Etiket arxivi: ZƏHRA SƏFƏRALIQIZI

Hatəm Əsgərov – YENİ ​ ƏDƏBİ UĞUR

YENİ ​ ƏDƏBİ UĞUR

Çağdaş Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunda yazılan əsərlər xüsusi yer tutur. Bu əsələrin ədəbi-bədii əhəmiyyəti olduqca böyükdür. İllərlə pərdə arxasında qalan tarixi həqiqətlər yazıçı qələminin işığında oxuculara təqdim olunur.

​Zəhra Səfəralı qızı Qarabağ mövzusuna yaradıcılığı boyu dönə-dönə müraciət edən müəlliflərdən biridir. Onun fərqli imzası, əsərlərinin bədii məziyyəyti, duyğu və düşüncələri diqqət çəkir. Yazıçının müxtəlif illərdə çap olunan “Buluddan nəm çəkdi yolum” , “Qəlbimin üşüyən tərəfi”, “Uzaqdan gətirdiklərim”, “Qoca adam” Şəhid Ramazan Cəbrayıl oğluna həsr etdiyi real hadisəlrdən ibarət “ Ramazan” povesti kimi kitabları oxuculara yaxşı tanışdır. Müraciət etdiyi mövzuya yazıçı-vətəndaş münasibəti, sənət axtarışları çox cəhətli yaradıcılığını səciyyələndirən mühüm xüsusiyyətlərdəndir.

​ Yenicə işıq üzü görən “Qoşa çinar” romanını yazıçının Qarabağ mövzusundakı uğurlu sənət axtarışlarının davamı kimi səciyyələndirmək olar. “Qoşa çinar” sənədli roman janrında qələmə alınıb. Romanda Zəhra Səfəralı qızı haqlı olaraq yaradıçılığına doğma olan poetik obrazlılığa, bədii səhnələrə yer vermir. Sənədli roman janrının sərhədlərini yazıçı həssaslığı ilə qoruyur. Real hadisələr əsasında qələmə alınan əsərin ilk səhifələrindən yazıçının janrın estetikasına zərgər incəliyi ilə necə riayət etdiyi aydın görünür. Onun dövrün arxiv sənədləri ilə yaxından tanışlığı, hadisələrin canlı iştirakçılarla görüşləri real həqiqətləri təqdimində təsirsiz ötüşmür.

​Sənədli roman Qarabağ savaşının iştirakçıları Ənvər və Asif Qarayevlərin şərəfli həyat yolundan bəhs edir. Hərbi xidmətdən qayıdan Ənvər Qarayev doğma yurdunun taleyinə biganə qala bilmir. Qəlbinin çağırışı ilə könüllülərin cərgəsinə qoşulur.

Romanün süjet xətti inkişaf etdikcə yazıçı dövrün mühüm hadısəlirini nəzərdən qaçırmır. Yeri gəldikcə Qarabağ münaqişəsinin ilk köklərini üzə çıxarır. Bu hadisələr sırasında Dağlıq Qarabağda alovlanmaqda olan hərəkatı, Xocalı soyqırımını, sərnişin avtobuslarının və qatarlarının partladılmasını, Qarakəndin yaxınlığında vertolyotun vurulmasını artıq tarixə dönmüş hadisələri xüzusi vurğulayır.

Zəhra Səfəralı qızı sənədli romanda Ənvər Qarayevin işğalçılarla üz-üzə keçən cəbhə həyatını günbəgün izləyir. Romanı qələmə alarkən yazıçı tamamilə haqlı olaraq bədii təxəyyül aləminə qapılmır. Poeziyasının üstün məziyyətlərin sayılan obrazlı notlara, bədii təsvir və ifadə vasitələrinə köklənmir. O, qeyrətli Vətən oğlunun qəhrəman surətini real hadisələr əsasında təqdim etməyə üstünlük verir. Ordu sıralarından yenicə tərxis olunan yeniyetmə gəncin işıqlı simasını oxucuların gözləri qarşısında layiqli övlad, zəhmətsevər, Vətənin dar günündə onun çağırışına səs verən layiqli oğul kimi canlandırır.

Romanda Ənvərin bacarıqlı komandir olmağı ilə bərabər insani keyfiyyətləıri, könbüllülərə həssas münasibəti də yazıçının nəzərindən yayınmır. Yığcam ştrixlərlə onun döyüş hazırlığı, cəsarəti, şücaəti ilə bərabər sırf insani keyfiyyətlərini də vurğulamağı unutmur.

Sənədli roman janrının estetikasına uyğun olaraq müəllifin yeri gəldikcə keçmişə–tarixi hadisələrə də müraciəti qənaətbəxşdir. Hələ 1918-ci ildə işğalçıların Zəngəzurun bir çox kəndlərini viran qoyması, dinc əhalinin doğma yurdlarından didərgin salınması xatırlanır. Tarixi salnamənin zaman-zaman kölgədə qalan səhifələri birər-birər vərəqlənir. İllər sonra baş verən hadisələr o qanlı illərin davamı kimi yadda qalır. Zəhra Səfəralı qızını haqlı olaraq romanı tarixi kontekstdən ayırmır. Xatırlanan hadisələr faciənin tarixi köklərinin üzə çıxmasında təsirsiz ötüşmür.

Oxucu tarixi xronologiyaya uyğun olaraq Zəngilan rayonunda törədilən vəhşiliklərlə tanış olduqca dinc əhalinin acınacaqlı vəziyyətinə biganə qala bilmir. İşğalçıların yırtıcı əməlləri hər kəsin qəlbində nifrət yaradır. Yazıçı döyüşləri zaman ardıcıllığı izləyir. Bu baxımdan “Qoşa çinar” eyni zamanda hadisələrin dəqiq təsviri ilə etibarlı tarixi mənbə missiyasını da yerinə yetirir.

Mövzunu hər tərəfli öyrənən yazıçı Ənvərin döyüş dostlarını da unutmur. Məqamı gəldikcə döyüşlərdə fərqlənən könüllülərin igidliklərindən, həyatını itirən şəhidlərdən bəhs edir. Qeyri-bərabər döyüşlərdə könüllülərin cəsarət nümunələri əsərin qəhrəmanlıq ruhu ilə yaxından səsləşir.Qələmə alınan əsgər xatirələrinin də bu baxımdan olduqca əhəmiyyətlidir.

Ənvər mərd, cəsur, igid döyüşçü kimi oxucunun gözləri qarşısında canlanır. Döyüşlərdəki dəhşətli səhnələr, işğalçıların fasiləsiz hücumları, törətdikləri vəhşiliklər Ənvərin mübarizə əzmini qırmır. Hər an qarşılaşdığı ölüm təhlükəsinə baxmayaraq könüllülərə polad iradəsi ilə başçılıq edir. Döyüşlərin birində ağır yaralanan Ənvər müalicədən sonra mübarizə əzmi ilə yenidən səngərə–dostlarının yanına qayıdır.

Zəhra Səfəralı qızı sənədli romanda janrın poetikasına uyğun olaraq hadisələrin zaman ardıcılllığını dəqiqliklkə izləyir. Ağdamın, Füzulinin, Cəbrayılın, Quadlının işğalına toxunur. Azərbaycan ərazilərinin işğalını eşidən soydaşlarımızın yaşadıqları kədər romanda öz əksini tapır. Zəngilanlılar hər gün ürək dağlayan xəbərlər eşitsələr də doğma yurdlarından çıxmır, könüllülər Ənvərin rəhbərliyi ilə mübarizə aparırlar.
“Qoşa çinar” romanında dinc əhalinin qarşılaşdığı səhnələr könüllülərin mübarizəsi ilə paralel verilir. Yazıçının dövrə yanaşdığı baxış bucağı əsərin dəyərli məziyyətlərindən biridir. O zaman respublikaya rəhbərlik edənlərin səriştəsizliyi zəngilanlıları çııxılmaz vəziyyətə sürükləyir. Dinc əhalinin məcburi şəkildə doğma yuradlarını tərk etməsi romanın ən təsirli səhnələrindəndir. Ulu Öndər Heydər Əliyevin müraciətinə səs verənlərdən biri olan Ənvər Horadizdə gedən döyüşlərdə qəhrəmanlıqla vuruşur.
Zəhra Səfəralı qızı atəşkəs dövründə də Ənvərin həyatına yenidən nəzər salır. Ənvərin övlarlarını Vətənə məhəbbət,vətənpərpərvərlik ruhunda böyütməsini xüsusi vurğulayır. Doğma kəndini işğalçılardan müdafiə etmək üçün gedərkən beşikdə yatan körpəyə baxan Ənvər, bəlkə də, heç ağlına da gətirməzdi ki, Asəf onun döyüş yolunun davamçısı olacaq.
Asəf Ana Vətənin, valideynlərinin qarşısında müqəddəs övladlıq borcunu ləyaqətlə yerinə yetirir. Dərs əlaçısı kimi hərbi biliklər alır, peşəkar zabit kimi yetişir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində hərb elminin sirlərinə daha dərindən yiyələnir.
“Qoşa çinar” romanında müəllifin gərgin yazıçı əməyi aydın görünür. Zəhra Səfəralı qızı qələmə aldığı mövzunu hər tərəfli öyrənərək təsvir etdiyi qəhrəmanların həyat yolunu maraqlı, dinamik süjetlə təqdim edir. Kiçik hekayələrlə oxucuların məhəbbətini qazanan yazıçı mürəkkəb sənədli Povest, roman janrında da qələmini məharətlə sınayır. Peşəkar yazıçı təcrübəsi ilə oxunaqlı povest və roman ərsəyə gətirməyə nail olur.
Bu baxımdan “Qoşa çinar” maraqlı kompozisiya quruluşu ilə də önəmlidir.Yazıçı hadisələrin ardıcıllığında oxucunu intizarda saxlamağı bacarır. Asəfin cəbhə həyatı maraqla izlənilir. Asəf mayor rütbəsində Laçın dəhlizinin azad edilməsində iştirak edir.
Asəfin komandiri olduğu dəstənin Şuşanı azad etməsi onun cəbhə həyatında iftixar doğuran səhifələrdəndir. Müəllif Asəfin hərbi komandir kimi şəxsi insani keyfiyyətlərini ön plana çəkir. Onun əsgərlərlə səmimi münasibəti, yaralılara köməyi əsgərlərin qəlbində ona qarşı sonsuz hörmət hissi yaradır. Əsgərlərin Asəf haqqında xatirələrində onun mənəvi dəyərləri aydın sərgilənir.
Romanda nəsillərin işıqlı estafetini yazıçı ön plana çəkir. Asəf illər sonra İkinci Qarabağ savaşında mayor rütbəsində atasının yolunu davam etdirir. Vətən Müharibəsi Qəhrəmanı adınma layiq görülən baş gizir Mehrab Niftəliyevi kömək edərkən yaralanan Asəf döyüşdə iştirak edə bilmir. Əsgərlərə verdiyi tapşırıqlar qələbənin qazanılmasında izsiz ötüşmür. Əsgərlər hospitalda müalicə alan sevimli komandirə qələbə sevinci ilə raport verirlər.
Zəhra Səfəralı qızı yeri gəldikcə əsgərlərin xatirələrinə də müraciət edir. Bu xatirələrin Asəfin cəbhə həyatındakı şücaət və fədakarlığına işıq tutur. Romanda Ənvər və Asəfin qələbədən sonrakı həyatı da öz əksini tapır.
“Qoşa çinar” romanını müəllifin yeni ədəbi uğuru kimi qiymətləndirmək olar. Roman ruhu ilə kino estetikasına çox yaxındır. Ekran işığında da Qarabağ qazilərinin döyüş yolu tamaşaçılar tərəfindən maraqla qarşılanar.Azərbaycan ədəbiyyatında bundan sonra da sənədli roman janrında yeni-yeni əsərlər yazılacağı şübhəsizdir. “Qoşa çinar” sənədli romanı bu əsərlər sırasında çinar həyatı ilə həmişə yaşayacaq.

ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI

Müəllif: Hatəm Əsgərov

Hatəm Əsgərovun yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Zəhra SƏFƏRALIQIZI – SƏSLƏR

          SƏSLƏR
        (hekayə-pritça)
      Qışqırıq, bağırtı səsləri  bir az səngidi, yerini   inilti və sızıltıya  verdi. Sakitcə, için-için  hıçqırıq, ağlamaq həniri də duyulurdu…
Birdən ucadan çəkilən  rişxənd dolu qəh-qəhə sanki səsləri dəlib keçdi. Ayağa durub var-gəl edən kölgənin  bu istehzalı, ikrah doğuran qəh- qəhəsi elə bil “susun” əmrini verdi. Otağa ölü bir sükut çökdü…
     Nəfəslikdən  günəşin ilıq şəfəqləri  otağa süzülürdü. Tavandakı gur lampanın yanmasına baxmayaraq ətrafın bombozluğunu  qova bilmirdi. Sanki divarlar buz kəsmişdi. Yerdə laxtalanana qədər  axan qanların gözə görünməyən buxarı  adamı üşüdən  divarlara hopurdu.  Al-qırmlzı qan gölməçələri  nəfəslikdən düşən Günəşin şəfəqləri altında parlasa da get-gedə solur, qaramtıl rəngə çalırdı və rişxəndli qəh-qəhə səsindən titrəyirdi…
     Xəstə göz qapaqlarını güclə aralayıb acıqlı-acıqlı:
— Bu, nə səsdir?.. Elə bil başıma çəkiclə vururlar – bağırdı.
     Sonra gözləri yenə süzülüb bağlandı.
Tibb bacısı tez ona yaxınlaşıb sakitləşdirici iynə vurdu…
     Bir az keçəndən sonra bu dəfə də yalvarırmış kimi:
— O, nə səsdir pəncərədən gəlir?.. Kəsin onu, nəfəs almağa qoymur…
    Tibb bacısı pəncərəyə yaxınlaşıb taybatay açdı.
Çöldən gələn təmiz hava otağa doldu, xəstənin çürüyən ayaqlarının yarasından  və ona yaxılan məlhəmdən  gələn  qoxusuna qarışdı.
Pəncərənin yuxarı  küncündə yuva quran iki qaranquşu gördü.Qeyri-ixtiyarı gülümsədi və dönüb yarı huşsuz uzanan xəstəyə baxdı…

Kölgə təkəbbürlə asta-asta  stula oturdulub əl-qolu, ayaqları, gözləri bağlı kişiyə yaxınlaşdı. Ədalı  tərzdə  ayağının ucu ilə stulu  itələdi.
Kişi  stulqarışıq arxa tərəfə düşdü.  Yaralarının, yoxsa  beton döşəməyə dəyib yarılıb qanayan başının ağrısından iniltili bir səs çıxartdı…
— Görürsən gününü?!. Mən sənə demişdim axı… Dinləmədin, az eşitdin deyilənləri…
Sandın tək yeyə biləcəksən. Bilmədin  ki, məndən qaçmaq olmaz…
   İynə vurulandan sonra bir az sakitləşən  xəstə gözlərini açdı. Sağa-sola baxdı, su istədi. Tibb bacısı stolun üstündəki su bardağını götürüb onun ağzına yaxınlaşdırdı. Bir qurtum içəndən sonra başını geri çəkdi:
— Suyu da güclə uduram, — dedi.
Çəkdiyi ağrı-acının əzabı üzündən oxunurdu.
Bu vaxt qapı açıldı. Baxımlı bir qadın şux yerişi ilə içəri girdi .Özü ilə bərabər “Şanel”in  bihuşedici qoxusunu da içəri gətirdi. Soyuq bir tərzdə əyilib xəstənin başını ağızucu öpdü:
— Həyatım,  iki saatdan sonra uçuş vaxtımdı. Mən getməliyəm. Vallah, özümü həkimə göstərmək söhbəti olmasa idi heç getməzdim. Dincəlməyin adıdı elə… Səni bu vəziyyətdə qoyub getmək heç içimdən gəlmir …
Onun cavabını gözləmədən:
— Hər gün telefonla görüntülü danışacam, səndən xəbər tutacam. Həkimlər, tibb bacıları burdadı, nigaran qalmaram. Bir ay nədir, gözünü yumub-açacaqsan gəlib keçəcək… Hələlik, sürücü məni gözləyir  — deyib, yenə də ağızucu xəstənin başından öpüb iri addımlarla otaqdan çıxdı…
O, qəzəb, nifrət, peşmançılıq dolu gözləri ilə qadının arxasınca baxdı…
   Yuva quran quşların civilti səsi  otağı başına götürmüşdü. Xəstə bağırdı:
— Kəsin onların səsini…
— Quşlardır, müəllim. Pəncərədə yuva qurublar…
Tibb bacısının sözü ağzında qaldı.
— Kəsin dedim onların səsini, başım partlayır…
Tibb bacısı pəncərəni bağlayıb ona yaxınlaşdı. Çarpayının yaxınlığındakı stolun üstündən dərmanı  götürüb ağzına qoydu və bir qurtum su içirtdi.
Xəstə huşa getdi…
Əli-qolu ,  ayaqları, gözləri bağlı, qanı içində çabalayan kişi yalvarırdı:
– Müəllim, buraxın məni. Nə istəyirsiniz, nə qədər istəyirsiniz  toplayıb verəcəm. Uşaqlarım balacadı, onlar yetim qalmasın…
Kölgənin iyrənc qəhqəhəsi  divarlarda əks-səda verdi və əxlaqsız bir əda ilə:
— Arvadın da dul qalmasın hə… – dedi.
Sonra kişiyə tərəf bir az əyilib:
— Bu arada, xanımınla, 12 yaşlı qızın bu axşam mənim qonağım idi…– dedi və dikəldi. Əlini əlinə vurub ucadan qəh- qəh çəkdi.
Yerdə əli-qolu bağlı kişi ilan kimi qıvrıldı…
     Xəstə zarıyırdı… Güclə nəfəs alırdı. Dili-dodağı partlaq-partlaq idi. Partaqlardan qan sızırdı. Hərdən güclə pıçıldayırdı:
   O səsi kəsin, başım partladı…
Tibb bacısı bir ildən çoxdu xəstənin hissə-hissə çürüyən vücudunu süzdü və bağlamaq üçün pəncərəyə yaxınlaşdı. Pəncərənin yuxarısındakı  yuvada ana quş balalarını yemləyirdi. Ətcəbala quşlar  güclə görünən qanadlarını çırpır, anasının ağzlarına qoyduğu yemi tez-tələsik udur və yenə də istəyirdilər. Bala quşların  elə bil qarınları doyduqlarına görə xoşbəxtcəsinə civilti səsləri ətrafı başına götürmüşdü. Erkək quş kənardan onları izləyirdi…
    Tibb bacısı bu mənzərəyə baxıb xəfifcə gülümsədi, pəncərəni bağlayıb xəstənin yanına yaxınlaşdı. Onun bərəlmiş gözlərinin  hərəkətsiz baxdığını gördü…
Tibb bacısı — Allah günahlarını bağışlasın – pıçıldadı və əlləri ilə onun gözlərini  yumdu…

MÜƏLLİF: ZƏHRA SƏFƏRALIQIZI

“Yurd” jurnalının redaktoru

ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

ZƏHRA SƏFƏRALIQIZI – ZAMAN

ZAMAN

Zaman o zaman deyil ki, qağa,
bir daş var idi, bir də torpaq,
bir də daşdan, torpaqdan çıxan çörək,
çörəyi çıxaran isə cəsur bir ürək…
Bu aralar bir ayrı cürədi eee…
İndi başa dəyən daşdan çıxır,
zəhər olan aşdan,
gözdən axan yaşdan çıxır…
Qanı donan ürəklərdən,
solan – qalan diləklərdən,
yıxılan yuvalardan,
dağılan tifaqlardan,
qurulan divanlardan –
yalanlardan, palanlardan çıxır…
Yox olan abırlardan,
ölən həyalardan,
şeytana yox, mələyə atılan daşdan,
bir də, baş çıxmayan başdan çıxır…
Ehh, qağa, indi o zaman deyil ki,
bir daş ola, bir də torpaq,
çörək də ondan çıxa…

MÜƏLLİF: ZƏHRA SƏFƏRALIQIZI

“Yurd” jurnalının redaktoru

ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

ZƏHRA SƏFƏRALIQIZI – KÜSƏYƏN NƏNƏM

KÜSƏYƏN NƏNƏM
(hekayə)
Ürüş nənəmə ithaf edirəm

Böyük qardaşım əsgərliyə gedən günü qoyunumuzun yaraşıqlı erkək bir quzusu oldu. — Balama qurban deyirəm bu quzunu – nənəm həm sevinclə , həm həsrətlə kövrələ – kövrələ söylədi . — Balam hıı eliyib gəlincə quzu da yeməli bir erkəyə dönəcək- səsi titrəyə – titrəyə dedi və gözlərinin nəmini gizlətmək üçün tövləyə tərəf yön aldı. Yeni doğan qoyunun altına xeyli saman səpdi, yerə yatanda isti olsun, üşüməsin deyə. Sonra vedrədə ilıq su gətirib qabağına qoydu. May ayı olmasına baxmayaraq havalar yağışlı və sərin keçirdi. Elə buna görə yeni doğan qoyunun qayğısına xüsusi qalırdı. Bəlkə də hamıdan çox sevdiyi nəvəsinə qurbanlıq quzu vermişdi deyə daha işini diqqətli görürdu.
Nənəm hamımızı çox istəyirdi. Amma böyük qardaşıma qarşı istəyi bir ayrı cür idi. Bəlkə də oğlu olmadığına mehrin qardaşıma salmışdı. Onu həm oğul, həm də nəvə gözündə görürdü.
Anam işləyirdi. Səhər gedib , axşam gəlirdi.Ona görə yeməyimizi əksər hallarda nənəm bişirərdi. Biz dörd bacı – qardaş stola oturanda o, yeməyin şiftəsini böyük qardaşıma çəkərdi, sonra bizə.
Qardaşım evimizə yaxın olan səkkizillik məktəbdə oxuyurdu. Biz uç bacı – qardaş rayonun mərkəzindəki gözəl, ikimərtəbəli ,geniş otaqları, laboratoriyası, bütün idman ləvazimatlarla təchiz olunmuş zalı olan orta məktəbdə oxuyurdıq. Təkcə qardaşım bu məktəbdə oxuyurdu.
— Uşağı uzağa salma, elə bu məktəbdə oxusun. Nə fərqi var, məktəb məktəbdir də – deyib anamı təkidlə razı salmışdı. Ozü isə qardaşıma goz- qulaq olsun deyə.
Məktəb bir mərtəbəli, dörd- beş otaqdan ibarət idi. Çox hörmətli, dəyərli müəllimlər işləyirdi bu məktəbdə.” Bədən tərbiyəsi “dərsini də həyətdə idman müəlliminin öz əli ilə səliqəyə salıb , düzəltdiyi futbol, valibol meydançasında keçirdilər.
Məktəb yolun qırağında olduğundan gəlib – gedənləri, keçən maşınları da görmək olurdu. Hər gün böyük tənəffüsə beş dəqiqə qalmış nənəm məktəbin yanındakı daşın üstündə oturub zəngin çalınmasını gözləyirdi.
Onun nə saatdan başı çıxırdı, nə də bir hərf, rəqəm tanıyırdı. Amma vaxdı o qədər dəqiq bilirdi ki. Bilmirəm göy üzünə baxıb günun durmasından müəyyənləşdirirdi, yoxsa hissiyyatı ilə. Tam zəngin çalınmasına beş dəqiqə qalmış həmişəki yerində olardı.
— Uşaq şəhər – şəhər əməlli- başlı bir şey yeməyib, yəqin acdı – deyər , lavaş çorəyinin arasına qaynatdığı yumurtanı əzib qoyar, ya da nehrə yağı ilə şor sürtüb , şüsə butulkaya şirin çay toküb soyumaması üçün yay – qış belinə bağladığı şalının sinə tərəfdən arasına qoyub qardaşımı həmişəki yerində gözləyərdi.
Qardaşım nənəmin bu hərəkətində utanardı. Çünki pəncərədən görən kimi hansı müəllim olurdusa üzunü ona tutub – dur get, nənən yeməyini gətirib – deyərdi. Bütun sinif uşaqları da gülüşərdilər. Qardaşım uşaqların gülməsindən utansa da gedib yeməyini yeyib gələrdi. Axı, ac olurdu. Doğrudan da səhər yemək yeməyə iştahı olmadığından çorək yeməzdi. ( Böyüyəndə , lap indi də özləri baba – nənə olandan sonra da həmin sinfin uşaqları bir yerə yığışanda bu hadisəni xoş bir xatirə kimi xatirlayır, gülür və nənəmə rəhmət oxuyurlar.)
