
İnsan necə gedirsə, elə də düşünür
Bu il at üstündə təhvil oldu.
At mədəniyyətdə sürətin, məsafənin və məsuliyyətin başlanğıcı oldu. Ata qədərki mədəniyyətlə atdan sonrakı mədəniyyət arasında kəsilən xətt də məhz buradan keçir.
Tarixə nəzər salsaq görərik ki, ata qədərki dövr daha yavaşdır. İnsan torpağa yaxın, səbrlə yaşamağa alışıq, məsafəni ayaqları ilə ölçən varlıq idi. Əslində o vaxt insanın düşüncəsi də yol kimi idi: uzun, dolama, tələsməyən.
Nəzərə alsaq ki, yol yalnız gedilən məkan deyil, həm də zaman ölçüsüdür, bunu daha aydın görürük.
Atdan istifadə fikri, xəbəri, o xəbərə verilən reaksiyanı sürətləndirdi. Dövlət qurmaq, hökm vermək, müharibəyə başlamaq… bunların hamısı düşüncənin sürəti ilə bağlı idi.
Ata qədər insan “yerə bağlı” düşünürdü. Torpaq kimi ağır, dərin, səbrli idi. Xəbər gec çatırdı, qərar gec verilirdi, müharibə də, sülh də insan öz nəfəsinin – öz hərəkətinin sürətində baş verirdi. Ata qədərki mədəniyyət gözləməyi bacarırdı, vaxtla mübahisə etmirdi.
At isə hər şeyi dəyişdi. İnsan ilk dəfə məsafəni ram etdi. Zaman qısaldı, dünya böyüdü. Atla birlikdə sürət düşüncəyə keçdi. Fatehlər, elçilər, şairlər, xəbərlər – hamısı at belində yayıldı. Dövlət anlayışı atın yerişi ilə ölçüldü, imperiyalar nal səsinin ritmində quruldu.
At mədəniyyəti güc metaforasıdır, eyni zamanda azadlıq idi. Çünki at üstündə olan insan həm yerdən yuxarıdadır, həm də artıq yolun içindədir.
Atdan sonrakı mədəniyyət isə paradoksaldır. Sürət daha da artdıqca insan yerə endi. Çünki maşın, qatar, təyyarə və s. atın davamı kimi görünsə də, onun ruhunu daşımır. İnsan artıq özü hərəkət etmir, daşınır. Yəni, o dayanır, onu aparırlar. Yol təcrübə olmur, aralıq olur. Məsafə qısaldıqca yaddaş seyrəlir. Atın insana keçən canlılığı, nəfəsi, qorxusu, tərbiyəsi itir. Mexanika gəlir, münasibət, təmas gedir.
At metaforası burada daha da dərinləşir. At instinktlə ağlın ortaq nöqtəsidir. Atı ram etmək onun üzərində hökmranlıq etmək deyil, onunla anlaşmaqdır. At sahibini tanıyır, qorxusunu hiss edir, tərəddüdü ona bağışlamır. Buna görə at mədəniyyəti məsuliyyət mədəniyyətidir.
Deyirlər, at üstündə yalan danışmaq çətindir, at səni ya sona aparar, ya da üstündən atar.
Bu il at üstündə təhvil oldu deyəndə, insanın özünə qayıdışı nəzərdə tutulur. Texnologiyanın, süni sürətin içində itirilmiş tarazlıq yenidən xatırlanır.
At nə keçmişdir, nə də nostaljidir, o, bizim mədəni yaddaşımızdır. O, insanın sürətə minməzdən əvvəl özünü tanıdığı andır. At insana xatırladır ki, hər sürət tərəqqi olmadığı kimi, hər yavaşlıq da gerilik sayılmır. Yavaşlıq bir az da özünədönməkdir, özündəqalmaqdır. At bunu bilirdi. İnsan isə sürət əsrində bunu unutmuşdu. İndi yenidən öyrənməyə başlayıb.
Arzu edək ki, bu il – “alov rəngli at” bizi daha tez aparmasın, səbrlə, sevgi ilə daha doğru, daha düzgün hədəfə aparsın. Amin.
01.01.2026
Müəllif: Ailə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru







