
Publisist yazıların aktuallığı
Jurnalist Elman Eldaroğlu feysbuk hesabında publisist yazıların aktuallığının zəmanəsi bitənədək davam etdiyini, nəsr əsərlərininsə bütün zamanlar üçün aktual olduğunu yazıb. Bir tərəfdən mövzu mənə doğma, həm də polemikalıq olduğundan, digər tərəfdən də yazılan rəylər diqqətimi çəkdiyindən müzakirəni mətnə çevirməyi vacib sandım.
Jurnalistin fikirlərinə yazıçı, publisist, mətbuat tədqiqatçısı Şəfəq Nasir bu cür cavab verib:
– Publisistikanın zəmanəsi bitmək nə deməkdir? Bütün zamanlarda ədəbi janrların hər biri özünün baxış bucağından aktuallıq kəsb edib, edəcək. Hər hansı bir dövrün ədəbi mühiti araşdırılanda bədii, publisistik və poetik əsərlər tədqiqata cəlb olunur. Publisistika cazibəli və çevik janr olduğu üçün hər zaman işləkdir.
Elman Eldaroğlu:
– Şəfəq Nasir xanım, dünənin yaxşı publisistikası bu gün yalnız mütəxəsislər üçün maraqlıdır, yaxşı nəsr əsərləri isə bütün dövrlərdə geniş oxucu kütləsi üçün maraqlı olur.
Şəfəq Nasir:
– Hər başlanan yeni dövr ədəbiyyatın və mətbuatın bütün janrlarında aktuallıq kəsb edən mövzuları doğurur. Bu mənada publisistika da, nəsr də bütün zamanlar üçün aktualdır. İ.Qaspiralı, M.Cəlil, Ü.Hacıbəyli, C.Hacıbəyli, Ə.Hüseynzadə, Ə.Ağaoğlundan… başlamış, publisistik əsərlərin gözəl nümunələri bu gün də var, sabah da yaranacaq. Bir nüansı da unutmayaq: publisistika bütünlükdə dövrün gerçəkliyini əks etdirir. Nəsr əsərləri müəyyən mənada gerçək hadisələrə söykənsə də ən çox yazıçının bədii təxəyyülünün məhsuludur.
Şəfəq xanımın cavabı ürəyimdən oldu. Demək olar ki, şair, publisist, şərqşünas-tərcüməçi Hafiz Rüstəmin fikirləri də onunku ilə eynidir: “Məsələn, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun publisistikası musiqi yaradıcılığından geri qalmayan, ölkəmiz durduqca öz sosial aktuallığını itirməyən və itirməyəcək əsərlərdir, zənnindəyəm”.
Elman Eldaroğlu: “Hafiz Rüstəm Ustad, xalq Hacıbəylini publisistikasına görə deyil, əsərlərlərinə görə sevir”.
Bu dəfə müzakirəyə mən də qoşuldum:
– Elman müəllim, söhbətin mövzusu sevilmək deyil axı…
Əslində, polemikalıq mövzu qoymusunuz, qələm adamlarını bir yerə yığa biləcək fikirlərdir. Məncə, janrları müqayisə edib hansınasa üstünlük vermək doğru olmaz, hərəsinin öz məqsədi, öz xidməti var. Hər dövrün hadisələri ilə tanış olmaq üçün publisistika köməyimizə çatır. Hansısa bir dövrə aid hekayə yazanda həmin dövrün mətbuatını araşdırırıq.
Şəfəq Nasir Hafiz Rüstəmə xitabən yazdı: Doğrudur. Ü. Hacıbəylinin musiqisi qədər də publisistikasının ictimai təsiri böyük olub. Bəndənizin yaradıcılığında nəsr, publisistika qoşa qanad kimidir. Hər ikisi də düşüncəmdə doğallıq kəsb edir… Bu bir həqiqətdir ki, istər klassik, istərsə də müasir yazıçılarımız nəsrdə ifadə edə bilmədiklərini publisistikada cəsarətlə qələmə alıblar. Çünki, publisistika həm də həyat gerçəkliyini bədii duyumla ifadəyə meydan verən çevik janrdır.
Belə. Bəs siz necə düşünürsünüz?

