Nənəm quzunu göz – bəbəyi kimi qoruyurdu. Onu xüsusi bəsləyirdi. Bostanımızda tərəvəz ləklərinin , lobya, pamidor civələrinin arasındakı tər otları belinə bağladığı önlüyunün ətəyinə yığar , aparıb quzunu yedizdirərdi. Bağımızda agacların dibinə tökülən , çox vaxt da budaqlarından dərdiyi meyvələri bir qaba doğrayıb əlində quzuya yedizdirərdi. Quzu demək olar ki, anasından çox nənəmə mehrini salmışdı.
Günlər keçdikcə quzu əməlli – başlı bir qoç olurdu. İri , burma buynuzları ona xüsusi yaraşiq verirdi.
İki ilin bitməsinə bir – iki ay qalırdı. O zamanlar, sovetlər dönəmində əsgərlik iki il olurdu. Üc il olan əsgəri xidmət də var idi. Bu illərdə valideynlər, doğmalar övladlarını həsrətlə, intizarla gözləyirdilər.Üzlərini bu illərdə görmədikləri balaları necə dəyişıb, o qərib , yad ellərdə arıqlayıbmı, babatlaşıb, boy atıblarmı – düşünürdülər, həsrətlə və intizarla yollarını gözləyirdilər.
Nənəm hər gün qurbanlıq qoçu əlləri ilə bəsləyir, gecə – gündüz sakitcə, dilinin altında qardaşımın sag- salamat gəlməsi üçün dua edirdi…
Sərt keçən qış getmiş, yerinə nəfəsi ilıq yaz gəlmişdi. Qarlar ərimiş, yalların döşlərini yamyaşıl otlar, balaca – balaca rəngbərəng çiçəklər bürümüşdü. Kolların dibində bənövşələr qonçələmis, çoxları da açmış bihuşedici ətrini ətrafa yayırdı. Bunlara baxmayaraq uzaqdan uca dağların zirvəsində ağappaq qar var idi və bu da göz oxsayırdı…
Yaz səhərlərindən biri idi. Biz yeni yuxudan oyanmış , dərsə getmək üçün hazırlaşırdıq. Birdən nənəmin çığırtı səsini eşitdik. Hamımız səs gələn tərəfə qaçdıq. Nənəmin sağ biləyi qoçu yemləyən zaman necə olmuşdusa yarasıqlı buynuzlarının arasına taxılmış, ağrıdan çığıran nənəmin səsinə quzu ürkmuş , qaçanda biləyini sındırmışdı.Nənəm biləyini tutub sızıldayirdı. Atam tələsik paltarını geyinib maşınını isə saldı. Anam qonşuların köməyi ilə ağrıdan qıvrılan nənəmi bir təhər maşına oturdub xəstəxanaya apardılar. Biz uşaqlar nənəmizin bu halına ağlayırdıq. Qurbanlıq qoç isə həyətin bir kuncünə qısılıb , devikmış halda bizə baxır və hərdən də ğovsəyirdi.Yəqin nənəmin əlində verdiyi meyvələri yeyirdi…
Nənəmin qolunu həkim gibsə qoydu.
Ağrıkəsici iynələrlə bir təhər sakitləşdı.
Günlər keçdi. Anamla atam nənəmin qolunun gibsinin açılması üçün xəstəxanaya getdilər.Qayıdanda hamısının üzü asıq idi.Dilxor və qəmli görünürdülər. Həkimin günahı ucubatından nənəmin qolu şikəst qalmışdı. Əlini, biləyini tərpədə bilmirdi, ağac kimi qurumuşdu. O, bu halı ilə heç cürə barışa bilmirdi.Elə buna görə nənəm əmməli – başlı qoçdan küsmüşdu. Qoç hər dəfə nənəmə yaxınlasanda o, üzünü yana çevirir:

  • Mən sənə nə pislik etmişdim ki, məni şikəst elədin? İndi mən evi nə təhər çəkib – çevirəcəm? Heç mən balamın məclisində də bir iş yiyəsi ola bilməyəcəm – incik- incik qoça baxır, gileylənirdi. Qoç da ona baxıb sakit- sakit mələyir, sanki üzr istəyirdi…
    Nənəm qoçu heç cürə bağışlamırdı. Qoçaq, yaşına baxmayaraq cavan gəlin kimi zirək, yoruldum – deməyən nənəm əlinin şikəst qalmasına dözə bilmirdi. Hirsini də qoçdan çıxarırdı. Onun üzünə baxmırdı, başına sığal çəkmirdi, tək əllə olsa da onu yedirtmirdi.Qoç onu görən kimi yaxınlaşır, özünü nənəmin ayaqlarına sürtür, sakitcə mələyirdi. Sanki, bağışla- deyirdi…
    Nəhayət qardaşım sağ- salamat hərbi xidmətini Rusiyanın uzaq, soyuq bir şəhərində başa vurub rayonumuza qayıtdı. Hamımız sevinirdik. Nənəm isə sevindiyindən yerə- göyə sığmırdı.
    Atam qoçu qardaşımın başına dolandırıb , duasını oxuyandan sonra kəsdi. Hamımız atamın başına yığışmışdıq. O, qoyunun qanından bizim alnımza, iki qaşımızın arasına sürtdu. Anam yeddi evin ət payını böləndən sonra kabab bişirmək üçün ocaq qaladı. Nənəm isə həyətimizdəki tut ağacının altındakı stolda oturub başını aşagı salmışdı. Qoçun kəsilən tərəfə baxmırdı. Hərdən basına örtdüyü gullü şalın ucu ilə gözlərini silirdi. Nənəmə baxıb mən də kövrəlirdim.Amma bilə bilmirdim nənəm əhd etdiyi qurbanının qəbul olmasına, qardaşımın sag- salamat gəlməsinə, həsrətin bitməsinə görə sevindiyindən ağlayırdı, yoxsa əlində bəsləyib böyütdüyü, sonra da “küsülü” olduğu qoçun kəsildiyi üçün ağlayırdı…

MÜƏLLİF: ZƏHRA SƏFƏRALIQIZI

“Yurd” jurnalının redaktoru

ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

ZƏHRA SƏFƏRALIQIZI – QAYIDIŞ

QAYIDIŞ
(hekayə)
Yüklərin hamısını maşına yerləşdirəndən sonra əlindəki vərəqə qeydlər aparan gəncə yaxınlaşdı:
— Oğlum, nə vaxt yola düsəcəyik?- asta səslə soruşdu.
— Nənə can, sabah səhər yola çıxacağıq. Qaranlıq düşməmiş çatmağımız üçun tez tərpənməliyik.
Qadın astaca başını tərpədib — insallah — sakit səslə söylədi.
Ağır addımlarla kücəyə tərəf üz tutdu. Avtobus dayanacağına çatıb oturacaqda əyləşdi. Nuru getmiş, kədərli gözlərini yola dikdi. Az keçmədi avtobus göründü. Əllərini oturacağa dayayıb ayağa qalxdı. Gözləri yaxşı görmədiyindən nömrəni ayırd edə bilmədi.
Yanında dayanan gənc xanıma – bu avtobus qəbirsanlığın yanından gecirmi? — soruşdu.
— Keçir- kecir — qadın avtobusa tərəf gedə- gedə cavab verdi.
O, addımlarını yeyinlədib qapının tutacağından tutub çətinliklə də olsa avtobusa mindi. Qarşıdakı boş oturacaqda əyləşdi.Avtobus tərpəndi. Gözlərini pəncərədən çölə dikib bir – birini əvəz edən ağacları, binaları ilk dəfə görürmüş kimi diqqətlə baxmağa başladı… Yadaşına nələr gəlib, nələr keçdi…
Şəhərə yeni gələndə bu yollardan o qədər iş- güc dalınca qoşdurmuşdu ki… Sonralar isə bu yolu lap “su yolu” eləmişdi…
— Xala, bu dayanacaq qəbirstanlığın yanıdır — bayaqkı qadının səsi onu fikirlərindən ayırdı. — Sağ ol, ay qızım — deyib , avtobus dayanan kimi düşüb üzü qəbirstanlığa tərəf ağır – ağır addımladı. Daşlarla hasara alınan qəbirlərin yanına çatanda dərindən sızıltılı bir ah çəkdi. Əlləri əsə- əsə balaca qapını açıb içəri girdi. Bir- bir baş daşlarını qəmlə süzdü. Əsən əllərini acıb “Fatihə” surəsini pıçıltı ilə söylədi. Sonra hıçqıra-hıçqıra — mən gəldim — dedi…
Taqətsiz qollarını yana açıb, onları bağrına basırmış kimi fəryadla — bu dəfə sizinlə gorüsməyə yox, vidalaşmağa gəlmişəm.– deyib hönkürdü.
— Hansınızdan başlayım?.. Ata, səndənmi? Bəlkə səndən, ana?.. Xəstəliyin tufan kimi gəlib əlimdən aldığı mələk qızım, səndən?..Yoxsa bu otuz ildə itgin, ölüsu – dirisi bilinməyən oğlunu axtarmaqdan yorulan, dərdlərdən başını götürub ” qaçan”, məni bu dünyada tək qoyan səndən?… — gözlərini küsgün- küsgün yoldaşının baş daşından ona baxıb sanki ağlayan şəklinə dikdi…Elə bir nalə çəkdi ki, yaxınlıqdakı qəbrin üstündə ” Yaşin” oxuyan molla belə bir an susdu…
Çarəsiz halda qəbirlərin arasında oturmuşdu. Başını gah anasının, gah da atasının qəbrinə söykəyib, əlini uzadıb qızının soyuq məzar daşına sığal çəkə – çəkə susqun halda gözlərini bir nöqtəyə zilləyib durmuşdu…
Nə qədər oturduğunu bilmədi… Üşüdüyünü hiss edəndə artıq qaranlıq düşdüyünü anladı. Əllərini yerə dayayıb ayağa durdu.Ətrafa baxdı. Qərbə bir sükut var idi. Ay məzarlıqdakı bütün baş daşlarını aydınlatmısdı. Elə bil qəbirstanlıqda işiqlar yanırdı…
O, bir- bir baş daşlarını qucaqlayıb öpüb, sığal çəkə – çəkə:
— Yurdumuzu aldı oğullarımız. Qayıdırıq torpaqlarımıza. Hökumət belə qərar verdi. Tikib verdiyi evləri indi– bosaldın — deyir. Deyir ki, yurdunuzda sizə gözəl evlər tikirik. Gedin orada yaşayın. Biz də gedirik – kədərlə sevincin qarışıb yaratdığı qərbə bir duyğu ilə dil- dodağı əsə- əsə dedi . Bir az susdu. Sonra iniltili səslə – mən sizsiz , tək- tənha oralarda neyləyəcəm?.. — sızıldayaraq bir- bir qəbirləri süzdü. Sanki onlardan cavab gözləyirdi…

MÜƏLLİF: ZƏHRA SƏFƏRALIQIZI

“Yurd” jurnalının redaktoru

ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

Zəhra Səfəralıqızı – Yuxu


YUXU
(novella)

Bu nisgil qəribə duyğudur. Adamın qəlbinə girdisə çıxmaq bilməz. Hələ özünə orada yurd- yuva saldısa , bil ki, bir ömür səninlədir…
Yuxudan özümdən asılı olmadan ayıldım. İçimdə bir sızıltı və yanğı vardı. Yəqin gördüyüm yuxunun təsirindən idi. Pəncərəyə baxdım. Dan yerinin sökülməyinə az qalırdı.
Çiynimə şalımı salıb balkona çıxdım. İyul ayı olmasına baxmayaraq hava sərin idi. Bir az üşüdüm də. Qollarımı çarpazlayıb özümə qısıldım . Yaşadığımız qərib ölkə bu aylarda da sərin olurdu. Bəlkə də mən sərinlikdən çox qəriblikdən üşümüsdum…
Balkonun dirəyinə söykənib ətrafa baxdım. Alatoranda tez- tez yağan yağışın sularında yuyunub tərtəmiz olan yarpaqlar xəfif – xəfif titrəyirdi. Bu şəhər basdan- ayağa demək olar ki , sanki meşənin içində idi. Ona gorə hava o qədər oksigenlə zəngin idi ki, dərindən nəfəs aldıqca ciyərlərinin rahatladığını hiss edərdin. Amma bu dəfə belə olmadı. Boğulurdum.İçimin qəhəri boğazıma tıxanmış dı…
Sanki yuxu görməmişdim. Eləcə həsrətindən yanıb – yaxıldığım həyətimizə girmişdim. Dizlərimi yerə qoyub həyətimizin torpağından öpmüsdüm. Nənəmi həyətdə görüb təəccüblə və qorxa- qorxa – sən buradasan? Tək necə qalırsan? Nə yeyib- içirsən ? Qorxmursan səni əsir götürər düşmənlər- bir gözüm onda, bir gözüm dəmir darvazamızda söyləyirəm. Nənəminsə sirin- şirin mənə baxan sifətinə bir təbəssüm qonur — qorxmuram , sən də qorxma…-deməsi məni ürəkləndirir. Əlimdən tutub həyətdəki yay mətbəxtinə aparır. Atamın taxtadan özü hazırladığı taxçalarda anamın bağladığı turşu bankaları, bişirdiyi mürəbbələr ,yeməklər, qısa yığdığı bütün azuqələr yerbəyerində durub. Təndirimizdən təzə bişirib çıxardığı quru lavaş çorəklər üst- üstə yığılıb , ustünə də təmiz, səliqəli, həmişə yemək yeyəndə stola sərilən süfrəmiz örtülub. Mən o anları dirigözlü yaşayırdım…
Hənirti duydum, mətbəxdən həyətə çıxdım. Qonşumuz Zəri xala idi.
–Ay bala, bu ehsanı apar ver o fəhlələrə. Gunortadı, yesinlər, avsanıya düşsün… – dedi mənə.
Bu yemək “qəbir üstü” , yəni qara bayram yeməyi idi.Məhələdə hamıdan qabaq Zəri xala bişirərdi bu yeməyi. Vaxtsız rəhmətə gedən yoldaşı Hüseyn dayının ehsanı üçün.Evdar qadın idi. Məhləmizin bütün qadınları işdən gəlib ehsan aşı bişirənə qədər o, hazırlayardı və ev- ev paylayardı. Hamımız günortadan yeyərdik ehsan aşını.
Məktəbdən ac gələsən və dadlı aşdan yeyəsən.Hec o yeməyin dadıni unutmaq olarmı?! Biz məhəllə usaqlarının yaddaşına həkk oldu o dad…
Mən təmiz güllü süfrəyə bükülmüş qabdakı
“qəbir üstü” aşını evimizin arxasında
“jildom” ( iki mərtəbəli yasayış binası) tikən fəhlələrə apardım. Yerinə düşərdi bu yemək. Zəri xala demiş avsanaya düşərdi. Fəhlələr yeyəndən sonra qabını Sahpəri xala rəhmət oxuya- oxuya qabı qaytarardı.
Bu qadın həmişə hafizəmdə olub. Rayonumuzda ilk və tək qadın idi ki, tikintidə işləyirdi. Kişilərlə birlikdə divar hörər, palçıq qaytardı. Mən həmişə uşaq ağlımla bu qadının adi qadın olmadığını düşunərdim. Hündür boylu, qamətli qadın idi. Yeriyəndə elə dik yeriyirdi ki, sanki əsgərdi. Səsi də ötkəm idi. Məhləmizdə üc ikimərtəbəli ” jildom” tikdilər. Hamısında da o, işlədi. Günorta fasiləsi olan kimi yeyin – yeyin evinə gedərdi. Toyuq- cücələrə dən , uşaqlara yemək verib qayıdardı. Yoldaşı yox idi. İki oğul anasıydı. Biri bizim məktəbdə oxuyurdu. Əsil adın bilmirdim. Hamı onu “ata” cağırırdı. Mən düşünürdüm ki , Şapı xala ( Sahpəri xalaya da belə deyirdilər, yəqin çox qıvraq, qoçaq olduğuna görə) özü oğlunun belə çağrılmağını istəyib. Yəni mənim evimin də atası var… Bir sözlə yuxuda təkrar diri gözlə yaşadım o günləri . Sanki yuxu görməmişdim, zaman kəsiyin keçib gəlmişdim…
Dan yeri yavaş- yavaş sökülürdü…
Səsə diksindim. Nəvəm idi. O da oyanmısdı. Susamışdı,su istədi, verdim. İçəndən sonra yerinə getmədi. Qucağıma gəldi. Onu çiynimdəki şala büküb bağrıma basdım. Qollarımın arasında yuxuya getdi. Nəfəsi məni sanki istidi…

2017- çi il
Niderland

MÜƏLLİF: ZƏHRA SƏFƏRALIQIZI

“Yurd” jurnalının redaktoru

ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

ZƏHRA SƏFƏRALIQIZI. GÖYÜN GÖZ YAŞLARI   

Zəhra Səfəralı qızı Məmmədova 4 iyul 1960-cı ildə Zəngilan şəhərində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

GÖYÜN GÖZ YAŞLARI   

Azanın ecazkar, ürəyi riqqətə gətirən səsi aram-aram ətrafa yayılırdı. Üzündəki qırışlarda yaşadığı məşəqqətli, acılı, nisgilli günlərinin izi qalmış, gözlərindən qorxu və nigarançılıq tökülən qadın namazını qurtarıb salavat çevirdi. Sonra əllərini göyə açıb sızıltılı səslə dua etməyə başladı:

-Allahım! Yerin-göyün sahibi, sənə sığınmışam! Səndən başqa dayaq duracaq bir kimsəm yoxdu. Səni and verirəm böyüklüyünə, mənim balamı düşmən gülləsindən qoru!.. Allahım, onların qəlbinə rəhm sal, bu müvəqqəti dünyada bizim günümüzü qara etməsinlər! Camaatın min bir əziyyətlə böyüdüb ərsəyə çatdırdığı balalarının nahaq qanına bais olmasınlar. Sən yardım et, Allahım! Otuz ildir balalarımız qırılır…

Duasını qurtarandan sonra qadın qapının ağzında çıxardığı nimdaş ayaqqabısını geyinib məsciddən çıxdı. Ağır-ağır kəndin başındakı evinə tərəf yön aldı. Uzaqdan evinin odun sobasının bacasından çıxıb göylərə tərəf qalxan tüstüsü görünürdü…

***

Bu kənddən bir necə kilometr məsafədə, çox da böyük olmayan təpənin arxasındakı evlərin arasında, ilk baxışdan nəzərə çarpan kilsənin də zəng səsi eşidilirdi. Kilsənin içində yun çubuğuna oxşar arıq, saçı ağappaq, görünüşündən yaşadığı kənddə təsərrüfatla məşğul olduğu açıq-aşkar bilinən bir qadın qabarlı əllərində tutduğu şamı çarmıxa çəkilən İsa Peyğəmbərin büstünün qarşısında yandırıb dua edirdi:

-Göydə olan atamız! Sən mənim oğlumu hifz et! Düşmənin gülləsinə tuş gəlməsin, gənc yaşında puç olmasın. Atası ilə mən onu çox əziyyətlə böyütmüşük. Onu bizə sağ-salamat qaytar. Bizim ucsuz-bucaqsız torpaqlarımızı da özümüzə qaytarmağa yardım et…

O, duasını qurtarandan sonra kilsədən çıxdı. Hava çox soyuq olduğundan bağın ətrafında otlayan inəyin ipini bağladığı ağacdan açıb darta-darta tövləyə tərəf apardı…

***

Lap uzaqlarda isə möhtəşəm sarayın, çölün qılınckəsən şaxtasından fərqli olaraq isti, xoş hərarətli içində büllur badələrin qışqırdıcı cingiltili səsi, xanımların bahalı, gözqamaşdıran ,zərif libaslarının xışıltısına qarışmışdı. Hər paltarın qiymətinə bir kəndin camaatının illik yemək, içmək, geyinmək ehtiyacını ödəmək olardı.

Rəsmi görüşdən sonra bura toplaşanların sakit və işvəli danışıqları, saxta təbəssümləri sanki yarışa girmişdi. Şəhvət dolu baxışlar öz şikarlarını süzürdü. Bahalı qadın, kişi ətirlərinin bihuşedici qoxusu əyinlərinə geyindikləri kostuyumların, ayaqqabıların qiymətinə bərabər şərabın qoxusuna qarışıb ehtiraslı bir aura yaratmışdı. Musiqiçilərin zalın bir küncündə oturub zövqlə çaldıqları  Çaykovskinin “Autumin” əsərinin həzin melodiyası, deyəsən, ancaq böyük pəncərələrə asılan zərif, incə tül pərdələri ahəstə-ahəstə tərpədirdi. Kimsə musiqini nə dinləyir, nə də zövq alırdı. Çünki hərənin başı necə hərəkət etmək planı ilə məşğul idi…

***

Neçə gün idi ki, aramsız yağan yağış kəsmirdi. Elə silahlardan atılan güllələr də yağış kimi əsgərlərin başına yağırdı. Ölən əsgərlərin meyidləri çölün düzündə qalmışdı. Snayperçilərin əlindən meyidləri çıxarmaq mümkün deyildi. Göz açmağa qoymurdular. O tərəf də, bu tərəf də nifrətlə, qəzəblə bir-birini məhv edirdi.

Meyidlərin bəziləri parça-parça olub tanınmaz hala düşmüşdü. Çoxu da palçığa bulaşdığından hansı tərəfdən olduğu belə bilinmirdi…

Yuxarıdan bir neçə saata meyidləri götürmək üçün atəşkəs əmri verilmişdi. İki tərəf də eyni vaxtda hərəkətə keçdi, hər şeyi unudub çölün düzündəki bir-birinə qarışan meyidləri daşımağa başladılar. Meyid daşıyan əsgərlərin çəkmələri yağışın suyundan islanan torpağı o qədər ayaqlamışdı ki, yoğrulmuş palçıqdan yerimək çətinləşmişdi. Hər iki tərəfin əsgərləri avtomatları çiynində meyidləri palçığın içindən sürüyüb çıxartmağa çalışırdılar. Palçığa və öz qanlarına bulanan meyidləri ayırd etmək üçün paltarlarının qollarındakı bayraq işarəsinə baxırdılar. Çünki çoxunu üzlərindən ayırd etmək olmurdu. Hamısının açıq qalan gözləri və qaşları qara idi. Dəfələrlə həm o tətəf, həm bu tərəf meyidlərin onlardan olmadığını görüb bir-birini səslənirdilər. Özləri də bilmədən bir-birlərinə yardım edirdilər.

Atəşkəsin vaxtı azaldıqca əsgərlər qaranəfəs qaça-qaça, tələsə-tələsə meyidləri axtarıb tapıb çıxardırdılar. Hər dəfə tapıb çıxartdıqlarına görə sevinir, az qala bir-birini təbrik edirdilər. Sevinirdilər , həm də ağlayırdılar və dərk edə bilmirdilər ki, hansı duyğunu yaşayırlar…

Yağış isə göydən dayanmadan yağırdı…

Yağdıqca tapşırığı yerinə yetirə bildiklərinə görə sevinə-sevinə ağlayan əsgərlərin, qara gözləri açıq qalan meyidlərin üzərinə səpələnirdi…

MÜƏLLİF: ZƏHRA SƏFƏRALIQIZI

“Yurd” jurnalının redaktoru

ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru