Düşünürdüm… İradə Musayeva haqqında yazım… çap olunmuş kitabı əlimə gəlmədi.. illər öncə Müşfiqin məzarı ilə bağlı söz söhbət yayıldı… iradə xanım da münasibət bildirmişdi… mən də həmin münasibətə görə məktub yazmaq istədim… həmin yazıda ziyalı qətiyyəti məsələsini qoymaq, İradənin sərt obyektiv, qorxmazlıq nümunəsi olan obrazını əsas götürməklə, şəxsiyyətə qarşı qərəzlərin qaynağını məhz bu yöndə açmaq istəyirdim… “İradə Musayevaya məktub” belə, yəni bu yöndə yazılmalı idi… Təəssüf ki, bir dördlük həmin düşüncələrimin əks sədası kimi fb nin yaddaşında yaşamalı oldu…
Altı il əvvəlki mətn birdən birə yaddaşımda oyandı… bəli, bircə bəndlə İradə Musayevaya məktub yazmışam…. Yəqin geniş yazı niyyətim olub… həyatımızın İradələri məhv edən qayğıları sözümüzü də beləcə öldürür… İradənin ölümü açıq sözün faciəsidir…
Köz basdı ölümüylə sözümüzün qəlbinə, Acı xəbər gətirdi bu səhərin küləyi.. Nə deyəsən bu qəddar ölümlərin dəbinə, Ruhumuzda yaşayar mələklərin diləyi…
İradəni zaman zaman gözümüz gəzəcək… cəsarətli söz yanğısı onu yaddaşımızda həmişə boya boy göstərəcək… İradəni sevənlər könül dünyalarına baxsınlar…
Nigar İsfəndiyarqızının İradə Musayeva ilə müsahibəsi
Bir ədəbiyyat fakültəsi düşünün ki, koridorlarında aidlik ab-havası deyil, diktaturanın soyuq yelləri əssin. …bir auditoriya düşünün ki, mənsublarından yüzdə doxsanı niyə burda olduğundan bixəbər olsun. Və bir müəllimə düşünün ki, bu vur-çatlasında duruşuyla bu soyuq maneələri dəf edə bilsin. Ədəbiyyatdan xəbərsiz ədəbiyyat fakültəsində boylu-buxunlu bir xanım vardı. Məni bu fakültəyə bağlayan iki adamdan biriydi. İlk tanışlığımız onun ədəbiyyatşünaslıq dərsindən aldığım “3”- lə başlamışdı. Mən universitetə hirsimi belə çıxmışdım, o da qisasını belə almışdı. O “üç” mənə dərs oldu. Utandırdı. Başıma sığal çəkənləri deyil, sıxıb-suyumu çıxaranları sevdiyimdən olsa gərək, mən də elə onu o “3”-lə sevib, müəlliməm dedim. Bəli, o xanım mənim müəlliməmdi. Aradan illər keçib amma ilk gün necə gördümsə bu gün də elə-eləcə çıxdı qarşıma, dimdik, sərt. Və yenə də duruşuyla olduğu yerdə soyuq yellər əsdirir… “SÖZün namusunu çəkir!” Müsahibim müsahibə almağa çətinlik çəkdiyim adamlardandı. İradə xanım Musayeva. Statuslarını saymaq fikrində deyiləm, çünki o, mənə görə hələ də mənim sərt, sərt olduğu qədər mehriban, görə bilənlərə ÇÖLündən İÇİni göstərən adamdı. O, mənim İradə müəlliməmdi!
-Salam müəlliməm… Öyrətməkmi, tənqid eləməkmi…? -Nə öyrətmək, nə də tənqid etmək… Ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən təhlil etmək. Əgər təhlil prosesində sənin tədqiq obyektin və hədəfin yalnız və yalnız əsər olursa, təhlilin nəticəsi şəxsi münasibəti kölgədə qoyur. Tənqidçi özü də bilmədən rəyi, qənaəti ya müsbət, ya da mənfi olur. O qədər olub ki, son cümləni tamamlayandan sonra baxmışam ki, müsbət yanaşmaq istədiyim müəllifin mətni mənə tənqid yazdırıb… Onda yavaşca öz-özümə pıçıldamışam: “Bağışla məni, dostum…” Bizdə ədəbi tənqidi hələ də yazıçıya ağıl vermək kimi mənalandırırlar. Bu, xırda hisslərdən xilas ola bilməməyin ifadəsidir. Tənqidçi kimdir? Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixini bilən və bədii əsəri bu meyarlarla qiymətləndirən oxucu. Deyirsən ki, bu daş, bu tərəzi…Yəni bu dünya ədəbiyyatı, bu klassik ədəbiyyat, bu folklor, bu modern ədəbiyyat, bu da ənənə və novatorluq meyarları və s. Sənin əsərin bunların heç birindən deyil və bunlardan fərqli yaxşı bir şey də deyil, ən yaxşı halda uğursuz bir təqliddir. Təbii ki, bu təhlildən inciyirlər və tənqidin gərəksizliyi, ya da özlərinin bu dövrdə dərk olunmadıqlarının “faciəsi”ni dahiyanə əda ilə elan edirlər. F.Kafkanı, A.Kamyunu, Q.Markesi, C.Steynbeki, K.Hamsunu oxuyub dərk edən və profesional tərzdə anlada bilən tənqidçiyə ya oxucuya “qərəzli” damğasını vururlar. Sonra da məşhurlaşmağın yolunun ciddi təqdimatlar qapısından keçə bilmədiyini anlayıb şou xarakterli “gediş”lərlə meydana atılırlar. Nəticədə bugünkü vəziyyətlə qarşılaşırıq… -Xarakteriylə yaradıcılığı üst-üstə düşməyən ədəbiyyat adamlarını necə izah edərdiniz? Necə bilirsiniz, şəxsiyyətsiz ədəbiyyat adamı və ya xaraktercə çox güclü zəif qələm adamı ədəbiyyata nə verə bilər? -Ədəbiyyatın formalaşmasında və inkişafında şəxsiyyətin rolu və ya şəxsiyyəti yetişdirən ədəbiyyat problemi həmişə və dünyanın hər yerində olub. Sizcə, kütlənin deyil, şəxsiyyətlərin yaratdığı tarixdə böyük sənətkarları kütlə zövqü, əxlaqı və qanunları ilə mühakimə etmək doğrudurmu? Ədəbi prosesi, ədəbi inkişafı, əsəri müəlliflərin şəxsiyyətlərini, şəxsi həyat və özəl yaşantılarını araşdırmadan, təhlil etmədən izləmək və qəbul etmək daha düzgün yoldur. Yaradıcı insanları adi insanlarla müqayisə yanlışlıqdır. Xüsusi istedadı, ruhi aləmi, ilham pəriləri olan böyük sənətkarlar yazı prosesində özündən, öz şəxsiyyətindən, kaprizlərindən, xasiyyət və şəxsi problemlərindən yuxarıda dayanırlar. Bizə təqdim etdikləri ədəbi məhsul həmin o “yuxarı”nın istehsalıdır. Onda biz niyə yazıçının yaxasından tutub pedoqoli tərbiyə metodları ilə ona əxlaq dərsi keçməliyik? N.V.Qoqol, M.Dostoyevski, A.S.Puşkin, L.Tolstoy, T.Drayzer, C.Bayron, E.Hemenquey, U.Folkner, F.Kafka, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli və başqa bu kimi dahilərin hansını ədəb-ərkan etikası məhkəməsinə çəksək, sovet ideologiyasının hökmünə əsasən “Cəmiyyət və gənclik üçün yararsız ünsür” – damğası vurulacaq: biri qumarbaz olub, biri dinsiz, biri arvadbaz olub, biri “psix”, biri intihar edib, biri siyasi əqidəsini dəyişib və s. Şəxsiyyət və yaradıcılıq məfhumlarını eyniləşdirməyi, bunların arasında hər hansı bir əlaqə axtarmağı heç cür qəbul etməyən U.Folkner Nobel mükafatı alanda “Bu mənə deyil, mənim yaradıcılığımadır”-demişdir. Onun çox maraqlı bir replikası var: “Mənim kitablarım üstəgəl Bill Folkner adlı kənd sakini –deyəsən onların bir-birinə çox az bağlılığı var axı”… Yazıçı qeyd edirdi ki, iki tip insanların şəxsi həyatı araşdırılar: cinayətkar və dövlət qulluğunda çalışanların: “Nə qədər ki, yazıçı bir cinayət törətməyib, yaxud dövlət qulluğuna girməyib- onun şəxsi həyatı yalnız özünə məxsusdur və öz tənhalığını qorumaq təkcə yazıçının şəxsi haqqı deyil, həm də kütlənin borcudur, çünki bir fərdin azadlığı məhz digərinin azadlığının başlandığı yerdə bitir – zənnimcə azacıq məsuliyyət hissi olan hər bir kəs mənimlə razılaşar”. 15 il əvvəl Vaqif Səmədoğlu haqqında kitab yazanda tanış-biliş soruşurdu ki, kitab kimin haqqındadır? Deyirdim Vaqif Səmədoğlunun. Hərə bir söz deyirdi, biri deyirdi :”o neçə dəfə evlənib”, biri deyirdi:”çox içir”, biri Səməd Vurğunun sovet dövründəki “səhv”lərindən danışırdı və s. Təəccüblənirdim… Özü də bunu deyənlər ali təhsilli insanlar idi. Bəzən zarafatla deyirdim ki, vallah Vaqif Səmədoğluya qız vermirik, ondan qız almırıq, o şairdi mən də tənqidçi… XX əsrin məşhur rəssamı Pikassonu “qadın əsiri və qadın cəlladı” adlandırırdılar: yeddi arvadından beşi dəli olmuş, ikisi intihar etmişdi. Xəyanət, yalan, hiylə və xəsislik kimi mənfi keyfiyyətlər onun insan kimi xasiyyətnaməsinə aiddir. Amma 80 mindən çox rəsm əsərinin müllifi Pikasso əsil sənət məbədi və dahi idi və qadınları ya uşaqları ilə münasibəti onun heç bir əsərinin dəyərini azaltmır… Dünya ədəbiyyatının şedevrlərindən olan “Master və Marqarita” əsərinin müəllifinin şəxsiyyəti haqqında hələ də əfsanələr dolaşır. Onun yazıçı, həkim, cadugər, narkoman olması barədə mübahisələr davam edir. Ksera Proskurnaya Mixail Bulqakovun həyatı ilə bağlı araşdırmalarında cəmi 49 il yaşayan bu dahi sənətkarın morfi aludəçisi olduğunu yazır. Bulqakovun “Morfi” adlı hekayəsi də var və onun baş qəhrəmanı elə müəllifin özüdür… -Tənqid nədir? Kimləri tənqid etmək olar? -Həqiqi əəbi tənqid vicdan məsələsidir. Sözün tərəzisi tənqidçinin əlindədir. Bu ölçüdə səhv bağışlanandır, günah isə yox… Səhv odur ki, sən bilmədən yaxşı əsəri pis hesab edirsən və “hesab”ina ürəkdən inanırsan, başqa tənqidçilər və tarix bu səhvi düzəldir. Tolstoyun Şekspir, Axundovun Füzuli, Folknerin Kamyu, Mario Varqas Lyosanın Markesə münasibətindəki səhvlər kimi. Bir də var günah. Bilə-bilə, təmənnalı münasibətə əsasən pisə yaxşı demək və on minlərlə insanı bu yalana inandırmaq cəhdi, ya da yaxşıya qəsdən pis deyib onu ğözdən salmaq cəhdi… bu artıq ikrahdoğurucu günahdır. Belə yanaşmalarda həm də əxlaqi keyfiyyətlər üzə çıxır. Hansısa qrofaman yazıçını qaldırmaq niyyətində olan tənqidçi anlamır ki, onu qaldırmaq üçün özü mütləq enməlidir və rəhmətlik Yaşar Qarayev demişkən, təmənnalı və iddiaçı yazıçı belə tənqidçini özünün şəxsi yaltağı, muzdlu məddahı səviyyəinə qədər alçaldır. Tənqid, əlbəttə çox məsuliyyətli ədəbi yaradıcılıq növüdür, analitik təfəkkür meyarıdır. Bəzən sanki ədəbi prosesdəki ləngimə və axsamalara görə ədəbi tənqidin günahkar olduğunu düşünürük. Ədəbi tənqid bu gedişatı nə iləsə sürətləndirə, onun istiqamətini dəyişə bilərmi? Tənqid özündən başlamalı, inkişafda olan ədəbi prosesin öndə gedən, hər şeydən xəbərdar yaradıcılıq normativinə çevrilməlidir. “Kimləri tənqid etmək olar?”-yox, sualı “Ədəbiyyatda nələri tənqid etmək olar?”- şəklində qoysaq, əlbəttə, ilk növbədə təqlidçiliyi, nəzəri savadsızlığı, bayağı və şablon təsvirləri. Ədəbiyyat məzmunundan asılı olmayaraq- istər ideoloji, istərsə də estetik olsun-fərqi yoxdur, səmimi və canlı deyilsə tənqidə layiqdir. -Tənqidin ədəbi olmalıdırmı? olmalıdırsa necə? -Tənqidin ədəbi əlbəttə olmalıdır. Etik normadan kənara çıxmadan da çox kəskin tənqid etmək olar. Yenə deyirəm, sən yazıçını yox, əsəri hədəf seçmisənsə, sənin davan obrazlar, süjet, təsvirlər, ideya, məzmun və s. bədii komponentlərlə olur. Onları necə təhqir etmək olar? -Populyar ədəbiyyatda niyə yoxsuz? Çəkili hər kəs çəkilib kənarda dursa bəs onda klassiklərin əmanəti olan ədəbiyyatımızın təəssübünü kim çəkər?
-Ədəbiyyatı kənardan izləmək lazımdır. Mən ümumiyyətlə, tünlüyü xoşlamıram. Yığıncaqlar, tədbirlər, birliklər, kürsülər, indiki dillə desək, “gündəm adamı” olmaq… Əsil ədəbiyyat və sənət bu mühitdən çox uzaqdadır. Çap olunan kitablarımı qətiyyən reklam eləməmişəm, əlyazmalarımı ocaq qalananda təəssüflənmədən verirəm, çap olunası kitablarımı mətbəəyə göndərməyə həvəsim belə yoxdur. Bilirsən, Nigar, əsil ədəbiyyatı və ədəbiyyatşünaslığı az-çox dərk edən insan sən demiş, bir az “kənarda durur”… Qaldı ədəbiyyatı qorumaq məsələsinə, onu qorumaq yox, azad buraxmaq, yaxasından əl çəkmək lazımdır-sərbəst və təbii olması üçün… Amma ədəbiyyat adına boşboğazlıq və ədəbi tərbiyəsizlik edənlərə yerini göstərmək, sözün namusunu çəkmək sözsüz ki, ədəbi tənqidin də məsuliyyətidir.
-İradə xanım, bizə bir az Cavid Əfəndidən bəhs edərsinizmi…?
-Hüseyn Cavid… Ağırlıq, əfəndilik, dözüm, təmkin və ən əsası prinsipial və ədəbiyyata, qələmə, sözə sadiq bir şair… Evini, ailəsini, özünü tari-mar, viran etdilər, ürəyini dağladılar, dörd bir tərəfində görk olsun deyə insanlara və insanlığa işgəncə verdilər, Söz- insanlığın, mənəviyyyatın və ruhun simvolu olan İlahi Söz- Cavidin içində salamat qaldı, ölmədi… Bu barədə boğazdan yuxarı danışmaq mümkün deyil… sənin doğmalarını məhv edələr, adını-sanını, şöhrətini qarğa-quzğunlar tökülüşüb əlindən ala,xəstə halinlə çovğunun,şaxtanın ortasına atalar və sən bəlasına düşdüyün İlahi sözün üzünə ağ olmayasan… Əksinə, onun ayaqlarına düşüb ondan aldığı ilhamla, eşqlə iblisləşmiş, şeytanlaşmış zavallı insanlara mərhəmət, ədalət, zəka diləyəsən…Cavid sözü diri, bakirə və alçaldılmamış vəziyyətdə saxlaya bildi… Bu gün Sözü ilahi məqamından endirib ayaqlar altına atmış yazarlar, ədəbiyyatşünaslar, tənqidçilər bir qarın yeməyə də mövqeyini dəyişir, sözü hörmətdən salır. Unutmayaq ki, Söz də cəmiyyət kimi simasızlaşa, əxlaqsızlaşa bilir… İkibaşlı danışır, yalan danışır, işvə-naz satır, zinalıq edir, tez-tez oğurluq mal kimi tutulur və s. Şərq-qərb, keçmiş-gələcək, klassik-modern mədəniyyətləri bir yaradıcılıq qovşağında ifadə edə bilən Nüseyn Caviddə milli-məhəlli, şəxsi, subyektiv dəyərlərin izinə düşüb araşdırma aparmaq onu cılızlaşdırar. Cavid bəşəri sənətkardı. Nizami, Şekspir, Höte kimi Cavidi insanın yaradılışı, günahı və xilası düşündürür, ailə-məişət dramlarında belə bəşəridir. Və həmişə yenidir, aktualdır: Yurdu sarmış qabalıq, yaltaqlıq Yüksəliş varsa, səbəb alçaqlıq. Cəfər Cabbarlı yaradıcılığında da da bu keyfiyyətləri görmık olar ancaq… 1927 –ci ilə, “Od gəlini” əsərini yazıb qurtaranadək. Artıq 1928-ci ildən onun yaradıcılığının ikinci-sovet dövrü başladı (“Sevil”, “Almaz”, “Yaşar”, “Dönüş”və s.) Azərbaycan ədəbiyyatında Cavid Əfəndi qədər Sözə sədaqətlı və Çöz şəhidi olan ikinci bir sənətkar haqqında, məncə, düşünməyin… -Postmodernizm və günümüzün ədəbiyyatında səmimiyyət qıtlığı… Sizcə səbəbi?
-Postmodernizm dünyagörüş, cərəyan, estetik konsepsiya və nəzəriyyə kimi zamansızdır. Umberto Eko demiş, Homerə qədər gedib çıxa bilər. Doğrudan da bu elə bir baxış tipidir ki, onun elementlərini lap “Kitabi-Dədə Qorqud”da da tapmaq olar. Hətta mən çoxlu postmodern insanlar da tanıyıram… Professor Niyazi Mehdi “postmodernizm” kəlməsini bizim dilə “hətərənpətərənlik” kimi çevirib. (Sözsüz ki, loru dillə başa salmaq üçün.) Ümumiyyətlə, postmodernlik hər yerdə, memarlıqda, musiqidə, fəlsəfədə, dildə və s. sahələrdə mövcuddur və onun ciddi qanunları var. Belə demək mümkünsə, qanunsuzluqların qanunları… Bəzən düşünürəm ki, yəqin ki sovet dövründə postmodernist düşüncə və yaradıcılıq bu qədər fəallaşmazdı. Çünki bu tərz daha çox gərginliyin, emosionallığın, üsyankarlığın, psixoloji sıxıntıların ifadəsidir. Son illərdə Azərbaycan ədəbiyyatında bu adla çoxlu əsərlər gündəmə gəlir. Bəzən ənənəvi formada, məsələn, sosializm realizmi prinsipləri ilə yazan adam mətndə qəflətən mənasız, baş-ayaq bir neçə ştrix atır, deyir “alın bu da sizə postmodernizm”. Onu təhlil edənlər də ənənəvi təhlil “gedişatı”nın məcrasını bu aspektə yönəldir… Əvvəlcə postmodernizmin nəzəriyyəsini normal şəkildə mənimsəmək lazımdır…
Xanım-xatın qələm adamı, gözəl ədəbiyyatşünas İradə Musayevanı bu gün ölüm bizdən ayırdı. Xəbəri görəndə duruxdum. Yanımda şəmkirli dostum tutulduğumu hiss edib, soruşdu ki, şair, nə oldu? Dedim iki kitabıma ürəknən ön söz yazan alimin ölüm xəbərini paylaşıblar. Haqqımda “Azərbaycan” jurnalında yazanda İradə xanımı tanımırdım. Hardansa ev nömrələrini alıb minnətdarlıq üçün zəng edəndə telefonu yoldaşı götürmüşdü. Utana-utana özümü isnad verib zəngimin səbəbini deyəndə yoldaşı qaçqınçılıqdan bəhs edən şeirlərimdən danışdı – bir ağdamlı kimi keçirdiyim hisslərin onlara da yad olmadığını dedi və telefonu İradə xanıma verdi. İradə xanım “Evimiz yadıma düşdü” və başqa şeirilərimdən söz saldı. “Laçın ağısı” şeirinin onları da kövrəltdiyini dedi və şeirin ilk bəndini oxudu:
Əlim qulağımda qalıb, Mənəm eyyy səni çağıran. Bir gör yadına düşürəm? – Fəhlə Umudun oğluyam, Ay elim, heyyy, Ay obam, hey…
Mən də görməzə-bilməzə haqqımda yazdığna görə minnətdarlıq etdim. Sonralar öyrəndim ki, “Qızlar Universiteti”ndə dekandır, dərs deyir. Utana-utana yanına getdim, “Sevgi durna çırağıdır” şeirlər kitabıma ön söz yazmasını xahiş etdim. Əlyazmaları alıb tezliklə əlaqə saxlayacağını dedi. Kitaba qısqanclıq etmədən geniş ön söz yazdı. Humanitar fənlərdən hazırlıq üçün Nigarı yanına apardım. Dedi, İlham müəllim, mənim vaxtım yoxdu, amma savadlı, peşəkar bir rəfiqəm var, ünvanı deyim Nigar onun yanına getsin. Elə də oldu. Nigar məktəbi qurtaran ili universitetə qəbul oldu. Yenə zəng edib İradə xanıma təşəkkür etdim. O da məni təbrik etdi. 2023-cü ilin sentyabr ayında öz ifamda müharibə bayatılarımdan ibarət bir video paylaşmışdım. Səhər gördüm mesencerdə həmin videonu mənə göndərib, salamdan sonra yazıb – “Bu bayatıları mənə göndərin, zəhmət olmasa.” Nə gizlədim, düzü çox sevindim. Elə oldu ki, mən bayatılardan ibarət kitab çıxarmaq istədiyimi İradə xanıma dedim və məqaləsini kitabın ön sözü olacağını diqqətinə çatdırdım. Razılaşdıq. İradə xanım bayatılardan geniş bir yazı yazdı. Məlum oldu ki, yazı ancaq kitabın sevgi bölməsindəki bayatılardan bəhs edir. O bayatılar ki, İradə xanımı tutmuşdu (müharibə bayatıları) və məndən istəmişdi, onlar haqqında sonra yazacağını dedi. Kitab 8 mart ərəfəsində işıq üzü gördü. Bir dəstə gül və 5 ədəd “Dəyirmanın su dərdi” kitabından götürüb yaşadıqları binanın həyətinə getdim. Qalın qış geyimində həyətə düşdü. Düzü onu elə üzgün, sınıxmış görməmişdim. Bu haqda nə özündən, nə də ayrı heç kimdən soruşmadım. Kitaba görə məni təbrik etdi, gülləri alanda isə “Çiçək nəğməsi” şeirimin xoşuna gələn bu misralarını dedi:
…Ləçəyində sevgi şəkli, Saplağında qayçı yeri…
Bu gün xərçəngdən dünyasını dəyişdiyini biləndə gözəl İradə xanımın nədən sınıxmasının səbəbini bildim. İradə xanım təmənnasız alim idi. Bir dəfə də məndən Eldar Baxışın külliyatını istədi və geniş bir yazı yazdı. Qarabağ əsilzadələrinin kübarlığı vardı İradə xanımda. Heyif, o kübarlığı Qarabağa, doğma Ağdama apara bilmədi. İşıqlı xatirəsi həmişə bizimlə olacaq.
Həyat kredosu ləyaqət və dürüstlük olan bu xanım, bütün ömrünü mütaliə və yaradıcılığa həsr edirdi. Haqsızlığa qarşı amansız, cəsarətli idi. Ölkədə ədəbiyyat tarixini və nəzəriyyəsini dərindən mənimsəyən, müasir ədəbi tənqidin parlaq simalarından biri kimi tanınırdı. Ədəbiyyatşünas alim kimi bir çox həlli vacib olan problemlərin mövcudluğunu gündəmə gətirməyi bacarırdı…
“Dil məsələsi, ədəbi dilin korlanması, Bakı küçələrindəki yazı dilimizin düşməncəsinə biabırçı hala salınması siyasəti haqqında müxtəlif dövrlərdə ziyalılarımız, filoloqlarımız tək-tək də olsa yazıb, danışıb, etiraz edib. Şəxsən mən dəfələrlə müsahibələrimdə, televiziya çıxışlarımda, sosial şəbəkə statuslarımda narahatlığımı faktlar əsasında ifadə etmişəm. Lakin, bilirsiniz, istənilən fundamental problem haqqında reaksiya və cavab tədbirləri olmayanda adam öz mövqeyinə belə şübhə edir. Özünü inandırmağa çalışırsan ki, bu, ciddi dərd deyil. Dərd olsaydı, hökumət və xalq bu boyda biabırçılığa susmazdı…”- söyləyirdi.
O, Azərbaycan, o cümlədən dünya ədəbiyyatı, tərcümə problemləri, repressiya tarixi ilə bağlı fundamental silsilə araşdırma məqalələri ərsəyə gətirərək ortaya qoyub. Təhsil, tədris məsələləri ilə bağlı vəsaitlər çap etdirib. Ədəbi prosesləri mütəmadi izləyərək, müxtəlif rəy və resenziyalar yazıb…
Deyirdi ki:- “Dərsliklərin vəziyyətini, ədəbiyyatşünaslığın daşlaşmış problemlərini bu sahəyə aid olan adamların hamısı bilir, görür. Sadəcə ucadan demək istəyən azdır və ya yoxdur. Guya dosta-yoldaşa, həmkara sədaqət nümayiş etdirirlər. Minlərlə tələbəni kor qoyan dərsliklərə etiraz etmirlər. Amma bu adamlardan birinin bircə məqaləsini həmin dərslik müəllifi tənqid etsə, qələm yox, az qala qılıncla cavab verərlər. Deməli, şəxsi, subyektiv mənafe və iddia ictimaidən, millidən, ümumidən daha üstün hesab edilir bu məmləkətdə. Mən ziyalılarımızdan çox şey umuram və düşünürəm ki, onların özlərinə aid sahələrdəki biganəliyi, buqələmunluğu, liberallığı onların şəxsi problemi hesab edilməməlidir. Ziyalılıq xüsusi bir statusdur ki, cəmiyyətin qaranlığa qərq olmuş düşüncəsinin səbəbkarlarını mühakimə edəndə “cinayət” ziyalıların boynunda qalır. Bu gün insanlar çox kiçik qəhrəmanlıqların ümidinə qalıb. Adicə bir istedadsızı da tənqid etmək, ya müdirə iclasda etirazda bulunmaq, sanki “igidlik” kimi dəyərləndirilir. Mən ədəbiyyat və təhsil adamıyam. Mənim mücadiləm daha çox bu sahələrə aiddir. Ona görə sizin dediyiniz tənqidlər də bu aspektlidir. Və düşünmürəm ki, hünər göstərirəm, sadəcə dərk etdiyimi ifadə edəndə səmimi olmağa çalışıram. Bir də yeri düşüb, deyim. Bu illərdə bircə məsələyə xüsusilə təəccüblənmişəm. Mən təqdir ya tənqid etdiyim müəlliflərdən 10-dan 9-nu şəxsən tanımamışam, hətta həyatda belə görməmişəm. Amma bəzən “qərəz”, “qəsdlə yazılmış yazı” və bu kimi böhtanlar da eşitmişəm, təəccüblənməmişəm. Amma kimsə deyəndə ki, “İradə xanım, qorxmursunuz, filankəsin romanını ya tərcümə qüsurlarını tənqid edirsiniz?” – Bax o zaman çox təəccüblənmişəm. Yarızarafat-yarıciddi demişəm ki, “qoy məhkəməyə məni versin ki, onun cümləsinin qrammatik cəhətdən yanlışlığını göstərmişəm və ya obrazlarını, süjetini, mətnini tənqid etmişəm…” Gülüncdür bu cür yanaşma. Bu cür təfəkkürlə böyük yaradıcılıq haqqında xəyala dalmaq belə mümkün deyil…”
O, bu problemləri elə-belə sadalamırdı, içində ağrı-acısını yaşayıb, haray çəkirdi. Düşünürdü ki, bu sahədə susmaq olmaz. Amma nə olsun, bədxahları da az deyildi. Kimisi- “Bu kimə arxayındır?”, “Onun arxasında kim dayanıb?”, kimisi də “Hamıdan fərqlənmək üçün belə yazır” və ya “Öyrədiblər!”- deyə, onu suçlamağa səy göstərirdi…
“Əlim qələm tutandan ədəbiyyat və ədəbiyyatşünaslıq naminə bacardığım qədər mücadilə etdim. Dostlarla belə aramız dəydi. Çünki ədəbiyyat mənim üçün çox müqəddəsdir. Amma öz ağılları və eybəcər xislətləri ilə yozanlar bu yanaşmaya gah “Şəxsiqərəzlik”, gah da “Qısqanclıq” dedi. Cəhənnəmə desinlər, onsuz da ciddiyə almıram. Məni ağrıdan başqa məsələdir. Yastı Salman kimi saman altdan su yeridən və ədəbi mühitdə iyrənc oyunlar oynayan, Hüseyn Cavidin “yanıqlı” tədqiqatçısı kimi göz yaşı axıdan buqələmunlar, C. Məmmədquluzadə haqqında kitablar yazan və yazdırıb öz adına çıxan Xudayar katdalar bizə – ədəbiyyatın həqiqi təssübkeşlərinə qalib gəldi… Qorxu və yaltaqlıq böyuk tarixi olan ədəbiyyatımızı tənəzzülə gətirdi… Heyf ədəbiyyatımıza, heyf bizə…”- söyləyirdi.
BDU-nun filologiya fakültəsini bitirmişdi, filologiya elmləri doktoru alimlik dərəcəsinədək yüksələ bilmişdi. Ünsiyyətdə mehriban və xoşrəftardı. Ürəyi ipək kimi yumşaq idi, heç kimə pislik arzulamazdı. İşində çox tələbkardı və mükəmməlliyi sevirdi. Səhvləri bağışlamağı xoşlamırdı. Zəhmli və iradəli idi…
Bəli, haqqında söhbət açdığım İradə Musayeva ən xoş sözlərə layiq alimlərimizdən biriydi. Heyf, çox heyf ki, amansız ölüm onu bizdən tez ayırdı.