
Yenə sıxıldı qəlbim, yenə alışdı bağrım,
yenə gəldim qapına, geri qaytarma, Tanrım.
Açdım əlimi sənə,
susuram, dinləsənə.
Toplayıb cəm edən sən,
seçən, ayıran da sən.
Dağları birləşdirib kürək-kürəyə qoyan,
çayları, bulaqları dənizə qovuşduran,
bir həyətin pişiyin itinə yovuşduran,
insanı bir-birindən ayrı salma, nə olar…
Alın yazılarından əlbəttə ki qaçılmaz,
Sən açmayan düyünlər sonsuzadək açılmaz.
Aç düyünü, İlahi,
Kəs yer üzündən ahı.
İnsanı dost qərar ver insana, düşmən etmə,
dünyaya gəlməyinə heç kimi peşman etmə.
Heç atanı cibindən,
Heç ananı əlindən utandırma, İlahi.
Məhzun, məsum gözlərə,
heç vaxt yaşlar dolmasın,
Ac qalmasın uşaqlar,
üşüməsin uşaqlar,
Uşaqlar üşüdükcə fikirlərim üşüyür,
dualarım üşüyür, zikrlərim üşüyür.
İnan ki, mənzərələr bəhərli dərd ağacı,
gözümə hüzün çöküb, könlümə ağrı-acı…
amma yenə gülürəm –
budur, budur, İlahi, böyük dərdin əlacı…
Ey bir adı Haqq Tanrım,
Sevgisi böyük Tanrım,
Rəhmətə sərhəd yoxdur,
Ağırdır bu yük, Tanrım!
Açdım əlimi sənə,
susuram, dinləsənə.
Dünyaya gəlməyinə heç kimi peşman etmə,
insanı dost qərar ver insana, düşmən etmə.
24.10.2024
Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru