Etiket arxivi: Nizami Gəncəvi

Nizami Gəncəvi yaradıcılığında qadın obrazlarının müasir interpretasiyası

Nizami Gəncəvi yaradıcılığında qadın obrazlarının müasir interpretasiyası

Azərbaycan klassik ədəbiyyatının ən qüdrətli nümayəndələrindən olan Nizami Gəncəvi yaradıcılığı yalnız poetik gözəlliyi ilə deyil, həm də yaratdığı kamil insan obrazları ilə seçilir. Bu obrazlar arasında qadın qəhrəmanlar xüsusi yer tutur. Nizami qadını sadəcə məhəbbət obyekti kimi deyil, düşünən, qərar verən və cəmiyyətə təsir edən güclü şəxsiyyət kimi təqdim edir. Müasir dövrdə bu obrazlara yenidən baxmaq onların nə qədər aktual və qabaqcıl olduğunu göstərir.

Nizami Gəncəvi yaradıcılığının ilk böyük poeması olan “Sirlər xəzinəsi” digər əsərlərindən fərqli olaraq süjet xəttindən çox, didaktik-fəlsəfi məzmunu ilə seçilir. Bu əsərdə konkret və geniş təsvir olunan qadın qəhrəmanlar az olsa da, qadın obrazı müxtəlif hekayələr, rəvayətlər və ümumiləşdirilmiş bədii təsvirlər vasitəsilə təqdim olunur. Nizami burada qadını daha çox mənəvi dəyərlərin daşıyıcısı, əxlaq və kamillik nümunəsi kimi təqdim edir. Əsərdə qadın obrazı ilk növbədə ana timsalında yüksək dəyərləndirilir.

Ana obrazı mərhəmət, qayğı, sədaqət və saf məhəbbətin simvolu kimi təqdim olunur. Nizami üçün ana yalnız övlad böyüdən bir insan deyil, həm də cəmiyyətin mənəvi əsaslarını formalaşdıran müqəddəs varlıqdır. Müasir interpretasiyada bu yanaşma qadının ailə daxilindəki rolunun yüksək qiymətləndirilməsi ilə yanaşı, onun tərbiyəvi və sosial funksiyasının da ön plana çəkilməsi kimi dəyərləndirilə bilər. “Sirlər xəzinəsi”ndə qadın həm də sədaqət və iffət rəmzi kimi çıxış edir. Şair qadının mənəvi saflığını onun ən böyük gözəlliyi kimi təqdim edir və zahiri gözəllikdən daha çox daxili paklığa üstünlük verir. Bu baxımdan qadın obrazı yalnız estetik deyil, etik kateqoriya kimi də çıxış edir. Nizami qadının daxili aləmini saf və kamil göstərməklə insanın mənəvi yüksəlişində qadının rolunu vurğulayır. Əsərdə diqqət çəkən digər məqam qadının müdriklik və nəsihətverici xüsusiyyətlərə malik olmasıdır. Nizami bəzi hekayələrdə qadını ağıl və uzaqgörənlik sahibi kimi təqdim edir. O, doğru yol göstərən, səhvlərdən çəkindirən və insanı mənəvi kamilliyə yönəldən bir qüvvə kimi çıxış edir. Bu isə qadının yalnız hissiyyatla deyil, eyni zamanda dərin düşüncə ilə də əlaqəli olduğunu göstərir.

Nizami Gəncəvi bəzi nümunələrdə qadın obrazı vasitəsilə mənfi xüsusiyyətləri də tənqid edir. Bu hallarda qadın obrazı simvolik xarakter daşıyır və daha çox insanın nəfsini, zəifliyini və dünyəvi aludəçiliyini ifadə edir. Lakin bu yanaşma konkret qadınlara deyil, ümumilikdə insan təbiətində mövcud olan mənfi cəhətlərə yönəlmişdir. Müasir baxış bu cür obrazları gender məsələsi kimi deyil, etik və fəlsəfi simvolika kimi qəbul etməyi tələb edir.

“Sirlər xəzinəsi”ndə qadın obrazlarının spesifik fərdi portretlərdən çox, ümumiləşdirilmiş şəkildə təqdim olunması əsərin ideya istiqaməti ilə bağlıdır. Bu əsərdə əsas məqsəd konkret hadisələri təsvir etmək deyil, insanı mənəvi cəhətdən tərbiyə etməkdir. Bu səbəbdən qadın obrazı da fərdi xüsusiyyətlərdən çox, ümumbəşəri dəyərlərin ifadəsinə çevrilir. Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində qadın obrazları klassik ədəbiyyatda rast gəlinən ənənəvi çərçivəni aşaraq daha geniş mənəvi və fəlsəfi məna kəsb edir. Bu obrazlar vasitəsilə şair insanın daxili aləmini, onun əxlaqi keyfiyyətlərini və kamilləşmə yolunu təsvir edir. Qadın burada həm ana, həm müdrik nəsihətçi, həm də mənəvi saflığın simvolu kimi çıxış edir.

Müasir interpretasiya göstərir ki, bu obrazlar bu gün də aktuallığını itirmir. Qadının tərbiyəedici rolu, onun mənəvi dəyərlərin qoruyucusu kimi təqdim olunması və cəmiyyətin inkişafında oynadığı rol bu gün də mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, qadın obrazının bəzi hallarda simvolik şəkildə mənfi xüsusiyyətlərin daşıyıcısı kimi təqdim olunması insan təbiətinin mürəkkəbliyini açmaq baxımından maraqlı bədii üsul kimi qiymətləndirilə bilər. Nizami Gəncəvi bu əsərində qadını yalnız bir obraz kimi deyil, bütöv bir mənəvi sistemin tərkib hissəsi kimi təqdim edir. Bu isə onun yaradıcılığının dərinliyini və çoxqatlı məzmununu bir daha təsdiqləyir. “Sirlər xəzinəsi”ndəki qadın obrazları oxucunu düşündürən, ona mənəvi istiqamət verən və insanın özünü dərk etməsinə kömək edən mühüm bədii vasitə kimi bu gün də öz dəyərini qoruyub saxlayır.

Şairin “Xosrov və Şirin” əsərində yaratdığı Şirin obrazı Nizami qadınlarının ən parlaq nümunələrindəndir. Şirin yalnız gözəl qadın deyil; o, müstəqil iradəyə malik, öz seçimlərini edən və sevgi uğrunda mübarizə aparan bir şəxsiyyətdir. Müasir interpretasiyada Şirin obrazı qadın azadlığının və öz taleyinə sahib çıxmağın simvolu kimi qiymətləndirilə bilər. O, sevgi münasibətlərində passiv deyil, əksinə, aktiv mövqe tutur və bu xüsusiyyəti ilə bugünkü qadın modelinə uyğun gəlir.

Nizaminin “İsgəndərnamə” əsərində təqdim etdiyi Nüşabə obrazı isə qadın müdrikliyinin və siyasi uzaqgörənliyin təcəssümüdür. Nüşabə yalnız bir hökmdar kimi deyil, həm də diplomatik bacarığı, ağlı və tədbirliliyi ilə seçilən bir qadındır. O, İsgəndər kimi qüdrətli bir hökmdarla qarşılaşmada öz ləyaqətini və zəkasını qoruyur. Müasir baxış bu obrazı qadın liderliyinin, idarəçilik qabiliyyətinin və intellektual gücünün simvolu kimi dəyərləndirməyə imkan verir. Bu isə göstərir ki, Nizami qadını yalnız ailə çərçivəsində deyil, ictimai-siyasi müstəvidə də aktiv bir qüvvə kimi görürdü.

“Leyli və Məcnun” əsərində isə diqqət yalnız Leyli obrazı ilə məhdudlaşmır. Burada Leylinin anası da mühüm psixoloji və sosial funksiyanı yerinə yetirir. O, ənənəvi cəmiyyətin qaydalarını təmsil edən bir obraz kimi çıxış edir. Leylinin anası qızının taleyinə təsir edən qərarlarda iştirak edir və onu cəmiyyətin qəbul etdiyi normalara uyğun yönləndirməyə çalışır. Müasir interpretasiyada bu obrazı bir tərəfdən qoruyucu ana, digər tərəfdən isə sosial stereotiplərin daşıyıcısı kimi qiymətləndirmək mümkündür. Bu isə ana obrazının daxili ziddiyyətlərini üzə çıxarır: o, həm övladını qorumaq istəyir, həm də cəmiyyətin sərt qanunlarına tabe olur.

Nizami yaradıcılığında qadın obrazlarının bu cür çoxşaxəli təqdimatı onların müasir dövrdə də аktual qalmasını təmin edir. Şirin azadlıq və sevgi uğrunda mübarizəni, Nüşabə müdriklik və liderliyi, Leylinin anası isə cəmiyyət və fərd arasında olan ziddiyyətləri təcəssüm etdirir. Bu obrazların hər biri bu gün də müxtəlif sosial və psixoloji kontekstlərdə yenidən dəyərləndirilə bilər.

Nizami Gəncəvi yaradıcılığının ən parlaq nümunələrindən biri olan “Yeddi gözəl” əsəri yalnız süjet zənginliyi ilə deyil, həm də təqdim etdiyi simvolik və dərin məzmunlu obrazlar sistemi ilə diqqət çəkir. Bu əsərdə qadın obrazları xüsusi yer tutur və onlar yalnız estetik gözəlliyin təcəssümü deyil, həm də müxtəlif mədəniyyətlərin, mənəvi dəyərlərin və fəlsəfi ideyaların daşıyıcısı kimi təqdim edilir. Əsərin mərkəzində duran yeddi gözəl – müxtəlif ölkələri təmsil edən şahzadələr – zahiri gözəllikdən daha çox daxili aləmləri, dünyagörüşləri və söylədikləri hekayələrlə seçilirlər. Hər bir gözəl fərqli rəngli günbəzdə yerləşdirilir və bu rənglər onların xarakterini, mənəvi dünyasını və təqdim etdikləri ideyanı simvolizə edir. Bu baxımdan Nizami qadını yalnız fərdi obraz kimi deyil, ümumbəşəri dəyərlərin daşıyıcısı kimi təqdim edir. Hind gözəli ehtirası, həyat enerjisini və insanın daxili istəklərini simvolizə edir. Onun danışdığı hekayə daha çox hiss və duyğuların ön planda olduğu bir dünyanı əks etdirir. Bu obraz müasir interpretasiyada insanın instinktiv tərəflərinin və emosional azadlığının ifadəsi kimi qəbul edilə bilər. Rum (Bizans) gözəli isə daha çox ağıl, nizam-intizam və məntiqi düşüncə ilə əlaqələndirilir. Onun hekayəsində həyatın daha ölçülü-biçili tərəfləri, insanın özünü idarə etmə bacarığı ön plana çıxır. Bu obraz qadının intellektual gücünü və rasional düşüncə qabiliyyətini təcəssüm etdirir. Slavyan gözəli sadəlik, təmizlik və səmimiyyətin simvoludur. Onun təqdim etdiyi dünya daha saf və təbii münasibətlər üzərində qurulub. Müasir baxışla bu obraz insanın daxili saflığını və mənəvi təmizliyini qorumağın vacibliyini vurğulayır. Məğrib (Qərb) gözəli isə həyatın cazibədarlığını, gözəllik və zahiri parlaqlığın insan üzərində təsirini əks etdirir. Bu obraz vasitəsilə Nizami zahiri gözəlliklə daxili dəyərlər arasındakı tarazlıq məsələsini gündəmə gətirir. Çin gözəli incəlik, sənətkarlıq və estetik zövqün daşıyıcısıdır. Onun obrazında harmoniya, gözəlliyin dərin mənası və ruhun incəliyi əks olunur. Bu, qadının yaradıcı və estetik tərəfinin ön plana çəkilməsidir. Xarəzm və İran gözəlləri isə sədaqət, müdriklik və mənəvi kamillik kimi xüsusiyyətləri təcəssüm etdirirlər. Onların hekayələrində həyat təcrübəsi, səbir və düzgün seçim etmə kimi dəyərlər ön plana çıxır. “Yeddi gözəl” əsərində diqqət çəkən əsas məqamlardan biri də odur ki, qadınlar burada yalnız gözəllik simvolu deyil, həm də müəllim rolunda çıxış edirlər. Onlar hökmdar Bəhram Gura hekayələr vasitəsilə həyatın mənasını, insanın kamilləşmə yolunu və düzgün davranış prinsiplərini öyrədirlər. Bu isə qadının maarifləndirici və yönləndirici rolunu ön plana çıxarır.

