HƏZRƏTİ SÜLEYMAN TƏLİM VƏ TƏRBİYƏNİN FƏZİLƏTLƏRİ HAQQINDA

HƏZRƏTİ SÜLEYMANIN TƏLİM VƏ TƏRBİYƏNİN FƏZİLƏTLƏRİ HAQQINDA

KAMAL CAMALOV

Naxçıvan Müəllimlər İnstitutu

Pedaqogika elmləri doktoru, professor

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Şərqdə Həzrəti Süleyman, Avropada isə Solomon kimi tanınan Süleyman Peyğəmbər haqqında dini, elmi və bədii ədəbiyyatlarda çox geniş bəhs olunmuşdur (Solomon “sülh” mənasını daşıyır). Həzrəti Süleyman “Bibliyanın bir neçə kitabının müəllifi hesab olunur” [1, səh.98]. Ulu Tanrı Həzrəti Davud Peyğəmbərə bənzərsiz səs vermişdirsə, oğlu Həzrəti Süleymana isə elmi biliyi, heyvanların dilini bilməyi, küləyə hakim olmağı və yüz iyirmi dörd min peyğəmbər içərisində varı-dövləti, zənginliyi əta etmişdir. Həzrəti Süleyman hələ balaca yaşlarından öz ağlı, idrak və təfəkkürü ilə atası Davud Peyğəmbəri qürurlandırmış, buna görə də bir çox işlərdə balaca Süleymandan məsləhət almış, onunla məşvərət etmişdir. Müqəddəs kitabımız Quranın Sad (“Şanlı-şərəfli”) surəsinin 30-cu ayəsindən 41-ci ayəsinədək Həzrəti Süleymandan bəhs olunur. 30-cu ayədə oxuyuruq: “Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi” [2, səh.457]. Yenə də, Quranın Ən-nəml (“Qarışqalar”) surəsinin də 15-ci ayəsindən 45-ci ayəsinə qədər yenə Həzrəti Süleymandan bəhs olunur. Ən-Nəml surəsinin 15-ci ayəsində oxuyuruq: “Biz Davud və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxarmaq, quşların dilini bilmək və i.a.) verdik” [2, səh.366].

Qeyd etdik ki, Həzrəti Süleymanın adı dini, elmi və bədii ədəbiyyatlarda çox zikr olunmuş, Onun müdrikliyindən və ədalətli şahlıq obrazından geniş şəkildə bəhs edilmiş, tədqiq və təhlil predmetinə çevrilmişdir. Belə ki, Xaqani Şirvani – 32 dəfə (Seçilmiş əsərləri. Lider, 2004, 672 səh.), Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində – 14, “Xosrov və Şirin” əsərində – 9,  “İskəndərnamə” (Şərəfnamə) əsərində – 1 dəfə, Mövlana Cəlaləddin Rumi – 55 dəfə, İmadəddin Nəsimi qəzəl və qəsidələrində – 34 dəfə (Seçilmiş əsərləri. İki cilddə, Bakı: Lider, 2004), Yunis Əmrə, Məhəmməd Hüseyn Şəhriyar, Yan Amos Komenski, Covanni Bokkaçço və digərləri əsərlərində Həzrəti Süleymandan bəhs etmiş və Onun təlim-tərbiyə haqqında görüşlərindən faydalanmışlar.

Vəfadarlığı və səmimiliyi ilə fərqlənən Həzrəti Süleyman insaniyyəti, bəşəriyyəti – vəhdətə, birliyə, əmin-amanlığa, əməyə, elmə, məhəbbətə, bərabərliyə, şən həyat qurub şərafətli yaşamağa, xeyirxah insan olmağa, insanpərvərliyə dəvət edir. Ulu Peyğəmbərin qənaətinə görə həyatdan məqsəd zəhmət çəkmək və elm öyrənməkdir. Odur ki, Yaradanın yaratdığı hər şeydən baş çıxarmaq üçün, öyrənmək üçün yeganə çıxış yolunu elmdə görür. Həzrəti Süleyman elm vasitəsi ilə bütün varlığı, kainatı öyrənməyə və izah etməyə cəsarət edir. İnsanın digər məxluqatdan şərəfli olmasını yalnız elm öyrənib həqiqətləri dərk etməklə, zəhmət çəkib sənətə yiyələnməklə izah edir. Hünər və sənət əhlini yüksək qiymətləndirərək, elmin şərəf və fəzilətlərindən danışır. Ümumilikdə götürdükdə, hər bir oxucuya aydındır ki, Ulu Tanrı tərəfindən bəşər aləminə göndərilən “peyğəmbərlər insanları elmə, əxlaqa, fəzilətə çağıran ilahi rəhbərlərdir” [4, səh.23].

Bütün canlıların hökmranı olan Həzrəti Süleyman elmi abi-həyata bənzədir, ölməz, əbədi hesab edir. Ulu Tanrının Elçisi oğluna elmin yüksək nailiyyətlərindən, onun ictimai həyatdakı mütərəqqi rolundan bəhs edir.  Həzrəti Süleyman elmi yanan çırağa bənzədərək bildirir ki, elm həyatın qaranlıq səhnələrini işıqlandırır. Oğlunu inandırır ki, qaranlıq yolları işıqlandıran, hər bir mürəkkəb və çətin məsələni asanlaşdıran elmdir. Elmin hər şeydən – taxt-tacdan, vardan-dövlətdən, qızıldan-gümüşdən üstün olduğunu, hər cür sədəmələrdən (seldən, tufandan) uzaq olduğunu bildirərək deyir: “Oğlum! Allahın verdiyi cəzadan boyun qaçırma və onun məzəmmətindən üzülmə. Zira, Allah sevdiyi bəndələrini məzəmmət edər və atanın öz oğluna göstərdiyi mərhəməti göstərər. Müdrikliyə yetişən, ağıl-dərrakə əldə edən kəs nə xoşbəxtdir! Çünki ona sahib olmaq var-dövlətə sahib olmaqdan yaxşıdır, onun gətirdiyi qazanc qızılın gətirdiyindən artıqdır. O, (ağıl) qiymətli ləl-cavahiratdan da qiymətlidir, arzuladığın heç bir şey onunla müqayisəyə gəlməz. Onun sağ əlində uzun və xoşbəxt həyat, sol əlində isə var-dövlət və şan-şöhrət vardır. Onun yolu gözəl yol, bütün həyat yolu əmin-amanlıqdır. Onu əldə edənlər üçün o həyat ağacı, qoruyub saxlayanlara isə səadət bəxş edəndir! Rəbb Yeri müdrikliklə yaratdı, Göyü zəka ilə bərqərar etdi. Okean onun müdrikliyi ilə yarıldı və bulud yağış çilədi. Oğlum! Onları gözündən qaçırma; sağlam düşüncəni və mühakimə qabiliyyətini qoru ki, onlar canın üçün həyat, boynunda həmail olacaqdır. Onda öz yolunla təhlükəsiz gedəcəksən və ayağın büdrəməyəcək. Yatağına girəndə qorxmayacaqsan; yatanda yuxun şirin olacaq. Qəfil təhlükədən və günahkarların əlində həlak olmaqdan qorxmayacaqsan. Çünki Tanrı sənin ümid yerin olacaq, ayaqlarını kəməndə düşməkdən qoruyacaq” [3, səh.63].

Göründüyü kimi, Həzrəti Süleyman həyatı və bütün kainatı fəth və təsvir etmək yolunu elm öyrənməkdə, zehni əməkdə görmüş, bu işi insan qarşısında duran əsas və təxirəsalınmaz vəzifə hesab etmişdir. “İnsanın bütün həyatı həmişə onun qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr, məsələlər və problemlər qoyur” [5, səh.145]. Bu mənada, Həzrəti Süleyman insanın daxili aləminin inkişafını zahiri məqamda, rütbədə, tutduğu mövqedə, əldə etdiyi sərvətdə yox, qeyd etdiyimiz kimi elmdə, əməkdə, insanlıqda, həyat təcrübəsi əldə etməkdə, yüksək mənəviyyat və əxlaqa yiyələnməkdə görmüşdür.

Əqlin və ürfanın sultanı Həzrəti Süleymanın müdrik dolu sözləri insan mənəviyyatı ilə, insanın daxili aləmi ilə sıx bağlıdır. Bir başqa alilik də ondadır ki, tamamilə həyati, müasir, əbədi bir əsər yaratmaq üçün əxlaqişünaslıqdan son dərəcə yüksək məharət və bacarıqla istifadə etmişdir. Həzrəti Süleyman neçə-neçə yüzillərin və çağdaş dövrün qabaqcıl ideyalarını yüksək bir səviyyəyə qaldırmışdır. İnsanpərvərlik, bəşərə məhəbbət, ictimai ədalət məfkurəsi olaraq, Həzrəti Süleymanın əxlaqi görüşləri həyatı təsdiq edən, həyatın müsbət qüvvələrinin qələbəsinə, gələcəyə, insanın qüvvəsinə və zəkasına möhkəm inanan nikbin bir baxışdır. Səadət və ədalətin nişanəsi Həzrəti Süleyman hikmət və kəlamlarında bir çox zəruri ictimai məsələlərə toxunur. Söz büsatını təzələyən Həzrəti Süleymana görə, insan bütün varlığın hakimidir, həyat və kainat mütləq onun əlində olmalıdır. Məhz buna görə də Həzrəti Süleyman buyurur ki, gəncləri uşaqlıq dövründən elm öyrənməyə, mərifət kəsb etməyə, kamal toplamağa, düzgün, hərtərəfli təlim və tərbiyə görüb inkişaf etdirməyə sövq edin. Həzrəti Süleyman deyir: “Oğlum! Əgər sözlərimi qəbul edib nəsihətlərimi yadında saxlasan, yəni müdrik sözlərə qulaq verib qəlbini düşüncələrə yönəltsən, əgər bilik qazanmağa və ağıla-kamala tapınsan, əgər onu (elmi-biliyi) xəzinə axtardığın kimi axtarsan Tanrı xofunda ağıllanar və Allahı dərk edərsən” [3, səh.61].

Cəsur, möhkəm, məntiq və kamal sahibi Həzrəti Süleyman deyir ki, Ulu Tanrı müdriklik bəxş edəndir və Onun dilindən ancaq və ancaq bilik, zəka çıxar. Ulu Tanrı təmiz adamlar üçün qalxandır, O həqiqət yolunu mühafizə edir, Öz müqəddəs yolunu qoruyur. Deməli, hər kim haqq-ədalət, doğru-düzgünlük əldə edib düzgün həyat yolunda olacaqsa onda Ulu Tanrı onu şər yoldan, yalan danışan adamlardan; düzgün həyat yolunu tərk edib zülmət yolu ilə gedənlərdən; törətdikləri pis əməllərdən sevinib, şər və pozğunluqdan həzz alanlardan; əyri yollara gedib düz yoldan azanlardan; şirin dilini işə salan yad arvaddan; ərinə xəyanət edib Allah qarşısında əhdini unudanlardan xilas etmək üçün dərrakəsi onu qoruyacaq, ağlı onu hifz edəcəkdir.

İlahi eşqin əsiri olan Həzrəti Süleyman tərəfindən qoyulan tələb budur ki, mükəmməl şəxsiyyətlərin yetişdirilməsi üçün ilkin olaraq iki şey haqqında əsaslı düşünmək vacibdir: birincisi – Allahın bəxş etdiyi ruzini, maddi nemətlərin istehsalı və onlardan səmərəli istifadə etmək; ikincisi sağlam, nəslibəlliolan biri ilə nəsl törətmək. Həzrəti Süleymana görə rəsmi surətdə evlənib ailə qurmaq, təmiz məhəbbət və həqiqi sevgi üçün ən yararlı, ən münasib düstur və vəsiqədir. Həzrəti Süleyman öyüdündə olduqca incə, dərin bir şəkildə əxlaqi, etik norma və qaydalar əsasında ailə qurmağın əyyaşlıqdan və eşqbazlıqdan üstün olduğuna xarakterik xüsusiyyətlərlə aydınlıq gətirmişdir. Ulu Peyğəmbər gənclərə həvəs və şəhvət ehtiraslarına qapanmamağı məsləhət görür. Xeyirxah adamların yolu ilə getməyi və əməlisaleh möminlərin yolunu tutmağı daha düzgün iş hesab edir. Çünki yer üzündə təmiz, pak xislətli insanlar yaşayacaq və təmiz adamlar orada məskən salacaqlar. Şər işlər görənlər isə yer üzündən silinəcək, xainlərin kökü kəsiləcəkdir. Həzrəti Süleyman bildirir ki, “ruhi-küll”, “ruhi-mütləq” adlanan Allah kainatda, “kəsrət” (çoxluq) aləmində təcəssüm edir və bütün varlığın məzmununu təşkil edir. Peyğəmbər deyir ki, əyri yollara gedib düz yoldan azan və ərinə xəyanət edən “qadının evi ölümə aparır, həyat yolu ölülərin yanındadır. Onun evinə girənlərin heç biri geri qayıtmır və xoşbəxt həyat yoluna qədəm qoymur” [3, səh.62]. Əxlaqi görüşləri ilə çıxış edən Həzrəti Süleyman Allah, həqiqi müqəddəslik, mənəvi təkamül və Allahı idrak haqqında mütərəqqi didaktik manifest irəli sürür. Süleyman Peyğəmbər yenə buyurur ki, oğlum, “zinakar qadının ağzından bal tökülər, danışığı isə zeytun yağından da yumşaqdır. Fəqət onun sonu yovşan kimi acı və ikiağızlı qılınc kimi itidir. Onun ayaqları ölümə aparır, bir ayağı cəhənnəmdədir. Bil ki, onun getdiyi yollar dolaşıqdır, amma bunu başa düşmək istəmir. Beləliklə, övladlarım, mənə qulaq asın və ağzımdan çıxan sözlərdən kənara çıxmayın. Ondan gen gəz və evinin qapısına yaxın düşmə ki, sağlamlığını başqasına, həyatını zalıma sərf etməyəsən. Başqası səndən güc almasın, əlinin əməyi yad evə qismət olmasın. Sonralar canın və bədənin əldən düşəndə hönkürüb ağlayacaqsan. Və deyəcəksən: “mən nə üçün öyüd-nəsihətə nifrət etdim və qəlbim məzəmmətləri saya salmadı. Müəllimimin sözlərini eşitmədim və ustadıma qulaq asmadım? Xalq və cəmiyyət arasında az qala hər cür şər əmələ qurşanacaqdım”! Öz hovuzundan və öz quyunun suyundan iç. Qoy bulaqların küçəyə, sellərin meydanlara axmasın. Qoy onlar səninlə bərabər özgəsinə yox, yalnız sənin özünə məxsus olsun. Qoy Allah çeşməni bərəkətli etsin və gənclik illərinin qadını ilə təsəlli tap… Oğlum, nə üçün əxlaqsız qadına bənd olub başqasının arvadını qoynuna alasan? Bil ki, insanın bütün həyat yolu Tanrının gözləri qarşısındadır və O, bütün əməlləri tərəziyə qoyur” [3, səh.68]. Deməli, hər bir oxucuya aydın olur ki, səadət, rifah, ancaq səbatda, iffətdə, əxlaqda və ismətdədir. İnsan həyatının əsas halqası, xoşbəxt bir cəmiyyətin sarsılmaz təməli, möhkəm bünövrəsi mənası müqəddəs və səmimi ailə mühitindədir.

Özgələrə tərbiyə verən özü mənən təmiz, yüksək olmalıdır. Mənən təmizlikdə və yüksəklikdə Allah qatına çatan Həzrəti Süleymanın pedaqoji görüşlərini təhlil edərkən belə qənaətə gəlirik ki, müqəddəs peyğəmbərin tərbiyə ilə bağlı fikirlərində məq­­­­­­səd insanı müdrikləşdirmək, ruhunu paklaşdır­maq, əxlaqını kamilləşdirmək, davranış və əməllərini sa­­­lehləşdirməkdir. Məsələnin bu cür qoyuluşu ilə verilən izahatdan görünür ki, tərbiyə amili kompleksinin rolu hərtərəfli saf-çürük edilir. Həzrəti Süleyman deyir ki, “Oğlum! Nəsihətlərimi unutma, qoy qəlbin vəsiyyətlərimi qoruyub saxlasın…, onları sırğa edib qulağından as, qəlbinə həkk et” [3, səh.63]. Gözəl nəsihətləri dinləyənin ömrü uzun və günü əminamanlıqla keçər. Mərhəmət və həqiqət ondan heç zaman əskik olmaz. Allahın və insanların gözündə mərhəmət və səadət qazanar. Hürriyyət və ədalət aşiqi Həzrəti Süleyman oğlunu (ümumilikdə gəncliyi) alicənab, xeyirxah, hərtərəfli inkişaf etmiş, dünyagörmüş, bütün fikri və əməli müsbət bir insan kimi formalaşdırmaq istəyir. Oğlunu insanpərvərliyə, xeyirxah olmağa, həqiqi insan olub zülm və cinayətlərin qarşısını almağa, xeyir işlərə səbəb olmağa dəvət edir.

Odlu kəlam sahibi Həzrəti Süleyman bildirir ki “bütün qəlbinlə ümidini Tanrıya bağla. Gördüyün hər işdə Ona sığın, O səni düz yola yönəldəcəkdir. Öz gözündə müdrik olma; Allahdan qorxub şər işlərdən uzaq dursan: Canın sağlamlıq və fərəh tapar. Öz adından və bütün gəlirlərinin ilkinindən Rəbbə pay ayır. Onda anbarın ağzına kimi taxılla, tuluqların təzə şərabla dolar” [3, səh.63].

Həzrəti Süleymanın təməl daşı ədalət ideyası, bəşəriyyətə insanpərvərlik nümunəsidir. Süleyman Peyğəmbər mövcud ictimai quruluş çərçivəsində ədalətli olan bir hökmdardır. Hökmdar Süleyman sahibi olduğu ölkəsinin coğrafi hüdudlarına qədər təbii gözəlliklərdən, maddi nemətlərdən istifadə etməklə bərabər vətəndaşların halı və vəziyyəti ilə də yaxından tanış olur. Şəxsən hamının halına, dərdinə qalır, məhz buna görə də hamıya doğmadır, hamının ürəyində yeri var. Böyük şair Nizami Gəncəvinin əsərlərini oxuyan zaman görürük ki, ədalətli, humanist Həzrəti Süleymanın xeyirxah şahlıq dünyasından Nizami Gəncəvi də xəbərdardır. Ancaq Nizami Gəncəvi Süleyman Peyğəmbərin dünyasının çoxdan arxada qaldığını, zülmkarlıq, qəddarlıq dövrünün baş alıb getdiyinin və buna görə də gerçək insandan, ər insandan əsər-əlamət qalmadığı qənaətindədir. Nizami Gəncəvi poetik dillə yazır:

                   Hanı ülfət, mərifət? İtib, tələf olubdur,

                   İnsanlar qalırsa da, insanlıq məhv olubdur.

                   Dünya uzaq düşübdür Süleyman dünyasından,

                   Sanki qeybə çəkilmiş gerçək insan, ər insan [6, səh.105].

Ağıl və zəka sahibi Həzrəti Süleyman nə qədər zəngin olmuşsa,  yoxsul, imkansız, kasıb adamlara süfrəsi bir o qədər də açıq olmuşdur. Rəvayətə görə Həzrəti Süleymanın var-dövlətinə, cahi-calalına baxmayaraq zənbil toxuyub satmaqla dolanırmış. Ancaq heç zaman dünya nemətlərinə həris olmamışdır. Bununla yanaşı, gücü çatdığı qədər ehtiyacı olanlara köməyini əsirgəməmişdir. Nizami Gəncəvi də həmin rəvayətə işarət edərək qəsidəsində belə deyirdi:

                   Mərdsən əgər süfrəndən sən qida elə öz qanını,

                   Çünki əzəl ana qanı bəsləmişdir bu canını.

                   İstəyirsən əgər balıq, quşla dolsun sənin süfrən,

                   Yolçu olma, ibrət götür Süleymanın zənbilindən [7, səh.35].

İmadəddin Nəsimi də haqlı olaraq Həzrəti Süleymanın hər iki dünyanın cənnətini qazanmasını, mülkə, vara-dövlətə sahib olmasını Allaha sadiq olmasında görür. Allahın varlığını dərk etməyən, Allahın varlığından qafil olan, ancaq Allahdan Həzrəti Süleyman mülkü kimi mülk istəyən gədaları isə tənqid  edərək belə deyir:

                   Hər iki dünyada arif vəsli-canan istəyər,

                   Eşqdən qafil gəda mülki-Süleyman istəyər [8, səh.62].

Niyə varın ola-ola dostuna, qonşuna “get, sabah gəl, verərəm” – deyəsən?, Niyə ehtiyat etmədən səninlə yaşayan yaxın adamına qarşı pis əməl törətmək fikrinə düşəsən?, Niyə sənə pislik etməyən adamla səbəbsiz yerə dalaşasan?, Niyə zorakılıq edən adama həsəd aparasan və onun yollarını seçəsən?, Bilmək lazımdır ki Tanrı əyri adamlardan iyrənir. Ulu Peyğəmbər deyir ki, “günahkar adamların evində Rəbbin lənəti, xoş əməl sahiblərinin evində isə Onun xeyir-duası vardır. Əgər O kafirlərin üstünə gülürsə, itaət edənlərə rifah bəxş edir. Müdrikdən şan-şöhrət, axmaqdan isə şərəfsizlik miras qalır”.

