BAHARDA DOĞULAN VƏTƏN QIZI ŞAHNAZ ŞAHİN, bilmirəm, bu yazı özəl gününlə bağlı sənə təbrik sözüm olacaq, və ya görüşmədiyimiz son 1 ayda bölüşmək istəyimdən yaranan ehtiyacımın ifadəsi. Bəlkə də axır bir neçə həftədə ictimai həyatda, ədəbi mühitdə baş verən hadisələri düşüncəmin işığında müzakirə müstəvisinə çıxarmaq məqsədilə fikirimi sənə ünvanlamaqdır. Sözün bu yerində özümə etiraz edirəm: müzakirəni sosial şəbəkədə açmağa nə hacət, bunlar qalsın Allahın iznilə baş tutacaq növbəti görüşümüzə…
Yaradana şükr edirəm, nə yaxşı ki, ortaq rəfiqəmiz, tələbə yoldaşım, istedadlı jurnalist, rəhmətlik Vəsilə Usubova vaxtilə bizi tanış etdi. Bu tanışlıq aramızda həmişəlik Söz körpüsü oldu. Anlaşdıq, dərk etdik bir-birimizi. İki ədəbiyyat adamı olaraq bir-birimizin mənəvi, yaradıcı aləminə yaxınlığımız dostluğumuza xoş rənglər qatdı…
Şahnaz xanım, düşünürəm ki, səni ədəbi mühitə, sosial mediaya geniş təqdim etməyə lüzum yoxdur. Nədən ki, bir şair olaraq çağdaş poeziyamızın istedadlı nümayəndəsi, ədəbi, ictimai həyatda gərəkli və ciddi, aktual mövzularda dəyərli esselər müəllifi kimi özünü təqdim-təsdiq etmiş Ədəbiyyat adamısan. Burada məqsədim yaradıcılığını xarakterizə etmək, əsərlərinin ideya-mənəvi dəyərlərindən söz açmaq deyil, amma bu istiqamətdə bəzi məqamlara toxunmağı vacib sanıram.
Hamımız bu Vətənin övladlarıyıq, amma çoxlarından fərqli olduğun üçün sənə ağızdolusu Vətən qızı deyirəm. Çünki, yaradıcılığınla Vətənə, xalqına xidmət edən, millətin ağrı-acılarına yanaraq onları dilə gətirən, el-oba təəssübü çəkən, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igdlərimizin, şəhid oğullarımızın taleyinə, həyat salnaməsinə işıq salan, qələbə sevincimizi, zəfərimizi qızıl qələminlə vəsv edən Söz xiridarı kimi dəyərli vətəndaşsan. Bunları görməzlikdən gələ bilərəmmi, Şahnaz Şahin…
İndiki məqamda yadıma düşən, oxuduqca coşduğum, xoş təəssürat içrə duyğulandığım bəzi kitablarını xatırlayıram. “Xocalının Sərvəri”, “Sabiradad Şəhidləri”, “Zəfər nəğmələri”, “Şuşa haqqı” əsərlərinlə sən də Vətənin keşiyində dayanan mübariz, dəyanətli bir əsgərsən… Zatən münasibətimizin davamlı olacağına inanıram. Xoş halımıza ki, bazar söhbətlərindən çox-çox uzağıq. Hər görüşümüzdə yazılarımız haqqında, ümumən ədəbiyyatımıza xidmət edən əsrlərlə bağlı fikir mübadiləsi aparır, hansısa bir bədii mətni müzakirə edirik. Düz sözə etina edirik. Lütfən, kimsə bu fikrimi özümüzdən razılıq kimi anlamasın…
Doğum gününlə bağlı bu yığcam fikirləri qeyd etməklə istədim biləsən, bütün uğurlarına (bilirəm ki, ölkəmizdən kənarda da yaradıcılığına verilən dəyəri, haqqın olan dəyəri qazanmısan) özün qədər sevinirəm. Səni təbrik edirəm, Şahnaz. Bir də demək istəyirəm ki, baharda doğulan rəfiqələrimin arasında sən də özəlliyinlə seçilirsən. Novruzun mübarək qədəmləri ilə birgə doğulmağın da Tanrının həyatına bəxş etdiyi bir naxışdır. Əzizim, ruhunun yaşı gülümsər çöhrəndə daim şəfəq saçsın. Yeni yaşın mübarək, Şahin Çahin! Sənə sağlam həyat içrə davamlı yaradıcılıq uğurları arzulayıram. Hörmətlə, Şəfəq Nasir
Şabran rayonu “Xaqani” poeziya evində Anım günü ərəfəsində şair- publisist, esseist, Prezident mükafatçısı, lBeynəlxalq Rəsul Rza mükafatı laureatı Şahnaz Şahinlə görüş keçirildi. Tədbirdə şairin Vətən müharibəsinə həsr olunmuş “Zəfər nəğmələri” və “Şuşa haqqı” kitabları da oxuculara təqdim olundu. Tədbirdə şairin qələm dostları və Şabran ziyalılari, eləcə də bir qrup məktəbli iştirak edirdi. Tədbiri “Xaqani” Poeziya evinin müdiri sair Aybəniz Əliyar açdı. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Aybəniz xanım Vətən müharibəsinin tariximizdə ölçüyəgəlməz rol oynadığından, igidlərimizin böyük şücaətindən danışdı. Şahnaz Şahinin yaradıcılığı haqqında ətrafli söz açan Aybəniz Əliyar bu əsərlərin gələcək nəsillərin tərbiyəsində, onların vətənpərvər ruhda böyüməsində mühüm rol oynayacağinı qeyd etdi. Yazıçı, publisist Kənan Hacı tədbirdə çıxış edərək qeyd etdi ki, Qarabağın azad edilməsi ilə xalqın ən böyük arzusu həyata keçib. Bu parlaq qələbəni əks etdirən bir çox əsərlər yazılıb. Şahnaz Şahinin “Zəfər nəğmələri” və “Şuşa haqqı” bu mövzuda yazılmış dəyərli əsərlərdəndir. Sonra tədbirdə çıxış edən tanınmış qələm adamları Gülayə Könül, Günel Natiq, İlhamə Dağlı Şahnaz Şahinin yaradıcılığı haqqında fikirlərini bölüşərək şairin Vətən muharibəsini əks etdirən kitablarının bədii dəyərindən söz açdılar. Daha sonra Şabran MKS- nin direktoru Firəngiz Aslanova, yerli şairlər Gülnar Zakirqızı, Qızqayıt Mahmudova və başqa iştirakçılar çıxış edərək fikirlərini bildirdilər. Daha sonra məktəblilərin Şahnaz Şahinin əsərlərindən soylədiyi nümunələr maraqla dinlənildi. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Şair- publisist Şahnaz Şahinin bu ilin may ayında Türkiyədə “Zafer nağmeleri” adlı kitabı çapdan çıxıb. Kitabın işıq üzü görməsilə əlaqədar Şahnaz Şahin avqust ayının 9 və 10- da Ankarada “Gənc Yürekler” dərgisinin qonağı olub.
Bundan başqa, o, TÜRKSOY, “Türkiyənin sesi” radiosu, dərginin internet televiziya proqramı olan “Mohabbat sofrası”, “Krım Xəbər ajansı”nın “Memleket hikayeleri” internet televiziyasında da yeni kitabını təqdim edərək Azərbaycan və doğma Qarabağdan bəhs edib.
Qarabağ müharibəsində xalqımızın qazandığı böyük qələbədən söz açan şair çətin günlərdə Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərdiyini vurğulayıb.
“Ermənilər Şuşadakı tarixi əsərlərimizi, türbə və sənət abidələrimizi məhv etdi. Amma dövlətimiz azad edilmiş yurdlarımızı dircəldəcək, çiçəkləndirəcək” deyən Şahnaz Şahin hamını duyğulandırıb.
Azərbaycanlı şair eləcə də 2023-cü ilin iyul ayında “Vaqif Poeziya Günləri” çərçivəsində Şuşaya etdiyi səfərlə bağlı təəssüratlarını bölüşüb, tədbirə qatılanların suallara cavab verib.
Keçirilən görüşlərdə şair “Zafer Nağmeleri” kitabını da imzalayıb.