Müasir interpretasiyada bu qadın obrazları müxtəlif psixoloji tiplər, fərqli mədəni kimliklər və insan xarakterinin çoxşaxəli tərəfləri kimi dəyərləndirilə bilər. Nizami bu əsərdə qadını təkcə fərdi varlıq kimi deyil, həm də insanın özünü tanıma yolunda qarşılaşdığı mənəvi mərhələlərin simvolu kimi təqdim edir. Nizami Gəncəvi “Yeddi gözəl” əsərində qadın obrazları bədii təxəyyülün məhsulu olmaqla yanaşı, dərin fəlsəfi məna daşıyır. Bu obrazlar vasitəsilə şair insanın daxili dünyasını, onun zəif və güclü tərəflərini, mənəvi axtarışlarını və kamilləşmə yolunu təsvir edir. Hər bir gözəl fərqli bir həqiqətin, fərqli bir həyat dərsinin daşıyıcısıdır. “Yeddi gözəl” əsərindəki qadınlar yalnız ədəbi qəhrəman deyil, həm də düşüncə və ideya simvollarıdır. Onların müasir interpretasiyası göstərir ki, Nizami yaradıcılığı bu gün də aktualdır və insanın özünü dərk etməsi prosesində mühüm rol oynayır. Qadın obrazlarının bu cür çoxşaxəli təqdimatı isə Nizaminin sənətkarlıq qüdrətini və onun insan psixologiyasını dərindən anlama bacarığını bir daha təsdiqləyir.

Nizami Gəncəvi qadın obrazlarını yalnız dövrünün deyil, bütün zamanların qəhrəmanları kimi yaratmışdır. Onların müasir interpretasiyası isə göstərir ki, klassik ədəbiyyat yalnız keçmişin mirası deyil, həm də bu günün düşüncə və dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayan canlı bir mənbədir. Nizami Gəncəvi yaradıcılığında qadın obrazları yalnız estetik gözəlliyin və romantik duyğuların ifadəsi deyil, eyni zamanda dərin ictimai, fəlsəfi və psixoloji məzmun daşıyıcısıdır. Şairin yaratdığı Şirin, Nüşabə və Leylinin anası kimi obrazlar müxtəlif xarakter və mövqeləri təmsil etsələr də, onları birləşdirən əsas cəhət qadının gücünü, təsir imkanlarını və cəmiyyət daxilindəki mürəkkəb rolunu əks etdirməsidir. Şirin obrazında qadının azad seçim hüququ, sevgi uğrunda mübarizə əzmi və fərdi iradəsi ön plana çıxır. O, öz taleyini başqalarının iradəsinə tabe etməyən, əksinə, həyat yolunu özü müəyyənləşdirən bir şəxsiyyət kimi müasir dövrün qadın idealına yaxınlaşır. Nüşabə isə qadının yalnız emosional deyil, həm də intellektual və siyasi gücünü təcəssüm etdirir. Onun obrazı göstərir ki, qadın idarəçilikdə, qərarvermədə və dövlətçilik məsələlərində də mühüm rol oynaya bilər. Bu baxımdan Nüşabə obrazı bu gün də qadın liderliyinin simvolik ifadəsi kimi aktuallığını qoruyur. Leylinin anası isə daha mürəkkəb və ziddiyyətli bir obrazdır. O, bir tərəfdən ana qayğısını və övlad sevgisini təmsil edir, digər tərəfdən isə cəmiyyətin sərt qanunlarının daşıyıcısına çevrilir. Bu obraz vasitəsilə Nizami fərd və cəmiyyət arasındakı toqquşmanı, ənənə ilə hisslərin mübarizəsini incə şəkildə təqdim edir. Müasir baxış bu obrazı yalnız mənfi və ya müsbət çərçivədə deyil, daha çox sosial-psixoloji reallığın aynası kimi dəyərləndirməyə imkan verir. Bu qadın obrazlarının müasir interpretasiyası onu göstərir ki, klassik ədəbiyyat zamandan kənar bir dəyərə malikdir.

Nizaminin yaratdığı qadınlar bu gün də aktual olan məsələləri — qadın azadlığı, gender bərabərliyi, fərdi seçim hüququ, cəmiyyət təzyiqi və mənəvi dəyərlər kimi mövzuları özündə ehtiva edir. Bu isə klassik irsin yalnız keçmişin yadigarı deyil, həm də bu günün və gələcəyin düşüncə mənbəyi olduğunu təsdiqləyir.

Nizami Gəncəvi yaradıcılığına müasir prizmadan yanaşmaq yalnız ədəbi təhlil deyil, həm də ictimai düşüncənin inkişafına xidmət edən mühüm bir yanaşmadır. Onun qadın obrazları vasitəsilə irəli sürdüyü ideyalar bu gün də insanı düşündürür, müzakirəyə sövq edir və cəmiyyətin daha ədalətli, daha bərabər və daha humanist istiqamətdə inkişafına töhfə verir. Bu baxımdan Nizami irsi daim öyrənilməli, yenidən oxunmalı və hər dövrün baxış bucağından yenidən dəyərləndirilməlidir.

Müəllif: Həcər Atakişiyeva

“Yazarlar” jurnalının redaktoru, Yaradıcılıq Komissiyasının sədri, ədəbiyyatşünas-tənqidçi

Atakişiyeva Həcər Aslan qızı

Həcər Atakişiyevanın yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“AZƏRBAYCAN ŞAİRİ NİZAMİ” KİTABININ YENİ NƏŞRİ

“AZƏRBAYCAN ŞAİRİ NİZAMİ” KİTABININ YENİ NƏŞRİ

AMEA “Elm” nəşriyyatı Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” kitabının yeni nəşrini oxuculara təqdim edib. Abidəni filologiya ekmləri doktoru, Mühacirət ədəbiyyatı şöbəsinin müdari Nikpur Cabbrlı nəşrə hazırlamışdır.
Qeyd edək ki, kitabın ilk nəşri 1991-ci ildə görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Rüstəm Əliyev tərəfindən cüzi ixtisarlarla Bakıda (232 s., kiril əlifbasında) çap edilmişdir. Rüstəm Əliyev Moskvada elmi məktəb keçmiş peşəkar mətnşünas idi və onun nəşri indiyəcən daha mötəbər sayılır.
Bu klassik abidənin Azərbaycan dilinə uyğunlaşdırılmış çapı asan bir məsələ deyil. Ona görə ki, M.Ə.Rəsulzadə bu kitabın ilk variantını 1939-1941-ci illərdə müasir Türkiyə ədəbi dilində yazmış, bununla SSRİ-də Nizaminin 800 illik yubileyi tədbirlərinə qoşulmuşdur. Çox güman ki, maddi sıxıntı səbəbindən yubiley ərəfəsində kitabı buraxmaq mümkün olmayıb. Nəticədə, bu qiymətli kitab ancaq 1951-ci ildə (ədibin vəfatindan dörd il qabaq) Ankarada nəşr olunub. Bu, Azərbaycan ədəbiyyat elmi üçün prinsipial və metodoloji bünövrə olan bir əsərdir. Burada Azərbaycan xalqının farsdilli irsi ilə bağlı köklü prinsipial məsələlərə işıq salınıb.
Əlbəttə, kitabı Türkiyə ədəbi dilindən tam tərcümə etmək bağışlanılmaz səhv olardı. Ona görə, Rüstəm Əliyev kitabı nəşrə hazırlayanda minimal müdaxilə prinsipindən çıxış etmiş, Pəsulzadənin leksik bazasını qorumaqla ən zəruri sözləri dəyişmişdir. Kitabın bütün sonrakı Bakı nəşrləri əsasən Rüstəm Əliyev variantını təkrar edir. Rəsulzadə özü də mühacirət illərində elə yazmağa çalışırdı ki, mətnlər həm İstanbul, həm də Bakı ziyalıları üçün anlaşılan olsun.
1991-ci ildə çıxan birinci Bakı nəşrinin ayağı düşərli oldu. 2011-ci ildə mərhum tədqiqatçı Yadigar Türkel Bakıda, “Təknur” mətbəəsində “Azərbaycan şairi Nizami” kitabını yenidən nəşr etdirdi (520 s.). 2021-ci ildə mərhum tədqiqatçı Nəsiman Yaqublu çox sevdiyi M.Ə. Rəsulzadənin sözügedən kitabını “Qanun” nəşriyyatında yenidən buraxdırdı (576 s.). Bu faktlar bizim elmi fikirdə Rəsulzadə irsinə olan münasibətin get-gedə ciddiləşməsini ifadə edirdi.
Bunlarla paralel “Azərbaycan şairi Nizami” kitabının daha üç kommersiya nəşri kitab bazarına yol tapıb. 2017-ci ildə “Təhsil” nəşriyyatının 100 nüsxəlik tirajı olub. 2019-cu ildə “Kitab Klubu”nun buraxdığı nüsxələr satışda müşahidə edilib. “Xan nəşriyyatı”nın buraxdığı tiraş isə çap ili göstərilmədən satışa çıxarılıb.
Yeni nəşrdə kitabda getmiş poetik sitatların sətri tərcüməsi ilə yanaşı, farsca əsli də yer alır. Sözügedən kitab Azərbaycan ədəbiyyatında farsdilli abidələrin milli irs mövqeyindən öyrənilməsi sahəsində köklü metodoloji abidədir. M.Ə.Rəsulzadə kitaba yazdığı ön sözdə bu barədə qiymətli elmi arqumentlər söyləmişdir.
Qeyd edilməlidir ki, M.Ə.Rəsulzadədən yüz il əvvəl Azərbaycanın farsdilli ədəbi irsi barədə Abbasqulu ağa Bakıxanov ilk dəfə fikir söyləmiş, Şirvan bölgəsinin mədəni irsindən bəhs edərkən, 18 farsdilli şairin adını çəkmişdir. “Gülüstani-İrəm”in son fəslində bu barədə oxumaq olar.
Bütün bu qeydlərlə yanaşı, bunu da nəzər almalıyıq ki, bir sıra oxucular “Azərbaycan şairi Nizami” kitabının “Mühacirət ədəbiyyatı” seriyasından təqdim edilməsini uğurlu saymırlar.

Məlumatı hazıladı: Amina

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nizami Gəncəvinin Qum kəndində yerləşən büstü

“MƏN BİR DÜRTƏK GƏNCƏ DƏNİZİNDƏ BATSAM DA,
Bir dağlıq QUM əyalətindənəm!”

Nizami Gəncəvi
Bu ifadə onun hansı əsərindədir, deyə bilmərəm. Qax rayonunun Qum kəndində böyük şairin büstünün yanında vurulmuş lövhədə belə yazılıb.
Bəzən kiçik işlərə vaxt ayırsaq da, böyük işlərə vaxt tapmırıq. Nizami Gəncəvinin büstünü 5 sentyabrda – yay tətilimin son günündə ziyarət etdim.
Onun QUM kəndində doğulduğu barədə hələ orta məktəbdə oxuduğum dövrdə ədəbiyyat müəllimimdən eşitmişdim. Burda ağızdan-ağıza ötürülən məlumata görə şair burada anadan olub. Hələ uşaq ikən Gəncədə zəlzələ nəticəsində evlər dağılıb. Bölgələrdən bənnalar Gəncəyə axışıb. Nizaminin atası (İlyasın atası Yusif) da bənna imiş. Yusif bir müddət Gəncədə işlədikdən sonra gəlib ailəsini də ora köçürüb. Qumdan Gəncəyə 80 kilometrlik fayton yolu varmış. Balaca İlyas Gəncədə 1141-ci ildə qeydə alınıb. Bu tarix onun anadan olduğu kimi göstərilib. Əslində isə həmin vaxt İlyasın 3-5 yaşı var imiş.
NİZAMİ GƏNCƏVİNİN QUM KƏNDİNDƏKİ büstü hər zaman ziyarət olunur. Ziyarətçilər arasında yeniyetmələrin, gənclərin, turistlərin çoxluğu qürurvericidir.
Bir də Qaxda Şəhidlər Xiyabanı da şairin büstü ilə yanaşı salınıb.
Bax, belə!

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru