Etiket arxivi: MÜBARİZ SÜLEYMANLI

ŞAİR MÜBARİZ SÜLEYMANLI YARADICILIĞINDAN

ŞAİR MÜBARİZ SÜLEYMANLI YARADICILIĞINDAN

BAL KİMİ GƏTİRİN DİLƏ HÖRMƏTİ

Gədalar, nadanlar meydan sulayır,
Yaltaqlar ortada quyruq bulayır…
Acgözlər kasıbın malıın talayır,
Güyaki edirlər belə hörməti.

Binamus danışır abır-həyadan,
Oğru kündə tutur haram mayadan…
Kimlər razı qalar belə dünyadan?!
Odurki veririk yelə, hörməti!

Nə böyük bilinir, nədə ki kiçik,
Tula tək hürməyə tələsir küçük..!
Ömür çox qısadır,könülsə incik,
Bəs nədən atırıq çölə hörməti?

Kəsəri azalıb kişi sözünün,
Yeri çox görünür elin gözünün…
İnsandı varlığı bu yer üzünün,
Qaytarın yenidən elə hörməti!

Sözə slğal çəkin, haqqı səsləyin,
Dosta sadiq olub,sevgi bəsləyin…
Ağsaqqal, ağbirçək yolun gözləyin,
Bal kimi gətirin dilə hörməti !

Vəfasız zamandan bezdi, Mübariz !
Yaşayıb,hər dərdə dözdü, Mübariz !
Dünyanı dolaşıb, gəzdi Mübariz !
Çalışdı hər kəslə bölə hörməti!

YAXŞILIQ EYLƏSƏN, YARADAN BİLƏR

Heç vaxt könül qırıb ,ürəyə dəymə,
Sən qəlbi sevindir, onu şad eylə!
Varına güvənib , özünü öymə,
Axırı ölümdür ,onu yad eylə.

İsit fəqirlərin soyuq komasın,
Yoxsulun halını duymağı bacar!
Eşitsən, sızlayan bir körpə səsi,
Əl uzat, yardım et, qalmasın naçar !

Bir yardım edəndə elə car çəkmə,
Düşünki, Yaradan hər şeyi bilər!
Dünyanın varına gözünü dikmə,
Günahın olsada, mələklər silər !

Tanrını tanıyan ümidsiz olmaz,
O, arzu-istəyi Allahdan dilər…
Etdiyin yaxşılıq cavabsız qalmaz,
Saxla ürəyində, Yaradan bilər!

” Mülkü – Süleymana qalmayan dünya ” ,
Bəxti bağlılara qapılar açar….
Mübarizi yada salmayan dünya,
Axırda özüdə bil,qalar naçar!

BİR ŞEİR QALACAQ ELİN YADINDA

Bir koma görünür şair ocağı,
Bir şair ömrünün başlanacağı,
Ömrün bahar fəsli xoşbəxtlik çağı,
Bir elin obanın haray səsidi.

Bir tale görünür qapısı bağlı,
Bir sinə görürəm necə də dağlı,
Bir damla göz yaşı sirli-soraqlı,
Bir çayın çağlayan zümzüməsidi.

Bir günəş bəs edir cümlə-cahana,
Bir misra bəs edir onu duyana,
Kiçik hədiyyədir Azərbaycana,
Bilsinlər şairin bu haqq səsidi.

Bir hikmət yaşayır onun adında,
Bir sevgi qüruru var inadında,
Bir şeir qalacaq elin yadında,
Ömür karvanının fəlsəfəsidi.

B İ L M İ R Ə M

Əynimdə bir yırtıq çuxa,
Gəlləm yoxuş çıxa-çıxa.
Dünya adlı alaçığa,
Mən sahib ola bilmirəm.

Gördüm dostu, kirvəni də,
Badalağı, zərbəni də…
Mən lap uca zirvəni də,
Alınmaz qala billmirəm.

Ömrüm-günüm döyüş, cəngdir,
Ruhum göydə çərpələngdir.
Mənimki şirdir, pələngdir,
Mən tazı, tula bilmirəm

Ulayıram bir qurd kimi,
Qocalıram Qorqud kimi,
Hərdən qara bulud kimi,
Dolub boşala bilmirəm,

Dərddir o yanım, bu yanım,
Yoxdur həyanım, duyanım
Mən özümü bu dünyanın,
Yadına sala bilmirəm.

KİŞİLƏR

Yaşayar mərdanə ömür payını,
Haramı ömürdən silər kişilər!
İtirməz dünyanın haqqı –sayını,
Düşmənin bağrını dələr kişilər!

Dayanar kişitək sözünün üstə,
Çörəyi saxlayar gözünün üstə.
Qoymaz ləkə düşə izinin üstə,
Dünyanın dərdini bölər kişilər!

Qoruyar yağıdan doğma elini,
Qamətin düz tutar, əyməz belini..!
Uzadar kasıba kömək əlini,
Yurdunun qədrini bilər kişilər.

Unutmaz kəsdiyi duzu, çörəyi,
Köksündə döyünər məğrur ürəyi…
Yaxına buraxmaz hiylə-kələyi,
Dar anda hayına gələr kişilər!

Tanıyar soyunu, ulu babasın,
Qoruyar vicdanla, elin ,obasın!
Qalayar , içində insaf sobasın,
Yaltağa,rəzilə, gülər kişilər!

Papağı qeyrətdir,namusdur, ardır,
Vətənə arxadır ,sipərdir, yardır…!
Nə yaxşı həyatda kişilər vardır,
Bir dəfə yaşayıb,ölər kişilər!

SÖZÜN SÖZ OLSUN GƏRƏK

Başında papağın, altında atın,
Məqsədin, niyyətin düz olsun gərək.
Könlünü ram etsin ağıllı qadın
Sevincin, xoş günün yüz olsun gərək

Yediyin çörəyi etməsin zəhər,
Üzünə açılsın hər gün xoş səhər,
Canında qüvvətin,dizində təpər,
Kişitək hər sözün söz olsun gərək

Tanısın yerini, bilsin həddini
Qoymasın bükülə ər tək qəddini,
Aşmasın heç zaman sözün səddini
Küsüb barışmağa üz olsun gərək.

Gərəkdir nazını sən də çəkəsən,
Qayğıya, diqqətə, eşqə bükəsən.
İzi düşən yerə güllər əkəsən,
Atdığın hər addım öz olsun gərək.

ÇIXAR YADINDAN

Belə qandıraram səni,
Külə dandıraram səni,
Elə yandıraram səni, Odun da çıxar yadından.
Dumanını cinlədərəm,
Bir dərdini minlədərəm
Sazı bəmdə inlədərəm,
Udun da çıxar yadından
Qarsız edərəm qışını,
İlişdirərəm xışını, Dağıdaram yaddaşını,
Adın da çıxar yadından.

YAZILIB YADDAŞIMA

Atam ev tikən olub,
Ev yıxan olmayıb ki…
Yıxılandan yapışıb,
Xor baxan olmayıb ki….

Qabarlı əlləriyə,
Sığal çəkib başıma.
Hər müdrik nəsihəti,
Yazılıb yaddaşıma.

Anamın ocağında,
Qazanımız qaynayıb.
Nənəmin qucağında,
Xəyallarım oynayıb.

Qoymayıb utanaq biz,
Qonum – qonşu yanında.
Canı sızıldayanda,
Gizlədibdir canında.

Eldə, evdə ,eşikdə,
Sahib olub sözünə.
Alnı açıq, üzü ağ,
Baxıb elin gözünə !

Sözündə, söhbətində,
Məğrur bir kişi idi.
Yıxılana əl tutmaq,
Onun vərdişi idi.

MƏNSİZ

Yaşadığın ən uca dam,
Ən çox sevdiyin bir adam,
Bir gün sənə deyər,yadam
Nazlı sənəm ,gözü badam,
Gedər bir gün ,qalar sənsiz .

Verən yoxsa bir təsəlli
Ömür yolu olmaz bəlli,
Gözəl,göyçək şirin dilli
Tənha qalıb solar sənsiz

Zalımda heç olmaz vəfa
Xəbis adam tapmaz şəfa
Ömür boyu çəkər cəfa
Boyun büküb ölər sənsiz

Namərdin olmaz ürəyi,
Hey qurar, hiylə,kələyi,
Dizinin üstə çörəyi,
Halal malı bölər sənsiz

Ad da, san da ,şöhrət də,
Dil də,söz də,hikmət də,
Mal da,mülk də,sərvət də
Bir gün səndən gedər mənsiz

Müəllif: Mübariz SÜLEYMANLI (Ağaxan oğlu)

Azərbaycan Yazıçılar Birliyinin üzvü, teleradiojurnalist


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

HƏR SÖZÜM BİR NƏĞMƏDİR

HƏR SÖZÜM BİR NƏĞMƏDİR

Bu ilin noyabr ayının 21 də həkim-şair Tufan Tərlanoğlunun 70 yaşı tamam olur.Ömrünün 50 ilini insanların sağlamlığı keşiyində duran Tufan Tarverdiyev Göyçay rayonunun Mırtı kəndində dünyaya gəlib .O orta təhsilini 1961-1971-ci illərdə doğulduğu Mırtı kənd orta məktəbində alıb. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. Rubrikamızın qonağı da həkim-şair Tufan Tərlanoğludur.
Tanınmış bəstəkarımız Eldar Mansurov Tufan Tərlanoğlunun sözlərinə 23 mahnı bəstələyib.Mahnıları tanınmış müğənnilərimizdən
İlhamə Quliyeva, Briliant Dadaşova ,Niyaməddin Musayev ,Cavan Zeynallı, Aygün Kazımova,Səməd Səmədov ,əməkdar artist Zakir Əliyev ifa edib.
Hazırda Türkiyə Cümhuriyyətində yaşayan dəyərli həkim -şair Tufan Tərlanoğlunu biz də yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik və sözlərinə yazılmış yeni-yeni mahnıları dinləməyi arzu edirik.
İndi isə şairin bir neçə şeirini oxucularımıza təqdim edirik.

Xalq da sənin yanındadır

Əllərinlə Turan yurdu bir Gülüstan olacaq,
Uca adın tarixlərdə qəhrəman tək qalacaq,
Zəfərinə sevinəcək Türk soylu, bütün cahan,
Dünyamızın tək lideri Rəcəb Tayyib Ərdoğan!

Xalq da sənin yanındadır, zəfərə yol açacaq,
Haqq da sənin yanındadır, yoluna nur saçacaq,
Zəfər sənin, sevgi sənin olacaqdır hər zaman,
Dunyamızın tək lideri Rəcəb Tayyib Ərdoğan!
Üz tutaraq bu dünyaya eylədin bəyan,
Beşdən böyük yaranıbdır, bu sirli cahan”
İstəyinlə göy üzündə Milli uçak “KAAN”
Dünyamızın tək lideri Rəcəb Tayyib Ərdoğan!

Rəqiblərin qarşısında Sən ucasan hər zaman,
Səninlədir can
qardaşın Azərbaycan hər bir an
Can istəsən can verərik, qan istəsən verərik qan
Dünyamızın tək lideri Rəcəb Tayyib Ərdoğan!

      

Ulduzlar yağardı

Ulduzlar yağardı baxışlarından,
Ürəyim durardı səsin gələndə,
Səsin də dəyişib, baxışların da,
Günah həm səndədir,
Həm də ki,məndə.

Günlərlə toxunmur əlin əlimə,
Sözlərin qəlbimə toxunur indi.
Dodağım həsrətdir öpüşlərinə,
Kədərli nəğmələr oxuyur indi.

Mənə nəğmə deyən o, şirin dillər
Şirin röya kimi nağıla dönüb,
Daha şəfəq saçmır o, qara gözlər,
Gözündə parlayan ulduzlar sönüb.

Gəl, dəli sevdanı çağıraq geri,
Bu eşqi yaşadaq axıra qədər,
Oyadaq, mürgülü xatirələri,
Sevdamız bitməsin ölənə qədər.

Hönkürüb,öpərsən məzar daşımı

Buludlardan axan şəlalələrtək
İsladır göz yaşın dodaqlarını,
Ayrılıq günündə,ay qəlbi kövrək,
İzin ver, isidim dodaqlarını,
Son dəfə isidim yanaqlarını…
Gözüm gözlərinə həsrət qalacaq,
Sənə röyalarda qonaq gələcəm.
Ayrılıq qəlbimə bir od vuracaq,
Min dəfə gah ölüb, gah diriləcəm!
Sənə röyalarda qonaq gələcəm…
Göylərdə dolaşan arzu, xəyal tək
Eşqin göylərində tək süzəcəksən.
Sürüdən ayrılmış körpə maral tək,
Mənim gəlişimi gözləyəcəksən…
Eşqin göylərində tək süzəcəksən…
Ayrıldın əlini üzüb əlimdən,
Bəhanə eylədin,bəlkə yaşımı.
Bir gün ayrılıqdan bezikib, gəlsən,
Ziyarət eylərsən məzar daşımı…
Hönkürüb, öpərsən məzar daşımı!…

    

Ocaq-ocaq qocalıram

Dodaqlarım dodağından düşüb uzaq,
Dodaq -dodaq qocalıram.
Gecələri kimsə açmır mənə qucaq,
Qucaq -qucaq qocalıram.
Sümüyümü qızdırammır heç bir ocaq,
Ocaq-ocaq qocalıram.
Dar macalda el-obamdan düşdüm uzaq,
Sizdən uzaq, gözdən iraq qocalıram.
Yuxum sanki ərşə çıxıb,yatammıram bircə saat,
Saat -saat qocalıram.
İlham pərim yoxa çıxıb,yazammıram bircə yarpaq,
Yarpaq -yarpaq qocalıram.
Yanıb dərdin ocağında səs-səmir siz, gizli -gizli
Gizlin-gizlin qocalıram.
Göy üzündən yerə enib,sürünürəm dizin,
Dizin -dizin qocalıram.
Ömrümü şama döndərib,əriyirəm yana- yana
Yana -yana, qocalıram.
Əllərim yaman qısalıb, daha çatmır heç bir yana,
Yana-yana, özümü tək sana- sana qocalıram…

    

Hər zamana alışırıg

Hər zamana alışırıg.
Dərdlə gəmlə barışırıg.
Zalımlar zilə çıxanda,
Biz də bəmdən danışırıq.
İtibdir qiyməti sözün,
Nə danışım, canım-gözüm?…
Ayrılanda sözün düzün,
Üzdə yalan danışırıq…
Torpaqlar əldən gedəndə,
Yağı bizə güc gələndə,
Yurduma od ələnəndə
Koroğludan danışırıq…
Nankorlara mən baxanda,
Əlim qalır öz yaxamdan,
Qiymətlər göyə qalxanda
Ucuzluqdan danışırıq…
Çevir tatı, sən vur tatı,
Daha qaçıb sözün dadı,
Hamı bir-birini aldadır,
Doğruluqdan danışırıq…
Ağla canım, ağla gözüm,
Qalmayıbdı məndə dözüm,
Sürünürük dizin-dizin,
Cah-cəlaldan danışırıq…
Sözü salma, düzə-dağa,
Ağzını yum, mumla, qağa,
Başmıza dərd yağa-yağa
Xoşvaxtlıqdan danışırıq…
Tərlanoğlu yolun azma,
Nə yazırsan yalan yazma,
Öz-özünə quyu qazma,
Cah-cəlaldan danış getsin,
Tar-qavaldan danış getsin…

    

Şairlərə

Şair, gəl yazmayaq güldən-çiçəkdən.
Gəl, elin dərdindən-sərindən yazaq.
Milləti talayan, yalan söyləyən,
Xalqa layla çalan, dilindən yazaq.
Əlacsız ahu-zar, nalə göydədir,
İmanımız,abır-həya yerdədir, İmansızlar bizə iman öyrədir,
Mollanın şərindən,gelinden yazaq.
Alimi zillətdə, kefdədir nadan,
Eşşək arpa yeyir, boz atlar saman, Deyəsən,tərsinə dövr edir zaman,
Bu dövranın gərdişindən, gəl yazaq.
Tərlanoğlu,gəl imana,gəl dinə,
Belə yazsan,işlər dönər tərsinə,
Bülbüllərin tərifinə dön,yenə.
Ahu-zar eyləyən bülbüldən yazaq!…

        

Mən gedəndə

Mən gedəndə kimsə ağlayacaq
Saçlarını yola-yola,
Kimlərsə kədərli gözlərini, nəmli baxışlarını dikecek,
Mən gedən son mənzilə, son yola.
Kimlərsə siqaret tüstüsündə
Zarafatlaşa-zarafatlaşa
Məclisi verəcəklər yola
Eh…Gəldim nə oldu ki,
İndi gedəndə nə ola…

Ta əzəldən dürüstlüyü zər qələmlə
Əyriliyi qara yazdım,
Mənə olan yaxşılığı
daş-qayaya,
Pislikləri qara yazdım.
Mərdlər üçün
yay gününün gur yağışı,
Namərdlərçün
qar-ayazdım.
Ömrü beləcə xərclədim
Uf demədən sağa-sola
Eh..Gəldim nə oldu ki, indi gedəndə nə ola…

Çoxlarına həyan idim,
İndi həyan gəzirəm mən
Yaxşılar göyə çəkilib
Pislərdən lap bezirəm mən,
Kef-damağı salıb yola,
Qəmlə gəzirəm qol-qola.
Eh..Gəldim nə oldu ki,indi gedəndə nə ola…

Zaman oldu yavan yedim,
Amma, mən haram yemedim,
Mərd kasıbın əlin öpdüm,
Qudurğana əl vermədim.
Yaxşıları söyə-söyə,
Pisə “yaxşı deyə-deyə
Külək olub, mən əsmədim sağa-sola,
Qaçan ömrü döyəcləyib,
İndi çatmışam son yola..
Eh..Gəldim nə oldu ki, indi gedəndə nə ola…

Keçəl Həmzə Koroğluya hiylə gəlib
onu atsız saldı yola,
Keçəl qızlar ərə getdi,
Göyçək Fatma qala- qala.
O zamandan nə dəyişib?
Bilmək olmur, vallah, bala
Odur ki, Haqqa üz tutub
Gedirəm mən bala-bala
Eh..Gəldim nə oldu ki, indi gedəndə nə ola…

     

Kədər yükü

Xurcunu doldurub kədər yüküylə,
Belimə şəlləyib, belə gəzirəm.
Bir adam tapmıram onu bölməyə,
Dərdimi söyləyib selə, gəzirəm.

Qorxuram bir kəsə söyləsəm əgər,
Başa düşməyəcək, mənə güləcək.
O biri deyəcək:”Bu dərddir məgər?”
Mənə dürlü -dürlü ağıl verəcək.

Balalara açsam xurcunun ağzın,
Dərdimi duyarlar, tez qocalarlar.
Yaxşısı budur ki,qoy fərəh alsın
Hər şeydən xəbərsiz məsum uşaqlar.

Düşmən də tapmıram dərdimi deyim,
Barı o sevinsin,o ləzzət alsın.
Heç kimə çatmayan dərdim, gileyim
Yaxşısı budur ki, özümdə qalsın.

TƏQDİM EDİR: Mübariz SÜLEYMANLI (Ağaxan oğlu)

AZTV-NİN CANLI ƏFSANƏSİ

AZTV-NİN CANLI ƏFSANƏSİ

Onu yaşlı nəslin nümayəndələri, televiziya və radio işçiləri çox yaxşı tanıyır. Hər zaman xeyirxah əməlləri ilə sevilərək xatırlanan o xoşbəxt adam on minlərlə teleradio işçisinin sevimlisi və əsl arxa-dayağı – Sərhəd Qasımovdur.
Sərhəd müəllim AZTV-nin ən ləyaqətli və dəyanətli, özü və sözü bütöv əməkdaşlarından biri olub. Bütün ömrünü,işgüzar fəaliyyətini insanların öz iş yerlərində daha rahat olmasına, güzəranının yaxşılaşmasına həsr edib.
Sıravi elektromexanikdən,
studiyadankənar işıq sexinin rəisi və nəhayət çoxminli kollektivin həmkarlar ittifaqı komitəsinin sədrliyinədək yüksəlib.
Moskva Ali Həmkarlar İttifaqı İnstitutunun İqtisadiyyat fakültəsini bitirən Sərhəd Rəhmət oğlu Qasımov 50 ildən çox Aztv-nin Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik edib.
Bəlkə də ölkəmizin idarəçilik tarixində onun qədər uzun müddətli Həmkarlar İttifaqı Komitəsinə sədrlik edən ikinci bir insan yoxdur.Ömrünün 51 ilini Aztv-nin Həmkarlar İttifaqı Komitəsinin sədri işləmək bəlkə də Tanrının Sərhəd Rəhmət oğluna ən böyük ərməğanıdır.Sağlığında özünə minlərlə insanın rəhmətini qazanmaq Sərhəd kişinin halal-hümmət qazancıdır.
Müdriklər “İstedad da, şöhrət də inkişaf üçün hərəkətverici qüvvədir, sadəcə istedad insanı öz istədiyi səmtə aparır, şöhrətin isə hara aparacağı bəlli olmur” deyiblər.
Sərhəd Qasımov uzun illər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvü, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (Komitəsinin, Şirkətinin) kollegiya üzvü olmuşdur.
Sərhəd Qasımov səmərəli fəaliyyətinə görə ölkə Başçısının sərəncamları ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adı və “Tərəqqi “medalı ilə təltif olunmuşdur.
Şərəfli ömür yolu keçən Sərhəd müəllimin hər zaman bir amalı,bir arzusu olub-insanlar özlərini evlərindəki kimi hiss etməli,heç bir qayğılarla yüklənməməlidir.
O, Qurban Yusifzadənin,Elşad Quliyevin,Qeysər Xəlilovun,Məmməd Muradın,Məmməd İsmayılın,Babək Məmmədovun,Nizami Xudiyevin və nəhayət Arif Alışanovun Aztv sədri olduğu dövrlərdə məhz bu istiqamətdə işini qurmağı asanlıqla bacardı.
30 ildən artıq bir yerdə çalışdığım və 17 il müavini olduğum,hər gün dəfələrlə görüşdüyüm,salamlaşdığım Sərhəd müəllim hər zaman cəld yerişi,qısa və olduqca məntiqli söz-söhbəti, düzgün və obyektiv qərarları ilə yadımda qalıb.
Ona müraciət edənlərin heç birini naümid qoymazdı.Elə kabinetindəcə həmin şəxsin müraciətinə baxıb qısa bir zamanda həll edərdi.Xeyir iş görənləri,hüzrü düşənləri,müalicəyə ehtiyacı olanları ,əməkdaşların ailələrində baş verən çətinlikləri diqqətindən yayındırmazdı.İmkansız adamların yanında olmağı özünə mənəvi borc sayardı.Maddi ehtiyacı olanlara köməyini əsirgəməzdi.
Odur ki, Aztv-nin əməkdaşlarının hər biri Sərhəd müəllimi özlərinin yaxın sirdaşı,dostu və həmdəmi sanardılar.
Xoşbəxtəm ki,uzun illər belə bir zəkalı və müdrik insanla çiyin-çiyinə çalışmışam və onun müavini olmuşam. Onunla çalışdığım müddət ərzində Sərhəd müəllimdən idarəçiliyin nə olduğunu, insanların qayğısına qalmağı, əməkdaşlarla təmkinlə rəftar etməklə yanaşı çox şeyi öyrəndim. Sərhəd müəllim hamı ilə dil tapmağı çox mükəmməl bacarırdı.
Sərhəd müəllim təqaüdə getdikdən sonra bugünədək jurnalist həmkarım ,Sərhəd müəllimin də mənim də dəyərli dostumuz Akif Cabbarlı ilə birlikdə ona baş çəkir ağsaqqal öyüd-nəsihətlərini dinləyirik.
Akif müəllim də ondan çox şey öyrəndiyini, Sərhəd müəllimin mənəvi dünyasından qədərincə bəhrələndiyini bildirir və ağsaqqala can sağlığı,uzun ömür arzulayır.
Belə bir qənimət adama cəmiyyətimizin çox ehtiyacı olduğundan danışır, bu gün bəzi televiziya kanallarında, radio efirlərində baş verən neqativ hadisələri, dilimizə xələl gətirən,mənəviyyatımıza zərbə vuran üzdəniraqların qeyri-etik hərəkətlərini müzakirə edirik.
Bu gün Sərhəd müəllim yenə yanımızdadır.Və təbii ki biz də onun yanındayıq- bütün qəlbimizlə,duyğularımızla !
Sərhəd müəllim həm də xoşbəxt və nümunəvi ailə başçısıdır. O üç qız bir oğul atasıdır.Sərhəd müəllim kürəkənləri Farizi, Mübarizi və Anarı çox istəyir. Ömür-gün yoldaşı Mədinə xanımla birlikdə nəvələrinin xoş günündən, əsl azərbaycanlı kimi böyümələrindən fərəhlənir və qürur duyurlar.


