Allah onu dünya malıyla, can sağlığıyla çox imtahana çəkib, necə deyərlər, əzib əzişdirib, sonda şükranlığına, imanına bağışlayıb…
Deyir ki:- “Mən vaxtilə çox maksimalist idim, həyatdan çox şey istəyirdim. Yaş artdıqca istəklərim minimuma endi. Bilmirəm, bu dünyayla, taleylə barışmaqdımı, çarəsizlikdən doğan bir vəziyyətdimi, ya məğlubiyyətdimi? Hər halda arzulara məğlub olmaq çox ağrılı bir şeydi, mən bu ağrıları yazılarıma, şeirlərimə köçürmüşəm. Özümü bu yolla ağrıdan xilas etməyə çalışmışam. Allah sanki sözü mənə xilas yolu kimi nişan verib. Söz məni ölümdən xilas edib. İndi mən artıq həyatdan nəsə istəməyə qorxuram, həyat itkilərlə gözümün odunu alıb…”
Nəzakətli, yolagedən, optimist və xəyalpərəst adamdır. Davranışı və rəftarı hadisələrin gedişindən çox asılıdır. Buyruqdan və boynuna öhdəlik götürməkdən zəhləsi gedir. Pis niyyətli deyil. İnsanlara hələ də inanır və güvənir. İstedadlıdır. Praktikliyi sayəsində müvəffəqiyyət qazana bilir. Rahatlığı və əmin-amanlığı sevir…
“Uşaq vaxtından şeirlər, hekayələr yazırdım, ancaq üzə çıxarmırdım. 9-10 yaşlarımdan şerlərimi “Azərbaycan pioneri” qəzetinə və “Pioner” jurnalına təqdim edirdim. Bir neçə dəfə mənə bildirdilər ki, bədii cəhətdən zəif olduğu üçün çapa yaramır. 5-6 dəfə göndərdim, nəhayət, bir dəfə balaca bir şerimi “Pioner” jurnalında dərc etdilər. Sonradan Azərbaycanın enkslopedik alimlərindən, rəhmətlik Rəhimağa İmaməliyevin ədəbiyyata gəlməyimdə böyük rolu oldu. O, məndə inam yaratdı ki, sən yaza bilərsən. 1995-ci ildən mətbuatdayam. Jurnalist kimi fəaliyyət göstərsəm də şeir və hekayə də yazıram, ancaq uzun müddət onları ədəbi mühitə çıxarmırdım. 2000-ci illərin əvvəllərində təsadüfən Yazıçılar Birliyində Samir Sədaqətoğlu ilə tanış oldum. O, “Ədalət” qəzetində ədəbiyyat bölməsini aparırdı. Mənə bildirdi ki, ayrıca ədəbiyyat qəzeti buraxmaq istəyirlər. Mən də dedim, əlimdə tərcümələrim var. Dedi, gətir, çap edək. Elə oldu ki, həmin qəzeti birlikdə buraxası olduq. Və beləcə ədəbi mühitin içinə düşdüm. Öz hekayələrim də orada çap olundu. Sonralar “Kaspi” qəzetində şeirlərim çıxdı. 2003-cü ildə isə “Ədalət” qəzetinə keçdim, ayrıca “Yazar” adlı ədəbiyyat qəzeti buraxdıq.”- söyləyir…
Saysız-hesabsız istək və arzuları var. Bunları reallaşdıra bilməyəndə, özünəməxsus xəyal aləmində həyata keçirir. Onun bu aləmi o qədər güclüdür ki, tez-tez gerçəklə qarışdırır. Digər tərəfdən mistik və fəlsəfi hadisələri öyrənməyi sevir. Zehni xəyallar seli və qorxunc duyğu dalğaları ilə doludur. Mənəviyyatının dərinliyindən gələn bu partlayışları yaradıcılığna yönəltdiyindən, gücü tükənmir…
Deyir ki:- “Mənsub olduğum ədəbi nəslin giley-güzarı bitməsə də əsas məsələ, ortada böyük qələbəmiz var. Demək, bizim qismətimizdə Qarabağı azad görmək də var imiş. O ki qaldı mənim ədəbiyyatda qalıb-qalmayacağıma bunu yalnız gələcək müəyyən edəcək. Təəssüf ki, mən o günü görməyəcəm. Amma inanıram ki, hər halda hansısa bir yazımla xatırlanacağam…”
Haqqında söhbət açdığım Kənan Hacı 1975-ci ildə Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Xəzər rayonu, Buzovna qəsəbəsinin 125 saylı məktəbində alıb. 1995-ci ildə özəl universitetlərin birində jurnalistika ixtisasına yiyələnib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində işləyib. Sonra Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq fəaliyyət göstərib…
“Uzun-uzadı təsvirlərlə oxucunu yoran şişman romanların dövrü çoxdan keçib. Artıq roman janrı tam yeni bir mərhələyə qədəm qoyub. Bu proses davam etməkdədir. İndi zaman yazıçıdan fikri lakonik ifadə etməyi tələb edir. Mənim fikrimcə, janrların şərtiləşməsi ədəbiyyata bir rəngarənglik gətirir. Dəyərli tənqidçimiz Rəhim Əliyev bir dəfə söhbətimizdə çox gözəl bir fikir dedi. Dedi ki, heç nəyə baxmadan oturub yazmaq lazımdır. Məğlubiyyətdən qorxmaq lazım deyil. Yazmaq yazıçının həyat tərzinə çevrilməlidir. Mən yaradıcılıqda sərbəstliyin tərəfdarıyam, ölçülü-biçili roman yazmağı, əsəri standart janr qəlibinə salmağı xoşlamıram. Ənənəvi düşüncədən bacardıqca qaçmaq lazımdır. Sovet dövründə yüzlərlə belə romanlar yazılmışdı, əksəriyyəti unudulub getdi, qalmadı. Amma məsələn, Sartrın “Sözlər” romanını götürək, sırf avtobioqrafik əsərdir, roman janrının tələblərinə cavab vermir. Amma möhtəşəm əsərdir, biz onu memuar kimi yox, elə roman kimi də oxuyuruq…”- söyləyir.
…Hazırda “Mücrü” jurnalının baş redaktorudur. AYB-nin üzvüdür. Müxtəlif ədəbi əsərlərindən ibarət 15-ə yaxın kitabı nəşr olunub. Xarici dillərdə yazılmış 5 kitabı ana dilinə çevirib. Əsərləri rus, türk, ingilis və ukrayna dillərinə tərcümə olunub…
Evin tək uşağı olub. Erkən gəncliyində atası vəfat edib. Min cür çətinliyə qatlaşıb, acınacaqlı günlər yaşayıb. Əsgərliyi bitirən vaxtlarında xəstələnib hospitala düşüb, əməliyyat olunub. Və bir gün xəbər tutub ki, Hepatit C xəstəliyinə yoluxub. Xəstəliyini 8 il ən yaxın dostlarından belə gizlədib. Heç kəs bilməyib ki, evsiz-eşiksiz yaşayır. Üstəlik ağır xəstədir. Amma taleyindən heç zaman gileylənməyib. Allaha inanıb- nə vatsa zamanın üzünə güləcəyinə ümid bəsləyib. Və həmin gün gəlib. Artıq ev-eşik sahibidir. Xəstəliyə qalib gələrək yaşayır, yaşayacaq da. Yaradıcılığından da geri qalmır. Güclü təxəyyülü, ədəbi təhlili var…
Daxili aləmi çox rəngarəngdir. Bu aləmdə müsbət xüsusiyyətlərin say-hesabı yoxdur. Səxavətlidir və başqalarını məmnun etməkdən xoşlanan adamdır. Yaddaşı çox güclüdür, heç nəyi unutmur. Mütaliyyə diapazonu geniş olduğundan zəngin “Söz sandığı”na və bilgiyə sahibdir. Bir sözlə, Kənan Hacı təpədən dırnağa parlaq bir istedaddır…
…Martn 3-ü həm Kənanın və həm də ömür-gün yoldaşı İlhamə Dağlının ad günüdür. Bu münasibətlə hər ikisini təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Çox yaşasınlar, cüt yaşasınlar!
Özünü Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatına həsr edən alim
Əziz dostlar, bu dəfə sizə Pərvanə adlı, Məmmədli soyadlı bir alimdən söhbət açmaq istəyirəm. Pərvanə xanım Şəmkirdə dünyaya gəlib. AMEA-nın Ədəbiyyat institutunun dosenti, Güney ədəbiyyatı, mədəniyyəti və mətbuatı ilə bağlı 20 kitabın məllifidir…
Deyir ki:- “Qəribə elmi taleyim var. Universiteti bitirəndə diplom işim İranda azərbaycanlı ziyalıların nəşr etdiyi bir jurnala həsr olunmuşdu. Sovet dövründə xarici ölkələrlə əlaqə saxlamaq mümkün deyildı. Xoşbəxtlikdən diplom rəhbərim və həmişə adını minnətdarlıqla xatırladığım vətənpərvər ziyalı Abbas Zamanov idi. O, mənim xariclə əlaqə saxlamağıma və lazım olan materialları əldə etməyə kömək etdi. Bu həvəs və maraq, uzun illər məni tərk etmədi. KİV-də, tədbirlərdə iştirak etdim, silsilə məqalələr yazdım. Nəhayət, monoqrafiyam çap olundu və mən dissertasiya müdafiə edib elmi ad aldım. Cənubi Azərbaycanda və İranda sayı bizdən 3-4 dəfə cox olan soydaşlarımız yaşayır. Onlar İranda yaşayıb oranın vətəndaşı olsalar da, fərqli kültürə, tarixə, ədəbiyyata, dilə və daha saymaqla bitməyən təzadlı dəyərlərə malikdirlər.”
Ali təhsilini BDU-nun jurnalistika fakultəsində başa vurub. “1979-1999-cu illərdə Tehranda nəşr olunan “Varlıq” jurnalında ədəbiyyat məsələlri” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Daha sonra “Cənubi Azərbaycanda milli mətbuat və ədəbi fikrin inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib…
“O vaxt Cənubi Azərbaycan mətbuatının öyrənilməsi sahəsində bir boşluq vardı. Düzdür, Nazim Axundov, Çeşmazər, Səməd Sərdar Niya və başqa bu kimi ünlü tədqiqatçılar bu mövzunun müəyyən dövrlərini təhlilə cəlb etmişdilər. Amma yenə də bir boşluq var idi. Qərara gəldim ki, ”Cənubi Azərbaycan mətbuatı tarixi” kitabını ərsəyə gətirim. Və mən bu mövzuya konseptual yanaşdım 150 ildən artıq bir dövrün “yaddaşını”, “aynasını” arayıb-araşdırmaq çətin olduğu qədər, həm də məsuliyyətli idi. Kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlarını araşdırmaya cəlb etmişəm. XIX əsrin əvvəllərindən başlamış mətbuatın keçdiyi yol, Cənubi Azərbaycanda mətbuatın formalaşması, mətbuatın cəmiyyətdə rolu, çoxsaylı mətbuat vasitələrinin fəaliyyəti, 1978-1979-cu illərdə İran inqilabında mətbuatın rolu, inqilabdan sonrakı və çağdaş dövrü fəaliyyəti əks olunub.”- söyləyir…
Özünə qarşı çox tələbkardır. Başladığı işi sona çatdırmayanadək dayanmaq bilmir. Ünsiyyətdə mehriban və gülərüzdür. Yüksək mədəniyyəti, davranışı ilə könülləri fəth edə bilir. Elmi fəaliyyətinə gəldikdə isə, bütün ömrünü Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatına həsr edib…
Deyir ki:- “Güneydə vətənə, xalqa bağlılıq çox güclüdür. Vətənpərvərlyin mahiyyəti vətən sevgisinə əsaslanan emosional bağlılıqdır və çox zaman “millət” anlayışı ilə eyniləşdirlir. Vətənpərvərlik milli və milli-azadlıq hərəkatlarının yaranması zamanı və müharibələr ərəfəsində daha da qüvvətlənir. Vətənimizin Güneyində bu hiss çağdaş dövrümüzdə daha aktualdır, özünü bütün emosiya çalarları ilə ədəbiyyatda göstərir…”
Fevralın 17-si Pərvanəxanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram…
İnsan sadə olduğu qədər də mürəkkəb varlıqdır. Necə deyərlər, onun haqqında yazmaq, olduğu kimi tanıtmağı bacarmaq adamdan səriştə və məharət tələb edir. Xüsusən də elm camiyyəsinə məxsus olan adamları tərənnüm etmək olduqca çətindir. Bəli, haqqında söhbət açmaq istədiyim şəxs də elm adamıdır. Parlaq zəkası, savadı və mükəmməl araşdırmaları ilə tanınır. Təmsil olunduğu mühitdə həm ideyaları, həm də görünüşü ilə diqqət çəkməyi bacarır. Fikirlərində çox sabitdir. Bacarığına, biliyinə arxayın olduğu üçün gündəlik çətinliklər onu maraqlandırmır. Yalnız bəşəriyyətə fayda vermək uğrunda mübarizə aparır. Yerində saymağı xoşlamır, daim müasir dövrlə ayaqlaşmağa can atır. Yeniliklərə həmişə açıqdır. Azadlığa olan həvəsi isə, onu məhdudlşdırılmaqdan uzaq saxlayır…
1954-cü ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub. Uşaqlıq illərində qoyun-quzu da otarıb, ot da çalıb, su da daşıyıb. Orta təhsilini başa vurduqdan sonra Bakıya üz tutub. Azərbaycan Dövlət Univeristetinə qəbul olunub və 1982-ci ildə oranı bitirərək, ali təhsilə yiyələnib. Sonra müsabiqə yolu ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna daxil olub. Baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifələrinədək yüksələ bilib. Bir müddət “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzinin direktoru, Elmi nəşrlər bölməsinin və Mətbuat tarixi və publisistika şöbəsinin müdiri vəzifələrində işləyib. 2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, İctimai elmlər və Sənətşünaslıq, 2020-ci ildən isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvüdür. Onun elmi fəaliyyətinin əsas istiqamətini cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini toplayaraq, ilk dəfə ərəb qrafikasından transliterasiya və tərtib edib. Ön söz, qeydlər və şərhlər yazaraq “Ədirnə fəthi” adı ilə 1996-cı ildə “Elm” nəşriyyatında çap etdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik “Əsərləri”nin də tərtibi, ön sözü və şərhləri ona məxsusdur. O, bu nəşrə “Bədii həqiqətlər ustası” sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazıb və sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa edib. Təhsil Nazirliyinin qərarı ilə “Azərbaycan ədəbiyyatı” seriyasından buraxılan Cəfər Cabbarlının “Seçilmiş əsərləri”ni də o, ərsəyə gətirib. Son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur. “Molla Nəsrəddin” Ensiklopediyası”na onun 33 məqaləsi daxil edilib. Ona yaxın elmi əsərin, iyirmiyə yaxın kitabın müəllifidir. Hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır….
Həmyerlisi, sabiq Xarici İşlər naziri Vilayət Quliyev onun haqqında yazır: “Cəfər Cabbarlı haqqındakı ilk məqaləsini 1985-ci ildə çap etdirəndə otuz bir yaşı vardı. O, böyük müasirinin avtoriteti qarşısında qorxub geri çəkilmədi. Hətta eyni mövzuda doktorluq dissertasiyası yazmaq cəsarətini də göstərdi. Bir şərtlə ki, Cabbarlı yaradıcılığını, dövrünü və mühitini sadəcə təsvir və təhlil yox, dərindən tədqiq edib araşdırmaq yolunu tutdu. Ədibin arxivini, dövrü mətbuatı, həmkar və müasirlərini diqqətlə öyrəndi. Qadağa altındakı sənəd və materialları üzə çıxardı. Ailəsi və yaxınları ilə sıx əlaqə yaratdı. Nəticədə çox da uzaq keçmişdə yaşamayan dramaturqun xeyli sayda naməlum əsərini, tənqidi məqaləsini aşkara çıxardı, ərəb əlifbasından transliterasiya edib çapa hazırladı. Böyük zəhmət bahasına başa gələn bu iş təkcə Cabbarlının ədəbi-bədii irsində və ictimai-siyasi fəaliyyətindəki “ağ ləkələrin” aradan qaldırılması deyildi, həm də XX əsr Azərbaycan ədəbiyyatı xəzinəsinə qiymətli töhfə idi. Yeni əsərlərinin aşkara çıxarılıb nəşr edilməsi Cabbarlını dramaturq, şair, nasir, tənqidçi, siyasi xadim, milli mücahid kimi yeni baxış bucağından görməyə imkan yaratdı. Onun yaradıcılığındakı ikinci mühüm xətt Azərbaycan Cümhuriyyətinin ədəbi-mədəni siyasəti, daha geniş mənada istiqlal ədəbiyyatıdır. Tarixçilər inciməsinlər, milli dövlətimiz – Cümhuriyyətlə bağlı ilk elmi araşdırmalar məhz Nizami adına Ədəbiyyat İnstitutunda başlayıb. 1990-cı ilin mayında EA-nın digər profil institutlarının iştirakı ilə “Azərbaycan Demokratik Respublikası: tarix, siyasət, mədəniyyət” adlı ümumrespublika konfransı keçirdik. Növbəti il isə həmin konfransın materialları mənim tərtib və redaktəmlə kitab şəklində “Azərnəşr”də çap olundu. Elə həmin dövrdən başlayaraq istiqlal irsimizin bütün yönləri ilə ilk fəal tədqiqatçı və təbliğatçılarından birinin o, olduğunu desəm, mübaliğəyə yol vermiş olmaram. 1990-cı ildə o, M.Ə.Rəsulzadənin məşhur “Azərbaycan Cümhuriyyəti” kitabını (1923-cü il İstanbul nəşri əsasında) hazırlayıb nəşr etdirdi. Bu, milli dövlət ideoloqunun 1920-ci ildən sonra tarixi Vətənində işıq üzü görən ilk əsəri idi. İki il sonra başqa bir Cümhuriyyət xadiminin – xarici işlər nazirinin müavini, İranda ilk səfirimiz Adil xan Ziyadxanın “Azərbaycan” kitabını çapa hazırladı. Həmin kitab 1992-ci ildə mənim “Yoxdan bayraq yaradanlardan biri” adlı geniş müqəddiməmlə nəşr olundu və tezliklə biblioqrafik nadirəyə çevrildi.”
Onun da həyatda öz prinsipləri var- ətrafında yalnız ağıllı, savadlı, təfəkkürlü insanlar olmalıdır. Dediklərini başa düşməyən və ya həyatda məqsədi olmayan insanlardan həmişə uzaq gəzib. Poeziyanı çox sevir. Parlaq istedada, kamil yaradıcılığa qiymət verməyi bacarır. Duyumu, hissləri mükəmməldir. Bir yaxşı misradan kövrələ bilir…
Deyir ki:- “Bədii sözün ülviyyəti, səmimiyyəti, lətafəti, isməti mənim fikrimcə, ədəbi növlərdən ən çox poeziyada özünü qabarıq büruzə verir. Poetik nümunələr polifonikliyi – musiqili təbiəti, yığcam biçimi, lakonikliyi, oynaqlığı, axıcılığı, çevikliyi, ovqatı kökləmək məziyyəti, kütləvilik brendi ilə seçilir. Həyatda seçdiyin elm, sənət, peşə sahəsindən asılı olmayaraq gənclik illərində hər kəs daha çox şeir oxuyur və ya yazır. Yaradıcılığa şeirlə başlayan şəxslərin bir qismi sonralar şair ola bilməsələr də, ədəbiyyatsevərlər arasında yüksək zövqə, geniş erudisiyaya malik mütəxəssis, düşüncə adamı kimi tanınırlar. İnsanların söz ehtiyatının zənginləşməsində, nitqin rəvanlığında, cilalanmasında, mənəvi dəyərlərin, milli tarixi zəfərlərin tanıdılmasında, təbliğində, dünyagörüşün və həyata baxışın formalaşmasında, vətənə, təbiətə, Tanrıya sevgi, məhəbbət hissinin ovxarlanmasında poeziyanın təsir imkanları, ecazkar qüdrəti danılmazdır…”
Gözəl xasiyyəti var, ünsiyyət qurmağı, diqqət göstərməyi xoşlayır. Uzun illər ayrı düşsə də canı qədər sevdiyi Qarabağa çox bağlıdır. O gün zarafat edərək söyləyir ki: “Müşahidələrimə əsasən “dayna” kəlməsi yalnız ağdamlıların leksikonunda yaşayırdı: ən azı kütləvi köçkün həyatına qədər. Sonralar ünsiyyətdə olduğum ağdamlıların ləhcəsində elə bil bu söz qəhətə çıxdı. Hətta şair dostum, əmək fəaliyyətinə ilk dəfə bizim Qiyaməddinli kəndində başalayan Nazim Muğanlının poeziyasında da, tütyəyə çevrilmiş bu kəlməyə rast gələ bilmədim. Görəsən Ağdama qayıtmağa hazırlaşan ağdamlılar necə, bu kəlmə üçün qəribsəyiblərmi?!. Babalardan yadigar qalan kəlmələrimiz – işğaldan azad edilmiş torpaqlarımız qədər hər birimiz üçün əzizdir. Ululardan bizə gəlib çatan sərvətlərimizdən: torpaq – xalqımızın igidliyindən, qəhrəmanlığından, söz, kəlmə isə zəkasından, təfəkküründən miras qalıb…”
Xalq arasında hər hansı adamın mahiyyətini qısa ifadə etmək üçün belə bir ifadə var- GƏRƏKLİ ADAM. Bəli, fevralın 16-sı hamının GƏRƏKLİ ADAM kimi tanıdığı- filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 72 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram…
SƏLİM öz adına layiq adamdır. Onun adı ərəb mənşəli olub, mənası “sağlam”, “salamat”, “qüsursuz”, “doğru”, “təhlükəsiz” və “etibarlı” deməkdir. Bu ad, əsasən sakit, dürüst, düşüncəli və ağlı başında olan xüsusiyyətləri təmsil edir…
SƏLİMİN daşıdığı adla tarixdə üç məşhur hökmdar olub- I Səlim, II Səlim və III Səlim…
SƏLİMƏ Allah xüsusi fərqlilik bəxş edib. Onun adına hətta “Səlimi təqvimi” də var. Bu təqvim tarixi mənbələrdə, xüsusilə Osmanlı dövründə Sultan I Səlimin (Yavuz) dövründə istifadə edilən və ya onunla əlaqələndirilən təqvim sistemidir və astronomik hesablamalarla bağlılığı olub…
SƏLİMDƏ xüsusi qüdrət var. Hündürlüyü 1 metr 70 santimetr, çəkisi 74 koloqram, eni 46 santimetr olsa da, hündürlüyü 8849 metr, çəkisi minlərlə tona bərabər, eni yüzlərlə kilometri əhatə edən Everest dağından da əzəmətlidir…
SƏLİMDƏN bədgüman olmaq Xeyirə qarşı çıxmaq, Şeytanın komandasında təmsil olunmaq deməkdir…
“Kişi var ki, kişidir, amma kişiynən işi yox, Kişi var, nakişidir, amma deyir ki, kişi yox…”
Dostlar, aşağıdakı şəkildəki masanın başında əyləşən professor Cahangir Məmmədlidir. Mənimlə üzbəüz əyləşən isə professor Allahverdi Məmmədlidir. Onların hər biri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktorudur. Bu gün sizə heç vaxt rast gəlmədiyim, amma örnək olan bir nümunədən danışmaq istəyirəm. 84 yaşlı Cahangir Məmmədlidən söyləyəcəyim bu nümunə inanıram ki, çoxlarınızı düşündürəcək və içinizdə heyrət hissi keçirəcəksiniz…
Əvvəla onu deyim ki, Allah Cahangir müəllimə beş qız övladı qismət edib. Həzrət Peyğəmbər deyirdi ki, üç qız böyüdüb ərsəyə çatdıran və onları ismətlə gəlin köçürən atanın yeri cənnətdir. Cahangir müəllim Peyğəmbərin dediyindən çox- beş qız böyüdüb, gəlin köçürdüyünə görə yəqin ki axirətdə yeri cənnətin üst qatlarından birində olacaq…
Sözümün canı var, deməli, adətən gəlin köçürərkən bütün atalar qızlarına cehiz verir. Amma, Cahangir müəllim qızlarına verdiyi cehizdən başqa, hər birinə gəlin köçərkən bağlı bir zərfdə məktub da verib və tapşırıb ki, zərfdə olan məktubu müəyyən bir müddətdən sonra açıb oxusunlar. Siz heç belə bir şey eşitmişdinizmi?..
Nə isə, məktublardan birində yazılan bu kəlmələri sizə də təqdim edirəm:
“Qızım, sən şəhid ailəsinə gəlin köçmüsən, xoşbəxt ol! Qızım, getdiyin ailənin anası Şəhid Anasıdır. Sən gərək o ailədə elə davranasan ki, Şəhid Anasının xidmətində elə durasan ki, fərəhdən gözləri gülsün, dərdi yüngülləşsin… ”
…”Kişi var ki, kişidir, amma kişiynən işi yox, Kişi var, nakişidir, amma deyir ki, kişi yox”…
Söhbətimin əvvəlində nahaq yerə rəhmətlik Baba Pünhanın “Kişilik” qəzəlindən bu beyti söyləmədim. Mən Cahangir müəllimi junalistikamızın sonuncu mogikanı kimi tanıyırdım, bu gün onu həm də Azərbaycan kişilərinin mogikanlarından biri kimi tanıdım. Var olsun! Gəlin köçürərkən qızlarının hər birinin cehizinə öz əliylə yazdığı öyüd, nəsihət dolu məktubları hədiyyə verməklə Azərbaycanda ilkə imza atıb…
“Onun xəmiri xeyirxahlıqdan yoğrulub. Çox adama əl tutub, çox adamın işinə yarayıb. Ola bilsin ki, kimsə bunu danar, etiraf etməyə hünəri çatmaz. Demək, o adamın zatında nakişilik, körpə vaxtı əmdiyi süddə qarışıqlıq var…”- Bu kəlmələr isə Cahangir müəllimin professor həmkarı Allahverdi Məmmədli haqqında söylədiklərindəndir…
Onun yaradıcılığı və ədəbi fəaliyyəti barədə danışmaq istəmirəm. Qorxuram ki, nəyisə düz demərəm, nədəsə səhvə yol verərəm. Bu barədə ədəbiyyatşünaslar, ədəbi tənqidçilər danışsa daha yaxşı olar. Bir də ki, sosial mediada onun yaradıcılığından bəhs edən kifayyət qədər yazılar var. Kim istəsə tapıb oxuya bilər…
Bu gün mən sizə onu mənalandıran, taleyini istiqamətləndirən adı barəsində söhbət açmaq istəyirəm. Axı, adın insan taleyində böyük rolu var. Gülnarə! Fars mənşəli qadın adı. Mənası “nar çiçəyi”, bəzi mənbələrdə isə “qırmızıyanaq” deməkdir. Bu adın fonosemantik- yəni səslə məna arasında əlaqə təhlili adın sahibinin cəsarətli, güclü, eyni zamanda sadə bir insan olduğunu söyləyir. Bu adı daşıyan adam istənilən şəraitə asanlıqla uyğunlaşır. Dəyişikliklərdən və gözlənilməz vəziyyətlərdən qorxmur. Amma o, heç vaxt qayda və qanunları pozmur. O, bir insan kimi sədaqət və davamlılığı ilə xarakterizə olunur. Yaşa dolduqca daha da sakitləşir, duyğularının öhdəsindən daha asan gəlir, qətiyyət və əzmkarlıq göstərir. Bu adı daşıyan qadın münasibətlərdə tələbkardır, amma diqqət və qayğıya ehtiyacı var. O, dinamik və temperamentlidir, necə hərəkət etməyi yaxşı bilir. Bəli, Gülnarə adının daşıyıcısı mehribandır, həssas və ünsiyyətcildir. Bu adın sahibi ideya çeşməsidir, dayanmadan qaynayır və bu ideyaları özü həyata keçirməyi xoşlayır. Vaxtını mənasız yerə itirməyi sevmir. Qarşısına həmişə müxtəlif hədəflər qoyur, sonra da israrla uğura doğru tələsir. Və bundan mənəvi zövq alır. Heç də təsadüfi deyil ki, çalışqanlğına və təşkilatçılıq qabiliyyətinə görə, onu yüksək qiymətləndirirlər. Elə ona görə də ötən illər ərzində parlaq karyera qura bilib…
Bəli, söhbət AYB-nin Sumqayıt bölməsinin sədri, şair, publisist Gülnarə Cəmaləddindən gedir. Yanvarın 27-si bu gözəl xanımın növbəti ad günüdür. Yəqin ki, dostları, həmkarları təbrik etmək üçün, daha çox onun yaradıcılığından söhbət açacaqlar. Mən isə atasının qoyduğu Gülnarə adının mənasını və mistik gücünü izah etməyə çalışdım…
Hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub, sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahdan bir nişanə görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur. Sadəcə, hər kəsin öz təyinatı, öz yolu var. Bəli, dünyanı gözəlləşdirən, mənalandıran da məhz elə insanlardır. Bu dəfə sizə bu insanlardan biri- varlığı ilə dünyaya rəng qatan, professor Cahangir Məmmədlidən söhbət açmaq istəyirəm. İnsanpərvər, təmiz və müsbət enerji ilə dolu bir insandan…
O, ağlı, zəkası və yaxşı ideyaları ilə eyni anda müxtəlif mövzularda bir neçə söhbəti davam etdirə bilir. Enerjisi, həyəcanı və idarəolunmaz həvəsi ilə həyatı çox cəsarətlə yaşayır və insanların çoxunun uzun müddət başa çatdıra bilmədiyi işləri tez bir zamanda tamamlayır. Müstəqil fəaliyyət göstərməyə çox meyllidir. Onu müəyyən qəliblərə salmaq asan deyil, çevik və əzimkardır…
Müsahibələrinin birində deyir ki:- “Mən kənd adamıyam, 50 ildən çoxdur Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim. Şəhər adamları inciməsinlər, Azərbaycanın milli-mənəvi dəyərləri kənddədir. Həm də inciməsinlər ona görə ki, kənd şəhərdən əvvəl meydana gəlib. Biz hamımız əslində kənddə doğulmuşuq. Mənim ən çox qorxduğum odur ki, artıq kəndlər şəhərə çevrilməyə başlayıb. Mənim kəndim Novruzlu həm də mənim idealımdır. Mənim üçün vətən oradan başlayır. Orada orta məktəbi bitirmişəm. O məktəbi bilirsiniz kimlər bitirib? Azərbaycan elmini dünyada tanıdan şəxslər, Xudu Məmmədov, professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, usta yazıçılardan, dramaturqlardan olan Əli Əmirli və s.. Bax, Novruzlu kəndinin belə ziyalıları var. Mən o məktəbi heç vaxt unuda bilmərəm. Novruzlu işğalda qalan dövrdə mənə o qədər pis təsir edirdi ki, etiraf edirəm, ümidsizliyə qapılmışdım. Ancaq mənim Prezidentim necə ayağa qalxdı və Azərbaycanı ayağa qaldırdı. Mənim kəndim azad edildi. Artıq Novruzlu yavaş-yavaş dirçəlir, əvvəlkindən də dəfələrlə gözəl olacaq. Mən bunu təsəvvür edirəm. Biz işğal dövründə yaşamadıq ki…”
Cahangir Əbdüləli oğlu Məmmədli 1942-ci ilin yanvar ayının 26-da Ağdam rayonunun Novruzlu kəndində dünyaya gəlib. 1968-ci ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən də adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda bu fakültənin Milli mətbuat tarixi kafedrasının müdiridir. Filologiya elmləri doktoru, professordur. Eyni zamanda, həmin universitetin Elmi Şurasının üzvüdür. İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. Xidmətlərinə görə bir sıra mükafatlarla yanaşı “Şöhrət” ordeninə layiq görülüb. Prezidentin fərdi təqaüdünü alır…
BDU-nun professoru, folologiya elmləri doktoru Allahverdi Məmmədli onun haqqında deyir: “Cahangir müəllim mənim təkcə müəllimim olmayıb, həm də əqidə dostumdur, əməl dostumdur. Bu dostluq ona görə baş verib ki, ölkəmizdə və dünyada baş verən hadisələrə münasibətdə, Vətən, millət, adət- ənənələrimizlə bağlı fikirlərimizdə üst-üstə düşən məqamlar çoxdur. Bir sözlə, estetik idealımız, insanlığa baxışımız çox yaxındır. Həm də soydımız eynidir, hər ikimiz də Məmmədliyik. Bəzən bizi oxşadıb qardaş bilirlər. Düz 49 il bundan əvvəl tanış olmuşuq. Bir şəxsiyyəti ki, 49 il bundan əvvəl tanıyasan, onun haqqında nə yazsan, nə qədər danışsan az olacaq. Qısaca deyə bilərəm ki, Cahangir müəllim nəinki Jurnalistika fakültəsinin, elə universitetimizin sonuncu mogikanlarındandır. Təhsil fədaisidir, elm xadimidir. 80-dən artıq yaşı var. Bu yaşda yorulmaq bilmədən çalışır. Yazır, yaradır. Mən onun işgüzarlığına həmişə qibtə etmişəm. Örnəkdir. Müəllim kimi, elm adamı kimi, şəxsiyyət kimi örnəkdir. Azərbaycanda əli qələm tutan hər kəs onu tanıyır və təqdir edir…”
İlk baxışdan sərt və narahat bir şəxsiyyət təəssüratı yaratsa da, yaxından tanıyan hər kəs onun sehrinə düşür, onu qəbul edir və sevir. Əslində, buna səbəb onun daxili dünyasının zənginliyi, qiymətli müdrik fikirləri olur. Gözəl rəftarı var, olduqca mehribandır. Ən çox dəyər verdiyi şey isə azadlığıdır. Necə deyərlər, şirin olmaqdan əlavə, sirli gücünün köməyi ilə düzgün nəticə tapmaqda və şəxsi müqavimətini göstərməkdə çox bacarıqlıdır…
“Universitetə qəbul olunduğum zaman Jurnalistika Filologiya fakültəsində şöbə idi. Atam 1942-ci ildə müharibədə həlak olub. O zaman fakültənin dekanı Əlövsət Abdullayev mənə ata münasibəti bəsləyirdi, elə hiss edirdim ki, atam yanımdadır. Birinci kursun ilk dərsini bizə Nəsir İmanquliyev keçdi. O, özünün yaratdığı “Bakı” və “Baku” qəzetlərinin redaktoru idi. Gördü ki, mənim müəyyən dərəcədə yazı qabiliyyətim var, dedi “həftədə bir dəfə yazı yaz”. Mənim bir yazıma 40 manat qonorar verirdi. O vaxt aldığım əlaçı təqaüdü 45 manat idi. Daha sonra mənə həftədə 3-4 dəfə 40 manat qonorar yazdı ki, həm həvəslənim, həm də dolanışığa imkanım olsun. Azərbaycan jurnalistikasının müəllimi Şirməmməd Hüseynov mənim Bakıda qalmağıma səbəb oldu. Dövlət imtahanı verəndə protokola yazdırdı ki, bu tələbəni fakültədə saxlayaq. Jurnalistikanın peşəkarlığını, dəqiqliyini Şirməmməd Hüseynov məktəbindən öyrənmişəm.”- söyləyir.
…Yaxşı yumor hissi var, ünsiyyətcilliyi və dostluğu ilə hər mühitdə sevilən və axtarılan bir dostdur. Təzyiqə və şiddətə nifrət edir. Ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni əsirgəmir. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmağını xoşlamır. Onun emosional tərəfi çox güclüdür. Emosional tərəfi xəyali tərəfinə üstün gəldiyi üçün də, heç vaxt nəzarəti itirmir. O, kənardan adət-ənənələrə bağlı görünsə də, ifrata yol vermir. Təvazökardır, çox çalışqandır. Yalanı sevmir, necə deyərlər, alnının təri ilə halal çörəyini qazanır. Kifayət qədər dürüstdür və müxtəlif mədəniyyətlərdən olan insanları başa düşə, onlarla asanlıqla ünsiyyət qura bilir. İctimai həyata isə böyük əhəmiyyət verir…
Deyir ki:- “Tələbələrim çox olub. Onları bir-birindən fərqləndirmək istəmirəm. Zaman-zaman Azərbaycana yararlı kadrlar yetişdirmişik. 1980-ci illərin sonunda tələbəmiz olmuş Mirşahin Ağayev bu gün Azərbaycanda ən görkəmli, peşəkar jurnalistlərdən biridir. O, jurnalistikanı hətta sənətə çevirib. Onun rəhbəri olduğu televiziya bu gün Azərbaycançılıq ideologiyasını birbaşa ortaya qoyur. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bizim fakültədə magistraturanı bitirib. O, bizim fakültəmizdə müəllim kimi də fəaliyyət göstərib…”
…Bəli, hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahdan bir nişanə görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur…
Yanvarın 26-sı Cahangir müəllimin nə az, nə çox 84 yaşı tamam olur. Ona ağrı-acısız həyat arzulayıram…
“Dərdiş” kəlməsi ana dilimizdə geniş yayılan standart bir söz deyil, daha çox Qazax bölgəsinə məxsus yerli şivə sözüdür və əsasən “sədaqətli”, “dürüst”, “qətiyyətli” və ya “inanılmış” mənasında işlənir. Bu gün sizə çağdaş Azərbaycan poeziyasında Dərdiş kimi tanınan şair Ehtiram İlhamdan söhbət açmaq istəyirəm. Amma əvvəlcədən etiraf edirəm ki, orta təhsilə doğulduğu Tovuz rayonunda yiyələndiyini bilsəm də, ondan sonra başına gələnlərdən xəbərsizəm. Bir də ki, şairin tərcümeyi halı elə də önəmli deyil, daha çox yaradıcılığı maraqlı olur. Ehtiramı iyirmi il olar ki tanıyıram. Mərd, sadə, etibarlı adamdır. Yaratdığı poeziya nümunələri poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanır. Əsasən heca vəznində yazır…
Müsahibələrindən birində deyir ki:- “Şeir hər şeydən əvvəl həm də bir estetika məsələsidi. Hər kəsin öz zövqü, öz baxışı var. Bu mübahisələrin olması isə çox təbiidir. Hər kəsin öz həqiqəti olur. Hər yazar özünü harda görürsə, orda da özünü rahat hiss edir. Qoy elə də olsun. Bizim – Azərbaycan şeirinin əsas vəzni məhz hecadı. Bu dilin ən gözəl şeirləri də hecada yazılıb. Bu, birmənalıdır. Amma kimin ilhamı hara qədərdisə, kim nədə bacarırsa, qoy öz yazı-pozusuyla da məşğul olsun. Şeir əsl şeirdisə, hansı vəzndə olmağının fərqi qalmır. Yetər ki, şeir olsun…”
Xarizmatik adamdır. Qürurlu və məğrurdur. Özünə inamı və müstəqilliyi ilə seçilir. Punktual, çevik və macəraçı xüsusiyyətləri var. Əhval-ruhiyyəsi yaxşı olanda şən, gülərüz və səxavətli bir dost olur. Yeyib içməyi, dostları ətrafına toplamağı xoşlayır. Hər zaman enerjili və dinamikdir, öz səyi ilə həyatın çətinliklərini aradan qaldırmağa qadirdir…
“Bizim nəsil, sovet rejiminin dağılan vaxtlarına düşdü. Bizdən 3-4 yaş böyük olanlar rejimin yaxşı vaxtında yaşamışdılar. 120 manatla ailəni normal dolandırmaq, Qafqaz kurortlarından birində dincəlmək mümkün idi. Bizdən əvvəlki və bizdən sonrakı nəsil bizim qədər əziyyət görmədi. Müharibə bizim gəncliyimizə düşdü. Həm xalq hərəkatı, həm də müharibə bizim nəsildən, həmyaşıdlardan çox şey aldı. Mən belə düşünürəm ki, xalq hərəkatı, torpaqların azadlığı uğrunda mübarizə adlı məfhumlar konkret adamların alnına yazılmış işlərdir. Millətin millət olma prosesində mütləq seçilmiş insanlar iştirak edir. Gözümü açanda özümü proseslərin içində gördüm. Yusif Səmədoğlu, İsmayıl Şıxlı, Vaqif Səmədoğlu, Xəlil Rza, İsmayıl Şıxlı və adını hamımızın bildiyi ziyalılar bizə yön verirdi. Ən böyük qələm adamları xalq hərəkatında idi. Mənim mənsub olduğum nəsil gözünü dünyaya ən millətçi şeirlərlə açmışdı. 1987-ci ildə Ukraynada hərbi xidmətdə idim. Məmməd İsmayıl “Gənclik” jurnalında Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını çap etmişdi və qardaşım həmin jurnalı sovqatın içində mənə göndərmişdi. Mən qaravulda o poemanı əzbərləmişdim. Bundan əlavə Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini də əzbər bilirdim…”- söyləyir.
Davranışında mehriban və rahat olduğundan ünsiyyətdə çox yaxşıdır. Onu aldatmaq mümkün deyil, necə deyərlər, ağıllı və duyuq adamdır. Yoldaşlıqda pul xərcləməkdən çəkinmir. Qeybətdən çox uzaqdır, sözü üzə deməyi bacarır. Bu da ətraflarındakı insanları təsirləndirsə də, bəzən kimlərinsə xoşuna gəlmir…
Deyir ki:- “Gözümü açıb saz eşitmişəm, şeir eşitmişəm. Həm də çox yaxşı şeirlər eşitmişəm. Mənim sevdiyim çox şair olub. Orta məktəbdə əlimə keçən hamını oxumuşam. Məni tutan bütün şeirləri əzbərləmişəm. Amma şeir adına uçunduğum Səməd Vurğun olub. Hüseyn Arif, Əli Kərim, Eldar Baxış, Ramiz Rövşən, Şaiq Vəli, Akif Səməd, Murad Köhnəqala və Məmməd İlqar- bunların hər biri ustaddı. Amma sənətdə Məmməd İsmayılı məhək daşı hesab edirəm. Onu da deyim ki, hamının ən çox üz tutacağı ən böyük ustad Abbas Tufarqanlını hesab edirəm. O, sadəcə, dəhşətdir…”
…Bəli, onun xüsusiyyətləri arasında dürüstlük, sədaqət və cəsarət önəmli yer tutur. Verdiyi sözə sadiq qalır və yalandan zəhləsi gedir. Həyatına nizam-intizam gətirmək və ətrafdakı insanları təşkilatlandırmaq onun təbii qabiliyyətlərindən biridir. Maliyyə məsələlərində bacarıqlı və analitik təfəkkürə sahibdir. Və çox qəribədir ki, heç vaxt mövcud şəraitə boyun əymir və çətinliklərə iradə ilə qalib gəlməyi bacarır…
“Keşkə istedadı olan hər bir insanın – şairin, yazı-pozu adamının normal işi-gücü olaydı. İşləyib həm ailəsini dolandıra, həm də canı ağrıyanda müalicəsinə pis-yaxşı dava-dərman yetirə biləydi və kimsədən də asılılığı olmayaydı. Axı, bu yazığın ömrü-günü ən xırda məişət qayğılarının əlində əriyib itir. Gözünün odunu töküb ortaya çıxartdığı yazı-pozusundan qazandığı da ağlara qalmasın. Gözünü açıb-yumunca əlinə gələn qəpik-quruşun hardan gəlib hara getdiyini də bilmir. Qarşısında isə iki yol qalır: ya yuxarılara boyun əyməlisən, ya da mərdi mərdanə ömür sürməlisən. Birinci yola gedənlər çox olsa da, getməyənlər də olur. Və nə yaxşı ki, belələri var. Yoxsa, məmləkətin halı lap fəna olardı. Az-çox insanlarımızda milli adına nəsə qalıbsa, onlara borclu olmalıyıq. İkinci yol isə kimlərə ağız açmaqdan, kimlərinsə mərhəmətinə sığınmaqdan keçir. İnandırım sizi, heç bir istedadlı adam istəməz bunu etsin. Amma, “ehtiyacın qəhrəmanı da qul etdiyi” barədə həqiqətin yalan olduğunu bu ölkədə neçə nəfər sübut etməyi bacarıb? Rəhmətlik Vurğun Əyyub kimi…”- söyləyir.
O, həm də çalışqanlığı ilə seçilir, bacarıqlı olması və müşahidə qabiliyyəti ilə fərqlənir. Olduqca diqqətlidir, ətrafdakı detallara xüsusi dəqiqliklə yanaşır və hər şeyi ən xırda təfərrüatına qədər araşdırmağı xoşlayır. Bir sözlə, sosial, istiqanlı və təşkilatçılıq qabiliyyəti yüksək olan insandır. Ona görə də cəmiyyətdə özünə hörmət və diqqət çəkməyi bacarır. Və bu diqqətdən zövq alır. Bir də ki, xarici görünüşünə və geyimlərinə böyük əhəmiyyət vermək onun şakərlərindən biridir…
Deyir ki:- “Hərə poeziyada öz istədiyini axtarıb, tapmaq istəyir. Aşiqlər sevgi şeiri gəzir, kimsə vətənpərvərlər ritorika və pafos dolu tribun şeirləri eşitmək istəyir, dərdli adamların gözü kədər poeziyasını axtarır, həyatın dərin qatlarına varmaq istəyən kəslər isə şeirdə fəlsəfi çalar gəzir. Əgər arzuladığına çata bilibsə, deməli, qarşındakı şeirdir. Poeziya da əslində elə budur. Ümumiyyətlə, şeir maraqlı və həddən ziyadə qəribə bir nəsnədir. Elə şeir var, onu bərkdən oxumaq olmaz, hətta öz içində belə pıçıltıyla söyləməlisən. Elə şeir var, hayqırmalısan, yavaş desən, əzəməti itər. Həm də adamlar kimi, məclislər də rəngarəng olur. Hər adamın yanında hər şey danışılmaz. O ki qala şeir ola. Hətta demək məcburiyətində qalınsa belə, məqama uyğun şeir söyləməlisən. Çünki “zövqlər dartışılmaz” məntiqi burada yerinə düşür…”
…Onun haqqında söylədiklərim, bəlkə də zərgər dəqiqliyi ilə alınmadı, amma Azərbaycan poeziyasının qədri bilinməli “ZƏR”-lərindən biri olduğuna əminəm. Yanvarın 23-ü şair Ehtiram İlhamın 57 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram… Çox yaşa, DƏRDİŞ!
Ola bilsin ki, onu ölkədə az adam tanıyır, amma ərsəyə gətirdiyi verilişlər özündən çox məşhurdur. O, Azərbaycan telejurnalistikasında öz yolu, öz zirvəsi olan jurnalistlərdəndir. Zirvəyə yüksəlmək isə hər adama nəsib olmur. Yüz il bundan sonra da, ekranlara onun verilişləri gələndə xüsusi maraqla izlənəcək. Bəli, bu gün sizə Azərbaycan telejurnalistikasının zirvələrindən biri- Mübariz Əsgərov haqqında söhbət açmaq istəyirəm. Axı, yanvarın 20-də onun 64 yaşı tamam olur…
Deyir ki:- “Bəli, 20 yanvar tarixi mənim ad günümdür. Məni təbrik edənlərə, etməyənlərə də öncədən təşəkkür edirəm. Mən bütün yaradıcı həyatımı kamera arxasında keçirmişəm. İki gözlə baxdığımız ağlı-qaralı həyatın reallığını, nə qədər çətin olsa da, kameranın bir gözüylə göstərməyə çalışmışam. Yaxşı yadımdadır, axırıncı dəfə ad günümü 1989-cu ildə qeyd etmişəm. 1990-cı ildə yanvarın 19-da Moskvada tələbə dostlarımla sabah ad günümü necə keçirəcəyimi planlaşdırırdım. Gecəyarı xəbər gəldi ki, Bakıya qoşun yeridilib. 20-si səhər tezdən Azərbaycanın Moskvadakı Nümayəndəliyinə üz tutduq. Amma Daimi Nümayəndəliyin qarşısında çaşqınlıq içində olan insanların səhəri açılmırdı, hamı 20 yanvarın qaranlığında kədərli və qəzəbli idi. Tam səmimi deyirəm, Heydər Əliyevin Nümayəndəliyə gəlib mətbuat konfransı keçirməsi və SSRİ rəhbərliyini sərt tənqid etməsi bizim mitinq və piketlərimizi daha izdihamlı, daha mütəşəkkil etdi. Hüznlü və şərəfli günlər idi. Qarlı-buzlu yollarla nümayişə çıxıb SSRİ-nin ən ali qurumlarının qarşısında piketlər keçirirdik, etirazımızı bildirirdik. Məhz bu mitinq və nümayişlər ictimai rəyə xeyli təsir etdi. Moskva və dünya baş verən hadisələrin əsl mahiyyətini anlamağa və baş verənlərə obyektiv qiymət verməyə başladı…”
Haqqında danışdığım Mübariz Ağalı oğlu Əsgərov 20 yanvar 1962-cı ildə Ucar şəhərində anadan olub. Orta təhsilini və hərbi xidməti başa vurandan sonra 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunsa da, sonradan təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə göndərilib. 1992-cı ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Televiziyasında işə başlayıb və altı il burada böyük redaktor və bədii-eksperimental qrupun rəhbəri vəzifələrində çalışıb. Həmin illərdə “Və…”, “Qulp” proqramlarının müəllifi və aparıcısı olub. 1998-ci ildən “ANS” müstəqil televiziya şirkətində aparıcı redaktor, müəllif proqramları bürosunun rəhbəri, baş prodüser vəzifələrində işləyib. “ANS” televiziya kanalında yayımlanan “Qulp”, “Mübarizə” proqramlarının müəllifi və aparıcısı kimi fəaliyyətini davam etdirib. 2013-cü ildən “Qulp studio” MMC-nin təsisçisi və direktoru, “Rezonans” proqramının müəllifi olub. 2021-ci ildə Prezidentinin verdiyi sərəncama əsasən 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. Hazırda bu vəzifəsində çalışır. 2015-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. “Bir mətbuat konfransının tarixi”, “Şuşanın dağları qara dumanlı”, “Xocalı dərsi”, “Ölüm hökmü – ömürlük cəza”, “Kəlbəcərin son günü”, “Xocalı nişanəsi”, “44 gün, 44 an”, “Şuşa”, “Qara tale – ağ ölüm” adlı sənədli filmlərin müəllifidir…
“Moskva Dövlət Universitetində təhsil alalanda universitetin Şvernik küçəsindəki yataqxanasında qalırdım. Hər axşam birinci mərtəbədə yerləşən beynəlxalq danışıqlar üçün telefon aparatının yanına dünyanın bir-çox ölkələrindən olan tələbələr yığışırdı. Hamı növbə tutub ardıcıllıqla istədikləri ölkə və şəhərlə danışırdı. Mən də tez-tez bu imkandan istifadə edirdim. Tələbələrin çoxu ya şəxsən, ya da üzdən bir-birini tanıyırdı. Bir dəfə burada toplaşan tələbələrə yaxınlaşıb, axırıncı kimdir?- deyə soruşdum. Bir tələbə, axırıncı mənəm, dünyanın bütün erməniləri də mənim arxamdadır, dedi. Özümü birbalaca itirsəm də sualı yenidən təkrar etdim. Yenə eyni cavabı eşitdim. Onun bu cavabını növbədə olan tələbələrin çoxu təbəssümlə qarşıladı. Mən də bir balaca gülümsədim və həmin tələbəyə dedim ki, deməli axırıncı sənsən və dünyanın bütün erməniləri də sənin arxandadır. Dedi ki, elədir. Dedim, onda belə çıxır ki, dünyanın bütün ermənilərinin arxa tərəfi mənim qabaq tərəfimə düşür… Bayaq erməni tələbənin sözlərinə təbəssümlə cavab verən tələbələr mənim bu sözlərimi gülüşlə qarşıladılar. Sonradan eşitdim ki, o əvvəllər də növbədə azərbaycanlı tələbələrə qarşı bu fikiri tez-tez səsləndirirmiş. Amma, bu hadisədən sonra həmin tələbə bu sözləri dilinə gətirmədi…”- söyləyir.
…Baməzə adamdır, yumor hissi çox yüksəkdir. Anadangəlmə liderliyi var. Fərasətli və dünyanı təkbaşına idarə edəcək qədər güclüdür. Böyük işlərdə iştirak etməkdən, insanları doğru yola yönəltməkdən, kütləni idarə etməkdən həzz alır və insanların diqqətini özünə cəlb etməyi bacarır. Yorulmağın nə olduğunu bilmir, istədiyi nəticəni əldə edənədək işləməyə davam edir. Zərif təbiətli olsa da, lakin çox dözümlüdür. Hər hadisədən asanlıqla sarsılmır…
Deyir ki:- “Azərbaycanla qonşu olan bir ölkədə təşkil olunmuş qeyri-rəsmi yığıncaqda dünyada gedən proseslər, o cümlədən Azərbaycanda baş verən hadisələr müzakirə olunurdu. Mən dövlətimizə qarşı söylənən ittihamlara qarşı qəti etirazımı bildirdim. Məclis iştirakçıları mənim münasibətimi təccüblə qarşıladılar. Bəlkə də məndən bunu gözləmirdilər. Həmin illərdə mən “Qulp” proqramının müəllifi və aparıcısı idim. Səfəri başa vurub maşınla geri qayıdırdıq. Sərhədi keçəndən sonra avtomobilin maqintafonunda xeyli əlləşsəm də yerli radioları tutmağa çətinlik çəkirdim, çünki qonşu ölkələrin radioötürücüləri buna imkan vermirdi. Mən üzümü mənimlə səfərdən qayıdan adama tutub Bakıya qayıdan kimi bu problemin həll olunmasına çalışacağımı söylədim. Yol yoldaşım təəccüblə mənə baxıb, sərhəddən o tərəfə Azərbaycanı təbliğ edirdin, amma indi tənqid edirsən, dedi. Mən Azərbaycan sərhədindən o tərəfdə Azərbaycanın təmsilçisi, bu tərəfdə isə bir vətəndaş kimi tənqidçiyəm, dedim…”
…Fikirlərində çox sabitdir, verdiyi qərarlardan geri çəkilməyi xoşlamır. Reaksiyalarından, niyyət və məqsədlərini təxmin etmək mümkün deyil. O, bütün ağıllı adamlar kimi həyatı bir oyun qəbul edir. Elə buna görə də risk etməkdən, yeni yollar sınamaqdan və fərqli üsullar tətbiq etməkdən çəkinmir. Onun dünyaya öz baxışı var- qadağaların və qaydaların nə üçün olduğunu yaxşı anlayır və yalnız ali qaydalarla yaşayır…
“Mən bir vətəndaş kimi problemləri şişirtməyin əleyhinəyəm- sadəcə onları həll etməyin yollarını göstərmək və çalışmaq lazımdır. “Oyuncaq “adlı məşhur fransız filmində bir epizod var. Redaksiyanın rəhbəri öz əməkdaşına soyunmaq əmri verir. O da dinməz-söyləməz şalvarını çıxardır. Göstəriş verən üzünü həmin adama tutub deyir ki, kim daha çox günahkardır, soyunmağını istiyən mən, yoxsa şalvarını çıxarmağa hazır olan sən? Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanın ünvanına söyüş və təhqir yağdıran soydaşlarımızın çıxışlarını görəndə filmdəki bu epizod yadıma düşür. Onlara bu sifarişi verənlər daha çox günahkardır, yoxsa onlar özləri? Cavab aydındır; Bizim hamımızın Azərbaycan adlı bir dövləti var. Harada və hansı şəraitdə olmağına baxmıyaraq hamı onu qorumalıdır ki, sonda bu torpağa qarışmağa haqqı olsun.”- söyləyir.
…Şanslı insandır. Son dərəcə cəsarətlidir. Onunla dostluq etsəniz heç vaxt darıxmayacaqsınız və həmişə üzünüzdə təbəssüm olacaq. Əgər xətrinizə dəysə, könlünüzü almağa qüvvəsi çatacaq. Bu, onun ürəyinin təmizliyindən irəli gəlir. Qürurlu və məğrurdur. Güclü emosional temperamenti var. Gözəl sürprizlərlə münasibətlərindəki həyəcanı artırır və ətrafını həyəcanlandırmaq üçün çılğın planlar qura bilir. İctimai həyatlarında dürüstlüyə böyük əhəmiyyət verir. Kiminsə yalan danışmasına dözə bilmir…
Onun haqqında çoxdan danışmaq istəyirdim. Amma uyğun zaman, münbit səbəb axtarırdım. Budur, həm zaman və həm də səbəb var, ad günüdür. Təbrik edirəm! Allah ondan heç nəyi əsirgəməyib, tərbiyyəli, savadlı övladları, xoş güzəranı var. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Bəli, “Mübariz Əsgərov Zirvəsi” telejurnalistikamızın möhtəşəm zirvələrindən biridir…
Hörmətlə, Telejurnalistikamızın zirvələrindən biri…Mübariz Əsgərov- 64Ola bilsin ki, onu ölkədə az adam tanıyır, amma ərsəyə gətirdiyi verilişlər özündən çox məşhurdur. O, Azərbaycan telejurnalistikasında öz yolu, öz zirvəsi olan jurnalistlərdəndir. Zirvəyə yüksəlmək isə hər adama nəsib olmur. Yüz il bundan sonra da, ekranlara onun verilişləri gələndə xüsusi maraqla izlənəcək. Bəli, bu gün sizə Azərbaycan telejurnalistikasının zirvələrindən biri- Mübariz Əsgərov haqqında söhbət açmaq istəyirəm. Axı, yanvarın 20-də onun 64 yaşı tamam olur…Deyir ki:- “Bəli, 20 yanvar tarixi mənim ad günümdür. Məni təbrik edənlərə, etməyənlərə də öncədən təşəkkür edirəm. Mən bütün yaradıcı həyatımı kamera arxasında keçirmişəm. İki gözlə baxdığımız ağlı-qaralı həyatın reallığını, nə qədər çətin olsa da, kameranın bir gözüylə göstərməyə çalışmışam. Yaxşı yadımdadır, axırıncı dəfə ad günümü 1989-cu ildə qeyd etmişəm. 1990-cı ildə yanvarın 19-da Moskvada tələbə dostlarımla sabah ad günümü necə keçirəcəyimi planlaşdırırdım. Gecəyarı xəbər gəldi ki, Bakıya qoşun yeridilib. 20-si səhər tezdən Azərbaycanın Moskvadakı Nümayəndəliyinə üz tutduq. Amma Daimi Nümayəndəliyin qarşısında çaşqınlıq içində olan insanların səhəri açılmırdı, hamı 20 yanvarın qaranlığında kədərli və qəzəbli idi. Tam səmimi deyirəm, Heydər Əliyevin Nümayəndəliyə gəlib mətbuat konfransı keçirməsi və SSRİ rəhbərliyini sərt tənqid etməsi bizim mitinq və piketlərimizi daha izdihamlı, daha mütəşəkkil etdi. Hüznlü və şərəfli günlər idi. Qarlı-buzlu yollarla nümayişə çıxıb SSRİ-nin ən ali qurumlarının qarşısında piketlər keçirirdik, etirazımızı bildirirdik. Məhz bu mitinq və nümayişlər ictimai rəyə xeyli təsir etdi. Moskva və dünya baş verən hadisələrin əsl mahiyyətini anlamağa və baş verənlərə obyektiv qiymət verməyə başladı…”Haqqında danışdığım Mübariz Ağalı oğlu Əsgərov 20 yanvar 1962-cı ildə Ucar şəhərində anadan olub. Orta təhsilini və hərbi xidməti başa vurandan sonra 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunsa da, sonradan təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə göndərilib. 1992-cı ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Televiziyasında işə başlayıb və altı il burada böyük redaktor və bədii-eksperimental qrupun rəhbəri vəzifələrində çalışıb. Həmin illərdə “Və…”, “Qulp” proqramlarının müəllifi və aparıcısı olub. 1998-ci ildən “ANS” müstəqil televiziya şirkətində aparıcı redaktor, müəllif proqramları bürosunun rəhbəri, baş prodüser vəzifələrində işləyib. “ANS” televiziya kanalında yayımlanan “Qulp”, “Mübarizə” proqramlarının müəllifi və aparıcısı kimi fəaliyyətini davam etdirib. 2013-cü ildən “Qulp studio” MMC-nin təsisçisi və direktoru, “Rezonans” proqramının müəllifi olub. 2021-ci ildə Prezidentinin verdiyi sərəncama əsasən 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. Hazırda bu vəzifəsində çalışır. 2015-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. “Bir mətbuat konfransının tarixi”, “Şuşanın dağları qara dumanlı”, “Xocalı dərsi”, “Ölüm hökmü – ömürlük cəza”, “Kəlbəcərin son günü”, “Xocalı nişanəsi”, “44 gün, 44 an”, “Şuşa”, “Qara tale – ağ ölüm” adlı sənədli filmlərin müəllifidir…“Moskva Dövlət Universitetində təhsil alalanda universitetin Şvernik küçəsindəki yataqxanasında qalırdım. Hər axşam birinci mərtəbədə yerləşən beynəlxalq danışıqlar üçün telefon aparatının yanına dünyanın bir-çox ölkələrindən olan tələbələr yığışırdı. Hamı növbə tutub ardıcıllıqla istədikləri ölkə və şəhərlə danışırdı. Mən də tez-tez bu imkandan istifadə edirdim. Tələbələrin çoxu ya şəxsən, ya da üzdən bir-birini tanıyırdı. Bir dəfə burada toplaşan tələbələrə yaxınlaşıb, axırıncı kimdir?- deyə soruşdum. Bir tələbə, axırıncı mənəm, dünyanın bütün erməniləri də mənim arxamdadır, dedi. Özümü birbalaca itirsəm də sualı yenidən təkrar etdim. Yenə eyni cavabı eşitdim. Onun bu cavabını növbədə olan tələbələrin çoxu təbəssümlə qarşıladı. Mən də bir balaca gülümsədim və həmin tələbəyə dedim ki, deməli axırıncı sənsən və dünyanın bütün erməniləri də sənin arxandadır. Dedi ki, elədir. Dedim, onda belə çıxır ki, dünyanın bütün ermənilərinin arxa tərəfi mənim qabaq tərəfimə düşür… Bayaq erməni tələbənin sözlərinə təbəssümlə cavab verən tələbələr mənim bu sözlərimi gülüşlə qarşıladılar. Sonradan eşitdim ki, o əvvəllər də növbədə azərbaycanlı tələbələrə qarşı bu fikiri tez-tez səsləndirirmiş. Amma, bu hadisədən sonra həmin tələbə bu sözləri dilinə gətirmədi…”- söyləyir….Baməzə adamdır, yumor hissi çox yüksəkdir. Anadangəlmə liderliyi var. Fərasətli və dünyanı təkbaşına idarə edəcək qədər güclüdür. Böyük işlərdə iştirak etməkdən, insanları doğru yola yönəltməkdən, kütləni idarə etməkdən həzz alır və insanların diqqətini özünə cəlb etməyi bacarır. Yorulmağın nə olduğunu bilmir, istədiyi nəticəni əldə edənədək işləməyə davam edir. Zərif təbiətli olsa da, lakin çox dözümlüdür. Hər hadisədən asanlıqla sarsılmır…Deyir ki:- “Azərbaycanla qonşu olan bir ölkədə təşkil olunmuş qeyri-rəsmi yığıncaqda dünyada gedən proseslər, o cümlədən Azərbaycanda baş verən hadisələr müzakirə olunurdu. Mən dövlətimizə qarşı söylənən ittihamlara qarşı qəti etirazımı bildirdim. Məclis iştirakçıları mənim münasibətimi təccüblə qarşıladılar. Bəlkə də məndən bunu gözləmirdilər. Həmin illərdə mən “Qulp” proqramının müəllifi və aparıcısı idim. Səfəri başa vurub maşınla geri qayıdırdıq. Sərhədi keçəndən sonra avtomobilin maqintafonunda xeyli əlləşsəm də yerli radioları tutmağa çətinlik çəkirdim, çünki qonşu ölkələrin radioötürücüləri buna imkan vermirdi. Mən üzümü mənimlə səfərdən qayıdan adama tutub Bakıya qayıdan kimi bu problemin həll olunmasına çalışacağımı söylədim. Yol yoldaşım təəccüblə mənə baxıb, sərhəddən o tərəfə Azərbaycanı təbliğ edirdin, amma indi tənqid edirsən, dedi. Mən Azərbaycan sərhədindən o tərəfdə Azərbaycanın təmsilçisi, bu tərəfdə isə bir vətəndaş kimi tənqidçiyəm, dedim…”…Fikirlərində çox sabitdir, verdiyi qərarlardan geri çəkilməyi xoşlamır. Reaksiyalarından, niyyət və məqsədlərini təxmin etmək mümkün deyil. O, bütün ağıllı adamlar kimi həyatı bir oyun qəbul edir. Elə buna görə də risk etməkdən, yeni yollar sınamaqdan və fərqli üsullar tətbiq etməkdən çəkinmir. Onun dünyaya öz baxışı var- qadağaların və qaydaların nə üçün olduğunu yaxşı anlayır və yalnız ali qaydalarla yaşayır…“Mən bir vətəndaş kimi problemləri şişirtməyin əleyhinəyəm- sadəcə onları həll etməyin yollarını göstərmək və çalışmaq lazımdır. “Oyuncaq “adlı məşhur fransız filmində bir epizod var. Redaksiyanın rəhbəri öz əməkdaşına soyunmaq əmri verir. O da dinməz-söyləməz şalvarını çıxardır. Göstəriş verən üzünü həmin adama tutub deyir ki, kim daha çox günahkardır, soyunmağını istiyən mən, yoxsa şalvarını çıxarmağa hazır olan sən? Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanın ünvanına söyüş və təhqir yağdıran soydaşlarımızın çıxışlarını görəndə filmdəki bu epizod yadıma düşür. Onlara bu sifarişi verənlər daha çox günahkardır, yoxsa onlar özləri? Cavab aydındır; Bizim hamımızın Azərbaycan adlı bir dövləti var. Harada və hansı şəraitdə olmağına baxmıyaraq hamı onu qorumalıdır ki, sonda bu torpağa qarışmağa haqqı olsun.”- söyləyir….Şanslı insandır. Son dərəcə cəsarətlidir. Onunla dostluq etsəniz heç vaxt darıxmayacaqsınız və həmişə üzünüzdə təbəssüm olacaq. Əgər xətrinizə dəysə, könlünüzü almağa qüvvəsi çatacaq. Bu, onun ürəyinin təmizliyindən irəli gəlir. Qürurlu və məğrurdur. Güclü emosional temperamenti var. Gözəl sürprizlərlə münasibətlərindəki həyəcanı artırır və ətrafını həyəcanlandırmaq üçün çılğın planlar qura bilir. İctimai həyatlarında dürüstlüyə böyük əhəmiyyət verir. Kiminsə yalan danışmasına dözə bilmir…Onun haqqında çoxdan danışmaq istəyirdim. Amma uyğun zaman, münbit səbəb axtarırdım. Budur, həm zaman və həm də səbəb var, ad günüdür. Təbrik edirəm! Allah ondan heç nəyi əsirgəməyib, tərbiyyəli, savadlı övladları, xoş güzəranı var. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Bəli, “Mübariz Əsgərov Zirvəsi” telejurnalistikamızın möhtəşəm zirvələrindən biridir…
Bu dəfə sizə Raya Qocayevadan söhbət açmaq istəyirəm. Ərinin sağlığında başına pərvanə kimi dolanan Raya xanımdan. Amerikada görüb tanıdığım bir gözəl azərbaycanlı qadından. Axı, yanvarın 15-i Raya xanımın doğum günüdür…
Deyir ki:- “Ailə quranda mənim iyirmi bir, Fikrətin otuz altı yaşı var idi. Orta məktəbi Ağdaş rayonunda bitirmişəm. Əvvəllər istəyirdim ki Tibb Universitetində təhsil alım, amma sonra müəyyən səbəblərdən sənədlərimi Pedaqoji Universitetə verdim, ixtisasca kimyaçı bioloqam. Ailələrimiz arasında dostluq əlaqələri olsa da universitetə qəbul olunanadək mən Fikrəti görməmişdim. Tanışlığımız, ailə qurmağımız da təsadüfən olub. Əvvəl dost olmuşuq, sonra dostluq münasibətlərimiz öz məcrasından çıxaraq ailəyə çevrildi. Fikrətə qarşı dərin hörmətləri olsa da, aramızdakı böyük yaş fərqinə görə valideyinlərim bu evliliyə qarşı çıxırdı. Sonradan razılığa gəldilər. Zaman keçdikcə aydın oldu ki, mən yanlış seçim etməmişəm və ikinci kursda olanda nişanlandıq, universiteti bitirəndən sonra isə ailə qurduq…”
Bəli, ilk dəfə onu ABŞ-ın İndianopolis şəhərində, qızı Günay xanımın evində görüşmüşdüm. Həyat yoldaşı Fikrət Qoca ilə birlikdə gəlmişdilər. Bir həftə bir süfrədə çörək kəsir, deyib-gülüb söhbət edirdik. Arabir yığışıb şəhərə gəzməyə çıxırdıq. Çox mehriban, mədəni, səmimi xanımdır…
“Təzə ailə qurduğumuz vaxtlarda hamı kimi bizim də aramızda anlaşılmazlıqlar olub, çünki əvvəllər mən çox səbrsiz idim, hər deyilən sözə cavab verirdim, səbrimi cilovlamağı bacarmırdım, cavan idim. Aramızda olan yaş fərqinin müsbət cəhəti onda idi ki, Fikrət bu səbrsiz hərəkətlərimi anlayışla qarşılayırdı. Mənim həyatda tək çətinliyim Fikrətin keçirdiyi xəstəliklər olub. Hər xəstəliyi digərindən bir az daha ağır gəlirdi. Birinci dəfə mədə xorasından çox əziyyət çəkdi. Sonra Afrikaya getmişdi, sərhədi keçəndə hamı kimi ona da dərman veriblər. Fikrət öz dərmanını bir qadına verib ki, mənə heç nə olası deyil, səfərdən qayıdandan sonra qızdırması oldu, elə bir xəstəliyə tutuldu ki, heç kim nə olduğunu tapa bilmirdi. Xəstəliyin yeddinci günü artıq nə yemək yeyə, nə də su içə bilirdi. Təsadüfən həkimlərdən biri aşkar etdi ki, sən demə Afrikada ağcaqanad sancmasından malyariya xəstəliyinə tutulub. Üçüncü dəfə xərçəng xəstəliyinə tutuldu. Həkimə getdik, həkim üzümüzə dedi ki, altı ay ömrü qalıb. Əlim yerdən, göydən üzüldü. Amma ölüm fikriylə heç cür barışa bilmirdim. Heydər Əliyevin köməkliyi ilə, Moskvaya əməliyyata getdi. Ağciyərinin bir hissəsini kəsib götürdülər, amma əməliyyatın mənfi cəhəti onda idi ki, səs tellərinə toxundular. Fikrətin elə gözəl səsi var idi ki, heç kim ondan sonra şeir demək istəmirdi. Öz şeirlərini oxuculara özü təqdim edərdi. Çox şükür ki, o vaxt həmin xəstəlikdən də qurtula bildik. Sonra uzun müddət yaşadı. Bəli, Allahdan başqa heç kim, insana ömür biçə bilməz. Allah var, mərhəməti də var.”- söyləyir.
Böyük əziyyətlər çəkib, ağrı-acılı günlərin zəhməti gözlərindən boylanır. Mərd qadındır. Ömür-gün yoldaşının yolunda hansı əzablara qatlaşmayıb ki? İki qızı var- Günay və Gülay. Günay xanım uzaq Amerikada yaşasa da, hər gün anası ilə skaypla danışır. Gülay xanım isə yaxındadır, həmişə anasının nəvazişini çəkir…
Deyir ki:- “Bir müddət mətbuat sahəsində jurnalist kimi çalışmışam. Mətbuatda işlədiyim dövrlərdə, məqalələr, hekayələr də yazırdım. Amma insanın peşəsi həmişə onu özünə çəkir. Sonra işə müəllim kimi başlamaq imkanım olsa da, laborant olmağı seçdim. Müəllimlik asan peşə deyil, ilk dərsin həyəcanını azaltmaq, uşaqlarla davranışı qavramaq üçün təcrübə keçmək qərarına gəlmişdim. Mən uşaqlara tək biologiya, kimya öyrətmirdim. Onları ədəbiyyata yönləndirirdim, bədii əsər oxumağa maraq oyadırdım. Biz uşaqlarla birlikdə, dərsdən çox həyatı öyrənirdik. Kiçik qızımız Gülayın ədəbiyyata marağı çox böyük idi. Uşaq vaxtı yazdıqlarını böyük maraq və həvəslə oxuyardı. Bir gün atası ona dedi ki, qızım sən şeir yazma. Elə o sözdən sonra Gülay bir daha əlinə qələm almadı. İndi nəvəmiz- balaca Fikrət Qoca ədəbiyyata böyük maraq göstərir. Mən də istəyirəm ki, bütün xatirələrimi qələmə alım, çap etdirməsəm də bir tərəfdə qalsın…”
Bəli, yanvarın 15-də Raya xanımın növbəti yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firavan həyat arzulayıram. Çox yaşasın!