Ədəbi mühitdə yeni ədəbi hadisə baş verib. “Xarı bülbül” adlı bədii-publisistik jurnalın ilk nömrəsi çapdan çıxıb. Bu barədə ictimaiyyəti jurnalın yaradıcısı şair Ziyadxan Budaq özü məlumatlandırıb. Jurnalın yaranmasının ədəbi hadisə adlandırılması normal haldır. Son iyirmi ildə Azərbaycan ədəbi mühitində baş verən hadisələri müntəzəm izləyən bir adam kimi bunu qeyd edirəm. Ziyadxan Budaq qabaqcıl təhsil işçisi kimi də cəmiyyətə tanışdır. Samballı poemalar müəllifidir. Ədəbi proseslərdə fəal iştirak edir. Yaradıcılığı məhsuldardır. Sözsüz ki, bu addımı atmaqda ədəbiyyata daha yaxından xidmət göstərməyə çalışacaq. Jurnalın ilk nömrəsində kifayət qədər istedadlı imzaların əsərlərini daxil edib. Eyni zamanda Ziyadxan Budaq özü də daxil olmaqla həmin istedadlı imzaların ədəbi tənqiddən kənarda qaldıqlarını da qeyd etməmək mümkünsüzdür. Bəlkə, Ziyadxan Budaq bu imzaları seçməklə onları ədəbi tənqidin nəzərinə çatdırmağa çalışır? Özü bunu belə qeyd edir: “Jurnalımızın ilk nömrəsində Azərbaycan oxucusuna imzaları yaxşı tanış olan qüdrətli qələm adamlarının şeir, hekayə və publisistik yazıları təqdim olunmuşdur”. Səbəb və məqsədini göstərməmişdir. Son iyirmi ildə ədəbi mühitin inkişaf mənzərəsində müxtəlif jurnallar yaradılıb. Onlardan sonuncu yaranan və davamlı fəaliyyət göstərən “Yurd” (yaradıcısı Balayar Sadiq), “Xəzan” (yaradıcısı Əli bəy Azəri), “Yazarlar” (yaradıcısı Zaur Ustac) və “Ədəbi Ovqat” (yaradıcısı Rəfail Tağızadə) jurnallarıdır ki, davamlı olaraq fəaliyyət göstərirlər. Onlarla “ölü doğulan” jurnallar olub. Bir-iki nömrə çıxandan sonra fəaliyyətini dayandıranlar, çox güman ki, başqa zərurətdən və məqsədlə yaradılmışlardır. Yeni jurnalın yaranması ədəbi proseslərdə təkcə imzaların deyil, həm də ədəbi jurnalların cəngindən xəbər verir. Bu da Azərbaycan ədəbi mühitinin güllü-gülüstana bənzədiyini xatırladır. “Xarı bülbül” adı, məncə, təsadüfən seçilməyib. Ziyadxan Budaq kimi söz sərrafı musiqi beşiyi Şuşanın adı ilə yanaşı ədəbi rəmz kimi səslənən “Xarı bülbül”ün varlığından yaxşı məlumatlıdır. Yeni jurnalımızın qədəmləri uğurlu olsun! 05.10.2025, Bakı şəhəri
Xüsusi istedadlar sırasından olan yazıçılıq, şairlik təkcə ilahi sevgi deyil. Bunu ilahi sevginin üstünə atmaq natamamlıq hesab olunar. Yazıçılıq həm də qeyri-adi səviyyədə yüksək təxəyyülün, təfəkkürün, elmi və bədii biliklərə sahib olmağın, ecazkar zövqün, dərin müşahidələr aparmağın nəticəsidir. Bir də arzu və istəkdən doğan məqsədinə çatmaq yolundakı iradi gücdən ibarətdir.
Yazıçı cəmiyyətə adi vaxtda deyə, çatdıra bilmədiyi fikirlərini bədii əsərlərində ifadə etməyə çalışır. Yazıçı publisistik yazılarında cəmiyyətin problemlərini işıqlandırmaqla dövlət idarəçiliyinə məsul şəxslərin nəzərinə çatdırırsa, bədii əsərlərində bu problemlərdən çıxış yollarını, böyüş zövqlə gözəl yaşayış və hərəkət təsvirlərini yaradır. Eyni zamanda cəmiyyətin özünə tərbiyəvi təsir göstərmiş olur. Yazıçı Əli bəy Azərinin əsərləri ilə tanışlıqdan sonra bir daha bu qənaətdə yanılmadığıma əmin oldum.
Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” kitabını oxudum. Povest və hekayələrdən ibarət kitab başdan-başa Azərbaycan sərhədçilərinin həyatından, onların gündəlik xidmətdə rastlaşdıqları ənənəvi çətinliklərdən, yerləşdikləri əraziyə uyğun olaraq üzləşdikləri təbiət hadisələrindən bəhs edir. Bu, yazıçının Azərbaycanın müxtəlif bölgələrdə yerləşdiyi sərhəd zolağını yaxşı tanımasının və sərhədçi həyatına yaxından bələd olmasının göstəricisidir. Əsərlərlə tanışlıqdan sonra adamda belə bir təsəvvür yaranır ki, yazıçı ömrünün bir hissəsini Azərbaycanın sərhədlərində xidmətdə keçirib. Yoxsa bu qədər yaxından tanışlıq onda haradan qaynaqlanır? Məncə, vətən sevgisinin və coğrafi biliklərin təsiri də özünü göstərməmiş deyildir.
Kitabda yazıçının hekayə adlandırdığı (mənə elə gəlir ki, bu onun təvazökarlığının göstəricisidir) əslində, onların hər biri ayrı-ayrılıqda povestdir, ən azından povest yüklü əsərlərdir. Mən onları ona görə povest adlandırmaq istəyirəm ki, onlar həm janr baxımından, həm də hadisələrin çoxluğuna, personajların sayına görə povestin tələblərinə cavab verən əsərlərdir.
Kitaba daxil edilmiş əsərlərin bədii mahiyyətini qeyd etməzdən əvvəl, məncə, yazıçının məharətinə nəzər salmaq daha düzgün olardı. Müstəqillik qazandığımız bu otuz dörd il ərzində mən doğma sərhədçilərimizin həyatından bəhs edən heç bir yazıçının bu qədər əsərinə rast gəlməmişəm. Bəlkə də yoxdur, yazılmayıb. Hər halda mənim qarşıma çıxmayıb. Əli bəy Azəri sərhədçilərə həsr etdiyi bu əsərlərində yazıçı məharətinin məziyyətlərindən maksimum bəhrələnməyə çalışıb və mənə elə gəlir ki, uğurla alınıb. O, sərhədçilərin peşə fəaliyyətini yerinə yetirərkən spesifik qaydalara riayət etməklə bərabər onların qarşılaşdığı iqlim şəraitini, coğrafi məkanı elə incəliklə təsvir edib ki, oxucu özünü əyani şəkildə sərhəd boyu tapşırıq yerinə yetirən sərhədçinin yanında təsvir edir. İstər dənizdə, istər çiskinli havada çay boyunca, istərsə də dağlıq ərazidə leysan yağışı altında olsun, ondan bir an ayrılmaq mümkün deyil. Yazıçı ustalığı sözün həqiqi mənasında istənilən əsər boyunca adamı heyrətləndirir.
Əli bəy Azəri ölkəmizin sərhədlərindəki hadisələri zamana uyğun olaraq – sülh şəraitində və 44 günlük Vətən müharibəsi dövründə ağır, keşməkeşli xidmət şəraitini bədii şəkildə təsvir edib. O, hər hansı uydurma məkan adları seçməyib, sərhədlərimizin keçdiyi əraziyə, coğrafi şəraitə uyğun adlar seçib. Çünki təsvir olunan əksər hadisələr tam dəqiqliyi ilə olmasa da uyğun şəkildə sərhədlərimizdə baş verir. Hadisələrin baş verdiyi məkanların konkret adlarla göstərilməsi və yazıçının həmin məkanlara yaxından bələd olması, keçən yolların, cığırların dəqiqliklə təsvirinin verilməsi əsərləri daha maraqlı edir və onları həyəcansız oxuyub keçmək mümkün deyil.
Əsərlərdən görünür ki, yazıçı həmin əraziləri dəqiqliklə tanıyır, dağına, dərəsinə, meşə örtüyünə, cığırına belə bələddir. Hadisələrin çoxu bədii təxəyyülün məhsulu olsa da məkanlar konkret göstərilib. Heç şübhə doğurmur ki, Əli bəy bu əsərlərin hər birini ayrı-ayrılıqda qələmə alarkən qeyd olunan əraziləri (xəyali də olsa) qarış-qarış gəzmiş, hadisələrin cərəyan etdiyi sərhəd bölgələrini dərindən öyrənmiş, sərhədçilərin həyatı ilə yaxından tanış olmuşdur.
Kitabda toplanmış əsərlərin hər biri ölkəmizin müxtəlif iqlim şəraitində yerləşən ayrı-ayrı sərhəd zastavalarında baş verən və sərhədçilərimizin taleyini, onların sərhədpozanlarla apardığı çətin və şərəfli mübarizənin fərqli bölgələrdə, müxtəlif şəraitdə əks etdirməklə, onların Vətən sevgisi ilə yanaşı bütün hiss və həyəcanı ilə şəxsi sevgilərini, valideyn, ana sevgisini də canlandırır. Bu sevgilər bir-birindən ayrılmazdır, bütövdür, hamısı Vətən sevgisi fonunda işıqlandırılıb.
Əsərlərin birində İranla sərhəddə narkotik qaçaqmalçılarla mübarizədə sərhədçilərimizin canfəşanlığı, ayıq-sayıqlığı təsvir olunursa, digərində Gürcüstan, yaxud Rusiya sərhəddində təxribatçılarla aparılan əməliyyat tətbirlərində sərhədçilərin sərvaxtlığı, iradə və dözümlülükləri, başqa birisində isə Ermənistanla sərhəddə döyüş zamanı sərhədçilərin cəsurluğu, igidliyi, qorxmazlığı; bütün hallarda sərhədçi şücaəti baş planda təsvir olunur. “Anama deyin, məni bağışlasın” əsəri bu qəbildən daha təsirlidir. Əsərin qəhrəmanı anasının onun hərbi məktəbdə oxuması, zabit pillələrində yüksələrək general olması istəyinin “əksinə” çıxaraq könüllü ərizə yazaraq hərbi məktəbdən ayrılır, döyüş bölgəsinə yollanır və ərazilərimizin düşmən tapdağından azad olunması uğrunda şərəfli müharibədə iştirak edir. Cəsurluq göstərir, vuruşur və şəhadətə yüksəlir. Son anda döyüşçü yoldaşlarına deyir ki, mən anamın istəklərini deyil, sevgili Vətənin azadlığını seçdim. Ana ilə övladın arzularından yekunda üzləşmiş faciə ustalıqla qələmə alınmışdır.
“Sərhədçi iti Buqamir” əsərində Əli bəy Azəri sərhədçilərlə birgə fəaliyyət göstərən, onlarla bərabər şəkildə düşmənlə, sərhəd pozucusu ilə mübarizə aparan, ən yaxın silahdaşları olan sərhədçi itlərini də unutmamışdır. Bu əsərdə sərhədçi iti obrazı formasında Buqamirin öz sahibinə sədaqəti sərhədçi itlərin müxtəlif situasiyalarda ayıq-sayıqlığı məharətlə işlənmişdir.
“Sevgi və borc” hekayəsi lirik-dramatik fonda yazılmış, məncə, hər bir azərbaycanlının arzuladığı hadisənin bədii formada təsviridir. Sərhəd Qoşunları Akademiyasını bitirib leytenant rütbəsində ucqar sərhəd zastavalarından birinə xidmətə yollanan Osmanov orada öz sevgilisinə qovuşur. Əsərdə cinayətkar sərhəd pozucusu Kor Müseyibin tutulmasında məktəblilərin sərhədçilərə yaxından göstərdiyi kömək təsvir olunur. Məktəbliləri “Sərhədçinin dostu” döş nişanı ilə təltif etmək üçün kənd məktəbinə gələn leytenant Osmanov orda bir vaxtlar aşiq olduğu, lakin çatdırıb ürəyini aça bilmədiyi qızla – müəllimə ilə qarşılaşır. Həmin qız universitetdə təhsil alarkən bir neçə dəfə sərhədçi kursantlarla mövzy müzakirəsində, disputlarda qarşılaşmış, yüksək savadı, mədəniyyəti və davranışı ilə onların diqqətini cəlb etmişdir. Qısa ünsiyyət zamanı Osmanovla isti münasibəti yaransa da sonralar əlaqə saxlaya bilməmişlər. Osmanov sərhədçi mərhumiyyətindən aşiq olduğu qızı axtarmağa macal tapmamışdır. Yazıçı müxtəlif maraqlı təhkiyələr qurmuş, əsəri dolğun, sevimli formada işləyib oxucuların hüzuruna çıxartmışdır.
Bir sözlə, “Mücrü” nəşriyyatı tərəfindən 2023-cü ilin dekabr ayında çap olunan, bir-birindən maraqlı süjetləri ilə seçilən kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Məncə, məktəblilərin, sərhədçi ailələrinin, xüsusən də Sərhəd Qoşunları Akademiyasında təhsil alan kursant-müdavimlərin stolüstü kitabına çevriləcək gözəl bir kitabdır. Azərbaycan müstəqillik qazanandan ikinci belə bir kitab hazırlanmayıb.
Ədəbi tənqidin diqqətini çəkib-çəkməyib, dəyərləndirilib-dəyərləndirilməyib, deyə bilmərəm. Ancaq onu dəqiq bilirəm ki, Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” povest və hekayələr kitabı Azərbaycan sərhədlərini şanlı sərhədçilər qədər qoruyan kitabdır. Mən əmin olduğum kimi siz də əmin ola bilərsiniz.
Nəhayət, kitab ünvanına yetişdi. Bu toplunun ərsəyə gəlməsində ən çox əməyi olan ZƏNGƏZUR cəmiyyətinin sədri dəyərli ziyalı HACI NƏRİMANOĞLUna dərin təşəkkürümü bildirirəm. Toplu 44 günlük Vətən müharibəsində zəfərimizin beş illiyinə həsr olunub. Eyni zamanda bu il Zəngəzur cəmiyyətinin yaradılmasının 33 ili tamam olur. Hər ikisi əlamətdar hadisədir. Bu münasibətlə məxsusi olaraq zəngəzurluları təbrik edir, bütövlükdə cəmi azərbaycanlılara gözaydınlığı verirəm. 412 səhifəlik TOPLU “Fiyuzat” nəşriyyatı tərəfindən bu ilin iyun ayında çap olunub. Təqdimatı keçirilib və məhdud sayda çıxdığından əsasən ölkə kitabxanalarına paylanıb. Topluya Zəngilan, Qubadlı, Cəbrayıl, Qafan, Meğri, Gorus, Sisian, Laçın və Kəlbəcər də daxil olmaqla doqquz rayondan olan qələm əhlinin yazı nümunələri, Zəngəzur haqda vacib məlumatlar salınmışdır. Zəngilanlı qələm əhlindən aşağıda adları qeyd olunan imza sahiblərinin yazı nümunələri topluya daxil edilmişdir. Mahir Cavadlı, Pənah Azəri, Xosrov Natil, Asya Əhmədova, Salam Cavadlı, Lalə İsmayıl, Vaqif Qüdrət, Aysel Nəsirzadə, Sona Əli, Bərxudar Səlimoğlu, Ruslan Bəhmənoğlu, Səadət Salmanqızı, Elvin Əlizadə, Ceyran Qurbanova, Elşad Hacıyev, Həsən Orucoğlu, Adil Həsənoğlu, Azad Qaradərəli, Ayaz İmranoğlu, Zəhra Səfəralıqızı, Tarverdi Abbasov, Çərkəz Nəsirli, Vüsalə Cəfərova, Vahid Məhərrəmov, Şəcahan Gün, Əli bəy Azəri, Nəsiman Yaqublu, Bayram Məmmədov, Lətif Babayev… cəmi 29 nəfər… Kitabla M.F.Axundov adına Mərkəzi Kitabxanada və rayon kitabxanalarında tanış ola bilərsiniz.
Qaxdayam. Bölgələrə gedəndə ilk ziyarətim Şəhidlər Xiyabanı olur. Sonra kitabxana, ardınca da yerli mətbuat… Hər rayonun öz qəzeti var. Pis-yaxşı fəaliyyət göstəriblər. Əlbəttə ki, yerli icra orqanının köməkliyi ilə. Mən həmişə “İSMAYILLI XƏBƏRLƏRİ” qəzetini nümunə göstərmişəm. Rayon ərazisində yaşayan müxtəlif xalqların, azsaylı etniklərin də maraqları təmsil olunur. Qaxda da belədir. “Şəlalə” qəzeti gürcü dilində də məqalələr verir. Qəzetin son nömrəsi 2025-ci ilin iyul ayında çıxıb. Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə ərsəyə gəlib. Baş redaktor Qax ziyalılarına müraciət ünvanlayıb. Qəzetin fəaliyyətinin dayanacağı barədə həyəcan təbilini döyəcləyib. İndiyə kimi şəxsi vəsaitləri, təqaüdləri hesabına qəzetə abunə olaraq yaşadanların da siyahısını dərc edib. Son on ildən artıqdır ki, Qax turizm bölgəsinə çevrilib. Rayona gələn qonaqların ardı-arası kəsilmir. Otellərin, restoranların sayı bilinmir, yağışdan sonra artan göbələk kimi çoxalır. Gündəlik kirayə evlərin qiyməti əlli manatdan yuxarıdır. Nədənsə, qəzetə abunə olanlar siyahısında bircə nəfər də sahibkar, yaxud orta sahibkar yoxdur. Qəzetin son nömrələrini səhifələdim. Bircə tənqidi yazıya rast gəlmədim. Tənqidi yazısı olmayan qəzeti hansı sahibkar saya salar? Rayonun girişindəki “Gənclik” parkı bərbad gündədir. Bircə dənə salamat oturacaq yoxdur ki, turist oturub şəkil çəkdirə bilsin. Rayonda olan parkların ədəbxanalarına girmək mümkün deyil. İşıqları yanmır. Təbii ifrazat yerləri dolub, gələn turisti qapının ağzında qarşılayır. Şəhərin bir neçə yerində Yaşıllaşdırma idarəsi uğursuz budama əməliyyatı aparıb. Ondan çox ağac neçə ildir ki, quruyub, təhlükə mənbəyinə çevrilib. Onları çıxardıb yerində yenisini əkmirlər. Rayon mərkəzində fəaliyyət göstərən heç bir otel turistə ödəniş qəbzi vermir. Vergidən yayınma halları kütləvidir. Pullar hara axır? Bir sözlə, SOYĞUNÇULUQDUR! Belə olan halda rayon qəzeti fəaliyyətini davam etdirə bilərmi? Rəhmətlik Həsən bəy Zərdabi bir qəzeti yaşatmaq üçün çəkdiyi əziyyəti indi müstəqil mətbuat çəkir. 58 min əhalisi olan Qax rayonu bir qəzeti yaşada bilmir. “Şəlalə” qəzeti Medianın İnkişafı Agentliyində reyest qeydiyyatına alınmış qəzetdir.
“Xəzan” jurnalının iyun (2025) nömrəsi çapdan çıxıb. Bu barədə jurnalın redaksiyasından məlumat veriblər. 112 səhifəlik jurnal poeziya, nəsr nümunələri, publisistik məqalələrlə zəngindir. Jurnalın redaksiya heyəti şairlərdən Bəxtiyar Abbas İntizarı, Səadət Qəribi, Əzizə Ağahüseynqızını və Kəramət Əmirlini yubiley yaşları münasibətilə təbrik edib və jurnalın səhifələrində onların yaradıcılıqları barədə məxsusi məqalələr yerləşdirilib. Beləliklə, sizə təqdim olunan növbəti nömrənin yazı düzümü aşağıdakı kimidir:
1.Redaktor guşəsi -“Yatmağı, yeməyi… oxumamağı…”
2.Publisistika -Ramiz İSMAYIL – “İntizarlı şair” (Bəxtiyar Abbas İntizarın “Həsrət mələyi” şeirlər kitabı haqqında) -Qəzənfər MƏSİMOĞLU – “Oxucu hisslərinə doğma olan şeirlər” (Əzizə Ağahüseynqızının yaradıcılığına baxış) -Mehman GÖYTƏPƏLİ – “Yaşamağa, yaratmağa səsləyən poeziya” (Səadət Qəribin 55 yaşına poeziya təhlilli bir baxış) -Nəsib ABİD – “Hafiz Əlimərdanlının söz-sənət dünyası” -Ramiz İSMAYIL – “Sözünü deyən şair” (Əbülfəz Əhmədin “Sözüm var” şeirlər kitabı haqqında) -Mahir CAVADLI – “Yurda sinə dolu sözlə dönən şair” (Asya Əhmədovanın şeirləri barədə) -Əli BƏY AZƏRİ – “Yaradılışın dərki və poetik təsviri” (Çingiz Ərəblinin “Eşqnamə”si dərin fəlsəfi yüklü bir əsər kimi) -Sehran MƏMMƏDOV, Zəminə RƏSULOVA – “Dadanovlar mülkü”
3.Poeziya -Zeynəb CƏMALƏDDİN – “Olacaqsan”, “Çıxdı”, “Divani”, “Nərgiz”, “Reallıq”, “Təsəlli”, “İşıq olardı”, “Yıxmasın”, “Adamlara”, “Sən demə”, “Şahanəm, Şahanəm, mənim Şahanəm” (şeirlər) -Qafar QƏRİB – “Bu, mənəm”, “Xitabət”, “Söz necə yaranır?”, “Kaş ki…”, “Xoşbəxtlik və bədbəxtlik”, “Payız”, “Qar yağır”, “Faciə”, “Həsrətimdən saralan qız”, “Gecikən sevgi”, “Ömrüm boyu var olan eşq”, “Unuda bilmirəm”, “Bu qız elə şeirdir”, “Məzarlıqda düşüncələr”, “Ürəyimi pay qoyacam”, “Kəpənək”, “Dünya üçbucağıymış”, “Öz səbrimi yoxlayıram” (şeirlər) -Bəxtiyar ABBAS İNTİZAR – “Şairlərin”, “Bilmirəm”, “Dinim”, “Kişi şeiri”, “Yox, yox”, “Vətən şeiri”, “Gecəyarısı şeiri”, “Cavab yox”, “Sübh duası”, “Oğurluq şeir”, “Gəlir”, “Məhkum şeirə”, “Çatışmır”, “Çıxmışam”, “Olmadım”, “İmdad şeir”, “Peşiman”, “Edim”, “İnciyərəm”, “Yetim şeiri”, “Bəs eləməz”, “Gərək”, “Qərib şeir”, “İsmarıc”, “Olmamışdı”, “Kasıb”, “Final”, “Qanlı şeir”, “Yoxdu”, “Mənə qalıbdı”, “Qayıdacaq”, “Dünyada”, “Təsadüfən” (şeirlər) -Əzizə AĞAHÜSEYNQIZI – “Zoğal ağacına söylədiklərim”, “Bir qış axşamının xatirələri”, “Sənə”, “Bişirmişəm”, “Gecənin harayı”, “Payızın ilk yağışı”, “Yarpaqlar”, “Əgər qaytarsaydım vaxtı geriyə”, “Sözə gəldim”, “Oğluma məktub”, “Bir misra söz”, “Yurduma bahar gəlir”, “Dəniz düşüncələrim” (şeirlər) -Səadət QƏRİB – “Gözəl deyilmiş”, “Qocalmaz sevilən qızlar”, “Gəl, qurtar hicranın əlindən məni”, “Yaşamaq çətin”, “Axtarıram yerdə mən “göy üzünü””, “Ağlayan xatirələr”, “Oğlumun işi çox”, “Yalan dünyada”, “Yanıqlı bir bayatıyam”, “Sən”, “Mən də insanam”, “Bilmirəm”, “Barışmalıyam” (şeirlər) -Hafiz ƏLİMƏRDANLI – “Rübailər, Qəzəllər” -Arzu KAZIMQIZI NEHRƏMLİ – “Hər səhər dərdimlə salamlaşırıq”, “Gəlmişəm”, “İçində kişilik haqqı üşüyür”, “Düşən axşamı görmüşəm”, “Cənazəm kəfən dağıdır”, “Havadan ayrılıq qoxusu gəlir”, “Tələsirəm”, “Günlər”, “Minillikdir ürəyim”, “Yuxularım çin olur”, “Doymuşam” (şeirlər) -Maria ZƏRDABİ – “Qurbanam”, “Naməlum əsgər”, “Ana Kürüm”, “Müqəddəs arzum”, “Sevə bilmirəm”, “Oğlum”, “Rəssam, elə çək ki”, “Şeir”, “İstərəm”, “Xəyala çevrilən həyat”, “Cazibə”, “Yadlar doğmalaşar” (şeirlər) -Lütviyyə ƏSGƏRZADƏ – “Üçlüklər” (şeirlər) -Əbülfəz ƏHMƏD – “Münacat” (nəzmə çəkilmiş müraciət) -Minarə İSGƏNDƏR – “Burda”, “Bezirlər axı”, “Kim bilir nələr çəkirəm?”, “Hardasa, kim isə gözləyir məni”, “Məni gözəl xatırla”, “Doldu gözlərim”, “Sevdim”, “Xatırladım”, “Xəyala dalıb”, “…ən gözəl şeirmdi mənim”, “Dünya mənsiz qalanda” (şeirlər) -Gülüzə MƏMMƏDOVA – “Könlümdən yazmaq keçir”, “Dağları gətir”, “Azərbaycanım”, “Qəlbimin sahibisən sən”, “Sənsiz boynubükük bir bənövşəyəm”, “Qar sevinci”, “Ürəyim”, “Pəncərəmdə bitən quşlar”, “Bir hiss gözləyir məni”, “Qayıt” (şeirlər) -Səringül SADƏ – “Ana”, “Eşq”, “Baxın”, “Mübariz”, “Bu gecə”, “Mən bir ömür yaşadım”, “Allah eşqi”, “Dünyanın qonağıyam”, “Söz”, “Deyim dünya bizimdi”, “Demərəm” (şeirlər) -Ələsgər TALIBOĞLU – “Ay ata ocağı, ata ocağı”, “Bu qızın”, “İzin ver başına dolanım sənin”, “Qoyma coşqun sönə, dağlar”, “Dərə qalsın aramızda”, “Bu nə səfil ömürdür ki”, “Umudum qara kölgə”, “Həyan gəlsin”, “Səbrimin dağarcığı”, “Bir ilim də” (şeirlər) -Şərqiyyə BALACANLI – “Yaxşı ki, Vətən var”, “Babalardan qalan miras”, “Azərbaycan”, “Ana”, “Ana yol gözləyir”, “Şikayətim var”, “İl boyu döyüşdə”, “Oğullar oyaqdır”, “Şükür sənə, ulu Tanrım”, “Var ol, ey təmiz insan”, “Həyatı sevirəm mən”, “Şeir – sahilsiz ümman”, “Vətən nə gözəl olmuş”, “Anaların harayı”, “Belə qalmaz”, “Gəlin”, “Pəri”, “Olmaz”, “Sevirik təbiəti”, “Zəfər bizimlədir”, “Göyçə gölü”, “Yurduma yaz gəlir”, “Əsl insan” (şeirlər) -Xəlil TAHİRBƏYLİ – “Kəndimiz”, “Tamahkar”, “Yadıma sən düşürsən”, “Bilmədim ki, bircə nədir günahım” (şeirlər) -Savaş SARIQAYA – “Bizimdir”, “Üstünə düşdü”, “İnsanlıq ölüyor”, “Yeni bir dünya düzəni gərək”, “Umutsuz yaşanırmı, a gülüm?”, “Mən də gəlirəm” (şeirlər)
Əli bəy Azərinin yeni romanı çapdan çıxıb. “Şərq-Qərb” poliqrafiya müəssisəsi tərəfindən hazırlanan əsər 272 səhifədir. Roman hərb mövzulu əsərlər seriyasına daxildir. Sovet ordusunda xidmət zamanı aralarında yaranmış münasibət dostluğa çevrilən erməni və azərbaycanlı zabitin sonralar Zəngəzur cəbhəsində qarşılaşması əsərin əsas süjet xəttini təşkil edir.
Kitabı şəhərimizin kitab mağazalarından və ya müəllifin özündən almaq olar.
8 yanvar 2025-ci il tarixində Bakı şəhəri Məmməd Rahim küçəsində yerləşən “Novella” kitab evində tanınmış yazıçı Nigar Səttarzadənin “Axıdılmış qanın izi ilə” kitabı müzakirə olunub. Müzakirədə yazıçı – tənqidci “Ədəbi ovqat” jurnalının baş redaktoru Vaqif Osmanov, folklor institutunun əməkdaşı yazıçı – şair Mahir Cavadlı, “Xəzan” jurnalının baş redaktoru, yazıçı – publisist Əli bəy Azəri, “Yazarlar” jurnalının baş redaktoru şair – publisist Zaur Ustac və “Novella” kitab evinin rəhbəri Səbinə xanım iştirak ediblər. Qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib.
Nigar xanım öz minnətdarlığını belə ifadə edib: “Bu gün çox dəyərli ədəbiyyat ustadları ilə Zaur bəyin vasitəsi ilə görüşümüz baş tutdu. “Novella” kitab evində baş tutan görüşdə Əli bəy Azəri, Mahir Cavadlı, Vaqif Osmanlı bəylə ünsiyyətdə olmaq imkanı əldə etmiş oldum. Mənimlə təcrübələrinizi bölüşdüyünüz üçün minnətdaram.
Bütün səmimiyyəti ilə qulluğumuzda duran “Novella” kitab evinin əməkdaşı dəyərli Səbinə xanıma da xüsusi təşəkkür edirəm.
Eyni zamanda bu gün, Zaur bəyin doğum günüdür. Sizi ürəkdən təbrik edir və daim uğurlar arzu edirəm.”
“YAZARLAR” kollektivi adından Nigar xanımı təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq!
Mənim Vətənim paytaxtı Bakı, mərkəzi şəhərləri Gəncə, Naxçıvan, Lənkəran, Bərdə, Şəki, Sumqayıt, Mingəçevir, Şirvan olan, başı min illər boyu müsibətlər çəkmiş Azərbaycandır.
Dilim Azərbaycan dilidir.
Milliyyətim Azərbaycandır.
Üçrəngli bayrağım möhtəşəmdir.
Gerbim əvəzsizdir.
Himnim ana laylası kimi həzindir, məlhəmdir, eyni zamanda bir qəhrəman nərəsidir, sərvaxtlığa çağırışdır.
Böyük əksəriyyət tərəfindən qəbul edilən hər iki lider – Məmmədəmin Rəsulzadə və Heydər Əliyev də bu böyük və qədim tarixə malik olan milliyyətin adının məhz Azərbaycan olduğunu vurğulamışlar. Əsas qanunumuz olan Konstitusiyada da belə yazılıb. Konstitusiya isə alimlərin araşdırması, parlamentarilərin layihəsi əsasında hazırlanıb, ümummilli səsvermə nəticəsində qəbul olunub.
Mənim vətənimdə çoxsaylı etniklər və kiçik xalqlar yaşayır. Azərbaycan hamımızın vətənidir. Bizim gücümüz Azərbaycanı özümüzə hamılıqla doğma sayaraq hədsiz sevməyimizdədir. Bu sevgini heç kim, heç bir qüvvə qəlbimizdən çıxara bilməz.
Azərbaycan altı min illik tarixə malik qədim bir millətdir. Əcdadı Azərbaycan olan bir çox xalqlar inkişaf edərək millətə çevrilmiş özlərinə dövlət (ustad Şirməmməd Hüseynova rəğmən) qurmuşlar. Azərbaycanlar onları da özlərinə doğma sayır, mədəni əlaqələrini daim inkişaf etdirirlər.
Bu gün coğrafi bölgülərə görə Dərbənd, Təbriz, Borçalı, Kərkük və bölgələr başqa dövlətlərin tərkibindədirlər. Texniki vasitələr hesabına onlarla yaradılmış mədəni əlaqələr də öz doğmalığını büruzə verir. Eyni zamanda dünyanın müxtəlif bölgəsinə səpələnmiş həmvətənlərimiz doğma yurdda yaşayan qohumları, dostları ilə həmişə əlaqə saxlayırlar.
Əziz Azərbaycan və Azərbaycanlılar! Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni – 2025-ci ilin gəlməsi münasibətilə səmimi qəlbdən təbrik edir, doğmam kimi bağrıma basır, sülh şəraitində xoş və firavan həyat, işlərinizdə uğur və nailiyyətlər arzulayıram.
“Xəzan” jurnalının növbəti dekabr (2024) sayı çapdan çıxıb. Bu barədə jurnalın redaksiyasından məlumat ötürülüb.
XƏZAN JURNALININ DEKABR – 2024 № 63-CÜ SAYI (DEKABR 2024/9/63) – ZAUR USTAC – 50 PDF: XƏZAN JURNALI – 63
96 səhifədən ibarət olan jurnal poeziya, nəsr və publisistik məqalələrlə zəngindir. Sayca 63-cü nömrədir, bu il jurnalın 9 nömrəsi çapdan çıxıb. Redaksiya heyəti Zaur Ustacı yubiley – 50, Əbülfət Mədətoğlunu 65 yaşının tamam olması münasibətilə təbrik edir, onlar haqqında məqalələr və şairlərin yaradıcılığından bədii nümunələr təqdim edir. Jurnalın yeni sayı 2024-cü il üzrə sonuncu olduğundan sonda il ərzində çap olunmuş materialların siyahısı təqdim olunur. Buyurun, sevə-sevə oxuyun!
Jurnalın bu sayında YAZI DÜZÜMÜ aşağıdakı kimidir:
2.Publisistika -Vaqif İSAQOĞLU – ““Sevgi dolu şeirlər”in işığında” (Zaur Ustac yaradıcılığına bir nəzər) -Ramiz İSMAYIL – “İki sual, iki cavab” (Əbülfət Mədətoğlunun 65 yaşına) -Məhərrəm CƏFƏRLİ, Rafiq BABAYEV – “Mənəvi həqiqətlər poeziyası” (“Gül əldə, tikan dildə” obrazlı Zeynalabdin Novruzoğlu yaradıcılığı) -Asya ƏHMƏDOVA – “Bir yol gedir bizim kəndə” (Ayaz İmranoğlunun “Komutan” romanı ilə baş-başa) -Əli BƏY AZƏRİ – “Kimyaçı alimin poetik dünyası” (Hafiz Əlimərdanlının “Ötər illər qatar-qatar” şeirlər toplusunda düşündürücü detallar) -Səriyyə ABİDOVA – “Qubada 118-ci il soyqırımına şahid olan etnik qrupların ifadələri” -Tacir SƏMİMİ – “Bizə yaraşan zəfər” (Mahir Cavadlının “Zəfər bizə yaraşır” adlı yeni şeirlər kitabı haqqında düşüncələrim) -Mahir CAVADLI – “Yarımçıq qalmış sevgi dastanı, və ya şəhid ucalığının səhnə təcəssümü” -Əbülfət MƏDƏTOĞLU – “Mən sənə sözümü dedim, ay ölüm” (Ramiz İsmayıl yaradıcılığından) -Zemfira MƏHƏRRƏMLİ – “Ovunmayan həsrət” (Azadə Novruzovanın yaradıcılığı barədə mülahizələrim)
“KÖHNƏ İL HARA GEDİR?” – Əli bəy Azərinin yeni kitabı belə adlanır
Bu gün Əli bəy Azərinin yeni kitabı çapdan çıxıb. On bir hekayə daxil edilmiş kitab hekayələrdən birinin adı ilə “Köhnə il hara gedir?” adlanır. 100 səhifəlik kitab Mədəniyyət nazirliyinin nəzdində fəaliyyət göstərən “Gənclik” nəşriyyatı tərəfindən çapa hazırlanıb. Kitabın redaktoru kiçik həcmli romanlar müəllifi kimi tanınan Ayaz İmranoğludur.