Şair Rafiq Yusifoğlu 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində dünyaya gəlib. 1966-cı ildə orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. 1966-1970-ci illərdə təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində davam etdirib. Sonra bir müddət Sumqayıt şəhərində müəllim işləyib. Eyni zamanda Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.
1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur.
Şairin uşaq ədəbiyyatının inkişafında xüsusi fəaliyyəti var. 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlayan şair, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış edir. Son illər bədii tərcümə ilə də məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə edib. Bununla yanaşı öz əsərləri də bir sıra dillərə tərcümə olunub, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib və dəfələrlə nümayiş etdirilib.
Bu gün, yanvarın 2-də Rafiq Yusifoğlunun 73 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
Havalar sərt keçirdi. Küləkli qış havası ona həmişə pis təsir edirdi. Səhərlər yerindən durmaq üçün əziyyət çəkir, oynaqlarındakı ağrılar günü-gündən artırdı. Hiss edirdi ki, yavaş-yavaş qocalıq qapını döyərək ona xəbərdarlıq edir. Təklik hələ tənhalıq deyil, deyirlər, lakin son günlər o, daha çox tənhalıqdan əziyyət çəkirdi.
30 ildən çox bir yerdə yaşadığı həyat yoldaşı öləndə nisbətən cavan idi. Yeganə qızı da hələ ailləli deyildi. Qohum əqraba ona təkidlə ikinci dəfə evlənməyi təklif etsə də, o, bu haqda düşünmürdü. Qızı ailə qurub ondan ayrıldıqdan sonra isə daha çox darıxırdı. Artıq son illər tək yaşayırdı. Gündüzlər başı işdə qarışsa da, axşamlar darıxdırıcı, gecələr isə çox uzun olurdu. İşıqlar sönən kimi ya keçmiş xatirələr, ya da bundan sonra necə yaşayacağı haqda fikirlər onu rahat buraxmırdı. “Bəlkə qohumlar haqlı idi? İndi yanımda bir həyan olardı…” – deyə düşündüyü vaxtlar da olurdu. Beləcə, ömürdən günlər keçir, aylar ötürdü. O isə tək tənha həyatına davam edirdi.
Son zamanlar qadınlara münasibəti də dəyişmişdi. Hesab edirdi ki, indi əvvəlki sadiq, etibarlı qadınlar yoxdur və yəqin ki, bundan sonra olmayacaq. Bəlkə də, bu illər ərzində qarşısına bir etibarlı, qayğıkeş qadın çıxsaydı onunla evlənməyə razı olardı. O axşam televizorda film izləyirdi. Filmin əvvəli maraqsız olsa da, bir məqamı diqqətini çəkdi. O, gülümsəyərək televizora bir qədər yaxın oturdu və gözünü ekrana zilləyib nə baş verəcəyini maraqla gözlədi.
Diqqətini çəkən məqam o idi ki, filmin əsas qəhrəmanı şam yeməyi yemək üçün restorana gəlir və qərara alır ki, birinci içəri girən tək qadına yaxınlaşıb ona evlilik təklif etsin. Belə də edir, həmin qadın da heç düşünmədən təklifi qəbul edir.
“Çox qəribədir! Bəlkə, mən də belə bir qeyri-adi xəyalla kiminləsə evlənim? Məsələn: qapımın zəngini nə vaxtsa tək qadın çalsa, ona evlilik təklif edim…” – deyə düşündü və özü öz düşüncəsinə güldü. Elə bu vaxt qapının zənginin səsi gəldi. O, qapıya yaxınlaşıb soruşmadan açdı. Qarşısında təxminən 50-55 yaşında nurani bir xanımı görüb çox təəccübləndi.
– Axşamınız xeyir. Mən sizin təzə qonşunuzam, – deyə qadın dilləndi.
– Axşamınız xeyir. Çox gözəl!
– Sizdən bizə su sızır
– Bizdən?
– Bəli.
– Ola bilməz! Mən bu yaxınlarda təmir etmişəm və …
– Bəlkə təsadüfən suyu …
Bu sözləri eşitdikdə o, qadının sözünü yarımçıq qoyub vanna otağına qaçdı. Bayaqdan suyu açıq qoyub film izlədiyi yadına düşdü. Yaranmış vəziyyətdə həqiqətən su qonşunun tavanına sıza bilərdi. O, suyu bağlayıb yenidən qapının kandarında dayanan qadına yaxınlaşdı.
– Bağışlayın. Haqlısınız, üzürlü sayın, suyu bağlamağı unutmuşam. Əgər təmir lazım olsa bütün xərcləri mən ödəyəcəyimə söz verirəm. Xahiş edirəm, bağışlayın.
– Eybi yox, olur. Qonşuluğu dava ilə başlamaq istəməzdim. Həm də su aydınlıqdır deyirlər, – deyə qadın gülümsədi.
– Bəli. Elə deyirlər. Bəlkə gələsiz içəri. Lütfən, gəlin, buyurun… – deyə kişi qadını evə dəvət etdi. Qadın bir qədər tərəddüddən sonra içəri addımladı.
– Mən bu binada heç kimi tanımıram, – deyib divanda əyləşdi, qeyri-ixtiyari gözü televizora sataşdı.
– Siz də bu filmə baxırsız? – deyə soruşdu.
– Bəli maraqlı gəldi mənə.
– Ehh, Avropa, Avropa! Bunlarda hər şey asan həll olunur.
– Bəli. Ancaq bizlərə qəribə gələr belə şeylər.
– Əslində azad düşüncəli insanları sevirəm, – deyə qadın söhbəti davam etdi.
– Doğrudan?
– Əlbəttə!
– Məsələn sizə qəfildən tanımadığınız bir adam evlilik təklif etsə, ilk görüşdən qəbul edərdiz?
Qadın bir qədər tutulsa da, gülümsədi.
– Baxır təklif edənə.
