Əli bəy Azərinin yeni romanı çapdan çıxıb. “Şərq-Qərb” poliqrafiya müəssisəsi tərəfindən hazırlanan əsər 272 səhifədir. Roman hərb mövzulu əsərlər seriyasına daxildir. Sovet ordusunda xidmət zamanı aralarında yaranmış münasibət dostluğa çevrilən erməni və azərbaycanlı zabitin sonralar Zəngəzur cəbhəsində qarşılaşması əsərin əsas süjet xəttini təşkil edir.
Kitabı şəhərimizin kitab mağazalarından və ya müəllifin özündən almaq olar.
“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru
8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.
Tədbiri giriş sözü ilə dekan müavini Samir Xalidoğlu açdı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu sükutla yad edildi. Müəllif, kitab və onun ərsəyə gəlmə prosesi barədə məlumat verdikdən sonra
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi. Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi. Tədbirin moderatoru Samir Xalidoğlu daha sonra sözü kitabın işıq üzü görməsində böyük əməyi olan “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustaca verdi. Zaur müəllim Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun döyüş yolu və onun xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilən “25 yarpaq” layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, kitabın “Debüt” adlandırılması tərtibçi-redaktor Ayətxan Ziyadın (İsgəndərov) ideyası olub və ümumilikdə kitabın ərsəyə gəlməsində onun zəhməti böyükdür.
Zaur Ustac Südabə Məmmədovaya “Debüt” kitabının nəşri münasibətilə “Ziyadar” mükafatını təqdim etdi. Tədbirin gedişində Zaur Ustac və Qərənfil Dünyaminqızı Südabə Məmmədovanın yazılarını hər oxuyanda kövrəldiklərini qeyd etdilər. Hətta Zaur Ustac dedi ki, “Sonuncu dəfə nə vaxt kitab oxuyanda kövrəldiyimi xatırlamıram. Bu kitabı iki dəfə oxudum və hər dəfə göz yaşlarıma hakim ola bilmədim. Hər dəfə xatırlayanda yenə kövrəlirəm. Zaur Ustac çıxışını belə tamamladı:”Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!”
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Jurnalistika fakültəsinin öz ənənələri olan müqəddəs ocaq olduğunu bildirərək, qeyd etdi ki, fakültəmizin müəllimləri yalnız təhsil verib, elm öyrətmırlər. Burda həm də milli dəyərlərimizə sahiblənməyi öyrədirlər. Estafet etibarlı əllərdədir. Südabə Məmmədova mətbuat aləmində debütü məhz “Qansız davranışlı qanlı düşmən ” adlı ilk yazısı ilə “Bütöv Azərbaycan” qəzetində edib. Onu nübar kitabının çap olunması münasibətilə təbrik edirəm və təhsildə, gələcək fəaliyyətində uğurlar, şəxsi həyatında xoş günlər arzulayıram! Kitaba ön söz yazmış
Qərənfil Dünyaminqızı Südabəni çalışqan araşdırmaçı və özünə qarşı tələbkar bir tələbə kimi səciyyələndirdi. Bildirdi ki, müəllif şübhə doğuran hər məsələyə dönə-dönə qayıdaraq onu dəqiqləşdirməyə çalışır. “Qansız davranışlı qanlı düşmən” adlı yazı isə onu xüsusilə sarsıdıb, oxuyarkən göz yaşlarına boğulduğunu və həyəcanlandığını qeyd etdi. “Ümid həyatın sərmayəsidir” əsərində isə bir qızın uşaqlıqdan pis yollara düşməmək üçün göstərdiyi səylər və nəticədə uğur qazanması oxucu yaddaşında dərin iz buraxıb. Fakültənin müəllimi
Aygün Əzimova qeyd etdi ki, Südabə Məmmədova “Azərbaycan Jurnalistikasının Görkəmli Publisistləri” dərsi çərçivəsində yazdığı yazılarda keçmiş dövrlərin problemlərini müasir dövrün problemləri ilə müqayisə edərək samballı yazılar ərsəyə gətirmişdir. Dərslər bitsə belə Südabə Məmmədovanın axtarışları, sualları bitmirdi… “Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist Əli bəy Azəri isə kitabın bəzi məqamları haqqında öz tənqidi fikirlərini bildirib və müəllifə növbəti yaradıcılıq işlərində belə nüansları nəzərə alması üçün tövsiyələr verib. BDU Jurnalistika fakültəsinin məzunu və Südabənin ilk qələm təcrübəsinə dəstək olmuş
Əsgər İsmayılov tələbələr adından çıxış edib. O, Südabəyə uğurlar arzulayıb və tələbələrə göstərdikləri dəstəyə görə universitet və fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Oxucu qismində çıxış edən Tərlanə Abdullayeva da öz tələbə yoldaşına uğurlar arzulayıb. Sonda söz müəllifə – Südabə Məmmədovaya verilib. O, gələcək planlarından danışaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Çıxışını isə öz sitatı ilə tamamlayıb: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.” Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.
“Xəzan” jurnalının növbəti dekabr (2024) sayı çapdan çıxıb. Bu barədə jurnalın redaksiyasından məlumat ötürülüb.
XƏZAN JURNALININ DEKABR – 2024 № 63-CÜ SAYI (DEKABR 2024/9/63) – ZAUR USTAC – 50 PDF: XƏZAN JURNALI – 63
96 səhifədən ibarət olan jurnal poeziya, nəsr və publisistik məqalələrlə zəngindir. Sayca 63-cü nömrədir, bu il jurnalın 9 nömrəsi çapdan çıxıb. Redaksiya heyəti Zaur Ustacı yubiley – 50, Əbülfət Mədətoğlunu 65 yaşının tamam olması münasibətilə təbrik edir, onlar haqqında məqalələr və şairlərin yaradıcılığından bədii nümunələr təqdim edir. Jurnalın yeni sayı 2024-cü il üzrə sonuncu olduğundan sonda il ərzində çap olunmuş materialların siyahısı təqdim olunur. Buyurun, sevə-sevə oxuyun!
Jurnalın bu sayında YAZI DÜZÜMÜ aşağıdakı kimidir:
2.Publisistika -Vaqif İSAQOĞLU – ““Sevgi dolu şeirlər”in işığında” (Zaur Ustac yaradıcılığına bir nəzər) -Ramiz İSMAYIL – “İki sual, iki cavab” (Əbülfət Mədətoğlunun 65 yaşına) -Məhərrəm CƏFƏRLİ, Rafiq BABAYEV – “Mənəvi həqiqətlər poeziyası” (“Gül əldə, tikan dildə” obrazlı Zeynalabdin Novruzoğlu yaradıcılığı) -Asya ƏHMƏDOVA – “Bir yol gedir bizim kəndə” (Ayaz İmranoğlunun “Komutan” romanı ilə baş-başa) -Əli BƏY AZƏRİ – “Kimyaçı alimin poetik dünyası” (Hafiz Əlimərdanlının “Ötər illər qatar-qatar” şeirlər toplusunda düşündürücü detallar) -Səriyyə ABİDOVA – “Qubada 118-ci il soyqırımına şahid olan etnik qrupların ifadələri” -Tacir SƏMİMİ – “Bizə yaraşan zəfər” (Mahir Cavadlının “Zəfər bizə yaraşır” adlı yeni şeirlər kitabı haqqında düşüncələrim) -Mahir CAVADLI – “Yarımçıq qalmış sevgi dastanı, və ya şəhid ucalığının səhnə təcəssümü” -Əbülfət MƏDƏTOĞLU – “Mən sənə sözümü dedim, ay ölüm” (Ramiz İsmayıl yaradıcılığından) -Zemfira MƏHƏRRƏMLİ – “Ovunmayan həsrət” (Azadə Novruzovanın yaradıcılığı barədə mülahizələrim)
Ziyadxan Budaq imzası Azərbaycan ədəbi mühitində kifayət qədər tanınmış onlarla parlaq imzadan biridir. Onun yaradıcılığı ilə tanışlıq geniş oxucu kütləsinə doğmadır. Həm bir qabaqcıl təhsil işçisi, həm ötkəm şair olaraq ulu sözün imkanlarından məharətlə istifadə etməyi bacaran şairdir. İlk tanışlığımızdan xeyli müddət keçib. Poeziyasına nəzər salan kimi yaradıcılığı ilə şəxsiyyətinin vəhdət təşkil etdiyi qənaətinə gəlmişəm. Nitqində necə natiqdirsə, poeziyasında da ustadlara bənzəməyə çalışır, daha çox ibarəli kəlamlar işlədir, dərin mənalı ifadələrə üstünlük verir.
Şairin on dördüncü şeirlər kitabı oxucularla son görüşünün müjdəsidir. “Bax budur yaşamaq” adlanan kitaba şairin bir poeması və müxtəlif vaxtlarda yazdığı şeirləri toplanmışdır. Kitab şeirlərin birinin adı ilə belə adlandırılmışdır. Kitabın redaktoru “Sarı Aşıq” məclisinin yaradıcısı və aparıcısı Adil Cəfakeşdir. Son səhifədə kitabın “Bakı mətbəəsi” ASC-də hazır depozitivlərdən ofset üsulu ilə hazırlandığı qeyd olunub. 336 səhifədən ibarətdir.
Kitab “Vətən sevgisi” şeiri ilə açılır. Təbiidir, hər şairin yaradıcılığında baş mövzu Vətəndir.
Yaxşı bilir Vətən özü, canım onun sipəridir,
Qeyrətimin qan üzündə, hünərində görünür o.
Gözüm onun varlığıdır, kirpiklərim çəpəridir,
Bu dünyanı heyran qoyan zəfərimdə görünür o.
Təkcə zamanın hadisələri aşılanmır, burda həm də mövqe sərgilənir. Şair lirik qəhrəmanın dili ilə hay-küysüz, pafossua ürək sözlərini, qürur hissini nəzmə çəkir, gücümüzün, qüdrətimizin tərənnümü kimi zəfərimizin dünyaya bəlliliyinə eyham vurur.
“Bu illərdə doğulanlar” şeirini də məna-məzmun cəhətdən ağırçəkili şeirlərdən hesab etmək mümkündür. Şair deyir:
Azadlığın rənginə bax! Bəxtim kimi ağdır elə,
Ana yurdun bütövlüyü cah-cəlallı bağdır elə.
Sevincə bax! Şadlığa bax! Unudulmaz çağdır elə,
Bu illərdə doğulanlar bunu yurda pay yetirdi.
Sözsüz ki, şeir Vətən müharibəsindən sonra yaranıb. Azərbaycanın hər zaman başının üstünü qara buludlar alanda həmin dövrün əli silah tutanları silaha sarılıb ana yurdun müdafiəsinə qalxıblar. Bu, min illər boyu dəfələrlə təkrarlanıb. Şairin şeiri hər zamana uyğundur, aktualdır.
“Döyüş meydanı” şeir bir az nikbin notlar üzərində köklənsə, bədbin görünsə belə çılpaq həqiqətdir. Cəng meydanının real təsviridir.
Bir ayrı dünyadır döyüş meydanı,
Ölməzlik, Dönməzlik qoşadır burda.
Oğullar Vətənin axır gümanı,
Oğullar şəhidlik yaşadır burda.
Qeyrətə sığınmaq bir ayrı hünər,
Güllədən yayınmaq Allah işidir.
Göydə alışanlar torpaqda sönər,
Bu da cavanların bir vərdişidir.
“Bax budur yaşamaq” şeiri şairin lirik qəhrəmanı ilə dünyanın nizam-tərəzisinə ötərgi baxışıdır. Bu mövzuda çox şair qələmini sınayıb. Müqəddəs söz isə həmişə aktualdır, orijinaldır, işlətmə yerinə uyğun bənzərsizdir, öykəmdir. Görün Ziyadxan Budaq nə deyir?
Özündən ayrılıb, təklənib dünya,
Mənim qeyrətimə köklənib dünya.
Şövkətim-şanımla köklənib dünya,
Bax budur yaşamaq! Bax budur ömür!
Hansı şeirini seçəsən? Hansından misal gətirəsən? Bunları sözgəlişi demək mümkün deyil. Sanki, Ziyadxan Budaqın on dördüncü şeirlər kitabına çoxşaxəli yaradıcılığının ən yaxşı şeirlərini seçib toplayıblar. Bəs onda niyə “Seçilmiş əsərləri” deyil, şeirlərdən birinin adı ilə “Bax budur yaşamaq” adlanır?
Sualların cavabı cox sadədir. Ziyadxan Budaq bizim ustadlardan biridir, ustadların mənəvi törəmələrindəndir. O, şeiri, poeziyası ilə bunu isbatlayır. Yaradıcılığı önümüzdədir. İstər sağdan sola vərəqlə, dəyərləndir, istər soldan sağa… İstər ağırçəkili qəzəlini, poemasını, on dörd hecalı şeirlərinə nəzər sal, istər heca vəznində yazılanlara… hətta dildə ritmik oynayan, az sözlə çox məna, mətləb bildirən dərin məzmunlu bayatılara bax. Ziyadxan Budaq məsuliyyəti hər şeirdən, hər misradan, hər söz birləşməsindən boylanır, deyir mən burdayam.
Amma hərdən şair də özündən çıxır. Söz qanmayanları görəndə coşur. Bu da təbiidir. Yurdun oğlu silahlanıb Vətənin müdafiəsinə qalxdığı kimi Əlahəzrət SÖZü də müdafiə etmək hər bir qələm əhlnin müqəddəs borcudur.
Sənin nə vecinə ziyalıyam mən,
Sənin nə vecinə söz adamıyam.
Düşünə bilənin xəyalıyam mən,
Duyan kimsələrin öz adamıyam.
Mənim kimliyimdən sənə nə ziyan?
Onsuz da görmürsən, heç baxma yenə.
Bir deyil, beş deyil şairi duyan,
Sən varsan, ya yoxsan, nə fayda mənə? (“İrad” şeiri)
Məncə, şərhə ehtiyac yoxdur. Dünya yaxşılardan xali deyil. Nadanlardan çox millətin aydınlarıdır.
Kitaba şairin qəzəlləri, bayatıları və “Lə İləha İlləllah” poeması da daxil edilmişdir.
Bütün bunlar, əlbəttə ki, ədəbi tənqidin, mütəxəssislərin süzgəcindən keçməli və dəyərləndirilməlidir. Atüstü söhbətin müzakirəsi deyildir. Mən, sadəcə olaraq göz gəzdirdim, ruhumu oxşayan, ovqatı kökləyən şeirlərdən tək-tək nümunələr göstərməyi özümə borc bildim.
Kitab qalın üz qabığı ilə nəfis tərtibatla nəşr olunub. Sözsüz ki, kitabda müəyyən texniki qüsurlar da var, bunlar sırf nəşriyyat xətalarıdır. Həmin xətalar şeirlərin dolğunluğuna heç bir təsir göstərmir.
“MƏN BİR DÜRTƏK GƏNCƏ DƏNİZİNDƏ BATSAM DA, Bir dağlıq QUM əyalətindənəm!” Nizami Gəncəvi Bu ifadə onun hansı əsərindədir, deyə bilmərəm. Qax rayonunun Qum kəndində böyük şairin büstünün yanında vurulmuş lövhədə belə yazılıb. Bəzən kiçik işlərə vaxt ayırsaq da, böyük işlərə vaxt tapmırıq. Nizami Gəncəvinin büstünü 5 sentyabrda – yay tətilimin son günündə ziyarət etdim. Onun QUM kəndində doğulduğu barədə hələ orta məktəbdə oxuduğum dövrdə ədəbiyyat müəllimimdən eşitmişdim. Burda ağızdan-ağıza ötürülən məlumata görə şair burada anadan olub. Hələ uşaq ikən Gəncədə zəlzələ nəticəsində evlər dağılıb. Bölgələrdən bənnalar Gəncəyə axışıb. Nizaminin atası (İlyasın atası Yusif) da bənna imiş. Yusif bir müddət Gəncədə işlədikdən sonra gəlib ailəsini də ora köçürüb. Qumdan Gəncəyə 80 kilometrlik fayton yolu varmış. Balaca İlyas Gəncədə 1141-ci ildə qeydə alınıb. Bu tarix onun anadan olduğu kimi göstərilib. Əslində isə həmin vaxt İlyasın 3-5 yaşı var imiş. NİZAMİ GƏNCƏVİNİN QUM KƏNDİNDƏKİ büstü hər zaman ziyarət olunur. Ziyarətçilər arasında yeniyetmələrin, gənclərin, turistlərin çoxluğu qürurvericidir. Bir də Qaxda Şəhidlər Xiyabanı da şairin büstü ilə yanaşı salınıb. Bax, belə!