Etiket arxivi: ANALAR

Adilə Nəzər – Anamın hekayəsi

ANAMIN HEKAYƏSİ
(Allah rəhmət eləsin! Ruhun şad olsun, Anam!)

Uşaqlıq xatirələrindən söhbət düşəndə ilk növbədə anam gəlir ağlıma. Sevgisi, qayğıkeşliyi, zəhmətkeşliyi, fədakarlığı ilə… Sonuncu məziyyətinin üstündə dayanmaq istəyirəm – hekayəni onun fədakarlığından yazmaq istəyirəm.
Naxçıvan kəskin kontinental iqlimi ilə seçilir, – qışı sərt soyuq, yayı çox isti keçir. Yenə qış fəsli – fevral ayının qarlı-şaxtalı qış gecələrindən biri idi. Bizim yaşadığımız kənd şəhərdən xeyli aralıda yerləşir. O vaxt kəndlərdə təbii qaz olmadığı üçün həyat şərtləri də daha ağır idi. Evlərdə otaqların hamısını isitmək mümkün olmurdu, bəzən bütün ailə bir otaqda yatmalı olurduq. Belə gecələrdən birində baş verən və ailənin həyatını dəyişən bir hadisə oldu.
Sübh çağına az qalmış hamımız səhərin şirin yuxusundan hövlnak oyandıq. Atam yuxuda ufuldayırdı, zarıyırdı. Sonra birdən səsi kəsildi və başı qeyri-ixtiyarı düşdü…
Anam və biz ağlamağa, atamı oyatmağa çalışsaq da atam bizi duymurdu. Səs-küyə qonşular gəldi, sonra kənd camaatı yığışdı. Bizim evdən bir məhəllə yuxarıda yaşayan həkim qohumumuz gəldi. Atamın nəbzini tutdu, göz qapaqlarını aralayıb baxdı, sonra astadan dedi:

-İnsult keçirib, komadadır, yaşayıb-yaşamayacağı Allaha qalıb.
Rayon mərkəzindən təcili yardım maşını gəldi, atamı şəhərə – Naxçıvan mərkəzi xəstəxanasına aparmaq üçün xərəyə uzadıb maşına qoydular. Anam da atamın yanında oturdu və maşın yola düşdü.
Mən və bacı qardaşlarım maşının arxasınca baxa-baxa qaldıq, gözlərimizdəki yaş soyuqdanmı, ya heyrətdənmi donmuşdu – demək çətin idi.
İki gün sonra anam evə qayıtdı, atamın vəziyyətinin eyni olduğunu söylədi. Qaranlıq bir otaqda həkimlərin nəzarəti altında qırx günə qədər gözləmək lazım olduğunu dedi.
Hər iki gündən bir anam, hamımız atamı görək deyə, birimizi yanına alıb iki saatlıq yolu xəstəxanaya gedib qayıdırdı. Qışda hava tez qaraldığından biz gedib gələnədək axşam olurdu. Hər axşam anamın göz yaşlarının axdığını görürdüm, onun çarəsiz halı bizim boynumuzu bənovşəyə döndərmişdi.
Beləcə 27 gün keçdi, atamın halında heç bir dəyişiklik yox idi. Həmin gün anamla mən atama baş çəkməyə getmişdik. Yol boyu anam heç fikirdən ayrılmırdı, gözünün yaşı qurumurdu, çox solmuşdu gözəl anam…
Yol boyu düşünürdüm ki, onsuz da bizi atamın yatdığı qaranlıq otağa buraxmayacaqlar, yenə qapı ağzından bir neçə dəqiqə baxıb qayıdacağıq.
Xəstəxanaya çatdıq. Avtobus dayanacağından xəstəxanaya çatanadək soyuq iliyimizə işləmişdi. Ancaq anam bunun fərqində deyildi, titrəyərək qapıda duran şəfqət bacısından xahiş etdi ki, onu içəri buraxsın. Qadın anamı gözüyaşlı görüb yazığı gəldi, icazə verdi, tapşırdı ki, tez çıxsın və xəstənin yanında heç səsini çıxarmasın. Anam razılaşıb içəri keçdi, mən astanada dayandım. Qapının azca aralı hissəsindən atamı da, anamı da görürdüm. Anam atama yaxınlaşıb ona diqqətlə baxdı, barmaqlarının ucu ilə üzünü oxşadı, sonra nə isə pıçıldaya-pıçıldaya çarpayısının dövrəsində dolanmağa başladı. Mən gözlərimi anamdan çəkmirdim və maraqla baxırdım ki, görəsən anam niyə belə edir?…
Nəhayət anam gözləri qızarmış halda çıxdı, əlimdən tutdu, biz səssizcə çıxışa tərəf getdik. Tutulmuşdum, anamın atamın dövrəsində dolanaraq pıçıldadıqlarının bir dua olduğunu bilirdim…
Evə çatanda qonşu qadınların və yaxın qohumların adəti üzrə bizdə olduqlarını gördük. Hər gün bir neçəsi atamın halını xəbər almaq üçün gəlirdilər. Anam elə bil evə girməyə bənd imiş kimi hönkürməyə başladı:

-Bu gün başına dolandım, bu gün özümü qurban dedim… Bir də dedim ki, mən bu körpələri təkbaşıma böyüdə bilmərəm, sən sağal, gəl, balalarına sahib çıx, mən sənin yerinə gedərəm…
Bir yaşlı qadın anama acıqlandı, (o anamın xalası idi) niyə belə elədin – deyib anamı qucaqladı, için-için ağlamağa başladı. Hamı ağlayırdı, amma, biri üç, biri beş yaşlı qardaşlarım və hələ hadisələri anlamayan yaş yarımlıq bacım isə niyə ağladıqlarını bilmirdilər.
Gələnlər dağılışıb getdilər. Anam süfrə açdı, yeməkdən sonra dərslərimizi hazırlamağa başladıq.
İki gün sonra adəti üzrə anam yenə yola düzəldi, axşamüstü geri dönəndə üzü gülürdü. Hamımız onun başına toplaşdıq, sual dolu baxışlarımızı üzünə zillədik. Anam sevincək halda:
Atanız o gün bizdən sonra hərəkət edib, dünən gözlərini açıb, həkimlər nə deyirsə reaksiya verir, amma hələ ki, danışmır. Həkimlər deyir ki, tezliklə danışacaq.
Biz çox sevinirdik. O gecə anam bizim dərs oxuyub oxumadığımızla belə maraqlanmadı…
Günlər keçdi, artıq atam danışırdı, yeyirdi, içirdi. Həkimlər 1 həftə sonra evə buraxılacağını demişdilər. Anamın dediyinə görə atam həkimlərə o gecə qorxulu yuxu gördüyünü və o yuxunun təsirindən belə olduğunu demişdi. Sonralar bizə də ətraflı danışdı gördüyü yuxunu…
Anam isə o vaxtdan atama baş çəkməyə gedə bilmədi… Yorğun idi, dediyinə görə əlləri, ayaqları ağrıyırdı.
Atam evə döndü, bütün kənd camaatı dəstə-dəstə bizə axışırdı. Bir neçə gün gələnlərin ardı-arası kəsilmədi.
Atam artıq tam sağalmışdı, işə gedirdi. Anamın ağrıları getdikcə artırdı, elə hey sızıldayırdı. Evin içində gəzə bilirdi, həyətə çıxa bilmirdi. Atam anamı həkimə aparmışdı, revmatizm xəstəliyi olduğunu demişdilər. Ancaq dərmanların heç bir xeyri yox idi. Bir neçə gün sonra anam yatağa düşdü. Atam onu başqa şəhərlərə – Bakıya, Sumqayıta, İrəvana aparırdı, dəyişik həkimlərə müayinə etdirirdi, ancaq təyin olunan müalicələrdən sonra anam daha da ağırlaşırdı.
Bu arada biz də böyüyürdük, amma necə?… Evin bütün qayğısı öz üzərimizə düşmüşdü, üstəlik anama baxmaq, onun ehtiyaclarını ödəmək… – axı o, ağır yataq xəstəsi idi…
Novruz bayramı yaxınlaşırdı, havalar isinir, torpaq oyanırdı. Anam bu müddət ərzində bir dəfə də olsun, xəstəliyindən şikayət etməmişdi. Atamdan da narazı deyildi. Hərdən atam, maddi gücüm çatsaydı səni xaricə, daha güclü həkimə aparardım – dedikdə, anam, sən əlindən gələn hər şeyi etdin, bu Allahın yazısıdır – deyirdi.
Mart ayının 3-ü idi, o gün anamın ağrılarının, əzabların son günü idi. O yağışlı yaz günü eyni zamanda bir ailənin yetimliyi, səkkiz övladın anasızlığı, bir ərin yarsızlığı… və bir də daha sonralar yazılacaq şeirlərimin kədərli mövzusu olacaqdı…
Bu da bir türk qadınının ərinə qarşı göstərdiyi fədakarlığı, bu da bir ana ürəyi…