Qeyri-adi müdrikliyi ilə şöhrət tapan Həzrəti Süleyman yazır ki, “oğlum, atanın nəsihətlərinə qulaq as və ananın öyüdlərini rədd etmə. Çünki bu, başına qoyulacaq gözəl bir çələng, boynuna salınacaq həmayildir” [3, səh.59]. Valideynlərinizin nəsihətlərini dinləyin və diqqət edin ki, ağıl-kamal əldə edəsiniz. Çünki mən (Həzrəti Süleyman) sizə xeyirli təlim öyrətdim. Nəsihətlərimi qulaq ardına vurmayın. Çünki mən də atamın (Davud Peyğəmbərin) əziz-xələf oğlu, anamın bir dənəsi idim. Atam (Davud Peyğəmbər) məni öyrədir və deyirdi: qoy qəlbin sözlərimi qoruyub saxlasın, nəsihətlərimə əməl et və ömür sür. Müdriklik əldə et, ağıl qazan: bunları unutma və sözlərimdən kənara çıxma. Sözlərimi tərk etmə ki, səni qoruyacaqlar, sözlərimi sev ki, səni hifz edəcəklər. Bunların ən başlıcası müdriklikdir: müdriklik əldə et və bütün varlığınla ağıl-kamal qazan. Onu uca tutsan, o da səni yüksəldər; əgər ondan möhkəm yapışsan, səni şöhrətləndirər. O, başına gözəl tac, boynuna gözəl çələng qazandırar. Həzrəti Süleyman ifadəsində bildirir ki, oğlum, sözlərimi dinlə və qəbul et, qoy ömrün uzun olsun. Mən sənə müdriklik yolunu göstərir və səni düz yola dəvət edirəm. Bu yolla getsən, yolun əzablı olmaz, yüyürsən büdrəməzsən. Nəsihətlərimdən bərk yapışsan, onları tərk etməsən və qoruyub saxlasan onlar sənə həyat bəxş edər. Həzrəti Süleyman oğluna məsləhət görür ki, günahkarların yoluna heç zaman qədəm qoymasın və şər əməl törədənlərin yolu ilə getməsin, onlardan gen gəzsin. Çünki pislik edənlərin gözünə yuxu getməz, kimisə yıxmasalar, yuxuları ərşə çəkilər. Çünki onlar qanunsuz yolla qazanılmış çörək yeyir, quldurluqla əldə edilmiş şərab içirlər. Təbii ki, halal nemət qazananların yolu zülməti gündüzə döndərən nurlu çıraqdır. Qanunsuz əməl sahiblərinin yolu isə zülmət kimidir; onlar qaranlıqda nəyə ilişib yıxılacaqlarını bilmirlər. Yenə də Həzrəti Süleyman oğluna deyir ki, oğlum, sözlərimə diqqət et və qulağın məndə olsun. Deyilən hər bir sözü “qəlbinin dərinliklərində qoruyub saxla. Ən çox qəlbini pis işlərdən qoru, çünki həyat çeşməsi ondadır. Ağzından yalanı qov, dilindən hiyləni kənar et. Qoy gözlərin düz baxsın, kirpiklərin öz qarşına yönəlsin. Həyat yolunu düşünüb-daşın, qoy yolun möhkəm olsun. Nə sağa, nə də sola meyl etmə; ayağını şərdən kənar tut” [3, səh.67].

Həzrəti Süleyman Ulu Tanrının ona bəxş etdiyi qüdrəti ancaq yaradıcılığa sərf etməmişdir. Zəkasının gücünü incə və zərif bir sənətkarlıqla quruculuğa, tikməyə, yaratmağa da sərf etmişdir. Bütün eşq və məhəbbəti ilahi bir bəxşiş hesab edən Ulu Peyğəmbərin sağlığında gördüyü işlərdən biri də bənzəri olmayan Məscidi-Əqsanı inşa etməsi olmuşdur. Həzrəti Süleyman ilk öncə “Tanrının şəhəri” adlanan Qüds şəhərinin “çevrəsini uzun, bəyaz (ağ – K.C.) daşlarla hasara çəkdirdikdən sonra” [8, səh.209]  Ulu Tanrının adıyla müsəlman aləmində ikinci məscid sayılan Məscidi-Əqsanı ağ, sarı və yaşıl daşlarla tikdirmiş, dirəkləri təmiz büllur daşlarla zinətləndirmiş, tavanın divarlarını incilərlə, yaqutlarla, növbənöv qiymətli cövhərlərlə süsləmiş, məscidin döşəməsini isə firuzə deyilən qiymətli daşlarla döşətmişdir. “Bu məscid gecənin qaranlığını, dolunay kimi aydınladırmış” [9, səh.210].

Deyə bilərik ki, Həzrəti Süleyman həyata gəldiyi gündən əbədi evinə köç edənə qədər nəcib və xeyirxah xüsusiyyətləri ilə, yüksək ədalət, humanizm və insanpərvərliyi ilə könüllərdə taxt qurmuşdur. Onun həyatı, sevgisi, sevinci, kədəri, fərağı, vüsalı, fikri, düşüncəsi, zahiri, batini və mənəviyyatı, camalı və kamalı mənalarla dolu olmuşdur.

Rəvayətə görə Süleyman Peyğəmbər atası Davud Peyğəmbərin yanında dəfn edilmişdir.

Sonda belə nəticəyə gəlirik:

  1. Həzrəti Süleyman nəsihətlərində Ulu Tanrının birliyini mədh etmiş, Yaradana sədaqətini ifadə etmiş, bununla yanaşı varlığın sirlərini, nəcib insani sifətləri, doğruluğu, xeyirxahlığı və fədakarlığı təbliğ etmişdir;
  2. Əzm və mərhəmət sahibi Həzrəti Süleyman nəsihəti boyu gəncliyə elmə yiyələnməyi, çalışıb bir sənət, peşə öyrənməyi, mərifət kəsb etməyi, hərtərəfli təlim və tərbiyə görüb inkişaf etdirməyi çox mühüm amil kimi müəyyənləşdirmişdir;
  3. Həzrəti Süleyman insanları taleyin qismətinə, qəza-qədərə, alın yazısına inanmağa, Yaradana və onun peyğəmbərlərinə itaətə, hər şeyə qane olmağa, səbr və təvəkkülə, əqlinin tədbirləri ilə öz qüvvəsinə inanmağa səsləmişdir;
  4. Yer üzündə əlləşən insana onun bütün qurub-yaratdıqlarından nə fayda? Bir nəsil keçib-gedir, başqası gəlir, torpaq isə əbədidir – deyən Həzrəti Süleyman əbədi yaşamaq üçün ancaq və ancaq yaxşılıq, xeyirxahlıq toxumları əkməyi mühüm amil saymışdır;
  5. Ədalət nümunəsi sayılan Həzrəti Süleyman məcazi mənada oxucusunu inandırır ki, sədəfdə məhbus qalan dəyərsiz su damlası dürr olacaq, torpaqda gizlənmiş toxum mütləq sabah qalxıb bol məhsul verəcək;
  6. Müdrik adamın danlağını eşitmək axmağın nəğməsinə qulaq asmaqdan yaxşıdır – deyən Həzrəti Süleyman düzgün həyat yolunu tərk edib zülmət yolu ilə gedənlərdən; törətdikləri pis əməllərdən sevinib, şər və pozğunluqdan həzz alanlardan; əyri yollara gedib düz yoldan azanlardan uzaq olmağı kəlamlarında təhlil obyektinə çevirmişdir;
  7. Dilsiz-ağızsız fağırın və bütün yetimlərin müdafiəsinə qalxmaq üçün səsini yüksəlt! – deyən Həzrəti Süleyman şahlıq dövrü müddətində daim məzlumların yanında olmuş, onların asayişini qorumuşdur.


KAMAL CAMALOVUN YAZILARI

Kifayət Əhmədovanın yazıları

Yunus Oğuzun bloqu

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – …yenə sıxıldı…


Yenə sıxıldı qəlbim, yenə alışdı bağrım,
yenə gəldim qapına, geri qaytarma, Tanrım.
Açdım əlimi sənə,
susuram, dinləsənə.

Toplayıb cəm edən sən,
seçən, ayıran da sən.
Dağları birləşdirib kürək-kürəyə qoyan,
çayları, bulaqları dənizə qovuşduran,
bir həyətin pişiyin itinə yovuşduran,
insanı bir-birindən ayrı salma, nə olar…

Alın yazılarından əlbəttə ki qaçılmaz,
Sən açmayan düyünlər sonsuzadək açılmaz.
Aç düyünü, İlahi,
Kəs yer üzündən ahı.
İnsanı dost qərar ver insana, düşmən etmə,
dünyaya gəlməyinə heç kimi peşman etmə.
Heç atanı cibindən,
Heç ananı əlindən utandırma, İlahi.

Məhzun, məsum gözlərə,
heç vaxt yaşlar dolmasın,
Ac qalmasın uşaqlar,
üşüməsin uşaqlar,
Uşaqlar üşüdükcə fikirlərim üşüyür,
dualarım üşüyür, zikrlərim üşüyür.

İnan ki, mənzərələr bəhərli dərd ağacı,
gözümə hüzün çöküb, könlümə ağrı-acı…
amma yenə gülürəm –
budur, budur, İlahi, böyük dərdin əlacı…

Ey bir adı Haqq Tanrım,
Sevgisi böyük Tanrım,
Rəhmətə sərhəd yoxdur,
Ağırdır bu yük, Tanrım!
Açdım əlimi sənə,
susuram, dinləsənə.
Dünyaya gəlməyinə heç kimi peşman etmə,
insanı dost qərar ver insana, düşmən etmə.

24.10.2024

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səndən əvvəl kəlmələr də bic idi…

İNDİ

Səndən əvvəl nəyim vardı dünyada?
Dünya özü mənim üçün heç idi…
Söylə görüm qalıbmı heç yadında
Həmən günün nişanəsi üç idi…


Dil açanda ata-ana demişdim,
Ağzım üstə tərs şilləni yemişdim,
Bağ-baxçada nəyim vardı dərmişdim,
Sən gəlləndə gethagetdi, köç idi…


Dayan dedin tərəddüdsüz dayandım,
Oyan dedin hövlank qalxdım oyandım,
Nə gətirdin nə verdinsə hey aldım,
Bunlar mənə həyat verən bac idi…


Zaman ötüb özümə mat qalmışam,
Ta sayəndə zəngin adam olmuşam,
Bu halımdan inan tamam bihuşam,
Çox düşündüm bir yol olar gec idi…


Sən gələn gün vaxt sataşdı gözümə,
Zaman adlı yoldaş tapdım özümə,
Həmən gündən sərhəd yoxdu sözümə,
Səndən əvvəl kəlmələr də bic idi…


Varidatım saya gəlməz qələmlə,
Gecə mənim, gündüz mənim səhərlə,
Günəş mənim, ulduz mənim qəmərlə,
Tək olanım üzü qara sac idi….


Uzatdıqca uzanacaq siyahı,
Yer götürməz, Göy götürməz bu ahı,
Ustac sorar nədə olub günahı,
Günahsızı dustaq etmək suç idi…

Müəllif: Zaur USTAC

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elmir Vəlizadə- 60

Güclü olduğunu gözlərindən də oxumaq olur…

Elmir Vəlizadə- 60

Sovet dönəmində Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmaq və oranı uğurla başa vurmaq digər ali təhsil ocaqlarından çox çətin idi. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılan bu institutda tədris proqramı o qədər ağır idi ki, sonuncu kursadək hər tələbə tab gətirə bilmirdi. Dəqiq elmlərlə yanaşı, tələbələrdən layihə hazırlamaq, dəqiq hesablamalar aparmaq, tez-tez “çertyoj” çəkmək tələb olunurdu. Haqqında söhbət açmaq istədiyim Elmir Tofiq oğlu Vəlizadə də Azərbaycan Neft və Kimya İnstitunun məzunudur. Əslən şuşalı olsa da, 1964-cü ildə Mingəçevir şəhərində anadan olub. Təhsildə fərqləndiyinə görə, təyinatla institutun Hesablama Mərkəzində mühəndis vəzifəsinə təyin olunub. 1989–1991-ci illərdə orada çalışmaqla yanaşı, institutun Hesablama maşınları və proqramlaşdırma kafedrasında pedaqoji fəaliyyət də göstərib. Süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olaraq, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir…

Deyir ki:- “Bugünkü texnologiyalar, xüsusən də süni intellekt əsri jurnalistlərin işini daha da inkişaf etdirir. Süni intellekt vasitəsilə sosial media kampaniyaları yaradılır, əvvəlcədən müəyyən mövzular əsasında yayımlanan məlumatlar formalaşdırılır. Lakin texnologiyalar özü-özlüyündə yalnız vasitədir, jurnalistlərin peşəkar yanaşması və məsuliyyəti informasiya əsrində həqiqəti təbliğ etmək üçün həlledici rol oynayır.”

Etibarlı, güclü və hər cəhətdən ayaq üstə durmağı bacaran bir insandır. Daim hərəkətdədir və bir yerdə dayanmağı bilmir. Planlaşdırdığı uğura nail olmaq üçün sona qədər çalışır və heç vaxt təslim olmur. Kriativdir, həmişə yeni şeylər öyrənmək istəyir. Həm də çox emosional və mərhəmətlidir. Yanında bir dərdli görsə kövrəlməyə bilmir. Azadlığını çox sevir və heç kimin onun gördüyü işlərə qarışmasını xoşlamır…

“İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı texniki vasitələr sayəsində minimum itkilərlə çıxdıq. Texnoloji inkişafa nail olmaq üçün dövlət siyasəti yetərli deyil. Burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Kadr hazırlığı olmadan texnoloji inkişaf fayda verməyəcək. Bu istiqamətdə ölkəmizdə son bir neçə ildə böyük inkişaf mövcuddur. Son illərdə minlərlə Azərbaycan gənci təlimlərdən keçib. Dövlət və özəl sektor, cəmiyyət bu sürət və inkişafa hazır olmalıdır, əks halda geridə qalacağıq. Biz isə geridə qala bilmərik. Bütün qurumlar bunu vəzifə kimi bilməlidir. Dövlət qurumlarından xahişimiz və tələbimiz budur ki, bundan sonrakı fəaliyyətdə daha da səfərbər olsunlar.”

Gördüyü işi yarımçıq qoymağı sevmir. Güclü olduğunu gözlərindən də oxumaq olur. Yalançı, təkəbbürlü insanlara qarşı dözümsüzdür, onlara hədlərini bildirməkdən çəkinmir. Analitik düşüncə tərzi var, hər deyilənə asan inanmır, amma inandığı hər bir məsələni sona qədər inadla müdafiə edir. Sadə və təvazökardır. Özünü reklam, uğurlarını nümayiş etdirməkdən xoşu gəlmir. Qətiyyətli xarakteri bir çox sahədə asanlıqla uğur qazanmasına səbəb olur. Necə deyərlər, ayaq üstə möhkəm dayanmağı bacarır…

Deyir ki:- “Erməni və digər xarici qüvvələrin ölkəmizə qarşı yönəltdiyi məqsədli təxribatlar və dezinformasiyalar davam edir. Azərbaycanın milli maraqları üçün ideoloji təhlükəsizlik daim diqqət mərkəzində olmalıdır. Prezident İlham Əliyev ölkəmizin inkişafı üçün vəzifələri və strateji istiqamətləri Milli Məclisin iclaslarında dəfələrlə vurğulayıb. Dövlətimizin başçısı, həmçinin ideoloji təxribatların qarşısını almaq üçün jurnalistlərin mühüm rolunu qeyd edib. Bizə qarşı yönələn təxribatlar xalqımızın güclü iradəsi ilə qarşılanır və onların nəticəsi heç vaxt istənilən effekti vermir. Ancaq buna baxmayaraq, biz hər zaman bu təxribatlara hazır olmalıyıq.”

Maraq dairəsi çox genişdir və araşdırmaçı xasiyyətə malikdir. Sevdiklərinə çox bağlıdır və onlara həmişə sədaqət göstərir. Səyahət etməyi, sevdikləri ilə dinc vaxt keçirməyi xoşlayır…

Söhbətimin sonunda onu da qeyd edim ki, Elmir Vəlizadə 1991-ci ilin aprel ayından Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının EHM və çoxaltma texnikası sektorunda birinci dərəcəli mütəxəssis kimi işə başlayıb. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Prezidentin İcra Aparatında müxtəlif vəzifələrində çalışıb. Sonra prezidentin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İnformasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri, daha sonra Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri təyin edilib. 2007-ci ildə isə bu vəzifədən azad edilərək indiki Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub. 2021-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində rəqəmsal media ilə iş sektorunun müdiri vəzifəsində çalışır…

Oktyabrın 25-i Elmir Vəlizadənin 60 yaşı tamam olur. Ona möhkəm can sağlığı, firəvan həyat, işlərində yeni-yeni uğurlar arzulayıram.

Çox yaşasın!

Hörmətlə: Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

AYAZ ARABAÇININ YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Vaqif Sultanlının “Səhra savaşı” adlı romanı yenidən nəşr olunmuşdur

YAZIÇI VAQİF SULTANLININ “SƏHRA SAVAŞI”

ROMANI YENİDƏN YAYINLANDI

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” adlı romanı yenidən nəşr olunmuşdur. “Kritika” nəşriyyatının yayınladığı, şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələ­cəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. İnsanlığın keçib gəldiyi yolun ənənəvi axarda deyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan verir.

“Səhra savaşı” romanı XXI yüzildə qloballaşan dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biga­nələşmə, gərəksizləşmə kimi mənəvi-əxlaqi çöküş və humanitar böhranla müşayiət olunan bəşəri problemlərə sərt etiraz ruhu ilə seçilir. Süjet hörüyü fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın baş qəhrəmanı kimi canlandırılan Qocanın timsalında yer üzündə dərinləşməkdə olan ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın gerçək mahiyyətini aşkarlamağa yönəlik sorunlara aydınlıq gətirilməsinə çalışılır.

Qeyd edək ki, ilk dəfə 2015-ci ildə Azərbaycan oxucularına təqdim olunan roman daha sonra Türkiyə, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə yayınlanmış, haqqında müxtəlif səpkili araşdırmalar aparılmışdır.

VAQİF SULTANLININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MIİLLİ MƏFKURƏ VƏ İSTİQLALİYYƏT MÜCAHİDİ

MIİLLİ MƏFKURƏ VƏ İSTİQLALİYYƏT MÜCAHİDİ

KAMAL CAMALOV

Pedaqogika elmlər doktoru,

Naxçıvan Müəllimlər İnstitutunun professoru,

Azər­bay­can Respublikasının Əməkdar müəllimi

Kifayət Əhmədova

Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

Keçmiş SSRİ və ya Sovet dönəmində ADC-nin və Müsavat partiyasının rəhbərlərindən olan Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin nəşri, tədqiqi və ümumiyyətlə, onun haqqında müsbət mənada danışmaq qadağan edilmişdi. Məqsəd bolşevizmin düşməni olan bu milli məfkurə və istiqlaliyyət mücahidinin adını və əməllərini yaddaşlardan silmək, sonrakı nəslə unutdurmaq idi. Azərbaycan müstəqillik qazandığı vaxtdan, yəni XX əsrin 90-cı illərindən etibarən Məhəmməd Əminin əsərlərinin nəşri, tədqiqi və təbliği sahəsində müəyyən işlər görülməyə başlanıldı. Cəfakeş alim Şirməmməd Hüseynov istiqlal mücahidinin 1903-1920-ci illərdə Azərbaycanda və İranda işıq üzü görmüş mətbu məqalələrini toplayaraq kitab halında tərtib etmiş və cilddə nəşr etdirmişdir. Bununla da cəfakeş maarifçi və millət xadiminin həyat və yaradıcılığına, ədəbi-nəzəri görüşlərinə, fəaliyyətinə, ana dili, islam dini ilə bağlı fikirlərinin elmi şərhinə, ictimai-siyasi və fəlsəfi görüşlərinə hər bir vətənsevər oxucuda fikir, ideya formalaşdırmışdır.

XX əsrin əvvəllərində yaşayıb yaratmış bütün maarifpərvər ziyalılar kimi Məhəmməd Əmin Rəsulzadə də xalqın savadlanması, yeni məktəblərin və xeyriyyə cə­miy­yətlərinin açılması, tədris kitablarının nəşri, müəllim kadrlarının yetişdirilmə­si, milli özünüdərk və milli əxlaq, təhsilin məzmunu, qadınların təlim və təhsilə cəlb edilməsi və sair bu kimi məsələlərlə ciddi məşğul olmuşdur. Pedaqogika üzrə fəlsəfə doktoru Xatirə Zakir qızı Qocayevanın “XX əsrin əvvəllərində Azərbay­can­da təhsilin demokratikləşdirilməsi uğrunda mübarizədə Məhəmməd Əmin Rəsulzadənin rolu” adlı əsəri ictimai və siyasi xadim olan M.Ə.Rəsul­­za­də­nin pedaqoji irsini sistemli öyrənməsi, onun maa­rifçilik görüşlərini bu istiqa­mət­də araşdırması maraq do­­ğu­rur, el­mi-nəzəri və prak­tik əhəmiyyəti ilə seçilir.

Əvəzolunmaz tarixi şəxsiyyətlərimizdən biri olan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının yetişdirdiyi ən mübariz, mütəfəkkir və fədakar şəxsiyyətlərdən biri olmuşdur. XIX əsrin son onilliklərində və XX yüzilliyin birinci yarısında yaşayıb fəaliyyət göstərmiş bu fədakar insan görkəmli siyasətçi, milli ideoloq, ADC-nin qurucularından və rəhbərlərindən biri, mühərrir, naşir, publisist, maarifçi, ictimai xadim, ədəbiyyatşünas, tərcüməçi, tənqidçi və s. kimi tanınır. Xatirə Qocayeva haqlı olaraq Məhəmməd Əmin bəyi xalqımızın məktəb və təhsilinin inkişafı yolunda yorulmadan çalışan bir maarifçi-pedaqoq da adlandırır. Doğrudur, Məhəmməd Əmin Rəsulzadə bəzən qısa müddət ərzində auditoriyalara girib dərs desə də o, peşəkar müəllim kimi fəaliyyət göstərməmiş və pedaqoq kimi tanınmamışdır. Ancaq bütün bunlara rəğmən Məhəmməd Əmin bəy çoxşaxəli fəaliyyət və yaradıcılıq yoluna malik universal zəka sahibi olmuşdur. Onun fəaliyyət və yaradıcılıq irsinin bir qolunu da pedaqoji məzmunlu əsərləri təşkil etmişdir. Həmin əsərlərin tədqiqi və öyrənilməsi haqqında söhbət açdığımız şəxsiyyətin fəaliyyətini və yaradıcılıq irsini tam şəkildə anlamağa, onun gördüyü işlərin miqyasını dolğun surətdə anlamağa imkan verərdi.

Sivil dövlətlər miqyasında tanınmış Məhəmməd Əminin pedaqoji əsərləri özünün dərin məzmunu, müasirlik ruhu, yeni mündəricəsi ilə seçilir desək yanılmarıq. Bu əsərlər sonrakı dövr pedaqoqlarımız, maarif və məktəb məsələləri ilə məşğul olan mütəxəssislərimiz üçün bir nümunə, ideya-nəzəri mənbə rolunu oynaya və nəticə etibarı ilə pedaqogika elminin, təlim və tərbiyə nəzəriyyəsinin inkişafına töhfə verə bilər. Ona görə ki, M.Ə.Rəsulzadə geniş erudisiyaya malik bir şəxsiyyət olduğundan pedaqoji məzmunlu əsərlərində, bir qayda olaraq, məktəb, maarif, təhsil, təlim və tərbiyə ilə əlaqəli məsələləri mütləq dövrün ictimai, siyasi və ədəbi-mədəni hadisələri, cari və gələcək prosesləri ilə uzlaşdırmış, əlaqələndirmişdir. Ona görə də onun pedaqoji irsi dövrün pedaqoji prosesləri ilə ictimai, siyasi, ədəbi-mədəni və maarifçilik hərəkatını, bunların qarşılıqlı təsirini izləməyə, başa düşməyə imkan verir.

Bu gün Azərbaycan pedaqogika tarixi elminin qarşısında duran əsas vəzifələrdən biri də pedaqoji fikir, həmçinin məktəb və təhsil tariximizin keçdiyi inkişaf yolunu öyrənməkdir. M.Ə.Rəsulzadənin pedaqoji irsinin elmi araşdırma obyektinə çevrilməsi həm bütövlükdə pedaqoji fikir, məktəb və maarif tariximizin keçdiyi yolu, həm də XIX əsrin sonu və XX əsrin əvvəllərində bu sahədəki mənzərəni aydınlaşdırmaq, daha elmi şəkildə təsəvvür və dərk etmək üçün əhəmiyyətli və vacibdir. Bu mənada, xalqımızın maddi və mənəvi yüksəlişinə töhfə vermiş, xalqa və vətənə xidmət göstərmiş böyük şəxsiyyətlərimizi, onların maddi və mənəvi mirasını tədqiq edib tanıtmaq, indiki və gələcək nəslə çatdırmaq həmin şəxsiyyətlərin ruhu, həmçinin vətənimiz və xalqımız qarşısında bizim borcumuzdur. M.Ə.Rəsulzadə də belə layiqli şəxsiyyətlərdən biridir.

Əsər bizə deməyə əsas verir ki, xalqın maariflənməsi yolunda əzm­karlıqla mücadilə aparan M.Ə.Rəsul­­zadə böyüyən nəslin əxlaqi-mənəvi tərbiyəsi, ümu­mi, ic­ba­ri və pulsuz təhsili ilə bağlı bitkin konsepsiya layihəsi yaratmışdır. Həm­çinin, M.Ə.Rəsul­­zadənin milli özünüdərk, uşaqların təlim və tərbiyəyə cəlb edil­məsi ilə bağlı ideyaları o dövrün və çağdaş dövrümüzün  pe­­daqoji fikrinin for­ma­laşmasında mühüm rol oynayır. Tədqiqatçı alim haqlı olaraq qeyd edir ki, M.Ə.Rə­sul­zadə hazırladığı milli mənəvi dirilik konsepsiyası ilə böyüyən nəslin əqlinin, mil­li ruhunun və cisminin bərabər səviyyədə inkişafına təkan vermişdir. Azər­bay­can­da ilk ali təhsilli kadr hazırlığı da M.Ə.Rəsulzadənin təşəbbüsü və əziy­yəti he­sa­bına təşkil edilən Bakı Dövlət Darülfünunda həyata keçi­rilmişdir.

Xatirə Qocayevanın da qeyd etdiyi kimi M.Ə.Rəsulzadənin elmi şərhinə, ic­ti­mai-siyasi və fəlsəfi görüşlərinin tədqiqinə dair V.Sul­­tanlı, Ş.Qur­banov, M.Fər­zə­li­ye­va, N.Yaqublu, A.Əlizadə, M.Ağayev, F.Ələkbərov və b. maraqlı tədqiqat əsərləri or­­taya qoymuşlar, ancaq pedaqoji görüşləri ilə bağlı akademik Hüseyn Əhmə­do­vun, professor Əjdər Ağayev, Y.Talıbov, F.Sadıqov, S.Quliyev, F.Rüstəmov, R.Hü­seynzadə və digərləri qismən də olsa bəhs etmişlər. M.Ə.Rəsulzadənin təh­si­lin demokratikləşdirilməsi uğrunda apardığı mübarizəsinə ilk dəfə sistemli şəkildə araş­dıran tədqiqatçı Xatirə Qocayevadır.

Əsərə nəzər salan zaman görürük ki, doktorant Xatirə Qocayeva yarım­fə­sil­lər boyu M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin əsas məqamları barədə mə­lu­mat ver­miş; onun pedaqoji yaradıcılığının əsas nümunələrini kompleks halında üzə çı­xa­raraq əsas pedaqoji konturlarını müəyyənləşdirmiş; vətənpərvər ziyalının maarif və onun əhəmiyyəti barədə baxışlarını şərh etmiş; milli ideoloqun çarizmin milli uc­­qarlardakı, o cümlədən Azər­bay­can­da­kı maarif siyasətinin əsas mahiyyətinə, müs­təmləkəçilik stixiyasına, bunun praktiki nəticələrinə göstərdiyi münasibətə ay­dın­lıq gətirmiş; böyük maarifçinin milli məktəb uğrunda mübarizəsinin ümumi və əsas mənzərəsini canlandırmış; onun milli pedaqoji kadr hazırlığı uğrunda mü­ba­ri­zə­sinə və bu ba­rədə qənaətlərinə nəzər yetirmiş; müəllim və onun şəxsiyyəti barədə ma­arifçi ziyalının mülahizələrini analiz etmiş; millət xadiminin milli özünüdərk və mil­li əxlaq tərbiyəsi barədə ba­xış­larını təhlil süzgəcindən keçirmiş; Məhəmməd Əmi­nin ümumi təhsilə keçid barədə fikirlərini, həmçinin bu istiqamətdə apardığı mü­ba­ri­zənin əsas konturlarını aydınlaşdırmış; maarif münəvvərinin təhsilin məzmunu ilə bağ­lı şərh və fikirlərinə aydınlıq gətirmiş; görkəmli şəxsiyyətin ana dili və onun təd­risi ilə əlaqəli mülahi­zə­lə­rini, bu yolda apardığı mübarizənin vacib elementlərini təh­lil obyektinə çe­virmiş; dini təlim-tərbiyə və onun əsas istiqamətləri və əhəmiy­yə­ti barədə M.Ə.Rəsulzadənin görüşlərini müəyyənləşdirmiş; Azərbaycan qadınlarının tə­lim və tərbiyəyə cəlb edilməsi və bunun so­­­sial-pedaqoji lüzumu haqqında müəl­li­fin baxışlarını analizdən keçirmiş; onun yaşlıların təhsili ilə əlaqəli görüşlərinin əsas detal və tə­fər­rü­a­tı­nı üzə çıxarmışdır.

Əsərdə yenə də tədqiqatçı alim M.Ə.Rəsulzadə yaradıcılığında təlimin ana dilin­də apa­­­­­­­­rılması, mək­təblərdə hökm sürən sxolastikanın aradan qaldırılması, təhsilin ümumi, məcburi və pul­suz olması, rəğ­­bət­­lən­dir­­mə­­­­­yə üstünlük verilməsi, yeni mil­­li mək­təb­lə­rin yara­dıl­ma­sı, ana di­­lin­də dərs­­­­­lik­lə­rin ha­­­­­zır­lan­ma­sı, təhsilin məz­mu­­nunun mil­li­ləş­dirilməsi və zən­gin­­ləş­dirilməsi, yeni tə­lim üsul­la­rı­­nın tət­­­­­bi­qi, tə­li­­­min çətinliyini uşaqla­rın əqli və fi­ziki im­kan­ları ilə uyğun­laş­dı­rıl­ma­­­sı, əlifbanın dəyişdirilməsi, qadın təhsili, dünyəvi təh­­si­lin ge­niş­ləndirilməsi, tər­­bi­yə­nin məq­­­­­səd və məz­munu­nun mü­əy­yənləşdirilməsi və s. kimi məsələləri həmin ideyaların fonunda problemə baxış kimi səciy­yə­lən­di­r­miş­dir.

Xatirə müəllim əsərdə təqdim etdiyi müddəaları aydın tə­fəkkür, məntiqi mü­ha­ki­­mə, sə­­­­­lis elmi fikirlərlə ifadə etmiş, problemlə bağlı el­mi-pedaqoji ədəbiyyat­ları təh­­lil edərək ümu­­­­miləşdirmişdir. Əsərdən alınan nəticələr on səkkiz (18) mad­də, müəyyən tədbirlərin həyata keçirilməsi ilə bağlı isə beş (5) təklif irəli sür­müş­dür.

Tədqiqatçı alimin qeyd etdiyi kimi, biz də arzu edirik ki:

  1. M.Ə.Rəsulzadənin elmi-pedaqoji irsinin müxtəlif istiqamətlərdə tədqiqi və təbliği işi bundan sonra da davam etdirilsin.
  2. Bunun üçün fərdiqaydada elmi-tədqiqat işi aparmaqla yanaşı elmi-praktiki konfranslar, elmi sessiyalar keçirilsin.
  3. Tələbələrə onun həyatına, fəaliyyətinə, pedaqoji irsinin və təlim-tərbiyə ilə bağlı fikirlərinin ayrı-ayrı problemlərinə aid buraxılış işləri, magistr dissertasiyası mövzuları, kurs işləri verilsin.

4. Məhəmməd Əmin Rəsulzadənin adına tələbə təqaüdü tərtib edilsin.

5. Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr edilmiş elmi-pedaqoji mühazirə və seminarlar keçirilsin.

SondaXatirə Qocayevanı “XX əsrin əvvəllərində Azərbaycanda təhsilin demokratikləşdirilməsi uğrunda mübarizədə Məhəmməd Əmin Rəsulzadənin rolu” adlı əsərinə görə təbrik edir və bundan sonrakı yaradıcılığında ona uğurlar arzulayırıq.

KAMAL CAMALOVUN YAZILARI

Kifayət Əhmədovanın yazıları

Yunus Oğuzun bloqu

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Oktyabrın “Ulduz”u – 2024

Oktyabrın “Ulduz”u Əlizadə Nurinin “Özüylə söhbəti…” və şeirləriylə açılır.

Bu sayda Ruslan Mollayevin “Aktrisa” hekayəsindən sonra Məti Osmanoğlu “Gənc yazarlar üçün ustad dərsi” keçir.

“Şeir vaxtı”nda Vüqar Rahi, Ramil Mərzili, Aysel Xanlarqızı, Xəyalə Sevil, Gülər Mübariz, Anar Seyidağa, Ülkər Nicatlı, İmir Məmmədlidir.

Xanəmir Telmanoğlu “Qızıl alma vücudnaməsi”ni təqdim edir.

Alpay Azər “Ali rütbəli nəzarətçilər”, Nurlana İşıq “Qazinin izi”, Rey Kərimoğlu “Telli Mədət və Xankəndidə torpaq satan dəli qadın” (sənədli hekayə), Səadət Musayeva “Son çağırış” hekayələriylə görüşünüzə gəlib.

“Nağıl” rubrikasında “Tənbəl ayı” ilə Əfsanə Rəhimlidir.

Fələstin və iordan əsilli şair, rəssam Əli-Əl-Əmirinin “Dünya poetik sanitariyaya möhtacdır…” essesi, Elxan Yurdoğlunun 70 yaşı tamam olan İbrahim Yusioğluna dost məktubu,“Anım” rubrikasında Aydın Tağıyevin unudulmaz şair Səyavuş Sərxanlı haqqında yazısı bu sayda yer alır.

“Yük” yazısıyla “Dərgidə kitab”da Nemət Mətindir.

Ulduz – oktyabr 2024 PDF >>> ulduz-oktyabr-2024

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Yunus Oğuzun bloqu

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yunus Oğuz Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb

Olaylar.az xəbər verir ki, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb. Görüşdə türk dünyası ədəbiyyatı və irsinin yaşadılması,inkişaf etdirilməsi yönündə müzakirələr aparılıb. Söhbət zamanı bu sahədə yaxın və uzaq hədəflərdən danışılıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Yunus Oğuzun bloqu

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tofiq Nurəli – Yağış

Darıxan bir nəğmə…

YAĞIŞ
Sakit və kədərli bir yağış yağır
Fikirli-fikirli duman içindən…
Brezent gödəkçəmin qaldırıb yaxalığın
Bu kədərin içindən tələsik keçirəm mən.

Baxıram ki,ağaclar dumanlıdı büs-bütün,
Kədərlidi budaqlar, fikirlidi yarpaqlar…
Keçib gedir yanımdan heç salam da vermədən—
Fikirlidi kepkalar,fikirlidi ləçəklər,fikirlidi papaqlar…

Bax, çidarlı atlar da fikrə gedib çəməndə,
Dayçaların biri də heç tərpənmir yerindən…
(Heyif ki, bu atların yoxdur heç bir xəbəri
Mənim şeirlərimdən)
Elə zəif gəlir ki,səsi də ildırımın
Sanırsan torpaqlardı—köks ötürür dərindən.

Buradan uzaqlarda haylı-küylü şəhər var..,
Inana bilmir adam… Sükut..,duman və yağış…
Qadırıb yaxalığın brezent gödəkçəmin
Gedirəm..,ürəyımdə min cür fikir, yır-yığış…

Ömür qəfildən keçib—o ömürə mən yadam..,
…Biz ki, hər zaman sevdik– heç vaxt sevilməsək də..,
Inana bilmir adam, inana bilmir adam…
…Sükut, kədər və yağış..,bir də fikirli duman…
25. 03 .2017.

Müəllif: Tofiq Nurəli

Tofiq Nurəlinin yazıları

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"