– Maraqlı qadınsınız. Onda açıq deyim. Bayaq bu filmə baxanda düşündüm ki, qapımın zəngini ilk çalan qadın tək olsa, ona evlilik təklif edəcəm.
Qadın bir az da özünü itirərək:
– Əgər ailə vəziyyətiniz imkan verirsə, niyə də yox?
– Siz zarafat edirsiz?
– Yox. Zarafat etmirəm.
– Bəs desəm ki, qapının zəngini siz çaldınız və mən indi sizə evlilik təklif etsəm…
Qadın cəld ayağa qalxdı.
– Mən gedim. Sağ olun.
– Siz allah məni bağışlayın. Lənətə gəlmiş bu film…
– Narahat olmayın, gecəniz xeyrə qalsın, – deyə qadın onun evindən çıxdı, pilləknlərlə qaça-qaça bir mərtəbə aşağıda yerləşən mənzilinə girib qapısını bağladı.
“Gərək belə etməyəydim. Heç yaxşı olmadı. Yazıq qadını lap pis vəziyyətdə qoydum. Bəlkə, onun ailəsi var, əri var? Yox, əri olsaydı gecə vaxtı bizə özü qalxmazdı? Çox ehtimal ki, tək yaşayır. Çox pis oldu. Bəlkə, elə indi gedib üzr istəyim? – deyə düşündü, lakin qərara gəldi ki, sabah tezdən qadının qapısını döyüb ondan üzr istəsin. “Gündüzün şəri gecənin xeyirindən yaxşıdır” – deyə fikirləşib dərmanlarını qəbul etdi və çarpayısına uzanıb yuxuya getdi.
Səhər yenə oynaqlarında sızıltı hiss edirdi. O, astaca yerindən qalxıb pəncərəyə yaxıınlaşdı. Hava o qədər də soyuq deyildi, amma artıq qış qapını kəsmişdi. Evin qarşısındakı marketdə Yeni il bayramına hazırlıq gedirdi. Şüşələrə rəsmlər çəkilir, parıldayan rəngarəng zərlər asılırdı. Şəhər yeni ili qarşılamağa hazırlaşırdı. Nə şəhərin gözəlliyi, nə ətrafda sayrışan lampa işıqları onu sevindirmirdi. Son illər hər şey onunçün o qədər adiləşmişdi ki, onu heç nə təəccübləndirmirdi. İndi onu ancaq dünən gecə xətrinə dəydiyi qadın maraqlandırırdı.
“Yəqin ki, bu qadın mənim qapımı gecə vaxtı təsadüfən döyməyib. Çox ehtimal ki, belədir. Ondan mütləq üzr istəyəcəm. Lap məni evindən qovsa da, onun könlünü almalıyam.” – deyə düşünürdü.
O, hər səhər olduğu kimi bir fincan qəhvə içib evdən çıxdı. İşə gedirdi. Pilləkənləri düşüb həmin qadının mənzilinin qarşısında dayandı. Bir qədər fikirləşdikdən sonra astaca qapını döydü. Qapı dərhal açıdı. Sanki, qadın yatmayıb qapının arxasında onu gözləyirdi.
– Sabahınız xeyir, – deyə salamlaşdı.
– Aqibətiniz xeyir.
– Kimdir gələn? – içəridən kişi səsi eşidildi.
– Qonşudur, – qadın cavab verdi.
– De, gəlsin içəri! – yenə həmin səs eşidildi
– Buyurun. Gəlin içəri! – qadın onu içəri dəvət etdi. O, içəri girdi. Otaqda əlil arabasında oturan adamı görüb bir qədər duruxdu, lakin tez özünü ələ alıb:
– Qonşu, dünən bizdən su sızıb. Gəldim deyim ki, …
– Narahat olmayın. Olan şeydir. Mən dedim axı, gedib narahat etmə qonşunu. Görürsüz də … o, ayaqlarına işarə edib başını buladı. – Qarabağ döyüşlərindən belə qayıtmışam. Mərmi partladı. Ölmədim, amma … Bax 30 ilə yaxındır bu qadın məni beləcə yaşadır. Qoymur ölməyə. Nə qədər dedim, burax məni, get həyatını yaşa, dedi, yox ki, yox.
– Yaxşı, yenə başladın? Şükür Allaha sağ salamatsan. Nə olub ki? Dolanırıq da, – deyə qadın ərinin sözünü kəsdi.
– Oturun çay için bizimlə. Narahat olmayın divardı də, quruyub gedəcək.
– Hə, otur ey, qonşu. Bir də, nə vaxt su sızacaq ki, siz bizə gələsiniz, – deyə kişi də qonşunu süfrəyə dəvət etdi.
– Yox. Bağışlayın. İşə gedirəm, gecikirəm. Bir gün mütləq gələrəm. İstədi desin ki, siz də bizə gəlin, ancaq iki ayağından əlil insana gəlin deyə bilmədi. Sağollaşıb getdi… Yol boyu ağlında dünən filmi izləyərkən qonşu qadının “Eh Avropa, Avropa! Bunlarda hər şey asan həll olunur” dediyini xatrlayır və bir fikri ürəyində dəfələrlə təkrar edirdi: “Bu qadından üzr istəmək yox, onun qarşısında baş əymək, bəlkə də, diz çökmək lazım idi. Demək, hələ də belə qadınlar var…”
Yeni ilin ilk günündə, çox vaxt baş qarışıq olur, kimisi qonaq gedir, kimisinə qonaq gəlir, kimisi də dünənin “yorğunluğunu” çıxarmağa çalışır. Necə deyərlər, hər kəs öz iş-gücündə…
Şair, publisist Əbülfət Mədətoğlu 1959-cu iliin yanvar ayının 1-də dünyaya gəlib. Qarabağlıdır, Xocəvənd rayonunun Tuğ kəndində böyüyüb boya-başa çatıb. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnib. Eyni zamanda Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Elə o vaxtdan da müxtəlif mətbu orqanlarında çalışıb. Hazırda “Ədalət” qəzetinin baş redaktor müavinidir. Ötən müddət ərzində bir sıra ədəbi mükafatlarla yanaşı, “Əməkdar Jurnalist” fəxri adına da layiq görülüb…
Köhnə kişilərə xas olan təmkinlə ad günündən başlayaraq ilin son gününədək sonsuz ümidlərlə addımlayır. Hər yeni ilin gəlişi ilə bir yaş böyüyür, bir yaş da ucalır. Onun bir şair kimi yaratdıqlarından danışmaq fikrim yoxdur, çünki dövri mətbuatda bu barədə mütəxəsislərin kifayət qədər təhlili və şərhi var. Mən onun bir publisist, bir insan kimi fəaliyyətindən söhbət açmaq istəyirəm…
Deyir ki,- “Əlifbanı tanıyandan mütaliəni sevmişəm. Bizim kənd kitabxanamız çox zəngin olub. Kəndimiz işğal olunanadək evimizdə özümün də böyük kitabxanam var idi. Və kənddə bunu hamı bilirdi. Mən onların təqribən 3 min nüsxəsini kənddən çıxara bildim. Bu gün də Masazırdakı evimdə ayrıca bir kitabxanam var. Bu mənada mütaliə mənim işimə həmişə kömək olub. Həm qəzetdə, həm poeziyada. Ad çəkmədən deyim ki, dövri mətbuatda, o cümlədən sosial şəbəkələrdə yayımlanan şeir nümunələrinin hamısını oxumağa çalışıram. Ruhuma doğma olan şairlərimizin bir çoxunun kitabları masamın üstündədi. Tez-tez onlara üz tuturam. Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaşayanlara ömür versin!..”
Adətən biz “səxavətlidir” ifadəsini xeyriyyə işlərinə maddi vəsait ayıranlara şamil edirik, amma insanları xoş sözlə sevindirmək, kiməsə dəyər vermək özü də səxavət nümunəsidir. Əbülfət Mədətoğlu bu baxımdan böyük ürəkli adamdır. Əsərlərini təhlil edərək, o qədər müəllifə səxavət göstərib ki, say-hesabını bəlkə də çoxdan itirib…
“Mən ədəbi gəncliyi daim izləyirəm, onlarla səmimi münasibətim var. “Ədalət” qəzetində ədəbi gəncliyə kifayət qədər yer ayrılıb və mən sevinirəm ki, bu gənclərin hansısa bir yazısının “Ədalət”in oxucularına təqdim olunmasında kiçik də olsa xidmətim olub. Mən Aysel Əlizadənin, Seymur Baycanın, Xuraman Hüseynzadənin, Elnur Aslanbəylinin, Qan Turalının, Aqşinin, Kənan Hacının, Cəlil Cavanşirin, İradə Aytelin, Kəramət Böyükçölün, Həyat Şəminin, Nuranə Nurun, Zəka Vilayətoğlunun və digərlərinin yazılarını, bütövlükdə isə mətbuatda işıq üzü görən hər bir yazını oxumağa, izləməyə çalışıram.”- söyləyir.
Çox çətinliklərlə üz-üzə gəlib, həyatı boyu heç nəyi asanlıqla əldə etməyib. Nə qazanıbsa, necə deyərlər, dişlə, dırnaqla, ağır zəhmətlə əldə edib.
Dünyanın ən yüngül işi sandığından heç kimə məsləhət verməyi xoşlamır. Ona görə də həmin o yüngül işi hər kəsin öz ixtiyarına buraxır. Düşünür ki, kim necə bacarırsa, hansı yolu seçibsə o yolla xalqımıza, ədəbiyyatımıza xidmət etməlidir…
Deyir ki,- “Həyatda elə yaşamlar var ki, onu sözlə ifadə etmək mümkün deyil. Lap elə qaçqınlığı götürək. Qaçqın olmayana bütün ürəyini də, bütün maddi sərvətini də bağışlasan belə, onun içində qırılıb çiliklənən, ölən, yaddaşında ağrı-acı guşəsi kimi qalan nəsnələri nə dəyişə bilməzsən, nə də unutdura bilməzsən. Göstərilən qayğı sadəcə diqqətdi. Yaşamağa ipucudu. Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda gördüyün kəndinə, evinə qayıtmaq bu gündən keçmişə dönüş deməkdir. Aradakı 30 il isə itirilən, əlindən zorla alınan ömürdü. Ona görə mən kəndimə səfər edəndə filmlərdəki təki, yuxuda keçmişə getmiş kimi oldum və o keçmiş mənə çox acıları təkrar yaşatdı. Çünki kəndimin yalnız coğrafi mənzərəsi yadımda qalmışdı. Mənim uşaqlığımın da, gəncliyimin də izləri, xatirələri güllələnmişdi. Evimin yerində qaratikan bitmişdi. Mənimlə orda danışan ancaq kədər idi, ağrı-acı idi. Çünki məni qarşılayanlar onlar idi…”
Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. Əvvəlcə qəzet və jurnallara yazılar ünvanlayıb. Haqsızlıqlar, biganəliklərlə çox qarşılaşsa da həyatda ona dəstək verən, əlindən tutan, yol göstərən insanlar da olub. Onları böyük minnətdarlıq hissi ilə xatırlayır. Yazıçılardan Əlisəfa Məmmədovun, Əlfi Qasımovun, şairlərdən- xalq şairi Bəxtiyar Vahabzadənin, Çingiz Əlioğlunun, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Abbas Abdullanın, Məmməd İsmayılın, Vaqif Nəsib Sarıhüseyn oğlunun, Zülfüqar Şahsevənlinin, Vaqif İbrahimin və digərlərinin adlarını çəkir, zamanında xeyir-dua verdiklərini dilə gətirir. Məhz həmin xeyirxahların tələbkar qayğısı onu bugünkü yazarlara qaygı, diqqət göstərməyə yönəldib. Xüsusilə maraqlı, istedadlı, dəstəyə ehtiyacı olan gənclər onun üçün çox önəmlidir…
“Əlimdən tutublar, mən də təbii ki, gücüm daxilində əldən tutmağa çalışıram. Hər gün yazmaq, hər gün hay-küy salmaq və yaxud özünü hansısa qrupda təbliğ etmək mənə görə istedadın göstəricisi sayıla bilməz. Ad çəkmədən deyə bilərəm, elə gənclərimiz var ki, başını salıb aşağı heç bir qruplaşmaya qoşulmadan sözün fəhləliyini edir, özünə yol açmağa çalışırlar. Amma bəziləri də öz aralarında “işbirliyi” yaradır, bir-birini gündəmə daşımaqla məşğuldular. Çox istərdim ki, Allahın verdiyi istedadı böyük SÖZün xidmətində görək həmişə…”- söyləyir.
Qələm adamlarının qruplaşmasından çox narahatdır. İstəyir ki, ciddi əsərlərin sayı çoxalsın və azərbaycanlı müəlliflərin əsərləri ümumbəşəri əhəmiyyət daşısın. Yazarlarımz dünyada tanınsınlar. Necə deyərlər, “Nobel” mükafatının ayağı Azərbaycana da açılsın…
Bəli, yanvarın 1-də haqqında söhbət açdığım şair, publisist, əməkdar jurnalist Əbülfət Mədətoğlunun növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Çox yaşasın!
Xaliq Timur oğlu Məmmədov 13 aprel 1964-cü ildə Gədəbəy rayonu, Çayrəsullu kəndində anadan olub. Hazırda Rusiya Federasiyası, Krasnoyarsk şəhərində yaşayır.
Rusiya Yazıçılar Birliyinin üzvüdür.
AİDƏ
1
May ayı gələndə kəndə, sanki, vəlvələ düşürdü: yaylaqlara köçmək vaxtı yetib. Kolxozun sahələri “qoruq” elan olunurdu. Bu o demək idi ki, “filan gündən, filan tarixdən şəxsi həyətlərə məxsus mal-qara, qoyun-quzu nəzarət altında olmalıdırlar”. Əgər, kiminsə inəyi, danası kolxozun qoruq elan olunan sahəsinə girsə üç manat, qoyun-quzu bir manat cərimə olunurdu.
Hər bölgənin öz briqadiri düşürdü yollara, hamını xəbərdarlıq edirdi:
-Filan gündən dağa köç başlayır. Hazır olun!
Hamı mal-qarasını yaylağa çıxarmalıydı. Əsasən, nənələr-babalar köçərdilər. Kimin nənə-babası yoxuydusa, gərək mal-qarasını qoşaydılar kimlərəsə. Adətən, çətinlik çəkən olmurdu. Bərk axtarış edən olsaydı, kənd-kəsək hamısı kökdən bir-birinə qohum çıxacaqdı. Ona görə də, mal-qarası kənddə sahibsiz qalan olmurdu.
Bizdə isə lap asan idi. Gözümü açandan rəhmətlik babam ferma müdiri olub. Rəhmətlik nənəm də yanında, ömür-günü yaylaqlarda, ya da qış otlaqları sayılan örüşlərdə keçib. Qış otlaqları bizim kolxoz üçün Kür çayının sağ sahillərində, “Ceyrancöl” deyilən ərazidə ayrılmışdı. Babamın hər mövsümün sonunda evdə olduğu vaxtlar mənə nağıl kimi danışdığı əhvalatlarda tez-tez, “Girzan”, “Qışlaq” kimi adlar eşidərdim.
Ona görə də, dediyim kimi, bizdə mal-qaramızın yaylağa aparılması heç bir sual doğurmurdu. Kolxozun fermasına müdirlik edən babam hayımıza çatardı. Kolxozun köçü yaylaqlara gedəndə bizim heyvanları da qoşub aparardı. Heyvanlar dəstələnərdi, kolxoz köç aparmağa bir-iki yük maşını ayırardı. Nənə-babalar yaylaq dəm-dəsgahlarını yükləyərdilər kolxozun maşınlarına, düşərdilər yola.
May ayından payızın ortalarınadək Keçəl Dağının yamacları binələrin çadırları ilə bəzənərdi. Dərslər qurtarantək mən də olardım yaylaqlı.
Əsas yaylaq yerimiz indi sahibsiz qalan Əvəlikli və Mahmudlu yaylağının yuxarı “döşü”, düz ermənilərin sərhədi idi. Vəzifəm nənəmin ocaqda köz altında bişirdiyi “kömbəni” qaymaqla-yağla yeyib gəzmək, həm də buzovlara nəzarət etmək idi. Düz zirvədə, erməni sərhədinə yüz-iki yüz metr qalmış Soyuqdərə deyilən yer vardı. Gün qızanda qaçardım ora, qar yeməyə. Avqust ayında da qar olardı orada. Üstünün tozunu silərdim, ovuclayıb ləzzətlə təbii dondurmanı yeyərdim. Orada hərdən erməniyə rast gəlmək olardı. Hərdən soruşardılar, “hansı köçdənsən?” Heç vaxt onlardan qorxmazdım, diri cavab verərdim.
Palıdlı, İsə bulağı, Soyuqdərə, Köç yeri, Mahmudlu, Bərə – uşaqlıq dünyamın, nənəli-babalı xoşbəxtliyin şirin xatirəsi, ermənilərə qalmış xatirəsi…
2
Qonşu kəndin köçü üzbəüz dağın əks döşündə yerləşirdi. İri malları həmişə nəzarət altında otarırdılar. Amma buzovlarımız çox vaxt özbaşına buraxılmış olduqları üçün, bəzən, dağın döşünü aşıb keçərdilər qonşu kəndlərin binələrinin örüşlərinə.
Günlərin birində itmiş buzovu gəzəndə həmin dağın yamacında, “Qayalıq” deyilən bir yerdə çiyələk yığan bir qıza rast gəldim. İlk baxışdan, mənimlə yaşıd görünürdü. Bir-iki həftə dostluğumuzdan sonra bildim ki, məndən bir yaş kiçikdir.
-Olar, mən də yığım çiyələk? – dedim.
-Mənim deyil ki, bu dağ! – cavabını erdi. – Ürəyin nə qədər istəyir, yığ
Soruşdum, Aidə idi adı. Çiyinləri bərabərində kəsilmiş gözəl sarışın saçları vardı. Gözəl üzü sanki, ay parçası idi. Özümü saxlaya bilməyib:
-Sən necə gözəlsən, Aidə! – dedim.
-Bilirəm, hamı deyir mənə bu sözləri! – nazla cavab verdi.
Yığdığımız çiyələyi bir yerdə yedik. Xeyli oturduq, ayrılanda sabah görüşməyi şərtləşdik. “Bizim çadır odur ey, filanıncı. Bax bu qayanın yuxarısından məni səslə, nə vaxt gəlsən. Gələcəm”.
Səhərisi gün Qayalığa gələndə gözümə görünən çiçəklərdən bir dəstə topladım. Haradan bilirdim ki, vurulduğun qıza gül bağışlamaq lazımdır, bilmirəm. Yəqin, oxuduğum kitabçalardan… Aidə gül dəstəsinə sevindi, alıb iyləyərək:
-Atam anama hərdən gül bağışlayır, anam çox sevinir belə olanda, – dedi.
O gündən yaylaq həyatım şirin duyğulu, şirin-şəkər arzulu bir dövrə çevrildi. Əgər nənəmin – babamın qadağası olmasaydı, gecələri də oturardım Aidə ilə Qayalıqda. Aidə özü də etiraz etməzdi, belə imkanımız olsaydı. Amma Aidənin də nənəsi vardı, gecikəndə Aidədən sorğu edirdi.
Artıq, onların şəhərdə yaşadıqlarını bilirdim. Atasının böyük vəzifədə işlədiyini dedi. “Hər gün papamı işə maşınla aparıb gətirirlər!” – dedi Aidə qürurla.
Aidə ilə tanışlığımın ikinci həftəsində nənəmdən: “Nənə, uşaq üçün elçi getmək olarmı?” -soruşdum. “Bıy, sənə qurban olum! Evlənməkmi istəyirsən?” – öpdü nənəm məni. “Yox, nişanlanardım ki, heç kim məndən almasın Aidəni!” “Əgər, sən Aidənin xoşuna gəlirsənsə, narahat olma. Heç kim sizi ayıra bilməz!” – dedi nənəm.
Nənəmin sözlərini Aidəyə çatdırdım. Həmin gün, ilk dəfə dilimizə söz gəldi: “səni sevirəm!” ifadəsi. Mənasını başa düşürdükmü bu ifadənin, sevməyin – oğlan-qız sevgisinin nə olduğunu anlaya bilirdikmi o günləri? Əlbəttə, yox, uşaqlıq ağılı, düşüncəsi.
Nənələrimiz ləzzətli nə hazırlasaydılar, hökmən bir-birimizə pay gətirərdik. Bir dəfə isə, Aidəylə görüşə xüsusi hədiyyə ilə getmək istədim.
Soyuqdərəyə qalxdım. Çoxdan idi buraya qalxmırdım, Aidə ilə tanış olandan. Papağımı soyuq və təmiz qarla doldurdum. Aidəmə verəcəkdim təmiz qarı. Mən Qayalığa gəlib çıxanacan qar yoxa çıxdı, əridi. Qayanın başından səslədim Aidəni. İkicə dəfə “Aidə!” deyən tək çıxdı bayıra. On dəqiqəyə yanımdaydı. Gün əyilənəcən bir yerdə olduq.
-Tezdən oyana bilərsən?” – soruşdum.
-Sənə lazımsa, oyanaram! Nə olub?
-Sənə təmiz qar gətirəcəm. Günorta o dağdan bu dağa gələnəcən qar əriyir. – Papağımı göstərdim. – Səhərlər bir elə isti olmur.
Səhərisi tezdən durub qalxdım zirvəyə. Soyuq qarı papağıma yığıb götürüldüm üzü aşağı. Elə o dəqiqə də ayağım dolaşıb yıxıldım. Kəllə-mayallaq getsəm də, papağı elə sıxmışdım ki, qar yerə dağılmadı. Zirvədən ətəyə, ətəkdən başqa dağın zirvəsinə çıxanacan qar …əridi! Aidəmlə görüşə hədiyyəsiz gəldim! Bərk dilxor olmuşdum. Aidə qəşəng əlləri ilə əllərimi tutaraq incə səslə:
-Alınmır, alınmasın. Canın sağ olsun! – dedi. – Bikef olma, biz ki, bir yerdəyik!
Bir neçə gün belə keçdi. Artıq, avqustun ortaları olardı. İki ay idi Aidə ilə tanışlığım. İlahi, necə də tez keçərmiş günlər! Hələ də Aidəyə qar çatdırmağı unuda bilmirdim. Axşamların birində dərdimi nənəmə söylədim. “Canım canına qurban, ay balam!” – dedi nənəm. Səhər duranda nənəm mənə bir 4-5 litrlik bidon(qab) və bir dəsmal verdi. “Şahzadə balam, igid balam! Qabı doldur qarla. Bu dəsmalı da yaxşıca bürü qaba, apar sevgilinə!” Elə də etdim. Qarla dolu bidon əlimdə Qayalığa çatdım! Nə qədər sevinirdim! Qalxdım adət etdiyimiz qayanın başına: “Aidə! Aidə!” – səslədim sevinclə. Aidə çıxmadı bayıra. Handan-hana nənəsi çıxıb cavab verdi: “Yorma özünü, bala, sakitləş, və çıx get! Aidə getdi şəhərə, evlərinə! Atası apardı”. “Necə evlərinə, bəs mənə demədi!” “Get, bala, gələn il görüşərsiniz!” Yastı daşın üstündə həmişəki yerimizdə oturdum, nə qədər – bilmirəm. Dünyamı itirmişdim! Məni boşluq əhatəsinə almışdı…
Qarı yeyə bilməzdim, Aidəm üçün gətirmişdim. Atmağa da əlim gəlmirdi. Həmişə yan-yana oturduğumuz Yastı daşın arxasından qayanın altını eşdim. Çiçəklərdən yığıb döşəkcə düzəltdim. Qarı ehtiyatla boşaltdım çiçəklərin üstünə. Yenidən çiçək yığıb qarın üstünü bağladım. Daha sonra isə bir qaya parçasını sürüyüb saldım yuvanın ağzına. Niyə belə etdim, bilmirəm. Yəqin, ümid edirdim ki, qarı saxlayacam gələn iləcən. Ya da, sevgimin, uşaqlıq məhəbbətimin nişanəsini əbədiləşdirmək istəyirdim, bilmirəm.
MURAD MƏMMƏDOVA AÇIQ MƏKTUB Özümü biləndən tanıyıram onu…Bir kənddə, obada böyümüşük. Eyni havanı udmuşuq, eyni sudan içmişik. Eyni təmizliyi ruhumuzla dadmışıq. Üç-dörd yaş məndən cavan olmalıdır. Murad Məmmədovu deyirəm. İstisasca mühəndis olan “qoca” gənc şairi…Muradın ata tərəfində də, ana tərəfində də duyğusallıq var, həssas insanlardır, sözə,şeirə,hikmətə, haqqa meylləri çoxdur. Yurdumuzun şair oğlu Aslan Kəmərli atasının xalası oğludur, dayıları Xəmmət adı ilə tanınan Aslan Carçalovun, Şamxal Carçalovun gözəl şeir, saz ruhu var. Alma budağından gen düşmür axı. Murad Məmmədov da eləcə…təmsil elədiyi gen yaddaşını canıyla, qanıyla, ləyaqətlə yaşadır. Şeirlərini mənə təqdim eləyəndə təəccüb qarışıq sevinc qığılcımları gözümü işıqlandırdı. Lakin səmimi deyim , bir qədər ciddi baxmadım. Fikirləşdim ki, yəqin ruhsal duyğusunu sazda oxunan qoşma, gəraylı üstündə qələmə alıb. Şeirlərlə tanış olanda gördüm ki, ədəbiyyatımız Murad Məmmədov imzalı bir qələm adamını, bir şairini çox səxavətlə itirib. Yazdığı şeirləri mənə bunu deməyə imkan verir. Şeirlərinin ən yaxşı cəhəti odur ki, nə fikrin, nə bədii ifadənin ibtidai formasında vurnuxmur. Bəs olan qədər cilalı fikirləri bədii səviyyəyə qaldıra bilir. Bu yerdə bir təəssüfümü bildirim ki, kaşki ədəbiyyatla ciddi məşğul olaydı. Ədəbiyyatın istiqamətini müəyyən edən bir çox əsərləri mütaliə eləmiş olsaydı, bədii manerasını daha samballı detallarla zənginləşdirə bilərdi. Şeirlərdəki ayrı-ayrı qığılcımlar ruhu silkələmək gücündədir. Dərd içində iş getmir, Həvəs ölür, baş ötmür. Dərdə bax, heç üşütmür, Qar adamı yandırı… Və ya Ay haqqı salamı tapdayan adam… Lap adamı ritmə uyğun içindən oynada bilir misralar. Doğulduğum el ulu, Şah İncəmin bir qolu, Yüz xatirəylə doluu Könlüm Kəmənd dağında…və ya Neyləyim söz məni rahat buraxmır… Söz, duyğu istini, soyuğu görmüş ürəyinə, hissinə elə oturub ki, bu yaşda qovub çıxartmaq istəsən də mümkün olmayacaq, səndən əl çəkməyəcək əzizim , gözüm Murad Məmmədov. Mən bilən indi sənə qalır yarı gərdişin, zamanın ətəyindən tutmaq, yarı isə şeirin,sözün. Beləcə bir təhər özünü ovut, gör ovuda bilirsənmi… Düşüncə, təfəkkür tərzin elədir ki, ağır mövzulara qucaq açırsan. Həyatın qəm ağacını silkələyirsən, ölüm-qalım havasında əlləşirsən. Bir az boş ver…milyon illik həyatdı. Yaranışdan bu yana belədi, belə də olacaq. Özün demişkən: Ömür sınağıymış gec başa düşdüm, Bütöv qınağıymış gec başa düşdüm, Gələn qonağıymış, gec başa düşdüm, İlahi, rəhm elə, keç günahımdan… Heç anlamamaqdan, gec də olsa, başa düşmək ötədir. Şeir həm də gözəl etirafdır. Həmişə səmimi ol, həmişə var ol. Dərin sayğılarla Müəllif: Avdı QOŞQAR
ÖMRÜN PAYIZ DUYĞULARI… Deyirlər, insanın 60 yaşı ömrün zirvəyə həsrətlə boylanan çağıdır. Ömrünün 60-cı baharını yaşayan dostum Murad Məmmədovun şeir yazdığını son bir ildə bilmişəm. Adətən 60 yaşında şairlərin seçilmiş əsərləri nəşr olunur. Amma Murad yaşının bu cağında şeirlərini təzə-təzə işıq üzünə çıxarmağa başlayıb. Onun bu yaşda şeir yazmağa başlaması bir çoxlarını təəccübləndirsə də, şəxsən bu, mənə heç də qəribə təsir bağışlamadı. Çünki insan həyatda ömrü sınağa çəkən elə anlarla qarşılaşır ki, bəzən kədərlənir, bəzən sevinir. Bu da insanın hiss- həyacanına təsir edir. Bu mənada Murad da özünə- sözünə əmin olduğu üçün yazır, öz yaşantılarını yazır, özünü yazır. Bununla yanaşı, öz müşahidələrini də qələmə alıb, şeirə-sözə çevirir. Yəqin ki, bu da ömründən ötənləri dilə gətirmək ehtiyacından və səmimiyyətindən doğur. “Neynəyim söz məni rahat buraxmır”,-deyir. O, sazlı-sözlü İncə dərəsində doğulub, boya- başa çatıb. Saza-sözə vurğunluğu ana laylası kimi beşikdən başlayır. Şeirlərində illərin bəxş etdiyi müdrikliklə yanaşı, gənc yaşlarındakı saflığını əks etdirən duyğuların da nəfəsi duyulur: Bir kənddən şəhərə heç nəyə satdı, Məni gəncliyimdən qoparan yollar. Yaman dilə tutdu, yaman aldatdı Qazaxdan Bakıya aparan yollar. * * * Yüz arzu vəd etdi, gözüm qamaşdı, Beynim dumanlandı, əlifim çaşdı. Önümdə yeni bir mənzərə aşdı Qazaxdan Bakıya aparan yollar. Muradın duyğuları düşdüyü ovqatın obrazlı mənzərəsini də yarada bilir: Baxıram bu ömrə, bu günə yadam, Söz məni dünyamdan, özümdən alır. Ona sevinirəm, bir ona şadam, Yazdığım nə varsa nişanə qalır… Murad Məmmədov ixtisasca mühəndisdir. Uzun illər istehsalada çalışıb. Yaradıcılıq sahəsindən uzaq olsa da, ruhən saza- sözə bağlıdır. Bu da səbəbsiz deyildir. O, şairlər diyarı, sazlı-sözlü Qazaxdandır. Muradın saza- sözə bağlılığından el-oba mehri duyulur. Bakıda yaşasa da, doğulduğu yurddan ilham alır. Saz ovqatına köklənməsi şeirlərini bir qədər də şirinləşdirir, incəlilərə sevdirir. Muradın şeirlərinin qayəsini insanın mənəvi saflığı, mənəvi bütövlüyü təşkil edir: Bir ömür yaşadım bildiyim kimi, Səssizcə gedəcəm, gəldiyim kimi. Neçə günahları sildiyin kimi, İlahi, rəhm elə, keç günahımdan. * * * Bilmədim, kiminsə haqqına girdim, Bəzən gec anladım, səhvimi gördüm. Oldu ki, nahaqdan yüz günah dərdim, İlahi, rəhm elə, keç günahımdan. * * * Mən elə yaşdayam məramım bəlli, Üzümdə yalvarış, gözdə təsəlli, Nə desən razıyam, indi beşəlli, İlahi, rəhm elə, keç günahımdan. Murad Məmmədovun duyğular aləmi mənə də məhrəm və doğmadır. Qısa da olsa, onun duyğu dünyası ilə sizi tanış etməyə çalışdım. O, ilk şeir toplusunu sizin mühakimənizə verir. Düşünürəm ki, onun şeirlərini küll halında oxusanız, özünüzdə aydın təsəvvür yaranacaqdır. Müəllif: Həzi HƏSƏNLİ , Şair-publisist.
Zaur Ustac-ın, – BB – hekayələr kitabı. Psixoloqun qəbulunda. Psixoloqun qəbulunda – hekayənizdə, İlk səhifələri, dinləyən zaman, bəli, məhz dinləyən zaman. Çünkü bu hekayəni oxuduqca, adama elə gəlir ki, sanki İlqar sənin çoxdankı ən səmimi olan, danışan zaman üzündə təbəssüm yaranmasına səbəbi və səbəbkarı olmağı bacaran dostundur və səninlə üz-üzə oturub, onun səmimi, sadə, vətənpərvər, təvəzökar və hər keçən an, məqam və günlərini, şişirtmədən, olduğu kimi… – Növbəti səhifələrdə isə, təbəssüm ilə yanaşı düşündürdükcə eyni zamanda sonlara yaxınlaşdıqca, -Həyatımızın ACI reallığını, onun və onun kimi bir çoxlarının yaşadığı amma layiq olmadığı, … həyatını, bizi dərindən düşündürərək, bizim dilimiz ilə, bizə danışdıqlarını dinləyirik.
Tarix: 07,10,2022 – Saat: 03:00 – 05:00 radələrində hekayəni ( İlqar ilə söhbətləşib ) bitirdim. – Qollarımı masaya söykəyib Noutbook-un siçanını tərpədib növbəti hekayəyə keçmək istədim amma, KEYİMƏ-dən bir neçə saniyəlik qollarım tərpənmədi. 08,10,2022 – Saat: 05:00 BB. BB – də, özünə məxsusluğu və fərqli düşündürücülüyü ilə seçilən hekayədir. Hekayənin özünə məxsusluğunu, qəhrəman ilə yanaşı, ağılagəlməz “”Planlarına”” görə, əsərin “”qəhrəmanına”” çevrilən, Əli müəllim ilə söhbət əsnasında işlətdiyi sözlərindən sonra, “” Niyyətlərini və Planlarını ”” açıqladıqca, öncə düşünürsən ki, gör nə dərəcədə saxtakar və dəllal olasan ki, belə bir plan işlədib biznes qurasan… ( Hərçənd ki, xarakter olaraq bu tip niyyətli planlar mənim ( Ümumiyyətlə, Vicdanı və Əqidəsi sağlam olan heç bir kəs, belə bir addım atmaz ) təbiətimə qəti olaraq uyğun deyil və heç vaxt olmadı ) Amma, sonra isə, ilk öncə insanın gözünün önündə, Bəy Bala müəllimin zahiri görünüşü, sonra isə, eyni zamanda şirin-qıcıqlandırıcı təbəssüm yaranır adamın beynində və simasında. Yenə də, və hər bir halda, – Müəllifin Təqdimatı – sayəsində anlayırsan ki, – BB – ilə tanış olan, hətta beyin hüceyrələri nə dərəcədə zəif olan insan da olsa, – BB – onu düşündürəcək! 08,10,2022 – Saat: 16:30 Qırmızı yarpaqlı ağac. Qırmızı yarpaqlı ağac hekayəsi-də, adamı hekayə daxilində sanki, böyük olan başqa bir dünyaya düşmüş kimi, həqiqətən də, daha çox fərqli, daha çox zövqlü və bilavasitə eynizamanda, Patriotik düşüncələrlə israrla gəzməyə, və özümüzü, ailəmizi, qonşumuzu, cəmiyyətimizi, keçmişimizi və gələcəyimizi, beyin daxili sağlam analiz etməyə, sözün ən yaxşı mənasında məcbur edir.
Vahid Dilsiz-in, Kapitan Çingizin və dostu İqorun keçdikləri həyat yolları, buna sübutdur! 09,10,2022 – Saat: 12:00 MİQ – 17 Miq-17 – ni, ard-arda iki dəfə oxuduqda, müəllifin hər bir sahədə olan insandan tutmuş, ta ki, ən sadə vətəndaşına qədər hər bir kəsin, ( Real həyatımızda, ona nə dərəcədə təhlükə ola bilmə ehtimalı olmasına baxmayaraq ) HAQQ-ları haqqında, qorxmadan, çəkinmədən qələmə alan VƏTƏNSEVƏR bir müəllif təsiri bağışladıqda, birbaşa və qəti qənaətə gəldiyimə görə, nə özündən gedən şəxsdən, nə də ki, özünü küləkləyən ədabaz xanımdan danışmağım, çox mənasız və yersiz olardı. 09,10,2022 – Saat: 13:00 – 16:00 Cücə oğrusu. Cücə oğrusu – Necə deyərlər, sözaltı,sətiraltı və atalar məsəli kimi, çox böyük dərin mənası olan bir hekayə. 09,10,2022 – Saat: 18:00 Növbətçi xəstə İnsan, adam var ki, vücudu, amma insan da, var ki, mənəviyyatı xəstədir. Sağ olsun, qarnına su dolan Kərim müəllim. Kərim müəllimin qarnına, su dolması məlumatına görə həmin o xəstə “”xəstəxanaya”” getməsəydi, real həyatımızdakı gedişatı, bəlkə də, bu dərəcədə xatırlamayacaqdıq. 09,10,2022 – Saat: 19:00 Gölə qələmsancan! Meyvə satan, Kimya-Biologiya müəllimi sağ olsun!
Hekayədə anladılan, çox gözəl, maraqlı və ən vacibi isə çox ibrətamiz əhvalatdır. 10,10,2022 – Saat: 09:00 Qismət Qismət hekayəsində də, Çiçəyin atasının, Çiçəyə və Çiçəyin timsalında uşaqlarımıza, həyatı əhəmiyyətli və tərbiyəvi məlumatları, uşaqların dilində daha tez və daha asan anlaya biləcəyi formada izah etməsinin də, çox böyük təqdirə layiqli bir seçim etdiyinin də, şahidi olduq! 10,10,2022 – Saat: 10:00 Ümumi olaraq, bütün hekayələr barədə olan fikirim və düşüncəm. Məndən böyük olan, Müəllif Zaur Ustacdan və digər – Dürüst olan müəlliflərdən – üzr istəyirəm.
İncəsənət və Yaradıcılıq sahəsində ( aktyor, (teatr və kinofilm) həvəskar müğənni, yazar, … ) olan bir adam kimi, mənim fikirim və düşüncəmə görə: Əsl müəllif olmağa layiq ola biləcək şəxs, o zaman – ƏSL MÜƏLLİF – olur ki, məhsulunu hər kəsin ( Böyük və Kiçik, Savadlı və Savadsız, Kasıb və Varlı ) anlaya ( qavraya ) biləcəyi və qəbul edə biləcəyi tərzdə, mükəmməl təqdimat qabiliyyəti və bacarığı olsun! Tam səmimi deyəcəm!
Zaur Ustac, – bu yaşıma qədər, Azərbaycanda ( Şəxsi tanışlığımız olmasa da, ) hekayələri vasitəsi ilə bizə ( Hər kəsin anlayacağı, qəbul edəcəyi tərzdə və Reallıq-ı olduğu kimi çatdırdıqlarına görə ) Reallıq-ı olduğu kimi qələmə alıb, əsərlərini bizlər ilə paylaşdığının şahidi olduğum birinci müəllifdir. 10,10,2022 – Saat: 11:00 Əlavə Qeyd: Hörmətli Müəllifin və Oxucuların Nəzərinə
Allah şahiddir ki, ( Təbii ki, mən də, qalib olmaq istəyirəm, amma ) yuxarıda yazdıqlarımın heç bir kəlməsi, nə, müsabiqənin qalibi olmağım üçün, nə də ki, boğazdan yuxarı deyilən söz deyil! Zatən tanıyanlar bilir ki, bu tip “” fikirlər “” mənə xas olan bir şey deyil! Məni, tanımayanlar üçün xüsusi olaraq yazdım. 10,10,2022 – Saat: 11:07
Zaur Ustac “İşıq” adlı yeni kitabının nəşr olunması münasibətilə “Ziyadar” Mükafatını xanım İlhamə Nasirə təqdim edərkən (27.12.2022. Bakı şəhəri, AYB “Natəvan” zalı).