Etiket arxivi: BAYRAQ HEKAYƏLƏR TOPLUSU

FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU). VİCDAN VƏ NƏFS

FƏRHAD ƏSGƏROVUN YAZILARI

Fərhad Ramiz oğlu Əsgərov 24 dekabr 1960-cı ildə Bakı şəhəri, Mərdəkan qəsəbəsində anadan olub. Hazırda Mərdəkan qəsəbəsində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

VİCDAN VƏ NƏFS

Sentyabr ayında bütün qonşu uşaqları hamısı məktəbə getdi. Fazilin isə yeddi yaşı tamam olmadığı üçün onu məktəbə yazmamışdılar. Ağlamaqdan özünü saxlaya bilmirdi. Gözləri şişib almaya dönmüşdü. Dəli kimi olmuşdu. Necə ola bilər ki, bapbalaca Natiq məktəbə gedir, məni isə götürmürlər. Ürəyi partlayırdı.

Bir dəfə beş yaşı olanda qonşunun oğlu onu özü ilə məktəbə aparmışdı. Zəngin səsindən elə xoşu gəlmişdi ki, düz bir ay ərzində kimi görürdüsə, o haqda danışırdı.

Fazil həyətin ortasında, tozun-torpağın üstündə oturub ağlayırdı. Səsinə qonşu Səmayə və Ballı xala da gəldi. Onların ikisinin də oğulları məktəbə gedirdilər. Fazil də məktəbə getməyi, zəng vurulan kimi sinfə girməyi, müəllimin qarşısında oturmağı, suala cavab vermək və dərsi danışmaq üçün uça-uça əl qaldırmağı elə istəyirdi ki! Məktəb onun üçün müqəddəs bir yer idi, müəllimə isə, əstəğfürullah, Allah kimi baxırdı. Buna görə də, məktəbə getmək bəlkə də, qonşu uşaqlardan çox Fazilə lazım idi.

Səsini nənəsinə, babasına çatdırmaq üçün daha ucadan ağlamağa başladı. Daha effektli alınsın deyə, oturduğu yerdə iki-üç dəfə özünü qaldırıb yerə çırpdı. Bəlkə bir saatdan çox idi ki, beləcə davam eləyirdi. Nəhayət, qonşu arvadların da təkidi ilə nənəsi onu məktəbə aparmağa razı oldu. Nə qələmi vardı, nə kitabı, nə də dəftəri. Heç məktəbə geyməyə bir düz-əməlli paltarı da yox idi. Nə tapdısa əyninə geyinib, düşdü nənəsinin önünə. O, yerimirdi, sanki uçurdu. Məktəb yolunda qarşısına çıxan məhlə uşaqları biri ona qələm, biri dəftər verdi. Məktəbin qarşısında onları ilk qarşılayan Ağamalı müəllim oldu. Nənəsi məsələni müəllimə danışdı. O da Fazili öz sinfinə götürdü. Beləcə, Fazilin məktəb həyatı başladı. Fazil də bütün birincilər kimi elə bilirdi ki, müəllim çörək yemir, müəllim…

Fazil bir anlıq xəyala daldı. Xəyalı onu məktəb illərinə apardı. O, düşündü: “Onda biz məktəbə təhsil almağa gedirdik. Məktəb təhsillə bərabər təlim-tərbiyə, əxlaq da aşılayırdı. Həyatımızda məktəbin böyük rolu var idi. Məktəbin son siniflərində təhsil alırdım. Ədəbiyyat müəllimimiz Əhməd müəllim idi. Yaxşı yadımda deyil, mövzu nə idi, amma o yadımdadır ki, hansısa əsər haqqında danışırdı. Burada əsərin qəhrəmanını bir vicdanlı, ədalətli insan kimi xarakterizə edirdi. O zaman müəllimə sual vermişdim:

– Müəllim, bu vicdan nə olan şeydi?

Arxadakı partadan başqa bir şagird də əlavə etdi ki, heç onu görən də olmayıb.

Qocaman müəllim bir az susub dedi:

– Oğlum, onu görmək lazım deyil, o hər kəsin içində olmalıdır. Vicdan kiminsə kənardan bizə baxdığını, göz qoyduğunu deyən daxili səsdir. Sən bu daxilindəki səsi eşidə bilirsənsə, sənin içində demək bir ədalət hissi var. Və bu səsi eşidib nəfsinə qalib gələ bilirsən, halalla haramı ayıra bilirsən. Acgözlük, artıq nəfslik heç bir insana başıucalığı gətirməz. Vicdan insanın şərəfi, ləyaqətidir. O insanlarda məncə, bu şəkildə təzahür eləyir. Şərəfli, ləyaqətli insanlar da həmişə insan cəmiyyətində sayılan-seçilən olublar. Bu mənim şəxsi qənaətimdir”.

…Fazilin artıq əlli yaşı var idi. O, rayonun ən gözəl restoranlarından birində iyirmi il idi ki, inzibatçı işləyirdi. Rayonun başqa restoranlarından fərqli olaraq, bu restorana çox imkanlı adamlar gələrdi. Restorandakı yeməklər dadlı, ləziz bişirilərdi. Fazilin burada böyük hörməti var idi. Restorana gələnlər həmişə onunla səmimi görüşür, hal-əhval tuturdular. Hətta onu öz stollarına dəvət edənlər də olurdu.

Restorana ayda bir dəfə, eləcə də bayramlarda altı nəfər məktəb direktoru yeyib-içməyə gələrdilər. Onlardan beş nəfər orta məktəb direktoru, bir nəfər isə internat-məktəbin direktoru idi. Necə deyərlər: taylı-tayını tapmışdı. Möhkəm dost idilər. Aralarından su keçməzdi. Ad günlərində, bayramlarda, müəllim günündə bir yerə yığışıb yeyib-içir, şənlənərdilər. Üçü qadın idi, üçü kişi. Yeyib-içib beyinləri xumarlandıqdan sonra öz “qəhrəmanlıqlarından” ağızdolusu danışmağa başlayırdılar.

Belə xoş günlərdən biri idi. Məktəb direktorlarından biri Fazili də onlarla birlikdə oturmağa dəvət etdi. Fazil bir neçə saat ərzində burada nələr görmədi, nələr eşitmədi. Məktəb direktorlarının içkinin təsirindən kefləri durulmuşdu. Birinin masanın o başından səsi eşidildi: “Bu ay beş min manat qazanmışam”. O biri isə başqa həmkarına deyirdi: “Gəlib-gedənlərə bu ay altı yüz manat vermişəm”. Bir başqası isə gileylənirdi: “Heç “yuxarıdan” gələn kuratoru demirsən? Ən böyük “rasxod” elə ona gedir”.

515 nömrəli orta məktəb rayonun ən böyük tədris ocaqlarından biri idi. Məktəbdə üç mindən çox şagird təhsil alırdı. Burada çox savadlı müəllimlər çalışırdı. Müəllimlər şagirdlərə bilik və bacarıqların mənimsədilməsi üçün var qüvvələrini sərf edirdilər. Müəllimlərin təşəbbüsü ilə məktəbdə rəngarəng tədbirlərin keçirilməsi də ənənə halını almışdı. Düzdür, şagirdlərin əksəriyyəti dərs oxumasalar da, məktəbin az sayda savadlı şagirdləri olimpiadalarda, yarışlarda qalib olur, bununla da məktəbin adı yaxşı məktəblər sırasında çəkilirdi. Hər il məktəbin məzunlarının bir neçəsi ali məktəblərə qəbul olunmaqdan ötrü yüksək bal toplayırdı. Bu isə müəllimlərin və valideynlərin böyük əziyyəti hesabına başa gəlirdi. Tədris ocağında əsas idarəçilik işlərini direktor müavinləri aparırdı. Məktəbin direktoru Marat müəllim isə kollektivə nəzarət edirdi. Savadlı müəllimlərin və şagirdlərin nailiyyətlərinə görə Marat müəllim dəfələrlə fəxri fərmanlara layiq görülmüşdü. Onun rəhbərlik metodu yuxarılarda başqalarına nümunə kimi göstərilirdi. Yaşı əllini haqlamışdı.

 515 nömrəli orta məktəbin direktoru Marat müəllim lap xumarlanmışdı. Bəs necə? Dost məclisi idi axı. Sol əlini ağ örtüklü masanın kənarına dayaq verib ayağa qalxdı:

– Dostlar, – dedi. – Allahdan gizlin deyil, sizdən niyə gizlin olsun. Sevgilimin ad günü yaxınlaşırdı. Onu da deyim ki, onu çox sevirəm. Direktoru olduğum məktəbdə müəllimə işləyir.

Bunu eşidəndə qadın direktorlar bic-bic gülümsəyərək bir-birilərinə göz vurdular. Marat müəllim onların bu hərəkətini görüb şit-şit hırıldadı və sözünə davam elədi:

– Hər ad günündə ona üç dənə yüzlük verirəm. Düzdür, pulum vardı, amma onu bu işə xərcləmək istəmirdim. Götür-qoy eləyirdim ki, bu pulu haradan çıxarım. Səhər kabinetdə oturmuşdum. Bir valideyn əsəbi halda içəri girdi və hay-küylə dedi ki, dünən oğlum fizika dərsində dəcəllik eləyib deyə, müəllim onu vurub. Valideyn fizika müəlliminin dalınca asıb-kəsirdi. Mən isə öz aləmimdə idim, plan qururdum. Valideyni birtəhər sakitləşdirib stula əyləşdirdim. Dedim ki, oturub bütün bunları şikayət ərizəsində yazsın. Ərizəni yazdırıb valideynə təsəlli verib dedim ki, siz arxayın olun, o, mütləq cəzasını alacaq. Valideyn getdikdən sonra tez fizika müəllimini yanıma çağırdım, ərizəni qarşısına qoydum. Oxudu, az qaldı dili-dodağı qurusun. Hədə-qorxu gəlib dedim ki, sən neyləmisən? Valideynin ağzından od püskürürdü, səndən yuxarılara şikayət edəcək. Yazıq bir hala düşdü ki, görməsən inanmazsan. Başladı yalvarmağa. Başa saldım ki, ay yazıq, işdən çıxarılmağın cəhənnəm, hələ o biri tərəfini düşün. Şagirdi vurduğuna görə hüquq-mühafizə orqanları səndən bilirsən nə qədər pul alacaq? Bunu eşidəndə az qaldı bədbəxti infarkt vursun.

Marat müəllim danışır, danışdıqca da lap coşur, gözləri pələng gözləri kimi parıldayırdı. Amma heç düşünmürdü ki, bu yazıq müəllim alacağı cüzi əməkhaqqını səbirsizliklə gözləyir və əməkhaqqı ilə düz bir ay ailəsini dolandıracaq. “Toxun acdan nə xəbəri”. İndi müəllim odla su arasında qalmışdı. Müəllim haradan biləydi ki, qarşısındakı İblis ona tələ qurub. İşini itirəcəyi qorxusu onu vahimələndirirdi. Öz-özünə düşünürdü ki, gərək o uşağa əl qaldırmayaydım. Axı, bu dəcəl və yaramaz uşaq onu ələ salmışdı, qüruru ilə oynamışdı. Yenə də özünə haqq qazandırmırdı, çox peşman olmuşdu. Amma…

Marat müəllim bayaqdan tüstülənib külü masanın üzərinə tökülən siqaretinə bir qullab vurub, tüstünü tavana tərəf filədi: – Təsəvvürünüzə gətirin, – dedi. – Müəllim qorxusundanmı, hirsindənmi tir-tir əsirdi. Yazıq yalvara-yalvara dedi ki, xahiş edirəm bu işi yoluna qoyun. Mənə də elə bu lazım idi də. Dedim get, iki min manat gətir, işi yoluna qoyum. İki-üç gündən sonra pul stolumun üstündə idi. “Dəcəlin” valideynini çağırıb onu təqsirkar çıxartdım. Dedim ki, bu nə uşaqdır tərbiyə eləmisiniz. Əgər bir də nadinclik eləsə, onu məktəbdən qovacam. İşi yoluna qoyduqdan sonra həmin pulu dostlarla yedik-içdik, sevgilimə üç dənə yüzlük verdim, arvadıma da bahalı paltarlar, ayaqqabı aldım. Hə, bəylər, pulu belə qazanarlar eee… Ha, ha, ha…

Marat müəllim doyunca güldükdən sonra badəsini qaldırıb dedi:

– Gəlin bu badələri içək yuxarılarda bizi müdafiə edən, nöqsanlarımızı bilib göz yuman insanların sağlığına.

Badələr qaldırılır və hamı bir ağızdan:

– Gözəl sağlıqdır, içək deyilən sağlığa.

Bunu deyib, badələri qaldırdılar.

Hamı badəsini boşaltdıqdan sonra iştah onlara güc gəldiyinə görə yeməyə başladılar. Araya bir müddət sükut çökdü. Marat müəllim yenidən sözə başladı:

– Məktəbdə elə qanunlar yaratmışam ki, bu qanunlar vasitəsilə də ancaq qazanıram. 8 Mart Qadınlar günü münasibətilə bütün müəllimlər ayrı-ayrılıqda kabinetimə girir, evdə oturan həyat yoldaşımı da təbrik edirlər. Hər bir müəllim 50 manat pul və hədiyyə verir. Təsəvvürünüzə gətirin, keçən il 8 Martda mənə 49 ədəd bahalı ətir verdilər. Onlardan 8 ədədini bacılarıma, arvadıma, əmim qızına, bibim qızına hədiyyə verdim. Qalan ətirləri isə dostumun vasitəsilə mağazada satdırdım. Beləliklə, də bayramda xeyli pul qazandım.

Həmkarının danışığından 528 nömrəli orta məktəbin direktoru Mütalik müəllim də ruhlandı. Bu həmin Mütalik müəllim idi ki, ixtisasca fizika müəllimi idi və atasının yerinə məktəbə direktor təyin olunmuşdu. Atası uzun illər bu məktəbə rəhbərlik etmişdi. Tanıyanlar onu bir zalım, eqoist, təkəbbürlü insan kimi xatırlayırlar. Qocaldığından müəllimlər tezliklə onun işdən çıxacağını və yerinə daha yaxşı direktor təyin olunacağını düşünürdülər. Lakin belə olmadı. Ata öz oğlunu 528 nömrəli məktəbə direktor təyin etdirə bildi. Mütalik müəllimin rəhbərliyini görən müəllimlər öz aralarında danışırdılar ki, “yağışdan çıxdıq, yağmura düşdük”. Mütalik müəllim rəhbərlik etdiyi tədris ocağına müqəddəs bir yer kimi münasibət bəsləmirdi. O, məktəbə qazanc mənbəyi kimi baxır, hardan və kimdən nə qədər çırpışdırmaq barədə fikirləşirdi. İnsan nə qədər tamahkar olar? Gözləri müəllimlərin və valideynlərin əlində idi. Zahirən ətrafdakılarda mədəni, sakit təbiətli bir insan təəssüratı yaratsa da, daxilən eqoist, təkəbbürlü, simic, öz işində hər cür alçaqlıqlara əl atan bir adam idi. Müəllimlərlə danışanda heç başını da qaldırmazdı. Müsahibini dinləmək qabiliyyəti də yox idi. Bu səbəbdən kollektiv arasında hörməti də yox idi. Hamı vicdan və ədalət hissini itirmiş bu adamın nə zaman vəzifədən uzaqlaşdırılacağı günü səbirsizliklə gözləyirdilər. Savadlı, peşəsini sevən, elmin sirlərini şagirdlərə vicdanla öyrətmək istəyən müəllimlər bu talançının əlindən bezmişdilər. Onlar ləyaqətli bir adamın direktor təyin olunmasını arzulayırdılar. Lakin, sən saydığını say, gör, fələk nə sayır. Mütalik müəllim badəsini əlinə götürüb öz nitqinə başladı:

– A kişi, ay kişi sən nə danışırsan? Mən müəllimlərə göz verirəm, işıq vermirəm. Necə deyərlər onları bərk incidirəm. Bəs nə? İncitməsəm çox pul qazana bilmərəm axı. Qardaş, nə başını ağrıdım, hər cür işə əl atıram. Mənə elə gəlir ki, elə hamınızdan çox pul qazanan mənəm. İstəyirsiniz bəzi şeyləri sizə də agah edim? Tədris ilinin əvvəlində hər müəllimə “kak palojna” 18 saat dərs verirəm. Artıq dərs demək istəyən müəllim yanıma gəlir. Könlü balıq istəyən quyruğunu gərək soyuq suya qoya. Atam-qardaşım, bu başdan 200-300 manat alıram, 5-6 saat dərsini çoxaldıram. Gözəl üsuldur, deyilmi? Beləcə tədris ili başlayan kimi beş-altı min manat irəli düşürəm. Pul qazanmağın başqa bir yolunu da sizə izah edim. Bəzi müəllimlərə ayrı-ayrılıqda tapşırmışam ki, varlı ailələrdən gələn yuxarı sinif şagirdlərinin qiymətlərini kəssinlər. Belə ki, beşə cavab verənə dörd qiymət yazsınlar. Belə olduqda şagirdin valideyni yanıma gəlir, övladının qiymətini yüksəltməyi xahiş edir. Bu işə görə də valideyndən pul alıram. Bəzən elə valideyn yanıma gəlir ki, vicdandan danışır. Beləsi ilə ehtiyatla davranıram və müəllimlərə tapşırıram ki, həmin şagirdin qiymətini daha kəsməsinlər. Başqa bir məsələ də var: mühasib öz adamımdır. Hər ay müəllimlərin əməkhaqqı hesabından, hər birindən on-on beş manat sürüşdürür bizim “hesaba”. Onun da haqqını verirəm. Yəqin bilməmiş deyilsiniz. Müəllimlərin məzuniyyət pulundan da 30-50 manat həmin hesaba köçürülür. Bir dəfə qadın müəllimlərdən biri pedaqoji şurada bunların hamısını düz üzümə dedi ki, 30 ildir müəllim işləyirəm, amma sənin kimi əclafa, vicdansıza, şərəfsizə rast gəlməmişəm. Sənin analoqun yoxdur, sən insanlıq hissini, ləyaqətini itirmisən. Səndən hara şikayət eləyim, heç özüm də bilmirəm. Allah bəlanı versin. Bilirəm, hara şikayət etsəm də yenə pul verib şikayəti bağlatdıracaqsan, məni də təqsirkar çıxartdıracaqsan. Müəllim pedaqoji şuranı tərk eləyib getdi. Heç ağlıma da gəlməzdi ki, məni belə zibilə salar. Məndən yuxarılara, bir neçə yerə şikayət etdi. Durduğum yerdə işə düşdüm, apar-gətir, get-gəl başladı. Aləm qarışdı bir-birinə. Ora ver, bura ver. Nə başınızı ağrıdım. Hamının “ağzını yuma bildim”. Diaqnoz qoydurdum ki, guya müəllimə son bir ildə ruhi sarsıntı keçirib və əsəb xəstəsidir. Nə isə, buna da bir xeyli xərcim çıxdı. Amma məsuliyyətdən kənarda qaldım. Baxmayaraq ki, mən müəllimləri, kollektivi çox incidənəm, amma hamı qorxusundan mənim tərəfimdə durdu. Hərçənd ki, mən onların qədrini bilmirdim… Xahiş edirəm, gəlin bu badələri bizim müəllim kollektivinin sağlığına içək, çünki, onlar olmasaydılar və məni müdafiə etməsəydilər, bəlkə də mən indi “içəridə” olardım.

632 nömrəli orta məktəbin direktoru Sona xanım qədəhini həmkarları ilə toqquşdurdu və gülümsəyərək masanın üstünə qoydu. Həmkarının pessimist notlar üzərində qurduğu söhbəti ona heç ləzzət eləmədi. Qəddini düzəldərək, iki dirsəyini də masaya dirəyib əlləri ilə sifətini qucaqladı.

Marat müəllim onun bu hərəkətini nəzərdən qaçırmadı. “Sona xanım, sözlü adama oxşayırsınız”, – dedi.

Qollarını yemək masasının üzərində çarpazlayaraq bir-birinin üstünə qoyan Sona xanım: – Vallah, sizin özünüzü belə çətinə salmağınız mənə bir az qəribə görünür – dedi. – Mənim işlərim sizə baxanda çox əladır. Yəqin bizdə olan şərait sizdə də var. Amma baxır necə istifadə eləyirsən? Hər tədris ilində iki sinif “onbirlərim” olur. Özünüz yaxşı bilirsiniz ki, onların çoxu müəllim yanına getdiyi üçün dərsə gəlmir, ali məktəbə hazırlaşırlar. Doqquz ay dərsə gəlməməyə görə tədris ilinin əvvəlindən onların hər birinin valideynindən 1000 manat alıram. Kim birdəfəlik verə bilmir, aybaay verir. Necədir? Çox gözəl gəlir mənbəyidirmi? Doğrudur, hərdən yoxlama-filan olur, amma onun da “tədbirini” görürük. Təlim-tərbiyə işləri üzrə direktor müavininə tapşırmışam, belə hallar olanda onuncu sinifləri otuzdururuq onbirincilərin yerində. Yoxlama gəlir-gedir, hər şey də öz yerində. Hər şeyin özünün “qanun-qaydası” var da! Guya yuxarıdan gələn kosmosdan enib? Bilmirlər ki, son sinif şagirdləri dərsə gəlmirlər?! Amma hər halda elə görüntü yaratmaq lazımdır ki, “nə şiş yansın, nə də kabab”. Yoxlamanı elə yola salıram ki, razılıq eləyib gedirlər. Bizim məktəb sizinkilərə bənzəmir. Özünüz bilirsiniz ki, məktəb yaxşı yerdə yerləşir, böyük də ərazisi var. Baxdım ki, fürsətdir. Bunu mən etməsəm, bir başqası eləyəcək. Hələ neçə illər bundan əvvəl əlaltından dörd nəfər tapıb hərəsinə yüksək qiymətə dörd sot torpaq satdım. Bu adamlar ərazimizə köçmək istəyən imkanlı adamlar idilər. Qısa bir zamanda onlar hərəsi özü üçün iki-üç mərtəbəli villalar tikdirdilər. İndi pəncərədən baxanda adamın ürəyi açılır. Mən işimi ehtiyatlı tutan adamam. İşin üstü açılmasın deyə, bütün lazımi sənədləri hazırlatdırdım, bir neçə vacib bildiyim adamın haqqını da verdim. Torpağı alan adamlar özləri də elə-belə adamlar deyillər. Onların da köməkliyi ilə işlər yoluna qoyulub sənədləşdirildi. Onlar torpaq alıb villa tikdirdilər. Mən də o pula mərkəzdə “novostoyka”da özümə üç otaqlı mənzil, oğluma isə bahalı avtomobil aldım. İndi hal-hazırda şəhərin müxtəlif yerlərində iki evim və iki obyektim var. Qaldı ki, xırda-xuruş, sizdə olan o işlərdən məndə də olur. Bunlar “krupnı” olduğu üçün danışdım. Amma xahiş eləyirəm bu söhbət burda qalsın, yəni öz aramızda.

Bu çıxışdan sonra Sona xanım badəsini qaldırıb dedi:

– Mən bu sağlığı rayon rəhbərliyində çalışan və bizim üçün şərait yaradan dostların sağlığına içmək istəyirəm. Onların “səxavətləri” nəticəsində bu il məktəbimizin cari təmirinə ayrılan vəsaitdən xeyli yararlandım. – Sona xanım bic-bic gülümsəyərək: – İstəyirsiniz bunun yolunu sizə də öyrədim. Belə ki, iyun ayında hələ müəllimlər məzuniyyətə getməmişdən əvvəl hamısına tapşırıq verdim ki, öz vəsaitləri hesabına hər biri öz sinfində divarları ağartsın və döşəməyə lak çəkdirsin. Müəllimlər də bu işi gördülər. Məktəbdə “cari təmir” işləri aparıldı, buna ayrılan pul isə mənə qaldı. Siz də belə edə bilərsiniz, – deyərək badəsini içdi.

– Narahat olmayın, Sona xanım. Biz də elə bu cür edirik. Bu işdə siz tək deyilsiniz, – deyə masanın o başından Mütalik müəllim göz vuraraq onun sözünə qüvvət verdi.

Bayaqdan həmkarlarının söhbətlərinə heç bir müdaxilə etmədən fısıldaya-fısıldaya diqqətlə dinləyən 599 nömrəli orta məktəbin direktoru Kamran müəllim Sona xanım sözünü bitirib arxaya söykənən kimi yerində qurcalanmağa başladı. Öz-özünə fikirləşdi ki, “eh, bunlar mənim yanımda toya-bayrama getməlidirlər ki”. Kamran müəllim qanunsuz əməlləri və hərəkətləri ilə rayonda çox məşhur idi, ərazidə ad çıxarmışdı. İstənilən oyunlardan çıxırdı. Təki pul gəlsin. Əlləri ilə saçlarını daraqlayaraq, peysərinə qədər aparıb sığalladı. Sol qaşını qaldıraraq xüsusi görkəm aldı. Sanki, istəyirdi ki, həmkarları onun onlardan daha sanballı olduğunu hiss eləsinlər. Bir-iki dəfə boğazını arıtlayıb sözə başladı:

– Altı il bundan öncə direktor təyin olunan gündən məktəbdə öz qayda-qanunlarımı yaratdım. O vaxtdan indiyə kimi məktəbdə mənim qanunlarım işləyir. Məktəbdə 1200 şagird təhsil alır. Əvvəlcə başladım müəllimləri bir-bir müşahidə eləməyə. Hiss elədim ki, 60 müəllimdən on-on beşi özünü çox qürurlu aparır, o birilər kimi mənə yaltaqlanmırlar. Dedim: “yaxşı, siz siz olun, mən də mən. Görün, sizin başınıza nə oyun açacağam”. Müəllimlərin əlli nəfəri qadın, on nəfəri isə kişi idi. Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini kişi müəllimləri idi. Əvvəlcədən direktor müavinlərini çıxaracağım haqda yuxarılarla məsləhətləşdim. Onların “dabrosunu” aldım. Elə sevinirdim ki. İkinci dəfə keçirdiyim pedaqoji şurada mənə yaltaqlanan iki qadın müəllimi yüksək səviyyəli müəllim kimi müəllimlərin diqqətinə çatdırdım və qeyd etdim ki, direktor müavinləri onlar olacaqlar. Onlar elə sabahdan vəzifələrini icra etməyə başlasınlar. İşdən çıxarılan kişi müavinlər narazılıqlarını bildirdilər və şikayət edəcəklərini söylədilər. Onlara dedim ki, qardaş, burda direktor mənəm, kiminlə istəsəm onunla işləyəcəm. Dedilər ki, adamda vicdan yaxşı şeydir. Cavabında dedim ki, eybi yox, qoy mən vicdansız olum, siz vicdanlı. İndi gedin, vicdanla sinfə girib dərsinizi deyin. Birmənalı olaraq fakültətiv məşğələlərin, seçmə fənlərə ayrılan saatların, dərnəklərin pulu mənə çatır. “Müəllim günü” üçün xüsusi “stavka” təyin eləmişəm. Direktor təyin ediləndən sonra araşdırıb bütün şagirdlərin valideynlərinin kim olduğunu öyrəndim. Bilirsiniz də, “lyuboy” məktəbdə pis oxuyan, nadinc uşaqlar var. Otuz nəfər imkanlı ailənin uşaqlarına məqsədli şəkildə “iki” qiymət yazdırtdım. Hər birinə bildirdim ki, bu səbəbdən payız imtahanına qalırsınız. Əgər avqust ayının sonunda müəllimlərin suallarına cavab verə bilməsəniz, sinifdə qalacaqsınız. Ertəsi gün valideynlər bir-bir yanıma gəldilər. Hərəsindən min manat aldım. İmkanlı adamlardır. Min manat onlar üçün tum puludur. Sonra müəllimlərə tapşırdım ki, hərəsinə bir “üç” yazın, sinifdən-sinfə keçirin. Beş uşağın valideyni “görüşə” gəlmədiyi üçün uşaqlarını sinifdə saxladım. Sonra bir valideyn gəldi, hay-küy saldı. “Sizdə vicdan yoxdu, insaf yoxdu, insanlıq hissini itirmisiniz”, – deyə qışqırıb, bağırdı. Heç əhvalımı da pozmadım. Nə vicdan, adə. Vicdanlı olmaq mənə qalıb? Şagirdlərin onuncu sinfə keçirilmələrinə də məhdudiyyət qoymuşam. Belə ki, doqquzuncu sinif şagirdlərinin valideyn iclasında belə bir şərt qoydum ki, üç qiyməti olan şagirdi onuncu sinfə keçirməyəcəyəm, zəif şagird zəhmət çəkib başqa məktəbdə oxusun. Mənim bu şərtim valideynləri hərəkətə gətirdi: nisbətən zəif oxuyan şagirdlərin valideynləri uşaqlarının onuncu sinifdə oxumaları üçün mənə “hörmət” etməyə başladılar.

Amma hörmətli kolleqalar, gəlin etiraf eləyək ki, məktəblərimizdə şagirdlərin savadlılıq səviyyəsi çox aşağıdır. Yetmiş faizi demək olar ki, məktəbə elə-belə gəlib-gedirlər. Məktəbin faizi aşağı düşməsin deyə, “üç” qiymət yazıb növbəti sinfə keçiririk.

Həmkarları onun bu sözünü eşidən kimi yerlərində qurcalanaraq, – “elədir, elədir” ,-dedilər. Kamran müəllim sözünü bitirib badəsini qaldırıb bic-bic gülümsünərək dönüb qadın direktorlardan birinə göz vurdu:

– Gəlin bu badələrimizi içək müəllim və şagird kollektivlərimizin, bəzi valideynlərin şərəfinə. Onlar olmasalar biz rahat-rahat kurortlara gedə bilmərik, yaxşı geyinə bilmərik, istədiyimiz kimi yeyib-içə bilmərik. İçək hər il müəllim yanına gedib ali məktəblərə daxil olan, üzümüzü ağ eləyən şagirdlərimizin, məzunlarımızın sağlığına. Heç olmasa onların hesabına məktəblərimizin adı yaxşılar arasında çəkilir.

Qədəhlər toqquşur, içilir, yenidən isti-isti kabablar gətirilirdi. Mütalik müəllim yenə söz demək üçün badəsini doldurub ayağa qalxdı:

– Hörmətli həmkarlarım, hamının sağlığına içirsiniz, bəs qalanlar var axı. İnsaf da yaxşı şeydir. Mən bu badələri şəxsən psixoloqun, uşaq birliyi rəhbərinin, laborantların, bəzi süpürgəçilərin sağlığına qaldırıram. Onların adları bizdə işdədir, özləri isə başqa yerlərdə işləyirlər. Maaş kartları məndədir. Nigar müəllimənin sağlığını xüsusi qeyd edirəm. Bu xanım müəllimə işə gəlmir. O, həm də biznes ilə məşğuldur. Yazıq Türkiyənin, Dubayın, Rusiyanın yollarında qalıb. Maaşı mənlikdir, hələ arabir mənə hədiyyələr də gətirir.

Bayaqdan gözlərini də qırpmadan Mütalik müəllimi dinləyən 642 nömrəli orta məktəbin direktoru Rüxsarə xanım gözlərini xüsusi əda ilə süzərək sözə başladı:

– Əziz həmkarlarım. Sizin danışdıqlarınız bizim məktəbdə də mövcuddur. Amma mənim iş prinsipimdə başqa bir cəhət də var. Məktəbdə əlimin altında altı nəfər müəllim və iki nəfər süpürgəçi var ki, onlarla yaxşı münasibət saxlayıram. Bu dost münasibətini elə saxlayıram ki, digərləri hiss etməsinlər. Kollektivdə nə söhbət gedir, nə narazılıq var, dost münasibəti saxladığım adamlar hamısını gəlib mənə çatdırırlar. Bu da mənə “kadr siyasətində” lazım olur. Sonra dalımca danışan, iş prinsipimi bəyənməyən müəllimləri gözümçıxdıya salıram. Bu yaxınlarda elə birini şərləyib işdən çıxartdım, yerinə haqqımı alıb başqa birini götürdüm. Hər bir sinifdə də ayrı-ayrı şagirdlər var ki, siniflərdə baş verən hadisələr, aparılan söhbətlər bu xəbərçi şagirdlər vasitəsilə mənə çatdırılır. Bu işdə həmin şagirdlər mənim dostluq etdiyim müəllimlərlə əməkdaşlıq edirlər. Belə ki, dostluq etdiyim müəllimlər həmin şagirdlərə “xəbərçiliyin sirlərini” öyrədir, onları gələcəkdə yaxşı “işverən” kimi yetişdirirlər.

Rüxsarə müəllimə badəni qaldırıb yenidən sözə başladı:

– Bu badəni də içək elə hamımızı müdafiə edən Arif müəllimin sağlığına. Hamımızın nöqsanı var, kişi bizi incitmir ki, gəlir, haqqını alıb gedir. Elə hamımıza sərf edən adamdır.

Direktorlar hamı bir ağızdan:

– İçək, içək deyilən sağlığa, Arif müəllim həqiqətən də gözəl insandır.

Hamı əlindəki badəni içir.

Marat müəllim bayaqdan hamını gülümsəyə-gülümsəyə səbrlə dinləyən internat məktəbin direktoru Həlimə xanıma dedi:

-Həlimə xanım, siz də bir söz deyin.

-Bayaqdan sizə qulaq asıram. Bizdə vəziyyət bir qədər başqadır. Rəhbərlik etdiyim internat məktəbdə cəmi iki yüz şagird vardır. Amma mən də yaxşı qazanıram. Belə ki, uşaqlar üçün ayrılan ərzağın altmış faizini satıram. Hər il bizə xeyli quru və yumşaq inventar verilir. Köhnə inventarları hesabdan silsəm də, onları tullamıram. Köhnələri işlədirəm, yenilərini isə satıram. İyirmi nəfər “ölücan” işçim vardır. Onların da əmək haqqı mənə çatır. Hələ bu harasıdır? İmkanlı adamlar hər  həftə bir neçə qoyun kəsdirir və uşaqlar üçün rəhbərlik etdiyim internata göndərirlər. Həmin cəmdəkləri isə tez bir zamanda qonşumun sahibi olduğu ət mağazasına göndərirəm. Ət satışından olan pulun yetmiş faizi də mənə çatır. Əladır, çox gözəl dolanıram. Artıq altı ildir ki, ailəliklə yeni il bayramını ya Dubayda, ya da Türkiyədə, məzuniyyətimi isə Truskovesdəki və Moskva ətrafındakı sanatoriyalarda keçiririk.

Şərabın təsirindən beyinləri dumanlanmışdı. Hansısa bərkdən qışqırdı: “Tak derjat”. Qıraqdan baxan, qulaq asan olsaydı, bunlara bir ad qoya bilərdi: “Vicdansız, ədalətsiz, insanlıq hissini itirmişlər”.

Bəzən belə adamlara qiymət vermək də çətin olur. Fazil öz-özünə düşünürdü: “Görəsən, bu insanlar nəyə görə nəfslərinə qalib gələ bilmirlər? Nəyə görə nəfs bunlara güc gəlir? Bu talamaq, qamarlamaq hissi sanki, bunların qanına hopub. Nə halal qalıb, nə də ki, haram. Ələlxüsus, da bütün bunlar məktəbdə baş verəndə adamı da çox yandırır”. Bütün bu gördükləri, eşitdikləri Fazilin uşaqlığında, gəncliyində məktəb haqqında xəyalında formalaşdırdığı müqəddəs hissləri zədələdi.

Amma Fazil yenə də nikbindir. Məktəb ona görə müqəddəsdir ki, millətin gələcəyi, inkişafı, mədəniyyəti, mənəviyyatı buradan başlayır, burada formalaşır. O, inanırdı ki, nəfsləri onlara hakim kəsilmiş belə direktorlar haçansa tədricən çıxarılacaq, onları vicdanlı, nəfsinə uymayan saf, sağlam düşüncəli insanlar əvəz edəcək…

MÜƏLLİF: FƏRHAD ƏSGƏROV

FƏRHAD ƏSGƏROVUN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZƏHRA SƏFƏRALIQIZI. GÖYÜN GÖZ YAŞLARI   

Zəhra Səfəralı qızı Məmmədova 4 iyul 1960-cı ildə Zəngilan şəhərində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

GÖYÜN GÖZ YAŞLARI   

Azanın ecazkar, ürəyi riqqətə gətirən səsi aram-aram ətrafa yayılırdı. Üzündəki qırışlarda yaşadığı məşəqqətli, acılı, nisgilli günlərinin izi qalmış, gözlərindən qorxu və nigarançılıq tökülən qadın namazını qurtarıb salavat çevirdi. Sonra əllərini göyə açıb sızıltılı səslə dua etməyə başladı:

-Allahım! Yerin-göyün sahibi, sənə sığınmışam! Səndən başqa dayaq duracaq bir kimsəm yoxdu. Səni and verirəm böyüklüyünə, mənim balamı düşmən gülləsindən qoru!.. Allahım, onların qəlbinə rəhm sal, bu müvəqqəti dünyada bizim günümüzü qara etməsinlər! Camaatın min bir əziyyətlə böyüdüb ərsəyə çatdırdığı balalarının nahaq qanına bais olmasınlar. Sən yardım et, Allahım! Otuz ildir balalarımız qırılır…

Duasını qurtarandan sonra qadın qapının ağzında çıxardığı nimdaş ayaqqabısını geyinib məsciddən çıxdı. Ağır-ağır kəndin başındakı evinə tərəf yön aldı. Uzaqdan evinin odun sobasının bacasından çıxıb göylərə tərəf qalxan tüstüsü görünürdü…

***

Bu kənddən bir necə kilometr məsafədə, çox da böyük olmayan təpənin arxasındakı evlərin arasında, ilk baxışdan nəzərə çarpan kilsənin də zəng səsi eşidilirdi. Kilsənin içində yun çubuğuna oxşar arıq, saçı ağappaq, görünüşündən yaşadığı kənddə təsərrüfatla məşğul olduğu açıq-aşkar bilinən bir qadın qabarlı əllərində tutduğu şamı çarmıxa çəkilən İsa Peyğəmbərin büstünün qarşısında yandırıb dua edirdi:

-Göydə olan atamız! Sən mənim oğlumu hifz et! Düşmənin gülləsinə tuş gəlməsin, gənc yaşında puç olmasın. Atası ilə mən onu çox əziyyətlə böyütmüşük. Onu bizə sağ-salamat qaytar. Bizim ucsuz-bucaqsız torpaqlarımızı da özümüzə qaytarmağa yardım et…

O, duasını qurtarandan sonra kilsədən çıxdı. Hava çox soyuq olduğundan bağın ətrafında otlayan inəyin ipini bağladığı ağacdan açıb darta-darta tövləyə tərəf apardı…

***

Lap uzaqlarda isə möhtəşəm sarayın, çölün qılınckəsən şaxtasından fərqli olaraq isti, xoş hərarətli içində büllur badələrin qışqırdıcı cingiltili səsi, xanımların bahalı, gözqamaşdıran ,zərif libaslarının xışıltısına qarışmışdı. Hər paltarın qiymətinə bir kəndin camaatının illik yemək, içmək, geyinmək ehtiyacını ödəmək olardı.

Rəsmi görüşdən sonra bura toplaşanların sakit və işvəli danışıqları, saxta təbəssümləri sanki yarışa girmişdi. Şəhvət dolu baxışlar öz şikarlarını süzürdü. Bahalı qadın, kişi ətirlərinin bihuşedici qoxusu əyinlərinə geyindikləri kostuyumların, ayaqqabıların qiymətinə bərabər şərabın qoxusuna qarışıb ehtiraslı bir aura yaratmışdı. Musiqiçilərin zalın bir küncündə oturub zövqlə çaldıqları  Çaykovskinin “Autumin” əsərinin həzin melodiyası, deyəsən, ancaq böyük pəncərələrə asılan zərif, incə tül pərdələri ahəstə-ahəstə tərpədirdi. Kimsə musiqini nə dinləyir, nə də zövq alırdı. Çünki hərənin başı necə hərəkət etmək planı ilə məşğul idi…

***

Neçə gün idi ki, aramsız yağan yağış kəsmirdi. Elə silahlardan atılan güllələr də yağış kimi əsgərlərin başına yağırdı. Ölən əsgərlərin meyidləri çölün düzündə qalmışdı. Snayperçilərin əlindən meyidləri çıxarmaq mümkün deyildi. Göz açmağa qoymurdular. O tərəf də, bu tərəf də nifrətlə, qəzəblə bir-birini məhv edirdi.

Meyidlərin bəziləri parça-parça olub tanınmaz hala düşmüşdü. Çoxu da palçığa bulaşdığından hansı tərəfdən olduğu belə bilinmirdi…

Yuxarıdan bir neçə saata meyidləri götürmək üçün atəşkəs əmri verilmişdi. İki tərəf də eyni vaxtda hərəkətə keçdi, hər şeyi unudub çölün düzündəki bir-birinə qarışan meyidləri daşımağa başladılar. Meyid daşıyan əsgərlərin çəkmələri yağışın suyundan islanan torpağı o qədər ayaqlamışdı ki, yoğrulmuş palçıqdan yerimək çətinləşmişdi. Hər iki tərəfin əsgərləri avtomatları çiynində meyidləri palçığın içindən sürüyüb çıxartmağa çalışırdılar. Palçığa və öz qanlarına bulanan meyidləri ayırd etmək üçün paltarlarının qollarındakı bayraq işarəsinə baxırdılar. Çünki çoxunu üzlərindən ayırd etmək olmurdu. Hamısının açıq qalan gözləri və qaşları qara idi. Dəfələrlə həm o tətəf, həm bu tərəf meyidlərin onlardan olmadığını görüb bir-birini səslənirdilər. Özləri də bilmədən bir-birlərinə yardım edirdilər.

Atəşkəsin vaxtı azaldıqca əsgərlər qaranəfəs qaça-qaça, tələsə-tələsə meyidləri axtarıb tapıb çıxardırdılar. Hər dəfə tapıb çıxartdıqlarına görə sevinir, az qala bir-birini təbrik edirdilər. Sevinirdilər , həm də ağlayırdılar və dərk edə bilmirdilər ki, hansı duyğunu yaşayırlar…

Yağış isə göydən dayanmadan yağırdı…

Yağdıqca tapşırığı yerinə yetirə bildiklərinə görə sevinə-sevinə ağlayan əsgərlərin, qara gözləri açıq qalan meyidlərin üzərinə səpələnirdi…

MÜƏLLİF: ZƏHRA SƏFƏRALIQIZI

ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏQIBƏ QƏVVAS. ÇALINMAMIŞ “VAĞZALI”.

Rəqibə Ağa qızı Paşayeva 25 oktyabr 1959-cu ildə Sabirabad şəhərində anadan olub. Hazırda Sabirabad şəhərində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

ÇALINMAMIŞ “VAĞZALI”

Dan yeri yenicə ağarmış, xoruzların səsi bir-birinə qarışmışdı. Yuxudan erkən qalxan kənd adamları mal-qaranı, qoyun-quzunu tövlədən çölə çıxarırdılar. Qoyun-quzunun mələşməsi bir kənd səhərinin başlanmasından xəbər verirdi. Əlli illik ailə həyatını bir dam altında yaşayan Lətif baba ilə Zivər nənə də çoxdan oyanmışdı. Hər ikisi gözlərini eyni nöqtəyə zilləyib susmuşdu. Hava açıldıqca evin pəncərəsindən otağa düşən işıq bir nöqtəyə zillənmiş gözlərin səmtini aydınca göstərirdi. Bu gözlər düz 24 il idi ki, gündə bir neçə dəfə səliqə ilə çərçivəyə salınıb divardan asılmış bir gənc əsgərin şəklinə dikilib qalırdı. Bu şəkil Lətif baba ilə Zivər nənənin Qarabağ müharibəsində itkin düşmüş yeganə oğlu Xudunun şəkli idi.

Müharibə başlananda Xudu öz məktəblərində tarix fənnindən dərs deyirdi. O, iki ay idi ki, ibtidai sinif müəllimi Gülər müəllimə ilə nişanlanmışdı. Yay tətilində toyları olmalı idi. Oğul toyuna hazırlaşan ata-ananın sevincindən ayağı yerə dəymirdi. Bu o vaxtlar idi ki, I Pyotrun siyasəti ilə cəmi 150 il əvvəl torpaqlarımıza köçürülmüş, çörəyimizdən çörəkli, evimizdən evli, torpaqlarımızdan torpaqlı olan ermənilərin beyninin qurdu yenidən tərpənmişdi. Diaspora olduqları üçün nə Fransa, nə Amerika, nə də Rusiyada dövlət yaratmaq imkanı qazana bilməyən ermənilər diaspora ola-ola təkcə Azərbaycanda bünövrəsi 1923-cü ildə qoyulmuş Dağlıq Qarabağın muxtariyyət məsələsindən, 1948-1953 cü illərdəki deportasiyadan, 1960-cı illərdə baş verən hadisələrdən dişlərində qalan şirənin dadını yenidən duymuşdular. Əllərinə daha çox ərazi keçirmək eşqinə düşən ermənilər bu dəfə Qarabağı gözaltı etmişdilər. Həmin gündən yüzlərlə Azərbaycan oğulları Qarabağın müdafiəsi uğrunda döyüşlərə qatıldı. Xudu müəllim də həmin oğulların sırasında idi.

Ağır döyüşlərin birində yaralı halda ermənilərə əsir düşən Xudu müəllim haqqında daha heç bir xəbər olmadı. Elə o gündən indiyə qədər barmağında nişan üzüyü gəzdirən Gülər müəllimənin, Lətif babanın və Zivər nənənin gözləri Xudunu aparıb, ancaq geri qaytarmayan yollara dikilib qalmışdı…

Həyətdən gələn səs Lətif baba ilə Zivər nənəni xəyaldan ayırdı. Səs qonşu Kərimin 10 yaşlı oğlu Samirin səsi idi. O, asta-asta Lətif babanı çağırırdı. Yay tətili olduğuna görə hər gün səhər uşaqlarla qoyun-quzunu otarmağa gedən Samir Lətif babanın 5-6 qoyununu da özü ilə otarmağa aparırdı.

Lətif baba qalxıb həyətə düşdü.

-Sabahın xeyir, Lətif baba.

-Sabahın xeyir, ay oğul.

O, Samirin başını sığalladı.

-Allah köməyiniz olsun. Qonum-qonşu olmasaydı, biz kimsəsiz qocalar nə edərdik. Bu qoyunları sizin hesabınıza saxlayıram. Yoxsa, mən qoyun otaran halda deyiləm.

Lətif baba danışa-danışa qəhəlin qapısını açdı. Qoyunları çölə ötürdü. Samir əlindəki çomaqla qoyunları dəhmərləyib küçə qapıdan çölə çıxardı. Arxadan Zivər nənənin səsi gəldi:

-Ay Samir, dayan.

Samir ayaq saxladı. Zivər nənə əlindəki bükülünü Samirə uzatdı.

-Al, ay oğul, şirin külçədi, uşaqlarla yeyərsiniz.

Samir əlini uzadıb bükülünü aldı.

-Çox sağ olun, Zivər nənə.

Zivər nənə Samirin başını sığallayıb üzündən öpdü. Arvadı qəhər boğdu. O, boğazındakı qəhəri udmağa çalışdı. Son vaxtlar çox kövrək olan Zivər nənə özünü zorla ələ alıb əlini Samirin çiyninə qoydu.

-Siz sağ olun, ay bala, dadımıza yetirsiniz, qolumuzdan tutrsunuz. Cəmi qonum-qonşudan çox razıyıq. Uşaq olanda nə olar. Siz ki, bizim kimi kimsəsiz qocaları tək qoymursunuz, Allah sizdən razı olsun.

O, yaylığının ucu ilə yaşarmış gözlərini sildi. Baxışları çoxdan çıxıb getmiş Samirin gedərkən kip örtdüyü qapıda ilişib qaldı. Sanki xəyal bir anlığa əlləri qoynunda çarpazlaşıb qalmış Zivər nənəni götürüb çox uazaqlara apardı. Qapını örtərkən dörd barmağı qapının arasında qalıb qanamış beş yaşlı Xudunun göynəyə-göynəyə ağlayan səsini eşitdi. “Can bala” – deyib qapıya tərəf addımladı. Qollarını açıb yana-yana ağlayan oğlunu qucaqlamaq istədi. Bayaqdan yerində donub qalmış Zivər nənənin bu qəribə hərəkəti Lətif babanın gözündən qaçmadı. Yavaşca arvadını səslədi:

-Sənə nə olub, ay Zivər, hara gedirsən?

Zivər nənə Lətif babanın qəfil səsindən diksinən kimi oldu. Çaşqın halda gah qapıya, gah da Lətif babaya baxdı. Qapının ağzında dayanıb ağlayan Xudunun səsi xırp kəsildi. Səliqəli, tərtəmiz geyinmiş uşağın sifəti gözlərində çilik-çilik olub yoxa çıxdı. Elə bil arvadın üstünə soyuq su tökdülər. Bədənindən şiddətli gizilti keçdi. Sanki yuxudan ayıldı. Gördüklərinin xəyal olduğunu dərk edəndən sonra göz yaşlarını saxlaya bilmədi. Onu bu şirin xəyaldan ayırdığına görə ərinə acığı tutdu. Xəyalən də olsa ağlayan balasını bağrına basıb qoxulaya bilmədiyinə görə için-için göynədi.

Zivər nənənin bu hərəkətindən qorxuya düşən Lətif baba üzü qibləyə dayanıb əlini haqqın dərgahına qaldırdı: “İlahi, sən bizi sonrakı ayıbımızdan qoru. Bizə səbir əta elə. Ağlımızı əlimizdən alma”.

O, ağır-ağır addımlarla arvadına yaxınlaşdı. Əlini onun çiyninə qoydu:

-Özünü ələ al, ay Zivər.

Zivər gözləri yaşla dolmuş halda dilləndi:

-Uşağın səsi qulağıma gəldi, ay Lətif. Bax orada dayanıb ağlayırdı. Yadındadır, balaca olanda barmaqları qapının arasında qalıb qanamışdı. Eyni görkəmdə gözümə göründü. Həmin boy-buxunda, həmin paltarda…

Zivər Lətifin təəccüblə ona baxdığını görüb həyəcanlandı:

-Vallah, dəli olmamışam, ay Lətif. Uşaq olduğu kimi gözümə göründü. Özümü unutdum.

Zivərin səsi yavaşıdı. Elə bil o da özündən xoflanmağa başladı. Bunu hiss edən Lətif baba astadan dilləndi:

-Gedək çay içək. Çörək də yeməmişik.

-Qoy mən hinin qapısını açım, toyuqlar ac qalıblar. Sən keç evə, mən də gəlirəm.

O, hinə sarı gedib toyuq-cücəni həyətə buraxdı. Hinin üstünə qoyulmuş bakdan bir qab dən götürüb yerə səpdi. “Düti, düti”, – deyib o yan-bu yana dağılışmaq istəyən toyuqları dənə sarı çağırdı. Birdən elə bil bütün həyət başına fırlandı. Əlini hinin yanındakı heyva ağacına atdı. Ağacdan yapışıb yavaş-yavaş yerə çöməldi. Aralıda kötüyün üstündə oturub papiros çəkən Lətif baba ayağa qalxıb əlindəki papirosu yerə atdı. Zivərə sarı gəlib əlini ona uzatdı:

-Yapış əlimdən, səni evə aparım. Gedim Həmid həkimi gətirim, səni yoxlasın. Neçə gündür nasazlamısan. İynə-dərman yazsın, alım. Deyirlər bu axşamçağı pensiyalarımız da köçəcək.

O, Zivər nənənin qolundan yapışıb onu birtəhər evə apardı. Yatağına uzandırdı. Arvadın halı yaxşı deyildi. Elə bil ev başına fırlanırdı. Bədəni tamam gücdən düşmüşdü.

Lətif babanın gözləri yaşla dolmuşdu. O, rəngi solmuş arvadına baxıb yavaşca dilləndi:

-Güclü ol, ay Zivər, məni tək qoyma. Axı, biz bir-birimizə söz vermişik. Xudu gəlməyənə qədər ölməyəcəyik.

Halı özündə olmayan Zivər nənənin yarıyumulu gözlərindən yaş süzülüb yastığa düşdü. Lətif baba əlini onun alnına qoydu:

-Sən bir az səbirli ol, gedim Sənubəri çağırım. Həm də həkimin dalınca adam göndərim.

Zivər nənə zorla dilləndi:

-Qorxma, ay Lətif, mənə heç nə olmaz. Bir az başım ağrıyır, keçib gedəcək.

Lətif baba nigaran halda qapıya tərəf yönəldi:

-Həkim dalınca adam göndərib qayıdıram. Sən bir az toxtaq ol.

Lətif kişi yaşına yaraşmayan bir cəldliklə həyətə düşdü. Qonşu ilə öz aralarındakı çəpərə yaxınlaşıb həmyaşıdı Xanoğlanı səslədi:

-Xanoğlan, ay Xanoğlan.

Həyət süpürən Sənubər səsə çəpərə sarı gəldi. Xasiyyətinə uyğun astaca dilləndi:

-Sabahın xeyir, Lətif əmi.

-Sabahın xeyir, ay bala. Xanoğlan hardadır, gözümə dəymir.

-Dayım heyvanları naxıra ötürüb dükana getdi. Evə bir-iki xırda-para lazım idi. İndilərdə alıb qayıdar. Lətif əmi, nə isə demək istəyirdin?

-Hə, qızım, bizim qarı nasazlayıb. Həkim gətirmək lazımdır. Evdə tək qoya bilmirəm.

-Bəs, bunu mənə bayaqdan niyə demirsən? Uşaqlar yatıblar. Mən Zivər xalanın yanında qalararam. Sən tez həkimin dalınca get.

O, əlindəki süpürgəni evin divarına söykədi. Tələsik Zivər xalanın yanına yollandı. Elə küçə qapısından çıxmışdı ki, qaynatasının gəldiyini gördü. Addımlarını yavaşıdıb kişinin gəlməyini gözlədi. Bütün günü sil-süpürlə, biş-düşlə, uşaq-muşaqla keçirən Sənubərin birdən-birə küçədə görünməsi Xanoğlanı narahat etdi. Gəlinə çatan kimi təəccüblə soruşdu:

-Xeyir ola, ay Sənubər, salamatlıqdır?

-Lətif əmi səni soruşdu. Deyir Zivər xala xəstələnib. Evdə təkdir. Özü həkimin dalınca getdi. Mən də ora gedirəm.

-Hə, get-get, yubanma. Mən də əlimdəkiləri aparım evə qoyum, gəlirəm. Deyirəm axı, Lətif səhər-səhər tələsik hara gedir. Qapıdan elə çıxdı ki, heç məni də görmədi.

Xanoğlan öz-özünə danışa-danışa küçə qapısından içəri girdi: “Tifağın dağılsın, erməni. Qapın çırpılsın, erməni. Caamat min bir arzu-ümidlə, əziz təbərrik uşaq böyüdüb ki, yurdunda yurdçu olsun. İndi nə ölüsünü tapır ki, basdırıb qəbrinin üstündə ağlasın, nə də dirisini tapır ki, qocasına, xətəsinə sahib çıxsın. Adamın malı itər, pulu itər, deyərsən başının-gözünün tasatlığı olsun. Yoxsa adamın da balası itər? Belə də dərd olar? Belə də zülm olar?

Xanoğlan deyinə-deyinə aldığı ərzaqları mətbəxdəki stolun üstünə qoydu. Sonra astaca uşaqlar yatan otağın qapısını açıb üç yaşlı Çingizin və dünyasını çoxdan dəyişmiş arvadının adını daşıyan beş yaşlı Nisənin açılmış üstlərini örtdü. Uşaqları süzüb gülümsündü: “Allah saxlamışların yatışları da nadincdir. Bir üstünlükləri var ki, səhərlər bir az yatırlar”.

O, sakitcə qapını örtüb həyətə düşdü.

Artıq neçə gün idi ki, bütün kənd Zivər nənənin ağır xəstə olduğu xəbərini eşitmişdi. Bu çətin günlərdə qonum-qonşular bu kimsəsiz qocaları tək qoymurdular. Dəfələrlə təklif və təkid edilməsinə baxmayaraq hələ də ailə həyatı qurmayıb, barmağında Xudu müəllimin nişan üzüyünü gəzdirən saçları ağarmış Gülər müəllim də bu xəbəri eşidib sarsılmış, onları oğulsuz, yurdlarını sahibsiz qoyan ermənilərə lənətlər yağdırmışdı. Ata-anasının ölümündən sonra qardaşı ilə yaşayan Gülər müəllimə dəfələrlə öz-özünə gedib Zivər nənəni və Lətif babanı görmək, onlarla bir yerdə yaşamaq qərarını versə də son anda onu “Vağzalı” sədaları ilə o həyətə aparmayan taleyindən utanmış, həya etmişdi. Ancaq Zivər nənənin bu ağır günündə barmağında gəzdirdiyi üzüyün sahibinə sədaqət timsalı olaraq Lətif babagilə baş çəkməyi bir ailənin üzvü kimi özünün mənəvi borcu hesab edirdi. Gülər müəllimə özünü toplayıb qayınatasıgilə getməyi qərara aldı.

Zivər nənənin vəziyyəti getdikcə ağırlaşırdı. Onun sağalması üçün əlindən gələni əsirgəməyən Həmid həkim də gündə iki dəfə Lətif babagilə baş çəkir, xəstənin müalicəsini nəzarətdə saxlayırdı. Dünyanın gedişatından xəbərdar olan Lətif baba bir an da olsun ömür-gün yoldaşından ayrılmırdı. Yanağından süzülən isti göz yaşları ağappaq ağarmış saqqalını isladırdı. Divarboyu cərgə ilə döşəkçə üstündə oturmuş kəndin yaşlı qadınları gözlərini ölü kimi uzanmış Zivər nənəyə zilləmişdilər. Zivər nənənin dodaqlarını nəlbəkinin içindəki ilıq suya atılmış pambıqla isladan Sənubər də xısın-xısın ağlayırdı. Bütün ailəsini 1992-ci ilin 25-dən 26-na keçən gecənin fevralında Xocalıda itirən Sənubər Xanoğlan kişinin evinə gəlin gələn gündən mehrini qonşuluqda yaşayan, özü ilə həmdərd olan bu iki qocaya salmışdı. İpək kimi yumşaq xasiyyətli Zivər nənə də altı yaşında ata-anasını itirmiş Sənubərə öz doğma balası kimi yanaşmış, bilmədiklərini öyrətmiş, ağır işinin qulpundan yapışmışdı. Sənubər gözlərini son ümidi olan Zivər nənəyə zilləyib saqqalı uzunu yaş tökən Lətif babaya baxdıqca, oğul toyu, gəlin arzusu, nəvə həsrəti ilə yaşayan bu iki qocanın nisgil yükünün ağırlığını dərk etdikcə ürəyi göynəyir, göz yaşlarını saxlaya bilmirdi. Sənubər ağladıqca Lətif baba ilə Zivər nənənin həsrətlə gözlədiyi çalınmamış “Vağzalı”nın sədaları altında o müdhiş gecənin vahiməli səsini eşidir, bir-birinin ardınca Kətiyin ətəyinə səpilən ata-anasının, bacı-qardaşının, qonum-qonşuların nalə dolu fəryadını xəyalında canlandırırdı. Sənubər həyatla ölüm arasında əlləşən Zivər nənəyə baxdıqca, ən doğma adamını itirmiş kimi kövrəlir, onu bağrına basıb duz kimi yalamaq istəyirdi. O, sanki bir andaca altı yaşında ikən uşaqlığına son qoyub, onu böyüdən 25 fevral gecəsində olduğu kimi bağrına basmağa macal tapa bilmədiyi doğmalarını itirdiyi duyğu ilə göynəyir, sızıldayırdı. Zivər nənə də son anında öz yeganə oğlunu bağrına basa bilmədi.

Sənubər nəlbəkidəki suyu təzəliyib Zivər nənənin dodaqlarını ilıq su ilə islatdı. Birdən Zivər nənənin üç gündən bəri açılmayan göz qapaqları titrədi, alt çənəsi səyridi, gözləri Zivər nənəyə zillənmiş Lətif baba yerində qurcalandı. Öz-özünə pıçıldadı: “Allah, sən özün kömək ol!” Divarboyu oturmuş arvadlardan bir neçəsi ayağa qalxıb Zivər nənəyə yaxınlaşdı. Sələmə arvad əyilib diqqətlə onu süzdü. Başını yırğalayıb dilləndi: “Şükür Allaha, salamatlıqdır. Rəngi-ruhu da üstündədir”.

O, əlini Zivər nənənin alnına qoydu. Elə buna bənd imiş kimi arvad gözlərini açdı. Sələmə sevincək onun əllərini əlinə alıb dedi: “Şükür Allaha, deyəsən oyandın”.

Zivər nənə yorğun-yorğun ətrafdakıları süzdü. Baxışlarını dolandırıb Lətif babaya zillədi. Yorğun gözləri yaşla doldu. Bir dəri, bir sümük olan əlini Lətif babaya tərəf uzatdı. Lətif əlli illik ömür-gün yoldaşının açılan gözlərinə baxıb sevincdən kövrəldi, anasından yetim qalmış uşaq kimi hönkür-hönkür ağladı. Sanki kimsəsizlik çökmüş qaranlıq komasına işıq saçan ümid qapıları açılmışdı.

Arvadlar kirimişcə oturmuşdular. Lətif baba çarpayının qabağındaca dizi üstə çöküb Zivərin titrəyən əllərini ovuclarının arasına aldı.

-Sənə nə olub, ay Zivər, haran ağrıyır?

Zivər nənənin dolmuş gözlərindən axan yaş damlaları yastığa süzüldü. Güclə eşidiləcək bir səslə dilləndi:

-Ürəyim ağrıyır, ay Lətif.

O, təngnəfəs oldu. Sənubər pambıqla onun göyərmiş dodaqlarını islatdı. “Su verim, içirsən?” – deyə soruşdu. Zivər nənə yüngülcə başını tərpətdi. Sənubər ona bir neçə qaşıq su içirdi. Elə bu vaxt küçə qapısı astaca döyüldü. Üzüm çardağının altında oturmuş 5-6 kişi qapıya tərəf boylandı. Xanoğlan qalxıb qapıya tərəf getdi. Gələn Gülər müəllimə idi. Qapı açılan kimi onsuz da həyəcanlı olan Gülər müəllimə özünü itirdi, ürəyi şiddətlə döyünməyə başladı, dili topuq vurdu: “Mən gəldim ki…”

O, sözünün dalını gətirə bimədi. Gözləri yaşla doldu. Başını aşağı saldı. Elə Xanoğlan kişi də çaş-baş qalmışdı. O da özünü topladı: “Xoş gəlmisən, qızım, lap yaxşı eləyib gəlmisən. Burada dayanma, keç içəri”.

Gülər müəllimə utana-utana həyətə girdi. Onu görən kimi oturanların hamısı ixtiyarsız olaraq ayağa qalxdılar. Hamı lal-dinməz başını aşağı salıb dayandı. Xanoğlan kişi: “Gəl, qızım, gəl, Zivər xalan içəridədir”, – deyə dilləndi. O, kövrəlmiş halda Lətif babanı səslədi: “Lətif, ay Lətif, bir çölə çıx, gör kim gəlib”.

Lətif balkona çıxdı. Gülər müəlliməni görüb yerindəcə donub qaldı. Selə dönmüş göz yaşlarına hakim ola bilmədi. Qollarını açıb qıza tərəf yeridi: “Bizi bağışla, qızım. Səni gəlin havası ilə bu həyətə gətirə bilmədik. Biz sənin qarşında günahkarıq”.

Gülər müəllimə hönkürüb özünü uşaq kimi qayınatasının üstünə atdı. Lətif baba 24 il yolunu gözlədiyi gəlinini bağrına basdı, ağarmış saçlarını sığallayıb alnından öpdü: “Yurdun sahibsiz qalsın, erməni, niyə yurdumu sahibsiz qoydun?” – deyib hönkürdü. Həyətdəki kişilər gəlin səliqə-sahmanına, nəvə ayaqlarına həsrət qalan, sükut çökmüş bu həyət-bacaya, saqqalı uzunu yaş tökən bu tənha qocaya baxdıqca kövrəlir, bir-birindən gizlin göz yaşlarını silirdilər. Lətif baba gəlninin əlindən yapışıb içəri çəkdi: “Gəl içəri, qızım, qoy son nəfəsində Zivər anan da səni görsün”.

O, Güləri Zivər nənənin çarpayısının yanına gətirdi. Ehmalca arvadını səslədi: “Zivər, ay Zivər, gözlərini aç, gəlnimiz gəlib. Gülər səni görməyə gəlib”.

Zivər nənənin hərəkətsiz bədəni gərildi. Gözlərini açıb Gülərə baxdı. Başını qaldırmaq istədi, gücü çatmadı. Zorla eşidiləcək bir səslə dedi: “Can bala, sənin ağarmış saçlarına ölə bilməyən canım qurban”.

Gülər əyilib qayınanasının üzündən öpdü. Hər ikisinin göz yaşları bulaq kimi qaynayırdı. Zivər nənə yenə nə isə pıçıldadı, ancaq onun nə dediyini heç kəs başa düşmədi. Düz iki saat idi ki, o, gözlərini Xudunun divardan asılmış şəklinə zilləyib qalmışdı. Arvadlar Zivər nənənin çəkdiyi əziyyətin səbəbini bilirdilər. “Ölə bilməyir yazıq, balasını gözləyir. Gəlini də gəldi, yenə sakitləşmədi. Ağır dərddir, neyləsin, bircə bala ola, o da itkin düşə. Gözlərinin qabağında gəlini qarıyıb qocaldı”.

Arvadlar gözlərinin yaşını silə-silə pıçıldaşır, Sələmə arvad isə lal-dinməz qulaq asırdı. Birdən o, yavaşca ayağa qalxdı. Gedib Xudunun divardan asılmış şəklini gətirib Zivər nənənin sinəsinin üstünə qoydu. Əllərini çarpazlayıb şəklə söykədi. Bunu hiss edən Zivər nənə əlini çətinliklə şəklə toxundurdu. Elə bil ürəyi təlatümə gəldi. Sinəsi aramsız qalxıb-enməyə başladı. Şəkli sinəsinə sıxdı. Sonra şəkli taqətdən düşmüş əllərinə alıb qurumuş dodaqlarına yaxınlaşdırdı, şəkli duz kimi yalamağa başladı. Elə bil bədəninə güc gəldi. Başını yastıqdan qaldırdı. Hamının eşidəcəyi bir səslə fəryad etdi: “Harda qaldın, ay oğul, daha gözləməyə gücüm çatmır, məni bağışla”.

Zivər nənənin cansız bədəni çarpayıya düşdü.

Müəllif: Rəqibə QƏVVAS

RƏQİBƏ QƏVVAIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYAZ İMRANOĞLU. GÖZLƏYİRƏM SƏNİ, ƏSGƏR

AYAZ İMRANOĞLUNUN YAZILARI

Ayaz İmran oğlu Abbasov 15 mart 1959-cu ildə Zəngilan rayonu, Zərnəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

GÖZLƏYİRƏM SƏNİ, ƏSGƏR

Son bir ayda Tural Yusifovun xasiyyətində qəribəliklər baş verirdi. Həmişə deyib-gülən, əsgər yoldaşları ilə mehriban davranan, bölükdə hər kəsin doğmasına çevrilən, verilən tapşırıqları can-başla yerinə yetirən bu azərbaycanlı balası hamıdan qaçaq, adama yovuşmaz olmuşdu. Fikirli-fikirli gəzib dolaşırdı, tamamilə özünə qapanmışdı, gecələr yata bilmir, səhəri dirigözlü açırdı. Hətta bir neçə dəfə hərbi qayda-qanunu pozmuş, tapşırıqları başdansovdu yerinə yetirmişdi.

Gecə növbətçisi serjant Sokolov kazarmada hamının yatdığı vaxt Turalın gecə paltarında hərbi hissənin həyətində gəzişdiyini görmüşdü…

Tural “kurilka”dakı (siqaret çəkmək üçün yer) oturacaqda əyləşib ilk dəfə görürmüş kimi göydəki ulduzlara baxırdı. Saysız-hesabsız ulduzlar arasından özünün bəxt ulduzunu axtarırdı. Qütbdə par-par parıldayan qoşa ulduza gözlərini dikdi. Nəsə yadına düşüb qeyri-ixtiyari qımışır, dodaqları tərpənirdi. Bir zamanlar Lalə ilə birlikdə ulduzlara baxa-baxa qovuşacaqlarına tam əmin olmuşdular. İndi isə o günlər yadına düşüb bulud kimi dolmuşdu. Siqaret yandırıb acı tüstünü elə iştahla ciyərlərinə çəkirdi ki, elə bil bu zəqqutum tüstü dərdinə məlhəm olacaq. Fikri, xəyalı uzaqlarda cövlan etməkdəydi. O qədər dərin düşüncələrə qərq olmuşdu ki, bayaqdan yanında dayanıb ona maraqla tamaşa edən Sokolovu görmürdü. Hətta Sokolovun onun soyadını çağırması Turalı xəyal dünyasından ayıra bilmirdi. Sokolov ikinci dəfə:

-Yoldaş Yusifov, nə üçün yatmırsan? Bəlkə xəstələnmisən, kömək edə bilərəm, – deyəndə xəyallardan ayrıldı.

Əsəbləri tarıma çəkilmiş adamlar kimi çönüb Sokolovu süzdükdən sonra avtomatdan çıxan gilizlər kimi səksənib kənara sıçradı:

-Heç nə, heç nə! – kəkələyib siqaretin kötüyünü yanındakı zibilqabına atıb ayağa durdu. Sokolova məhəl qoymadan iti addımlarla kazarmaya girib çarpayısına uzandı.

Turalın bu qəribə hərəkətləri komandir-zabit heyətini, əsgər yoldaşlarını çox narahat edirdi. Həmvətənli əsgər yoldaşları onu dilə tutub nə baş verdiyi ilə maraqlansalar da, onları da acılayıb uzaqlaşırdı. Çəkdiyi acıları he, kimlə bölüşmədiyindən əsəbilik bütün vücuduna hopmuşdu.

Səhər yoxlamasında cərgəyə düzülən əsgərlərin hər biri səliqəsi ilə göz oxşasa da, Tural yenə də üzünü qırxmamışdı, boyunluğunu yenisiylə əvəz etmədiyindən çirkli idi. Bölüyün starşinası gizir Klimenko bunu görüb əmr verdi:

-Sıravi əsgər Yusifov, bir addım irəli!

Tural əmri eşidən kimi bir addım qabağa çıxıb farağat komandasını aldı:

-Sıravi əsgər Yusifov sizi eşidir, yoldaş gizir.

-Bu nə özbaşınalıqdır, nə üçün səhər yoxlamasına hazır deyilsən? On dəqiqə vaxt verirəm, get, özünü səliqəyə sal, – sonra Klimenko səsini yumşaldıb həlim səslə – səhər yeməyindən sonra yanıma gələrsən, – söylədi.

-Oldu, yoldaş gizir, – günahkar adamlar kimi başını aşağı salıb verilən tapşırığı yerinə yetirməyə getdi.

“Hər bir əsgərin sağlamlığı, nümunəvi davranışı əsas şərtlərdəndir” – Klimenko bunu özünə şüar etmiş, əsgərə qayğı onun həyat tərzinə çevrilmişdi. O ki qaldı Turalın səhər yoxlamasına hazırlıqsız çıxmasına, o, belə hallarla rastlaşdıqda həmin əsgərə mütləq xəbərdarlıq, ya da şifahi töhmət elan edərdi. Yox, əgər belə hal bir neçə dəfə təkrar olunardısa, öz cəza üsullarını tətbiq edərdi – mətbəxdə kartof təmizləmək, donuz fermasında bir neçə gün işləmək, ya da bir ayaq üstə əlləri yuxarı vəziyyətdə dayanmaq. Klimenko bu dəfə nədənsə Yusifova güzəşt etdi.

Əsgərlərinə doğma övladı kimi yanaşan, qayğısını çəkən, mərhəmətini əsirgəməyən gizir bayaqdan kabinetində oturub Yusifovu düşünürdü: “Hər şey bir müddət öncə əsgərə gələn məktubdan sonra oldu. Əsgərin özünə qapanmasının səbəbi zənnimcə o məktubdur. Görəsən, o məktubda nə müəmmalı sirr var ki, əsgər belə küskün hala düşüb?” Durub rəfə yaxınlaşdı. Burada hər bir əsgərin ayrıca qovluğu var. Əsgərlər hərbi xidmətə başlayan gündən onların yaşadığı ünvana – valideynlərinə, məktəbə məktub yazardı ki, onların xasiyyətnaməsini göndərsinlər. Bu xasiyyətnamələr ona əsgərləri tanımağa kömək edirdi. Yusifovun dosyesi saxlanan qovluqdakı xasiyyətnamələri bir də oxudu. Hər iki məktubda onun nümunəvi, zəhmətkeş gənc olduğu xüsusi vurğulanırdı.

Fikirlər gizirdən əl çəkmirdi: “Bu duruma səbəb bəlkə o məktub deyil. Bəlkə əsgər yoldaşları ilə mübahisə, yaxud dava edib, yaxud kimsə möhkəm xətrinə dəyib, o da incik düşüb? Yox, yox, elə bir şey olsaydı, mütləq bilərdim. Əsgərlik həyatının incəlikləri ilə yanaşı, həm də yazılmamış qanunları da işləkdir – “molodoy”, “starik”, “ded” və. s. Yusifov “molodoy” deyil ki, “ded”lər onu döyə”. Müxtəlif xalqlardan və ailələrdən əsgərliyə gələn gənclərin özünəməxsus adət-ənənələri, milli dəyərləri var. Gərək bir-birinə sayğı bəsləsinlər ki, xoşagəlməz vəziyyət ortaya çıxıb problem yaratmasın”.

Klimenkonun ağlından cürbəcür şübhələr dolaşıb keçsə də heç cür Yusifovun “dərd”inin səbəbini tapa bilmirdi. Onu hərbi tibb məntəqəsinə göndərdi ki, sağlamılığında psixoloji problem yaşanır bəlkə. Oradan da cavab gəldi ki, Əsgər Yusifov tam sağlamdır….

***

Dostundan məktub almışdı. Məktubdakı hər söz, hər cümlə nöqtəsinə, vergülünə kimi yaddaşına hopub onu təsir məngənəsində sıxırdı, ağrılı tikan kimi ürəyinə sancılıb sızladırdı. Dostu yazırdı: “Tural, son aylar Lalə çox dəyişib, tamam başqa qız olub. O, daha sən gördüyün və tanıdığın Lalə deyil. Qəsəbəmizə qonaq gələn şəhərli oğlanla tez-tez kinoya, konsertə, gəzməyə gedirlər. O qədər mehribandılar ki, elə bil neçə illərin sevgililəridir. O, səni tamam unudub”.

Hər dəfə məktubda yazılanlar yadına düşəndə qəm dəryasında boğulur, özü özünə suallar verir, cavabını tapa bilmirdi: “Canımdan çox sevdiyim Lalə bu cür dəyişə bilərmi? Ağca aşıq pirində and içib əhd-peyman bağladığımız nə tez yadından çıxdı? Budurmu sədaqət, vəfa, etibar? Dözə biləcəyəmmi bu dərdə? Canımdan can ayrılmış kimi yarımcan olmuşam. Eh… vəfasız dünya, insanların da özün kimi vəfasızmış”…

Gecələr yuxuda tez-tez sayaqlayır, qışqırır, hirslənir, sonda da yazıq-yazıq ağlayırdı. Çarpayı qonşusu oyadanda nə baş verdiyini yada sala bilmirdi. Üstünə çəmkirirdi ki, niyə qoymursan yatam. Əsgər yoldaşı da, – ağzına gələni sayaqlayırsan, sən məni qoymursan yatmağa, – deyib gülürdü….

…Klimenko həmin gün Turalla görüşdü, ancaq verdiyi suallara inanandırıcı cavab ala bilmədi. Tural “bəli”, “xeyr”lə suallardan yayınırdı. Klimenko əl çəkmək istəmirdi, sözləri onun ağzından sanki kəlbətinlə dartıb çıxarırdı. Gizir uzunmüddətli həyat təcrübəsindən istifadə edib əsgərinin qılığına girib hər şeyi öyrənməyi bacarırdı.

Nəhayət, Tural içində kükrəyən, fırtınaya çevrilən ağrılarını ətraflı açıb tökdü…

Gizir məqsədinə çatdığı üçün gülümsədi, – eh cavanlıq, cavanlıq, – deyib dərindən köks ötürdü. Təzə-təzə dən düşən saçlarına sığal çəkib, sarı bığının uclarını burub gəncliyini xatırladı. Handan-hana Turalın gözlərinin içinə baxıb təsəlli verməyə çalışdı:

-Ola bilər, ola bilər, cavan oğlan. Ağrısı, acısı olsa da, sevginin hər cəfası şirindir. Bir də mən bilirəm ki, sizdə bağlanan əhd-peyman saf sevgi andıdır. O qızın andına sadiq olmamasına inanmıram. Özü də Oğuz – Türk qızı ola. Sizin xalq haqqında bilgilərim çoxdur. Axı hərbi xidmətimin bir hissəsini sizin ellərdə keçirmişəm, adət-ənənələrinizdən, milli ruhunuzdan, dəyərlərinizdən də xəbərim var. Qadınlarınız namuslu, ismətlidir, sevgisinə sədaqətlidirlər. Ərlərini başının tacı bilirlər. Ona görə də kişiləriniz qadınlara Tomris, Burlaxatun, Bəyim, Nigar kimi adlar verirlər. Nağıl və dastanlarınızda müsbət qəhrəman qadınlar daha çoxdur. Bu yaxınlarda “Dədə Qorqud” filminə baxdım. Qadınlar orada ucadan uca tutulur. O ki qaldı sənin başına gələn məktub əhvalatına, bir az düşünmək, gözləmək və səbir etmək lazımdır. Sizdə belə atalar sözü də var: “Hirsli başda ağıl olmaz”. Çox müdrik kəlamdır. Səbirli ol, özünə gəl. Nə bilirsən dostunun yazdıqları düzdür? Onun yazdıqları yanlış da ola bilər, inanıb hər şeyin üstündən qara xətt çəkmək olmaz…

Klimenko nəyisə yadına salırmış kimi bir anlıq fikrə getdi. Sonra mavi gözlərini qıyıb söhbətinin davamına başladı:

-Hərbçilərin həyatında belə hadisələr tez-tez olur. Valya ilə təzə evlənən vaxtlarımız idi. Bir övladımız vardı. Bir dəfə məni altı aylıq ezamiyyətə göndərdilər. Qəflətən yola düşdüyümüzdən imkan olmadı ki, ailəmə baş çəkəm, sağollaşıb yola düşəm. Düz dörd ay yarım ailəmlə heç bir əlaqə yarada bilmədim. Elə bir yerdə idik ki, ətraf aləmlə tam təcrid olunmuşduq. Hətta məktub yazıb yola salmaq mümkün deyildi. Dörd ay yarımdan sonra bizi gətirib bir qəsəbənin yaxınlığında yerləşdirdilər. Məktub yazsam da cavab ala bilmədim, narahatlığım birə-beş artdı. Gecə-gündüz narahatlıq içində başımı itirmişdim, ezamiyyət vaxtımı bitirən kimi arvadıma, uşağıma xeyli hədiyyə alıb evimə gəldim. Həyət qapısının zəngini dəfələrlə bassam da qapını açan olmadı. Nigaranlıqdan özümü itirəcək dərəcəyə çatmışdım. Mənim gəldiyimi bilən qonşu Sveta qarı “xoş gəldin” etdikdən sonra xalatının cibindən evimin açarlarını çıxarıb mənə verdi, – arvadın səndən küsüb uşağı da götürüb atası evinə gedib, – dedi.

Yol yorğunu olduğumdan Sveta qarıya “niyə”, “nə üçün” suallarını vermədən qapını açıb içəri girdim. Ayağımı içəri qoyan kimi sonsuz uçuruma, boşluğa düşdüyümü hiss etdim. Elə bil otaqların divarları, döşəmələri, tavanları, stol, stullar, qab-qacaqlar müdhiş sükuta qərq olmuşdular. Evdəki sükutdan qulaqlarım tutulurdu. Otaqların birinin qapısını açanda o bir otaqların qapıları sanki üstümə qışqırırdılar: “məni də aç, məni də aç!”. Allah heç bir evi qadınsız, uşaqsız qoymasın. Otaqları gəzdikcə dəli olmaq dərəcəsinə çatırdım. Qaynatamgil yaxın şəhərdə yaşayırdı, tez onlara getdim.

Qaynatamgildə Valya mənimlə neçə gün küsülü gəzib dolaşdı. Nə qədər yalvar-yaxar, xahiş-minnət etsəm də barışmaq niyyəti yox idi. Heç yaxın da gəlmirdi ki, qəflətən ezamiyyətə getdiyimi ona başa salam. Qaynatam dünyagörmüş, arif insandı. Qulağıma pıçıldadı ki, darıxma, barışacaq. Bir gün övladımı götürüb yaxınlıqdakı parka getmişdim. Oğlum uşaq yelləncəyində oynayır, mən də oturacaqda oturub Valyanı düşünürdüm. Kiminsə yanımda oturduğunu hiss etsəm də dönüb baxmadım. Bir də gördüm kimsə əlimin üstünə əlini qoydu. Əlin hərarəti tanış gəldi, diksinib baxdım, Valya idi. Bir-birimizi qucaqlayıb illərin tamarzıları kimi öpüşlərə qərq etdik. O, hal-qəziyyəni atasından öyrənib barışmağa gəlmişdi.

-Yoldaş komandir, küsməyinin səbəbi ezamiyyət idimi? – Yusifov tez-tələsik soruşdu.

-Hə, gözlə ardını danışım, – Klimenko ayağa qalxıb bayaqdan dəm alan çaydandan iki stəkan çay süzdü, konfet qabını stolun üstünə qoydu, əyləşib söhbətini davam etdirdi:

-Mənim Vitya adlı bir uşaqlıq dostum var, bu şəhərin o başında yaşayır, vaxtaşırı ailəliklə bir-birimizə get-gəl edirik. Çox zarafatcıl, baməzə adamdı. O, bilir ki, Valya məni çox qısqanır. Mən olmayanda ailəliklə bizə gəlişlərində əlinə fürsət düşür ki, Valyanı cırnatsın:

-Nə ezamiyyət, hamısı boş şeydi, o, sevgilisi ilə Nalçikdə istirahətdədir. Qayıdan kimi səni boşayıb onunla evlənəcək.

Valya əvvəlcə bu söhbəti zarafat kimi qəbul eləsə də, sonradan götür-qoy edir ki, bəs niyə mən məktub yazmıram, zəng etmirəm. Beləcə, şübhələr dolur içinə, Vityanın zarafatını həqiqət kimi anlayır. Bundan sonra Valya acıq eləyib atasıgilə gedir. Bunları sənə danışmaqda məqsədim odur ki, dostunun yazdıqları kimi olmaya bilər. Dostun Lalə ilə danışmayıbsa, qızın kiminləsə kinoya, konsertə getməsi o demək deyil ki, onun yeni sevgilisidir. Həmin oğlan yaxın dost, qohum da ola bilər. Xətrinə dəyməsin, o qədər yaxın “dost” tanıyıram ki, dostunun sevgilisini zorla, yaxud xoşla ələ keçirib. Otur, yaxşı-yaxşı düşün, sevgilinə məktub yaz, yəqin ki, sevindirici xəbər alarsan. Yoxsa ömür boyu əzab çəkərsən. İlk məhəbbətin yarası heç vaxt sağalmır, əsgər.

Sıravi əsgər Yusifov komandirinin yanından çıxanda qəlbində bir ümid işığı yaransa da yenə də könlü qırıq idi, inamı özünə qayıtmamışdı. Əvvəlki sevən və sevilən Tural ola bilmirdi, elə bil başqalaşmışdı. Özünü – Laləni dəlicəsinə sevən, sevgisi naminə hər cəfanı çəkməyə hazır olan Turalı axtarırdı. Tapacaqdımı? İnanmırdı ki, Laləyə məktub yazıb sevindirici xəbər eşidəcək. Axı onun başqa sevgilisi var, yəqin nişanlıdırlar, bəlkə toyları da olub. Bunları fikirləşəndə yerə-göyə sığmırdı, bəxtini söyürdü. “Yox, yox, bu ola bilməz!” – mızıldana-mızıldana hərbi hissənin girəcəyindəki ağcaqayın ağacının yanına necə gəldiyini özü də bilmədi. Kim onu bura gətirdi? Şirin xəyalların və xatirələrin məskəni olan bu yerə çoxdan gəlmirdi. Bir vaxtlar Lalədən məktub gələndə əsgər yoldaşlarından aralanıb bura gələr, məktubu həvəslə açar, dönə-dönə doymazlıqla oxuyardı. Heyif o məktublardan. Dostundan gələn o məktubdan sonra Lalədən aldığı məktubların hamısını yandırmışdı. İndi ağcaqayın o günləri bir daha xatırlatdı. O, ağcaqayını “yaralamışdı”, əsgər bıçağı ilə ağacın görünməz yerinə “Lalə” yazmışdı. İndi o sözləri axtarırdı. Tapdı, ağac boy atmışdı, yazı yerdən bir qarış ucada idi. Dəfələrlə ağaca su vermişdi ki, tez böyüsün. Onda “Lalə” sözü də ucada görünəcəkdi. Əlini yazdığı sözün üstündə gəzdirib xeyli tumarlaya-tumarlaya oxşadı. İstədi o sözü öpə, niyəsə bu fikrindən vaz keçdi, bir addım geri çəkilib həsrətlə yazıya baxdı.

Hərbi qaydalara görə axşam yeməyindən sonra yatmaq əmrinə kimi iki saat istirahət vaxtı verilirdi. Bu iki saatda hərə özünə aid işlə məşğul olurdu. Tural qırmızı qələmini və bir neçə ağ vərəq götürüb “qırmızı guşə”yə çəkildi. Klimenkoya söz vermişdi ki, Laləyə məktub yazacaq. Qarşısındakı vərəqlərə nə yazacağını anışdıra bilmirdi. Vida məktubumu yazsın? Qələmi kağızın üstünə qoyanda barmaqları titrədi. Yazacaqlarını bayaqdan beynində götür-qoy etsə də ürəyi qələmə “icazə” vermirdi. Fikirləri qəlbini, dilini, əllərini, qələmini, kağızı yandırırdı. Uzun müddət ağ kağıza, barmaqları arasındakı qələmə baxa-baxa qaldı. Bir anda iki damcı göz yaşı kirpikləri arasından süzülüb bəyaz kağıza düşüb hopdu, kağız üzərində iki ləkə yarandı. İstədi kağızı eləcə qatlayıb, zərfin içinə qoyub Laləyə yollasın. Məktubun adı da “iki damcı göz yaşı” olsun. “Yatmaq!” əmri veriləndə o, hələ də göz yaşları hopmuş kağıza baxa-baxa qalmışdı…

Növbəti axşam yenə “qırmızı guşə”yə çəkilib məktub yazmaq istədi. Bu dəfə yazdı, pozdu, cırdı, nəhayət, ürəyindəkiləri ağ kağızın üzərinə köçürdü. Məktubu hərbi hissənin girəcəyindəki poçt qutusuna salanda bir xeyli əlindən buraxmadı, – “bəlkə göndərməyim?”

Artıq məktub poçt qutusundaydı.

Bir vaxtlar hər dəfə Laləyə məktub göndərəndə sevinirdi, bilirdi ki, Lalə məktubu alan kimi cavab yazacaq. Lalə hamı kimi ənənəvi – “hörmətli məktub”, “şanlı məktub”la başlayan məktublar yazmazdı. Onun məktubu “gözləyirəm səni, əsgər!” sözləri ilə başlayardı. Bu məktubu isə Tural ümidsiz yola saldı, inanmırdı ki, cavab gələcək. Fikirləşirdi ki, bu sonuncu məktubdur. Axı Tural Laləyə vida məktubu yazmışdı. Laləni acılamasa da, sonda – “get, etibarsız, əhdinə, vəfana xilaf çıxdın. Sənə xoşbəxtlik arzulayıram. Sən arzularımın işığını söndürüb məni dərin quyuya saldın. Tək-tənha orda necə yaşayım?” – yazmışdı. Bir vaxtlar bu sözlərin tam əksini yazardı. Onda arzular sonsuz, gen-bol, təzə-tər idi. İndi isə saralıb solmuşdu…

Poçt qutusunun qarşısında dayanıb düşüncələr burulğanında çabalayırdı: “Dostu yazırdı ki, Lalənin görüşdüyü oğlan ilk baxışdan səliqə-sahmanlı, mədəni, alicənab görünür. Deyilənə görə ali təhsillidir, Bakıda hansısa iri müəssisədə mühəndisdir. Bu yay həmişə bir yerdə olublar, tez-tez dağa, meşəyə gedirlər. O gün Həkəri çayında oğlanı çiməndə, Laləni də sahildə oturub ona tamaşa edəndə görüblər. Sənə etdiyi xəyanətdən qeyzlənib Laləyə daha salam da vermirəm. İkisi bir-birinə çox oxşayırlar, həm də bir-birinə yaraşırlar, bir almanın iki üzü kimidirlər. Oğlanın maşını, deyilənə görə Bakıda evi də var”.

Tural düşüncələr aləmindən ayrıla bilmirdi: “Bizim rayonun qızları Bakıda yaşamağa meyilli olurlar. Yazıqlar rayon yerlərində səhərdən qaş qaralana kimi o qədər işləyirlər ki, gəncliyinin necə gəlib keçdiyindən xəbərləri olmur. Ağ atlı oğlanları şəhərdən gələcəyi ümidi ilə yaşadıqca ömür-gün keçir. Qarşılarına çıxan ütülü şəhərli oğlana bənd olub seçimsiz-filansız ərə gedirlər. Qəsəbəmizdən üzaq şəhərlərdə yaşayan qızlar yaman çoxalıb. Əvvəllər oğlanlar işin-gücün azlığından kəndlərdən qaçıb Rusiyanın ucqar çöllərinə işləməyə gedirdilər. Elə orada da rus Nataşalarına ilişib ailə qurar, doğmalarından xəbərsiz ömür çürüdərdilər. Ömür keçəndən sonra Nataşalar bizim oğlanları bəyənməzdilər.

“Qızım şəhərdə yaşayır” sevincli ata-analar həmişə qızlarının ağ günə çıxdığını, xoşbəxt olduğunu ağızdolusu danışardılar. Qız valideynləri qapılarını döyən elçilərə ilk sualları bu olurdu ki, oğlan şəhərdəmi yaşayır? Daha soruşmurdular ki, şəhərdə neyləyir, nə peşə, sənətin sahibidir, oğlanla qızın xasiyyətləri düz gələcəkmi?

Tural kimdir? Atası, anası, qardaş-bacısı olmayan, nənə himayəsində böyüyən yetimin biri. Yəqin o oğlanın ata-anası imkanlıdır, Laləyə çoxlu qiymətli daş-qaş alacaqlar. Lalə də hər dəfə şəhərdən qəsəbəyə gələndə doğduğu gözəl-göyçək uşaqları ilə qəsəbənin mərkəzinə çıxacaq, mən də Laləni görəndə içim qan ağlayacaq. Kaş, onu sevməyəydim. Ehh… Sevgi sifarişlə olsaydı nə vardı ki… Sevgi özü gəlib sevənin yaxasından zəli kimi yapışır.

Başımı aşağı salıb kasıbçılığımı yaşayırdım. Yatsam yuxuda da görməzdim ki, müəllim ailəsində böyüyən Laləni sevəcəyəm. Bir də ayılıb gördüm ki, eşq atəşində yanıram. Yazıq nənəm qohum-qonşudan eşidib biləndə ki, Laləyə aşiq olmuşam, qız da mənə biganə deyil, sevinmişdi. Əsgərliyə gəlməmişdən bir neçə gün öncə mənə dedi:

-A bala, eşitmişəm Ərşad müəllimin qızına vurulmusan, gəlsənə o qızın başına bir yaylıq bağlayaq ki, elçi düşən olmasın. Bilsinlər ki, qız əmanətdir, yəni qızın gözləyəni var.

Mən yarızarafat, yarıgerçək nənəmin sözlərinə güldüm:

-Bikar qalmısan, nənə. Sən deyənlər qaldı keçmişdə. Biz əhd-peyman bağlamışıq, bir-birimizə söz vermişuk.

-Təki sən deyən olsun, ay bala, – nənəm gülümsəmiş, sevincdən qol-qanad açmışdı.

Laləyə elə inanmışdım ki, heç vaxt onun xəyanət edəcəyi ağlıma gəlməzdi. Lalənin anası ilə nənəm çəpərdibi söhbət edəndə Gülbahar xala qəti bildirmişdi ki, Tural əsgərliyə arxayın getsin, Lalə ilə Turalın ulduzları elə barışıb ki, onları heç kim və heç nə ayıra bilməz. Eh, Lalə, Lalə! Qəlbimə sağalmaz dağ çəkdin…”

***

Tural məktubu göndərdiyi vaxtdan günlər, həftələr ötmüş, ay başa çatmağa az qalmışdı. İndi əvvəlkindən daha çox darıxırdı. Niyəsə vida məktubundan sonra günləri, həftələri deyil, saatları, dəqiqələri sayırdı. Laləyə vida məktubu yazdığı üçün hərdən özünü qınayırdı…

Səhərdən təlim mərkəzində müxtəlif çaplı silahlardan istifadə etmək qaydalarını öyrənən bölük bir az əvvəl yorğun qayıtmış, qısa istirahətdən sonra nahara getmək üçün hərbi hissənin meydançasında sıraya düzülmüşdü. Növbətçi əsgərlərə gələn məktubları paylayırdı, Turala məktub verəndə gözünün içinə baxıb gülümsədi. Tural məktubu alan kimi əlləri özündən asılı olmayaraq titrəməyə başladı. Elə bil zərfin içinə enerji buraxmışdılar. Maqnit kimi Turalı özünə çəkirdi. Az qalırdı zərf insan kimi dil açıb danışsın, qışqırsın ki, “nəyi gözləyirsən, məni tez oxu!” Dostlarından ona altdan-altdan baxanları, dodaqaltı qımışanları da görürdü. Ancaq onun məktub almasını təbrik etməyə əsgər yoldaşları çəkinir, heç nə demirdilər. Həyəcandan Turalın pörtdüyünü görməmək mümkün deyildi. Zərfin üstündəki yazını görən kimi Lalənin xəttini tanıdı. Zərfin içindəki vərəqdə yazılanlardan xəbərsiz olsa da dodaqlarına qonan təbəssüm çox şeydən xəbər verirdi, sevincdən gözləri dolmuşdu. Pıçıltılarını ancaq özü eşidirdi: “nə gözəl xəbər oldu, gördüyüm yuxu bu imiş”.

Dünən gecə gördüyü yuxunu məşhur yuxuyozanlar kimi, yaddaşında çözələdi: “Qəsəbənin yuxarısındakı “Lalə düzü” lalələrdən qırmızı rəngə boyanmışdı. Tural ağ atın tərkində gəlib çıxmışdı “Lalə düzü”nə. Atdan düşüb lalələrdən bir qom yığdı. Laləliyin o başında gəlinlik libasında Lalə ona əl edirdi. Tural ona tərəf getdikcə, Lalə ondan uzaqlaşırdı. Lalə gedib bir komanın qapalağı ağzında dayanıb Turala əl edir, şirin səsiylə onu çağırırdı:

-Hayıfdı, niyə lalələri dərib al-qana boyadın. Sənin Lalən mənəm, gəl məni dər. Bu kasıb komamızda çiçək balalar dünyaya gətirək, – söyləyib komaya girdi.

Tural qaça-qaça onun ardınca komaya girsə də Laləni axtarıb tapa bilmədi…

Yuxudan hövlnak oyanan Tural xeyli vaxt özünə gəlmədi….

Sən demə Lalədən məktub alacaqmış. Fərqinə varmırdı məktubda Lalə nə yazıb. Ən vacibi odur ki, ona cavab yazıb, bu ona bəs edər. Sağ olsun Klimenko, onun tövsiyəsi öz bəhrəsini verdi.

Əlindəki zərfi uşaq oyuncaq oynadırmış kimi bir neçə dəfə o üz-bu üzə çevirib baxdı, gördüyünə inana bilmirdi. Əgər yoldaşları yan-yörəsində olmasaydı, bu cansız zərfi dönə-dönə öpər, bağrına basardı.

Lalənin xətti də özü kimi gözəl idi. Zərfin ünvan yazılan üzündə hərflər gözəl xətlə muncuq kimi düzülmüşdü. Həmişəki kimi məktub yenə qırmızı qələmlə yazılmışdı.

Starşina Klimenkonun gur səsi onu xəyallardan ayırdı: “Bölük, farağat! Sağa dön! Sol çiyin üstə addımla marş! Bölüyün mahnısını oxuya-oxuya yeməkxanaya doğru!”. Bölük “Üç tankçı” mahnısını oxuya-oxuya meydançadan üzü yeməkxanaya addımlayırdı. Mahnının gur sədaları ucsuz-bucaqsız Tayqa meşəsinə yayılırdı.

Əsgər yeməkxanasında hamının başı yeməyə qarışmışdı. Tural da yeyirdi, ancaq hara, niyə, necə yeyirdi, xəbəri yox idi. Əlini çörəyə, boşqaba, qaşığa uzatsa da, fikri döş cibində – ürəyinin üstünə qoyduğu məktubdaydı. Tez-tez əlini döş cibinə toxundurub yoxlayırdı ki, məktub yerindədirmi. Məktubu tez oxumaq istəyi ilə alışıb-yanırdı.

Başında bir sual dolaşırdı – məktubu harada oxusun. Tapdı. Nahardan sonra bölüyün qısa istirahəti zamanı fürsət tapıb tez ora cumdu – ağcaqayının kölgəsinə. Kürəyini ağacın iri gövdəsinə söykəyib zərfi döş cibindən çıxardı, bir məktuba, bir də ağacın gövdəsinə yazdığı “Lalə” sözünə baxdı, “Lalə” sözü də sevincək ona baxırdı. Məktub onun sinəsindəki tərdən bir azca yaş olmuşdu.

Həyəcandan az qalırdı ürəyi yerindən çıxsın. Zərfi açdı. Elə həmin andaca burnuna xoş ətir dəydi – həmişə sevə-sevə qoxladığı kəklikotu ətri. Qəsəbələrinin üst tərəfindəki “Quş qayası” dağının ətəklərindəki kəklikotunun ətrini anındaca tanıdı. Qəsəbə əhli kəklikotu, qantəpər, quzuqulağı, şomu, əvəlik, şəfaverici dərman bitkiləri yığmağa “Quş qayası”na gedərdilər. Biz tərəflərdə belə bir rəvayət var: Bir Bilici baba adında loğman istənilən xəstəliyi müalicə edirmiş. “Quş qayası”nda bitən otlardan müxtəlif məlhəmlər hazırlayarmış.

Kəklikotunun yarpaqları, çiçəkləri qurusa da ətri hələ də zərfin içində qalmışdı. Tural bu xoş ətri ciyərlərinə çəkdikcə özünü doğma yerlərdə hiss etdi, torpağın ətrini duydu: “yaxşı oldu, kəklikotunu dəmləyərəm, özüm də içərəm, Klimenko da, əsgər yoldaşlarıma da verərəm.

Zərfin içində Lalənin şagird dəftərinin qoşa vərəqinə yazdığı məktub və şəkli vardı. Qeyri-ixtiyari dodaqlarını şəklə yapışdırıb öpdü, elə bil ki, susuzluqdan cadar-cadar olmuş dodaqlarına həyat suyu, şirinlik, hərarət axdı, çoxdan Turalın üzünə həsrət qalmış təbəssüm əvvəlki yerinə qondu.

Məktubu birnəfəsə oxudu:

“Günaydın, əzizim, mənim küsəyənim. Çoxdandı səndən məktub almırdım. Fikirləşirdim ki, hərbi təlimə getmisiniz, məktub yazmağa imkanın yoxdu. Buna baxmayaraq hər gün poçtalyon Abbas dayının qarşısını kəsib soruşurdum ki, mənə məktub gəlibmi? Hərdən də beynimə qara-qura fikirlər gəlirdi. Deyirdim bəlkə rus gözəlçələrinə başın qarışdığından mən yadından çıxmışam. Sən demə, mənim haqqımda pis və yalan xəbər aldığından küsübmüşsən. Qoy deyim, ürəyin yerinə gəlsin, sənin şübhələndiyin oğlan mənim ögey qardaşımdı. Təəssüf… Mənsə darıxa-darıxa özümə təsəlli verir, özümü ovudurdum. Məktubda yazdıqlarını həyəcanla oxudum. Sənin ürək döyüntülərini duydum, narahatlığını yaşadım. Əzizim, əsgəri xidmətinin tez başa çatmasını elə arzulayıram və gözləyirəm ki. Sənsiz keçən günləri, ayları ömürdən saymıram. Həm də fikirləşirəm ki, bu həsrət, ayrılıq bizi daha da doğmalaşdırır. Axı şair demişkən, darıxmaq sevməkdi, Məhəbbət hər zaman uzaqlıq sevib. Deyirlər, əsgərlik kişilik məktəbidir. Sən Sibir soyuğunda mətinləşirsən. Yolunu gözləyirəm. Elə arzulayıram qovuşacağımız günü. Yadında saxla, demişəm, sən mənim kişimsən”…

Tural məktubu dönə-dönə oxuyurdu, oxuduqca da özünü qınayırdı. Cavab məktubuna ad da qoydu: “Acı suallara şirin cavablar”. Dərindən köks ötürdü. Gözləri nəmləndi. Bu göz yaşları nə qədər turşməzə olsa da, bir o qədər də sevgi kimi şipşirin idi. “Demək o üç sözü hələ də mənə deyir: “sən mənim kişimsən”. Qürurlanıb gülümsədi. Yenə xatirələr burulğanında şirin xəyalları şahə qalxdı: “Lalə ilə bir sinifdə oxuyurdu, çox dəcəl qız idi, yetənə yetirdi, yetməyənə daş atırdı. Atası onu oğlan təbiətli böyütmüşdü, ən çox da oğlanlarla dava edirdi. Atası Ərşad müəllim məktəbin direktoru olduğundan məktəbin ərköyünü kimi ad çıxarmışdı. Onun sözünün üstünə söz demək olmazdı. Səkkizinci sinifdə oxuyanda bir gün Turalın dostunu nədən ötrüsə sinif yoldaşlarının yanında döymüşdü. Həmin vaxt Tural məktəbin idman meydançasında yuxarı siniflərin şagirdləri ilə futbol oynadığından hadisədən xəbəri olmayıb. Dostunu döyüldüyünü biləndə hirslənmiş, elə sinif yoldaşlarının yanındaca Laləyə şillə vurmuşdu. Lalə Turalın bu hərəkətini çaşqınlıqla qarşılasa da, deməyə söz tapmayıb sonda əsəbiliklə: “sən kimsən, kişimsən, məni vurursan?” – qışqırmaqdan başqa çarə tapmayıb üzünü çevirib getmişdi. O gündən Lalə bir daha heç kimlə dava etmədi, hamıyla mehriban davrandı, dəcəlliyi yoxa çıxdı, ağır oturub batman gəzdi. Sonralar “sən mənim kişimsən” sözləri bir dəfə də təkrar olundu. Onda artıq Lalə ilə Tural bir-birini sevirdilər. Tural əsgərliyə gedən günün əvvəlki gecəsi onlar Turalgilin bağında alma ağacının altında görüşdülər. Lalə başını Turalın sinəsinə qoyub xısın-xısın ağlamış, qulağına pıçıldamışdı: “İki il necə dözəcəyəm, mənim kişim?”. İndi yenə məktubunda “sən mənim kişimsən” yazıb”.

Tural həmin gecə çox rahat yatdı. Məktub onun qəlbindəki çətin açılan düyünləri açmış, gərginliyi silib-süpürmüş, inamını özünə qaytarmışdı.

Səhəri gün bölük avtomat silahdan atəş açmaq üçün təlim mərkəzindəki poliqona getdi. Tural beş güllə ilə əlli mümkün xaldan qırx səkkiz xal toplayıb birincilik qazandı. Gizir Klimenko bunu heyranlıqla qarşılasa da Turalın əlaçı əsgər olduğu günlər yadına düşüb sakitləşdi, yanına çağırıb təbrik etdi. Turalın üzündə xoşbəxtlik işığının bərq vurduğunu, qara gözlərinin sevincdən alışıb-yandığını təcrübəli gizir görməyə bilməzdi.

Aralarındakı yaş fərqini, komandir, əsgər sərhəddini bir kənara qoyub köhnə dostlar kimi danışırdılar. Söhbətin şirin yerində Tural döş cibindən çıxardığı məktubu Klimenkoya uzatdı. Klimenko məktubu əlinə götürüb o üzə, bu üzə çevirib içərisindəki şəklə baxdı:

-Ohoo, sənin Lalən budurmu?

-Yoldaş gizir, sevgilimdən gələn məktubdu. Sizin məsləhət və tövsiyələriniz işə yaradı, çox sağ olun, – deyərək gülümsər baxışlarıyla Klimenkoya minnətadarlığını bildirdi.

Klimenko, – əsl Şərq mələyidir, – söyləyib sözünə ara verdi, – bəs nə yazır, barışdınızmı, o oğlan kim idi?

Tural sıxıla-sıxıla sözünə davam etdi:

-Yoldaş gizir, həmin oğlan Lalənin ögey qardaşıdır. Lalənin atası Ərşad müəllimin cavanlıq səhvindən doğulub.

-Ohoo, maraqlıdır. Ucundan-qulağından danışa bilərsən?

-Ərşad müəllim Bakıda Pedaqoji İnstitutda qiyabi təhsil ala-ala qəsəbəmizdəki məktəbdə müəllim işləyirmiş. İldə iki dəfə semestr imtahanlarına gedəndə bir ay müddətində tələbə yoldaşı Təranəgildə kirayənişin olurmuş. Təranənin qəlbində Ərşada qarşı sevgi oyanır, Ərşad da ona biganə deyilmiş. Günlərin bir günü Təranə ilə Ərşad şəhvət hisslərini cilovlaya bilməyib sevgi macərası yaşayırlar. Gizli sevginin nəticəsində bir oğlan uşağı dünyaya gəlir. Elə həmin vədələr Ərşad müəllimin valideynləri onu zorla əmisi qızı ilə evləndirirlər. Atası ilə aralarında qalın pərdə olan Ərşad Bakıda oğlu olduğunu deyə bilmir. Təranə Ərşadın evləndiyindən xəbər tutandan sonra “düz elədin, onsuz da mənim ömrümə az qalıb. Sevgimizin yadigarı oğlumuz mənə bəs edər”, – deyib kövrələrək köks ötürür. Ərşad müəllim nə illah eləyirsə Təranə dərdini dilə gətirmir. Növbəti semestrdə Bakıya gələn Ərşad müəllim Təranənin xərçəng xəstəliyindən dünyasını dəyişdiyini eşidib üzülür. Onun qəbrini ziyarət edib önündə baş əyir: “Sənin necə böyük ürəyin varmış, Təranə”.

Təranə işıqlı dünyasını zülmət aləmə dəyişməmişdən əvvəl oğlunu uşaq evinə verir ki, Ərşad ailəsində problemlər yaşamasın. Ərşad müəllim ha istəsə də oğluna sahib dursun, ancaq cürəti çatmır oğlunu uşaq evindən alıb ailəsinin yanına gətirsin. Düşünür ki, müəllim adına xələl gələr, el-oba tənəsi ağır şeydi. Bakıya gələndən-gələnə uşaq evinə gedər, oğlu ilə görüşərmiş.

Beləcə, illər ötür…

Allahin cəzasıdırmı, nədirsə, Ərşad müəllim əmisi qızı ilə evliliklərindən bircə uşaq dünyaya gəlir ki, o da Lalədir. Qadın neçə dəfə hamilə qalsa da, bətnindəki döl inkişaf etmir, tələf olur. Həkimlər bunu qan qohumluğu ilə bağlayırlar, həm də qan qrupları eyniymiş. Lalə də qardaş-bacısız böyüyür, başqa uşaqların çoxlu qardaş-bacılarının olduğunu görüb xiffət keçirir. Ərşad müəllim də qızını oğlansayaq böyüdür.

Bir gün Bakıdan Ərşad müəllimin ünvanına məktub gəlir. Məktubu alan arvadı göndərilən ünvanın uşaq evi olduğunu görəndə qəlbinə min cür fikirlər dolur. Ərini gözləməyə səbri çatmayıb məktubu açır. Beləcə Ərşad müəllimin illərlə gizli saxladığı sirri faş olur. İnsafən həyat yoldaşı da bu xəbəri hay-küylə qarşılamır. Uşağın anasının cavan ölməsi onu kədərləndirir, uşağa qarşı qəlbində mərhəmət hissi oyanır. Hətta bir neçə dəfə əriylə Bakıya gəlir, uşağa baş çəkir, ona mehri-məhəbbəti yaranır, birlikdə gəzintiyə çıxır, bir gecə də özləriylə saxlayırlar. Qadın həmin gecə uşaqla bir yorğan-döşəkdə yatır, səhər durub ərinə, – əmioğlu, onu bu gecə bətnimdən keçirdim, doğma oğluma çevirdim. Qızımıza qardaşdır, ona da analıq etmək borcumdur, – deyərək Ərşad müəllimin bütün nigaranlıqlarına son qoyur.

Klimenkonun səbri çatmır:

-Bəs sən bunları haradan bilirsən, sevgilin məktubda yazıb?

-Yox, bunları Lalə mənə çoxdan danışıb. Lalənin qardaşı uşaq evindəki məktəbi “əla” qiymətlərlə bitirir, Politexnik İnstitutda təhsil alır. Dostumun oğlanın mühəndis olmasını yazması düz deyilmiş, hələ tələbədir. Keçən yay qəsəbəyə gəlib yay tətili günlərini qardaş-bacı bir yerdə keçiriblər. Dostum da bunları dəqiq bilmədiyindən elə zənn edir ki, onlar sevgilidirlər. Lalə məktub yazmasaydı, həmin oğlanın kim olduğunu mən də bilməyəcəkdim. Lalə həmişə şəhərdə yaşayan qardaşından qürurla danışar, onu görməyi arzulayardı.

Klimenkonun qaşları çatıldı. Lalənin qardaşının taleyinə acıdı:

-Nə yaxşı ki, atası onu atmayıb. Qadına da əhsən ki, doğma balası kimi sevir onu. Deyirlər ki, ögey analar daşürəkli, əzazil olur. Görürsən, belə ögey analar da var, – Klimenko Lalənin şəklinə yenidən baxdı, – gözlərindən ağıllı qıza oxşayır, – dedi.

-Hə, bizim qızlar sevdiklərinə həmişə vəfalı olurlar.

-Bilirəm, bəs bura nə yazıb? – şəklin arasında yazılan sözləri anlamadığına görə soruşdu:

-Yoldaş gizir, yazır ki, “səni gözləyirəm, əsgər”.

-Tərcümə elə, nə deməkdir?

-Jdu tebe, soldat…

Təlimdən sonra Tural Lalənin göndərdiyi kəklikotundan dəmləyib bir fincan Klimenkonun kabinetinə apardı:

-Yoldaş gizir, kəklikotu çayıdır, Lalə məktubda göndərib. Bizim yerlərdə bitən şəfaverici yabanı otdur.

Kəklikotunun ətri Klimenkonun otağına dolmuşdu. Buğlanan çaydan starşina bir neçə qurtum içib “bəh-bəh” dedi…

MÜƏLLİF: AYAZ İMRANOĞLU

AYAZ İMRANOĞLU YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİR CAVADLI. MƏNİM ƏSGƏR BALALARIM

MAHİR CAVADLININ YAZILARI

Mahir Allahverdi oğlu Cavadlı 27 fevral 1959-cu ildə Zəngilan şəhərində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

MƏNİM ƏSGƏR BALALARIM

-Anacan, xahiş edirəm! – hündürboylu, hərbi forması əyninə kip oturmuş əsgər bir əli ilə ağzındakı maskanı burnunun üstünə çəkib, o biri əlinin işarəsi ilə ləpədöyəndən asfalt yola aparan narın qumlu cığırı göstərdi. Elə yumşaq tərzdə dedi ki, sanki böyük günah işlədir. Bir şey başa düşməyən nurüzlü ağbirçək heç nə olmamış kimi sıyıq dolu qaşığı uşaq arabasında rahatca uzanan körpənin ağzına apardı.

Uşaq sıyığını iştahla yeyib növbəti qaşıq üçün aşzını geniş açmaq istədi. Sübh çağınıın dəniz havasında, qulaqlarında ləpələrin həzin şırıltısı, mavi səmada dövrə vuran qağayıları seyr edə-edə yeməyinə nəyinsə mane olduğunu üzünə düşən kölgədən hiss elədi. Toppuş əllərini yellətdi, ayaqları ilə üstündəki nazik örtüyü atmağa çalışdı.

Nəhayət, üzünü bu yana çevirdi, gözləri günəş şəfəqlərinin qabağını kəsmiş təvərəmə papağın altından onu maraqla süzən gəncin baxışlarına dikiləndə, sanki nə isə anlamaq üçün hərəkətlərinə fasilə verdi və birdən daha bərk əl-qol atmağa başladı. Ona elə gəldi ki, əvvəllər zorla boğazına dürtülən, son bir neçə gündə, bu qumlu sahildə iştahla yediyi südlü sıyığını və süzgəcdən keçirilmiş şirin bibərini əlindən almaq istəyirlər. Ona bu iştahı bəxş edən mavi səmanın, qaqqıldaşan qağayıların, dan yeri şəfəqlərinin əvəzində qarışıq yaşıl, palıdı, bir az da bozumtul rəngli təvərəmə papağı görüb dodaqlarını büzdü, deyəsən ağlamağa hazırlaşırdı. Baxışlarını döndərib nənəsinin dümağ saçlarında sakitlik tapdı. Nənə ürəyinin dərinliyindən süzən şirin nəvə sevgisi ilə dodaqlarının azca tərpənişinə “can, bala!” ifadəsinə elə nəvaziş qatdı ki, dünyanın ən böyük möcüzələrini kəşf etmiş ən dahi alimlər belə ilk baxışdan adi görünən bu kiçik detalın sirrlərini açmaqda, yəqin ki, aciz qalardılar.

-Noolub, nəyi, niyə xahiş edirsən, ay sənin sərv boyuna, yaraşıqlı formana qurban olum, bala?!

-Çimərlik bağlıdır, ay nənə, dünən elan eliyiblər, dənizə gəlmək qadağandı, – əsgər bu sözləri deyəndə baş barmağının arxası ilə papağının altından alnına süzülən təri sildi, – Nənəcan, bir azdan komandir də gəlməlidi, sən Allah, gəl kömək eliyim, gedin burdan, bir az tez olun.

-Necə yəni dəniz bağlıdr, ay başına dönüm, niyə, suda əjdaha-zad var ki, yoxsa fırtına qopacaq?.

Bu vaxt uzaqdan çiyinlərinin ulduzları par-par parıldayan maskası çənəsindən gözünün altınadək örtmüş hərbçinin amiranə səsi eşidildi.

-Əsgər, nə durub gözünü döyürsən? Sənədlərini də yoxla, – dedi, o biri əsgərlərə də ucadan qışqırdı, – cəld tərpənin, tez zəncirvari düzülün, dəniz qırağında bir nəfər də qalmasın, sənədlərə, qeydiyyata diqqət yetirin. Qanunu pozanı dərhal mənim yanıma gətirin! Tez olun, tez, tez…

Əsgər vəziyyətin gərginləşdiyini hiss elədi. Yeməyi acgözlüklə hövkələyən körpəyə, hələ də nə baş verdiyini anlamayan nənəyə baxdı. Cavabını əvvəlcədən bilsə də soruşmaq xatirinə soruşdu:

-Axşam televizora baxmamısan, nənəcan, axı neçə gündü, deyirlər ki, karantin olacaq.

-Nə televizor, ay bala, indi heç cavanlar televizorda baxmağa bir şey tapmırlar, qaldı mənim kimi əldən-ayaqdan düşmüş, bir ayağı gorda olan qarı! Hə, camaat nəyəsə baxıb elə hey gileylənirdilər. A bala, day mən bu dünyanın işlərinə qarışası halda deyiləm.

Komandirin yaxınlaşdığını görən əsgər bir az ciddi görkəm alıb nənədən sənədlərini soruşdu.

-Sənədi neynirsən, ay qadan ürəyimə? Günün bu çağında, bu dənizin qırağında, bir mən nənədən, bir də bu tifildən sənəd istəmək kimin ağlına gələr belə? Axı, mən sənədi niyə götürməliyəm ki, qoca arvadam, salıb itirrəm, sonra da! Düzdü ye, çox heylə lazımım da olmur, yenə də…

-Nənə, vallah, necə deyim?!.. – Əsgər nəvazişlə – Bu koronavirus pandemiyasına görə yuxarıların qərarıdı. Biz də əmrə tabeyik, neyləyək.

-Nə kəkəliyirsən, əsgər, – yaxınlaşan komandirin səsi əsgərin qulağında cingildədi, qamətli, bir gözələ bəy ola biləcək gənci sanki yumağa döndərdi. Bilmədi ağbirçəyi müdafiə eləsin, yoxsa..

-Komandir…

-Nə komandir, komandir salmısan? Dur bu yana görüm ə!..

Gənc əsgər əmrə tabe olub bir addım geri çəkildi. Komandir əli ilə toqqasını düzəltdi. Qamətini şax tutdu, sağ əlini əsgərin papağından fərqli furajkasına aparıb hərbi salam verdi.

-Leytenant Kazımov! – özünü təqdim etdikdən sonra adəti üzrə “vətəndaş, karantin rejiminin tələblərinə uyğun olaraq….” sözlərini dilinə gətirmək istədi. Ancaq uşağa baxdı, son iki ayda cəmi üç dəfə görə bildiyi iki yaşlı oğlu yadına düşdü. Səsinin tonunu yumşaltdı, sakit tərzdə: 

-Sabahın xeyir, ay nənə! – deyə bildi ki, bu da öz yerini komandirinə vermiş əsgərə xüsusi ləzzət və rahatlıq gətirdi.

-Ağibətin xeyir, mənim komandir balam! – deyib yaşarmış gözlərini uzaqlara dikdi. Körpəyə baxıb əlinin arxası ilə yanağından süzülən bir damlanı sildi: – Bir vaxt o bədbəxt də evə gələndə sənin kimi belə şux duruşda anasına raport verərdi, – pıçıldadı.

Zabit dərinə getmədən vəziyyəti izah etməyə çalışdı.

-Nənəcan, bax, səndən sənəd istəmirik, cərimə də eləmirik, vəziyyətlə bağlı karantin rejimidir. Çimərliyi də qadağan ediblər. Yəqin bağınız haradasa buralardadı, gəl bir nəfər verim, sənə kömək eləsin, gedin evinizə, çölə çıxmayın! Yaxşı, nənə, mən də sənin oğlun.

-Çox sağ ol, ay oğul! Bu əsgər balamız dedi, ancaq mən qanammadım. Mənim evim də, bağ-bağatım da, ay boyun qurbanı, o nankor erməniylə üz-üzə dayanan dağın döşündəki kənddədi. Bura da özüm gəlməmişəm. Gətiriblər, bu tifilə görə, kim gətirib heç adını da bilmirəm! Oturmuşdum gül kimi kəndimdə, bu dəqiqə də meyvənin bol vaxtıdı. Düzdür, hərdən o nankorlar topa-tüfəngə tuturlar. Ancaq noolsun ki, o boyda igidimdən artıq deyiləm ha!

-Kim gətirdib, hara gətirib, ay nənə, de çağıraq gəlsin, özü aparsın, ya aparaq onun yanına, ancaq burada vaxt itirməyək, rəhbərlik gələr, atamıza od vurar.

Ağbirçək təmkinlə yemək dolu qaşığı körpənin ağzına apardı, dərindən köks ötürüb ah çəkdi.

-Bala, elə məsələ burasındadır ki, bizi bura gətirəni də tanımıram, bağda bu şəraiti yaradanı da! Tanısaydım alnından öpərdim, doğma balam kimi bağrıma basardım, elə bilərdim ki, birini alan tanrı başqasını yetirib.

Bayaqdan əsgərinə acıqlanan zabitdən əsər-əlamət qalmamışdı. O, artıq veriləcək cəzanı da çəkməyə hazır imiş kimi ağbirçəyin sözünü kəsməyi belə ağlına gətirmirdi. Nənə isə qaşıqla yemək qabının dibini siyirməkdə idi. Qərbədir ki, uşaq da qımıldanmırdı, sakitcə öz işindəydi. Deyəsən, zabitin papağındakı ulduz diqqətini çəkmişdi. 

-Hə, bala, bu uşağın atası aprel döyüşlərində şəhid olub. O günləri uşağı aparmışdım rayon xəstəxanasına. Orada da ağzı maskalılar çox idi, ağrın alım. Oradan da məsləhət gördülər ki, apar Bakıya! Hə, birtəhər tifili gətirdim Papanin deyilən yerə, hərbi qospitalı deyirəm, başqa haranı tanıyıram ki?!… Balam birinci dəfə yaralananda oralara çox gəlib-getmişəm. Sağ olsunlar, öz balaları kimi baxdılar. Bir də gördüm məni axtarırlar. Bir həkimin yanına apardılar. Çox mehriban qarşıladı, uşağı oxşadı, bir az kövrəldiyini də hiss elədim. Dedi, ay nənəcan, indi rayonda qarışıqlıqdı, uşağa da dəniz havası lazımdı. Dedim, ay həkim, vallah, ömrümdə dənizdə olmamışam. O da gülüb dedi ki, mən hamısını bilirəm, heç nədən narahat olma, sizə qulluq bizim boynumuzun borcudu. Sonra telefonu zəng çaldı, danışıb, tələsik sağollaşdı, geyinib “indi sizi mənim bağıma apararlar, mən gələnəcən orada qalın”, deyib çıxdı, elə o gedən getdi, bir də üzünü görmədim.

…Körpə qımıldandı, deyəsən, yeməyin arası kəsilmişdi. Nənə “Ay maşallah!” deyib nimçənin dibini sivirdi, dolu qaşığı növbəti payını yeməyə hazırlaşan nəvəsinin ağzına apardı. Deyəsən, qaşığın nimçə dibini sivirməsi uşağın da qulağına çatmışdı, üzünü çevirib, yastıqda başını rahatladı.

Nənə yaş dəsmal ilə nəvəsinin ağzını sildi, qab-qaşığı səliqə ilə büküb uşaq arabasının altındakı torbaya qoydu. Sonra “Ya Allah, özün kömək ol!” deyib ayağa qalxdı. Zabit uşaq arabasını fırladıb narın qumlu cığıra salanda nənə dillənmədən onun yanına düşdü.

-Hə, bala, sonra bir nəfər maşınla bizi bu bağa gətirdi. Yer-yataq göstərdi, yolda bazarlığa da saxlamışdı. İndi üç gündür burdayıq. Şükür Allaha, heç bir korluğumuz yoxdu. Ancaq bunu kim eliyir, niyə eliyir, anlamıram! Buraya gələnnən qoymurlar əlimizi ağa-qaraya vuraq. Adam xəcalət çəkir.

Asfalt yolu keçib üç yol ayrıcına çatdılar. Nənə bilərəkdən addımlarını yavaşıdıb, zabitin irəlidə getməsinə şərait yaratdı. Gənc oğlan yaşıl darvazanın ağzında ayaq saxladı. Sağollaşıb təcili xidmət yerinə qayıtmalıydı. Dünyagörmüş ağbirçək üzünü ona tərəf çevirdi, bir az əvvəl sahildən çıxıb getməyi tələb edən zabitə sual verməkdən çəkinmədi:

-Sağ ol, ay bala! Darvazaya birbaşa gəlməyindən belə anladım ki, bu bağın yolunu yaxşı tanıyırsan, bəlkə yiyəsini də tanıyasan?!…

Zabit xoş təbəssümlə:

-Tanıyıram, nənəcan, tanıyıram, – dedi, – bizim bağımızdır, bizim! Vaxtilə həkimlər mənə də dəniz qumunu məsləhət görüblər. Atam onda alıb. Özü aylarla bura gələ bilmir, o cəbhədən bu cəbhəyə qaçır. Evdə üzünü görəndə şükr eləyirik. Mən də onun kimi!

Sözünə bir qədər ara verdi. Qapını açıb ağbirçəyi içəri dəvət elədi:

-Sən narahat olma, elə bil öz evindəsən, nə lazım olsa, çəkinmədən de. İmkan tapan kimi uşaqları da gətirəcəm, bizim də, üzüm ayağınızın altında bir oğlumuz var, iki qardaş kimi bir yerdə oynayarlar. Mən də arxayın olaram ki, nənəsinin yanındadı.

Nənə taleyin bu qədərini gözləmirdi. Başını şax tutub gülümsəyən bu dünyagörmüş nənənin sual dolu baxışları daha çox mətləblərdən agah olmaq istəyinin ifadəsi idi. Xidmət yerindən nigaran zabitin isə bu mətləbləri açıqlamağa nə vaxtı vardı, nə də…

…Başlasaydı, uzun çəkərdi. Deməliydi ki, hələ mən anadan olmamışdan sənin oğlun mənim atamın əsgəri olub, qanlı-qadalı döyüşlərdən keçiblər. Şəhidlərin ruhuna and içiblər. O vaxtdan ta aprel döyüşlərinədək səngər dostu olaraq qalıblar. Deməliydi ki, oğlun şəhid olan gündən atam da sanki ölü kimidir. Sizin bu nəvəniz dünyaya gələndə nə qədər sevinmişdisə, aprel hadisələrindən sonra onqat, yüzqat artıq kədərlənmişdi döyüşçü atam. Zabit deyə bilmədi və deyə də bilməzdi ki, pandemiya dövründə bu cocuğun xəstəxanaya aparılması da, oradan guya göndərişlə hospitala gətirilməsi də, dəniz havası da atasının düşüncələrinin məhsuludur. Gənc leytenant, döyüşçü komandirin zabit oğlu kimi deməyə borclu olduğunu qısa və konkret, bir-iki cümlə ilə ifadə edə bildi:

-Nənəcan, sənin şəhid oğlun Horadiz döyüşlərində öz komandirini, yəni mənim atamı ölümcül vəziyyətdə səngərdən çıxaranda yaralanmışdı. Sənin o igid oğlun olmasaydı, indi nə mən vardım, nə də biz indi bu bağda idik. Ona görə də bura həm də sizin, bu balamızın bağıdır. Sizə qulluq etmək, vallah boğazdan yuxarı demirəm, bizim borcumuzdur.

O yan otağa keçib əlində bir fotoşəkillə geri qayıtdı. Atasının gənc əsgərlə çərçivəyə salınmış fotosuydu:

-Rəhmətliklə atamın şəklidir. Dünəndən Tovuzda bərk atışma gedir, atam da oradadır, – dedi, – qayıdanda hökmən baş çəkəcək. Eh danışılası o qədər söhbətlər var ki! Ancaq, nənəcan, hələlik bağda oturun, doğrudan da vəziyyət yaxşı deyil, Allah eləməmiş, uşağa bir şey olar.

Zabit nənənin əllərindən öpüb, mışıl-mışıl yatan uşağı təbəssüm dolu baxışlarla süzdü. Sonra adəti üzrə hərbi salam verib həyətdən çıxdı.

…Nənə iki igidin fotosunu sifətinə yaxınlaşdırdı, xəstə xalatından bilinirdi ki, hospitalda çəkilib. Əvvəlcə oğluna diqqətlə baxdı və indi anladı ki, oğlu bu yaşda olanda üzünü əməlli-başlı görə bilməyib. Onu doyunca görmək, oxşamaq istəyi həmişə ürəyində bir nisgil kimi qalıb. Toyundan sonra da cəmi bir həftə evdə qalmışdı. Bu tifil dünyaya gələndə ezamiyyət götürmüşdü, demişdi ki, bir ay qalacam. Onda da aprel hadisələri, Allah mərdumazarın bəlasını versin…

Ana oğlunun şəklini öpüb gözünün üstünə qoydu, “can, bala, yaralarına anan qurban!” – deyib ağladı. Baxışlarını fotodakı hərbi formalı gəncə yönəldəndə ona elə gəldi ki, sahildən bəri onunla söhbət edən zabit ona baxıb gülümsəyir.

…Şəkildəkiləri bir də öpdü, əli ilə tumarlayıb sinəsinə sıxdı, qəlbinin lap dərinliyindən bir pıçıltı dodaqlarına süzüldü: “Mənim əsgər balalarım!”

MÜƏLLİF: MAHİR CAVADLI

MAHİR CAVADLININ YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HƏCƏR PAŞAYEVA. SƏS ELƏMƏYİN

HƏCƏR PAŞAYEVANIN HEKAYƏSİ

HƏCƏR PAŞAYEVA

Həcər Adil qızı Paşayeva 8 fevral 1959-cu ildə Naxçıvanda anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

SƏS ELƏMƏYİN

Üzünü illərin eninə-uzununa dərin qırışlarla naxışladığı, kirpi yumağından baxırmış kimi çuxura düşən, nuru azalmış gözlərini qıyan bir qadın başını içəri uzatdı:

-Xalan qurban, gəldim. İşin çoxdumu? Dərmanları aldım. Bunu qoş, çıxım gedim, işim-gücüm var, – dedi.

Tibb bacısı stulda əyləşən xəstənin qoluna iynə vurduğu yeri spirtli pambıqla silib şprisi zibil qutusuna atdı. Qadına müraciətlə:

-Tərlan xala, gəl. Səndən başqa heç kim yoxdu ta, – dedi.

Qadın suvağı bir neçə yerdən qopmuş, divarlarının rəngi rütubətdən tanınmaz hala düşən otağa keçib çantasını köhnə, bozarmış taxtası ordan-burdan qabarmış tumbanın üstünə qoydu. Çarpayıya uzanıb qolunu çırmaladı. İynənin sancılmasını görməmək üçün gözlərini bərk-bərk yumdu. Tibb bacısı dərmanı ştativə asıb damcıların sürətini tənzimlədi. Yarım litrlik şüşə göz yaşlarını damcı-damcı plastmas kisəciyə axıtmağa başladı:

-Tərlan xala, qorxma, ta dərman gedir yavaş-yavaş.

Qadın gözünü açıb qoluna, sonra ştativə baxdı:

-Allah köməyin olsun, – deyib gözlərini yarıyumulu qapadı.

Tibb bacısı qəfildən:

-Tərlan xala, o günü eşitdim Əkbərin başına gələni. Allah haqqı, eşitdiyimə inanmadım. Gör haa, suyun lal axanı, adamın yerə baxanı. Lənət şeytana. Kimdən desən, gözləyərdim, amma Əkbərdən yox.

-Nə bilim axı. İşdir, adam başına gəlir. Uşağım gül kimi başını aşağı salıb dolanırdı. Qəfildən, iraq olsun, elə bil gözə gəldilər. Aləm qarışdı bir-birinə.

-Tərlan xala, o qızı hardan tanıyırmış Əkbər? Necə olub ee… hadisə?

-Hə, Səhər, deyirəm, anan ölsün, bala, bu nə işdi, sən düşdün? Gör kimin ağlına gələrdi ki, bunu da şeytan yoldan çıxarda bilər. Qonum-qonşuda bütün subay qızı olan analar onun kimi kürəkən arzulayırdılar. Arvadını o qədər çox istiyirdi. Dinəndə deyirdi: “Arvadı döyməzlər. Döyəndə də ya pulla, ya da aldığın təzə paltarla yançağına vurarlar. Ayağımı itlər qapa-qapa uzaq kənddən arvad alıb gətirmişəm ki, döyəm?” Biz nişan aparanda uşağımın ayağını qız evinin iti qapmışdı axı. Bir dəfə o gəlinə bir şapalaq vurduğunu, üstünə qışqırdığını görmədim, eşitmədim. Bu biri qardaşlarına heç oxşamadı. Bunlar eynən dədələridir. Arvadları da, insafən, pis deyillər, birtəhər yola verirlər. Bu getdi, kimə çəkdi, bilmirəm. Uşaqlarımın hamısından göyçək, boy-buxunlu, ancaq hamısından fağır. Arvadı da ki, ataman. İmanımı yandıra bilmərəm, bəlkə də, cadu-piti elədi, balamın dilini-ağzını bağladı? Nə bilim, vallah. İnstitutu təzə bitirib gələndə deyirdim, Səriyyənin qızını – xalamnəvəsini dəə – hə, deyirdim, onu al, bir tay unu bir dəfəyə yerdən qaldırır. Dedi, güləşməyə pəhləvan almıram ki. Sonra bir bibisi nəvəsi vardı, ceyran kimi qızdı, dedim, onu al. Dedi, uşaqdır, hələ məktəbi qurtarmayıb. Özümü öldürdüm ki, ay bala, qız meşə armudu kimi bir şeydir. Nişan tax, toyacan bir də gördün lalıxladı, yetişib oldu yeməli, ərə getməli bir qız. Onu da almadı. Odur ee, indi getdiyi ailədə bir ad çıxarıb ki, bütün tayfa başına and içir. Getdi, bu dəlini aldı, ağacdan zad eliyənin birini. Allaha qurban olum, necə uyğunlaşdırır, bəndələri taylayır bir-biriynən. O gəlinlə heç kim dolanmazdı, bu yola gedir. Qardaşları kimi savadsız deyildi Əkbər. Maşallah, getdi, Rusetdə oxudu, həm də işləyib özünü saxladı. Arada bizə puldan-paradan da göndərdi. Adamın üstündə Allah var, dədəsinə-anasına bir qəpik xərc-xəsarat vurmadı…

Qadın sözünü yarımçq kəsib tibb bacısına dönərək:

-Qolumu belə qoymaqdan keyidi, Səhər. Sən Allah, bunu bir az rahatla. – dedi. – Görən, gec qurtarar?

Tibb bacısı qadının qolunu astaca qaldırıb altına kiçik balınc qoydu, ştativdən asılmış şüşəyə nəzər salaraq dilləndi:

-Hələ bir az var, Tərlan xala, sən sözünü de.

-Hə, biz təzə evlənəndə dədəsi də yaxşı idi. Yenə bir az adamlığı varıydı. Maa elçi göndərəndə heç üzünü görməmişdim. Gəlinlər də hərdən soruşurdular, kişini harda görüb bəyənmişdin? Deyirdim, ay tövbə, tövbələr tövbəsi, vallah, görməmişdim, billah tanımırdım. Elə elçi göndərdi, dədəm də verdi. Toya bir az qalmış dostuynan gəlmişdi məhləyə, bir dəfə onda görmüşdüm. Sir-sifətdən pis deyildi, qara, arıq-arğaz bir oğlanıydı. Qocalandan sonra meymuna oxşamağına baxma. Sonra batmışın sifətinə baxmalı olmadı. Həə, “ya bəxt” – deyib getdim. İrəlilər mənə də, uşaqlara da baxırdı. Yaşayırdıq də birtəhər. Camaat kimi. Sonra elə bil getdikcə kişinin zayı çıxdı. Cini qalxanda məni döyüb öldürürdü. Evə, uşağa da baxmırdı. Dədəmgilə də dərdimi demirdim. Fikirləşirdim ki, niyə narahat olsunlar. Neyləyəydim ee, qismətiydi dəə, çıxmışdı qabağıma. Fikirləşirdim ki, yaşlandıqca düzələr, ağlı başına gələr. Hardan ee, əşşi… Sarsaq adam qocalanda ağlı başına gəlmir ki, sarsaq da qalır, qurumsaqdırsa, olur qoca qurumsaq. Ömrümü çürütdüm, günlərimi verdim yelə, getdi… Nə boşana bildim, nə də adam kimi yaşaya. Kasıblıq da bir tərəfdən ilan kimi dolandı boğazıma. Kişi evə pul gətirmirdi, yemək-içmək almırdı. İnan, həftəynən ac qalaq, vecinə deyildi. Hələ gəlib evdə mənnən yemək davası eləyirdi. Guya işləyirdi başı batmış. Bilmirdim, qazancını neyləyir.

-Tərlan xala, kişi ki qazancını evə vermədi, bil ki, hardasa bir zibil işi var, – deyə tibb bacısı gözünü telefondan çəkib qadına baxdı.

-Gözünə girsin zibil işi. Nə xəbərim olurdu ki, evdən çıxanda hansı cəhənnəmə gedir, nə qələt eləyir? İtin arvadı olasan, ömrü uzunu dədən evində un çuvalına tay olasan, ancaq qurumsaq, əzazil adama, xəsis adama getməyəsən. Mənimki keçdi e, bala, keçib getdi hər şey, – deyəndə qadın dərindən ah çəkib dərdli gözlərini tavana zillədi, – Nə isə, ağlıma saldılar, qutab bişirib satmağa başladım. Nə zülmlə bazardan – bir kənardan bircə qırıq yer ala bildim. Hər gün gedirdim, günortadan keçmiş qayıdırdım, sonra da ev-eşik, sil-süpür… Bilirsən dəə, evin işi nə deməkdir. Gecə də xamır qatıb yatırdım, obaşdan durub qutab bişirirdim. İsti-isti yaxşı alınırdı. Bazarın “uçaskovusu” o vaxt Cəfər idi axı. Həmzənin oğlu Cəfəri deyirəm. Hə, kişinin başı tamam pozuldu, saldı beyninə ki, sən Cəfərnən oturub-durursan. Ay tövbə, oğlanlarımdan kiçiyiydi. Mən kim, o kim? Qorxum o idi ki, gedib Cəfəri tutar, bir söz deyər, biabır olaram. Yaxşı ki, ancaq özümə deyirdi elə. Hər gün bazardan gələndə Allaha yalvarırdım ki, uşaqlar evdə olsun. Onların yanında dinmirdi, döymürdü. O evdə olanda hamamda çimməyə həsrət idim. Qapısı amanabənd idi. Təpikləyib açırdı, girirdi içəri, məni döyüb öldürürdü ki, çimirsən, Cəfərin xoşuna gələsən. Deyirdim, ay iyid ölmüş, bu yekəlikdə oğlanların anasıyam ee. Çox vaxt xəlvətə salıb tövlədə çimirdim. Onu da bir dəfə unadı. Sabun köpüyünü görmüşdü. Yenə mənə əl buladı. Baş-gözümə döyülməkdən, yaxşı ki, gic olmadım. Son vaxtlar da kişilikdən düşdü, oldu lap dəli. Neçə yaşı vardı, taa vaxtıydı da. Nə vaxta qədər o meymun sifətiynən kirdarlı qalacaqdı? Ay kişinin qızı, onun da günahını məndə gördü. Deyirdi, qocalmısan, ona görə beləyəm. Deyirdim, ay zalım, get bir cavan arvad al, yaxşı olsan, boşanacam, məndən əl çək. Səni Allah mənə baş bəlası verməyib ki. Başı batmış gedib Seyranın dul qızı var e, Xavər, ona irgənçi, qurumsaq təklif eləmişdi. O da tüpürüb üzünə, sonra da qardaşına deyib. Gədə girəvəyə salıb, tutub bunu eşşək kimi çırpmışdı. Camaatdan gizlədim. Qıza dedim, qocalıb, başı xarab olub, üstünü vurmayın. Biabırçılıq olar. Adına söz çıxmağı heç sənə də yaxşı döyül. Özünə dedim, a başı daşlı, bir güzgüdə üzünə bax, gör nəyə oxşayırsan? Xavər sənin o it yalamaz sifətinə heç tüpürməz də. Oğlanlarım hey soruşdular, bu kişiyə noolub, üz-gözü niyə bu gündədir? Qorxumdan demədim, gizlədim. Fikirləşdim ki, gedib Xavərin qardaşıynan dalaşarlar, qana düşərlər bundan ötrü. Özü də demədi. Elə bic idi ki. Tülküdən bic. Başı xarab olmuşdusa, bunu deyəydi də, niyə gizləyirdi? Nə isə ey, Allaha acıq getməsin, öldü, canım qurtardı.

-Tərlan xala, Əkbəri soruşdum ee, səndən, – deyə tibb bacısı telefonu tumbanın üstünə qoyub əllərini otaqla, otaqdakı əşyalarla uyuşmayan, ağlığından göz qamaşdıran xalatının cibinə soxdu. – Başım pozulub. Dərdli deyingən olar, a bala. Nə isə, indi də bu balam… Əkbər. Qalıb belə. Elə-obaya çıxa bilmir. Camaatın min zibili olur, heç bu cür eləmir. Bu yazıq ömründə bir dəfə qələt elədi, alabayraq oldu. Ağ köynəyə nöqtə boyda ləkə düşsün, o dəqiqə bilinir. Amma qara paltarı nə qədər çirkə bulasan, ləkəsi bilinməz. Qorxuram ki, iraq olsun, balamın başı pozular. Onlarla da qalmıram ki, deyəm, bala, ürəkli ol. Denən, bax belə yaxşı eləmişəm, əcəb eləmişəm. Əlimin içindən gəlib. Hansınızdan əksiyəm? Kişi deyiləm? Deyəm ki, ay oğul, papağını qoy qabağına, fikirləş, gör bu ətrafda, qonum-qonşuda səndən təmiz uşaq var? İndi nə oldu, dünya dağılmadı ki. Bu nə xəcalətlikdir, yaşayırsan. E-e-h, xeyri yoxdur, fağırdır, fağır. Məni ən çox da o gəlin – arvadı yandırır. Bir tufan eləyir ki, elə bil əri bu dəqiqə onu boşayıb, gedib o rusu alacaq. Rus da bir rus ola. Elə bil suya düşmüş siçandı köpəkqızı. Qayınarvadları – o biri gəlinlər həmişə buna paxllıq eliyirdilər. Oğlumu üzdə guya bəyənmirdilər. Arvadağız qoymuşdular bunun adını. Deyirdilər, yaxşı ki, bizimkilər elə deyil. Kişidə bir zəhm, hirs-hikkə olar. Bu nədi ee, arvadı maşına minəndə tez qaçıb qapını açır. Əli yoxdu? Özü açsın da. İşdən gəlir, yorğun-arğın qaçır mağazaya. Aaz, uşaqları arvadıynan birlikdə saxladı, Ətağanın cəddi haqqı. Amma bir qıza-qadına gözünün ucuynan baxmamağını bəyənirdilər. Deyirdilər, bu ancaq öz ailəsiynəndir. Bizmkiləri gərək güdəsən. Gözümüzdən iraq olsalar, min hoqqadan çıxarlar.

-Sən nə dedin bəs? Həmin gün necə olmuşdu, heç təfsilatı demədin axı, – deyə tibb bacısı səbrini basa bilməyib yenə soruşdu.

-Tezdən eşitdim. Demək, əhvalat necə olur, Səhər? Bu uşaq axı Ruset xarabada oxumuşdu. Orada bu “krısa”ya oxşar qıznan aralarında nəsə varmış. Sonra mənimki gəlir, bu dəli ilə evlənir, o qız da özününkülərdən birini tapır, ərə gedir. Aradan neçə il keçir, Əkbər yadına düşür bunun. O yaraşıqda oğlan kimin yadından çıxar ki? Götürür, məktub yazır ki, bəs səndən ötrü ölürəm, gəlmək istiyirəm ora.

-Hardan bildiz bunları?

-Əşşi, demirəm, oğlum zayılfasondur? Əvvəllər başına nə gəlmişdi, kimnən oturub-durmuşdu, evlənəndən sonra hamısını arvadına danışmışdı. Gör kişi də qabaqlar yediyi p..u arvadına danışarmı? Səydi dəə, səy… Nə isə, hamısını bitdə-bitdə arvadına deyib. Hə, bu da durub qıza yazıb ki, gəl bura, guya xəstəsən, duz mədənində müalicəyə gəlmisən. Arvadıma deyəcəm, o vaxtı sizin evinizdə kirayə qalırdım. Sənin dədən-anan mənə çox hörmət eləyib, indi də mənim növbəmdir. Elə həqiqətən, o vaxtı oğlum bunlarda qalırmış. Qərəz, qız əri ilə gəlib çıxır. Di bunlara hörmət-izzət… İkinci mərtəbədə bir otaq ayırırlar, ən yaxşı mələfə -“çuxol”, mitil-zad… Qonaqlar gələn gün mən də ordaydım. Arvaddan elə ilk görünüşdən gözüm su içmədi. At kimi kişnəyirdi. Ağzını göyə açıb elə hündürdən gülürdü ki, az qalırdı mədəsinin içi görükə. Arvad ki, elə güldü, ondan qorx, kənar dur. Xatalı adamdır. Hər fitnə, ifritəlik əlindən gələr. Sabahdan bunlar hər gün gedirlər guya müalicəyə. Qayıdırlar, evdə yemək-içmək, çay, şirniyyat – gəlin hazır eləyir. Haqq üçün, gəlinin yaxşı süfrə açmağı var. Axşamlar da qızın xaxol ərini mənim gədəm bərk içirdir. Yüz qram içən kimi piyan olurmuş. Ayaq üstə ölənin biri idi. Axırı, belə olur ki, gəlin duyuq düşür. Baxır ki, bu qız Əkbərə bir ayrı cür baxır, qaş-göz eləyir. Bir gecə gəlin oyanıb görür ki, Əkbər yerində yoxdur. Deyir, o saat dalağım sancdı. Bildim ki, burda bir iş var. Evi gəzdim, yox idi. Qalxdım ikinci mərtəbəyə, gördüm, qonaqların işığı yanır. Otağın qapısını açıb içəri girəndə nə görsəm, yaxşıdır? Xaxol kişi bərk xorulduyır. Ərim də lümlüt – alt paltarında oturub çarpayının qırağında, tutub bu rus sarımeçənin əlindən, şirin-şirin söhbət eləyirlər. Məni görəndə özünü tamam itirdi. Soruşdum ki, burda neyləyirsən, Əkbər? Dili dolaşa-dolaşa qayıtdı ki:

-M-maya,  gəlmişəm, d-deyəm ki, səs eləməsinlər, biz yatırıq…

Dedim:

-Əkbər, bizim otaq birinci mərtəbədə, bunlar yuxarıda. Gecənin də yarısıdır, nə səs eləyəcəklər? Bu kişinin səs-küy eləməklik halı var? Gecədən “piyan” olub yatıb.

Dəli olmadımmı? Nə yemisən, turşulu aş. İkisini də qatdım bir-birinə. Mən çırpdıqca rus eşşəyin qızı nəsə deyir, bilmirəm, başa düşmürəm ki. Bir-iki söz qalıb yadımda. Arada cığıldayırdı: şulyuxa… suka… Nə bilim, aaz… Məni yandıran ərim oldu ee, ərim. Mən rusu çırpdıqca Əkbər qayıdasan ki, Maya, onu vurma, o qəribdir, yazıqdır. Yandm-töküldüm. Çamadanlarını şifonerdən çıxarıb tulladım evin ortasına. Dedim, köpəkqızı, dur, bu dəqiqə donuz ərini də götür, rədd ol evimdən.   

…Hə, a qızım, gecə ikən oğlum taksi çağırır, bunları evdən yola salır. Arvadına deyir, gözlə, səs-küy eləmə, uşaqlar yatıb, qoy səhər açılsın. Səhər də qırğınları təzədən başlayır. Məni çağırdılar, getdim. Gəlin az qalır, gədəmi öldürə. Tutursan, tutulmur, “kəs” – deyirsən, kirimir. Birtəhər yat-küt elədim. Dədəsini çağırdım. Anası da gəldi. Dedi, a bala, dədən başıma yüz dəfə belə oyun açıb, otur yerində. İncəvara, arvad qızının köpünü aldı. Elə mən də deməlisini dedim. Dedim, qızım, sizə baxır, yağ-bal içində saxlayır? Saxlayır. Xətrinə dəyib, sənə bir ağır söz deyib? Yox, deməyib. Taa nə istiyirsən? Adamdı daa, kişidir. Görürsən, hər gün kabab, dolma yemək də adamı bezdirir. İstəyirsən, arada bir kartof soyutması, bibər turşusu da yeyəsən. İndi nooldu, dünya dağımadı ki? Ay qız, Səhər, elə yamandır. Mənə qayıdasan ki, Tərlan xala, sənin də könlünə hərdən kartof soyutması düşüb? Dədəsinin yanında deyir özü də. Dedim, mən yazıq heç kabab-zad da düzəməlli görmədim, bala, nəninki sən deyənləri. Ayıb döyülmü? Qoca vaxtımda bu nə sözdür, danışırsan? Qayıdasan ki, Tərlan xala, qoca at arpa yemir? Qocalığı bəhanə eləmə, həmişə qoca olmamısan ki… Qaldım mat-məəttəl. Matım-qutum qurudu. Ətim töküldü. Dədəsi bərk acıqlandı. Əşşi, nə isə eey… Yaxşı ki, onunla bir evdə yaşamıram. İki günə adamı dığladar… Hər şey cəhənnəmə, oğlum camaat içinə çıxa bilmir. Hara gedirsə, tanış-biliş:

-Əkbər, taa səs eləyən yoxdur ki? – deyib sataşır.

Qadın sözünə ara verib nəsə düşünməyə başladı. Fikri yayınırdı. Sonra ştativə baxıb:

-A qızım, Səhər, deyəsən, qurtardı axı. Bu iynəni çıxart görüm. Çıxım, gedim evə. Görüm başıma nə gəlir. Xəstəlik də bir yandan gözümü açmağa qoymur. Təzyiqim elə qalxmışdı o günü. Abbas dedi, Tərlan bacı, gəl başına hacama qoyum, keçəcək. Dedim, sən Allah, Abbas, başımı deşdəkləyərsən, olan-qalan ağlım-huşum da ordan uçub gedər. Dərman atacam, keçsin.

Tibb bacısı gülüşünü zorla saxlayıb dodaqaltı qımışdı. İynəni qadının qolundan çəkib ştativdəki dəm-dəsgahla birlikdə yığışdırdı, əlində saxlayıb qadının sözünü bitirməsini gözlədi.

-Sağ ol, Səhər. Sabah elə bu vaxt gələcəm. Hamısı bitsin, pulunu verərəm, – sonra dərindən ah çəkib, – Eeh, yazıq balam. Danışdıqca ürəyim sıxılır. Ha deyirəm, yadımdan çıxarım, olmur, – dedi.

Çarpayıdan qalxaraq köhnə, cadar-cadar dərisinin rəngi ovulub tökülmüş çantasını götürüb otağı tərk etdi. Ayaqlarını sürüyə-sürüyə yeridiyindən əzab və ağır yük çəkməyi yüz ağaclıqdan bilinən qadının yerişinin səsi o koridoru tərk edənəcən otağa gəlirdi.

01 mart 2021-ci il

MÜƏLLİF: HƏCƏR PAŞAYEVA

HƏCƏR PAŞAYEVANIN YAZILARI


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAİBƏ YUSİF. MƏKTUB

>>>>Bayraq hekayələr toplusu

NAİBƏ YUSİF

Naibə Həsənağa qızı Yusubova 03 dekabr 1958-ci ildə Səlyan rayonu, Qaraçala qəsəbəsində anadan olub. Hazırda Şirvan şəhərində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

MƏKTUB

Başını aşağı salmışdı. Qulaqlarındakı uğultudan danışanın nə dediyini anlamırdı. Gözlərinin qarşısında köpüklənən ağız, hədəqədən çıxmış göyümtül gözlər, ölçüsüz-biçimsiz əl-qol hərəkətləri canlanırdı. Nə olduğunu anlamağa çalışsa da, heç nəyi yadına sala bilmirdi. “Bu kişi kimdir? Nə üçün qəzəblidir? Nə üçün onun qarşısında günahkar kimi başımı aşağı salmışam? Axı günahım nədir? Niyə içəri girən kimi mənim adımı çəkdi? Nə sinifdəki müəllimə, nə də tələbələrə etina etmədi? Niyə heç nə xatırlamıram?” Niyələr çox yordu Talehi. “Allahım, kömək ol!” – deyərək imdad istədi.

Nə qədər vaxt keçdiyindən xəbəri olmadı. Amma getdikcə özündə bir yüngüllük duydu. Hafizəsi aydınlaşmağa başladı. İcazə almadan təkəbbürlə içəri girən bu şəxsin özünü təqdim etmədən:

-Taleh Qədirov kimdir? – sualına maraq dolu baxışlar altında ayağa durduğunu da xatırladı. Boz kostyumlu ucaboy kişinin baxışlarından sıxıldı. Bu baxışlardan gizlənməyə çalışdı. Amma birdən özündə cəsarət duydu, adamın gözlərinin içinə baxdı. Bu gözlər kimi xatırladırdı? Nə üçün bu qədər tanış idi? Ayırd etməyə vaxtı olmadı.

-Demək, Taleh sənsən, – kişi rişxənd dolu baxışlarını Talehin nimdaş üst-başından çəkib düz gözlərinin içinə zillədi. – Demək, mənim qızıma məktub yazan da sənsən.

Taleh bir anlıq nə edəcəyini bilmədi. Özünə bəraət qazandırmaq ağlından belə keçmədi.

-Üst-başına bax, sonra mənim qızıma məktub yazmaq fikrinə düş! – sözləri qulaqlarında şillə kimi partladı. Başı hərləndi, gözləri qaraldı. Müvazinətini itirməmək üçün stoldan yapışdı. Anasını itirdiyi günü xatırladı. Dərindən köks ötürdü…

Bir ildən sonra evlərinə təşrif buyuran ögey anaya da isinişə bilmədi Taleh. Elə həmin gündən evdən soyudu. Dərs oxumaq bəhanəsilə süfrəyə hamıdan gec gəldi, yeməyini tək yedi. Bu, atasının da diqqətini cəlb etdi, amma ona heç nə deyə bilmədi.

Darıxanda anasının yanına qaçdı, heç kimə deyə bilmədiklərini onun soyuq məzarı ilə bölüşdü… 

Ali məktəbə daxil olanda başqa uşaqlar kimi anası boynunu qucaqlamadı. Əlini kürəyinə vuran atasının:

-Afərin oğluma! – sevincinə də susmaqla qarşılıq verdi.

Universitetə gəldiyi ilk gün onunla yanaşı oturan Faziləni görəndə özünü itirdi, dili topuq vurdu. Fazilə ala gözlərini onun üzünə dikəndə diksindi də. İlahi, bu gözlər necə də anasının gözlərinə bənzəyirdi. Gülərkən batan yanaqları, girdə sifəti, sarışın siması, qızılı saçları ona nə qədər doğma idi. Bəzən özündən asılı olmadan gözlərini bu tanış simadan çəkmədi. Fazilə bir gün dərsdə olmayanda özünə yer tapmadı, ondan xəbər tutmağa çalışdı…

-Axı nə pis iş tutmuşam ki? – sualına cavab axtardı, tapmadı. – Sadəcə, darıxdığımı yazmışam. Axı mən onu görəndə anamı xatırlayıram. Ananı xatırlamaq qəbahətmi? Bunu Fazilə də yaxşı bilir.

Taleh bütün cəsarətini topladı, dillənmək istədi, lakin qulağına dəyən həlim səsdən diksindi:

-Xahiş edirəm, bir qədər nəzakətlə danışın. Unutmayın ki, onlar gəncdirlər.

Taleh müəlliminin nə üçün dilləndiyini anlamağa macal tapmadı. Fazilənin atası əlini cibinə saldı. Dörd qatlanmış bir vərəqi Talehə uzatdı:

-Mənim də sənin anana məktubum var. Apar ver, oxusun.

Otağa dərin bir sükut çökdü. Heç kim eşitdiyinə inanmaq istəmədi. Talehin qırğı baxışları boz kostyumlu kişinin ağaran dişlərinə sataşanda qeyri-ixtiyari gözündə iki damla yaş parladı, dəli bir hayqırtı pəncərələri titrətdi. Boz kostyumlu kişi bu səsdən diksindi. Bir addım geri çəkildi. Elə zənn etdi ki, Taleh üzərinə şığıyacaq, qəzəbdən düyünlənən yumruğunu onun başına endirəcək. Amma gördüyü mənzərə hamı kimi onu da səksəndirdi. Taleh kökündən kəsilmiş ağac kimi yerə sərildi. Səs-küy bir-birinə qarışdı. “Təcili yardım” gələnə qədər Taleh ayılmadı. Həkimlərin ilk yardımı da bir nəticə vermədi. Hərtərəfli müayinə üçün onu xəstəxanaya apardılar. Hamı sarsılmışdı. Boz kostyumlu kişi də susdu. O, tələbələrin qınaq dolu baxışları altında əzildi. Müəllimin üzündəki donuq ifadə sıxılan qəlbini daha da göynətdi.

-Məni bağışlayın! – deyib ağır addımlarla qapıya tərəf yönəldi.

Yol boyu gəncin siması gözlərinin qarşısında canlandı. Öz-özünə pıçıldadı:

-Bu da sənin yeni əsərin, Qürbət!

Pıçıltı qulaqlarında əks-səda verdi. Səsi özünə də yad gəldi. Hara getdiyini bilməyən adamlar kimi yol boyu ayaqlarını sürüdü. Xəstəxananın həyətinə nə zaman çatdığından xəbəri olmadı.

***

Talehi ikiadamlıq palataya yerləşdirmişdilər. Otaqda ondan başqa kimsə yox idi. Bənizi ağarmış gəncin alnında narın tər damcıları vardı. Adyaldan çöldə qalan qoluna sistem qoşulmuşdu. Xəstə qımıldanmırdı. Aramla damcılayan dərman olmasaydı, Talehin yaşamasına inanmaq çətin idi…

Şüşənin içindəki maye qurtarınca tibb bacısı özünü yetirdi, iynəni xəstənin damarından çıxardı. Üzünü ayaq üstündə gözləyən boz kostyumlu kişiyə tutub soruşdu:

-Sizin oğlunuzdur?

Çətinliklə də olsa dilindən qıfıl götürüldü:

-Xeyr.

Sözünün ardını gətirə bilmədi. Növbəti sualı eşitməmək üçün otaqdan çıxdı. Özünü danlaya-danlaya dənizkənarı bulvara tərəf yol aldı. Yeri boş idi. Yaxınlıqda da kimsə görünmürdü.

Hava sakit olsa da, narın-narın əsən mart küləyi həmişəyaşıl ağaclara sığal çəkirdi. Mavi dəniz asta-asta ləpələnir, ağ köpüklü dalğalar sahil qumlarını yalayırdı. Bu guşə Qürbətin sıxıntılı günlərinin həmdəmi idi. Çətinə düşəndə, dərdini dağıtmağa çalışanda həmişə buraya gələr, düşüncələri ilə baş-başa qalar, çözüm axtarardı. Bəzən saatlarla yerindən tərpənməz, gəlib-gedənlərə əhəmiyyət verməzdi…

Qürbət ata-anasını çox erkən itirmişdi. Atasını heç xatırlamırdı. Anasının solğun siması isə birdəfəlik yaddaşına hopdu. Özündən üç yaş kiçik bacısı ilə yetim qalanda onlara həyan olacaq bir qohum-qardaş da tapılmadı. Qonşular yas mərasimini birtəhər yola verdikdən sonra uşaqları yetimxanaya aparmağı son mənəvi borc bildilər. Onda Qürbətin dörd yaşı vardı. Bacısından elə o vaxtdan ayrı düşdü. Qonşuluqda yaşayan Məsmə arvad arabir ona baş çəksə də, sonralar ondan da bir xəbər çıxmadı. Nə qədər qayğı göstərilsə də, ana nəvazişini, ata sığalını heç nə əvəz etmədi Qürbət üçün. Arabir bacısını yadına salmağa çalışsa da, yanağındakı xaldan başqa heç nəyi xatırlaya bilmədi. Bu xalı xatırlamasının səbəbi də vardı. Onu yatırtmağa çalışan anasının yanağındakı xal ən sevimli əyləncəsi idi. Balaca barmaqları ilə xaldan tutar, qoparmağa çalışardı. Anası dünyasını dəyişəndə bu əyləncədən də məhrum oldu. Amma qonşuların söhbətindən yadında qaldı ki, bacısı anasına çox oxşayır.

***

Həyat Qürbəti çox sıxdı. İstədiyinə heç vaxt asanlıqla nail ola bilmədi. Bəzən təhqir olundu, alçaldıldı. İmkanlı ailələrin uşaqlarına həsədlə baxdı. Yelkənsiz qayıq kimi həyatın amansız dalğalarında üzməyi bacarmadı Qürbət. Yolu həbsxanalardan da keçdi. Müxtəlif adamlarla oturub-durdu. Bir şey anladı: yaşamaq üçün heç kimə heç nədə güzəşt etməyəcəksən. Səni əziblərsə, sən də əzəcəksən…

Qürbət şərlənib həbsxanaya düşdükdən sonra bu qənaətə gəldi. Müttəhimlər kürsüsündə əyləşdiyi günü heç unuda bilmədi. Düzdür, o vaxta qədər çox sınmışdı, amma heç kimin qarşısında əyilməmişdi. Həmin gün isə sındırmaqla kifayətlənmədilər, həm də əydilər Qürbəti. Adicə bir yükdaşıyanı topdansatış dükanını talamaqda günahlandırdılar. Yoxlama zamanı üzə çıxan bütün yeyintilər ayağına yazıldı. Özü kimi yükdaşıyanları üzünə durğuzanda qəh-qəhə ilə güldü Qürbət. Son sözü bu oldu:

-Görəsən, mənim arxamca həbsxana küncünə sizin hansınız göndəriləcək?

Qürbətə beş il cəhənnəm əzabı yaşatdılar. Ən çirkli işlərdə çalışdırdılar. Bəzən gecəni sübhə qədər ayaq üstə qalmaq da qismətinə düşdü…

Dustaqxanadan çıxdığı gün nə edəcəyini bilmədi. Gedəcək bir evi, döyəcək bir qapısı yox idi. Köhnə paltarlarla dolu çamadan əlində küçələri veyl-veyl dolaşarkən gözünə sataşan elan ona yeni həyatın başlanğıcı kimi göründü. Elanı bir də oxudu, ürəkləndi.

Emalatxananın müdiri onun üst-başına baxdı, sınayıcı nəzərlərlə soruşdu:

-Taxta-tuxta işindən başın çıxır?

-Hə. Peşə məktəbində öyrənmişəm.

İllər yazıqlaşdırmışdı Qürbəti. Onun yazıq görkəmi ustanın gözündən yayınmadı. Artıq heç nə soruşmadı. Həmin gündən emalatxana onun yalnız iş yeri yox, həm də evi oldu. Bütün günü işlədi. İş saatı bitəndən sonra da mişar, çəkic əlindən düşmədi. Bir amalı vardı: özünə gün ağlamaq. Hamı kimi o da uduş lotereyası aldı. Bəxti gətirdi. Elə həmin gün emalatxanadan ayrıldı. Üst-başını təzələdi. Ölkədəki ab-hava da karına gəldi. Xırda alverdən böyük biznesə doğru irəlilədi. Qabağına qaçanların, yol verənlərin sayı çoxaldı. Bəzən verilən salamları “eşit”mədi. Biznesi böyüdükcə özü də “böyüdü”. Onu kürəkəni kimi görmək istəyənlərin sayı artdıqca Qürbətin təkəbbürü yerə-göyə sığmadı.. İlk məhəbbətinin “hədiyyəsi” beşillik cəza olmuşdu. Axı acından ölən birisinə hansı imkanlı qız verərdi ki? Keçmiş taleyi ilə barışmayan Qürbət arabir geriyə rişxəndlə baxmağı da unutmadı. Ağrılı günlərin qisasını alırmış kimi çox qəlblər qırdı. Rişxəndinin qarşısında göz yaşı axıdanlara istehzası lap dözülməz oldu…

Qürbət ailə qurdu. Doğulan ilk körpəsinə bacısının – Fazilənin adını verdi. Böyüdükcə daha çox anasına bənzəyən Fazilədən təkcə anasının yox, itkin düşən bir yaşlı bacısının da ətrini aldı. Yalnız o ətri duyanda Qürbət tamamilə dəyişdi. Həlimləşdi, təkəbbüründən əsər qalmadı və həmin anda həmsöhbəti onu yenidən kəşf etdi…

Qürbət bacısını çox axtardı, amma tapa bilmədi. Hansı uşaq evinə getdisə, Fazilə adlı qızın həmin ildə qeydə alınmadığını söylədilər. Bacısını tapmadığı üçün özünü günahkar saydı Qürbət. Yeganə təsəllisi qızı Fazilə oldu. Ona yalnız ata deyil, bir həyan, dost, qardaş sandı özünü. Bacısı kimi qızı Faziləni də itirəcəyindən ehtiyat etdi. Ona dikilən hər gözdə saxtakarlıq axtardı, açılan hər ürəkdə varına, dövlətinə hərislik gördü. Çoxlarını incitdi, hətta arxa qapıdan içəri ötürtdükləri də oldu. Hər qələbəsini təntənə ilə qeyd etdi Qürbət. İncitdiyi adamların heç birinə, azacıq da olsa, mərhəmət duymadı. Çox zaman qarşısındakının mütiliyi onu hövsələdən çıxardı. İyrəndi belə adamlardan: “Əzilmək üçün doğulub belələri”, dedi.

Talehin məktubunu da qutudan özü götürdü. Qızına məktub yazmağa cəsarət edən gəncin “dərsini vermək” fikri yuxusuna haram qatdı. Lakin ilk görüşdəcə “qələbə”yə bu qədər yaxınkən özünü məğlub sandı Qürbət. Həyatında ilk dəfə etdiyi hərəkətin ağrısını yaşadı, “niyə?” sualına cavab verməkdə çətinlik çəkdi. O, rastlaşdığı adamları bir-bir xəyal süzgəcindən keçirtdi. Ən güclü rəqiblərini yolunun üstündən asanlıqla götürdüyü günləri xatırladı. “Sənin də havanı çalan tapılar, Qürbət!”- deyən Hafizi yadına saldı. Onda bu sözlərə qəh-qəhə ilə gülmüş: “Artıq sən görən Qürbət çoxdan ölüb, yoxdur”, – demişdi. Qürrələnib sinəsinə döymüşdü və onu məhbəs küncündə yatırdan müdirindən ilk intiqamını belə almışdı.

Ancaq Qürbət üçün bu da kifayət etmədi. Zəminə kabinetinə gəldiyi gün özünü göyün yeddinci qatında zənn etdi. İntiqam hissi gözlərini elə örtdü ki… Ad-sanını yetim yükdaşıyandan “qoruyan” keçmiş müdirin xahiş üçün qızını şirkət sahibi Qürbətin yanına göndərməsi qələbənin ən yüksək nöqtəsi idi…         

Zəminə müflisləşən ərinin günah sahibi olmadığını söyləyəndə məhkəmə zalı Qürbətin gözlərinin qarşısında canlandı. “Mənim də heç bir günahım yox idi”, – deyib bağırmaq istədi, lakin  Zəminənin gözlərindəki ifadə onu danışmağa qoymadı.    

“Yalvarıram, Hafizlə işin olmasın, o, pis adam deyil”, – deyərək hıçqıran Zəminəyə çox yazığı gəldi. “Axı səni niyə göndəriblər?”- deyə bağırdı. Səsindən diksinən qadına: “Get!”- əmrini necə verdiyindən də xəbəri olmadı. Zəminə ağır-ağır qapıya tərəf yönələndə: “Arxayın ol!” – kəlməsini dilinə gətirə bilmədi.

Zəminə getdi. Qürbət nə qədər sıxıntılı olsa da, yarımçıq qalan işlərini sahmana salmaq istədi, amma bacarmadı. Beş illik məhrumiyyətləri, acıları, təhqirləri sanki yenidən yaşadı. Kini bir az da artdı. Amma növbəti zərbəni vurmağa imkanı olmadı. Arvadının minnətə getdiyini öyrənən Hafiz bağ evində özünü asmışdı.

Bu xəbərdən daxili sarsıntı keçirsə də, heç nə olmamış kimi davrandı Qürbət. Hətta dəfnə də getdi. Cılızlaşan keçmiş müdirinə uzaqdan qalib kimi baxdı. Dəfndən qayıdanda isə əda ilə: “Allah səbir versin”, – dedi. Dişi bağırsağını kəsən müdir heç nə deyə bilmədi, bu təsəllidən bir az da balacalaşdı. Onun büzüşməyi Qürbətin nəzərindən qaçmadı. “Bu dünyanın işlərini bilmək olmur, Səttar dayı” – sözləri ilə ötən günləri müdirinin yadına salmağı da unutmadı.

Səttar dodaqaltı nə isə mızıldandı (Əslində onun nə deyəcəyinin Qürbət üçün heç bir əhəmiyyəti yox idi), sonra başını qaldırıb Qürbətin üzünə baxdı. Bu göyümtül gözlərdəki istehzanı ilk dəfə məhkəmə zalında gördüyünü xatırladı…

Qürbətin qızına vurulduğunu eşidəndə tamam hövsələdən çıxmış: “Bir “dərənin iti”nin mənim süfrəmin başında nə işi var? Onu elə gedər-gəlməzə göndərəcəyəm ki, qızımın adını tutmağına peşman olacaq”, – deyə and içmişdi. “İtirdiyi açar” Qürbətin cibindən çıxanda ucaboylu gəncin balacalaşmasını ləzzətlə seyr etmiş, istehza ilə: “Nə qədər mal çırpışdırmısan?”- soruşmuşdu. Gəncin and-aman etməsinə əhəmiyyət verməmiş, anbarda yoxlama başlatmışdı. Bir gecənin içində yoxa çıxan malların hesabını ondan istəmişdilər. Səttar arxasız bir gənc üzərində qələbəni belə qazanmışdı. Lakin Qürbətin məhkəmə zalındakı qəh-qəhəsi uzun zaman qulaqlarında cingildəmiş, bəzən onu yuxudan oyatmışdı. Oyanan zaman gördüyünün yuxu olduğuna çox sevinmişdi. Qürbət cəza evindən gələnə qədər qızını gəlin köçürmüş, tanınmış bir ailə ilə qohumluğun binasını qoymuşdu. Kürəkəni Hafizlə çox yerdə qürur duymuşdu. Yeni tikdirdiyi evə qapı-pəncərə sifarişi verəndə Qürbətin işlədiyi emalatxanaya gəlmiş, onun nimdaş geyiminə, fağır görkəminə rişxənd edərək: “Ay müdir, bir abırlı adam tapa bilmirdinmi ki, yoldan ötəni işə götürmüsən? Bunun gördüyü iş nə olacaq?” – söyləmişdi. Müdir onun dediklərinə əhəmiyyət vermədən: “Əlləri qızıldır. Əgər bəyənməsən, başqa emalatxanaya gedərsən”, – cavabını vermişdi. Sifarişini alanda isə heyrətini gizlədə bilməmişdi Səttar. O zaman bugünkü Qürbətlə rastlaşacağını ağlına belə gətirməmişdi.

Qürbət yas yerindən ayrılanda kürəyinə zillənən bir cüt göz maşına minənə qədər onu təqib etdi. Adi vaxtlarda arxasınca dikilən baxışlara qətiyyən əhəmiyyət verməyən Qürbət bu gün daxili bir narahatlıq keçirdi. Üsyankar gəncin qəzəbli baxışları, hayqırtısı ruhuna elə hakim kəsildi ki, kim olduğunu belə unutdu. Asta-asta yerindən qalxdı. Ətrafda gəzənləri görmürmüş kimi yoluna davam etdi. Amma hansısa bir hiss onu xəstəxanaya tərəf çəkdi. İndiyə qədər etdiklərindən ötrü heç kimə hesabat verməyən Qürbət vicdan məhkəməsi ilə üz-üzə qalmışdı. O, ağır addımlarla pilləkənləri qalxdı. Artıq onun üçün xəstəxanada kiminlə qarşılaşacağının əhəmiyyəti yox idi. Təki gənc oğlan ayılsın. 

***

Cingiltili gülüş səsi qulaqlarında əks-səda verəndə Qürbət duruxdu. Bu, kimin gülüşü idi? Nə üçün ona bu qədər doğma, məhrəm gəldi? Addımlarını yavaşıtdı. Palataya yaxınlaşanda gülüş yenidən təkrar olundu. Qürbətin heç nəyə şübhəsi qalmadı. O, bu gülüşü yüz gülüşün içindən ayırd edə bilərdi. Qızının ondan icazəsiz xəstəxanaya gələcəyini ağlına gətirmək istəmədi. Ağırlaşan ayaqlarına ağrı çökdü, addım atmağa taqəti qalmadı. İçəridə isə gülüş səsləri bir-birinə qarışmışdı.

-Qızım, Fazilə, Allah səni həmişə güldürsün. Çoxdan belə ürəkdən gülməmişdim, – deyən səsi eşitdikdə heç nəyə şübhəsi qalmadı. Bəli, bu onun hamıdan qoruduğu, əsən küləyə, doğan Aya, parlayan ulduza belə qısqandığı qızı Fazilə idi.

Qürbət bir anlıq nə edəcəyini bilmədi. Dəlicəsinə bağırmaq, içəri cummaq istəsə də, bacarmadı. Ciyərparasına qıymadı. Divara söykənib dərindən nəfəs aldı, irəliyə gedən yolların üzünə qapandığını zənn etdi. Geri döndü. Pillələri sanki sürünə-sürünə endi. Sərin axşam küləyi üzünə dəyəndə bütün əzalarından üşütmə keçdi. Bir azdan üşütmə sızıltıya çevrildi. Hiss etdi ki, yeriyə bilmir. Vücudunu saran ağrılar ixtiyarını əlindən alır.

Yaxınlıqdan keçən bir taksiyə əl elədi. Evləri ilə xəstəxananın arası xeyli vardı. Yol boyu bir-birini əvəz edən mahnılarda o, keşməkeşli bir ömrün cizgilərini hiss etdi. Qürbət yolun bitməsini arzulamadı. Mahnı qanadlarında mürgüləmək, bu gün törətdiyi hadisəni unutmaq istədi, bacarmadı. Taksi evlərinin qarşısında dayananda zorla maşından düşdü. Evin qapısını da özü açdı. Şıltaqlıqla boynuna sarılan qızını gözləmək fikri indi ondan tamam uzaq idi. Ona elə gəldi ki, ev də əvvəlki hərarətini itirib. Diqqətlə üzünə baxan qadınına, qolları havadan asılan qızına baxmadan yataq otağına keçmək istədi.

-Ata! – sədası yaddaşını silkələdi. Qızını yalnız indi gördü. Dili topuq vurdu:

-Səən nə vaxt gəldin?

-Sənə nə olub, ata? – deyib köksünə sığınan qızının saçlarını tumarladı. Hələ də hərarəti enmədiyi üçün istidən pörtən yanaqlarına, parıltı əvəzinə yaşla dolan ala gözlərinə baxıb alnından öpdü, yavaş-yavaş eyni açıldı.

-Heç, bir az fikirli idim, – dedi.

-Özünü çox yorursan, bir az istirahət elə, – deyən qadınının sözlərini də eşitmədi. Daxili bir narahatlıq bütün gecəni Qürbəti üzdü. Xəstəxanada eşitdiyi səslər, gülüşlər bir tilsim kimi onu özünə çəkdi. Səbirsizliklə səhərin açılmasını gözlədi. Günəşin ilkin şüaları dənizdən boylananda göz qapaqları ağır-ağır endi.

                                           ***

Qürbət oyananda günortaya az qalırdı. Cəld yerindən qalxdı. Vanna otağına getmək istəyəndə qızı yenə də uşaq şıltaqlığı ilə boynuna sarıldı. Qürbət bir anlıq hər şeyi unutdu. Hərarəti enməsə də, qızının şən əhvali-ruhiyyəsi ona da sirayət etdi. Süfrə başına keçdi. İştaha ilə yeməyini yedi. Evdən çıxanda dünənki halından əsər yox idi. Sürücü həyətdə onu gözləyirdi. Maşına əyləşən kimi:

-Sür, – dedi.

İncitdiyi gəncin ailəsi ilə tanış olmaq, üzr istəmək, qızını xatırladan gülüş sahibini – Faziləni görmək marağı onu xəstəxanaya çəkdi. İndi ona qarşı tərəfin necə münasibət bəsləyəcəyinin heç bir əhəmiyyəti yox idi. Xəstəxanaya çatanda:

-Məni gözləmə, – deyib sürücünü yola saldı.

Pillələri yüngül addımlarla qalxıb koridora daxil oldu. Koridorun geniş foyesində tibb bacısından nə isə soruşan uca boylu bir kişi diqqətini cəlb tdi. Gözlərinə inanmadı. Bu, Qədir idi. Dustaqxanada tanış olub dostlaşdığı Qədir. Özündən ixtiyarsız qollarını açaraq ona tərəf addımladı:

-Qədir! – deyib səsləndi.

Qədir də iyirmi ildən bəri görmədiyi Qürbəti görəndə gözlərinə inanmadı, amma bu, yuxu deyildi. Qarşısındakı dost yolunda canından keçməyi bacaran Qürbət idi. Bir-birini qucaqlamadılar. Qucaqlaşan əllər və çiyinlər oldu.

-Səni buralara hansı ruzgar atıb, ay Qədir? – deyərək maraq dolu göyümtül gözlərini dostunun üzünə dikdi.

-Oğlum burada yatır. Ona dəyməyə gəlmişəm.

-Xəstəliyi nədir?

-Eh, elə bir xəstəliyi yoxdur. Əsəbi gərginlikdən huşunu itirib. Ayılmağı uzun çəkir.

-Nə vaxtdan xəstəxanada yatır?

-Dünəndən. İlk dəfə anasını itirəndə bu vəziyyətə düşdü. Uzun sürən müalicədən sonra güclə özünə gəldi. Amma indi nə olduğunu bilmirəm. Özü də heç nə demir. Anasının itkisi ilə heç barışmaq istəmir. Nə qədər könlünü açmaq istəsək də, bir kəlmə dinib-danışmır.

Qədir doluxsundu. Gözündəki yaşı dostunun görməməsi üçün üzünü kənara çevirdi.

-Ata, Taleh səni çağırır, – deyən qızın səsi axşamkı gülüşü Qürbətin yadına saldı.

-Gəldim, qızım!

Qədir ağır bədəninə uyuşmayan bir cəldliklə ayağa qalxdı, palataya tərəf yönəldi, işarə ilə Qürbəti də içəri çağırdı. Səsin sehrindən çıxmayan Qürbət özündən asılı olmadan onun arxasınca düşdü. Bir neçə addımlıq məsafə sanki qurtarmaq bilmədi. Qapıda Fazilə ilə qarşılaşanda duruxdu. Özünü ayrı bir dünyada zənn etdi. Anasının çöhrəsi gözünün qarşısında canlandı. Bu, həmin ala gözlər idi. Sol yanağındakı qəhvəyi xal da yerində idi.

Qürbətin dili tutuldu, bir kabus qovurmuş kimi əllərini tərpətdi. Yıxılmamaq üçün divara söykəndi. Fikrini aydınlaşdırmağa çalışdı: Bu nə idi: yuxumu, təsadüfmü, ya illərdən bəri axtardıqlarına qovuşmaq üçün etdiklərinin əvəzində Allahın cəza kimi göndərdiyi hədiyyəmi idi?

Qürbət ayılanda özünü yataqda gördü. Qədir başının üstünü kəsdirmişdi. Taleh çarpayının ayaq tərəfində dayanmışdı. Qürbət hönkürdü. Onun hönkürtüsündəki acı fəryada dözə bilməyən Fazilə də ağladı. Ürəyi boşalana kimi ağladı Qürbət. Heç kim onu sakitləşdirməyə cəhd eləmədi. Sakitləşəndə də heç nə soruşmadılar. Qürbət qırıq-qırıq cümlələrlə özü danışdı hər şeyi. Fazilə adı ilə tanıdığı bacısı Nazilənin şəklini istədi. Qədir həmişə cibində gəzdirdiyi şəkli göstərəndə Qürbət yenidən hönkürdü. Şəkildən boylanan solğun çöhrəli qadın anasının eyni idi…

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏZİZAĞA ELSEVƏR. DAĞILAN DÜNYA

ƏZİZAĞA ELSEVƏRİN YAZILARI

ƏZİZAĞA ELSEVƏR

Əzizağa Bəhram oğlu Ələkbərov 10 sentyabr 1952-ci ildə Cəlilabad rayonu, Sabirabad kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

DAĞILAN DÜNYA

Şəhidlərimizin ölməz ruhuna və qazilərimizin hünərinə ithaf

Haqqın, ədalətin pozulduğu yerdə dünya özü öz içindən dağılır.

Fəxri cəbhədən geri qayıdanda gördüklərinə inanmadı. Bu bir yuxu, ya xoşbəxt sonluqlu kino idimi, bilmirdi. Qolunu bərk-bərk çimdiklədi, gözlərini ovuşdurdu, yox, heç nə dəyişmədi. Nə yuxu idi, nə də kino. “Görəsən, necə olacaq?!” – deyə fikrə getdi. İki ay bundan qabaq qorxu, təlaş içində çırpnan kənd, elə bil, həmin kənd deyildi. Adamlar tamam dəyişmişdilər. Sanki bir az böyümüş, bir az da ürəkli olmuşdular. Uşaqlı-böyüklü hamının gözü onda idi. Asfaltı orda-burda uçulub-dağılmış, yağış sularından yığılıb kiçik-kiçik gölməçələnmiş yol boyu düzülənlər onu gözləyirdilər. Bu adi bir iş deyildi, cəbhədən qalib ordunun qazisi gəlirdi. Hər dəqiqəsi, hətta hər saniyəsi belə ölüm olan, qaşla-göz arasındakı məsafə yaxınlığındakı ölümü min kərə görmüş qazi. Qürurlu, vüqarlı adi əsgər. Fərəhindən yerə-göyə sığmırdı. Az qala uçmaq, uçmaq istəyirdi…

Bələdiyyə sədri Şişman Məlik özü kimi köhnəlmiş qara “Mersedes”indən düşüb dayananları ruhlandırır, Murtuz müəllimə uşaqların bayraqları tez-tez oynatmalarını, “Ən böyük əsgər – bizim əsgər!” lövhələrini götürənlərin daha ucadan çığırmalarını tapşırırdı. Fotoqraflar şıqqıltıyla müxtəlif profillərdən şəkillər çəkir, yerli televiziya və qəzetlərin müxbirləri müsahibələr götürür, unudulmaz anları orda-burda dilə gətirirdilər.

Günortadan sonra rayonun başbiləni də kəndə gəlmişdi. Rayona gəldiyi beş il ərzində ilk dəfəydi ki, ayağı bu kəndə dəyirdi. Onu da qazinin yastı-yapalaq daxmasının önündəki tut ağacının altında düz on dəqiqə durmaqla, “Tələsirəm, gərək bağışlayasınız!..” – deyib getmişdi. Yox, tələsmirdi, bəlkə də görünüşündən kasıb, köhnəlmiş daxmaya girməkdən utanıb-çəkinirdi. Həyətdən çıxanda bələdiyyə sədrinin qulağına nəsə pıçıldayıb çıxmışdı. Həmin gün bələdiyyə sədri nədənsə, ürəklənib: “Gəlib-gedəniniz var!” – söyləyib iri bir cöngə kəsdirmişdi. Kənd, həqiqətən aşağı-yuxarı, uşaqlı-böyüklü göz aydınlığına gəlmişdi. Hər gələn də əlində bir bağlamayla, dolu səbətlə. Kimi qənd, çay, noğul-nabat, kimi yumurta, yağ, pendir, kimi… bir sözlə, imkanı, əli catan qədər hər kəs bu qapıdan ürəklə girirdi. Bəlkə də, bugünkü kimi, bu kasıb, sadə daxmanın heç belə sevinci olmamışdı.

Fəxri universitetin jurnalistika fakültəsini bitirmişdi. Hara əl atmışdısa, ixtisasına, istəyinə uyğun iş tapa bilmirdi. Qəzetlər güclə özünü dolandırırdı. Qəzetçilik gözdən düşmüşdü. Təzə işçi götürmək istəyəndə şərt kəsirdilər: “Vəsiqə veririk, gör neynirsən, yaxşı bacarığın varsa, zirəng tərpən, bizi də, özünü də dolandır!..” Bəli, o qədər “zirəng tərpənən”lər var idi ki, idarələrə qənim kəsilmişdilər, qaşınmayan yerdən qan çıxarırdılar. Əlləri bala batanların gözləri doymur, qan görmüş qurd kimi hər gün artan hərisliklərinin ağırlığı altında əzilirdilər. Bu iyrənc hərislik çoxlarını bədbəxtliyə sürükləmiş, nə qədər jurnalisti “quş damına”, barmaqlıqlar arasına saldırmışdı. Söz urvatdan düşmüş, yazan da, yazmayan da çırmalanıb meydana atılmışdı. Meydanda çox adam olsa da, meydan boş idi, qələminin gücü ilə tanınası, barmaqla sananılası qədər az idi, çox az. Fəxri bu meydana girmədi, daha doğrusu, girməyi özünə sığışdırmadı.

Uzaq bir qohumu var idi rayonda. Müstəntiq işləyirdi. Necə olsa, sözü keçirdi. Çox yerə baş vurandan sonra əli hər yerdən üzülən Fəxri axırı qohumuna üz tutdu. Bircə telefon zənginə yanğınsöndürmə idarəsində işə düzəldi. İş deyəndə, nə iş idi ki, şlanq tutan. Yoxa min lənət, yenə bilirdi ki, daimi iş yeridir, hər ay alası məvacib yeri var idi. Daha bu az idi, çox idi, fərq etməzdi. Allah kərimdir, az olsa da, işlərəm, sonra yavaş-yavaş artar. Ancaq Fəxrinin sevinci çox çəkmədi. Qohumunu başqa rayona dəyişdirdilər. İdarədə müdir gələn qonaqları, yoxlamanı qarşılayırıq adıyla pulun üstünə əlini qoydu. Hər ay öz payını götüzdürdü. Fəxri dillənsə də, xeyiri olmadı. Kim idi onu eşidən, dinləyən. İki-üç ay keçəndən sonra bəhanə də tapıldı, ştatı ixtisara düşdü. Sonra bəlli oldu ki, sən demə, öz qohumu üçün o yeri boşaldırmış.

Fəxri çox idarələrə baş vurdu. Hamısından eşitdiyi bircə kəlmə söz oldu: “İş yoxdur… olanda gələrsən!..” Ümidini də tam qırmadılar, yalandan da olsa, vəd verib yola saldılar.

Günortadan xeyli keçmişdi, acından mədəsi sıyrılırdı. Cibində elə də pulu yox idi ki, gedib yeməkxanada oturub, allah verəndən bir tikə yesin. Qonşudan borc aldığı o beş manatın üstündəydi, onu da üç gün idi ki, xərcləyirdi.İş dalıyca rayon mərkəzinə gedib-gəlirdi. Hər yerdən əli üzülmüşdü. İşıq ucu görünəsi bir yer yox idi. Ona ağır gələn o idi ki, Allahın verdiyi sap-sağlam canı, əli-ayağı, ağlı-düşüncəsi yerindəydi, ancaq ailəyə çörək gətirəsi bir iş tapa bilmirdi. İçəridən min kərə sınır, oturub zülüm-zülüm ağlamaq, ürəyi boşalıncaya qədər göz yaşlarını tökmək istəyirdi. Düşünürdü, axı niyə, niyə belə ədalətsizlik olsun?! Biri bir tikə quru çörəyə möhtacdır, o birisi sayı-hesabını itirdiyi pulunu, sərvətini yığmağa yer tapmır. Biri yaşamaqdan bezib, intihar ipini boğazına keçirib, cavan ömrünə qəsd edir, o birisi xüsusu yeməyini də xaricdən gətirdiyi itinə, pişiyinə xidmətçi axtarır. Dünya nə qədər etibarsız imiş, Allah?! Yaşarmış gözlərini silmək üçün cib dəsmalını çıxarmaq istərkən, əli kağıza bükülü çörəyə toxundu. Quru, yavan çörəyə! Özündə deyildi, tamam yadından çıxmışdı. İndi yadına düşdü ki, səhər evdən çıxarkən arvadı Gülsabah bir tikə təndir çörəyini kağıza büküb: “Yavan da olsa, ürəyinə güc verər!” – demişdi.

Fəxri parkın dalda yerində stol kimi düzəldilmiş iri bir ağac kötüyünün üstündə oturub Gülsabahın bükdüyü çörəyi çox iştahla yedi. Saata baxdı. İş vaxtının qurtarmasına hələ bir-iki saat qalırdı. Qonşuları Məlik müəllimin məsləhət gördüyü kommunal təsərrüfatı idarəsinə də baş vuracağını unutmamışdı. “Ümidsiz olma, necə olsa, orada, bəlkə bir iş tapılar. Allah kərimdir, bəndəsini damanda qoymaz… yaradıbsa, ruzusunu da əsirgəməz!..” – demişdi Məlik müəllim.

İdarədə müdiri soruşdu Fəxri. Katibə iş üçün gəldiyini biləndə: “Müdirin vaxtı yoxdur, yuxarıdan qonaqları gəlib… yaxşı olar ki, Güləhməd müəllimə dəyəsiniz… kadrlar şöbəsinə baxan Güləhmədə… Məmiş müəllim bu işi, onsuz da ona tapşırıb…” – dedi.

Fəxri qapını döyüb, otağa girdi. Çox da böyük olmayan, işıqlı otağın baş tərəfində, jalüzlü pəncərənin böyründə oturmuşdu Güləhməd. Pərdələri yarıya qədər çəkildiyindən pəncərənin ağzındakı qovaq ağacı aydın görünürdü. Havadan payızın qoxusu gəldiyindən qollu-budaqlı qovağın yarpaqlarına sarı-sarı zər düşmüşdü. Budağından qopan yarpaqlar ara-sıra xəfif küləyin ağzında uçuşur, bəzən pəncərəyə dəyib, yaralı quş kimi yerə tökülürdü. Bir az o yanda Mişarçay sakit-sakit axıb gedir, uzaqda qəlbilənib, bir-birinə dirsəklənə-dirsəklənə uzanıb gedən bənövşəyi rəngli Burovar dağları payız günəşinin solğun şəfəqləri altında həzin, kövrək bir ovqat yaradırdı. Otaqda divar boyu şkaflar düzülmüş, göy, sarı cildli qalın tikiş qovluqları əlifba sırası ilə cərgələnmişdi. Sağ küncdə iri bir dibçəkdə əkilmiş fikus ağacı qoyulmuşdu. Sol küncdəki limon ağacından sapsarı limonlar sallanırdı. Rəngbərəng açılmış güllər arasında təkcə çatışmayan bülbül idi. Sinəsi, boyun-boğazı bəzəkli, dil-dil ötən bülbül. İlk görünüş, düzü, adamda nikbinlik yaradır, ümid doğururdu. Güləhmədin yaşı o qədər də çox görünmürdü. Otuz beş-qırx yaş arası həmin olardı. O yazdığı vərəqi kənara qoyub, qapı ağzında dayanan Fəxriyə mənalı-mənalı baxdı. Handan-hana:

-Buyurun, eşidirəm sizi! – dedi.

-İş üçün gəlmişəm!.. İşləmək istəyirəm… İstəyirəm halal-haqqına bir iş yerim olsun, hər ayın sonunda ailəmə bir tikə çörək, ruzu aparım!..

-Sən də iki universitet bitirmisən?

-Başa düşmədim. O nə deməkdir?! Niyə elə soruşursunuz?! Məgər burada işləmək üçün iki universitet bitirmək lazımdır?!

-Əstəxfürullah! Mən elə demədim, bir hövsələniz olsun də, sözümü tamamlamağa da imkan vermirsiniz. Bu gün siz iş dalıyca qapını döyənlərin beşincisisiniz. Hamısı da universitet təhsilli olduğunu, hələ üstəlik iki diplomlu olduğunu gözə soxur. Mən neyləməliyəm, onlara nazir, prokuror, ya polis rəisi yerinimi verməliyəm?! Oxumuş adamlarsınız, idarəmizin qapısını açanda divardakı lövhəyə baxmaq günahmı olar? Orda nə yazılıb, yazılıbmı ki, rayon kommunal idarəsi?! Yazılıb… Yazılıbsa, daha burda düşünməli nə var ki?!.. Bu dəqiqə qırx boş iş yerimiz var. Süpürgəçi, zibil daşıyan… Heç kəs bəyənmir, gələn də iki ay duruş tutmamış qaçır. Məgər burda ancaq qızlar, gəlinlər işləməlidir?! Bəs hardadır o kişilər ki, avara-avara veyllənib, çayxanaların yolunu yağır da edirlər, bir o qalır ki, çərçivəsini də yerindən çıxardalar. Hamısı da danışanda ağzı köpüklənə-köpüklənə qeyrətdən, ləyaqətdən, qürurdan danışır. Hələ bir üstəlik başqalarını borclu da çıxarmaq istəyirlər. İş axtarırsansa, qardaşım, istənilən işin qulpundan yapış, qorxma! Lazım gələr, yaxşı iş rastına çıxar, çıxıb gedərsən. Nə diplom bazlıqdır, guya diplomu olanlar hansı təpəni daşıyıb dağa çeviriblər, ya hansı uçuq-sökük damın dirəyinə dönüblər. Əsas odur ki, işi yarıt, rəhbərliyin ağzını açmamış nə deyəcəyini gözlərindən oxu! Mənim heç ali təhsilim, sizlər demişkən, heç universitet təhsilim də yoxdur. Göytəpə peşə məktəbini bitirmişəm. Bir müəllimim vardı. Vardı, deyəndə, elə indi də sağdır. Məndən zara gəlmişdi. Tez-tez sual verərdim. Heç məni görməyə gözü də yox idi. Oturub-durub elə hey kəlməbaşı: “Ədiş, səndən adam olmayacaq!” –deyərdi. Düzəliş verib, ay müəllim, adım Ədiş deyil, Güləhməddir… Güləhməd! – desəm də, fərqinə varmaz, bir az da acığa düşüb, “Yoox, sənin adın Ədişdir!.. Ədişdir, vəssalam!..” – deyib hirsini boğmağa, sakitləşməyə çalışardı. Düzü, niyə mənə Ədiş deyirdi, bu söz onun ağlına hardan girmişdi, onu da bilmirdim. Heç sonra da maraqlanıb soruşmadım. Hər şey qaldı arxada, xoş xatirə, şirin bir nağıl kimi. Bax, görürsən, adam da oldum, müdir də az qalır başıma and içə. Bu böyüklükdə şöbəni, düz on ildən çoxdur ki, idarə edirəm. Bir qüsurum da olmayıb. Hələ kimsə məndən narazı qalmayıb. Həə, yeri gəlmişkən deyim, o gün həmin müəllimim gəlmişdi. Nəvəsi texniki universiteti bitirib. Mühəndisdir. Ona bir iş istəyirdi.

-Verdinizmi? – deyə, Fəxri soruşdu.

-Verdim, niyə də axı verməyim! – Güləhməd gülə-gülə, özü də hərəkətindən çox məmnun bir formada dedi. – Bax, hələ üstəlik o limonumdan dərib, yaxşı bir limonlu, mixəkli çay da verdim!.. Sağ olsun ki, o məni tez-tez tənqid edib. Tənqid etməsəydi, heç bəlkə də belə ciddi-cəhdli ola bilməyəcəkdim. Müəllim əməyi danılmazdır. Hər sözü, bəlkə də, bir hikmətdir. Gözümüz onda bağlı olur, hər şeyin yaxşısını vaxtında görə bilmirik. Sonra anlayanda da başa düşürsən ki, nə deyirmişlər. Gərək hər sözün vaxtını biləsən, ömrünün vaxt saatını da ona uyğun qura biləsən.

-Bəlkə, müəllimin nəvəsi kimi, mənə də abırlı, ürəyimə yatan bir iş verəsən, həə?! – Fəxri Güləhmədin əhvalının xoş vaxtından istifadə etmək istədi.

-Xoşuma gəlirsən, iş bacarana oxşayırsan. Bu gün ovqatımın xoş vaxtıdır. Oğlumun ad günüdür. – Güləhməd dedi: – Bu işi sənə verməmiş, bəs kimə verəcəm. Özümə ki, saxlamayacam. Sənin vəzifən nəzarətçi-tabelçi olacaq. Əllidən çox işçiyə gündəlik nəzarət edəcəksən. İşə çıxıb- çıxmayıb, çıxmayıbsa, bəs hardadır, niyə çıxmayıb suallarını dəqiq bilməlisən. Rayonun ərazisi böyükdür, görüləsi işlər də hər gün dəyişir. Amma iş üçün əsas şərtlər var, onu da bilməyin vacibdir. Əvvəla, maaş kartın düz bir il bizdə qalacaq. İlin tamamında gəlib götürərsən. Elə bilmə ki, bu pul bizim cibimizə axacaq. “Yuxarıdan” bir tük belə əskik olmaz, nə gəlir, nə gedir hamısını yaxşı bilirlər. Bizi burda elə belə, xala xətrin xatirinə otuzdurmurlar. Hər şeyin haqq-hesabı var. Hər şey aşağıdan yığıla-yığıla yuxarıya gedir. Allah atalara min rəhmət eləsin, “balıq başdan iylənir”, – deyiblər. Kənardan baxan da deyir ki, aşağılar cib kəsir, yumurtadan yun qırxır. Vallah, nə gizlədim, bu sökə-sök, ötür-ötür oyununda qəpik-quruş da bizə qalmır.

-Deyirsiniz, məni işə götürsəniz, düz bir il maaş kartım sizdə qalacaq? Bəs bu bir ildə mən nə yeyib, nə içəcəm, ailəmə nə aparacam? Boş ümidlə, quru vədlə ailəni nə qədər aldatmaq olar axı?! Yazıq deyillərmi?..

-Yazıq niyə olurlar. Əlinin altında o qədər işçilərin olacaq, elə hərəsi bir görüm-baxım eləsə, gör qazancın nə qədər olar. Hələ bir az zirəng tərpənsən bizi də sevindirmiş olarsan…

-O yazıqlar nə alırlar ki, hələ üstəlik ona gözümüzü də dikək. Qiymətlər od tutub yanır, dükan-bazara girmək də olmur. Xeyir-şərdə görünmür, elə bil bu üçgünlük müvəqqəti dünyada bağ-böstan uyuğu, müqəvvası kimi yaşayırsan. İrinə-qana bulaşmış o çörəyi mən necə yeyə bilərəm, haram tikəni halal süfrəmə necə daşıya bilərəm?! Elə bilirsən, Allahın cəzası yoxdur?! Gec gələr, ancaq güc gələr… Vallah, elə yandırar ki, dərdinə əlac da tapa bilməzsən… Siz mənə iş təklif etdiniz, buna görə sağ olun. Ancaq mən o təklifə qoşula, o günahla yaşaya bilmərəm…

-Özün bil!.. Quru bəyliklə qarnın doyacaqsa, kefin istədiyin qədər də gəzə bilərsən. Amma unutma ki, fürsət də quş kimidir, uçdumu, bir də geri qayıtmaz…

Fəxri yenə suyu süzülə-süzülə küçəyə çıxdı. Yenə sıxıntılar, yenə ağrı-acılarla üz-üzə qaldı. İçində aranı dağa, dağı arana daşıdı. Dünya fikir-fikir, biçim-biçim içindən keçdi. İndi neyləməli idi? Özünə də çatmadı. Daha üz tutası, ağız açası bir yer də ağlına gəlmirdi. Ürəyində anasını qınadı. Dönə-dönə qınadı. Subay olsaydı, nə vardı ki, dostu Sənana qoşulub, Urusiyətə gedəcəkdi. O gün zəng çalmışdı Sənan, kefi yerindəydi. Əlinin yaxşı gətirdiyini, deyirdi. Bax, anam elə addımbaşı tələsdirirdi ki, “evlən, evlən!” Bir az möhlət qoparmaq, fikrindən yayındırmaq istədim: “Ay ana, bu qayğıların içində evlənmək mənim harama yaraşır! Qoy təhsilimi tamamlayım, əlim çörəyə çatsın, sonra düşünərəm. Bir də, bacı-qardaşlarım var, onlara da yiyə durmaq, oxutmaq lazımdır axı?!” – deyirdim. Dediyim, sanki ona çatmır, inadından dönmürdü ki, dönmürdü. Həə, ana, evlən deyirdin, evləndim, indi əlim bala batıb. – Fəxri anasıyla xəyalən danışırmış kimi dedi. – Özümü dolandıra bilmirəm. Evdə üç uşaq var, məndən çörək gözləyirlər. Onların üzünə çıxmağa da utanıram. Ehtiyac, sıxıntı nə qədər olar?! İl-ildən də pis gəlir. Zalımın qızı təhsilimi bitirməyə, gözümü açıb dünyanı nə rəngdə olduğunu görməyə də macal vermədi. Elə bil ürəyinə damıbmış, “İlkim sənsən, sənin toyunu görüm, daha dünyadan istəyim yoxdur… gözüm də arxada qalmaz. Köçəndə də rahat köçüb gedərəm. Bilərəm ki, evimizin işığını yandıran, balalarımı süfrə başına, ocaq istisinə yığan var!..” – demişdi. Elə bil durna köçüydü, həsrət yükünə bürünüb beləcə, sakitcə də köçüb getdi. “Evin böyüyü sənsən, biz olmasaq da, bacı-qardaşlarına yiyə durub, ev-eşik sahibi edərsən!..” Bu son sözü, köç qabağı son vəsiyyəti idi anasının. Bu sözləri qırıla-qırıla deyərkən gözlərində yaş gilələnmişdi. Görünür, yaşamaq, yaşamaq istəyirdi. Kim yaşamaqdan bezib ki?! Həyat həmişə gözəldir, əzabları olsa da, olmasa da…

Gülsabah ömür-gün yoldaşı Fəxrinin xasiyyətinə yaxşı bələd idi. Bir işi yerində olanda sevincini gizlətməz, uşaqlarını bir-bir qucağına götürüb marçıltıyla üz-gözlərindən öpər, atıb tuta-tuta: “Həə, deyin görüm, kimin belə gül balası, Ay parçası var?!” – deyirdi. İndi heç nə demədi. Sifəti turşumuş ayran kimi büzüşmüş, alt dodağı yer süpürəcəkmiş təki sallanmışdı. Tez-tez gözləri məchulluqda ilişib qalır, sanki bu dünyadan ayrılıb öz aləmində xəyalları, xatirələri ilə oyalanırdı. Bir stəkan çay gətirdi Gülsabah. Öləziməkdə olan ocağın o biri üzündə, əri ilə üz-üzə oturub, maşayla külləşmiş közləri qurdalaya-qurdalaya:

-Bilirəm… – dedi. – İşin yenə alınmayıb. Neyləmək olar. İşsizlik bir bəladır. Burada sənin günahın yoxdur. Kim istəməz ki, ailəsinin bir tikə halal ruzusu olsun?! Belə getsə, kənd də boşalacaq, bir başıpapaqlı da qalmayacaq. Kişilər şələ-şüləsini qoltuğuna vurub çörək dalıyca Urusiyətə qaçır. Burda yurdunu, isti oşağını dağıdıb, orda Tanyaların, Manyaların işığını yandırır. Yox, yox, iş məsələsində mən heç vaxt səninlə üz-üzə gəlmərəm. Görürəm, çırpınırsan, səhər evdən çıxıb, axşam gəlirsən. Axtarırsan, kim bilir, neçə-neçə yaramazla, şərəfsizlə üz-üzə gəlib xahiş-minnət edirsən. Qəhətə çıxan bir tikə çörək üçün kimlərin, kimlərin qapısını döyürsən. Günahı olanlara, Allah, lənət eləsin! Çörəklə də insanları sınağa çəkmək olar?! – Gülsabah nəfəsini dərib, ocağın gözünü qurdalaya-qurdalaya bir qədər susdu. Gözlədi ki, Fəxri çayını içib, neyləmək lazım olduğu barədə bəlkə bir-iki kəlmə danışa. Onun qımıldanmadığını görüb, handan-hana dilləndi. – Nə olar, man deyil! Qoy Tavad xalayla qonşu rayonun bazarına göy-göyərti aparım. Deyirlər, yaxşı gedir, camaat ət, yağ tapa bilməsə də, göy-göyərti ilə birtəhər keçinirlər. Görürəm, gün-günorta əyləmi təzəcə eləmiş qayıdıb gəlir. Dost-doğma xalandır, yalan ha deməyəcək. Ona nə düşüb ki, yalan danışa, dünya malına görə dinini-imanını, axirətini yandıra. Satılır göyərti, deyir, yaxşı satılır. Hər gün on-on beş manat təmiz qazancı da olur. Buna da min şükür, indi kim bu pulu havayı verir insana.

-Heç bilirsən, bazarda yer tutmaq üçün saat neçədən gedir? Saat dörddən!.. Səhərin o ayazında, şaxtasında. Kiminsə, şirin yuxusuna haram qatmadığı vaxtda. Yazığın heç əllərinə fikir vermisənmi, qaralıb, şaxtadan-sazaqdan da çat-çat olub…

-Neyləsin, evin bütün ağırlığı çiyninə düşüb. – Gülsabah sual dolu baxışları ilə Fəxrini süzüb dilləndi: – Əri yoxdur, ölüb, kişi kimi qadındır. Dişiylə, dırnağıyla çörək qazanır, kirpiyilə od götürür. Bəs o işləməmiş kim işləyəcək, çörək nurdanmı tökülür?

-O əzab, o ağrı vaxtsız çiyinlərini əzir, ömrünü çürüdür axı?..

-Kiməsə boyun əymir, kiminsə tənəsini yemir… Pisdirmi məgər?!.

O gün Gülsabahla Fəxri bu barədə çox danışdılar. Hətta sözləri də çəp gəldi. Bir az gileyli, incik də düşdülər. Sonra yenə anlaşıb, Tavad xalayla yol yoldaşlığına razılaşdılar.

İlk gün təmiz on manat qazanc qalmışdı. İlahi, uşaqlar bir sevinirdilər ki?! Hərəsinə bir sorma, manpası almışdı. Ev elə bil böyümüş, işıqlanmışdı… Görəsən, ürəkdən gələn uşaq sevincini görməkdən böyük xoşbəxtlik varmı dünyada?!

Müharibənin başlaması xəbəri ildırım sürəti ilə yayılmışdı. Ermənilərdən hər şey gözləmək olardı. Ağalarının sədaqətli köpəkləri idilər. Boyunlarına xaltanı salıb siyasət meydanında hara gəldi sürüyürdülər. Fəxri bərk sarsılmışdı, eşitdiyinə inana bilmirdi. 27 il həyasızcasına qara-qışqırıq salıb “müharibə ola bilməz” deyənlər, Qarabağdakı erməni işğalına “ədalət” donu biçir, onların nazı ilə də böyük təşkilatları oynamağa məcbur edirdilər. Dünya boz siyasəti ilə gözdən düşür, göz görə-görə ədalətsizlik, başıpozuqluq ayaq açıb yeriyirdi. Müharibə başlayıbsa, demək, böyük oyunun zənciri hardasa qırılmışdı.

Fəxri süfrə başında oturmuşdu. Arvadı Gülsabah Tavad xala ilə bazardan bir-iki saat olardı ki, qayıtmışdı. Şor balıq almışdı Gülsabah, içini doldurub sac altına qoymuşdu. Allahım, balıq da nə balıq, iyi bütün evi bürümüşdü. Yemək istəməyəni də iştaha gətirirdi. Əli üzündə qaldı Fəxrinin. Yerindən dik qalxıb, “Uşaqlar sənə əmanət, Gülsabah, anam gəlini!..” – dedi. Pencəyi çiyninə atıb həyətdən çıxdı. Maşına minmək üçün kəndin o başına da getmədi. Korun-korun, sısqa-sısqa axan Qarayar çayın üstündəki körpünü keçib kəsə yolla, Minay təpəsi tərəfdən rayon mərkəzinə tərəf addımladı. Böyük şose yolu boyunca elə bil maşın axını da güclənmişdi. Polis maşınının səsgücləndirici ilə yolu aça-aça hərbi karvanı da çəkib gətirməsi apaydın görünürdü. Zirehli maşınlar günün günorta çağı işıqlarını da yandırıb irəliləməsiylə hamıya başa salırdılar ki, tələsirik, yolumuzu açın, ləngitmək olmaz. Axın cəbhəyə gedirdi.

Fəxri rayonun hərbi komissarlığına çatanda gözlərinə inanmadı. Adam əlindən tərpənmək olmurdu, iynə atsan, yalan olmasın, bəlkə də yerə düşməzdi. Hamısı könüllülər idi, qeyrət məqamı idi, cəbhəyə yazılmaq, getmək üçün gəlmişdilər. Məqsəd bir idi: “Ölərik, Qarabağı vermərik! Hər qarış torpağımız düşmənə məzar olmalıdır!..” 44 günlük Vətən müharibəsi bu həyəcan, bu ağrı-acıyla başlayıb, bütün dünyanı silkələyən qələbə ilə qurtardı. Sanki ilahi bir möcüzə idi. Düşmənin ayaqları altından torpaq qaçmışdı. Qarabağın tacı, gözəllik beşiyi Şuşa alınmış, rayonlar həsrətdən, işğaldan qurtarmışdı. Küçələr, evlər sanki bayraq olub dalğalanırdı. Ekranlardan, efirlərdən boy-boy boylanan “dəmir yumruq” ermənilərə, paşinyanlara, havadarlarına tuşlanmışdı”. “Bəs nə oldu, Paşinyan?!” kəlamı uşaqlı-böyüklü hamının dilində bitmişdi. Bu ovqatın boy verdiyi bir vaxtda Fəxri qalib ordunun əsgəri kimi geri qayıtmışdı.

Fəxrigilin kəndi üç şəhid də vermişdi. Bunu kəndə qayıdanda bilmişdi Fəxri. Elə həmin gün də onların ata ocağına getmiş, öz ürək ağrısını bildirmişdi. Qəribəydi, elə bil hansısa ilahi bir güc kəndi qüvvətli əlləriylə tutub bərk-bərk silkələmişdi. Fəxrinin qoyub getdiyi kənd 44 gün əvvəlin kəndi deyildi. Kənd, sanki qeyrət, qürur qoxusu verirdi. Adam arzularına baş qoyub, ümidlərinə sığınıb yaşamaq, yaşamaq istəyirdi…

Müharibə bitsə də, onun acı fəsadları hələ indi-indi üzə çıxırdı. Fəxri axşamlar tez-tez diksinir, sayıqlayıb öz-özünə danışır, qan-tər içində boğula-boğula: “Mərmi!.. Mərmi!!. Tez olun… tez olun, səngərə yatın! Düşməni yaxına buraxmayın! Vurun, vurun!..” – deyə qışqırıb yerindən dik atılırdı. Gülsabah təlaş, həyəcan içində onu sakitləşdirir, yaş əskiylə onun üz-gözünün soyuq tərini silirdi. Rayonun həkimbaşı Rəsul ümid verib: “Tezliklə keçib gedəcək!..” – deyir, kəndin ara həkimi, xəbər poçtalyonu Mirnisə arvad cəddini çağırır, baş sındırıb gicitkana cincilim qatır, suda yaxşı-yaxşı qaynadıb üfürə-üfürə, dodağının altında nəyi isə mızıldana-mızıldana suyu süpürgə ilə həyət-bacaya çiləyirdi. Guya cinlər-şəyatinlər ağırlıq gətirib, indi ovsunlanıb, tilsimlənib çəkilib gedəcək.

Hamı səfərbər olunmuşdu. Hamı yumruq kimi birləşmişdi. Fəxrinin içində bir ümid işığı yanırdı. Daha insanlar soyuqqanlı, biganə olmayacaq, yaxşılara əl uzadacaq, yaxşılığa üz tutacaqdılar. O da, daha çörək dərdi, iş dərdi çəkməyəcəkdi. Bu, uydurma, şirin bir yalan deyildi. Özünün də inandığı inam, doğan günəş idi. Zarafat deyildi, o böyüklükdə odun-alovun içindən çıxmışdılar. Gecəsi gündüzündən seçilməyən odun-alovun. İlahi, sanki torpaq da yanırdı, cızdığı çıxa-çıxa. Bəs bu gündə birləşməyib hansı gündə birləşəcəkdilər?!..

İki ay da beləcə ötüb keçdi. Bu evə gələnlərin də ayağı yavaş-yavaş kəsildi. Çörək təknəsi boşaldı. Ehtiyacı, sıxıntını qapıdan qovsalar da, pəncərədən girdi. Yenə iş dalıyca qapıları döydü. Yenə ümidsizlik, yenə inamsızlıq. Yaddaşına yazılmış bir misranı dodağının altında təkrarladı: “Dünya düzəlmir ki, düzəlmir, baba!” Sevdiyi şairin adını xatırlaya bilməsə də, ürəyində min kərə rəhmət oxudu. Sözlə dünyanın şəklini çəkmişdi. Sanki dinlədikcə, səs də rənglərə boyanıb tökülürdü. Dünya sirli bir dünyaydı, vaxt körpüsündən keçib getdikcə, onun altından axan sular kimi, heç nəyi vecinə almadan axıb gedirdi…

Bu kənddə bir balaca imkanı olanlar istixanalar düzəltmişdilər. Qaz olanda qazla, olmayanda odun peçiylə isidirdilər. Göy-göyərti əkirdilər. Müştərisi də başının üstündəydi. Axşamdan dəstələyib qonşu rayona satmaq üçün gedənlərə verər, gedənlər də, sağ olsunlar, halallığı itirməyib qəpiyinə qədər hesablayıb, qaytarardılar. Beləcə, hamı bir-birini yola verib dolanırdı. Bazara gedənlər çox deyildi, cəmi beş-altı nəfər. Yuxusuz qalmaq, günün yarısını ayaq üstə keçirmək zarafat deyildi. Bazarda yer tutmaq üçün səhərin gözü açılmamış yola çıxar, sürücü Rəfi kişinin üstü çadırlı maşınına göy-göyərti kisələrini yükləyib gedərdilər. “Optavoy” deyənlər – yeməkxanalara, toylara, Allah iraq eləsin, yas məclislərinə bir yerdən götürənlər lap tezdən, saat altıdan gələrdilər. Məclislərini yola verməliydilər axı?! Dan yerinə xal düşüb, həyalı qız kimi günəş üfüqdən boylananda adi adamlar tək-tək axıb gələr, istədikləri qədər alıb gedərdilər.

Hərdən düşünürdülər, axı bu rayonun adamları niyə bu qədər göy-göyərti sevən, göy qutab, kükü dəlisidirlər?! Torpaqları şoran idi, yəqin əkə bilmirdilər? Bəlkə kasıb idilər, göy-göyərti də ucuz olduğu üçün birtəhər başlarını girələyirdilər? Yox, sən deyən də kasıb deyildilər, çoxlu mal-qara bəsləyir, toyuq-cücə saxlayırdılar. İnsafən, Allah verəndən də çox şeyləri yerindəydi.

Hava birdən-birə çox soyumuşdu. İki gün idi ki, aramsız yağan yağış dünən axşamdan sulu qara, sonra da qara çevrilmişdi. Narın-narın qar yağırdı. Düzü dünya ağ örtüyə bürünürdü. Çox vaxt dili-topuğu quruyan Qarayarçayın gözünə işıq düşmüşdü. Burovar sanki arzuları, ümidləri ilə köpüklənib çay aşağı Çala qoruğuna sarı axıb gedirdi. Bayırda xırdaca qar dənəcikləri pəncərəni naxışlayır, soyuq külək tüstünü buxarının ağzından alıb, oynada-oynada dər-divara çırpırdı. Belə soyuqda it də başını çölə çıxarmaz, deyirdilər.

Fəxri pəncərə ağzında dayanıb, taxtapuşdan asılmış küləyin oynatdığı elektrik lampasının zəif işığında həyətə baxdı. Göz-gözü görmürdü.

-Yox, sən getməyəcəksən! – Zabitəli səslə dilləndi Fəxri. – Mən gedəcəm. Axşam çağından da göy-göyərtini kisələrə yığıb gətirmişik. Çox saxlamaq da olmaz… bir az da keçsə, saralıb-solacaq. Allah eləməsin, getsən xəstələnərsən. Onda gərək gətirəcəyinin də üstünə bir o qədər qoyub həkimə verəsən ki, səni sağaltsın…

Qar aramsız-aramsız yağırdı. Külək piştaxtaların açıq dər-divarından içəri soxulur, arabir hirsini-hikkəsini toplayıb qarı sovruqlayırdı. İstilənmək üçün ayaqlarını yerə döyməkdən yorulmuş Fəxri Sənanla qulpsuz, yanmaqdan hisə-pasa bürünmüş vedrədə taxta, karton qırıntılarından oçaq qalamışdılar. Tüstüdə boğulmaqdan qorxan qızılı alov dilimləri havanı cırmaqlaya-cırmaqlaya yuxarı qalxır, yanıb çırtladıqca çınqı-çınqı ətrafa səpələnirdi.

Sənan qonşu kənddən idi. Fəxriylə bir məktəbə getmiş, düz on il bir partada oturmuşdular. Gəncədə oxumuş, baytarlıq diplomu almışdı. Hara baş vursa da, iş deyib ümid verən olmamışdı. Hələ subay idi, ailəli deyildi ki, nəyinsə qayğısını çəkə. Bir gün hər şeydən bezib, tələbəçilikdən qalma göy çamadanını qoltuğuna vurub Urusiyətə getmişdi. İşi pis gətirməmişdi. Göy-göyərti, mer-meyvə sata-sata özünü yaxşı tutmuşdu. İkinci il özü daha bazara çıxmırdı. Bazarda altı yer götürüb, satıcı tutmaqla öz işini yola verirdi. Bir zaman pul üzünə həsrət qalan göy çamadan, göy əskinaslarla dolurdu. O pulla Sənan Bakıda bir ev almaq və dədə yurdundakı köhnə evi sökdürüb təzələmək istəyirdi. Hələ nə qədər də pul artıq qalırdı. Üç ay bundan qabaq telefonda danışanda Fəxrini də özüylə gəlib aparacağına söz vermişdi. Ancaq…

Təyyarəyə bilet almaq üçün aeroporta gəlmişdi Sənan. İstanbuldan qayıdan sərnişinlər axınla içəridən çıxırdılar. Düzü, onların ovqatı o qədər gözəl idi ki, hələ Sənan dayanıb həsədlə baxa-baxa dərindən bir köks də ötürmüşdü. Nə gizlədək, İstanbul onun üçün şirin bir nağıl, möcüzəylə dolu əfsanə, əlçatmaz bir uzaqlıq idi.

Taksi gözləyən sərnişinlərdən biri elə bil onu ovsunlamışdı. Sənan gözlərini ondan çəkə, yerindən tərpənə bilmirdi. Mavi gözlü, sarışın qız da, deyəsən bu baxışları tutmuşdu. O, bu baxışların işığında əriyir, içində bir xəyal dünyası qururdu. Birdən-birə cəsarətlənib irəli yeridi. Taksi tutub, qızı əyləşdirdi. Məmnunluq içində tanış da oldular, qızın telefonunu götürdü Sənan. Həkim idi qız. Şəhərin mərkəzindəki o yeddi mərtəbəli xəstəxanada göz həkimi işləyirdi. Həmin gün bilet almaq, heç Sənanın yadına da düşmədi. Kirayə qaldığı evə qayıdıb Anna ilə görüşəcəyi günün vaxtını ürəyində əriş-arğac elədi. Düşünürdü, Annanı şəhərin ən bahalı, köpüklənə-köpüklənə axıb gedən çayın üstündəki o “Qağayı” restoranına aparacaqdı. Həmişə çal-çağırlı, qonaq-qaralı “Qağayı”ya. Orada Sənan iki kərə oturmuşdu. Tez-tez yanıb-sönən əlvan rəngli işıqlar adamı elə bil sirli-sehirli nağıllar dünyasına çəkib aparırdı. İndi evdə dörd divar arasında sıxılan Sənan o nağıl gecənin sehri ilə yaşayırdı. Bu evə çox sarışınlar gətirmişdi, elələri lap elə özləri gəlmişdi. Ancaq heç biri yadında qalmamışdı. Bir-iki saatlıq nəşə, dağın döşündə, uçurumlu dərədə sürünən duman kimi ələnib, keçib getmişdi. Amma Anna keçib gedən dumana bənzəmirdi. O, bu evdə olmasa da, xəyalı hər gün bu evdə böyüyür, böyüyürdü. Restoranda oturduqları gündən bəri telefonları susmur, gecə yarısına qədər danışırdılar. Hədiyyə, gül buketi bağlatdırıb göndərir, içində hələ indiyə kimi duymadığı qəribə bir hiss əl-qolunu bağlayırdı. Daha kəndə də qayıda bilmirdi. Hələ hisslərin içində çırpınır, nə etmək lazım olduğunu kəsdirə bilmirdi. Anna ilə görüşünün gərək ki, onuncu günü olardı. Onu evlərinə ötürüb geri qayıdırdı. Yarıqaranlıq blokda otağının qapısını açıb içəri girmək istəyərkən üç gənc hardansa ortaya çıxıb Sənanı otağa itələdilər. Biri Annanın qardaşı idi. Üç gün əvvəl küçədə qabağını kəsib: “Yolunu azma, oğlan… öz yolunla get!” xəbərdarlığını edən qardaşı. İndi heç nə demədən Sənanı özündən gedənə qədər doyunca döydülər. İki gündən sonra özünə gələndə canının ağrısından tərpənə bilmirdi. Qolları, ayaqları bağlanmış, ağzına yapışqan lenti vurulmuşdu. Ən ağrılısı o idi ki, göy çamadan getmişdi. Yanına “Əl-qolunu açana qədər yaşamaq haqqı veririk. Çəkin, polisə də getmə, polis də bizim adamdır. Dərdini kiməsə anlatsan canından olarsan! Torpağında ölüm-qalım savaşı gedərkən, qeyrətli oğul bazarlarda veyllənmək, onun-bunun namusu, qeyrəti ilə oynamaqdansa, Qarabağda ölməsi daha yaxşıdır!.. Dazbaş Vova” sözləri yazılmış kağız parçası, bilet pulu və yol xərci qoyulmuşdu. “Dazbaş Vova” deyəndə, kimə ilişdiyini anladı. Onu bu şəhərdə, lap elə bu vilayətdə tanımayan yox idi. Cızığından çıxanların qənimiydi. Onlardan qopardığını ehtiyacı olanlara paylardı. İşi müşkülə düşənlər də üstünə qaçardı. Ondan çəkinənlər çox olsa da, sevənləri də az deyildi. Necə gəlmişdisə, eləcə də qayıtmalıydı Sənan. İki gün ərzində üst-başını batırması xəcalətindən özünə gələ bilmir, dərdini kiməsə açmağı özünə sığışdırmırdı. Şalvarından gələn pis qoxu, sanki onu qarabaqara izləyir və içində nə çəkdiyini bir özü, bir də Allahı yaxşı bilirdi. İçəridən onu yeyən bu ağrı-acıyla da qayıtdı Sənan. Müharibə də bitmişdi. Ötən günləri xatırlaya-xatırlaya bazarda göy-göyərti alveri edir, Fəxrinin döyüşlə bağlı söhbətlərini eşitdikcə, ürəyindən keçirdiyi “köpəy oğlu “Dazbaş Vova”nın qızıla tutulası sözləri”ni içində sinirə bilmirdi. Rus olanda, nə olar, yalan ha deməmişdi?!..

-Mirab gəlir!.. Mirab gəlir!.. – Sənan gileyli-gileyli dilləndi. – Bu zalım uşaqlarının insafları yoxdu məgər?! Barı imkan verəydilər, heç olmasa bir siftə edəydik… Qardı… çovğundu… qiyamətdi… Yer-göy qarışıb, gələn yox, gedən yox! Bunlar da bir tərəfdən tələsdirir ki, yerpulumu ver!..

Soyuqdan köhnə, nimdaş paltosunun yaxalığını qaldırıb sanki içində gizlənməyə çalışan Mirabdulla kişi büzüşə-büzüşə, nədənsə gileylənə-gileylənə gəlirdi. Deyəsən, bu gün heç kim yerpulu vermək istəmirdi…

Birdən nə baş verdi, nə oldu, Fəxri heç özü də bilmədi. Yerindən dik atıldı. Qəzəbindən rəngi boğuldu, bədənini əsməcə bürüdü. Az qala hədəqəsindən çıxacaq gözləri bərəldi. Beyni dumanlandı. Sanki piştaxtalar gözünə səngər kimi göründü. Orada yağış da, qar da beləcə yağırdı. Heç nə eyninə deyildi. Çünki qarşıda düşmən var idi. Fürsəti əldən verməyən düşmən.

-Vurun!.. Vurun!.. – Fəxri dəlicəsinə bağırdı. Soyuq səngərə qısılırmış kimi, piştaxtaya sıxılıb, göy-göyərti dəstələrini – kişniş, vəzəri, şüyüd, soğan, turp dəstələrini mərmi atırmış kimi qabağa tullayıb: – Aman verməyin qarı düşmənə!.. Qoymayın!.. Qoymayın yaxına gəlsinlər! – deyə qışqırır, piştaxtanın üstünə qalxıb, yaxasını aça-aça təpiklərini piştaxtaya döyəcləyirdi. Qorxusundan yerində donub qalmış Mirabdulla kişi cınqırını çıxara bilmir, ürəyində bu xata –bəladan uzaq olmaq üçün Allaha yalvarırdı.

Sənan böyük təlaş, həyacan, sarsıntı içində Fəxrinin yaxasından tutub özünə sarı çəkir, qucaqlayıb üz-gözündən öpürdü. Fəxri sakitləşmir, dartınıb yaxasını qoparmağa çalışır, yerində atılıb-düşür, dəlicəsinə bağırır, bağırırdı…

Sənan Fəxrinin sakitləşmədiyini görüb, qəfildən ona möhkəmcə bir sillə ilişdirdi. Şappıltıyla açılan sillənin səsi, üzündə hələ də barmaqlarının izi qalan zərbəsi onu elə bil ki, qəflət yuxusundan ayıltdı, dərin sarsıntıdan çıxartdı. Özünə gəldi. Harda olduğunu yavaş-yavaş anlamağa başladı. Hər şeyi məhv etmişdi, göyləri qom-qom palçığa, ayaqlar altına səpələmiş, yararsız, əzik-üzük vəziyyətə salmışdı. İndi pulunu necə qaytaracaqdı? Uzunboğaz ayaqqabısının altı cırılıb, su verdiyindən məktəbə gedə bilməyən, üzündən öpüb, ürəkli-ürəkli: “Darıxma, ceyran balam, lap təzəsini alacam!..” – söylədiyi qızının üzünə necə baxacaqdı?! Utandı. “Allahım, mən neylədim… mən neylədim!..” – deyib əlləriylə üz-gözünü tutub yerə çökdü, zülüm-zülüm ağladı. Ürəyi boşalıncaya qədər ağladı.

Bəlkə… bəlkə də ömründə birinci dəfə idi ki, belə ağlayırdı…

08. 02. – 09. 05. 2021, Bakı şəhəri

MÜƏLLİF: ƏZİZAĞA ELSEVƏR

ƏZİZAĞA ELSEVƏRİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMİZ İSMAYIL. VİCDAN SANCISI.

RAMİZ İSMAYLIN YAZILARI

RAMİZ İSMAYIL
Ramiz Məmməd oğlu İsmayılov 1 fevral 1948-ci ildə Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Hazırda Xırdalan şəhərində yaşayır.

VİCDAN SANCISI

Ön hissəsi vitrin şüşələrindən yığılmış üç mərtəbəli binanın qabağında maşını saxlatdırıb şüşəsinə qara plyonka çəkilmiş qapını açıb yerə düşdü. Maraqla bu yaraşıqlı binaya baxıb heyrətini gizlədə bilmədi. “Əclaf düz deyirmiş, çox gözəl binadır. Proyektini kim veribsə fantaziyası çox güclüdür. Yaxşı da maya qoymuş olar”.
Eynəyini çıxardıb yavaş addımlarla binaya tərəf gəldi. İri hərflərlə “V. İ. M Medikal Senter” yazılmış lövhəyə baxdı. Lövhə “qacan hərflərlə” işıqlandırılmışdı. Qapıya yaxınlaşanda qapı özü açıldı. İçəri girməmiş sürücüyə işarə elədi: yəni maşını bir sakit yerdə saxla, axtardığımız yer buradır.
Foyedə adam çox idi, növbəyə yazılırdılar. Maskasını taxıb şüşəli arakəsmə arxasında oturmuş cavan qızlardan birinin pəncərəsinə yaxınlaşdı:
-Xanım, dünəndən “onlayn” vasitəsilə növbə tutmuşam. Həm də məni Loğman Təbib göndərib.
Qız Loğman Təbibin adını eşidən kimi ayağa qalxdı:
-Xoş gəlmisiniz. Nə qulluğunuz?
-Saat 11 tamamda həkimin qəbulunda olmalıyam. Əlavə nəsə bit şey lazım olacaq, yoxsa… gedim doxdurun yanına.
-Siz düz saat 11 tamamda həkimin otağında olacaqsınız. Bir dəqiqə o yan-bu yan ola bilməz. Xatırladıram ki, hər pasiyent üçün səkkiz dəqiqə vaxt ayrılıb. Düz vaxtında otağa daxil olun.
-Çox sağ olun, xanım.
-Siz sağ olun.
Onun qəbula düşməyinə düz on iki dəqiqə qalırdı. Maşına qayıtmağa ehtiyac yox idi. İkinci mərtəbəyə qalxıb onu qəbul edəcək həkimin qapısına yaxınlaşdı. Səliqəli hərflərlə yazılmışdı: uzman doktor, vicdanoloq İnsaf Mürvətli. Qəbul saatları: 9:00-dan 18:00-a qədər. İstirahət günləri və fasilə barədə məlumat yox idi. Dəhlizə göz gəzdirdi. Hər oturacaqdan sonrakına “oturmaq olmaz” yazılmışdı. Bu xəbərdarlığa baxmayaraq oturanlar var idi. Divarda iri hərflərlə “məsafə saxla” yazılmış və pandemini əks etdirən plakatlar asılmışdı.
O, əlində növbəni bildirən qəbzə baxaraq “on beşinci kimdir” deyə soruşdu.
-Mənəm, – həkimin qapısının lap yanında oturmuş bir nəfər orta yaşlı, başı dazlaşmış, şişman bir kişi dilləndi. – Siz yəqin məndən sonrasınız. – Ayağa qalxıb yerini ona göstərdi. – Buyurun, əyləşin. Tələsirsinizsə, növbəmizi dəyişə bilərik. Səhv etmirəmsə…
O, yer göstərən adama təşəkkür edib sözünü tamamlamağa qoymadı. Guya təvazökarlıq edirdi. “Oturmaq olmaz” yazılan stolda oturub qarşısındakı şişmana diqqətlə baxdı. Sakit səslə soruşdu:
-Ağlın nə kəsir bu doxdurdan? Məni bura bir mötəbər adam göndərib. Deyir bura analoqu olmayan tibb mərkəzidir.
Şişman adam sanki söhbət üçün darıxırmış, maskasını çənəsinə salıb azacıq ona tərəf əyildi.
-Mən sizi tanıyıram, – deyib yaltaqcasına gülümsədi. – ona görə də açıq deyirəm, tam əminliklə həkimə inana bilərsiniz.
Şişman yenə nəsə demək istəyirdi. Bu vaxt həkimin otağının qapısı açıldı. Eynəyi başının ortasında, sinəsi yarıya qədər açıq, boğazında qəribə “tatu” olan, şalvarının dizləri bir neçə yerdən it parçalamış kimi cırıq görünən cavan qız nəzakətlə:
-On beşinci buyursun! – dedi.
Şişman tez ikiqat əyilərək: – müəllim, buyurun, keçin, – dedi.
***
…Həkimin yaxşıdan-yaxşı “abstanovkası” olan otağına göz gəzdirdi. Onun əvvəlki xəstəyə nisbətən özünü lovğa və təkəbbürlü aparması həkimin nəzərindən yayınmadı. “Xəstə” dilucu özünü təqdim etdi: mən Vəkil Daimiyəm. Həmkarım Loğman Təbibin tövsiyyəsi ilə gəlmişəm.
-Xoş gəlmisiniz. – Həkim təkəbbürün mənasını anladı. – Loğman bəy bir nəfəri göndərəcəyini demişdi. Adınız nəsə məni çaşdırdı. Bu, sizin əsl ad-familiyanızdır, yoxsa …
-Xeyir, bu mənim təxəllüsümdür.
-Siz şairsiniz?
-Həm də şairəm, nasirəm, dramaturqam. Loğmanla danışmışıq, sizinlə bərabər qəbulda iştirak edib bu xeyirxah işinizdən material toplayıb geniş məqalə yazacağam.
-Həm də…
-Bəli, həm də otuz ildi millət vəkiliyəm. Ona görə də deputat dostlarım hörmət əlaməti olaraq “Vəkil Daimi” təxəllüsü veriblər. Şairliyim yerində. Lazım gəlsə, kosmik tədqiqatlardan danışa bilərəm. Lazım gəlsə, atom nəzəriyyəsindən mühazirə oxuyaram, ailə-məişət məsələlərindən samballı mülahizələrimlə hamını mat qoyaram, sonsuzluqla mübarizə yollarını dünyanın ən məşhur ginekoloqlarına izah edə bilərəm. Pandemiya ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatına tövsiyyələr verərəm. Tak şto, doxdur, mən otuz ildə elə-belə, qara qaşıma, gözümə görə millət vəkili olmamışam. Boş yerə mənə “Vəkil Daimi” demirlər. Televiziya kanallarında gündə ən azı eyni vaxtda dörd-beş verilişdə məni göstərirlər. Özü də canlı, həm də müxtəlif mövzularda.
-Yəni millət qarşısında xidmətləriniz böyükdür.
-Böyükdür yox, lap çox böyükdür! Sayım?
-Zəhmət olmasa…
-Bakının dörd ən yaxşı yerində səkkiz dənə iki mərtəbəli şadlıq sarayı tikdirmişəm. Hər nəvəmin adına birini. Üç rayona avtobus marşrutu açmışam. Böyük bir taksi şirkətim var. Bunların hamısı xalqın xidmətindədir.
-Bütün bu xidmətlər yəqin ödənişsizdir.
Vəkil Daimi əlini-əlinə vurub şaqqanaq çəkdi:
-Kefin olsun, ay həkim! A kişi indiki zəmanədə adamın halal arvadı ərinə pulsuz… – Vəkil Daimi kənardan ona diqqətlə qulaq asan gənc xanıma görə deyəcəyi sözü dəyişdi. – xidmət eləmir. Elə sizin xidmət. Bütün özəl klinikalarda olmuşam. Sizdəki xidmət haqqı heç yerdə yoxdur. Sizdə qəbul, ödəniş iki üç-qat yüksəkdir. Səbəb nədir?
-Səbəb odur ki, bizdə xidmət superdi. Maşın parklama, yumşaq stullar, ayaqyolu, koridorda nəfəs almaq, hamısı xidmət haqqına daxildir. Yaxşı, heç demirsiniz sizin şikayətiniz nədəndir.
-Mənim vicdanım ağrıyır.
-Bu məlumdur, ayrı xəstəliyiniz olsa başqa yerə gedərdiniz. Vicdanınızı ağrıdan nədir?
-Qısa deyəcəm. Otuz ildə nəvələrimin hamısının nəvəsinə də gün-güzəran üçün şərait yaratmışam. Xeyli fasilədən sonra Avstraliyada yaşıyan qızımın nəvəsi dünyaya gəlib. İndi mənim vicdanım qəbul eləməz ki, məndən ona bir miras qalmasın. Çox fikirləşdim, axırda belə qərara gəldim ki, ona heç olmasa on-on beş hektar torpaq sahəsi alım. İçində bir arxitekturalı məscid tikdirim. Sonra fikirləşdim: baş molla başı buna imkan verməz. Yəni, ona bata bilmərəm. Belə qərara gəldim ki, torpaq alım, içində mürdəşirxana tikdirim, qəbir daşları üçün sex açım. Özün bilirsən də qəbir daşları get-gedə bahalanır. Bütün bunları təzə nəvəmin adına sənədləşdirim. Həm xalqa xidmət olar, həm də dolanışıq.
-Bütün bunların vicdana nə dəxli var?
-Ay doxdur, bunları eləməsəm, mənim vicdanım sakit ola bilərmi? Gəlişimin də səbəbi odur ki, vicdanım sakitləşdirmək üçün mənə dərman yazasınız, yerin deşiyindən də olsa taparam.
-Yerin deşiyi lazım deyıl. Düşün birinci mərtəbəyə, bizim aptekdə “Vicdanavin” adlı dərman var. Öz istehsalımızdır. Cəmisi iki yüz manatdır. Bir ay hər gün qəbul edin. Sonra yenə gələrsiniz.
-Nə bahadı, doxdur, bu qiymətə dərman olar?
-Vicdan ağrısı elə belə dərmanla müalicə olunmur, hörmətli millət vəkili. Bu dərman şəxsən Loğman Təbibin kəşf elədiyi dərmandır. – Həkim saatına baxdı.
Vəkil Daimi onun fikrini başa düşdü. Növbəti xəstə gəlməli idi. Bu şışman olmalıydı.
***
Şişman içəri girib əyilə-əyilə həkimə salam verdi. Həkimin göstərdiyi stulda əyləşəndə də elə görünürdü ki, stula da qıymır: stul əziyyət çəkər. Həkim diqqətlə ona baxdı:
-Siz elə bil mənim yanımda olmusunuz.
-Olmuşam, doxdur, ikinci dəfədir gəlirəm.
-Nə oldu, müalicənin xeyri dəymədi?
-Mən atama görə gəlmişəm.
-Necə yəni atama görə, başa düşmədim.
-Doxdur, mənim atam sovet dövründə “abaxeyis” işləyirdi. O vaxtlar bilirsiz də-ə, zambağlar yaxşı pul qazanırdılar. Amma ilişəndə də qazandıqları burunlarından gəlirdi. Üç qəpikdən ötrü tutub ya “qoduxluğa” salırdılar, ya da gönünə qədər soyurdular. Atam məni həmişə ayrı-ayrı mağazalara alver eləməyə göndərirdi. Mağazada məni uşaq bilib beş-üç qəpik aldadırdılar. Atam mağazanın çölündə məni gözləyirdi. Mən qapıdan çıxmamış saxlayırdı və… qalanı məlum məsələ idi. Zambaq…
Həkim onun sözünü kəsdi:
-Zavmaq.
-Hə, zavmaq da işini bilirdi. Ya əlli-ayaqlı getməli idi, ya da atam deyən məbləği verməli idi. Beləliklə… qazanırdıq. Dəfələrlə qulağım eşidə-eşidə atamın dalınca deyirdilər: vicdanın itin olsun.
-Bu söhbətin sənin xəstəliyinə nə dəxli var? Sənin vaxtın gedir. Dərdini de. – Həkim səbirsizliklə dilləndi.
-Həkim, elə dərdim budur. Atam rəhmətə gedib. Hər gecə yuxuma girir. Deyir, a bala, məni bu gorda da rahat yatmağa qoymurlar. Hey deyirlər oğlun sənə rəhmət oxutdurur. O qədər vicdanını itirmisən ki, mənim kimi “vicdanı itin olmuş” adama indi rəhmət oxutdurursan?
-Dayan görüm, sən nə işlə məşğulsan?
-İş verən adam kimi tanıyırlar məni.
-Pis iş görmürsən ki, adamları işlə təmin edirsən, çörək qazanırlar. Bunun nəyi pisdir ki?!
-Bu iş siz düşünən iş deyil, doxdur. Elə iş görürəm ki, mənim də arxamca “vicdansız köpəkoğlu vicdansız” deyirlər. İndi soruşmaq istəyirəm: bu vicdan nə olan şeydir? Siz onu necə müalicə edirsiniz? Vapşe onun müalicəsi varmı?
Həkim saatına baxdı.
-Sizin vaxtınız qurtardı. Ayrı vaxt gələrsiniz. Növbəti xəstənin haqqına girməyin.
Şişman ayağa qalxar-qalxmaz həkim xanım qapını açıb məlahətli səslə:
-Növbəti xəstə zəhmət olmasa, buyursun, – dedi.
***
Vicdanoluqun növbəti xəstəsi özünü millət vəkili kimi yekəxana aparmasa da sadəlik də hiss olunmurdu. O, otağa girib əyləşən kimi İnsaf Mürvətli onun üzünə baxdı: yəni eşidirəm.
-Mən super marketlər şirkətinin prezidentiyəm. Bura vicdanımın səsinə qulaq asıb gəlmişəm.
-Əcəb eləmisiniz. Bura gələnin heç biri bağırsaqlarının səsinə qulaq asıb gəlmir, – həkim özü də hiss etmədən kobud şəkildə dedi, – eşidirəm sizi, buyurun!
-İşçilərimdən biri mənə dedi ki, şef, yaxşı ucuz ət yeri eləmişəm. Dedim murdar olmuş heyvan ətidir? Dedi, yox əşi, at ətidi, eşşək ətidi. Rayonda kəsib itə, pişiyə yedizdirirlər. Vicdanım sancdı. Atın, eşşəyin dalında böyümüş adamam. Atdan düşüb eşşəyə, eşşəkdən düşüb ata, ayıb olmasın elə də minmişik, belə də, Tem bolye, at-eşşək də deputat seçildiyim, doğulduğum rayonun ərazisindən idi. At, eşşək mənim üçün əziz heyvanlardır. Elə Özbək, Qazax qazrdaşlarımız da bu heyvanlara hörmətlə yanaşırlar. Atın, eşşəyin kəsilib itə, pişiyə yedizdirilməsi vicdanımı göynətdi. O cür nəcib, illərlə insanlara xidmət eləyən məxluqların belə urvatsız olmasına vicdanım dözmədi. Beş tona yaxın ət idi, gətizdirib verdim qəssablarımıza. Mal əti əvəzinə camaata ucuz qiymətə satdılar. Hər dəfə atın, eşşəyin qabırğasına balta dəydikcə elə bilirdim mənim cəmdəyimə dəyir. Bir təsəllim o oldu ət itə, pişiyə yem olmadı. Həyəcanım son həddə çatmışdı. Ət satılıb qurtarandan sonra vicdanım bir az sakitləşdi. İndi hər ehtimala qarşı profilaktik tədbir üçün yanınıza gəlmişəm.
-Bax buna deyərəm vicdan.
Vicdanoloq bir az kövrəlmiş, bir az da məmnun halda dedi:
-Gedin birinci mərtəbəyə, aptekçiyə mənim adımdan deyin sizə “Vicdanavın” versin. Duyğulu insan belə olar.
Həkim ayağa qalxıb rəğbətlə xəstəni qucaqladı, əl tutuşub ayrıldılar.
Xəstələrin qəbulu davam edirdi. Növbəti xəstə vəkil idi. Hüquqşunas vəkil. Qırx il vəkillik etdiyini, lakin bir dənə də məhkəmə işini uda bilmədiyini etiraf etdi. Əzrayılla əlləşdiyini, o dünyada qır qazanında yandırılacağını qorxa-qorxa vicdanoloqa danışıb kövrəldi: bilirəm ki, günahımı heç nə ilə yuya bilməyəcəm. Ona görə gəlmişəm ki, vicdanımın, qismən də olsa, təmizlənməsinə köməyiniz dəyə bilərmi?
Həkim onu da “Vicdanavin” almağa göndərdi.
Növbəti xəstə nə təhər həyacanlanmışdısa vəzifəsini, iş yerini, adını da düz-əməlli deyə bilmədi. Dili dolaşa-dolaşa “mən pensionnu fonddan gəlmişəm” dedi.
O, həkimin sualını gözləmədən ləhliyə-ləhliyə dərdini danışmağa başladı:
-Doxdur, bütün umidim sizədir. Səkkiz-doqquz milyon əhalinin ahı-nifi məni tutmamış bir əlac eyləyin.
-Ay kişi, bir de görüm nə olub? Dərhal ağlaşma qurursan.
-Doxdur, mən pensiya idarəsində işləyirəm. Göstəriş aldım ki, pensiyaları artırmaq üçün sənədləri hazırlayım. Necə sevindiyimi özün təsəvvür elə. İşin gedişatında məlum oldu ki, bir milyon üç yüz min pensiyaçının pensiyasını orta hesabla iyirmi-iyirmi beş faiz artırmaq olar. Şöbənin müdirinə hesabatı göstərdim. Dedi lap yaxşı. Yaxın üç-dörd ay ərzində tam dəqiqləşdirib xalqımızı sevindirərik. Başağrısı olmasın, doxdur, televiziyadan xəbər tutdular. Təsəvvür elə də camaatın sevincini. Sən demə, qardaş, bu xəbərə qara camaatdan çox işbazlar sevinirmiş. Dərhal qiymətlər qalxmağa başladı. Köhnə malları da, təzə malları da gündən-günə artırılmış qiymətə satdılar. Altı aydan sonra pensiyalar vur-tut heç dörd faiz də artırılmadı. Bir milyon qara camaatın pensiyasının bu artımı səkkiz-doqquz milyonun “civinə vurdu”. Bu milyonun ahı-nifi məni tutacaq-tutmuyacaq, bilmirəm, amma vicdan əzabı məni öldürəcək. Bu az imiş kimi min manatdan yuxarı pensiya alanlara pensiyanın on faizi qədər yardım təyin elədilər. Bu az qala qara camaatın aldığı pensiyanın ümümi məbləği qədərdir. İndi doxdur, vicdan ağrısı öldürür məni. Bir əlac elə, yalvarıram.
Vicdanoloq müşkül vəziyyətə düşdüyünü anladı. Xeyli fikirləşəndən sonra çarəsiz halda dedi:
-Səninki, Allaha qalıb.
“Xəstə” iki əliylə başını tutmağı ilə stuldan tirtap yerə yıxılmağı bir oldu. Mühafizə işçilərini çağırıb onu ayıltmaq üçün başqa otağa apardılar.
Növbəti “xəstə” elə bil saatı-dəqiqəni gözləyirmiş, “nemes” dəqiqliyi ilə səkkizinci dəqiqənin tamamında vicdanoloqun otağına girdi. Salam verib əyləşdi. Həkim bayaqki xəstənin halından nigaran qalsa da özünü ələ alıb sakitləşdi. Hər halda həkim idi, soyuqqanlı, təmkinli olmaq vacib şərtdir.
-Buyurun, eşidirəm sizi, – deyib xəstənin üzünə baxdı.
-Həkim, mən “Abşeron” tikinti şirkətinin rəhbəriyəm. Bütün Abşeron ərazisində müasir “novostroyka”ları bizim şirkət inşa edir. Saysız-hesabsız binalarımız, saysız-hesabsız da müştərilərimiz var. “İpoteka” krediti ilə evlər tikib, Beynəxalq Bank vasitəsi ilə mənzillər satırıq. İyirmi il müddətinə ödənişlə. Nə gizlədim, elə mənzil vardı dörd-beş dəfə satmışıq. Krediti ödəyə bilməyənləri iki ay gözləyirik. Ödüyə bilməsələr sorğusuz-sualsız evdən çıxardırıq. Səksən-doxsan min ödəyən sakinlərin də elə olub evlərini əllərindən almışıq. Qısası, həm ev tikirik, həm ev yıxırıq. Ən mötəbər instansiyalara da şikayət etsələr, xeyri yoxdur. Üzümüzə itin sözünü deyirlər, peysərə veririk. Abrımızı (olmayan) ətəyimizə bükürlər, qarğış eləyirlər, qızara-qızara gözümüzü döyürük. O qədər qarğış elədilər ki, xəstəlik tapmışam. Bəla burasıdır ki, əlacını tapa bilmirəm. Ürək həkimi mədə-bağırsaq həkiminə göndərir. Mədə-bağırsaq həkimi pulunu alır, böyrək həkiminə göndərir. Böyrək həkimi qara ciyərimi yoxlatdırmağı məsləhət görür. Hamısı da özün bilirsən də, elə-belə başa gələn şey deyil. (Xəstə barmaqlarını bir-birinə sürtdü). Dərdimə əlac yox idi ki, yox idi. Bu yaxınlarda təsadüfən dərdimi tapdım. Səksən min manatdan cox kredit ödəmiş bir nəfər axırıncı iki ayı ödüyə bilmədi. Göz açmağa qoymadıq, evdən çıxartdıq. Onlar ev əşyalarını maşına yığanda ordan keçirdim, iki yeddi-səkkiz yaşlı qız uşağı məni görəndə yaxınlaşıb bir az üzümə baxdılar. İkisi də birdən dedilər: “Heç vicdanınız ağrıdımı?” Qəfil elə bil yuxudan ayıldım. Aha, bəlkə mənim vicdanım ağrıyır? İndi sizdən soruşuram; ola bilərmi mənim vicdanım ağrısın?
Həkim diqqətlə qulaq asırdı. Bir qədər fikirləşib “xəstə”nin üzünə baxdı:
-Narahat olmayın. Sizin vicdanınız ağrımır. İnsanın orqanizmində olmayan şey ağrımaz. – dedi:
“Xəstə” narazı halda dilləndi:
-Sizin sözünüzdən belə çıxır ki, mənim vicdanım yoxdur.
-Mən demədim, özünüz dediniz.
Növbəti vicdanı ağrıyan xəstə otağa girəndə şirkət rəhbəri otaqdan çıxmağa məcbur oldu. Hələ növbədə “vicdan xəstəsi” cox idi. Keçmiş icra başçıları, bələdiyyə sədrləri, ikinci (hətta birinci) Qarabağ müharibəsi dövründə rüşvət olan hərbi komissarlar, ölmüş xəstələrin yaxın adamlarını aldadıb pul alan həkimlər, keçmiş polis rəisləri, “uçaskovu “lar məktəb direktorları, işiq, qaz, su təsərrüfatı işçiləri kimlər… kimlər.
***
…Vəkil Daimi vicdanoloqun yanından çıxıb bu yaraşıqlı binaya bir də qibtə hissi ilə baxıb fikirləşdi:
-Nə təhər olub mənim ağlıma düşməyib belə bir tibb mərkəzi açmaq. Loğman Təbib məndən beş il sonra millət vəkili seçilib, amma gör necə ağıllı işlər görüb.
O, birbaşa Loğman Təbibin yanına getməyi qərara aldı. “Gedim həm təşəkkür edim, həm də bir az söhbətləşək”.
***
…Loğman Təbiblə şəstlə salamlaşıb həmişə çay içdikləri “cay evi” nə getdilər. Bu obyekt də Loğman Təbibin idi. Sakit, xudmani bir otaqda oturdular.
-Hə-ə, qardaş, sağlığına qismət, çox gözəl tibbi mərkəz yaratmısan. Zövqünə heyran oldum. Əcaib də ad qoymusan: “V. İ. M. Medikal senter”. Bu nə deməkdir?
Loğman Təbib gülümsədi:
-Elə bilirsən təkcə sən şairsən? V – Vicdan, İ – İnsaf, M – Mürvət deməkdir.
-A-a, başa düşdüm, doxdurun adına “aformut” eləmisən.
-Yox əşşi. Doxdurun adı deyil. Heç doxdurum da doxdur deyil. Bilmirəm baytarlıq kursunumu, zootexnik kursunumu qurtarıb.
-Dayan görüm, bəs məni o mal doxdurunun yanına niyə göndərmisən?
-Reklam üçün, desinlər filankəs də orada müalicə olunur.
-Sənin reklamın xatirinə beş yüz manatım getdi.
-Qaytaracam, qorxma
-Nə əcəb belə bir mərkəz ağlına düşüb?
-Bilirsən, kolleqa, bizim camaatın bir xüsusiyyəti var. Nə olur, olsun, xarici olsun. Burda öz həkimlərimizi qoyub üz tuturlar İrana, Turana. Görməzə-bilməzə əllərinə keçən həkimlərə pul paylayırlar. Əziyyətləri də daha demə. Vicdanım qəbul eləmədi. Dedim bu pullar niyə əcnəbililərə qismət olsun. Elə də elədim: gördüyün o tibb mərkəzi vicdanımın məhsuludu.
-Halaldı. Biz bu millətə hələ çox vəkillik eləməliyik. Amma bilmirəm bu millət qədrimizi biləcəkmi?
Vəkil Daimi mürəbbəli çay içməyə başladı. Loğman Təbib də armudu stəkana çay süzüb bir qurtum içdi.
-Kolleqa, heç demədin “vicdanoloq”un yanından nə təəssüratla qayıtdın?
-Qardaş, mən çox şeyi açıb ona demədim. Sözün düzü Qarabağda işğaldan azad olunmuş ərazidən torpaq sahəsi almaq istəyirəm. Gələcəkdə turizm mərkəzi yaratmaq fikrim var idi. Özün bilirsən da bilmək olmaz, bir də gördün ruslar erməniləri qaytardı basdı oralara. Yaxşısı budur Abşeronda torpaq alım. Nə qədər ki, sağam, bir mərasim evi tikdirim, qəbir daşı düzəldən usta tapım, ömürlük çörək var.
-Qarabağda torpaq sahəsi almaq ağıllı fikirdi. Amma bir məsələ var: 44 günlük müharibədə bizim bu ölkəyə qırx dörd qəpiklik xeyrimiz dəymədi. Uşaqlarımızın hamısı xaricdə yaşayırlar. Arvad da gah oğlunun, gah qızlarının yanında olur. Bir ay Türkiyədə, üç ay Niderlandda, iki ay Almanyada, heç üzünü də görmürəm.
-Zato “göyərçin”lə romantik həyat yaşayırsan.
Təbib Loğman güldü
-O da qudurub. Deyir “turac” yüz əlli minlik maşında gəzir, mənim haram ondan əskikdi ki, yetmiş minlik maşında gəzim. Dedim sən öl evi də əlindən alaram, maşını da, qalarsan mələyə-mələyə. Dedi səni şantaj eləyərəm, üzünə duraram, nə bilim nə…
-Yaxşı deyiblər: zəhərdə şəfa olmaz, qəhbədə vəfa.
-Hə, dedim səni küllü-küf edərəm, izin-tozun bilinməz. İndi köpü alınıb, yalvarır. Amma qələt eləyir o, iç üzünü göstərdi. Qardaş, o cəhənnəm olsun. Sözümün canına qulaq as. Qarabağda qohum-əqrabandan vuruşan var, yox! Heç mənim də yoxdur. Nə üzlə indi Qarabağda torpaq almaq istəyirik? Bircə əlacı var. Qarabağda vuruşan bir yetim, kasıb uşaq tapıb onun adına almaq. Bəlkə o da bəlkə belə mümkün olar. Biz Qarabağdan torpaq umuruq. Buna vicdan yol verərmi?
Vəkil Daimi yenə “bu məndən ağıllı yol tapıb” deyə fikirləşdi.
-Cəhd elə də, qardaş, Allahın işidir, bəlkə alındı.
-Allah bu sovet hökümətini dağıdanların atasına rəhmət eləsin. Sovet dövründə biz belə cəh-cəlal qura bilərdik. – Loğman Təbib söhbəti dəyişdi. – Amma bir şey pis oldu: Bu Rusiya-Ukraniya müharibəsi başımıza oyun açmasa yaxşıdır.
-Vaxtında tədbir görməmisən?
-Görmüşəm, xarici banklardakı pullarımın böyük bir hissəsinə bir neçə mülk almışam. Qalan hissəsi də uşaqlarla arvadın adındadır. Bir az arxayınam.
Mənim də sərvətim uşaqların və nəvələrin adınadır. Həm də Avstraliya bir az etibarlı yerdir.
-Allaha pənah, – deyib ayağa qalxdılar. Loğman Təbib Səhiyyə Nazirliyinə, Vəkil Daimi isə telekanallara gedəcəyini deyib ayrılanda Vəkil Daimi dedi:
-Sən vicdanın, mənim beş yüzümü qaytar ha!
-Vicdanım haqqı, qaytaracam! 

Müəllif: Ramiz İSMAYIL

RAMİZ İSMAYLIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru