MÜQƏDDƏSLƏR (… bütün məzarsız Vətən övladlarına ithaf olunur…) Səngəri məzarı olan qardaşım, Hələ də bilinmir əhvalın sənin… Dəfndən Məada Bərzəx deyirlər, Məchuldur durumun, məqamın sənin… * * * Silahın pas tutub, daha heç atmaz, Dəbilqən gəzsə də, çəkmən köç etməz, Kəmər yox olsa da, toqqan heç itməz, Qumquman olubdu kimliyin sənin… * * * Üç rəngli bayrağım süsləyən dağlar, Hər zirvə minlərlə şəhidi ağlar, Bənövşə çiçəyi qəlbimi dağlar, Dağların ağ qarı kəfənin sənin… * * * Zaur buz bulaqdan içəmməz daha, Bənövşə müqəddəs, dərəmməz daha, Ağ qarı tapdayıb, gəzəmməz daha, Bu yurdun nəyi var, ünvanın sənin… 09.05.2021. Bakı.
ATALAR Atalar Yer üzündə Allahın kölgəsidir, Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir.
* * * Həm arxa, həm dayaqdı övlada varlı ata; Uşaq var ata istər, uşaq da varlı ata…
* * * İstəyirəm gorəsən, mümkün deyil danışmaq, Belə olur atanın ətəyindən yapışmaq…
* * * Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq, Balaca yumruqlarla, “allahlarla” vuruşmaq …
* * * Həm arxa, həm dayaqdı övlada varlı ata; Uşaq var ata istər, uşaq da varlı ata… 13.06.2021. Bakı.
İLQAR (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Qəhrəman olmaq üçün Gəlmişdi Yer üzünə. Silahı sevgi idi, Qonmuşdu nur üzünə. * * * Verdilər İlqar adın, Böyüdü üzdə vüraq. Fəxriydi dostun, yadın, Əhdinə düzdü İlqar. * * * Ananın sevinciydi, Obanın şan-şöhrəti. Ziyası oldu xalqın, Əritdi zin-zülməti. * * * Gətirdi gedişiylə Şərəfi, şanı bizə. Qollara qüvvət oldu, Təpəri yetdi dizə. * * * Məzara düşən gün o, And içdi mərd oğullar: -“Bu qanı alacağıq, Sən rahat uyu, İlqar!” * * * İgidlər tutdu sözün, Bir gündə döndü zaman. Göstəriş verildi ki, Düşmənə yoxdur aman! * * * Çin oldu arzuları, Qarabağ oldu azad. Uyuyur rahat indi, Şəhidim indi rahat… 21.06.2021. Bakı.
VƏTƏN DAŞI “Yaşıl”ına yaşıl qatan, Dizi yaşıl oğullar var! “Göy”ün açıq olsun deyə, Göydən buludu qovdular! * * * “Qırmızı”na qanın qatan, Gözü yaşlı analar var! Sən beləcə şax dur deyə, Qəddini əydi atalar! * * * Haqqın yoxdur; nə solmağa, Əyilməyə Vətən daşı! Vətənimin sözüsən sən, Yadelliyə Vətən daşı! 29.06.2021. Bakı.
O GÜN (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
DAĞLAR (Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar! 22.01.2021. Bakı.
YARPAQ VƏ TORPAQ Can verəni candan alı qoyarıq, Unudur yarpağa möhtacdır yarpaq… Torpağa su deyil, zəhər veririk, Marağa məəttəl qalıbdır torpaq… * * * Xəzələ aman yox torpağa çata, Qurumuş canıyla cana can qata, Əbədi qanunla rahatca yata, Süprülüb çöplüyə atılır yarpaq… * * * Torpağa ting deyil, sütun əkirlər, Arx, kanal yerinə hasar çəkirlər, Dəmirdən, betondan kəfən biçirlər, Gözü baxa-baxa gömülür torpaq… * * * Bizə can verənin canın almayaq, Bu iki aşiqin yolun burmayaq, Yarpağı torpağa həsrət qoymayaq, Yarpaq elə torpaq, torpaqdır yarpaq… * * * Ay Ustac, haqq deyən Nəsımı öldü, Haqq bir damladır, batilsə göldü, Qardaşlar tək gəlmiş Adəmi böldü, Bizlər unutsaq da, unutmur torpaq… 31.01.2021. Bakı.
A SİMSAR Salam olsun, sənə şanlı ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! Şükür, əlindədir külli-ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! * * * Nə deyim, a simsar, elə sim sarı, Simsar sinsidərmi, belə simsarı, Hələlik dönüş var, hələ sim sarı, Mizrab tutan əlin, qolun var olsun! * * * Rəvamıdır, bu edilən Ustaca!? Diqqət istər sim sarıyan ustaca… Al dil ilə deyər halın ustaca, Mizrab tutan əlin, qolun var olsun! 05.02.2021. Bakı.
BƏRK YAPIŞ Ay Zaur, deyirlər ən yaxşı vaxtdır, Bir az daha qeyrət, güləş, bərk yapış! “İgid odur, atdan düşə, atlana.” Bu işdə dönüş yox, dirəş, bərk yapış! * * * “Kor qızın baxtı”ndan yeyindi baxtın, İlikdən tacın var, sümükdən taxtın, Olmasa da adan, ya da ki, “yaxt”ın, Olanları qoru, çalış bərk yapış! * * * Ay Ustac, bilirsən, yastığın üç gül, Göydə ulduz sayır basdığın müşkül, Bir türlü dolmayır asdığın kəşkül, Haqqın ətəyindən sallaş, bərk yapış!
SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR Xoşbəxtlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! Ölməzlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! * * * Bu gün doğum günü, yaşar əbədi, Eliynən bir ünü, yaşar əbədi, Sonsuzluğa yönü, yaşar əbədi, Təqvimin bu günü İlqar günüdür! * * * Zaur tək yüzləri bir çətən oldu, Çoxu arzuladı, o yetən oldu, Vətən torpağında o, bitən oldu, Təqvimin bu günü İlqar günüdür! 08.05.2021. Bakı.
XƏZƏR DELTASINDA GÖYQURŞAĞI (Zaur Ustacın yeni kitabı haqqında) Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır. Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.
ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı. Çiçək açsa, haçan həyat ağacın, Yaz çağındır, o çağını yaza yaz! Qan qaynasa, qışın oğlan çağında, Qışa deyil, o çağını yaza yaz… * * * Araz dağdır, haldan hala hal eylər, Sakit axar, eldən elə yol eylər, Dost-aşina, taydan taya əl eylər, Ayaq açsa, o çağını yaza yaz! Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür. Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu: Özün getdin yuxuya, Milyonları oyatdın… Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər. Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib. Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır. “Xəzər deltasında göyqurşağı” adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir. Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac! 11.01.2022. Bakı.
ÜÇ QARDAŞ Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! 05.10.2020. – Bakı.
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! 15.10.2020. Bakı.
VARMIŞ Nə deyim, Allahım sən bilən haqqdır, Görəcək günləri görmək də varmış… Elçini, İlqarı alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Gözün biri gülür, biri ağlayır, Ağlaya-ağlaya gülmək də varmış… Poladı, Şükürü alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Şükür yazdığına, şükür qismətə, Dərdin acısını sevmək də varmış… Həmdəmi, Rəşadı alıb yanına, Zaura sən gözlə, demək də varmış… 31.10.2020. Bakı.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
DAHA TƏK DEYİLSİNİZ (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… * * * Qəribə bir hüzur çuğlayır məni, Yanında hər nəfəs ruha töhfədir. Vətən kitabını vərəqləyirəm, Burada hər məzar bir səhifədir… * * * İgid, ər oğullar toplanıb bura, Bütün çöhrələrdə, təbəssüm, qürur… Tək-tək sıralanan bu baxışların, Hər biri özünə bir dastan qurur… * * * Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… 29.12.2020. Bakı ş. II FX.
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana bütün yaranmışların ünsiyyətlərindəki səslərin, dillərindəki kəlmələrin sayının min qatı qədər şükürlər olsun ki, belə vacib və faydalı mövzuda sizlərlə həmsöhbət olmaq da qismətdə var imiş. Son günlərdə olduqca bəsit və gülünc iddialarla istər sosial şəbəkələrdə, istərsə də necə deyərlər ucuz reklam xatirinə onlara “yel verən” KİV (EKİV)-də yer almış cızma-qara sahiblərinə kiçik bir xatırlatma məqsədi ilə qələmə aldığım bu yazı “Həftə içi” qəzetində dərc olunmaqla bərabər eyni zamanda “Yaradanla baş-başa” adlı məqalələr toplusuna (ikinci hissə) daxil olacaq iyirmi ikinci yazıdır. Söhbətə başlamazdan əvvəl onu qeyd edim ki, bu “qəhrəmanları” Qadir Allahın bəxş etdiyi nemətlərin ən əzəli, öndəgələnlərindən olan ünsiyyət vasitəmiz dili (yazılı) yaxşı məqsədlə istifadə etmədiklərinə görə onları şiddətlə qınayır və əlbəttə onlar üçün adi olan, əslində olduqca faydalı, ibrətamiz, misilsiz digər bir nemət olan suyun misalında yaranışın, nizamın düşündükləri qədər bəsit olmadığını açıqlamağa çalışacağam. DAHİLƏR VƏ QAHİLƏR “Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanın dibində onu Allah gözləyir.” Bu müdrik kəlam heç də indi bəzilərimizin düşünə biləcəyi kimi Şərq üləmalarına məxsus deyil. Əksinə, tam tərsi ilahiyyatla heç bir əlaqəsi olmayan Qərbin dəqiq elmlər üzrə alimi Verner Karl Heyzenberqə aiddir. QISA ARAYIŞ: Verner Karl Heyzenberq (alm. Werner Heisenberg, 5 dekabr 1901, Vürzburq – 1 fevral 1976, Münhen) – görkəmli alman fiziki, matriks kvant mexanikasının yaradıcısı, 1932-ci il fizika üzrə Nobel mükafatı laureatı. 1976-cı ildə xərçəng xəstəliyindən vəfat etmişdir. Verner Karl Heyzenberqdən əlavə bu siyahını Qərbin müsəlman olmayan digər dəqiq elmlər üzrə dahi Pifaqordan üzübəri tanınmış alimləri İsaak Nyuton, Albert Eynşteyn, Mixail Vasilyeviç Lomonosov, Dmitri İvanoviç Mendeleyev, eyni zamanda Lev Nikolayeviç Tolstoy, Vintsas Kreve kimi məşhur yazarları və başqa onlarca, bəlkə yüzlərcə bəsirət gözü açıq olan dahilərin (Nikola Tesla ilahi qüdrətə bir az başqa cür don geyindirirdi) hesabına uzatmaq da olar. Hətta Ziqmund Freydin timsalında dinin VI əsrdə ilişib qalanlar üçün lazım olduğunu iddia edən bizim bu “qəhrəmanlar” özləri də bilmədən Allahın varlığını mülahizələri ilə sübuta yetirmiş olurlar. Ziqmund Freydlə bağlı başıma gələn bir hadisə haqqında ibrətamiz qısa haşiyəyə çıxmaq istəyirəm (Ziqmund Freyd – Ziqmund Freud, Sigismund Şlomo Freyd – mənim şəxsiyyətinə, əzminə, iradəsinə, elminə hörmət etdiyim, tapa bildiyim kitablarının hamısını oxuduğum, fikir və mülahizələrini çoxunu bəyənib qəbul etdiyim həkim-psixoloq, özünəməxsus araşdırma və analiz qabiliyyəti olan alim, söz adamıdır.): HAŞİYƏ Əgər, səhv eləmirəmsə, 2013 – cü ilin payızı, oktyabr ayı idi. Şamaxıda idim. Əlimdə ağ paketdə Ziqmund Freydin “Totemlər və tabular” kitabı, bir də həmişə özümlə gəzdirdiyim qara dəri balaca əl çantam var. Cümə günü, günortadan xeyli keçmişdi. Şamaxı Cümə Məscidi olan əsas küçə ilə yuxarıdan aşağı – avtovağzal istiqamətində heykəllərin şəklini çəkə-çəkə üzüaşağı düşürdüm. Məscidin yanından keçəndə qərara gəldim ki, girim həm məscidi ziyarət edim, həm də iki rükət namaz qılaram. Məscidin həyətinə girib, düz dəstəmazxanaya getdim. Əlimdəki kitab olan ağ paketi yerə qoyub (orda asılqandan başqa kətil, dolab olmadığına görə) qara dəri çantanı da üstünə qoydum. Dəstəmaz alıb, məscidə getdim. Məscidin girişində yenə ayaqqabılarımı çıxarıb, onlar üçün nəzərdə tutulmuş rəflərə qoydum və içəri keçdim. Namazımı qıldım, xeyli dua etdim. Təxminən 45 ‘ – 1 saat vaxt keçmiş olardı. Qalxdım, gəldim ayaqqabılarımı geyinib çıxanda baxıram ki, əlimdə ancaq qara əl çantası var. Bəs ağ paket hanı? – Əvvəl elə bildim içəridə unutmuşam. Ayaqqabılarımı çıxarıb yenidən məscidə daxil oldum, gedib əl çantasını qoyduğum yerə baxdım. Yox idi. Düşünə-düşünə gəlib ayaqqabılarımı geyinib, ayaqqabılar olan rəfə də baxdım. Bəlkə, bura qoymuşam. Yox idi. Lap əvvəldən xatırlamağa çalışdım… Dəstəmazxanaya girib kitab olan paketi döşəməyə, qara çantanı da onun üstünə qoyub dəstəmaz almağa getmişdim… Bu düşüncə ilə dəstəmazxanaya girdim. Paket elə ordaca dururdu… Paketi döşəmədən qaldırdım, tüklərim biz-biz olmuşdu… Nə qədər düşündüm, necə ola bilər ki, dəstəmaz alandan sonra üstündə olan çantanı götürəsən, paket özü unudula – əslində necə olmuşdusa mən heç paketi görməmişdim, sanki, o heç olmamışdı… Dəstəmaz alandan, ta ziyarət və ibadəti tamamlayıb məsciddən çıxana qədər onun haqqında məlumat yaddaşımdan tamam silinmişdi. Bir də məsciddən çıxanda xatırladım və nəql etdiyim kimi gedib tapdım… İndi də o hadisəni xatırlayanda bu qənaətə gəlirəm ki, Qadir Allah (ƏL – QƏDİR) bu kitaba onun evinə girməyə izin vermədi və o ehtiva etdiyi məlumatlarla birlikdə məni yalnız həmin yerdə gözləyə bilərdi…
Özlərini ağıllı sayanlar (stəkanı hələ indi-indi uzaqdan görənlər) “olmayandan (yoxdan) danışmaq olmaz” tezisini unudaraq sərsəm fikirlərlə gündəmə gəlməyə çalışırlar… Bu barədə çox dərinə getmədən sadəcə yazıqlar olsun deməklə kifayətlənirəm… Və əlbəttə deyildiyi kimi, “…vay o kəslərin halına ki, …” Yəqin o şəxslər özləri də yaxşı bilirlər ki, onlar nəinki yuxarıda adları çəkilən müdrik şəxslərdən ağıllı deyillər, hətta çoxları onların bir çoxunu heç tanımırlar belə… Ümidvaram ki, bu yazıdan sonra tapıb, oxuyub, öyrənəcəklər. İnanıram ki, əgər, bu qafillər heç olmasa stəkana yaxından baxa bilsələr, dibi haqqında onlarda ilkin təsəvvürlər formalaşa bilər. Belələri haqqında hələ keçən əsrin axırlarında “Dostum” adlı bir şeir yazmışdım. Elə o vaxt da birmənalı olmayan fikirlər çox səslənirdi. (maraqlananlar “Google” axtarış sistemində Zaur Ustac “Dostum” şeiri yazıb, oxuya və dinləyə bilər – bura əlavə edib yer tutmaq istəmədim.) İki hissəli bu yazımın birinci hissəsini məhz belə yekunlaşdırmaq istəyirəm, qahilərdən olmaq istəmirsinizsə, dahiləri tanımaq lazımdır. KEÇİD Yuxarıda yəni birinci hissədə bilərəkdən ancaq qeyri-müslimlərdən misallar çəkdim. Ancaq, bu demək deyildir ki, bizim özümüzün sitat gətiriləcək dahilərimiz yoxdur. Mövcudatın qarşılıqlı olduğunu (gecə-gündüz, dağ-dərə və s.), təsirin əks təsirə bərabər olduğunu nəzərə alsaq qahilərin bizdə Qərbə nisbətən daha çox olduğunu iddia ediriksə deməli şübhəsiz ki, dahilər də bizdə – Şərqdə daha çoxdur… Yəni, stəkan hələ icad olmazdan, hörmətli alman fiziki Verner Karl Heyzenberq elmi bir su misalında ona doldurmazdan çox əvvəl Şərqdə Şeyx Nizami Gəncəli suyu belə vəsv etmişdir: “Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir su da.” Müəllif: Nizami Gəncəli Tərcümə edən: Səməd Vurğun Dahi Nizaminin yazdğı dildə bu misraların hansı fikri ifadə etdiyini bir kənara qoyub, sevimli şairimiz Səməd Vurğunun şirin dilində ifadə etdiyi məna üzərindən iki istiqamətdə fikir yürüdərək dahiliyə və qahiliyə müasir (sirr dolu) insanın baxış açısından qısa izahda aydınlıq gətirməyə çalışacağam. “su çox incə bir varlıqdır” – bu bizə ulu əcdadlarımızdan – dahilərdən –kodlaşdırılmış, şifrəli şəkildə ötürülmüşdür. Müasir “dahi”(əslində o qahidir) bu məlumatı götürür, ikinci -“dərd verən” tərəfini araşdırmağa başlayır və məlum olur ki, bəli su nə qədər faydalı olsa da həddindən artıq çox qəbul edildikdə, bir o qədər də zərərli ola bilər. Beləki, orqanizmin təbii ehtiyacı olmadan (belə söz var – ürək istəmədən) həddən çox su işdikdə ilkin olaraq kəskin baş ağrıları ilə müşayət olunan “su zəhərlənməsi”, sonra maddələr mübadiləsinin pozulması (əlbəttə, onu da yaxşı bilir ki, hal-hazırda içməli su konkret olaraq yoxdur) nəticəsində bədəndə artıq suyun yığılmasına, bu maye yığıntısının qarın boşluğunda özünə yer etdikcə tədricən artaraq digər vacib orqanların fəaliyyətini məhdudlaşdırdıqca, həyati əhəmiyyətli orqanlarda xəstəliklərin əmələ gəlməsinə səbəb olur ki, bu xəstəliklərin müalicəsində olduqca bahalı, “çətin tapılan” (bu status onların vacibliyini və dəyərini artırır) xarici dərmanlardan istifadə olunur. Müəyyən (qahiliyə bəs edəcək qədər) psixoloji bliklərə də malik olan “dahi” daha çox insanın oxuya biləcəyi, məlumatlanacağı bütün imkanlardan (sosial şəbəkələr, KİV, TV və s.), vasitələrdən istifadə edərək təxmini bu məzmunlu yazılar tirajlamağa başlayır, “…baxın, filankəs hər gün sadəcə su içməklə nələrə nail oldu…”, bilir ki, bir dəfəyə orqanizm tələb etmədən çoxlu su içmək çətindir. Odur ki, “…ilk günlər çətin olsa da, sonra tədricən öyrəşmək olur, gör filankəs altı ayda nələr etdi…” və s. bu qəbildən olan təhrikedici cümlələrlə qabaqlayıcı önləmlər alır. Bu məqamda o məşhur deyim yada düşür, “ayının min oyunu bir qozun üstündə gedir…” – mətbuatı (növündən və vasitələrindən asılı olmayaraq) boş yerə hakimiyyətin növlərindən biri hesab etmirlər. Xüsusi ilə sürətli məlumat yaymağın asanlaşdığı müasir dövürdə bu öz gücünü daha qabarıq şəkildə göstərir. Bəli suyun “faydası” haqqında yazılıb, mümkün qədər bütün vasitələrlə yayılan yazınını bircə məqsədi var. Daha çox adam xəstələnib, Hippokrat babalarının cəddinə dönə-dönə and içmiş, dərman firmaları ilə əvvəlcədən müqavilə bağlayaraq onlarda qeydiyyatdan keçmiş nömrəli reseptlərlə və ya təşviqedici reklam xarakterli blanklarla təchiz olunmuş, qahi həkimlərə müraciət etsin ki, bahalı dərmanlardan daha çox satılsın… Söhbətimiz obyekti su olduğuna görə mən sudan misal gətirirəm. Yoxsa, heç kimə sirr deyil ki, indi hər yan bu tip təhrikedici yazılarla doludur. Belə yazılara, söhbətlərə ümumiyyətlə “qulaqdandolma” məlumatlara inanmayın onlar qahilərin sözüdür. Ələxsus sağlamlıq – həkim məsələlərində ən etibarlı, sınanmış şəxslərə müraciət etmək olar… İndi demək olar ki, dünyanın aparıcı şirkətləri səbəbi və nəticəni bir əldə cəmləməyə nail olublar. Məsələn, dünyaca məşhur şirkət uşağın ağlı kəsəndən reklam edə-edə bahalı, ləzətli ancaq, zərərli şokaladı və digər şirniyyat, qənnadı məmulatlarını şirin-şirin 30-40 yaşına qədər ona yedirdib, içi şəkər qarışıq müxtəlif sağalmaz xəstəlikləri (hansı ki, bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanları da özü istehsal edir…) onun orqanizmində yaradır, yenə həmin şirkət istehsal etdiyi bahalı dərmanları reklamla qazandırdığı xəstəlikləri müalicə edir adıyla ömrünün qalan hissəsini bu şəxsə almağa məcbur edir… İkisində də onlar qazanır, biz itiririk… Bu gözlə görünən, hər gün ətrafımızda olan, hamımızın hiss edə biləcəyi maddi misalları çəkməkdə iki əsas məqsədim var idi. Birinci publisistika kimi günümüzün acı həqiqətlərini bir daha xatırlatmaq, ikincisi isə bu maddi timsalda digər yazıların əslində mənəvi – ruh aləmimizə, insanlığa nə qədər sağalmaz yaralar vurduğunu gözlər önünə sərməkdən ibarət idi… Bu müqəddəs torpağın yetirdiyi dahilər təkcə Şeyx Nizami ilə məhdudlaşmır. Bu siyahını cəlal sahibi, Alim Allahın (Əl – Əlim) elmindən kifayət qədər agah olan, Bəhmənyar, Nəsrəddin Tusi, Nəsimi, Xətai, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev kimi mütəfəkkirlərin, eyni zamanda Qurbani, Sarı Aşıq, Aşıq Ələsgər və digər adını qeyd etmədiyim xalq içərisindən çıxmış saz-söz adamlarının hesabına uzatmaq olar. Yaxud da heç uzağa getmək lazım deyil, müasirlərimiz dünyaca məşhur Çingiz Abdullayevin, ölkəmizdə kifayət qədər tanınmış Əsəd Cahangirin fikirləri bu, bir ovuc qahinin tutarlı cavabı ola bilər. Müasirlərimiz olan elm adamlarından gənc alim-yazar Sadıq Qarayevin dünya-aləm, kainat-yaranış haqqında olan düşüncələri maraqlıdır. SU DÜNYAYA AÇILAN PƏNCƏRƏDİR Yuxarıda, “DAHİLƏR VƏ QAHİLƏR” və “KEÇİD” bölümlərində qoyulmuş problemi mümmkün qədər dünyaca məşhur şəxslərin adı, misalları anlatmağa çalışdım. Ancaq, digər əvvəlki yazılarla tanış olan oxucu bilir ki, bu o qədər də xarakterik hal deyil. Mən adətən bütün yazılarımda məsələnin əsas mahiyyəti “mən” deyə gətirdiyim misallarla açır və fikrimi təsdiq edirəm. Bu heç də təvəzökarlıqdan uzaq “mənəm-mənəm” – lik iddiası deyil, əksinə tam tərsi özümün tam əmin olmadığım fikri, doğruluğuna inanmadığın hadisəni başqasına anlatmağın düzgün olmaması qənaətindən irəli gəlir. Odur ki, mən yazılarımın böyük əksəriyyətində praktik məsələləri öz həyatımdan, gördüklərimdən, dəqiq bildiklərimdən, şahidi olduqlarımdan misal gətirməklə əsaslandırmağa çalışıram. Yenə həmişə gözümüzün önündə olan, gün ərzində dəfələrlə təmasda olduğumuz su haqqında misallarla dinin bəzi hökmləri ilə əlaqəli şəkildə tanış olacaq, fikrimizi əsaslandırmağa çalışacağıq. Bu təfsilata keçməzdən öncə hamımızın diqqət etməli bir neçə məlumat nəzərinizə çatdıracağam. Onu da qeyd etmək istəyirəm ki, yazının bu hissəsində sonra fikir – açıqlama (izah) kimi təqdim edəcəyim məlumatlar “NİYƏ BELƏDİR?” – sualına uzun illər axtarıb, araşdırıb tapdığım cavablardan ibarətdir: DİQQƏT!!! Azanın vaxtı elə təyin olunub ki, Yer üzərində (daha dəqiqi sonsuz fəzada – kosmosda Yerdən daim azan səsi gəlir) fasiləsiz olaraq azan səsi gəlir, Allahın kəlamları oxunur. Müsəlmanların Ay təqvimindən istifadə etməsi, təbii Günəş və Ay saatlarının nəzərə alınması ilə bu mümkün olmuşdur. Əgər, insan onun orqanizmi üçün təyin olunmuş qaydada hər gün Günəş doğmazdan öncə oyanıb, dəstəmaz alıb, günə ibadətlə (şükrü-səna, arzu-niyazla) başlayaraq, yalnız günün işıqlı vaxtı (Günəşi gördüyü vaxt) oyaq olub, hava qaralanda – gecə düşən kimi yenə qüsul-dəstəmazın həll etdikdən sonra ibadətini (şükrü-səna, arzu-niyazla) yerinə yetirib yatarsa, yəni “Günəşlə oyaq ol, Ayla yat…” göstərişinə əməl etsə, insan bu gün düçar olduğu bir çox bəlalardan uzaq olardı… Bunun səbəbi insan orqanizminin təbii Günəş və Ay saatlarına görə ayarlanmasıdır. Hər söhbətə, yeməyə başlayanda “BİSSMİLLAH”, qurtaranda isə “ƏLHƏMDÜLİLLAH” demək boğaz (udlaq -qırtlaq) üçün faydalıdır. Beləki, bu sözləri işlətmək ağız boşluğunu sonrakı fəaliyyət üçün hazırlayır. Bunun səbəbi hər iki sözün tərkibində olan “ALLAH” kəlməsini tələffüzü ilə bağlıdır. Namaz qılarkən “TƏKBİR”-də əllər sürətlə qulaq bərabərinə qalxıb düşür. Bu hərəkətin düzgün icra olunmasında insan orqanizmi üçün böyük fayda var. Beləki, hərəkət nəticəsində barmaqların ucundakı xırda kapilyarlar silkələnir və qan damarlara daha sürətlə qayıdır. Eyni zamanda ürəyə giriş –çıxış damarları dartılıb hərəkət etdiyinə görə, bu hərəkəti hər gün müntəzəm şəkildə dəfələrlə təkrar edən adamda (bunu namaz qılanda düşünmədən edirik – avtomatik) damar kirəcləşməsi, bu səbəbdən infarkt olma riski sıfıra bərabərdir. Bu sadaladığım misallar ən adi, hər gün istifadə etdiyimiz, içində olduğumuz misallardır. Belə sadə misalları çəkməkdə məqsədim “din VI – VII əsrlərdə ilişib qalanlar üçündür” deyənlərə Böyük Allahın əzəmətinin ən xırda – bizim bilmədiyimiz – bir detalda, məqamda, hərəkətdə ola biləcəyini xatırlatmaqdan ibarətdir. Və din hansısa zaman üçün deyil, insan – insanlıq üçündür. SU – ALLAHIN BİR LÜTFÜDÜR Aşağıda sadalayacağım misalların qaynağı, qüsul və dəstamaz qaydaları, namazın evimizdən axan çaya bənzədilib, gündə beş dəfə orda paklanmalı olduğumuzun tövsiyə olunması, şərab içənin ibadətinin qırx gün qəbul görməyəcəyinin xəbərdar edilməsi və başqa bu kimi ibrətamiz məlumatları öyrəndikdən sonra “NİYƏ BELƏ OLMALIDIR?” sualına uzun illərin araşdırmaları, öz üzərimdə sınaqdan keçirdiyim təcrübələrin nəticələridir. Onu qeyd edim ki, mən gözümü açıb evdə nənəmi, babamı ibadət edən görsəm də ilk olaraq namazı və sonra böyüdükcə digər şərtləri kitablardan müxtəlif informasiya vasitələrindən əlbəttə eşidib, görüb, bildiklərimi də göz önündə tutaraq on beş yaşım olar-olmaz müstəqil öyrənməyə başlamışam və bu son nəfəsə qədər davam edəcək. Hədis məlum. Su məsələsində yenə iki məsələ qabarıq görsənir: -Birinci onun xarici təmizlik üçün istifadə olunması, qüsul və dəstəmazın həqiqətən də orqanizmə cism və ruh olaraq ayrı-ayrılıqda bir çox cəhətdən müsbət təsiri göz önündədir. Bu təkzibedilməz faktdır. -İkinci isə suyun birbaşa insanın orqanizminə daxildən təsiri, qəbul olunub, qana sorulması prosesi ilə bağlıdır. İnsan bədəninin həyatverici – daşıyıcı qüvvəsi qanının nisbətdə yarıdan çox hissəsinin su olmasını nəzərə alsaq hər su içmə prosesi sanki, insanın özünə qayıdışı, özünü tanıması, ətraf aləmlə vəhdət təşkil edib, tamlığa qovuşması hadisəsidir. Əlbəttə çiy (qaynamamış, qatqısız), pak, saf içməli sudan söhbət gedir… Başlayaq qüsuldan, niyə bütün hökmlərdə israrla cünub halda yatmağın, ümumilikdə qüsulsuz qalmağın zərərli olduğu buyurulur? Tibbi və sağlamlıq tərəfi, əlaqədən sonra həmən çimib, qüsul aldıqda ən azından tərəflərdə olan parazitlərin yumurtalarının (törədicilərinin) bir-birinə ötrülməsi ehtimalı azalır, digər bir çox infeksion xəstəliklərin yayılmasının qarşısı alınır və s. Mənəvi – ruh tərəfi gecə rahat, sakit və dərin yuxu ilə yatmaq mümkün olur. Oyandıqda yeni gün daha bərəkətli və faydalı olur. (Məsələn, istənilən tacir, ticarətlə məşğul olan adam, iş adamı eyni obyektdə işlədiyi qüsullu günü ilə qüsulsuz günün nəticələrini analiz edib, alacağı inanılmaz dərəcədə fərqli nəticənin şahidi ola bilər)Pak və dualı bir iş günü olduqca xoş əhval-ruhiyyədə keçməklə yanaşı, həmdə adi günlərdən çox fərqlənəcək dərəcədə bərəkətli olur. HAŞİYƏ Parazitlərlə bağlı kiçik bir haşiyəyə çıxmağa ehtiyac duydum. Bu haşiyə həm yazının birinci hissəsi ilə ikinci hissəsi arasında əlaqəni möhkəmləndirəcək, həm də parazitlər haqqında qısa məlumat verəcək. Beləki, hal-hazırda qahilər parazit (insan orqanizmindəki müxtəlif qurdlar) mövzusunu əldə bayraq edərək, bundan da qazanc məqsədi ilə istifadə edirlər. Parazitlər mövzusunda “USTACNAMƏ” kitabının dördüncü bölümündə ətraflı məlumat olduğuna görə bu yazıda çox dərinə getməyərək, sadəcə onu bildirmək istəyirəm ki, insan bir bədən, cism, orqanizm olaraq digər bütün yaradılmış canlılar kimi, parazitlərlə birgə yaşamağa məhkumdur və bu bəzi kənara çıxmaları – xarakterik olmayan yoluxmaları –nəzərə almasaq təbii haldır. Onları qahilərin iddia etdikləri (reklam edib, pul qazandıqları) üsullarla bədəndən təmizləmək mümkün deyil və buna ehtiyac da yoxdur. Bədənimizdə yaşayıb, bizim hesabımıza parazit həyatı sürən orqanizmlərin qahilər iddia etdiyi kimi tam təmizləmək mümmkün olsaydı, şübhəsiz ki, bu əməlin zərəri faydasından çox olacaqdı. Çünki, bizimlə birgə yaşayan yad orqanizmlərin çoxu Alim (Əl – Əlim) və Qadir (ƏL – QƏDİR) olan Böyük Allah tərəfindən görəvləndirilmiş təbii likvidatorlardır. Bu canlılar da digər bütün canlılar kimi təbii Günəş və Ay saatlarına uyğun yaşam tərzi sürür, bəlli zamanlarda insan oqrqanizminin dəri səthinə açılan bütün dəlik və kanallarından (ağız, göz, burun, qulaq da daxil olmaqla) xaricə çıxaraq yumurtalarını qoyub, geri qayıdırlar. Müntəzəm sadəcə su ilə və ya bəzi təbii sabunlardan istifadə edərək təmiz yuyunmaqla bu törədicilərin yenidən orqanizmə qayıdıb düşməsini azaltmaq olar. Tez-tez bədəni tam yuyub qüsul almaqda bu baxımdan fayda var. İkinci dəstəmaz məsələsi dəstəmaz suyunun şərtləri və qaydaları məlum olduğuna görə burada ona yer ayırmayıb, mətləbə keçirəm. Mən bütün qaydaları müstəqil öyrəndiyimə görə lap uşaqlıqdan namazda təkbirə görə və dəstəmaz alanda ayağa məsh çəkəndə həmişə böyüklərdən –qocalardan iradlar alardım və cavanlıq iddiası ilə niyə elə olmaz və ya niyə elə olmalıdır, harda belə yazılıb sualları verərdim… Və ya məni ən çox düşündürürdü; niyə isti su ilə dəstəmaz almaq olmaz, niyə qurulamaq olmaz… bir yeri niyə iki dəfədən artıq yumazlar… və digər qocaların qoyduğu maraqlı qadağalar… İndi keçək cavablara: -dəstəmaz alarkən bədənin sonluqları – orqanizmin bir-birindən ən ucqar, uzaq nöqtələri otaq temperaturundakı (qızdırılmamış, təbii ətraf mühit temperaturunda) suyla yuyunduqda və ya məsh olunduqda yenə bu kapilyarların oyanmasına və bir başa qan dövranına təsir edir. Su mühitin təbii temperaturundan isti olduqda bu effekt olmur və dəstəmazın bu cəhətdən orqanizmə heç bir faydası olmur. Üz-gözümüz, qolumuz sulu qaldıqda ibadət əsnasında təbii şəraitdə yavaş-yavaş quruduqca bədənin sonluq səthlərinin soyuması davam edir. Dəstəmaz qurulandıqda bu effekt olmur. Su nə qədər soyuq olsa da iki dəfədən artıq bədənə vurmanın efekti olmur, üçüncü artıq israfçılıqdır. İki dəfəyə dəri tam oyanır və üçüncünü hiss etmir… Kişilərin ayaqlarına baş barmağın ucundan üstə doğru məsh çəkmələri onların daxili orqanlarının, xüsusi ilə piylənmə vəziyyətinə görə qadınlardan fərqli olduğuna görədir. Bu səbədən qadınlar ayaqlarının içinə doğru, kişilər isə üstünə doğru məsh çəkirlər. Ayağa məsh çəkdikdə kapliyarların oyanma effekti yumaqdan daha artıq olur. SU İÇDİKDƏ NƏ BAŞ VERİR? Yuxarıda bu haqqda kəsədən daxilə çiy, pak, saf, qatqısız su qəbulunun insanın özünə qayıdışı, təbiətlə vəhdət yaratması anlamına gəldiyini qeyd etmişdik. Çiy su ilə, qaynanmış və ya qatqılı suyun orqanizm üçün nə fərqi və ya ümumiyyətlə bunu ibadətlə nə əlaqəsi var? Bu sualın cavabı şərab içənin ibadəti qırx gün qəbul olunmaz məzmunlu hökmdə gizlənib. Çiy su, qaynanmış su, qatqılı su, şərab bu dörd vacib informasiya üzərindən mühakimə yürüdərək belə nəticəyə gəlirik ki, bu dörd varlığın fərqi yalnız ölü və diri olmasındadır. Diri kimi yalnız çiy, saf suyu qəbul edirik. Niyə şərab içmiş insanın ibadəti qəbul olunmur? Çünki, Allah kəlamı ona təsir etmir. Niyə təsir etmir? Bu onun qanındakı qatqılı mayeyə görədir. Nəinki şərab içənə, hətta daim qaynanmış su, çay, kompot və digər şirələr içən adamla müqayisədə müntəzəm olaraq çiy, saf su qəbul edən adama (indiki reallıqda çətin olsa da…) azanın, avazla oxunan quranın təsiri tam fərqlidir!!! – İNANMAYANLAR ÖZ ÜZƏRİNDƏ YOXLAYA BİLƏRLƏR – 40 GÜN ƏRZİNDƏ NƏTİCƏ ALMAQ MÜMKÜNDÜR. Məncə, bu insan orqanizminin cox hissəsini su təşkil etməsi ilə əlaqədar hadisə olub, damarlarımızda axan qanın cox hissəsi saf, pak, diri su olduqda Allah kəlamı bütün digər canlılara təsir etdiyi kimi damarlarımızda olan suya da təsir etdiyindən və su molekulları ƏR-RAİ, ƏR-RƏQİB, ƏŞ-ŞƏHİD, ƏL-MUSSƏVVİR, ƏL-VƏHHAB, ƏL-XƏBİR, ƏL-MÜHİT kimi gözəl adların sahibi Böyük Allahın şirin avazlı müəzzin tərəfindən düzgün oxunan sözlərinə qarşı biganə qalmadığının bariz göstəricisidir… XATIRLATMA Ey qahilər, istəyirəm biləsiz ki, mövzuya uyğun xatırlatdığım, daim gözümüzün önündə olan, hamımızın görüb, hiss edə biləcəyi bu misallar Böyük Allahın yaradılmışlara lütfünün çox kiçik bir qismi, bəlkə də heç milyonda biri də deyil… Ancaq, inanclı insanlar bu qazanc – xeyirlər naminə ibadət etməzlər. Onlar sadəcə vacib buyrulmuş əməlləri yerinə yetirdiklərinə görə, əvvəlcədən vəd olunmuş səvaba-faydaya qovuşarlar, bu qədər. Sonda din geridə qalmışlar üçündür məzmunlu fikirlər səsləndirən münafiqlərə (bəli, onlar əsl münafiqlərdir) sözüm budur: -bir damla suyun ən zəif, ən xırda, parçalanmış, yaralı bir molekulu qədər hissiyyatınız, qabiliyyətiniz olsun… Onlara bir xatırlatma da etmək məcburiyətindəyəm: – bilin ki, İslam sonuncu və ən kamil olan dindir və bu din sizin inkişaf etmiş Avropa adlandırdığınız (əsrlər boyu Şərqdən oğurluq edən, öyrənib öz adına çıxan) Qərbdə heç bir zor-güc olmadan, ən bilikli, savadlı, hər tərəfli imkanlı, dünyanı, əsl tək olan elmi anlayan qabaqcıl insanlar arasında sürətlə yayılmaqdadır… Və orada bəziləri bundan bərk narahatdırlar… Bəlkə də sizinkimilər elə belələrinin qarmağı ilə suya düşürlər… Nə qədər gec deyil, bu yoldan çəkinin… O sürüşkən qarmaqla endiyiniz çirkab gölməçədən çıxın, üstündə içi pak su dolu stəkan olan masaya yaxınlaşın, diqqətlə baxın, ibrət alın. Ən azından çiy su içməyə başlayın… “Bir damla su” tam anlamı ilə bütün mənalarda (insan özünün də bir damla “su”-dan necə əmələ gəldiyini və sonrakı bütün inkişaf mərhələrini – hansı ki, bu barədə də ən xırda təfsilatı ilə müqəddəs kitabımız “Quran”-da məlumat verilmişdir – unutmamalıdır…) əsl insan üçün həqiqətən də dünyaya açılan pəncərədir, sadəcə bunu görüb, dərk etmək lazımdır… Qeyd: “Qahi” – qəhr olmuş, “Qahilər” – qəhr olmuşlar deməkdir. 27.04.2019. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında İYİRMİ İKİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda“Su dünyaya açılan bir pəncərədir”, “Həftə içi”, 03.05.2019, say: 80 (3128), s.8. dərc olunub.
Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha! Hər dəfə sizlərlə bölüşməyə sözüm olanda sevincimin həddi-hüdudu olmur. Bu dəfə məni belə sevindirən, ruhumu ovsunlayıb öz sehrinə qərq edən çox dəyərli bir kitabdır. Böyük əminliklə qeyd edirəm ki, əgər siz bu yazını oxuyursunuzsa, mütləq mənim “Su dünyaya açılan bir pəncərədir” adlı yazımı da oxumusunuz. Bu məqamı xatırlatmaqda məqsədim kitabla necə tanış olduğumu sizlərə çatdırmaqdan ibarətdir. Belə bir kitabın varlığından tam xəbərsiz olaraq, sadəcə “sirli aləm”, “sirli dünya”, “dünyanın sirli işdəkləri” kimi ifadələr yazıb “Google” dostumuzun əvəzsiz xidmətlərindən faydalanırdım. Axtarş nəticəsi olaraq çıxmış “Sirli gedişlər” ifadəsi diqqətimi cəlb etdi. Lingdən keçid edib qısa araşdırma aparanda məlum oldu ki, “Vahid Mərkəzləşdirilmiş Kitabxana Portalı”nın “Göygöl rayon Mərkəzi Kitabxana”sının qonağıyam və həmsöhbətim Lətifə Orucun (Lətifə Əliyeva) “Sirli gedişlər” kitabıdır. Bizim tanışlığımız bax beləcə, iki bir-birini tanımayan qonağın onların hər ikisini yaxşı tanıyan dost evində görüşü kimi qəfil, gözlənilməz şəraitdə baş tutdu. “Sirli gedişlər” ifadəsi diqqətimi cəlb etdi. PDF kitabı pulsuz və təhlükəsiz şəkildə endirib oxumağa başladım. Axşam saat 20:00 – a az qalırdı. Axşam xəbərlərini gözlədiyimə görə vaxt dəqiq yadımda qalıb. “Xəbərlər”in başlamasına qalan 5-6 dəqiqə vaxt ərzində mən “Sirli gedişlər” adlı kitabın müəllifinin Lətifə Oruc olduğunu, hörmətli professorumuz Nadir Məmmədli tərəfindən 2021-ci ildə “Elm və təhsil” nəşriyyatında çap edildiyini öyrəndim və hətta çox hörmətli şairimiz Sabir Rüstəmxanlı tərəfindən kitaba yazılmış ön sözə də göz ata bildim. AzTv-də “Xəbərlər” proqramının başladığını bildirən video çarxın getdiyi (səsindən məlum olur) anda mən artıq “I FƏSİL” də “Suyun kənarında Quran oxunuşu, musiqi, qarğış…” (üçüncü abzas) ilə başlayan maraqlı məqamla rastlaşmışdım. Mövzu mənə tanış gəldiyinə və çox maraqlı oduğuna görə, – “Tunu qaqa, (Tuncay Şəhriliyə adətən belə müraciət edirəm) televizorun səsini azalt”,- deyə bildim və “Sirli gedişlər” məni öz sehirli ağuşuna aldı. Bu günə qədər oxuduğum kitabların içərisində yalnız və yalnız 5-ci sinfdə oxuyan zaman kənd kitabxanasından götürüb oxuduğum (Ağdam rayonu, Yusifcanlı kəndi) “Kapitan Qrantın uşaqları” (fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman) kitabını belə, ilk cümləsindən sonuna qədər ayrılmadan, birnəfəsə oxumuşdum. Kitab ötən əsrin ortalarından başlayaraq sonlarına doğru, iki əsrin kəsişməsindəki keşməkeşli dövrü, əsrimizin təlatümlü çağlarını (keçmiş ittifaq və müstəqillik dövürlərində) tipik orta statistik kasıb ailənin və belə ailədə böyüyüb, boya-başa çatmış övladların həyatı, yaşam tərzi fonunda şahidi olduğumuz həyat reallıqlarını gözlər önünə səririr. Bu məqamda, təfsilata keçməzdən əvvəl ən azı gələcəkdə istinad etmək üçün sizi müəlliflə tanış etmək vacibdir.
QISA ARAYIŞ
Lətifə Oruc (Əliyeva Lətifə Oruc) 9 yanvar 1960-cı ildə Naxçıvan Muxtar Respublikasında (Şərur rayonu, Düdəngə kəndi) anadan olub. 1976-cı ildə Şərur rayon, Cəlil Məmmədquluzadə adına Cəlilkənd kənd orta məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Müəllifi olduğu “Sirli gedişlər” (kitab Azərbaycan, Rus və İngilis dillərinə tərcümə olunub) adlı kitabına görə Rusiya Yazıçılar Birliyinə üzv qəbul olunub.
Ailəlidir. Biri qız, biri (tanınmış şahmatçı Rauf Məmmədov) oğlan olmaqla iki övladı var.
Əsərdə şərti adlarla təqdim olunan ailə; sürücü ata, evdar qadın və onların yeddi qız övladı real həyatdan götürülüb (Lətifə xanımın öz ailəsi). Lətifə xanımın yanvar ayında doğulmağından tutmuş, bütün təhsil pillələrində və iş karyerasında əzmlə irəliləməsi, eyni zamanda bacılarının həyatı, zəhmətkeş atanın, qayğıkeş ananın fəaliyyəti belə bir faydalı kitabın yaranıb, ortaya çıxmasında mühüm rol oynamışdır.
Kitab “Tərəfsiz ədəbiyyat tarixdir” prizmasından baxdıqda da bütün tələbləri ödəyir.
Lətifə xanım istər keçmiş ittifaqda yaşadığımız çağlarda, istərsə də müstəqillik dövrümüzdə adi ailə-məişət zəminində baş vermiş hadisələri elə böyük ustalıqla təqdim edir ki, hadisələr fonları ilə birlikdə tarixi, mədəni, mənəvi əhəmiyyət kəsb edir.
Əsərdə təqdim olunan olduqca müxtəlif vəziyyətlər onun real həyat hadisələrindən qaynaqlandığının göstəricisidir. Çünki, situasiyalar və onların təsvirləri o qədər təbii və inandırıcıdır ki, bu kimi halların sadəcə yazıçı təxəyülünün, fantaziyasının məhsulu olmaq ehtimalını heçə endirir.
Əsərdə baş verən hadisələr, onların kompanentləri təbii olduğu kimi, dili də olduqca sadə və axıcıdır. Məhz dilin sadəliyi onu birnəfəsə oxunan kitablar sırasına qoşur. Yuxarıda qeyd etdiyim kimi kitabın Azərbaycan, Rus və İngilis dillərində olan variantları var. Hər üç dildə olan variantlarla artıq tanış olmuş bir oxucu kimi deyə bilərəm ki, dilindən asılı olmayaraq oxunaqlı əsərdir. Qəti olaraq oxucu yorulmur. Burada dilin sadəliyi ilə yanaşı müəllifin hadisələri oxucunu intizarda saxlayacaq tərzdə inkişaf etdirmək bacarığı da mühüm rol oynayır.
Ümumilikdə son olaraq, onu qeyd etmək istəyirəm ki, bəlkə də nadir, hər halda ibrətamiz əhvalatlarla dolu unikal bir ailənin həyat hekayəsini gözlər önünə sərən Lətifə Orucun “Sirli Gedişlər”kitabı əhatə etdiyi dövrün zəruri mədəni, sosioloji, tarixi məlumatlarını özündə daşıdığına görə olduqca əhəmiyyətli ədəbiyyat hadisəısidir. Hamınızı bu hadisə ilə yaxından maraqlanmağa və faydalanmağa dəvət edirəm. Sona qədər həmsöhbət olub, Uca Yaradanın bizlərə ən böyük hədiyyəsi olan çox dəyərli zamanınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə qarşınızda təzim edir və intəhasız təşəkkürlərimi sunuram.
YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı.
HERMAFRODİT Məchulsa, cinsi bir kəsin, Bəlkə, hermafroditdi… Adı yoxsa, bir nakəsin, Bəlkə, hermafroditdi… * * * Qışdı ya payız bilinmir, Qovun ya qarpız bilinmir, Oğlandı ya qız bilinmir, Bəlkə, hermafroditdi… * * * Adamdı, oyux bilinmir, Bordaxdı, burux bilinmir, Atdı ya ulax bilinmir, Bəlkə, hermafroditdi… * * * Şalğamdı, pazı bilinmir, Çoxu çox, azı bilinmir, Ördəyi, qazı bilinmir, Bəlkə, hermafroditdi… * * * Nə sudadı, nə quruda, Nə lildədi, nə duruda, Çatmayıb, qalıb boruda, Bəlkə, hermafroditdi… * * * Bilinmir hara malıdı, Ayağında at nalıdı, Qabağında it yalıdı, Bəlkə, hermafroditdi… * * * Halından halıdı Ustac; Dərdi böyük, dərdə möhtac, Nişanı var, ləçəkli tac, Bəlkə, hermafroditdi… 14.09.2020. Bakı.
MƏŞƏQQƏT Yenə çalardan qabaq Açıram gözlərimi… Aman Allah, hardayam? – Qucuram dizlərimi… * * * Elə həmən yerdəyəm; – “Göyün yeddi qatı”dı, Hələlik “Koroğlu”yam, Atım, onun atıdı… * * * Özüm də “Çənlibel”də Duman, çənə düşmüşəm, Səhərədək yuxuda Bişirmişəm, bişmişəm… * * * Elə həmən qatdayam; Öz evim, öz otağım, Simurq kimi dözümlü, Qu qanadlı yatağım… * * * Alt qonşunun ah-vayı, Üstdəkinin cır-cırı… Sərçələrin cik-ciki, Xoruzların dır-dırı… * * * Bir yandan qaratoyuq, Bir yandan da pişiklər… Oxur sevgi nəğməsi, – Utanmazlar, düşüklər… * * * “Əldəndışqarı” sözü Nəsə düşür yadıma… Sonra nöqsanlarımı Yükləyirəm adıma. * * *
Təxəllüsə sığınıb, Birtəhər oyanıram… Hələ alaqaranlıq, – Bir xeyli dayanıram… * * * Qəfil saat zəng çalır, Sonra oxunur azan… Həyətdə süd satanlar Dınqıldadırlar qazan… * * * Qopur dizimin bağı; – Xəyalda iydə qoxur… Hamı əvvəlki kimi, Sevgi nəğməsin oxur… * * * Ah-vay, cır-cır dayanır, Susur qaratoyuqlar… Xoruzun dır-dırına Cavab vermir toyuqlar… * * * Kəsilir bütün səslər, Xəyalda iydə qoxur… Pişiklərsə, aramsız, Sevgi nəğməsin oxur… 22.09.2020. Bakı.