
TƏNQİD MƏDƏNİYYƏTİ haqqında
2-ci kursda oxuyanda ədəbi tənqiddən dərs deyən Anna Andreyevna hərəmizə bir əsər verdi ki, resenziya yazaq. Mənə Pavlo Zaqrebelninin “Pervomost” romanı düşdü. Bu o dövr idi ki, yenicə Bulqakovun, Soljenitsının əsərlərini samizdat şəklində tapıb oxuyurduq, təfəkkürümüzdə sosialist realizminə qarşı qiyam baş qaldırırdı. Bir sözlə “Pervomost”u və onun müəllifini “yıxıb-sürüdüm” və resenziyamı müəllimə təhvil verdim. Səbirsizliklə müzakirə gününü gözləməyə başladım ki, məşhur yazıçıdan daha ağıllı olduğumu hamıya nümayiş etdirim.
Həmin gün gəlib çatdı. Anna Andreyevna müzakirəyə yaşlı bir kişi də dəvət etmişdi. Seminar başlayan kimi müəllim üzünü bizə tutub dedi:
-Bu gün Rafiq İsmayılovun “Pervomost” romanı haqqında resenziyasını müzakirə edəcəyik. Mən əsərin müəllifi, hörmətli yazıçımız Pavlo Zaqrebelnini də dəvət etmişəm ki, müzakirəmiz maraqlı və canlı keçsin. Buyur, Rafiq.
Sanki içimdə nə isə qırıldı, həyəcandan hətta qarnım ağrımağa başladı. Resenziyada müəllif haqqında kəskin ifadələr işlətmişdim, onu «бесталанный коньюктурщик» adlandırmışdım. Nə isə, mızıldana-mızıldana resenziyanı oxudum, sözsüz ki, oxuyarkən kəskin ifadələri ixtisar etdim. Müzakirə pis keçmədi, Zaqrebelni əsl ziyalı səbri və etikası nümayiş etdirdi, hətta mənim cəsarətli tənqidçi olduğumu dedi (yəqin ki, sarkazmla).
Sonralar Anna Andreyevnadan soruşdum: “Siz yazıçını qəsdən dəvət etmişdiniz?” O da gülümsəyib dedi: “Bir adamı yazıda tənqid edəndə həmişə nəzərə al ki, nə vaxtsa onunla üzbəüz gələ bilərsən”.
P.S. Bu yazımı təhqir səviyyəsində tənqid etdiyi adamla üz-üzə gələndə əzilib-büzülən, bir andaca nəzakət simvoluna çevrilən “qəhrəmanlar”a həsr edirəm.
Müəllif: Rafiq İsmayılov