Tanınmış şair, esseist,Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, Prezident və Beynəlxalq Rəsul Rza mükafatçısı, Şahnaz Şahinin Vətən Müharibəsindən bəhs edən “Zəfər nəğmələri” kitabı Türkiyədə, “FERFİR” nəşriyyatı tərəfindən nəfis tərtibatla çapdan çıxmışdır. Kitabın redaktoru şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, baş direktoru isə Şərəf Yılmazdır. Kitabı qardaş dilə Ömər Küçükmehmetoğlu çevirmişdir. Poema və vətənpərvər şeirlərdən ibarət kitab qardaş ölkənin geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Bax belə…Yenə uzaqdan qonaq gözləyirəm.Sevinirəmmi?!..Əlbəttə,özü də necə!Axı mən elə uşaq yaşlarımdan qonaq sevənəm…gələndə şadlıqdan uçar, gedəndə isə zülüm-zülüm ağlardım…(sanki qonaq bizimlə bir ömür yaşamağa gəlibmiş!..)Balaca qız idim, anamın rəfiqəsi, həm də əmisi qızı olan Bilqeys xala bizə tez –tez gəlirdi, qonşuluqda yaşayırdı, cəmi bircə ev aramız vardı.Anamla söhbəti yaman tuturdu!.. İki otaq və bir eyvan olan evimizin balaca otağında üz-üzə bardaş qurub əyləşər, şirin-şirin söhbət edərdilər..həm də sırf söhbət!..Mən də üzü üstə uzanıb dirsəklərimi yerə, əllərimi də üzümə dayaq verərək maraqla onlara qulaq asardım.Nədən danışdıqlarının önəmi yox idi mənimçün, heç soruşsalar yadımda da deyildi..Amma təki söhbətləri kəsilməsin…Sonralar, lap sonralar cızdağım cıxacaqdı o anlar üçün!…
Anam deyirdi ki, qonşunun da boynunda qonşu haqqı var,əvvəl qonşu,sonra qohum!..Sonra da əlavə edirdi ki, bala,insan insana hayan olmalıdı, elə ölüləri də yalqız olmasınlar deyə yanaşı basdırırlar…Bu həyati fəlsəfə idi və doğruluğuna şübhə yeri qalmırdı.
..Alman psixoloqu və filosofu Karl Qustav Yunqa görə insan dərin dəyişmələrə uğrayaraq inkişaf edir, beləliklə ömrün körpəlik çağından böyümə və yetkinləşmə dövrünə adlayır…Fiziki olaraq insanın keçdiyi mərhələyə dönmək fikri absurddur,yalnız qəlb obrazlarala keçib gəldiyi mərhələlərə qayıda bilir…Demək istəyirəm ki, nə yaxşı!..Amma elə o andaca başqa bir hissim etiraz edir.., axı bu insana əzabdan başqa nə verir ki…!
Əzik-üzük xatirələr çıxır
pul qabımdan,
atıram gül qabına..
Bir dəli gün də yazılır alnıma..
Gedirəm…
çətini qəbul edənəcəndi ayrılıqları,
sonra ölümə də öyrəşir adam..(Ş.Ş)
Uşaqlar tez böyüməyi düşünər, gənclər həyatı dolu-dolu yaşamağı, qocalanda dünya da, dünya haqqında fikirlər də dəyişər.., etmək istəyib amma edə bilmədiklərin asılar yaxandan!..Yuxuların pərən düşər, sanki indiyəcən edə bilmədiklərini“çoxu gedib azı qalan” ömrün sonuncu abzasına yaza biləcəksən kimi qiyama qalxarsan..
Uşaqlıq hissləri daha safdır, daha təbiidir,Allahdan gələndir,eynən onun qəzəbi,sevgisi kimi axıcıdır,özü kimi də sevimlidir! Deyirəm keşkə uşaqlar eləcə uşaq qalsa…heç böyüməsə.. Amma bu mümkünsüz bir istək..amma böyüklərin öz içində bir cocuq yaşada bilmək şansı vardır!..Təsəvvür edirsiz necə gözəllik tapar dünya, savaşlar bitər, bu qədər nahaq qanlar da tökülməz, insanlar Allahın birgəyaşayış üçün verdiyi dünyanı tikə-tikə bölməz,hirsi,hikkəsi,qəzəbi,kini elə uşaqlarda olduğu kimi bir anlıq olar,göy üzü aydın,səma açıq,Günəş parlaq,Ay da şair xəyalını uçuran..!
..Hərdən ölümü qınayırıq,vaxtsız gələndə (baxmayaraq ki, ölüm həmişə vaxtsız olur elə…),yerdə qalanları qəm içrə boğulanda.. Amma həyat varsa ölüm də mütləqdir..
Ayrılığın da vaxtı var, amma
həmişə vaxtsıq olur ayrılıqlar..
Atalı-analısı,sevdiyi,sevmədiyi kəsi..
Yetimi,kimsəsizi olur,
Eynən adamların özü kimi…
Ayrılıq ən əvvəl fikirdə doğulur,
Böyüyür..
Kimsə heç bilmədən
ən yağlı tikəsini yedirir,
kimsə gözünün ağını…
böyüdür ayrılığını..,
bir atom bombası kimi..(.Ş.Ş)
Əvvəldə qonağ gözlədiyimi demişdim.. xoş o evin qapısına ki, Allah qonağının üzünə açılar, və xoş o kəslərin halına ki, qapısını dost açar..!.Bəs heç siz bircə dəfə də olsa özünüzüzlə,ya hər gün yanına döndüyünüz , bir damın altını ev deyib paylaşdığınız insanlarla qonaq kimi davrandınızmı?..Böyük ehtimalla yox yəqin ki.!..Olsaydı bəlkə də çox şey tamam başqa çür olardı,elə münasibətlər, qayğılar, rəftar…Məsələn,evdə olanımızın ən yaxşısını bu dəfə özümüz üçün ayırardıq,kəmhövsələ vaxtımızda özümüzə nəzarət edərdik,məchul sonralara saxladığımız ,amma o “sonra”ların da bəzən heç gəlmədiyini düşünüb özümüzə daha çox zaman ayırardıq,sevgimizi etiraf etməyə tələsərdik…Bu yaxınlarda səksən yaşını keçmiş bir xanımın altmış yaşlı rəfiqəsinə göndərdiyi məktubda ”mənim artıq şansım yoxdu,amma sən yubanma!.. “ söylədiyi kimi!..Anam deyirdi ki,dil bir parça ətdir,amma könülləri çala da bilir,ala da !..Hz.Əli isə bir başqa cür:”Danış,tanıyım səni..!”..Xalq şairi Cabir Novruz da ”Sağ olanda qiymət verin insanlara” şeiri ilə belə bir mesaj ötürürdü insanlara..
…Gələcəyə çox da ümid bağlamayın
Sözünü sonralara saxlamayın,
Zəhləm gedir sonralardan..
Vaxtsız dinən zurnalardan..
Sən heç demə,insan illərlə çaba verib kərpic üstə kərpic qoyaraq yer üzündə özünə gün-güzəran, ev-eşik qurmağa sərf etdiyi vaxtda heç özü də bilmədən ona təmənnasız verilmiş “ömür sarayı”dan hər gün bir kərpic salırmış …Sonda isə..ta heç nə, bir məşhur türk mahnısında deyildiyi kimi:
Əllərim bomboş..
Ürəyimdə bir sızı….
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
Bu gecə yuxunun əsir gecəsi, Mən də ki, yuxudan didərgin adam. Uçub bu gecənin qaranquşları Sərhəddə oyaqdı qan qardaşları..
Uduşlu, uduşsuz lotoreyalar Hərəsi bir adı qaralayır bax Hərəsi bir qəlbi yaralayır bax… Bu tinin başında iki cavan da Eləcə başını girələyir bax…
Dağıtdı bir xəbər yüz evi getdi Ovuda bilmədim bir ürəyi də. Soyuda bilmədim bir kədəri də… Atıb pencəyimi qolumun üstə Əvvəlki yerişlə, qabakı tərzlə Qayıda bilmərəm daha o kəndə…
Cəbhədən alovlu xəbərlər gəlir Qarşıdan narahat səhərlər gəlir Geyinib qələbə paltarlarını Yenə adamların başları üstə Fəxri xiyabana şəhidlər gəlir…
Bu fəxri xiyaban yenə köç dolu Biri sinə vurur, biri saç yolur… Kimsə pıçıldayır qulaqlarıma: -Sinəsi üstündə medalı varmış.. İndi yüz sualın bir cavabı da Allahdan asılıb, Allaha qalmış… Bu şəhid oğlanın, bu bəxtəvərin Deyirlər, deyəsən “adamı” varmış…
Yenə bu gecədən bir yuxu keçir Yenə ürəyimdən bir qorxu keçir… Kımsə güllələnmə verib gecəyə Endirib səmanın ucalığından Üçrəngli bayrağı sərib gecəyə…
Gəl gedək, boz atlı oğlan, gəl gedək Gedək atımızı dəyişdirməyə Gedək adımızı dəyişdirməyə Gedək haqqımızı dəyişdirməyə… Anam öd almağa göndərib məni Gedək odumuzu dəyişdirməyə…
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
Bu gün Sabirabad rayon Mədəniyyət Mərkəzində şair-publisist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü və Beynəlxalq Rəsul Rza Mukafatı Laureatı Şahnaz Şahinin şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi “Sabirabad Şəhidləri” və şanlı zəfərimiz münasibəti ilə qələmə aldığı “Zəfər Nəğmələri” adlı kitablarının təqdimat mərasimi baş tutub.
İnsan dünyanın neçənci möcüzəsidir, deyə bilmərəm, amma bütün möcüzələrin birincisi olduğuna qəti əminəm.
Hər süslü çiçək sonda saralmış quru yarpaq,
İnsan, o nədir? Əvvəli torpaq, sonu torpaq!-
deyən C.Cabbarlı haqlı idi, amma bu tərif insanın yalnız bəşəri dəyərini, fiziki ömrünü ifadə edirdi. İnsanlar isə çox fərqlidirlər, bu xarakterik xüsusiyyətlər, genetik, sosial və mədəni faktorlarla da tənzimlənir. Müxtəlif vaxtlarda aparılan araşdırmalara əsasən hətta şəxsiyyətin cinsi fərqləri erkən yaşlarda özünü biruzə versə də, insanlar yaşa dolduqdan sonra belə qalır. Qadınlarda ütancaqlıq, istiqanlılıq, dostcanlı və narahatlıq hissləri yüksək olduğu halda, kişilər iddialı və yeni ideyalara açıq olmaları ilə fərqlənir.
El içində belə bir deyim var, soruşanda qardaşın necə adamdır, yoldaşlıq etməmişəm deyilrər. Psixoloqlar isə insanı tanımağın yolunu onun hansı temprament tipinə aid olmasını aydınlaşdırmaqda görürlər. Temperament sözü latın sözü olub, “hisslərin lazımı qarşılıqlı nisbəti” mənasını verir. Amma bu göründüyü kimi sadə və adi məsələ deyil, çünki temperamentin formalaşması da bir sıra faktorlrdan asılıdır, ətraf mühit, həyat tərzi, ailədən gələn tərbiyə bu işdə böyük rol oynayır. Ümumiyyətlə isə hər adamda dörd temperament tipinin xüsusiyyətləri toplanır, amma hansı tipin əlamətləri dominantlıq təşkil edirsə insan o tipə aid hesab olunur. Belə bölgü bəzən mübahisə də doğurur, çünki elə psixoloqlar özləri də təsdiq edir ki,” yer üzündə yalnız bir tipin xüsusiyyətini özündə cəmləşdirən insan yoxdur”…
Heç vaxt sevdiyim adamın hansı tümperament tipinə aid olmasını düşünmədim, eləcə olduğu kimi qəbul edib sevdim… Çiyin-çiyinə, uzun və eniş-yoxuşlu bir yol keçib gəlmişik, həyat bizi ağladıb da, güldürüb də. Düşdüyümüz çətinliklər bizi bərkidib, yol bizi taqətdən salanda bir-birimizə söykək durmuşuq, güclü küləkdə əllərimizdən bərk-bərk yapışmışıq, yağış-qar döyüb, gün yandırıb kürəyimizi. Amma təslim olmamışıq, səbirlə, təmkinlə yolumuza davam edərək gəlib bu günümüzə çıxmışıq. Bir yerdə yaşamaq asan gəlməsin sizə. Burda şəxslərdən çox şey tələb olunur, əslində insan müdrikliyi də, tolerantlıq və humanistliyi də birinci elə birgəyaşayışdan əxz edir. Qarşılıqlı sevgi, hörmət, etibar, inam, ehtiram, güzəşt başlıca şərtlərdəndir ailədə. Müqəddəs kitabımız da çətinlik qarşısında səbir etməyi öyrədir, amma bəzən çox təəssüf ki, səbirlə dözümü səhv salırlar. Əzizlərim, işgəncə, fiziki və mənəvi basqı, qorxu, təpki, patoloji qısqanclıq və s. qarşısında duruş gətirmək səbir sayılmaz! Mətləbdən uzaq düşsəm də deyim ki, belə hal heç Yaradanın özü tərəfindən də təqdir edilmir. Ailə faciələrinin başlanğıcı hesab edirəm belə dözümlülüyü, gərək deyil, heç bir şey səndən, sənin həyatından, duyğularından, canından artıq deyil… İki insan o zaman birgə yaşamalıdır ki, ayrılıqda yaşaya bilməsinlər. Əgər birgə uçmağa göyünüz, yeriməyə yeriniz, bölüşməyə dərdiniz, yeməyə sevginiz yoxdursa, özünüzü aldatmayın, həyatınızı puç etməyin. Siz Prometey deyilsiniz, yolunuzu vaxtında ayırın, “yox” deməyi bacarın:
…Oyun oynandı, bitdi,
Hirsini, hikkəni boğ.
