Kateqoriya arxivləri: ŞAHNAZ ŞAHİN

Şahnaz Şahin – BEŞİNCİ FƏSİL

Şahnaz ŞAHİN – şair, publisist, yazıçı

BEŞİNCİ FƏSİL

“Dünyanin həyatı bütün insanların itirdikləri məhəbbətlə zənginləşir..” R.Taqor

    Məni qınamayın,yazmaq,qəlbində yığılanları qələmin “burnundan gətirmək”də bir az vərdiş məsələsidir .”İştah diş altındadır” deyib babalar, yemək istəmək bir şey, yemək isə başqa bir şeydir. Yazı da elə, yazmayanda yadırğayır adam, tənbəlləşir bir az. Yazmaq üçün qələmi götürmək  ürək ağrıyanda dilinin altına  nitroqliserin həbi qoymaq kimidi bir növ! Yemək üçün ağzına qoyduğun tikə kimidi, dadı xoşuna gəldisə qazandın…Ac olanda çörək, susuzluqda su dərdi çəkmək kimidi yazmaq istəyi..Dərdi olan dərdini, sevinən sevincini bölüşməsi tələbatıdı yazı istəyi!.. Bir də dünyaya övlad gətirmək kimi hissdi bu, amma bunun da yarımçıq doğulanı, ölü olanı, şikəsti var həm də. Torpağa düşən toxum kimidi yazmaq tələbi, amma hər toxum cücərməz ki!.. Mərhum jurnalist, uzun illər Ədalət qəzetinin əməkdaşı olmuş, bir-birindən maraqlı yazıları ilə tanınan Vəsilə xanın Usubova deyirdi ki, ”hesablanmış,sifarişli yazılar yazmaq adamı tükətir, bir növ insanın hissi, ruhu dara çəkilir… Arada fasilə vermək gərəkdi və bir də ürəyinin səsini dinləməlisən..”

Deməli yazmaq könül məsələsidir, elə sevginin özü kimi, əziz qonaq kimi..Vaxtında xöş gəldin deyib yanına çəkmədinsə küsüb gedəcək,qaytarsan da yazdığın “vaxtı keçmiş” effekti verəcək, boyat dadacaq.!

    Neçə vaxtdı qələm-kağızı bir qırağa qoyub əziz adamlarımın “kefi”ilə oturub dururam.. Yəni vaxtımı onların istəyi və marağı üzərinə qurmuşam, bəs nə, əzizdilər axı.. Amma bəri başdan küsüb inciməsinlər deyə üzr istəmişəm yazmaq istəyimdən, imkansa vaxtı dəyişsin deyə xahiş etmişəm!..Nəhayət bu gün hüzuruna qalxmaq imkanım olsa da zəhrimar təzyiq gəlib girdi aramıza, kəsdi ona gedən və həm də onun mənə gələn yollarını! Bax elə bu saat da fikrimi çaşdırmağa, iştahımı küsdürməyə çalışır, amma yox, ona fürsət vermək olmaz, yoxsa çıxacaq başıma!..

Çox qorxuram təzyiqdən, nə gizlədim axı.. Yenə anamın ədəbi dünyasından misal çəkəcəm. Anam gəncliyində ölümdən çox qorxurmuş, yan-yörəsi də bildi-bilmədi, yeri gəldi-gəlmədi özlərini bilici göstərib öyünürmüşlər ki, adam da ölümdən qorxarmı, ölümdən qorxan kafirdi!..Bəh, anam da eləmə tənbəllik, bunu bir elmli adama gənəşir, o da cavabında buyurur ki, ey dili qafil, ölümdən qorxmamaqmı olar?!Əlqərəz deyilənin tam əksini söyləyir  adam və üstəlik əlavə izah da verir ki, insanın ölüm qorxusu olmasa nələr edə bilər? Onu bir az da pis əməllərdən geri tutan elə həmin qorxudur…Bu yerdə Əmir Teymur və Nəsimi filmi yadıma düşdü..

Bəs nədi, ölüm adi söz deyil e, adi hal ehtiva etmir özündə, həyatın sonu, var olmanın bitməsi, dünyaya əlvida, sevdiyin və səni sevənlərdən həmişəlik ayrılıqdı!! Bitirə bilmədiyin işlərindi gözündən yaş kimi tökülən, kam ala bilmədiyin həyatındı boğazında düyünlənən, batan günəşdi, yağan qardı, qışdı bir sözlə, qış…

Amma indi payızdı,təbiətin sarı,qırmızı örtüyə büründüyü vaxtdı. Ağacların bardan başını aşağı saldığı vaxt.., bağların qıpqırmızı nar kimi qızardığı, heyva kimi sapsarı saraldığı, şəffaf üzüm gilələri kimi şirələndiyi, qan təzyiqini aşağı salan innab kimi ətirləndiyi vaxt.. Sonra yetişmiş meyvələr yığılacaq və bomboş qalacaq bağlar, bir addım yaxınlaşacaq “ölümünüə”…Yarpaqlar da saralıb, qızarıb töküləcək, yerdə xəzəl olacaq, boş qalacaq bağlar…Təbiətin hüznlü çağıdır payız, nisgilli, amma ecazkar qızıdır, onu müdrikləşdikcə daha yaxşı tanıyırsan, axı payız özü də təbiətin müdrik çağıdır elə…

Payızda bir az da mistika var, təbiətdən yarpaqların və torpağın bir birinə qarışığından yaranmış mükəmməl bir qoxu gəlir, yağışın səsini, ayaqlar altında qalıb qol-qabırğası sınan xəzəllərin küləyə qoşulub yaratdığı musiqini nota salmaq olsaydı..!

Təbiətdə hər fəslin öz yeri var, insanlarda hər yaşın öz gözəlliyi olduğu kimi.. Əslində bütün fəsillər eynən insan həyatında da xronoloji ardıcıllıqla təkrarlanır, yazı, baharı ilə, payızı, qışı ilə!..

Dövran tez dolanır, illər tez keçir,

Biz də dəyişirik hey ildən ilə.

Ömrün pillələri necə düz gəlir.

Ana təbiətin fəsillərinə…(B.Vahabzadə)

Amma mənə elə gəlir ki, bir fəsil də var, o fəsil insan həyatına gizli gəlib gedir, gözə görünmür, o beşinci fəsildir.. Hər kəsin yaşamaq istədiyi, amma hansısa səbəblərdən yaşaya bilmədiyi fəsil..

İndi isə payızdır.. Təbiət hər işini vaxtında görür, bizim kimi sonralara saxlamır və bir-birindən fərqli gözəllikləri sərir önümüzə… Eynilikdən qaçışdı bu sanki.., göz yorulmasın, həyat adiləşməsin, gördüklərimizə biganə olmayaq deyə ana təbiət bir-birindən fərqli gözəllikləri  ilə çıxır qarşımıza!..Fəqət bu gözəlliklər içərisində darıxmaqlar da var, hətta depressiya halına gələnlər, payızın sevgi nəğməsini deyil, hüzn dolu simfoniyasını eşidənlər!

Nə zamansa aldığları travma heç özləri də bilmədən zamanla üzə çıxıb sahibini ələ verir. Onlar üçün payız dünyanın ayrılıq tərəfidi, həsrət üzüdü, kədər, qüssə səhifəsidi ki, onu bacardıqca tez çevirməyə çalışırlar..

…Heç sevmirəm payızda küçələrin, xiyaban və bağların xəzəldən təmizlənməsini! ..  Bu da sanki payızın izlərini silməyə hesablanıb… Payız fərqlilik fəslidi həm də, bəlkə ona görədir ki, hər kəs payızı bir cürə sevir..və

Sevgi varsa, həyat da var.. və ya tərsinə!

Həyat elə bütün fəsillərilə maraqlı və gözəldir…, beşinci fəsli isə siz yaratmalısınız, əzizlərim!

Həyatınıza Beşinci fəslin gəlməsinə icazə verin…

Gecikdi bu payız,

Gecikdin sən də.

Yollar gecələmədi,

Bu payız gözlərimdə.

Ötüb keçdi zamanı,

Kollarda böyürtkənin.

Daha o ilki kimi,

Qanamadı əllərin..

Dağılmadı tellərin

Günəşin çöhrəsinə.

Çırpınmadı ürəyin

Bir vüsal vədəsinə..

Indi bir sən, bir də mən..

Bir də vədəsiz payız.

Gəl alnıma yaxşı bax:

Silinməyib o yazı..?!..

Müəllif:Şahnaz ŞAHİN

ŞAHNAZ ŞAHİNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şahnaz Şahin – ZƏFƏR NƏĞMƏLƏRİ

Şahnaz ŞAHİN – şair, publisist, yazıçı.

ZƏFƏR NƏĞMƏLƏRİ

Lirik poema

Hər gün qulağımı bir səs oxşayır,

Könlümə yüz boya çəkən çağırır.

Ruhunu vətənin ruhuna qatan,

Canını bayrağa bükən çağırır.

Sevinir hər çiçək, hər yarpaq, hər gül,

Bu qaya səsləyir, o dağ çağırır.

Murovdan o üzə süzür xəyalım,

Bütün varlığıyla torpaq çağırır.

Qisas deyib durub gör neçə ildi,

Məzarı dağılan ruhlar çağırır.

Aparır qan izi üzü Şuşaya,

Didilmiş bədənlər, başlar çağırır.

Ağrı-ağrı kəsir ağrılarım da,

Gözlərdə çırtlayan yaşlar çağırır.

O, daş yaddaşına qurban olduğum,

Dərələr əl edir, daşlar çağırır.

Səngərdən səngərə qonur quş kimi,

Müzəffər ordunun qalib əsgəri.

Başının üstündə üçrəngli bayraq,

Yıxır sərhədləri,aşır sədləri.

Insantək dil açır hər cığır, hər iz,

Cəngi haraylayır, Segah çağırır.

Get, sənə, igiddim, uğurlar olsun,

Səni o müqəddəs sabah çağırır…

          xxxxxx

Xeyir-dua ver, ana,

Yetişdi qisas anı.

Tökməyə düşmən qanın,

Qarabağa gedirəm.

Gözləməkdən usandıq,

Ta keçsin bu üzüntü…

Haqqın əlindən tutub,

Qarabağa gedirəm.

Yurdum yuxuma girir,

Qisas deyib səsləyir.

Cihad bizi gözləyir,

Qarabağa gedirəm.

Füzuli, Ağdam, Laçın,

Şuşa yolmasın saçın.

Çək dumandan çalmanı,

Qarabağa gedirəm.

Ordum yenilməz, mətin,

Dünya görsün qüdrətin.

Qana qandı niyyətim,

Qarabağa gedirəm.

Bu son döyüş, son dava…

Qarabağ alınacaq!

Dünya türkün olubdu,

Yenə “türkün olacaq”…

Xeyir-dua ver, Ana,

Qarabağa gedirəm!..

       xxxxx

Bu da bir cürə ağrıdı..,

Cıxıb canımdan gedir,

Gedir əsgərliyə.

Qanımın qatı təzyiqi də

Bu sabah yerindən hövlnak qalxıb

Getdi əsgərliyə.

Dünən qonşu kəndə şəhid gəldi,

Qəzəbim bir az da körükləndi,

Mündi köhlən atın,

Sürdü əsgərliyə.

Dünənki uşaqlar,

Bığı burma igid oldu.

Dədələrdən, babalardan

Yetərincə öyüd aldı,

Aldı, getdi əsgərliyə.

Getdi dostum, getdi qonşum,

Neçə uzaq, yaxın tanışım..

Sanki kəndin tən yarısı

Getdi əsgərliyə.

Ordumuz da Allah versin,

Yeri yerindən oynadır.

Damarda qanı coşdurur,

Ağlı başından oynadır.

Hər gün qalib ordumuzdan,

Zəfər üstdən zəfər gəlir.

Əsir yurdlar azad olur,

Ürəklərə fərəh gəlir.

Murdar çəkmələr altından,

Canı qurtarır torpağın…

Rəngi açılır torpağın…

Başı ucalər torpağın..

Azərbaycan bayrağını

Qaldırır başı üstünə.

Çəkir şəhid balasının,

Mübarək nəşi üstünə…

Döyüşlərə şir tək girir,

Yurdumun cəsur əsgəri.

Bir hücumla qalaqlanır,

Leş üstə düşmən leşləri.

El-el, mahal-mahal gəzir,

Adı şanlı Ordumuzun.

Tarixi təzədən yazır,

Addımları Ordumuzun…

         xxxxx

Ağır istehkamları,

Yarıb keçir ordumuz.

Düşməni biçib yerə

Sərib keçir ordumuz.

Dronlar ölüm hökmü

Oxuyur göydən yerə.

Canına qorxu düşür,

Ürəyinə vəlvələ.

Atıb qaçır hər şeyi

Silah-sursat.., texnika…

Meydanda düşüb qalır

Boş cəsarət, boş papaq…

Bir atışla Bayrakdar

Yüz canı birdən alır.

Bir bölüyün yerində

Iri bir çala qalır.

Bu Mübariz, bu Fərid,

Bu Poladın qisası.

Azərbaycan əsgəri

Tarix yazır, qısası!..

Kefi kök, damağı çağ,

Ruhu yüksək əsgərim.

Qəlbi nifrətlə dolu

Haqqa söykək əsgərim

Döyüşlərə şir kimi,

Pələng kimi atılır.

Zəhmindən yer titrəyir,

Göylər öyür adını.

Şimşək tək çaxıb keçir..,

Təzim edir dağ-dərə.

Bir yol çəkir zəfərə,

Azərbaycan əsgəri!

      xxxxx

Yaxına, uzağa mərmilər düşür,

Ölüm bu meydanda marığa durub.

Güllə yağış kimi tökülür yerə,

Neçə cavan ömrü yarıda qoyur.

Əl əldən yapışır, ürək ürəkdən,

Hər əsgər bir ordu, ordu bir əsgər.

Baxmayıb aldığı yaralarına,

Yenə də döyüşə atılır əsgər.

Keçilməz dağları qalxır inadla,

Bir əli qayada, biri tətikdə.

O qoç Koroğludur, başqa kim olar,

Belə şücaətdə, belə ürəkdə…

Qanla suvarılır, qanla yuyulur,

Qarabağ qan ilə alır dəstəmaz.

Bu haqq savaşıdır, qoy bilsin dünya,

Haqq yolun yolçusu peşiman olmaz…

          xxxxx

Cəbhəni düşünürəm…

Könlüm xəyal atında.

Indi on igid çıxır,

Bir boz daşın altından.

Bir bədəndən göyərir,

Vurulan yerdən çıxır.

Göydə Günəşdən yağır,

Yerdə buluddan çıxır.

Yerdən, göydən güc alır,

Azərbaycan əsgəri.

Səmaya  kəmənd atır,

Azərbaycan əsgəri.

Öndə Ali Baş Komandan-

O ər oğlu ər durub.

Qardaşı Ərdoğan da,

Deyir qorxma, vur.., durub.

Öz taleyini yazır,

Öz əli millətimin.

Dünya önündə matdı,

Ördumun qüdrətinin.

Dabanına tüpürüb,

Qaçır dinsiz erməni.

Yadların qısqırdığı,

Yurd-yuvasız erməni.

Üçrəngli bayrağımız

Tellənir Qarabağda.

Bu gün torpaq özü də

Əsgərdi Qarabağda.

Hər kəsilən əzadan,

Gör neçə baş göyərir.

Qədəm qoyduğun yerdə,

Çöl gülür, daş göyərir.

Get, sənindi Qarabağ,

O od-ocaq sənindi.

O toy-büsat sənindi,

Get, indi vaxt sənindi…

Başın üstündə Allah,

Tanrı səni qorusun.

Günəşin övladları

Bu vətəni qorusun!…

          xxxxx

Ey dahi Füzulinin adına olan şəhər,

Nadürüst əllər ilə hər şeyi talan şəhər.

Gecə-gündüz saç yolub yelə sovuran şəhər,

Sil gözünün yaşını, qalx ayağa, gəlmişik!

Göstər yaralarını, dünya görüb utansın,

Kör gözlərə işıq ver, bəlkə görüb utansın.

Talansın zülmün evi, evin tək yağmalansın,

Udduq haqq savaşını, ver sadağa, gəlmişik!

Səni körpə uşaq tək böyüdərik, darıxma,

Soyumuş ocağını isidərik, darıxma.

Yenə birgə şadlanıb, sevinərik, darıxma,

Baxıb dönər qürurdan ürək dağa, gəlmişik!

Ilahi özü yazıb türkə qalib qisməti,

Istiqbalı, zəfəri, bu şanı, bu şöhrəti.

Dağıldı zülmün evi, qurmağa mehr-ülfəti,

Doğma yurd-yuvamıza-Qarabağa gəlmişik!..

                  xxxxxx

Daş üstə daş qoymayıb,

Özü bayquş olanlar.

Otuz ildə mikrob tək,

Yurdumuza dolanlar.

Nə yeri var, nə yurdu,

Dığa oğlu dığanın.

Qadın deyil, ana yox,

Şeytan, iblis doğanın.

Məkrindən, hiyləsindən,

Allah da baş açammır.

Çaşdırıbdı dünyanı,

Bu ilanlar, çayanlar…

Allahın evini də,

Donuzxana ediblər.

Canlı, cansız nə varsa,

Zülm, işgəncə veriblər.

Barbarlıq, vandalizm,

Qanından gəlir “yan”a,

Gedib gələn nəfəsi,

Köklənibdi yalana.

Yaşadığı evimi,

Otağımı yandırır.

Meşələri odlayır,

Ağacları yandırır.

Göyə tüstü tək qalxan

Bu torpağın ahıdı.

Şəhiddi burda hər şey,

Hər şey ağır yuxudu…

        xxxxxx

Qarı düşmən qəzəbini,

Hirsini qusur indi də.

Acığını ağaclardan,

Evlərdən çıxır indi də.

Soyur, talayır, sonra da

Evləri yandırıb çıxır.

Azərbaycan bədxahlara

Yenə də zirvədən baxır.

Nəyi varsa yığışdırır…

Köhnə, təzə paltarını,

Ucuz, nimdaş palazını…

Lap “unitaz”ını götürür,

 Amma..

Körpəsini qoyub gedir!

Qəbirdən ölü çıxarır,

Ocaqdan külü götürür.

Qıymır Allahın itinə

Önündən yalı götürür…

Rədd olub gedir erməni!

Döyüş meydanında qalan,

Şəhidi vecinə deyil.

Etiyi cinayətlərin,

Şahidi vecinə deyil..

Allahdan qorxusu yoxdu,

Içində ağrısı yoxdu.

Axtar, sözünün içində,

Bir kəlmə doğrusu yoxdu…

Asta-asta köks ötürüb,

Torpaq dikəldir belini.

Dodağı qaçır yolların,

Gözləri gülür çöllərin…

Dili açılır güllərin…

Rədd olub gedir erməni…       

         xxxxxx

Səsi gəlir qulağıma Şuşanın,

Könlü yara, qəlbi qırıq Şuşanın.

Damarında qaynar qanı coşanım-

Yürü Ordum, yürü Qurdum, Şuşaya!

Dağ başında çiçək açmış kimidi,

Bir əliylə göyü qucmuş kimidi.

Canımızın ruhu uçmuş kimidi,

Yürü Ordum, yürü Qurdum, Şuşaya!

Şəhidini al çiyninə sən yeri,

Yamaca yat, buludlarla tən yeri.

Addımların qoy titrətsin göy- yeri,

Yürü Ordum, yürü Qurdum, Şuşaya!

Igidlərin yağılardan öc alsın,

Üzümüzə şanlı sabah açılsın.

Məscidlərdən Azan səsi ucalsın,

Yürü ordum, yürü Qurdum, Şuşaya!

                    xxxxxx

Qisas qiyamətə qalmadı, Allah,

Yurdun üzüyünün qaşı alındı.

Şad xəbər gətirdi açılan sabah,

Sevin, Azərbaycan, Şuşa alındı.

Alındı daşalara çilənən qanım,

Bu zəfər elə o daşa yazıldı.

8 noyabr 2020-

Tarixə şərəflə Şuşa yazıldı.

Ordum müzəffərdi, əsgərim igid,

Əyilməz qürurum, qəddim alındı.

Bağlandı düşmənin bəndi-bərəsi,

Vətənin ən uca səddi alındı…

              xxxxxx

Sevgililər günü bir bəhanədir,

Tanrının ver günü sevirəm səni.

Gecə aydınlığı, günün dan üzü,

Axşamın toranı sevirəm səni.

Baxtımın qadasın alanı gəlib,

Bu Qaval daşının çalanı gəlib.

Araz qovuşdurub, Kürmü gətirib,

Kitabım, Quranım, sevirəm səni.

Iki min yeddi yüz səksən üç dəfə,

Boynuna qol saldı bu böyük zəfər.

A doğma yurd yeri, a kənd, a şəhər,

A dağım, aranım, sevirəm səni.

Torpaqla danışım, suyla dərdləşim,

Düzənlə əlləşim, dağla behləşim.

Bir qaya döşündə qoy heykəlləşim,

Şuşam, can dərmanım, sevirəm səni!

             xxxxxxx

Yağış yağır, islanır

Məzarın yaşdı, şəhid.

Burda necə yatmısan,

Yastığın daşdı, şəhid.

Cismindən şirə çəkib,

Çiçəkləyər torpağın.

Altında döşəyindi,

Üstündəsə yorğanın.

Üçrəngli bayrağının

Nuru düşüb üzünə.

Yenə səsləsə vətən,

Ellər gələr səsinə.

Yollanar döyüşlərə

Azadlıq carçıları.

Siz yenilməz ordunun

Şahidlik yolçuları.

Rahat ol, ta dinc uyu,

Qanın qalmadı yerdə.

Dönür köçkün ellərin,

O, doğma, əziz yurda.

Dalğalanır vüqarla

Bayrağım Qarabağda.

Başlanır türk ellərin,

Növrağı Qarabağda…

         xxxxxx

İlahi, nə gözəl açıldı sabah,

Gəldi Kəlbəcərin xeyir xəbəri.

Torpağı başabaş xəzinə olan,

Dağların başında bitən şəhərin.

Gözü yolda idi, qulağı səsdə,

Bir az da incikdi bizdən Kəlbəcər.

Bir vaxt çal-çağırlı, toylu-düyünlü,

Bəxti bəxtimizlə gülən Kəlbəcər…

…Gözəl yağır Kəlbəcərin dağına,

Dədə Şəmşir, qara bax e, qara bax.

Dərd yuyulur dağlarının döşündən,

Axıb gedir qara, bax e, qara, bax.

A Sücayət, ahın tamam oldu ki,

Boşalmışdı sinən altı, doldu ki.

Azərbaycan bir qələbə çaldı ki…,

Düşmən bağrı yara, bax e, yara.., bax…

Deyirdin “neyləyək, baxt belə baxtdı”,

Inandın “hər şeyi həll edən vaxtdı.”

Rahat uyu, Kəlbəcərin azaddı,

El qayıdır, ora bax e, ora bax…

       xxxxxx

Bu gün də Laçının günüdü, Allah,

Axır ki, yurdumdan gedir erməni.

Çiynini göylərin tağına verib,

Şəhər bircə anlıq özünə gəlir.

Nələr görmədi ki, əsir torpağım,

Talandı, soyuldu, varı daşındı.

Hər murdar çəkmədən, iyrənc nəfəsdən,

Havası qaraldı, cismi aşındı.

Fəqət şax dayandı, namərd düşmənə,

Daim boz üzünü göstərdi şəhər.

Inandı, gələcək azadlıq günü,

Yağıya yerini göstərdi şəhər.

Dolanbac yolları qolları kimi,

Açıb ordumuzu qarşılayır, bax…

Dünəni tarixdə qalacaq, bu gün

Üzünə açılır yeni bir sabah…

         xxxxx

Gözün aydın olsun, Laçın, ay Laçın,

Sənin də ömrünün şad vaxtı gəldi.

Fələyin çərxinin dolanan vaxtı,

Düşmənlərin məğlub, pərt vaxtı gəldi.

Belini dumanlar qurşasın daha,

Telini küləklər dağıtsın yenə.

Oğullar doğulsun mərd, cəsarətli,

Analar pir deyib böyütsün yenə.

Gözəllər naz etsin gülə, çiçəyə,

Igidlər at minib, meydan sulasın.

Atalar fərəhlə köksün ötürsün,

Körpələr bəxtiyar, könül xuraman…

Quşlar qanad çalsın səmada rahat,

Həkəri kükürəyib coşsun fərəhdən.

Yenə axşam düşsün, Ay doğsun gecə,

Sabah Günəş qalxsın dağlar belindən…

          xxxxx

Elə bircə sənsən, elə bircə sən,

Elə bircə dəndi, elə bircə dən

Bu mavi səmaya əlimdən düşən…

O da göyərdi!

Göyərdi, göyərdi, göyərdi, Allah,

Bu çöllü biyaban, bu yer göyərdi…

Allahın açdığı o sirr göyərdi…

Qalmadı bir dərdim,

müdam, göyərdi!

Havası başımdan getməmişdi ki,

Yerini özgəsi tutmamışdı ki…

Bax bu çopur daş da, o sıldırım da,

Tutdu kişi kimi verdiyi sözü…

Adam, göyərdi!

Göylərin ətəyi, sualrın üstü,

Qayaların altı, yolların üstü,

Bacamızdan çıxan o köhnə tüstü

Odunsuz, ocaqsız qalxıb göyərdi…

Uşaq tək sevindi hər cığır, hər iz,

Dağlar yetim idi, çöllər kimsəsiz.

Yeridi üstümə əsir kəndimiz,

Səpdi göz yaşını dam-dam, göyərdi…

Zəngilan, Qubadlı, Ağdam göyərdi!…

          xxxxxx

Ən gözəl şeiri sən yazdın,

 Ali Baş Komandanım!..

Mübtədası, təyini, xəbəri öz yerində.

Azərbaycan əsgəri cəbhənin köz yerində

Düşmənlərin başına od ələyir davada…

Xalq dəmir yumruq kimi birləşmiş ətrafında,

Hər sözün bir qələbə, hər zəfərin söz sənin!

Gözləyir doğması tək hər saat hər kəs səni…

Hər əsgərin qəhrəman, Ordunsa şücaətli…

Dövlətinə sadiqdi, xalqına sədaqətli…

Nə yazsam sənə çıxır, nitqimə sən gəlirsən,

Sən elə Atatürkə, Heydərə tən gəlirsən.

Ha baxıram, hər dəfə mənə Vətən gəlirsən,

Başqa nə desəm azdı…

Ali Baş Komandanım!

Danışırsan inamla, susursan iftixarla,

Ətrafında ulu xalq dayanıbdı vüqarla.

Qürurla dalğalanır, bayrağımız qürurla…

Ta Qarabağda yazdı…

Ali Baş Komandanım!..

        xxxxxx

…Bitdi müharibə, qurtardı dava,

Açıldı qıfıllı, bağlı qapılar.

Çıxdı azadlığa Qarabağımız,

Çıxdı azadlığa o dağlarımız…

Çıxdı azadlığa otlaqlarımız…

Əyninə al-əlvan donunu geyib,

Çıxıb bayram etdi yaylaqlarımız..,

Sevincdən ağladı obalarımız…

Başlandı uğurla bərpa işləri,

Asfalt yol çəkildi Suqovuşana.

Bir yol da qol açıb Şuşaya gedir…

Çiskinə, dumana əl edib qalxır,

 Bu yol baş götürüb Allaha gedir.

Deyir “haqq nazilər, amma üzülməz”.

Bu torpağın ahı yerdə qalmadı.

Qalmadı hesabı qiyamət günə,

Qisası alındı, şükür, qalmadı.

Sərhəddə möhkəmdi, ayıq-sayıqdı,

Vətənin polad tək mətin əsgəri.

Ən çətin döyüşdən üzüağ çıxan,

Əsrin savaşını udan əsgəri.

Dağılmış evlərin ruhu şadlanır,

Onlar da yaralı, ya da şəhiddi.

Bulaqlar, meşələr, otlar, çiçəklər,

Qatil əməlinə diri şahiddi.

Bilsin, agah olsun düşmənlərimiz,

Demişdik bu yurda qayıdacağıq.

Dünyanın mərkəzi-Qarabağımda,

Yeni bir gülüstan yaradacağıq!

Dünyaya göstərdik türklüyümüzü,

Dünyaya göstərdik sərt üzümüzü!

Qaldırdıq göylərə haqq səsimizi,

Yazdıq, qanla yazdıq tariximizi…

Dünyanın ən uca yerindən asdıq-

Asdıq QARABAĞDAN Bayrağımızı!..

          xxxxxx

Qələbə yaraşır mənim xalqıma,

Yel vurub əsdirirqalib Bayrağı.

Açılır qanadı Azərbaycanın,

Geyinib, bəzənib bayram sayağı…

Iki min yeddi yüz səksən üç igid,

Iki min yeddi yüz səksən üç heyrət!

Iki min yeddi yüz səksən üç oğul,

Torpağa can verdi, yurda fəxarət!..

Yenə öndə gedir qəhrəman Polad,

Sirli təbəssümü dodaqlarında.

Sağına, solunda cəm əsgərləri,

Fəxrlə addımlayır ali meydanda.

Baxır, iftixarla seyr edir İlham,

Ali Baş Komandan, Heydərin oğlu!..

Əsrin savaşını aparan kişi,

Yurdunu dünyaya tanıdan kişi…

Bir bax, dalağalanır mavi səmada,

Üçrəngli bayrağı Azərbaycanın.

Cənnət Qarabağda, ana yurdumda,

Başlanır növrağı Azərbaycanın!..

Qəhrəman Ordumuz düzülüb səf-səf,

Başını dik tutub nizamla geçir.

Düşmən bağrı yaran silah, texnika,

Qalib əsgərlərlə qol-boyun keçir.

Azadlıq Meydanı qaynar bir ocaq..

Danışır aramla İlham Əliyev:

“Nə vaxt baş qaldırsa bilsin erməni,

Yenə də taleyi belə olacaq…”

Ərdoğan səsinə səs verir onun,

Azərbaycan özgür, Qarabağ azad!..

Kardeşiz, kardeşdir ölkələrimiz,

Birdir yollarımız, qoşadır bu ad…

Qəhrəman zabitlər, igid əsgərlər,

Bayram libasında keçir meydandan.

A qartal baxışlı, məğrur yerişli,

Özün Qarabağsan, Azərbaycansan!…

Ali Baş Komandan, yaşa, çox yaşa,

Ata vəsiyyətin yetirdin başa.

Qaytardı Şuşanı sahiblərinə,

Qəhrəman Ordumuz İlhamla qoşa….

Son


Müəllif:Şahnaz ŞAHİN

ŞAHNAZ ŞAHİNİN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİNLƏ “SƏMİMİ SÖHBƏT” – TƏRANƏ MƏMMƏD

Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Şahnaz Şahinlə.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ

SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, şair, publisist Şahnaz Şahindir.
Babayeva Şahnaz Feyzulla qızı 20 mart 1956-cı ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub.
Azərbaycan Tibb institutunun pediatriya fakültəsini bitirib. Uzun illər həkim,kənd xəstəxanasında baş həkim, kənd tibb məntəqəsində müdir və Sabirabad İcra hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Şahnaz Şahin 7 kitab müəllifidir, Prezident və Beynəlxalq Rəsul Rza mükafatları laureatıdır.

Şahnaz xanım,“Səmimi söhbət”in ənənəvi birinci sualı belədir: Şahnaz Şahin kimdir?
Şahnaz Şahin min ildi çöllü biyabana atılmış və hələ də axtardığını tapa bilməyən və bəzən də nə gəzdiyini bilməyən dəvrişdir. Şahnaz xanım məsləkinin əsgəri, sevda köləsidir… və ilaxır…
Nə qəribə cavab oldu . Onda deyin, sizinçün yaşamaq nədir?
Yaşamaq yanmaqdır- deyirdi Bəxtiyar Vahabzadə. Mən bu xətti çoxdan yaxıb keçən odun özüyəm.
Özünüzü ilk cümlələrdən od adlandırırsızsa, demək həyatı çox sevirsiniz.Dünyaya yenidən gəlmək istərdiniz?
Dünyadan getmək olmasaydı dünyaya yenidən gəlmək istəyi yəqin ki, olmazdı. Bu istəyimi haçansa şeirə gətirmişəm,“Təkrar gələcəyəm mən bu dünyaya,Təkrar sənin üçün doğulacağam…”- deyə. Deməli hətta buna əminəm. Həyat çox şirindir, nə qədər acı çəksə də həyat eşqi insanı tərk etmir…
Ən çox sevdiyiniz rəng hansıdır?
Bütün rənglərin qarışığını sevirəm. Qaranı isə qırmızı, ya da ağ ilə… ayrıca qaranı sevmirəm.
Sizcə qövsi-qüzehdə qara rəng niyə yoxdur?
Qövsi-qüzehdə qara niyə yoxdur… Baxın, bu çox maraqlı oldu. Bəlkə Tanrı da bu rəngi sevmir elə! Ona görədir bəlkə… bəlkə başqa elmi səbəbi var, amma biz indi elmi müzakirə aparmırıq axı. Məncə qara hüzn, kədər, qəm ehtiva edir, Yaradan isə insanı xoşbəxt görmək
istəyir…

Sizcə qadın olmaq asandır?
Qadın yaranmaq başqa, qadın olmaqsa bir başqadır. İkinci çətindir. İndiki zəmanədə daha çətindir. Bunun çoxlu nədənləri var. Qadın zərif və zəif göründüyü qədər də güclü məxluqdur. Qadın seli daşqını ram edə bilən dağ, dağları yuyub apara bilən seldir! Qadını olduğu kimi görən və qəbul edən azdır. Niyə? Çünki onu zəif görmək istəyənlər çoxdur… Fəqət daş qayadan nə apara bilər ki! Məncə qadını vaxtında və düzgün dəyərləndirsələr yaxşı olar.
Hansı insanlarla ünsiyyət qura bilmirsiniz?
Hər hansı bir insanla ünsiyyət qurmaq mənimçün çətin deyil. Amma bəzən onu özüm istəmirəm. Azaçıq həmsöhbət olmaq yetir ki, davam ya da tamam deyim… Enerji axını çox söz deyir mənə.
Sizin son kitabınız Sabirabad şəhidlərinə həsr edilib.Şəhidlərdən yazmaq nə deməkdir?
Şəhidlər haqda yazmaq elə özü də bir cürə şəhid olmaqdır. Mən bu hissləri yaşadım. Allah yerlərini cənnətdə qərar versin şəhidlərin… Şəkillərinə də baxanda özümə gələ bilmirəm.
Şahnaz xanım, siz həkimsiniz. Deyə bilərsinizmi insan orqanizminə dərmandan da yaxşı məlhəm ola bilərmi?
Həkimlik çox şərəfli peşədir, həkim olmaq isə ayrı aləmdir. Sənətin dəlisi olmaq, ona gəlir mənbəyi kimi yanaşmamaq gərəkdir. Bu haqda çox danışmaq olar. Konkret suala cavab verim. Deyim ki, dərman türklərin ilac dediyi bizim isə əlac saydığımız hansısa kimyəvi və təbii qarışıq əslində məlhəm deyil.Sevgi varsa, xəstəni bu böyük hisslə sarırsansa, bax məlhəm odur…
Demək, Şahnaz Şahin sevginin varlığına inanır?
Bax elə indicə sevgidən danışdım. Əlbətə ki, sevgi var. Olmasa yaradan bu boyda kainatı niyə yaradırdı?! Bizim ən böyük qazançımız elə sevgidir. Varsa qalibsən!..
Sizin şeirlər adi deyil. Bu qeyri-adilik sizi tək qoymur ki?
Təşəkkürlər, əzizim… Yaralı yerimə toxundunuz lap. Qeyri-adiliyim, hamı kimi olmamağım da bir dərddi. Əlbəttə ki,təklənirəm, bəs nə bilirsiniz.., elə bilirsiniz rahatca qəbul edəcəklər?! Yox, əlbəttə. Bir az da geniş götürsək. Tək şəbəkələrdən getmir söhbət. Mən özümə qarşı qısqanclığı lap gənc yaşlarda görmüşəm. Adamlar vardı, nə geysəm ondan alıb geyməyə çalışır,saçlarını mənim saçım kimi kəsdirirdilər… Deməli, əvvəl özüm, sonra da sözüm mənim hüdudlarımı müəyyənləşdirirdi…
Bilirəm ki, siz bir çox jurnalistlərə müsahibə vermisiniz. Bir çox mötəbər Mətbuat orqanlarında şeirləriniz, yazılarınız çap edilib. “Səmimi söhbət”ə heç yerdə demədiyiniz nəyi demək istəyərdiniz?
O qədər söz deyə bilərəm… Siz istiqaməti müəyyənləşdirin mən danışım.
Məsələn, ən çox sevdiyiniz musiqi haqda danışaqmı?
Musiqi həyatımın ayrılmaz hissəsidir. Musiqinin sərhədləri yoxdur məncə. Mən Şopendən tutmuş digər xalqların da musiqisi daxil, başda Azərbaycanın əvəzolunmaz bəstəkar və xalq musiqisini sevirəm. Son vaxtlar Fərid Fərjadı çox dinləyirəm. Deyim ki, musiqi özü də tam ovqata bağlı məsələdir. Hansı andasa, hansı düyün nöqtəsindəsə fərqli musiqi dinləmək olur. Amma xətt ki var, bax o dəyişmir.
Bildiyimə görə sizin şeirlərə musiqi bəstələnib.
Bəli. Mənim sözlərimə Nailə və Hikmət Mirməmmədlilər silsilə mahnılar yazmışdılar.
“Qovuşmaz yolumuz”, “Sevən ürəkdi”, “Hər ürək sevə bilməz”. “Susduq” və başqaları.
Şahnaz Şahin poeziyası əsasən kimin üçündür?
Şahnaz Şahin poeziyası onu duyub hiss edən, oxuyub düşündürə bilən hər bir oxucu üçündür.. Mən yazıram, daha doğrusu, Tanrıdan öyrəndiklərimi öyrədirəm. Səhv etmirəmsə, Hz Məhəmməd deyirdi ki, şairlər yer üzünün elçiləridir. Söz üçün Allah evinə gedirəm, sözün nazını çəkə-çəkə, öpüb oxşaya-oxşaya dəhdən inci tapan kimi tapıb gətirirəm. Bir çox şeir həsr etmişəm sözə. Sözün başına dönüm. Anamdı, atamdı söz.
Hər sətirə ürəyimi qoymuşam,
Məndən sonra şeir balam yaşasın.
Arı kimi çiçəklərdən yığmışam,
Məndən sonra şeir balam yaşasın.
Uçuqlayıb dodaqlarım söz üstə,
Nə istəyib, demişəm ki, göz üstə.
Ayaqyalın oynayıram köz üstə,
Məndən sonra şeir balam yaşasın.
Pəri kimi o nazlanır önümdə,
Toxunuram zəri qalır əlimdə.
Ölməmişdən ölmək keçir könlümdən,
Məndən sonra şeir balam yaşasın.

Şairlər ünsiyəti sevsələr də adətən tənha olurlar.Heç tənhalıq hiss etmisiniz?
Şair kütlə deyil. Əbədi tənhadır.
Onda belə çıxır ki,şair olmaq o qədər də asan deyil?
Yaxşı şeir yazmaq asanlaşdıqca şair olmaq bir az da çətinləşir
Yadınızdadırsa “Bağışla” adlı bir şerinizin sehrinə düşüb onu rus dilinə tərcümə etdim. O şeiri öz ifanızda dinlədikdən sonra sevdim. Səsinizdə hər kəsə xas olmayan bir güc, bir zəhm və eyni zamanda titrək bir incəlik var. Səs insanın daxilndən gəlir.

Daxilnizdə görünməyən bir təlatümmü var yoxsa həzin bir sakitlik?
Səsin yaranması fiziki proses olsa da Yaradan barmaq izlərimiz, fərqli DNT quruluşu kimi səsə də fərdi xüsusiyyətlər verib. Səs uşaq ana bətnində olarkən formalaşmağa başlayır. Mənim valideynlərimin güclü səsi olub. Atam, biz ona baba demişik, Quran əhli olub. Allahın Kitabını gözəl avazla oxuyub. Onu bir yol dinləyənlər unuda bilməyiblər. Bunu mənə həsrət yanğısıyla çox etiraf edib yaşlı insanlar. Anam da gözəl səsə malik olub. Bayatılarımızı əzbərdən mahnı üstə oxuyardı. Uşaqlarıma da laylanı bayatıyla çalıb. Mənə də onlardan keçib bu səs. Tələbə vaxtı çox istədilər ki, institutun ansambılında iştirak edim, istəmədim. Ancaq dostların xahişiylə oxuyurdum. Təsəvvür edin. Kirayə evdə, ya qızların tələbə yataqxanasında mən oxuyanda bilməyənlər televizoru yandırırdılar. Bu mənim heç kimə demədiyim həqiqətlərdəndir…
Zeynəb Xanlarova, Rübabə Muradovanın mahnılarını, yalan olmasın, özlərindən yaxşı oxuyurdum.
Düz dediniz, səsi həm də insanın daxili aləmi zənginləşdirir. İçimdə o saydıqlarınızın hamısı var, ən çoxda təlatüm. Səs həm də təsir vasitəsidir bir növ. Səsin müəmmalı sehri var...
Yüksək vəzifələrdə çalışmısınız . Bu haqda nə deyə bilərsiniz?
Vəzifə adamı ya ucaldır ya qocaldır. O da gərək boyuna biçilə, yaraşa sənə. İçi xıltlı adamlar götürüb yuxarılara yazırdılar və ən əcaibi buydu ki, şairliyimin də haqqında öz üfunətli fikirlərini tökürdülər kağıza.
Şahnaz xanım, müəyyən bir həyat yolu keçmiş insan kimi bu gün hansı arzularla, hansı istəklərlə yaşayırsıız?
Təranə xanım, insan yaşadıqca mükəmməlləşməlidir. Çünki yaşadıqları, başı çəkənlər onu daha dolğun düşünməyə, səbirli qərarlar verməyə yol açır. Arzulardan isə, məşhur mahnıda deyildiyi kimi, yeni arzular doğur. Belə bir söz var, arzularına bax, gör həyata keçən istəklərin çoxdu, yoxsa qalan? Bax ikinci sənin yaşının göstəricisidir. Məni soruşursunuzsa, hələ məni yaşadan istəklərim çox, görməli işlərim isə çox çoxdur…
Söhbətimizin nə dərəcədə səmimi alındığını əlbəttə ki, oxuclar deyəcəklər. Bu gün qonağım olduğunuz üçün sizə təşəkkür edirəm və sonda qonağın əliboş gəlmədiyini bilərək bir kiçik şeirinizi istərdim.
Bir yağış yağar dünyaya
ilin-günün xəstə vaxtı,
üşüdər damarlarını çarəsizliyin…
Havaya baxıb
dodağını büzərsən,
…bezərsən…
və hər gün çarəsizliyini
bir cür bəzərsən…
Göy üzünü çətirtək
tutarsan başına,
Söz-söz tökülər
gözündən çəkdiklərin.
Hardasa unutduğun
ləpirlərin gəlib
düşər ayaqlarına…
…Nağılmı ömrün,
ömürmü nağıl imiş, sonda bilərsən…

Sanki bir həzin, düçündürücü nəğmə dinlədim. Təşəkkür edirəm, Şahnaz xanım.
Mən təşəkkür edirəm. Səmimi adamlarla birlikdə olun, sevin, yenə sevin…
Bax beləcə daha bir səmimi söhbət başa çatdı. Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.

Söhbətləşdi: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ŞAHNAZ ŞAHİNİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru