunur. Çinar ağacı yarpağından tanındığı kimi K.Ca­­ma­lo­vun da yaradıcılığı öz qələm üslubu ilə tanınır. Məhz belə bir qabiliyyətə ma­lik ol­maq imkanı onun dünya arenasına çıxmasına şərait yaratmışdır.

Heç yadımdan çıxmır. 1999-cu ildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasının təşəbbüsü ilə “Azər­bay­can mək­­tə­bi XXI əs­rin astanasında; prob­lemlər, pers­pektivlər” mövzu­sun­da res­pub­li­ka ali mək­təb­lərarası elmi-prak­tik konfrans keçirilirdi. Kamal müəllimin “Hüseyn Cavid müəl­lim və müəllim hazırlığı haqqında” adlı tezis­lə çıxışını müəllim və tələbələr sürəkli alqışla qarşıladılar.

Bütün bunlar K.Camalovun yüksək yaradıcılıq diapazonuna malik olduğundan, yorulmaq bilmədən çalışmaq istəyindən, tükənməz enerjisindən xəbər verir. Bu gün artıq pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalov gənc yaşlarından öz elmi və pedaqoji yaradıcılığı ilə pedaqoji ictimaiyyət arasında nüfuza malik bir tədqiqatçıdır. Təsadüfi deyil ki,  ölkəmizin pedaqoji ictimaiyyəti onu pedaqogika tarixi üzrə dərin biliyə, xüsusi tədqiqatçılıq maneralarına malik alim kimi qəbul edir. Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarifçilik ideya­ları (2007), Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ide­yaları (2007), Azərbaycan romantiklərinin maarifçilik ideyaları (2009), Həzrəti Əlinin elm və tərbiyə haqqında fikirləri (2010), Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkir­lə­­ri­nin­ gözü ilə (2010), Hüseyn Cavid və məktəb (2013), Böyük mütəfəkkirlərin maarifçilik ideyaları (2015), Mollanəsrəddinçilərin maarifçilik ideyaları (2015), Mollanəsrəddinçilər və ailə-məktəb problemi (2017), Repressiya qurbanlarının maarifçilik ideyaları (2022) və s. adlı əsərləri dediyim fikrə əyani sübutdur.

Onu da qeyd edim ki, Kamal müəllim eyni zamanda 1999-2010-cu illərdə Naxçıvan Dövlət Universitetdə “Gənc Alimlər Şurası”nın sədri vəzifəsini icra etmişdir. K.Camalov bu illərdə öyrədən, təşkil və rəhbərlik edən, ciddi tədqiqatları ilə tanınan alim-müəllim-tədqiqatçı missiyasını davamlı olaraq yerinə yetirir. Milli məktəb və pedaqoji fikrin tədqiqi ilə bağlı araşdırmalarında Balasaqunlu Yusifin, Xaqani Şirvaninin, Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Fəzlullah Nəiminin, İmadəddin Nəsiminin, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin, Xurşudbanu Natəvanın, M.F.Axundovun, Həsən Bəy Zərdabinin, Nəcəf Bəy Vəzirovun, Məhəmməd ağa Şahtaxtlının, Firidun Bəy Köçərlinin, ümumilikdə mollanəsrəddinçilərin və digərlərinin təlim-tərbiyə haqqında fikir və görüşləri sistemləşdirilir. Ümumilikdə 20-dən artıq monoqrafiya, dərslik, dərs vəsaiti və metodik vəsaitin, 550-dən artıq elmi-pedaqoji və publisist yazının müəllifidir Kamal müəllim. Həmçinin 40-dan artıq kitabın elmi redaktoru və rəyçisi, 10-dan artıq kitabın isə ön söz müəllifidir.

Gecəsini gündüzünə qatan, gərgin yaradıcılıq fəaliyyəti ilə məşğul olan Kamal müəllim daim elmi yüksəlişə can atmışdır. 2004-cü ildə Naxçıvan Dövlət Universiteti nəzdində N 02.121 Dissertasiya Şurasının iclasında “Hüseyn Cavidin pedaqoji görüşləri” mövzusunda pedaqogika üzrə fəlsəfə doktorluğu və 2018-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən BD.02.061 Dissertasiya Şura­sı­nın iclasında “Azərbaycan məktəb və pedaqoji fikrinin ink­i­şa­fı tarixində “Molla Nəsrəddin” jurnalının və mollanəsrəd­din­çilər hərəkatının yeri və əhəmiyyəti” mövzu­sun­da dok­tor­luq dissertasiyasını müdafiə edən Kamal Camalov az müddət ərzində pedaqoq alimlər arasında nəyə qadirliyini göstərdi.

Qürur verici haldır ki, Kamal Camalov fəlsəfə doktorluğu dissertasiyasında olduğu kimi elmlər doktorluğu dissertasiyasında da XX əsrin əvvəllərində Azərbay­can­­da maarifçi hərə­ka­tın xarakterik xü­­su­siy­yət­­lə­ri­ni aydınlaşdırmış; Molla nəsrəddinçilərdə ideya-siyasi mədəniyyətin mahiyyətini, rolunu və möv­qeyini üzə çıxarmış; Məktəb, teatr və milli mətbuatın inkişafında mollanəsrəddinçilərin fəa­­­­­liy­­­yə­ti­ni və bu sa­hədə mür­təce qüvvələrlə mü­ba­­ri­zə­­sini təhlil ob­yek­­tinə çe­­­­­virmiş; Mollanəsrəddinçilərin müəllim hazırlığı məsələsində müəllimlərin tər­bi­yəvi fəaliyyətə hazırlanmasına imkan yaradan mühiti və pedaqoji-psixoloji şə­raiti müəy­yən­ etmiş; Təlimin ana dilində aparılması, bu dildə dərslik və dərs vəsaitləri ha­zır­­­­la­­maq, proqram tərtib etmək və Azərbaycan dili təlimi uğrunda mət­­buatın ya­ran­­ma­sı­nı şərtləndi­rən ictimai-mədəni şə­ra­iti səciyyələn­dir­­miş; Azər­baycanda milli ideologiyanın inkişa­fın­da “Molla Nəsrəddin” jur­na­­­­lının oy­nadığı rolu ümumiləş­­dirmiş; “Molla Nəsrəddin” jurnalında təhsil və tərbiyənin məqsədi, məzmunu, ma­­hiy­­yə­ti və kom­po­nentləri ilə bağlı ve­ril­­miş fikirləri müqayisəli şə­kildə təh­lil etmiş; Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində “Molla Nəs­­­rəd­din” jur­­na­lı­nın və mollanəsrəddinçilər hərəkatının maarifçilik ide­ya­la­rı­nın ye­ri və əhə­­miy­yə­ti sahəsini ilk də­fə olaraq məhz bu dis­ser­ta­siya işində pe­da­­qo­ji-psixo­loji-etik isti­qa­mət­də elmi şərhini vermiş; Mollanəsrəddinçilərin mənəvi-əxlaqi kamilliyə və insani davranışa ça­­ğırış və əx­­­­la­qi key­fiy­yətlərin təbliği ilə bağlı mövqeyini müəyyən­ləş­­dir­miş; Mollanəsrəddinçilərin bədii yaradıcılığında və publisistikasında maarif­çi pe­da­­qoji-psi­xo­lo­ji prinsiplərin inikasını izləmiş və sis­tem­ləş­dir­miş, həmçinin “Molla Nəsrəddin” jurnalında gənc nəsli vətənə və xalqa məhəbbət ruhun­da böyütmək, onlara mədəni vər­­diş­lər, müsbət əxlaqi normalar aşı­la­maq yollarının üsul, vasitə və tərzlərini üzə çıxarmışdır.

Professor K.Camalov yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması istiqamətində də səmərəli fəaliyyət göstərir. 2009-2016-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attes­tasiya Komissiyasının qərarı ilə Naxçıvan Dövlət Univer­siteti nəzdində yaradılmış FD. 02.121 Dissertasiya Şurasının fəal üzvlərindən olmuşdur. 7 (yeddi) nəfərin namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində rəsmi opponent kimi çıxış etmişdir. Onun rəhbərliyi ilə 1 (bir) nəfər gənc tədqiqatçı elmə vəsiqə almış, 2 (iki) nəfər isə müdafiə ərəfəsindədir.

Kamal Camalov ali pedaqoji məktəb tələbələri üçün dərslik və dərs vəsaitlərinin hazırlanmasında yaxından iştirak edir. Onun “Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi” (2011) və “Təlim nəticələrinin qiymətləndirilməsinin forma və va­si­­tə­lə­ri” (2012) adlı dərs vəsaitlərində müasir elmin və pedaqoji təcrübənin nailiyyətləri əsasında pedaqogikanın predmeti, aksioloji, nəzəri və texnoloji məsələləri geniş planda təqdim olunmuşdur. Dərs vəsaiti yeni mövzular, dünya pedaqoji prosesindəki innovasiyaları əks etdirən yeni təlim və təhsil-tərbiyə texnologiyaları ilə zənginləşdirilmişdir.

Azərbaycanın görkəmli alimləri akademik İsa Həbibbəyli, akademik Hüseyn Əhmədov, akademiyanın müxbir üzvü  Oruc Həsənli, akademiyanın müxbir üzvü Əbülfəz Quliyev, pedaqogika elmləri doktoru, profes­sor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, pedaqogika elmləri doktoru, profes­sor, Əməkdar müəllim Akif Abbasov, pedaqogika elmləri doktoru, profes­sor, Əməkdar müəllim Piralı Əliyev, pedaqogika elmləri doktoru, profes­sor, Əməkdar müəllim Müseyib İlyasov, pedaqogika elmləri doktoru, profes­sor, Əməkdar müəllim İntiqam Cəbrayılov, pedaqogika elmləri doktoru, profes­sor, Əməkdar müəllim Firədun İbrahimov, psixologiya üzrə fəlsəfə doktoru, profes­sor, Əməkdar müəllimi Gültac Əliyeva, pedaqogika elmləri doktoru, professor Yusif Qazıyev, pedaqogika üzrə fəlsəfə doktoru, pro­fes­sor İramin İsayev, pedaqogika elmləri doktoru, profes­sor Hümeyir Əhmədov, pedaqogika elmləri doktoru, pro­fes­sor Fərahim Sadıqov, pedaqogika elmləri doktoru, pro­fes­sor Ləzifə Qasımova, pedaqogika elmləri doktoru, pro­fes­sor Müdafiə Mahmudov, pedaqogika elmləri doktoru, pro­fes­sor Həsən Bayramov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Allahverdi Eminov və digər belə onlarla elmdə söz sahibi olan alimlər Kamal müəllimin zəngin yaradıcılığı ilə bağlı nüfuzlu elmi jurnal və mətbuat səhifələrində söz açmışlar.

Personoloji modellər içərisində şəxsiyyət modeli xüsusilə əlamətdardır. Bu modeldə şəxsiyyətin siptomlar kompleksi belədir: ürəyiaçıqlıq, xeyirxahlıq, ekstroversiya, ünsiyyətlilik və nevrotizm.

Kamal müəllim ürəyiaçıq və xeyirxahdır. Kamal müəllim həyatını elmə, xalqına həsr etmiş, öz taleyini onun taleyi ilə bağlamış, səadətini onun səadətində tapmış insanlardandır. Belə insanlar xalq taleyini əsl ziyalı kimi dərindən duyur, yaşayır, insanlara kömək edir, amma öz qayğılarını əsl insan kimi hay-küysüz qəlbinin dərinliyində heç kimi narahat etmədən yaşayır, öz təmkinini, sədaqəti və səmimiyyəti ilə seçilir. Kamal müəllim həm də gözəl natiqdir. Onun nitqi son dərəcə zəngindir. İştirak etdiyi müdafiə şuralarında, konfranslarda, simpoziumlarda, rəsmi iclaslarda öz fikirlərini aydın ifadə edərək, elmin, təhsilin inkişafına dair fikirlərini cəsarətlə söyləyir.

Kamal Camalov Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafında xidmətlərinə görə Ulu öndər Heydər Əliyevin  90 illiyi münasibətilə “Qızıl medal”a layiq görülmüşdür. Pedaqogika elmləri doktoru, professor Kamal Camalovun elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən də dəyərləndirilmiş, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənc alimin əlini sıxaraq onu “Əməkdar müəllim” fəxri adına layiq görmüşdür. Kamal Camalov, həmçinin IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmişdir.

Əlbətdə, alim üçün ən böyük mükafat elmdə nüfuz qazanmaq, görkəmli mütəxəssislər tərəfindən dəyərləndirilmək və xalqın sevimlisinə çevrilməkdir. Ömrünün 50-ci pilləsinə alnıaçıq-üzüağ gələn, öz zəngin elmi yaradıcılığı ilə şöhrət qazanan, yetişməkdə olan nəslin tərbiyəsinə öz töhfəsini verən professor Kamal Camalov məhz belə bir taleyin sahibidir. Gərgin zəhmət hesabına elm yolunda qazandığı nailiyyətlərlə vətəndaş-alim mövqeyini çoxşaxəli, aspektli yaradıcılığı ilə təsdiq edən K.Camalov artıq kamillik dövrünü yaşayır “İnsan eşitdikləri və dedikləri ilə deyil, zəhmət və yaradıcılığı ilə kamilləşir” (A.Eynşteyin). Şöhrətli alimimizə, əziz dostumuz Kamal Camalova möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları, Azərbaycan Respublikasında pedaqogika elmini daha yüksək zirvələrə qaldırmaq naminə böyük nailiyyətlər arzulayıram!

Ulu Tanrı Sizi qorusun!

Müəllif: İRAMİN İSAYEV

Professor, ADPU-nun Ümumi pedaqogika

kafedrasının müdiri

KAMAL CAMALOVUN YAZILARI

AKİF ABBASOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru