Etiket arxivi: Gültəkin Yolçuyeva

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM
Qəbələ rayonunun Böyük Pirəlli kənd tam orta məktəbində bir qız oxuyurdu. Bu balaca, zərif cüssəli qız dərslərinə çox məsuliyyətlə hazırlaşar, bütün fənləri sevə-sevə oxuyardı. Yuxarı siniflərdə təhsil alarkən dəfələrlə Riyaziyyat fənni üzrə keçirilən olimpiadalarda iştirak etmişdi. Müəllimlərin sevimlisi olan bu qız böyüdükcə ürəyindəki arzular da şaxələnir, böyüyürdü. Orta məktəbi bitirmək, Pedaqoji Universitetə daxil olmaq və bir müəllim kimi orta məktəbdə işləmək bu qızın həyat amalına çevrilmişdi. Bu arzuların onun ürəyində kök salmasına isə orta məktəbdə ona dərs deyən riyaziyyat müəllimi Nüşabə Eyvazova olmuşdu. Gültəkin Yolçuyevanın dediyinə görə Nüşabə müəllimi özünə nümunə bilməsinə əsas səbəb, müəllimin mədəniyyəti, etik normalara əməl etməsi, davranışı, psixoloji və pedaqoji savadı, eləcə də, öz şagirdlərinə qarşı qayğıkeş, mehriban münasibəti olmuşdu.
Tanışlıq üçün: Yolçuyeva Gültəkin Tahir qızı 26 fevral 1991-ci ildə Qəbələ rayonunun Böyük Pirəlli kəndində anadan olub. Böyük Pirəlli kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Texnologiya müəllimi ixtisasına qəbul olunub və ali məktəbi müvəffəqiyyətlə bitirib. Texnologiya müəllimi kimi ilk əmək fəaliyyətinə 2018-ci ilin sentyabr ayında Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 156 saylı tam orta məktəbdə başlayıb. Onu da qeyd edək ki, 2025-2026-cı tədris ilində 156 saylı tam orta məktəbdə 1800-dən çox şagird təhsil alıb, 100-ə yaxın müəllim çalışıb.
Ailəsində məsuliyyətli olduğu kimi, iş yerində də Gültəkin müəllimi savadlı, tələbkar və məsuliyyətli bir müəllim kimi tanıyırlar. Gültəkin müəllim öz işinə yaradıcı münasibət bəsləyir, öz işində daim yeniliklər axtarmağa çalışır, şagirdlərə bu fənnin incəliklərini aşılayır. Texnologiya fənni barədə sevə-sevə danışır və qeyd edir ki, texnologiya qədim yunan sözü olub, “texne” – mədəniyyət, bacarıq və “loqos” – öyrənmək, elm deməkdir. Deməli, texnologiya bacarıq, ustalıq, mədəniyyət haqqında bir elmdir. Eləcə də, texnologiya insan tərəfindən məmulat və xidmətlərin yaradılması prosesidir. Texnologiya fənni gündəlik həyatımızda rast gəldiyimiz bir çox işləri, prosesləri özündə əks etdirən bir fəndir. Belə ki, 5-9-cu siniflərdə şagirdlərə “Məişət mədəniyyəti”, “Oduncağın emalı texnologiyası”, “Metalın emalı texnologiyası”, “Elektrotexniki işlər”, “Elektron texnologiyaları”, “Qrafika”, “Ərzaq məhsullarının emalı texnologiyası”, “Parçanın emalı texnologiyası” bölmələrindəki mövzular tədris edilir ki, bunların da əksəriyyəti onların gündəlik həyatlarında lazım olan biliklərdir.
Gültəkin müəllim söhbət əsnasında belə bir məsələyə toxundu ki, Texnologiya fənni şagirdlərə mədəniyyət, ünsiyyət qaydalarını öyrədir. Belə ki, 5-ci sinifdə “Ailədə davranış və ünsiyyət mədəniyyəti”, 6-cı sinifdə “Məktəbdə ünsiyyət və davranış mədəniyyəti”, 7-ci sinifdə “İctimai yerlərdə davranış və ünsiyyət mədəniyyəti”, 8-ci sinifdə “Xidmət sahələrində davranış və ünsiyyət mədəniyyəti”, 9-cu sinifdə “Mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydaları” mövzuları keçilir ki, bu biliklər də şagirdlərin mədəni bir vətəndaş kimi formalaşmalarında böyük rol oynayır.
Gültəkin Yolçuyeva ilə söhbət zamanı o, Texnologiya fənninin tədrisində rast gəlinən maraqlı məqamlara toxundu. O, qeyd etdi ki, bütün fənlər kurikulum üsulu ilə keçirilir. Texnologiya fənnində kurikulum üzrə keçirilən mövzularda bütün mövzular müxtəlif fənlərə inteqrasiya olunur. Elə mövzular var ki, həmin mövzularda bir deyil, bir neçə fənnin inteqrasiyasına rast gəlinir. Texnologiya fənnini tədris edən müəllimlər bu mövzuları keçdiyi zaman Azərbaycan dili, Riyaziyyat, Fizika, Kimya, Həyat bilgisi, Təsviri incəsənət, Biologiya, İnformatika fənlərindən müəyyən dərəcədə anlayışı olmalıdır. Belə ki, 5-ci sinifdə keçirilən “Məmulatın qrafik təsviri” mövzusu Riyaziyyat və Təsviri incəsənət fənlərinə, “Ölçmə və nişanlama alətləri” mövzusu Həyat bilgisi və Azərbaycan dili fənlərinə inteqrasiya olunur. 6-cı sinif şagirdlərinə keçirilən “Meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanma texnologiyası” mövzusu Həyat bilgisi və Biologiya fənlərinə, 7-ci sinifdə keçirilən “Ev quşlarının bəslənməsi texnologiyası” mövzusu Həyat bilgisi və Biologiya fənlərinə, 8-ci sinifdə keçirilən “Avtomatlaşdırılmış paltaryuyan maşının quruluşu və iş prinsipi” mövzusu Azərbaycan dili və Həyat bilgisi fənlərinə, 9-cu sinifdə keçirilən “Süni oduncaq materiallarının səthinin bəzədilməsi” mövzusu Azərbaycan dili, Təsviri incəsənət və Kimya fənlərinə, “Əlvan metalların səthinin bəzədilmə texnologiyası” mövzusu Azərbaycan dili, Təsviri incəsənət, Fizika və Kimya fənlərinə, “Kompüterlərin tipləri və növləri. Kompüterin iş prinsipi” mövzusu Azərbaycan dili, Həyat bilgisi, İnformatika və Fizika fənlərinə inteqrasiya olunmuşdur. Bu haqda çox danışmaq olar, düşünürəm ki, kifayətdir.
Gənc müəllim Gültəkin Yolçuyeva bir nüansə da qeyd etdi. O, belə bir fikir irəli sürdü ki, bir neçə fənnin terminləri olduğu kimi Texnologiya fənninin də öz terminləri var. 5-9-cu sinif şagirdlərinə bu fənnin mövzularını izah edən zaman onlara 100-dən çox terminin (sözün) izahı verilir. Belə ki, şagirdlər leksikonda işlənməyən və yaxud az işlənən sözlər barəsində biliklərə yiyələnirlər. Belə sözlərə misal olaraq – pəstah, spesifikasiya, ülgü, reysmus, günyə, verstak, bıçqı, törpü, suvand, sumbata kağızı, şerxebel, fuqan, kazein, məngənə, pərçim, kanape, tartin, furnitur, şlyambur, aşqar, ştangenpərgar, piqment, pasterizə, strelizə, bəxyələmə, kanva, ventilyasiya, transpartyor, şpindel, zivana, interyer, file, raqu, kaşirlənmə, rifləmə, zağlama, polietilen, poliqropilen, polistirol, polikarbonat, polivinilxlorid və sairəni göstərmək olar.
Məlum məsələdir ki, məktəblərdə çalışan müəllimlər dərin biliyə malik olmalıdır. Görəsən, həqiqətən bu, belədirmi? Azərbaycan Respublikasında 4 mindən çox ümumtəhsil məktəb fəaliyyət göstərir. Bu məktəblərdən 410 məktəb paytaxt Bakıda və qəsəbələrdə yerləşir. Ölkə məktəblərində 1.6 milyondan çox uşaq oxuyur. Müəllimlərin savadlarının hansı səviyyədə olmasını təyin etməkdən ötrü Azərbaycanın Elm Və Təhsil Nazirliyi tərəfindən son illərdə bütün fənlər üzrə sertifikasiya imtahanı keçirilmişdir. Sertifikasiyada iştirak edən hər bir müəllim tədris etdiyi fənn üzrə 60 sualı cavablandırmışdır. Qeyd edək ki, Azərbaycan Respublikasının tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat, Fizika, Kimya, Tarix, Biologiya, Coğrafiya, İngilis dili, Rus dili, İnformatika, Texnologiya, Təsviri incəsənət, Musiqi, Fiziki tərbiyə, Çağırışaqədərki hərbi hazırlıq fənləri tədris edilir. Məktəblərdə 130 mindən çox müəllim çalışır.
Keçirilmiş sertifikasiya imtahanlarının nəticələri (ixtisarla) ilə tanış olaq. Belə ki, respublika üzrə riyaziyyat müəllimlərinin sertifikasiya imtahanında 8.807 nəfər iştirak edib. Onlardan 4.127 nəfər yüksək bal (51-60 bal), 4.078 nəfər qənaətbəxş bal (30-50 bal) toplayıb. İmtahandan keçə bilməyən (kəsilən) müəllimlərin sayı isə 602 nəfər olub.
Coğrafiya fənni üzrə sertifikasiya imtahanına ölkə üzrə 3.760 nəfər müəllim cəlb olunub. Onlardan 342 nəfər kəsilib. Eləcə də, Tarix fənni üzrə keçirilən sertifikasiya imtahanında 5.571 müəllim iştirak edib, onlardan 4.194 nəfər uğur qazanıb, 1.377 nəfər isə uğursuz nəticə göstərib. Texnologiya fənni üzrə iştirak edən 2.948 nəfərdən 2.555 nəfər uğurlu, 393 nəfər uğursuz nəticə əldə edib. Fiziki tərbiyə fənni üzrə iştirak edən 5.419 müəllimdən 903 nəfər uğursuz nəticə göstərərək kəsilib.
Bu məqalədə bütün fənlər haqqında danışmaq istəmirik. Qeyd edək ki, bütün fənlərdən sertifikasiya imtahanlarında kəsilənlər var. Bu da onu deməyə əsas verir ki, bəzi məktəblərdə savadsız müəllimlər çalışıb.
Gültəkin Yolçuyeva da 2026-cı ilin iyun ayında Texnologiya fənni üzrə keçirilən sertifikasiya imtahanında iştirak etmişdir. O, 57 bal toplamışdır, yəni, 60 sualdan 57 suala düzgün cavab yazmışdır. Fakta nəzər saldıqda, Gültəkin Yolçuyevanın Texnologiya fənni üzrə dərin biliyə malik olmasını görürük. Onu da qeyd edim ki, Elm və Təhsil nazirliyinin açıqlamasına görə Texnologiya fənni üzrə keçirilən sertifikasiya imtahanında heç bir müəllim 60 bal toplamamışdır.
Bundan sonra da Gültəkin Yolçuyevaya ailədə xoşbəxtlik, işlərində nailiyyətlər, uğurlar arzulayırıq. Belə savadlı müəllimlərlə fəxr etməyə dəyər…

Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist, AJB-nin və AYB-nin üzvü, “İti qələm” mükafatı laureatı

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I