Müəllif: Adilə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

ADİLƏ NƏZƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


MAHİRƏ NAĞIQIZI – ANA HAQQINDA ŞEİRLƏR

Onun daş nağılı

Atamnan yanaşı daş qaldırardı,
Deyərdi bu daşlar ocaq daşıdı.
Bezmədi, qəlbində nə gücü vardı,
Anam sinəsində ocaq daşıdı.

Bir dəfə taledən gileylənmədi,
Tapdı ocağında, bizdə varlığı.
Yoxluğa sınmadı, yoxa enmədi,
Onu qorxutmadı daş ağırlığı.

Xəbərim olmayıb süd əmməyimdən,
Bəlkə döşləri də daşıymış onun.
Əlini başıma çəkdiyi gündən,
Duydum əllərinin daş olduğunu.

O, daş əllərinnən durub o başdan,
Çöllərdə yavanlıq nə tapsa dərdi.
Bəlkə əllərinin daş olmağından
Utandı, özünə sığal vermədi.

Çörək bişirərdi, paltar yuyardı,
Corab toxuyardı o daş əlinnən.
Elə bil nə yatar, nə uyuyardı,
Beləcə yol gəldi gəlinniyinnən.

Qonşu qonşusunun varına deyil,
Halal peşəsinə küsənər- dedi.
Yalandı, haramdı düşmən, onu bil,
Yalana, harama uymaz ər- dedi.

Dərdini deyəndə qımqımasıynan,
Gözündən bir dəfə yaş asılmadı.
Daşıdı daşları ağırlığıynan,
Amma ürəyindən daş asılmadı.

Atamnan yanaşı daş qaldırardı,
Bilirdi o daşlar ocaq daşıdı.
Bir dəfə yoruldum, bezdim- demədi,
Anam sinəsində ocaq daşıdı.

22.10.17. İlisu

Nazlı, sən!

Nazlı-nazlı baxışına heyranam
Heyranam ki, doğulandan nazlısan.
Hər sözünə, dürr sözünə vurğunam,
Bəxtəvərəm, anam oldun, Nazlı, sən!

Doğulandan ruhun oldu beşiyim,
Abrın oldu, həyan oldu keşiyim.
Halallığa ocaq, evim-eşiyim,
Sabahıma inam oldun, Nazlı, sən.

Hara getsək, hardan gəlsək yuva – sən,
Nəsil-nəsil gələnlərə yuvasan.
Güclülərin güc aldığı havasan,
Gücsüzlərə güman oldun, Nazlı, sən!

Ağam olub evimizin yarağı,
Əllərinlə yandı onun çırağı.
Oğlu, qızı, on bir oğul-uşağı,
İsitməkçün yanan oldun, Nazlı, sən.

Hamımızın anasısan duymadım,
Özüm sevdim, başqalara qıymadım.
Mahirəyəm, baxmağınan doymadım,
Nazla baxan sonam oldun, Nazlı, sən!

Borcumu

Keçən ömrün hər anını sanıram,
Çətin verəm, ana, sənə borcumu.
Borclu qalmaq kösöyündə yanıram,
Anlayıb da gündən-günə borcumu.

Dil açanda ilkin sözüm sən oldun,
Ayaq açdım, üz tutduğum yön oldun.
Sevincimdə, kədərimdə tən oldun,
Bunlar vurdu biri minə borcumu.

Bircə dəfə baş qoymağım dizinə,
Dəyərmiş bu Yer üzünün özünə.
Qulaq verib söhbətinə-sözünə,
Xatırladım dönə-dönə borcumu.

Bu dünyanın nə dövləti, nə malı,
Kömək etməz dəyişməyə əhvalı.
Bir söz deyim dədə-baba misalı,
Qoruyacam, bil, dəfinə borcumu.

Bu nə düzən, zamanada nə qayda,
Ömür gəlir keçir hayda-harayda.
Şair oldum, alim oldum, nə fayda,
Verəmmədim sənə yenə borcumu.

Anlayaqmı, ya dünyada çaş qalaq,
Keçib gəldin yollarında daş-qalaq.
Bilirəm ki, eyləyəcək daşqalaq,
Dönsün görüm ləlöyünə borcumu.

Sevib məni oxşamaqdan doymadın,
Göydə oldu, əlin yerə qoymadın.
Bircə dəfə Mahirəyə qıymadın,
Götür apar, bas sinənə borcumu.

03.03. 2024-cü il.

Novxanı.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ana – Peşiman həyatım

Peşiman həyatım

Ey peşiman ürəyim,peşiman həyatım,

Ey misgin qəlbim,dolu ürəyim,

Sanki həyatdan,həzz almadım mən

Tanrım belə yazdı bəxtimə mənim

Baxıb tay-tuşuma peşiman qal dedi

Yalvardım tanrıma,yalvardım ona

Yalvardım göylərə,yalvardım oda

Torpağa yalvardım,suya yalvardım,

Yenə mən arzuma çata bilmədim

Arzum ürəyimdə,atam məhv oldu

Yoldaşım önümdə peşiman durdu

Anam gözlərimdən ilanlar qovdu

GöZlərim nəmlənir söz dinləyəndə

Niyə tanrım belə yazdı bəxtimə

8 il ötübdü gənc çağlarımdan

Ana arzusuyla yaşayıram mən

Hamı övladını dərsə yollayır,

Mənimsə ürəyim od tutub yanır

Qəfəsdə bağlı bir quş kimiyəm mən

Ötür saatlarım,ötür anlarım

Ey peşiman ürəyim,peşiman həyatım

Kaş indi çatardım arzularıma,

Atam da məzarda rahat uyardı

Qaynatam quş olub qanadlanardı

Çünki tənha oğlu tək qalmayaydı

Müəllif: ANA

ANA HAQQINDA 

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TUNCAY ŞƏHRİLİ. ANA ŞEİRİ.

TUNCAY ŞƏHRİLİNİN KİTABI

ANA
(Anamın ad günü münasibəti ilə)
Qayğımıza qalan, anadır, ana.
Varmı bu dünyada, anadan əziz?!
Dünyanın bəzəyi, anadır, ana.
Ananın özüdür, anadan əziz…
***
Harda bir bala var, orda ana var,
Analar olmasa, bala da olmaz!
Dünyanı sözüylə bəzər analar,
Analar olmasa, dünya da olmaz!!!
27.10.2018.

Müəllif: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Hüseyn Arif. Analar.

HÜSEYN ARİF

Müəllif: Hüseyn Arif (1924 – 1992)

Analar

Elə ki, balalar gəlir dünyaya,

O gündən hey ölçüb, biçir analar.

Mahnı da oxuyur, şeir də deyir

Bəstəkar analar, şair analar.

***

Dözür hər əzaba o bilə-bilə,

Yaşayır, sirrini salmadan dilə.

Vaxt olur, qaldırıb ağını belə

Şərbət əvəzinə içir analar.

***

Unudub illərin yorğunluğunu,

Həyatda dincliyi, evdə yuxunu,

Sevincin azını, qəmin çoxunu,

Yükün ağırını seçir analar.

***

Alnında zamanın açdığı qırış,

Başına qar tökür, qar ələyir qış.

Odun istisindən aralanmamış,

Suyun soyuğundan keçir analar.

***

Özüm də bilmirəm, Hüseyn, niyə

Başımın tüstüsü çəkilir göyə?

Torpaqmı anasız qalmasın deyə,

Torpağın qoynuna köçür analar?

HÜSEYN ARİFİN YAZILARI

Qeyd:

ustac.az dan yeni “Ana şeirləri” layihəsi N:003 #ana_şeirləri

USTAC.AZ

WWW.YAZARLAR.AZWWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru