Bir müqəddəs yazı itib, Tapan gərək izi itib, Allahın bir sözü itib, Şair o sözü axtarır. Barat Vüsal
O itən sözü axtaran, bir hərfin davasını edən, bir hərfin başına dolanan, bir hərfə diz çökən Barat Vüsalın şair olmamağa haqqı yox idi. Çünki o, sazgildə doğuldu, sözgildə böyüdü. Ailədə hər kəs sözün dəyərini anladı. Rəhmətlik Akifə xala ilə rəhmətlik Səltənət xala qardaşlarının yazdığı hər hərfin başına pərvanə tək dolanardılar. Akifə xalanın, Lətifə xalanın isməti sözün ismətidir. Səltənət xalanın toylarda at çapması, at belində toy evindən nəmər alması sözün yenilməzliyidir. Anam Aybəniz xanımın yazıb gizlində saxladığı (bu günə kimi işıq üzü görməyən) povesti sözün iffətidir. Esmira xalamın xatirələr dolu məktubları sözün kövrəkliyidir. Rəhmətlik dayım Akifin hamıdan çox mütaliə etməsi sözün qiymətidir. Barat dayımın şairliyi isə Sözün Qüdrətidir. Sözün dəyərini bilən, etibarlı, halal ocaqda dünyaya göz açan Şair, Sözün kəsərdən, Qələmin qüvvədən, Eşqin Göylərdən enməsin!
Dünyanın ən şirin sözünü özünə təxəllüs götürüb şair Barat Vüsal. Ürəyimizi sıxan həsrətin məngənəsindən, gözümüzü yolda qoyan intizardan yaxa qurtarmaq istəyəndə haradasa şirin bir vüsal axtarmışıq. Amma, əziz oxucu, axtarmışıq dedim. Vüsala çatmağın çox keşməkeşli yolları var. Yusif Züleyxasının, Kərəm Əslisinin, Məcnun Leylisinin, Qərib Şahsənəminin, Abbas Gülgəzinin vüsalına tələsəndə nələr olmadı,nələr?!Vüsalın yolu əzablardan, ağrılardan, acılardan keçir. Elə Baratın poeziyaya gələn yolu da bu şirin əzablardan keçib. Amma axırda şirin bir vüsala qovuşub, şeir yazıb, şair olub. Özünün dediyi kimi, eyvanlarında qaranquş yuva qurub, öz qaranquşları olanda, sevgisinə bənzəyən utancaq bənövşədən dəstə bağlayıb köhləninin belinə qalxanda, köç edən durna qatarını xatırlayanda can atdığı bu duyğular vüsal imiş. Barat Vüsal yurd sevgisinə köklü bir şairdir. O, şair ömründə, insan taleyində bütöv Azərbaycan vüsalını yaşamaq arzusundadır.
Sənin kimi olacağam Azərbaycan, Sənin kimi vüqarlı, sərt! Sənin kimi uca, məğrur, Cəsur, comərd.
Sənin kimi üzündə nur, gözündə nur, Dərdi-sevinc, sevinci dərd, Bəxti yüyrək, bəxti qara, Ürəyində min bir arzu, min bir yara.
Sənin kimi çadırlarda yaşayacam, Səngərlərdə al qanıma bələnəcəm, Sənin kimi olacağam, ölənəcən, Sənin kimi olacağam – Azərbaycan!
Baratın içində zaman-zaman közərən duyğu ocağından ətrafına sıçrayan qığılcımlar sətirlərə, misralara dönür. “Məni tanı” – deyir, “Yaxşı tanı. Çör-çöp yığıb Vətən ocağını sönməyə qoymayan mənəm, öz ömrünü yurd ömrünə calayan mənəm, Vətən dərdi ilə yaş-yaş yanan mənəm, heç kimə baş əyməyən, heç kimə əl çalmayan, kərpic kəsib, ot otlayıb yaşayan mənəm, yüz yol ölmüş bildiyin, amma ölməyən mənəm”.
Mən öləndə görəcəklər, Köksüm üstə ürək deyil, Azərbaycan döyünürmüş!
Şairin ürək yerində Azərbaycan döyünən köksündən böyük ümidlərlə, böyük arzularla Qələbə yolları keçir. Amma bunun üçün təpərli ürək lazımdır. Dərdə sığal vermək yox, dərdi döymək lazımdır. Bu itən, bu yanan Vətənin dərdinin üzünə çəkdiyimiz yaddaş pərdəsini zalımcasına yırtıb, həqiqətin gözünə baxmaq lazımdır. Göz dağımızdan baxmaqla, danışmaqla bir iş çıxmaz. Və şair demiş:
Gözün umuduna qalası olsa, Bir də o dağları görməyəcəyik.
Yenə də şair ana bətnində körpəmizə belə qənim kəsilən yağıya dərs vermək üçün “Qələbə yolları ürəkdən keçir” deyir:
Bağrımız başına basaq silahı, Ürəyə qısılsın o silah gərək. Ürəklə bu yurdun olub pənahı, Zəfəri ürəklə qazanmaq gərək.
Baratın əlimdəki kitabı “Yolumuz eşqə bağlıdır” adlanır. Heç bir mübaliğəsiz bu kitabı oxuyub qurtarmaq olmur. Sözlərin, fikirlərin tutumu, məna yükü olduqca təsirlidir.
Məni dağ başından yerə tullayın, Araza tullayın, Kürə tullayın. Ağlamayın, gülə-gülə tullayın, Məni o dağ başı çəkir özünə!
“Ağlamaq səsi“, “Mən ayağa qalxacam”, “Qara daş haqqında ağı”, “Mərmi”, “Sahildə“”, “Koroğlu daşı“, “Gözümün üstü“,“Palıd kökləri“ “Yurd üstündə yellənən bayraq“və s. şeirləri onun iç dünyasından, vətəndaş yanğısından xəbər verir. “Mən ayağa qalxacam“ şeiri Vətən harayı, şair demiş, əsgər andı, əsgər səsidir. Vətənin torpağını şama bənzədən şair hər kəsi özünü oda vuran pərvanə olmağa çağırır.
Bəsdir iniltilər, bəsdir sızıltılar: Bəsdir deyib ağladım, yoxdu bir kəsim deyə, Qoymaram borclu qalıb ruhum tələssin göyə. Anamın göz yaşları bir yolluq kəssin deyə, Mən ayağa qalxacam, yarama torpaq tökün.
Bəli, bütün dərdlərimizin dərmanı bu torpaqdadır. Ona görə də şair deyir: “Bütün dərdləri yenən təzə dərman tapmışam, Mən ayağa qalxacam, yarama torpaq tökün”. Baratın poeziyası axtarışdı, təəssübdü, düşüncədi, fikirdi. Nəticədə tutumdu, mahiyyətdi, mənəviyyatdı. Baxın, “Qara daş haqqında ağı” şeirində Barat yollara atılmış, ya yolların küncündə atılıb qalmış qara daşa təkcə bir daş parçası kimi baxmır, oxucusuna tarix açır, mahiyyət söyləyir, ağı deyir. Bu daş yüz düşmən başı yara bilərdi, bəlkə bu daşlar bir vaxtlar kəsilmiş bir başdı, ya bəlkə qədim bir qaladan düşən tarixi yaddaşdı, bəlkə bir igidin köhlən atıdı, ya doğrudan da qara bir daşdı. Amma niyə bu qara daşın dərdinə ağlayan yoxdu.
Taleyi üstündə bir duman gördüm, Çox şeydən ötəri ağlağan gördüm. İtə də, qurda da ağlayan gördüm, Heç bu qara daşı ağlayan yoxdur.
Baratın dilindəki söz, fikir axtarışı gözəldir. “Mərmi” şerində diqqətinizi belə bir ifadəyə cəlb etmək istəyirəm. “Əsgər əllərinin yası”…“ çox mənalı seçimdir, sanki bütün şeirin canıdır. Şeir bütün varlığı ilə həmin ifadədən gəlib keçir. Anasının qırxından yarımçıq çıxıb xidməti borcunu – Vətən, Torpaq borcunu hər varlıqdan üstün tutan əsgər, Azərbaycan əsgəri sən Vətənin, Torpağın ölməzliyini fikirləşirsən, sən düşmənin qəzəbini, hikkəsini özünə tuşlayırsan, amma düşmən də oyaqdı. Budur mərmi düşən vuran əllərini qoparıb, sənin dərdinə dərman olacaq dərmanlarsa yoxdur, satılıb, ya bəlkə müştərisi üçün bir küncə atılıb. Sənin dərdinə, sənin ölümünə şairin qələmi ağlayır, şeiri ağlayır. İlahi, bu şeir dərmandımı götürün qoyun əsgərin əlləri üstə. Bu əsgərin əlləri düşmənə uzanmışdı, bu əsgərin niyyəti zəfərə tuşlanmışdı. Nə yazıq ki, əsgərin qopan əlləri kimi qəlblərindən vicdanını qopardanlar da var.
Sənin boğazından kəsir bir alçaq, Mənim boğazımdan kəsir bir alçaq. O əsgər əlləri uzanmalıydı, Hələ çox zəfərlər qazanmalıydı Uzanan o namərd əllərinə bax, “Qazanan” o namərd əllərinə bax.
Olsun namərdlərə ölüm, deyirəm, Yığşırsın qoy hələ pul ətək-ətək. Gəlin ay adamlar, gəlin, deyirəm, Əsgər əllərinin yasına gedək.
Baratın kitabını oxuduqca bitkin, orijinal, özünəməxsus fikirlər müşahidə etdim: “Sənin yox, özümün sonum başlayır. Əgər ürəyimdən yıxılsan, Vətən“, “Baxtını devirib yatırammazlar, Yığılan var üstə oturammazlar”, “Bir daş ayağımız altında qalıb, Yağır başımıza tənə daşları”, “Söyüd gövdəsinə güvənmək olmur, Aşır işlərimiz palıd kökündən“”, “Dostları görəndə zəncir gəmirir, Düşməni şırvanıb keçirir başa“, “Bu iti içimə kim bağlayıbdı”, Qələm böyüdəni kiçiltmək olmur” və s. Baratın nəğmə dolu ürəyinin bir neçə vərəqini aça bildim. Çünki sənət eşqinə bağlı bu yolu getmək (“Yolumuz eşqə bağladır”) çox mətləbləri açmağı tələb edir. Şair qardaşım, bu fikirlər sənin çox dəyərli kitabından oxuduğum şeirlərin olsa-olsa, beş-altısı haqqında ürək sözlərimdir. Deyəcəyim sözlərin çoxu qabaqdadır. Sağlıq olsun. Bir torağay uçuşunda, bir tütək səsində yenə sənin yaradıcılığına dönəcəyəm. Qırmızı qurşaqlı səməni də, çölə, çəmənə ətir saçan novruzgülü gülü də dünyaya gəldiyin 18 mart günündə bu yazı ilə birgə sənə hədiyyə olsun. Şeirində təvəllüd gününlə bağlı bu günü heç kimə verməyəcəyəm,- deyirsən. Biz də arzu edirik ki, ömrünün bütün sevinci bu günü keçirdiyin günün sevinci qədər olsun.
Yandırın, a dostlar, bayram şamını, Bu günü ömrümə naxış sayıram. Qonaq çağırıram bu gün hamını, Bu günü hamıya bağışlayıram, Bu günü heç kimə verməyəcəyəm.
Barat Vüsalla söhbətimiz həmişə ədəbiyyata, poeziyaya söykənir…
…Adamlar var onlarla ədəbiyyat haqda ədəbiyatçı kimi tutur söhbətin.Elə sənin müxtəlif qayğılardan boğulduğun,nəfəsinin çatmadığı zaman yetirir özünü sənə!..Çəkib qolundan atır qırağa və deyir ki,.get yaşa! Çoxfunksiyalı,İmkanlı telefonu götürüb yığdım Barat Vüsalı,elə ilk kəlmədəncə əhvalını yerində görmədim.Soruşanda dedi “Ay Şahnaz,səsim satdımı məni?!”..və özünə məxsus gülüşü cingildədi qulağımda!.. Məlum oldu ki,sağlamlıq problemi olsa da artıq adladıb…nə yaxşı,şükür Allaha!..Söhbətimiz xeyli çəkdi,mövzular bir birinə calandı,amma yenə istinad nöqtəmiz mübarəkqədəm,bəzən də başı bəlalı,hərdən şou məkanını xatırladan ədəbiyat oldu…Milli sərvət səviyyəsinə yüksələn yazarları andıq,yaddaşa köçən sətirlərini xatırladıq,arada hələ xarici yazarlarla da ilgiləndik.Gördük vallah ədəbiyyatın mənbəyi öz milli yazarlarımızdı,onların dünyadan gedənini rəhmət,sağ olanlarını can sağlığı diləməklə yad etdik!..Nizamidən tutmuş Sabir,Səməd Vurğun,Məmməd Araz,Nəriman Həsənzadə,Musa Yaqub,İsmayıl Şıxlıdan…danışdıq….Dəryadı bunlar,gözümüzün qabağındaca olduğundanmı hərdən insafsız davranırıq,öz gözümüzdə tir axtarırıq?… …Doğudan Batıya yollar uzanır, İnsandan insana yol gözə dəymir!… M.Araz deyib bunu!..Görəsən ürəyi, ruhu neçənci dərəcə yanıq zədəsi alıbmış dahi şairin ,bu sətirlərlə su səpib yarasına!!? Musa Yaqub: Şeiri götürdülər hoydu hoyduya, Sözü götürdülər hoydu hoyduya, Dağı götürdülər hoydu hoyduya, Bağı götürdülər hoydu hoyduya…. Məni də qoşdular bu qeybətlərə, Sonu görünməyən boş söhbətlərə.. Heyif,o əvvəliki könlümə heyif, Heyif,o əvvəlki gülümə heyif….. bu sətirləri hələ 90-cı illərdə yazıb…. Eynşteyn onu da başqalarını da qabaqlayıb və söyləyib ki: ..Bu gündən belə insanlığın taleyi onun elmi-texniki nailiyyətlərindən çox,mənəvi dayaqlarından asılı olacaq!….
Barat Vüsalla söhbətimiz həmişə ədəbiyyata, poeziyaya söykənir…
……. Söhbətimizin sonunda Barat müəllimlə gəldiyimiz nəticə belə oldu ki,”Hər şey EŞQin yolunu tapmağa xidmət etməlidir..” Bunların birincisi və ilki isə budağında oturub hərdən ağacını silkələməyə çalışdığımız əbədi,əzəli doğma ƏDƏBİYYATımızdır…!” Düşünək,dostlar,düşünək…
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.