Sevinməyə sevgimiz,
Çəkməyə dərdimiz yox…
Biz başqa adamlarıq.(Ş.Şahin)
Gedin, harada ki, sizi duyan var, sevən varsa ora gedin, xoşbəxt olmağın o qədər çalarları və növləri var ki…
…Əlində bir kiçik yazı dəftərçəsi tutub min bir sözlü baxışlarla baxır üzümə. Həmişə hər hadisənin, hər gördüyü işin qeydiyyatını apardığını bilirəm, bu onun xobbisidir, həm də lazım gələndə sübutlu sənədi. Mən bu yanda telefonda qurcalanıram, o da divanda oturub dəftərçəni vərəqləyir, arada vərəqləri cırıb mənə göstərib soruşur:
-Xatırlayırsan?..
Mən də yadıma düşməsə də başımı tərpədib təsdiqləyirəm, bilirəm ki, yox desəm inciyər. Onun yaddaşına heyranam, hər hadisəni detallarıyla xatırlayır. Hər birini də tarixi, saatı və dəqiqəsiylə qeyd edib o zaman. Bu dəftərçə görüşlər və ayrılıqlar, sevinc və kədər, etibar və diqqətin tərcümanıdı. Sonra saralmış vərəqlərdən bəzilərini qoparıb mənə verir…Baxıb yana qoyuram, bir-bir. Növbəti vərəqin üstündə düşünməli oluram, İlahi, bu köhnə siyahıdı ki! Burda toyumuz üçün lazım olan vacib şeylər və onların qiymətləri yazılıb. Yox, elə düşünməyin ki, burda bahalı daş-qaş, ya başqa şeylərin adı yazılıb, biz hər iki ailənin büdcəsini düşünüb daşınıb qərar vermişdik. Eh, hələ gəlin və bəy üçün vacib olan geyim və aksesuarlar… Vaxt nə tez keçdi, heç gözümüzü açmağa imkan vermədi ki!..
Toya hazırlaşan valideynlərimiz, qohumlar, dostlar da gəlib göz önündən keçir bir-bir. Evinə gəlin gətirən ana-atanın şadlığını nəylə müqayisə etmək olar ki… O günə qədərki bütün günlərin şəkli var bu dəftərçədə, xoşbəxtlik qayğıları səpələnib sapsarı varaqlara. Sanki bir kompasdır, hara gedəcəyimizi göstərir, təhlükələrdən aşırır, yola salır, qarşılayır bizi…
Özündən başqa heç kimə
gərək deyil xatirələrin…
istər bəxtərvərlik oxu, istər…
nə fərqi!
Özündən o yana getməz ki, səsin.
Uçurmaz damlardan göyərçinləri,
Ağartmaz bağların boz yollarını.
Qayıdıb özünə bir sillə çəkər,
Amandı, danışma nağıllarını..
…Gəl də, bir xatirə şəkli çəkdirək,
Əyil, qoy boynuna çatsın əllərim.
Yığmışam ovcuma xəzəl canımı,
Bir dua gözləyir ruhum hələ də…(Ş.Ş)
…Bu da bir xatirə idi, bir çoxunun dostuna, sirdaşına, yoldaşına göstərmədiyi qayğını göstərib cansız dediyimiz kağızlara. Kağızlar, üstünə yazılan yazılarla dəyər qazanıb, əzizlənib, oxşanıb bu uzun illəri. Əziz günlərin xatirəsi də əziz olur, iki eyni ruh daşıyıcısı, eyni tərəfə baxmağı bacaran insan bir yerdə olarsa bundan onlar özləri də, uşaqlar da, elə mənsub olduqları cəmiyyət də qazanar. İnsanların gedəri olduğu, amma fırlanaraq onları da özüylə birlikdə fırlanmağa məcbur edən dünya əbədidir. Fiziki yoxluqla həyat bitmir, insanı yaşadıqları və yaşatdıqları yaşadır sonra…
…Dəyişmir donunu dünən,
Çırpırsan tozu tökülür.
Səni gözləməkdən ölən,
Günlərin duzu tökülür…(Ş.Şahin)
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.
Barat Vüsalla söhbətimiz həmişə ədəbiyyata, poeziyaya söykənir…
…Adamlar var onlarla ədəbiyyat haqda ədəbiyatçı kimi tutur söhbətin.Elə sənin müxtəlif qayğılardan boğulduğun,nəfəsinin çatmadığı zaman yetirir özünü sənə!..Çəkib qolundan atır qırağa və deyir ki,.get yaşa! Çoxfunksiyalı,İmkanlı telefonu götürüb yığdım Barat Vüsalı,elə ilk kəlmədəncə əhvalını yerində görmədim.Soruşanda dedi “Ay Şahnaz,səsim satdımı məni?!”..və özünə məxsus gülüşü cingildədi qulağımda!.. Məlum oldu ki,sağlamlıq problemi olsa da artıq adladıb…nə yaxşı,şükür Allaha!..Söhbətimiz xeyli çəkdi,mövzular bir birinə calandı,amma yenə istinad nöqtəmiz mübarəkqədəm,bəzən də başı bəlalı,hərdən şou məkanını xatırladan ədəbiyat oldu…Milli sərvət səviyyəsinə yüksələn yazarları andıq,yaddaşa köçən sətirlərini xatırladıq,arada hələ xarici yazarlarla da ilgiləndik.Gördük vallah ədəbiyyatın mənbəyi öz milli yazarlarımızdı,onların dünyadan gedənini rəhmət,sağ olanlarını can sağlığı diləməklə yad etdik!..Nizamidən tutmuş Sabir,Səməd Vurğun,Məmməd Araz,Nəriman Həsənzadə,Musa Yaqub,İsmayıl Şıxlıdan…danışdıq….Dəryadı bunlar,gözümüzün qabağındaca olduğundanmı hərdən insafsız davranırıq,öz gözümüzdə tir axtarırıq?… …Doğudan Batıya yollar uzanır, İnsandan insana yol gözə dəymir!… M.Araz deyib bunu!..Görəsən ürəyi, ruhu neçənci dərəcə yanıq zədəsi alıbmış dahi şairin ,bu sətirlərlə su səpib yarasına!!? Musa Yaqub: Şeiri götürdülər hoydu hoyduya, Sözü götürdülər hoydu hoyduya, Dağı götürdülər hoydu hoyduya, Bağı götürdülər hoydu hoyduya…. Məni də qoşdular bu qeybətlərə, Sonu görünməyən boş söhbətlərə.. Heyif,o əvvəliki könlümə heyif, Heyif,o əvvəlki gülümə heyif….. bu sətirləri hələ 90-cı illərdə yazıb…. Eynşteyn onu da başqalarını da qabaqlayıb və söyləyib ki: ..Bu gündən belə insanlığın taleyi onun elmi-texniki nailiyyətlərindən çox,mənəvi dayaqlarından asılı olacaq!….
Barat Vüsalla söhbətimiz həmişə ədəbiyyata, poeziyaya söykənir…
……. Söhbətimizin sonunda Barat müəllimlə gəldiyimiz nəticə belə oldu ki,”Hər şey EŞQin yolunu tapmağa xidmət etməlidir..” Bunların birincisi və ilki isə budağında oturub hərdən ağacını silkələməyə çalışdığımız əbədi,əzəli doğma ƏDƏBİYYATımızdır…!” Düşünək,dostlar,düşünək…
Müəllif:Şahnaz ŞAHİN AYB və AJB üzvü, Prezident Mükafatçısı, Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.