Vallah sevməyi bilmirəm…

Vallah sevməyi bilmirəm…
Məndən yaxşı dərzi çıxar,
Bəlkə qəssab…
Əşi, yox e…
Bu dünyada torba tikən bəs qədərdir,
Baş kəsən də…

Mən isə
ya ürəyimi yamayıram,
ya da içinə sığmayan
köhnə xatirələri kəsib atıram.

Sevgi deyirlər –
Mənim əlimdə ya cırılır,
ya ölçüsü tutmur,
ya da hər kəsdə bəyənərəm
özümə çatanda olmur…

Bəlkə də
heç sevmək üçün deyilmişəm –
Hər toxunuşda
bir az daha sökülən
sap kimi…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Elə sərməstdi könül, lap dəli-divanə gəzir

GƏZİR

Yenə dolmuş ürəyim mey dolu meyxanə gəzir,
Yarı cananda qalan canına bir xanə gəzir.

Canıma qəsd edəməm, çünki o, canan yeridir,
Alaraq əqlimi başdan gözü məstanə gəzir.

Süzülüb gözlərinə abi-həyatdan yeni nur,
Elə sərməstdi könül, lap dəli-divanə gəzir.

Qovuşub Leylisinə ahu fəğan eyləyərək,
Yanaraq şəm oduna, eşqdə pərvanə gəzir.

Gecə-gündüz arayıb çün bu yazıq Naibə də,
İçərək cam dolu mey bir yeni peymanə gəzir.
11.12.2014

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN DİGƏR YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ümummilli Lider Heydər Əliyevin anım günüdür

MEK Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar virtual sərgi hazırlayıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar virtual sərgi (baxın >>>>) hazırlayıb.

Virtual sərgidə ulu Öndər Heydər Əliyevin siyasi irsini özündə əks etdirən nəşrlər təqdim olunub. Həmin nəşrlərin sırasında H.Həmidovun “Heydər Əliyev irsində tərbiyə və təhsil siyasətinin fəlsəfəsi millilik, ümumbəşərilik kontekstində (tarix və müasirlik)”, İ.Həbibbəyli, T.Əlişanoğlu, Ə.Əsgərli, E.Akimova, A.Bağırlı və L.Həsənovanın “Ədəbiyyatda Heydər Əliyev obrazı tarixi gerçəklikdən ideala”, Q.Məmmədovun “Aqrar islahatların Heydər Əliyev modeli”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” toplusu, “Heydər Əliyev və Çin”, “Heydər Əliyev və Azərbaycanda yeni dövlət quruculuğu: 1993-2003” (türk dilində), M.Həsənovanın “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın məsələsi”, T.Əfəndiyevin “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Parlament tariximizin Heydər Əliyev dövrü”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Heydər Əliyev siyasəti: tarix və müasirlik” və digər dəyərli nəşrlər yer alıb.

Nəşrlərdə müdrik siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi irsi, apardığı uğurlu islahatlar, eləcə də çoxcəhətli mədəniyyət nəzəriyyəsi təhlil olunur. Həmçinin ədəbiyyatşünaslıq elmində indiyədək görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsindəki rolu, yazıçı və şairlərin əsərləri vasitəsilə ölkəmizi tanıtması, yaradıcı simalara qayğı göstərməsi və digər bu kimi məsələlər öz əksini tapıb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrlərin elektron versiyalarını MEK-in elekron kataloquna daxil olub PDF şəklində yükləmək və ya onlayn formada mütaliə etmək mümkündür.

Qeyd edək ki, MEK-də virtual ilə yanaşı, ənənəvi sərgi də təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. >>> Azərbaycanın İlk Veb Saytı (1995)

11 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Kitabxanasında görkəmli türkoloq alim, professor Cavad Heyətin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib – fotolar

11 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Kitabxanasında görkəmli türkoloq alim, professor Cavad Heyətin 100 illik yubileyinə həsr olunan tədbir və böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrə aid orijinal əlyazmasının Azərbaycan Milli Kitabxanasına hədiyyə olunması mərasimi keçirilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Ümummilli Liderimiz Heydər Əliyevin 12 dekabr – anım günü ilə əlaqədar əziz xatirəsi yad edilib. Ulu Öndərin Azərbaycan mədəniyyətinə, eyni zamanda Milli Kitabxanasına saysız töhfələrindən danışan direktor ilk dəfə 1995-ci ildə Azərbaycan Milli Kitabxanasında tədbirdə iştirak edərkən öz şəxsi kitabxanasından 300 nüsxə kitabı Milli Kitabxanaya bağışlamasını vurğulayıb.

Ulu Öndərin əsasını qoyduğu bu ənənə bu gün də davam edir və Ankara Universitetinin müəllimi dr.Məmmədrza Heyətin Milli Kitabxanaya dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını hədiyyə etməsini də bu ənənənin yaxşı nümunəsi hesab etmək olar. Görkəmli cərrah və türkoloq alim Cavad Heyətin həyat və fəaliyyətindən, zəngin və çoxşaxəli yaradıcılığından danışan, onun Azərbaycan ədəbiyyatı tarixinə, türk xalqlarının keçmişinə, milli folklora dair tədqiqatlarının olduğunu, Milli Kitabxanada alimin zəngin kolleksiyasının qorunduğunu qeyd edərək onun mənəvi varisi dr.Məmmədrza Heyətinin bu təşəbbüsünü yüksək qiymətləndirərək kollektiv adından ona minnətdarlığını bildirmişdir.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış eərək professor Cavad Heyətin Azərbaycanı ən çətin dövrdə belə respublikamızı dünyaya tanıtmaq uğrunda mübarizəsindən, iki Azərbaycan arasında ən möhtəşəm körpü rolu oynamasından, özünün əsasını qoyduğu “Varlıq” dərgisi ilə İranda yaşayan ziyalıların yeganə anadilli mətbuat kürsüsü olmasından bəhs edib. Akademik qeyd edib ki, Cavad Heyətin beynəlxalq aləmdə böyük nüfuzu vardı və İran rejimi ona müəyyən qədər güzəştlə yanaşırdı və o da bundan məharətlə istifadə edərək Azərbaycanı dünyaya tanıdırdı. Azərbaycan ədəbiyyatına misilsiz xidmətlər göstərmiş Cavad Heyətin mənəvi varisinin bu gün əmisindən ona miras olaraq qalan çox qiymətli bir əlyazmanın orijinal nüsxəsini Azərbaycan Milli Kitabxanasına bağışlaması da Məmmədrza bəyin mənsub olduğu ocağın gözəl ənənələrini şərəflə davam etdirməsinin bariz nümunəsi olduğunu bildirmişdir.

Xalq şairi Sabir Rüstəmxanlı doktor Cavad Heyətin 25 il “Varlıq” jurnalın çətin siyasi rejim şəraitində nəşrini davam etdirməsinin heç də asan iş olmadığını vurğulayıb, dilimizin üstünlüyünə əhəmiyyət verən alimin ensiklopedik zəkaya sahib olduğunu, daim mənbələrə istinadən danışdığını, mədəniyyət tariximizdə müstəsna yeri olduğunu söyləyib. Natiq Cavad Heyətin ömrünü xalqına, millətinə xidmətə həsr etdiyinə diqqət çəkərək onun qardaşı oğlunun bu günkü addımını müqəddəs bir iş kimi qiymətləndirib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov Cavad Heyətin BDU-nun fəxri doktoru adı alarkən tarix fakültəsinə gəlməsindən danışaraq Cavad Heyətin mənəvi varisi Məmmədrza Heyətin Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını Milli Kitabxanaya hədiyyə etməsi addımını yüksək qiymətləndirib və Azərbaycan elminə və ədəbiyyatına əvəzsiz töhfə kimi dəyərləndirib.

Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva bu iki tədbiri bir amalın – Azərbaycançılığın birləşdirdiyini, ona görə də bugünkü tədbirin həm Azərbaycanın mədəni-mənəvi həyatında, həm də siyasi-ictimai həyatında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib, dahi şairimiz Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrdə üzü köçürülmüş ilk nüsxələrindən biri olan bu əlyazmasının Doktor Cavad Heyətdə olmasının Azərbaycana nə qədər bağlı olmağının göstəricisi olduğunu bildirib, Cavad Heyəti yeni tariximizdə özünəməxsus yeri olan “Vətən” Cəmiyyəti vasitəsilə tanıdığını qeyd edib.

Tədbirin davamında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Xalq yazıçısı Elmira Axundova, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli öz çıxışlarında Cavad Heyətin həm həkim, həm də türkoloq alim kimi dahi olduğunu, onun böyük əlyazmaşünas olduğunu qeyd ediblər.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov Mədəniyyət Nazirliyi adından Məmmədrza bəyə bu təşəbbüsünə görə təşəkkür edərək bildirib ki, böyük şəxsiyyətlərin mənəvi varisi olmaq böyük məsuliyyətdir və Məmmədrza Heyət bu missiyanı uğurla davam etdirir. Bu əsərin əlyazmasının Milli Kitabxanaya hədiyyə edilməsini kitabxana üçün tarixi hadisə adlandıran nazir müavini, hər iki tədbirin bir-birilə ahəngdarlıq təşkil etdiyini və Azərbaycan elminə, mədəniyyətinə böyük töhvə olduğunu diqqətə çatdırıb.

Sonda çıxış edən dr.Məmmədrza Heyət əmisinin 100 illik yubileyinin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Respublikası mədəniyyət nazirliyinə, Milli Kitabxanaya və onun rəhbəri prof.Kərim Tahirova minnətdarlığını bildirərək, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin XVI əsrdə üzü köçürülmüş ilk nüsxələrindən birinin əlyazmasının məhz Azəbaycan Milli Kitabxanasına hədiyyə etməsindən böyük şərəf duyduğunu söyləyib. Əmisindən ona yadigar qalan bu qiymətli əlyazmanın onun çox sevdiyi xalqın mənəvi xəzinəsində yer almasından fərəh duyduğunu qeyd edib.

Tədbirin davamında görkəmli türkoloq alim, professor Cavad Heyətin yaradıcılığına həsr olunmuş virtual sərgi tədbir iştirakçılarına təqdim edilib.

Sonda nəstəliq xətti ilə 994/1586-cı ildə üzü katib Qulami-Süpahi Məhəmməd tərəfindən köçürülmüş orijinal əlyazma kitabxanaya hədiyyə edilib və xatirə şəkli çəkdirilib.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

“Pak Məhsəti” – Məhsəti Gəncəvi haqqında

Qəribədir, doqquz əsr zaman müddətindən “tər-təmiz” keçib bu günümüzə “Pak Məhsəti” kimi gəlib çatan böyük şairə necə olur ki 2025- ci ilin sonunda “əxlaqsız şeirlər” müəllifi oldu? “Rübailəri ədəbsiz sözlərlə doludur. Dərsliklərdə bircə rübaisi var, o da əslində Ömər Xəyyamındır. Bir rübaisini Nigar Rəfibəyli, birini də Mir Mehdi Seyidzadə tərcümə edib”- ünvanına bu böhtanları qələmə alan savadsız hansı fakta əsaslanır?
Düzgün olmayan bir kəlmə üçün insanlar bir-birini məhkəmələrdə süründürdükləri halda cavab vermək, haqqını qorumaq
imkanı olmayan mərhuma belə böhtan atdığına görə “ağzına gələni danışan şəxs” qanunla necə cəzalanmalıdır?
Məndə Məhsəti Gəncəvinin1940- cı ildə çap olunmuş RÜBAİLƏR kitabı var. Həmid Araslının yazdığı yeddi səhifəlik Ön sözlə birlikdə 60 səhifədir. İlk səhifədə mütərcim Nigar Rəfibəyli, redaktor M. Rahim yazılıb. 85 ildir bizim ailənin kitab rəfində olan, indiyədək “durğunluq dövrü” adlanan dövrdə çox-çox abırlı insanların oxuyub bəyəndiyi, nöqsan tapmadığı bu kitabdakı rübailər necə olur indiki “abırsız geyimlərə, hərəkətlərə-cəsarət” deyilən zamanda əxlaqsız şeirlər adlandı?
Ola bilər ki, Məhsəti xanımın əlyazması bizə gəlib çatmadığı üçün yeni “tərcüməçilər” ortaya çıxa, özlərindən kefləri istəyən tək “yeni yanaşma” edib yeni xoşagəlməz variantlar, rübailər “düzəldib” Məhsəti xanımın adına “yamayalar.” Filmdəki tək 900 ildən sonra Məhsətinin “KLUBDA açıq-saçıq, əxlaqsız qadıntək” təsvir edildiyi kimi… Məhsəti xanımın əsrlər sonra yeni tərcümələrə ehtiyacı yoxdur, olanı bəs edib indiyədək. Nöqsanı doqquz yüz il yaradıcılığı ilə sevilib özünü təsdiq etmiş bir qadın şairədə yox, ona olan məqsədli yanaşmanızda axtarın. Əslində tək Məhsətinin yox, M.P. Vaqifin də qoşmalarında bir az açıq- saçıq sevgi təsvirlərinə rast gəlirik, ancaq normada, ədəb çərçivəsində. Vaqifdə nisbətən daha açıq təsvirlər var, demək olar. Eləsə Vaqif niyə tənqid olunmur?
Hamıya məlumdur ki, ədəbiyyat tariximizdə bir çox şairlərimiz, qəzəlxanlarımız həcv yazıblar. Hansısa mövzu ətrafında klassiklərimizin deyişmələrində gözəl nümunələrlə bərabər həcv də olub. Sovet dönəmindəki tanınmış şairlərimizin də bir çoxunun öz aralarında bir birinə ünvanlanmış zarafatla, kinayəylə yazılmış, deyilmiş elə satirik şeirləri var ki, onlar kitablarına salınmayıb. Ancaq el arasında gülməli lətifə kimi danışılan xatirələrdə hadisələrlə birlikdə məzəli bir şeir tək söylənir. Bu şeirləri onlara yaxın olmuş hər kəs və çoxları bilib və el arasında yayılıb hamı tərəfindən söylənilib və söylənilir.
Hələ şeirin başqa qolu olan meyxanaçıların kişi toylarından sonrakı deyişmələri… O deyişmələrdə də sonu hadisələrə, faciələrə səbəb olan qəliz ifadələr işlədilirdi…
BİR SÖZLƏ DEMƏK İSTƏDİYİM BUDUR Kİ, ƏGƏR ƏDƏBDƏN UZAQ İFADƏLİ ŞEİRİ VARSA, NƏDƏN ANCAQ MƏHSƏTİ GƏNCƏVİ TOPA TUTULUR???? ƏGƏR ŞEİRDƏ HƏCV OLUBSA VƏ VARSA, BÜTÜN DÖVRLƏRDƏ İŞLƏDİLİBSƏ, MƏHSƏTİ XANIM LAP YAZIBSA, ONA ÇATANDA NİYƏ BU ƏXLAQSIZLIQ OLUR? O QADINDIR, ONA GÖRƏ??? ƏGƏR VARSA DA, BU DƏRYADA DAMCI SAYILAR. DAMCI DA DƏRYANI MURDARLAMAZ, SİZ DƏ BÖYÜK ŞAİRƏMİZİN ADINI LƏKƏLƏMƏYİN BİR DAMCIYA GÖRƏ!!!

Məndə olan 1940-cı ildə Nigar Rəfibəylinin tərcüməsiylə olan rübailəri yenidən oxuyub misralarda “əxlaqsız” ifadələr axtarmağa çalışdım. Ən “açıq- saçıq” sayılanları qeyd edirəm. Əgər bunlar “əxlaqsızlıq” sayılırsa, onda gərək əsrlərlə şeir, qəzəl yazmış bütün şairlərin külliyyatları yenidən yoxlanılıb dəyərləndirilsin:

O gül dodaqların səpəndə şəkər
Can quşu qəfəsdə çırpınmaq istər;
Gəl günah işləyək bal dodağınla,
Kafərsən bu işdən saqınsan əgər.

Kişi ol, əgər ki, qadın deyilsən,
Bir an oxşamazsan başımı nədən?
Zər verər busəmə dünya şahları,
Zərsiz də bir öpüş almazsan məndən?

Yarın barmağında üzük olaydım!
Onun əllərində kaş ki solaydım!
Ox atanda məni düzəldə idi,
O gül dodağından öpüş alaydım!

Bir dilənçi mənə əl açsa əgər,
Bağışlaram ona zər, ziba gövhər.
Gəncənin iki min xətib oğlunu
Bir yoxsul babaya könlüm bəxş edər.

Saçın halqasında qəlbim qan ağlar,
Sənin həsrətini çəkirəm, ey yar!
Sərxoşda şəraba, ölüdə cana,
Diridə necə ki suya həvəs var.

Ancaq “öpmək” sözü ilə “əxlaqsız” kimi damğalanmaq hansı şairin yaradıcılığında olub? Məhsəti rübailərində əxlaqdan uzaq heç nə YOXDUR! ONUN ƏLYAZMALARINI KİM OXUYUB? BƏLKƏ ONA AİD DEYİL. ANCAQ YENİ “YANLIŞ TƏRCÜMƏ” OLA BİLƏR. ÖZÜ DƏ 900 İL SONRA!!!
Məhsəti xanımın bir rübaisi ilə onun haqqına girənlərə cavab vermək istəyirəm. Bu rübainin 3-cü misrasını müəllifin yazdığı “sənə” kimi yox, yenidən “MƏNƏ” kimi oxuyun və sonuncu iki misranı mərhum şairənin ona haqsızlıq, hörmətsizlik edənlərə CAVABI hesab edin:

ÜRƏK XEYİR GÖRMƏZ HİCRİNDƏ HƏRGİZ,
QİYAMƏTİ GÖRSÜN GÖZLƏRİM SƏNSİZ!
SƏNƏ BÖHTAN DEYƏN MƏNİM ADIMDAN,
GÖRÜM BU DÜNYADA QOYMASIN BİR İZ!

Müəllif: Sədaqət (Paşayeva) Şahbazova

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Şah İsmayıl və müasirləri

Dirili Qurbani “Şah Xətai” gəraylısında “Qoy var olsun türki-zəban, Şah Xətai, Şah Xətai” deyirdi.
Qurbani ilə eyni dövrdə yaşamış Tüfeylinin Şah İsmayıla xitabən “Qılmazam, vallahi, türki-tacidarım tərkini” deməsi Şah İsmayılın TÜRK olduğunu sübut edir.

İlkin mənbə:  Tarixçi sübutları sadalayır

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Dünyanın ocağının külü üşüyür indi…

MÜASİR DÜNYANIN ŞEİRİ

Son illər yaddaşımız “bulud”lara yüklənir,
Söz yalan, fikir vitrin oyununa dönübdür.
Dastanlar bir əmrinə müntəzirdir “format”ın,
Laylalar, bayatılar “arxiv”lərdə sönübdür.

Dünyanın ocağının külü üşüyür indi,
Adamları dua yox, “reklam” əzbərləyirlər.
Bilinmir ki, kökünə – özünə bu nə kindir?
Tarixi kürəyindən vurub xəncərləyirlər.

Vaxt vardı sularımız qaynayaraq durular,
Çörəyimiz Allahın adıyla bölünərdi.
İndi bütün süfrələr “selfi” üçün qurular,
Bilinməz “TikTok”dakı, zənəndi, yoxsa ərdi…

Heç kimsə göyə baxmır, “ekran”lara tapınır,
Ulduzlar ikonaya çevrilir ruhumuzda.
Ətrafdakı heç kimsə kölgəsini tanımır,
İlahi bağ sarsılır, üzülür ahımızda…

Aramızda çoxalıb çox simasız simalar,
Qan yaddaşı nə vaxtdır “deaktiv” rejimdədir.
Vicdanı susdurmaqçün müqavilə imzalar,
Bilməz gördüyü işin günahı heç kimdədir.

Zaman qırmızı xətlə pozur adlarımızı,
Səsimizi yazırlar bilinməz toz içində.
Anlamaz nadan, hələ gülər üzə qırmızı,
Sünbül biçən oraqlar torpağında biçində.

Sərgiyə döndərirlər ruhumuzu günbəgün,
Asıb-kəsir vəhşitək hərdən birisi didir.
Unutdurur keçmişi, silib aparır hər gün,
Deyirlər ki, gələcək dünənimin ləğvidir.

Tanrıya gedən yolda “xəta” çıxır qarşıya,
Çağıraq, özü gəlib düzü seçsin əyridən.
Ancaq O, qəlbimizi doğru yola daşıyar,
Qoruyar bu dünyanı belə kor tərəqqidən.

11.12.2025

Müəllif: Ailə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səhər Əhməd şeirində məchul axtarışı – şeir

YETMİŞ SƏKKİZİNCİ YAZI
“1+1=X” — İNSANIN TƏBİİ HALI HAQQINDA
(Səhər Əhmədin şeirində məlum məchullar)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfəki söhbətimiz  tanınmış şair, yazıçı Səhər Əhmədin yaradıcılığında məlum məchulun mərtəbələri barəsində olacaq. Söhbətimizi müəllifin əlimdə olan “İkisi tapmaq” kitabından  seçdiyim (səh. 29)“Yenə Bakıya qar yağır” şeiri əsasında qurmağa çalışacağam.
Səhər Əhməd müasir Azərbaycan ədəbiyyatının tanınmış şair və yazıçısıdır. O, 90-cı illərdən başlayaraq ədəbi fəaliyyətlə məşğuldur, şeirləri, hekayə və ədəbi yazıları müxtəlif mətbu orqanlarda dərc olunur. Səhər Əhməd həm ədəbiyyat, həm də jurnalistika sahəsində tanınmışdır. Mövzuya keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim edirəm.
QIŞA ARAYIŞ
Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 “Xəzər” jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur.
Onun yaradıcılığı əslində çoxdan fərdilikdən çıxaraq, ümumbəşəri mahiyyət kəsb etməyə başlamışdır. Səhər Əhməd ən xırda bir etüdü xüsusi məharətlə böyük bir monoloqa çevirə bilir. İki şəxsin arasında olan münasibətlər kompazisiyanı böyük ustalıqla olduqca fərqli müxtəlif dünyalar üzərinə proyeksiya etməyi bacarır.
Qar, şəhərlərin yalnız mənzərəsini ağartmır; o, həm də yaddaşların, hisslərin, münasibətlərin üstündə səssiz-səmirsiz çökməyi bacarır. Şair Səhər Əhmədin“Yenə Bakıya qar yağır” şeiri də məhz bu sükutlu ağarmanın (soyuqluğun) içindən doğan bir dostluq fəryadıdır. Bu şeir, qışın soyuğunda itirilmiş bir istiliyi — dost istiliyini axtaran insanın daxili monoloqu, şəhərin dumanlı küçələrində dolaşan tənha nəfəsidir.
Şair burada qarı təbiət hadisəsi kimi yox, insanın daxili dünyasının fonunda təqdim edir. Qar yağır, Bakı soyuyur, amma bu soyuğun gerçək səbəbi heç də fəsil deyil — dostsuzluğun yaratdığı boşluqdur. Səhər Əhmədin lirikasında təbiət hər zaman insan hisslərinin aynasıdır; bu şeirdə də qar, tənhalığın simvoluna çevrilir.
Şeirin ilk bəndindəki “Sənsiz belə havaların Ləzzəti yoxdu, dostum.” beyti əsərin emosional açarıdır. Bu iki sətir təkcə bir insana deyil, bütöv bir nostalji dövrə, keçmiş günlərin istiliyinə, yoldaşlıq ritualına ünvanlanmışdır. Səhər Əhməd burada dostluğu adi bir münasibət deyil, həyatın dadını verən əsas komponent kimi göstərir. Sanki çayın dəmlənməsi, dəsgahın açılması, bir qurtum içmək, bir söz demək — hamısı həyatın kiçik sevinc elementləridir. Lakin bunları paylaşılası adam olmayanda hər şey mənasızlaşır.
Şeirin“İndi bir çay dəmləyəsən…” deyə başlayan hissəsi adi gündəlik hərəkətlərin belə insan həyatında nə qədər böyük rol oynadığını göstərir. Dostlarla bölüşüləndə ən sadə hərəkət belə bayrama çevrilir.
Şeirdə xüsusi yer tutan motivlərdən biri də qapının döyülməsidir. Bu, həm fiziki, həm də metaforik çağırışdır. İnsan bəzən kiminsə qapısını yox, keçmiş günlərin qapısını döyər, itirdiyi bir şeyin arxasınca çağırar. Bir də “Mən marketdən konfet alım, Sən evdən mürəbbə aç” beyti var — adi, sadə, lakin o qədər canlı, tanış bir durum ki… Səhər Əhməd dostluq rituallarını bu cür kiçik detallarla bərpa edir.
Bu səhnə iki insanın illərin içindən gələn, köhnə qutudan çıxan əziz, şirin xatirəsi kimidir. Sanki qış gecəsində yenidən bir otaqda toplaşmaq, çay süfrəsi ətrafında həyat barədə danışmaq arzusu şairin içindən qopub gəlir.
Şair çayı təsadüfən seçmir. Azərbaycan mədəniyyətində çay sadəcə içki deyil — ünsiyyətin başlanğıcıdır, söhbətin açarıdır, dostluğun təməl simvoludur. Çay Azərbaycan insanı üçün bir çox mətləbləri açıqlayan kod funksiyası yerinə yetirir.“Bir tünd çay dəmlə, dostum” — buradakı“tünd” ifadəsi həm çayın, həm də deyiləcək sözün ağırlığını daşıyır.
Çayın dəmli olması, sözün dəmli olması — bunlar şeirdə bir-birini tamamlayan paralellərdir. Şair demək istəyir: mənim sənə deyəcək sözüm var, amma o söz hissin, düşüncənin, illərin içində tündləşmiş sözdür.
Bakı kimi böyük bir şəhərdə tənha qalmaq hissi daha ağırdır. Çünki küçələr, işıqlar, mağazalar, kütlələr — hamısı bir canlanma halında ikən sən öz içində susmuş olursan. Şeirin sonunda hiss edilən “Yenə yaman dolmuşam” misrası bu mənada ağır emosional yük daşıyır. Dolmaq — içində çox sözün, çox dərdin, çox xatirənin yığılması deməkdir. Və bu doluluğun boşalacağı yeganə yer — anlayan dostdur.
Şair burada tək insan yox, tək qalan bir nəsli, tək qalan bir duyğu mədəniyyətini də ifadə edir. Telefon açmaq, gecikmək, yığışdırmaq, danışmaq — bunlar müasir insanın ən tipik, amma ən dərin davranış nümunələridir.
Bilmirəm, hal-hazırda ruh halıma uyğun gəldiyinə görəmi, yoxsa nədən sonuncu bənd lap sarı simə toxunur (tam səmimi olaraq etiraf edim ki, bu sicilləmə yazını da yazdıran məhz bu bənd olub):
Neynim, Bakıya qar yağır,
Neynim, soyuqdu, dostum,
Sənin kimi çay dəmləyən
Bir dostum yoxdu, dostum.

Səhər Əhmədin bu şeirində təkcə şəxsi hisslər yox, həm də sosial bir narahatlıq var: insanların bir-birindən uzaqlaşdığı bir dövrdə yaxınlıq axtarışı. Texnologiya asanlaşdırsa da, insan münasibətlərini incəldir, bəzən də solğunlaşdırır. Şeir oxucuya sual verir: bu qədər gur işıq içində niyə bir-birimizi görməz olmuşuq?
“Yenə Bakıya qar yağır” sadəcə qış şeiri deyil. Bu, dostun yoxluğunda soyuqlaşan bir dünyanın şeiridir. Qarın yağması, çayın dəmlənməsi, qapının döyülməsi, telefonun açılması, dostun yoxluğu, həmsöhbət axtarışı — bunların hamısı müasir insanın göz qamaşdıran parlaq həyat fonunda daxili dünyasının qaranlıq guşələrindən nişan verən işarələrdir.
Səhər Əhməd burada təkcə qarın Bakını yox, insanın içini də bəyaz soyuğa qərq etdiyini göstərir. Və oxucu anlayır ki, bəzən bir qurtum çay, bir az səmimiyyət, bir az dost səsi bütün bir qışı isidə bilər…
Bəlkə də heç belə deyil, bütün bunlar haliyədə  mövcud olan real yağmurlu soyuq havanın (soyuqluğun) düşüncəyə yansıtdığı ilğımlı illüziya da ola bilər. Ancaq, düşünürəm ki, bütün hallarda mənimlə razılaşan oxucu tapılacaq.
Əziz və dəyərli dostum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sözün əsl mənasında dövrümüzün əsas problemlərindən biri (gələcək üçün ən əsas) həmsöhbət qıtlığı, bir həmdəmə möhtac olmaqdır. Hələlik.

11.12.2025. Bakı .

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

ZAUR USTACIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Psixoloji terminlərin populyarlaşdırılması ciddiliyi kölgədə qoyur

Psixoloji terminlərin populyarlaşdırılması ciddiliyi kölgədə qoyur

Son illərdə psixoloji terminlər gündəlik həyatımıza o qədər sürətlə daxil olub ki, bəzən sosial mediada hər kəsin özünə “diaqnoz” qoyduğunu görmək adi hala çevrilib. “Depresiyadayam”, “Anksiyetem tutub”, “Enerjim düşüb”, “Panik atak keçirirəm” kimi ifadələr artıq hər kəsin lüğətində var. Psixoloji mövzuların populyarlığı insanların bu sahəyə marağını artırsa da, eyni zamanda məlumat kirliliyi və yanlış yönləndirmələr də özünü göstərir.
Bu mövzunun həm faydalı, həm də təhlükəli tərəflərini daha dərindən anlamaq üçün psixoloq Sevil Quliyeva ilə həmsöhbət olduq.
Sevil Quliyevanın sözlərinə görə, psixologiyanın son illərdə bu qədər məşhurlaşmasının əsas səbəbi sosial mediada informasiyanın kütləviləşməsidir: “Xüsusən pandemiya dövrü və ondan sonrakı mərhələ insanlarda emosional sağlamlığa marağı artırıb. Gənc nəsil duyğularını ifadə etməkdən çəkinmir, bu isə psixoloji mövzuların gündəmdə qalmasına səbəb olur”.
Amma bu populyarlıq həm də yanlış anlaşılmalar gətirir. Psixoloqumuzun vurğuladığı kimi, terminlərin mənbəsiz və mövzudankənar istifadəsi psixoloji anlayışları “moda” ya çevirir və nəticədə, insanlar əhval dəyişikliklərini xəstəlik kimi qəbul etməyə başlayırlar: “İnsanların ikisaatlıq kədərə “depressiya” deməsi ciddi təhlükələr yaradır. Depressiya aylarla davam edən enerji itkisi, funksionallıq azalması, yuxu və iştaha pozuntuları ilə xarakterizə olunan ağır bir vəziyyətdir. Lakin insanlar gündəlik yorğunluğu belə bu terminlə adlandırdıqda real klinik diaqnozların mahiyyəti itir”.
Bu yanaşma ən çox real simptom yaşayan insanlara zərər vurur. Cəmiyyət “Hamı depressiyadadır”, – deyən bir yanaşmanı mənimsəyəndə bu xəstəliklərdən əziyyət çəkən şəxslər artıq görünməz olur və dəstək almaqda çətinlik çəkirlər.
Sevil Quliyeva son illərdə ən narahatedici məqamın peşəkar olmayan şəxslərin özlərini psixoloq kimi təqdim etməsi olduğunu bildirir. Elmi əsası olmayan metodların, “enerji ilə sağaltma”, “bir seansda travma silmə”, “çakra açma” kimi iddiaların geniş yayılması insanları yanlış istiqamətə yönləndirir.
Psixoloqun sözlərinə görə, insanların bu “seanslar”dan nəticə görməməsi və ya əksinə, vəziyyətlərinin daha da pisləşməsi psixologiyaya olan inamı azaldır: “Psixoloji yardım struktur, elmi protokol və metod tələb edir. Diplom və ixtisas olmadan edilən müdaxilə insanı sağaltmır, əksinə travmanı daha da dərinləşdirə bilər. Ona görə də psixoloq seçərkən təhsil, diplom və etik prinsiplərə əməl edilib-edilmədiyini yoxlamaq vacibdir”.
Müasir insanın duyğularını anlamaqda çətinlik çəkməsi də bu tendensiyanı gücləndirir. Sevil Quliyeva deyir ki, sürətli həyat tərzi, sosial şəbəkələrin yaratdığı hər şeyə ad qoyma trendi insanları öz hisslərini sosial şəbəkələrdə paylaşıb yaymağa meyilli edir. Bu, insana qısa müddətli rahatlıq versə də, zamanla duyğularını patologiyaya çevirməyə başlayır.
Psixoloq vurğulayır ki, kədər, yorğunluq, həyəcan kimi hisslər həyatın ən təbii hissəsidir. “İnsanlar kədərlənməyi xəstəlik kimi qəbul etməməlidir. Hissləri normallaşdırmaq lazımdır. Fikrimcə, sosial şəbəkələrdə yayılan psixoloji videoların həm faydası, həm də zərəri var. Faydalı tərəfi odur ki, mövzuya marağı artırır, insanları maarifləndirir. Lakin “İki dəqiqəyə panik atakını məhv et”, “10 addımda travmanı sağalt” kimi videolar insanlarda yanılma yaradır və real problemlərin kökündə duran səbəbləri həll etmir. Bu videolar simptom tanışlığı yaradır, amma həll bacarığı vermir”, – deyə psixoloq bildirir.
Psixoloqun fikrincə, insanların psixoloqa getməkdən çəkinməsinin bir neçə səbəbi var. Damğalanma qorxusu, maddi çətinliklər, ailədən gələn inanclar və sosial mediada yayılan motivasiya xarakterli yanlış məlumatlar. Bu isə vəziyyəti daha da ağırlaşdırır. İnsan problemi içində böyüdür, duyğularını boğur və nəticədə çıxılmaz dövrəyə düşür. Psixoloji yardım, sadəcə, söhbətdən ibarət olmur, buna elmi yanaşma, texnika və metodika da daxildir.
Sevil Quliyeva psixoloji mövzuların gündəmdə qalmasının müsbət olduğunu desə də, balansın vacibliyindən də söz açır: “Bu mövzuda elm əsaslı mənbələrə üstünlük verilməli, hissləri patologiyadan ayırd etməyi öyrənməli, sosial mediada görülən hər məsləhəti tətbiq etməməli, məlumatın mənbəsi sorğulanmalıdır”.
Psixoloji anlayışların populyarlaşması cəmiyyətin maariflənməsinə kömək etsə də, yanlış məlumat və qeyri-peşəkar müdaxilələr təhlükə mənbəyinə çevrilə bilər. Psixoloqumuzun vurğuladığı kimi, psixologiya ciddi elm və məsuliyyət tələb edən bir sahədir. Duyğularımız haqqında danışmaq nə qədər bizim üçün yaxşı olsa da, bunu doğru metodlarla, peşəkar yanaşma ilə etmək daha önəmlidir.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"