Bu gün Sizin.84 yaşınız tamam olur.
Allah Sizə uzun və sağlam ömür versin ,əzizim, canım-gözüm, ad günün mübarək!

Müəllif: Mübariz SÜLEYMANLI (Ağaxan oğlu)

Azərbaycan Yazıçılar Birliyinin üzvü, teleradiojurnalist


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BİR ÖMÜR SEVDASI

ZAUR USTAC TƏQDİM EDİR:

BİR ÖMÜR SEVDASI

(Mübariz SÜLEYMANLI (Ağaxan oğlu) haqqında)

Yəqin ki,Mübariz Süleymanlı imzasını poeziyasevərlər və jurnalistlər daha yaxşı tanıyır. İxtisasca jurnalist olan Mübariz Ağaxan oğlu Süleymanlı – Lənkəran rayonunda dünyaya göz açıb. Ömrünün 30 ilindən çoxunu Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb.27 il “Xəbərlər ” baş redaksiyasında böyük redaktor vəzifəsində çalışıb. Və 17 il adıçəkilən qurumun Həmkarlar İttifaqı Komitəsi sədrinin 1-ci müavini və büro üzvü olub.
Mübariz Süleymanlı hal-hazırda futbol klublarının birində mətbuat xidmətinin rəhbəri və eyni zamanda (Türk Ağsaqqalları İctimai Birliyinin)TAİB-nin idarə heyətinin üzvüdür.
O hələ kiçik yaşlarından şeirə, poeziyaya maraq döstərib. On dörd yaşından özünü bir şair, yaradıcı adam kimi dərk edib. Elə o vaxtdan da yaradıcılığa başlayıb. İlk dəfə əlinə qələm alıb yazdığı “ Kəndimiz ” şeiri olub. Elə həmin şerilə də ədəbiyata gəlib və mərkəzi mətbuatda çap olunmağa başlayıb. Şeirləri “Azərbaycan gəncləri”, “Ədəbiyat və İncəsənət”, “Sovet kəndi”, “Azərbaycan pioneri”, “Ədalət”, “525-ci qəzet”, “Azərbaycan”, “Kaspi” kimi aparıcı qəzetlərdə, “Azərbaycan”, “Ulduz”, “Şəfəq”, “Yurd”, “Söz” ,”Məşəl” ,”Yurd”,
“Şəms” bir sıra başqa jurnallarda işıq üzü görüb.
Bir şeirlər kitabının müəllifidir, 30-a yaxın kitaba ön söz yazıb, şeirlərinə 15-dən yuxarı mahnı bəstələnib. Həmçinin şairin öz səsində səsləndirdiyi bir sıra şeirlər Azərbaycan Dövlət Televiziya və Radiosunun “Qızıl Fond” unda saxlanılır. AYB və AJB-nin üzvüdür. Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin fəxri doktorudur. AYB nəzdində fəaliyyət göstərən Gənc Yazarlar Birliyinin mükafatçılarından biridir. Onun yaradıcılığı ilə bağlı tanınmış ədəbiyyatşünas-alimlər, ictimai-siyasi xadimlər onlarla məqalə yazıblar, mətbuatda çıxış edərək, öz fikirlərini söyləyiblər. Eləcə də, tanınmış şairlərimiz ona iki poema və 30-dan çox şeir həsr ediblər. Eyni zamanda, bir sıra dövlət qurumlarının fəxri fərmanlarına, diplom və medallarına, eləcə də bir sıra ölkələrin beynəlxalq mükafatlarının laureatı adına layiq görülüb.Mübariz Süleymanlının onlarla şeiri bir sıra xalqların dillərinə tərcümə olunub və həmin ölkələrin nüfuzlu mətbuat orqanlarında nəşr olunub.Mübariz Süleymanlının şeirləri 2022-ci ildə Azərbaycanın bir neçə tanınmış şairlərilə birlikdə Özbəkistan Respublikasında özbək dilində işıq üzü görən “Orta Asiyanın qızıl kitabı”na salınıb.
Biz də tanınmış şair-jurnalist Mübariz Süleymanlıya yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

BİR ŞAİR ÖMRÜNÜ
YAŞAYIRAM MƏN

Sancıla-sancıla söz ürəyimə,
Basıla-basıla köz ürəyimə,
Dünyanın yükünü öz kürəyimə,
Alıb gecə-gündüz daşıyıram mən,
Bir şair ömrünü yaşayıram mən.

Ümidim yerə yox,indi göyədi,
Dünya qana batdı,bağrım göynədi,
Zaman təzələndi, dərdlər köynədi,
Didərgin ruhuma oxşayıram mən,
Bir şair ömrünü yaşayıram mən.

Üfürə-üfürə içdim suyumu,
Mənim ürəyimdə sevgi uyumur,
Heç vaxt itirmədim,hissi,duyumu
Dahilər önündə baş əyirəm mən.
Bir şair ömrünü yaşayıram mən.

MƏN SƏNİ SEVMİRƏM Kİ

Mən səni sevmirəm ki,
Tellərini sevirəm!
Əllərimi isidən ,
Əllərini sevirəm !

Mən səni sevmirəm ki,
Məni dəli eyləyən…
Sözü şirin söyləyən,
Dillərini sevirəm!

Mən səni sevmirəm ki,
Ömrə məna gətirən…
Səni mənə yetirən,
Ellərini sevirəm !

Mən səni sevmirəm ki,
Məni divanə salan…
Eşqindən bihuş olan,
Güllərini sevirəm !

Mən səni sevmirəm ki,
Bulaq kimi çağlayan…
Səni mənə bağlayan,
İllərini sevirəm !

            DAYAN 

Dayan ! Ey ömrümün amansız vaxtı..!
Dayan ki, dünyaya sözümü deyim.
Dayan,nakamların yarımçıq baxtı …
Dayan ki ,xoşbəxtlik köynəyin geyim,

Dayan ki, yolumla gedim birazca…
Bir azda həyatın dadından dadım…
Əzabla, ,zillətlə sıxmısan məni.
Yadımdan çıxıbdı halalca adım,

Dayan! Zamanımın dəlisov atı !
Onsuzda insafın mürvətin yoxdur,
Mübariz sevmədi belə həyatı ?!
Axı tale yükü çiynimdə çoxdur …

       SÖZÜMÜZ

Söz ilə tanınar Tanrı kəlamı,
Söz ilə kəsərlər haqqı-salamı.
Sözün deyiləsi vardır məqamı,
Bir yanan ocaqdır,közdür sözümüz

Xəstəni söz ilə sağaldar həkim,
Düz sözlə ucalar,yenilməz heç kim.
Sözdən xeyir tapıb,yaşasa hər kim,
Bilər ki,dayaqdır,sözdür sözümüz.

Sözün yükü ağır,çəkmək çətindir,
Sözündə düz olan qoçaq,mətindir.
Söz bir kəsin deyil,bir millətindir,
Ucalan bayraqdır,sözdür sözümüz.

Cənnətə çevrilər söz ilə Vətən,
İpindən bilinər bez ilə kətən,
Tanrım məbəd qurdu sözə qiblədən,
Şəkkərdir,qaymaqdır,sözdür sözümüz.

Mübariz hər zaman deyər sözünü,
Sözüylə tanınar,görər özünü,
Ürəkdən istəyər,yazar sözünü,
Ulu bir maraqdır,sözdür sözümüz.

       QAR

Baxtı qara olanın,
Qəlbi yara olanın,.
Dərdə çara olanın,
Halına yağır, bu qar!

Ürəklərdən dərd-qəmi,
Könüllərdən məlhəmi,
Allı-güllü çəməni,
Öpməyə yağır, bu qar!

Hər dənəsi ulduz- ay,
Göydən yağan nurlu-pay..!
Donub bulaq,donub çay,
Yamanca yağır,bu qar!

Mübarizin sevinci !
Hər dənəsi bir inci…
Çöl-çəmənə birinci,
Yağan qar oldu,bu qar!

ÖLMƏK OLMAYIR AXI

İçim-içim yananda,
Gülmək olmayır axı.
Kimin nə çəkdiyini,
Bilmək olmayır axı.

Bəzən gül vaxtsız solur,
Sevən nigaran qalır,
Bəzən yol uzaq olur,
Gəlmək olmayır axı.

Övlad fərsiz çıxanda,
Öz evini yıxanda,
Düşmən gülüb baxanda,
Dözmək olmayır axı.

Dost keçilər ələkdən,
Kəsdiyin duz-çörəkdən,
Sevdiyini ürəkdən,
Silmək olmayır axı.

Ömür şirin gələndə,
Sevincini böləndə,
Ölüm yaxın gələndə,
Ölmək olmayır axı.

NAKƏSDƏN DOST OLMAZ

Sən mənim dostumsan deyən adamı,
Bir ara, çətinə düşəndə sına .
Bir azda dil açıb bir, kömək istə,
Bax onda tanınar kimliyi sənə…

Əsl dost unutmaz duzu – çörəyi ,
O,sənin halını gözündən anlar .
Səninlə döyünən məğrur ürəyi,
Səndə bir səhv olsa üzünə danlar !

Sirrini sir kimi O, gizli saxlar ,
Ağır günlərində durar yanında,
Sənin əzabların qəlbini dağlar ,
Səni tənha qoymaz, çətin anında !

Bel bağlama , şərəfsizə – namərdə ,
Çarəsiz qalsanda , əyilmə ona !
Sarsılıb , üzülüb , düşsəndə dərdə ,
Unut beləsini , su qatar qana !

Unutma sözümü ,saxla yadında ,
Yaltaqdan, nakəsdən dost ola bilməz !
Böyük bir hikmət var, dostluq adında!
Dost – dosta tən gələr, biganə qalmaz !

  YAZDIĞIM

Gözü tox,könlü toxam,
İçim,saf sular,içim.
Bu gün var,sabah yoxam,
Keçim,qıl körpü keçim.

Eşqdən gülüstan salım,
Düz edim yadda qalım.
Hamı bir olmur,zalım,
Yanıram, içim-içim.

Həyat çox kələ-kötür,
Baxtlar,ağ-qara,götür.
Tanrım,bu eşqi bitir,
Köçüm,nahaqdan köçüm.

Belim dik,üzüm ağdır,
Yollarım çılçıraqdı,
Sevən Mübariz sağdır,
Seçim,bu yolu,seçim.

CAN İLAHİ SƏRVƏTİDİR

Bilirəm öz yerimi,
Cüt atıram zərimi,
Hər dərdimi – sərimi,
Öz içimdə uduram.

Can İlahi sərvəti
Söz Tanrı əmanəti
Ömür tale qisməti
Ümidimə çatıram

Yox suçum,qorxum,hürküm,
Əynimdədir öz kürküm,
Utanmadım ət töküm,
Rahat yuxu yatıram.

Sərt keçirdim qışımı,
Daşa saldım xışımı,
Ağacımı, quşumu,
Şeirimə qatıram.

    İNANMIRAM

Gecə də, gündüz də əhdin pozubdur,
Bu yola,bu rizə inanmıram mən.
Gecələr yuxumu yalan yozubdur,
Lal baxan dənizə inanmıram mən.

Yalanı,talanı çoxdur dünyanın,
Könül təsəllisi yoxdur dünyanın,
İblis də, evini yıxdı dünyanın,
Dünyanın özünə inanmıram mən.

Yaranın üstünə köz basanların,
Əhdi-ilqarını tez pozanların,
O ülvi hisslərin,xoşbəxt anların,
Soyuyan közünə inanmıram mən.

Fırlanır tərsinə yerin oxu da,
Bir kərə görmədim yalan yuxuda,
Geridə qalıbdır ömrün çoxu da,
Çoxuna,azına inanmıram mən.

Ömrümü-günümü əlimdən alıb,
Sevən ümidlərim solub,saralıb,
Niyə dilim susub,gözüm qaralıb,
Aldadan gözünə inanmıram mən.

QƏRİBLİK

Bir qərib ölkədə yaşayan insan,
Tək-tənha ömürü sürdükcə yanır …
O , daim şərəflə qoruyur asan,
Bir uzaq diyarda yurdunu anır !

Bu dünya əzəldən belədir- belə,
Nə qoca saxlayıb ,cavana qıyır.
Dünyanın mizanı düzəlmir hələ,
Yanan ocaqları, viranə qoyur !

Öz tanrım ,duamı eşitsə bəsdir,
Biz ona inanıb şükürlər etdik..!
Bu ömrə təsəlli içimdə səsdir,
Nə yaxşı insanlıq yoluyla getdik .

Tur dağın Əlaya eylədi yaxın,
Nur uzlü elçisin sınadı ,Allah !
Bir dönüb diqqətlə tarixə baxın,
Bu dünya deyildir hamıya agah…

KÜSMƏDİM

Salxım-salxım arzularla yaşaram,
Dözə-dözə dərd içimdə daşaram,
Coşa-coşa şeirləri qoşaram,
Tanrı yazan taleyimdən küsmədim.

Ləçək-ləçək ümidlərim solanda,
Damla-damla gözümə yaş dolanda,
Neçə-neçə istəklərim qalanda,
Tanrı yazan taleyimdən küsmədim.

Gülə-gülə,gilə-gilə ağladım,
Bilə-bilə, ürəyimi dağladım,
Bölə-bölə sevincimi, çağladım,
Tanrı yazan taleyimdən küsmədim.

Əsə-əsə yaşamadım ömrümü,
Küsə-küsə yaşamaq da ömürmü?
Qorxa-qorxa heç demədim sözümü,
Tanrı yazan taleyimdən küsmədim.

           A DÜNYA

Altun gəncliyimi, aldın apardın,
Aldadıb toruna saldın,a dünya!
Şirin dillər ilə ruhumu sardın,
Elə bilirdim ki, baldın, a dünya!

Gözümün içinə danışdın yalan,
Tamam varlığımı eylədin talan.
Ögey balan oldum,mən ögey balan,
Sevinci əlimdən aldın, a dünya!

Daş üstə qoymadın yurdun daşını,
Əzaba,zillətə qatdın başımı.
Sel kimi axıtdın gözüm yaşını,
Haqqımı daşlara çaldın,a dünya!

Əydin, kaman kimi əydin qəddimi,
Çox erkən tanıtdın mənə həddimi.
Bu bir taledimi,bir qismətdimi?
Özün də məəttəl qaldın, a dünya!

        BU DAĞLARDADIR

Yolları dolanbac, hündür qayalı,
Sıldırım zirvəli, halal mayalı,
Dədəmin söy-kökü,eli,əyalı,
Nənəmin nəğməsi bu dağlardadır.

Meşəsi yamyaşıl xalı naxışlı,
Dumanı sürünən, çəni yağışlı,
Baharı gülərüz, ülvi baxışlı,
Babamın nəfəsi bu dağlardadır.

Çobanın örüşü oyadan səsi.
Yaşamaq həvəsi, qurmaq həvəsi.
Seyidin segahı, Xan zənguləsi.
Həyat möcüzəsi bu dağlardadır.

Behruzun, Məzgərin barlı meşəsi,
Yurdumun eşq dolu cənnət guşəsi,
Sevən ürəklərin qəmi,nəşəsi,
Ruhumun haqq səsi bu dağlardadır.

Ulular yurdunun sönməz ocağı,
Vətənin əbədi, isti qucağı,
Şair Mübarizin eşqi,sorağı,
Şirin zümzüməsi bu dağlardadır.

ŞAİRLƏRƏ

Söz üstündə əsməyi
Buyurub Tanrı bizə.
Düzü sapa düzməyi
Yazıb qismətimizə.

Nədənsə göz yumuruq
Hərdən bu həqiqətə.
Millətdən nə umuruq-
Biz gərəyik millətə!

Şair yazmasa düzü,
Ona şair deyilməz.
Tərəzidir el gözü,
Şair olan əyilməz.

Çalışın qorxmayın siz,
Ay qardaşlar, ölümdən.
Şair, şair olarsa,
Od qalanar külündən!

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şair Mübariz Ağaxan oğlu Süleymanlı yaradıcılığından

VƏTƏNİM
Təbrizim – candaşım, Bakım – yaddaşım,
Naxçıvan,İrəvan – canım,qardaşım.
Qubamla Qəbələm yazılı daşım,
Vurğunam yaşına, Azərbaycanım!

Hünər kitabımdı Muğanım-Milim,
Qarabağ – od tutub alışan dilim.
Dərbənd xəzinəmdi,Lənkəran ləlim,
Qurbanam daşına, Azərbaycanım!

Şamaxı – dağlara sərilmiş xalı,
Gəncənin, Bərdənin eşqdi amalı.
Şeirdi, nəğmədi Qazax mahalı,
Dolanım başına, Azərbaycanım!

Zərli Zaqatala, səfalı Tovuz,
Qorqud yadigarı ecazkar Oğuz…
Yer çıraq-çıraqdı, göy ulduz-ulduz,
Gəlməzmi xoşuna, Azərbaycanım!

Ulu Savalanın başı qarlıdı,
Kəpəzim, Murovum çox vüqarlıdı.
Şuşamın dağları düz ilqarlıdı,
Dözməz göz yaşına, Azərbaycanım!

Qəzvin,Gilan,Mərənd, Miyanə,Zəncan, Ərdəbil,Urmiyə,Şəbustər bir can, Sarab,Sulduz,Heris el Azərbaycan, Bəzəkdir qaşına Azərbaycanım!

Yardımlı, Astara, Lerik dağlarım –
Həzin nəğmə deyən lirik dağlarım.
Dərdimə, sərimə şərik dağlarım,
Könlümə aşina, Azərbaycanım!

Ağbaba, Zəngəzur, Göyçə yaylağı,
Ağdərə, Əsgəran – ərlər oylağı,
Qubadlı, Cəbrayıl, Laçın torpağı,
Yaz qatıb qışına, Azərbaycanım!

Ordubadla Babək, Şahbuzla Şərur
Basılmaz qaladır, vüqarla durur.
Səpilib comərdlik, çilənib qürur
O baş-bu başına, Azərbaycanım!

Əlincə, Cavanşir,Ərk, Bəzz qalası,
Qobustan qayası yadda qalası.
Azıx mağarası qədimlik xası,
Söz deməz boşuna, Azərbaycanım!

Şəkinin,Şirvanın şirin nəvası,
Şınıxın, Qusarın məlhəm havası,
Göygöllə Batabat nağıl dünyası,
Çəkir ağuşuna, Azərbaycanım!

Gəzib dolanmışam burda hər yanı,
Ağdamı, Ağdaşı, Ağsunu tanı!
Zərdab, Saatlını həm də Salyanı,
Səməndər quşunam, Azərbaycanım!

Balakən, Beyləqan böyük məbədim,
Gədəbəy, Goranboy, Yevlax da qədim.
Borçalım-qoçağım, ilkim, əbədim,
Demə ki, naşınam, Azərbaycanım!

Bir topa günəşdi Göyçayın narı,
Qaxın suyu olub könül baharı.
Kəlbəcər, Tərtərin bitər qubarı,
Durram savaşına, Azərbaycanım!

Gözəldi Masallı, Cəlilabad da,
Şəmkir də, Şabran da, Sabirabad da.
Xızı da, Xaçmaz da hər bir saatda
Sondu təlaşına, Azərbaycanım!

Xankəndi, Xocalı qəlbimi dağlar,
Zəngilan, Füzuli durmadan ağlar.
Mübariz özünü eldən soraqlar,
Baş əy yurd daşına, Azərbaycanım!

TƏBRİZİM

Xallı ceyran otlayanda düzündə,
Kədər gördüm Təbrizimin üzündə.
Ayrılığın həsrəti var gözündə,
Ürəkləri dağlayandı Təbrizim.

Eynəlidağ boylananda Səhəndə,
Bəzz qalası itər dumanda – çəndə,
Topxanadağ taleyindən küsəndə,
Hönkür-hönkür ağlayandı Təbrizim

Bir tarixdi hər qayası,hər daşı,
Tanrım bilir nələr çəkibdir başı,
Savalanım Babadağın qardaşı,
Bulaqların çağlayandır Təbrizim.

Yazılıb şəninə minlərlə dastan,
Ana yurdum başdan-başa gülüstan,
Makı qədim tarix,Miyanə ostan,
Şəbustər,Xoy,Kəndivandır Təbrizim.

Dərələri bürünəndə dumana,
Gur çayları səsin salar hər yana,
Düzlərində lalə bitən Muğana,
Ümidini bağlayandır Təbrizim.

Çaldıran,Urmiyə,Ərdəbil candır,
Əhər ,Qəzvin,Heris,Sarab,Zəncandır,
Mənim ana yurdum Azərbaycandır,
Bərabərin olmayandır Təbrizim.

Dolanmışam Qaradağ mahalını,
Çox dadmışam Küləşlinin balını,
Xəlillinin soruşdum əhvalını,
Çiçəklərin solmayandır Təbrizim.

Gələn qonaq Kəlheybəri soraqlar,
Behruzumda dişçatladan bulaqlar,
Məzgər,Balan,Aynalıda var bağlar,
Dəmirçi kənd mərd dayandı Təbrizim.

Dildən düşməz Şəhriyarla,Şirazi,
Könül oxşar Marağanın hər yazı,
Yada salsan qəmli axan Arazı,
Mübarizi tez duyandı Təbrizim.

ÖZÜMƏ
Sən gələndə sevinmişdi çox adam,
Gedəndə kim ağlayacaq bəs səni?
Axirətə üz tutanda, arxadan
Çağıracaq hansı doğma səs səni?

Elə et ki, sevənlərin çox olsun,
Yaxşılıq səp tarlasına ömrünün!
Nəfsini boğ, gözün-könlün tox olsun,
Savab qazan cəfasına ömrünün!

Süleymana qalmayan bu dünyanı
Süleymanlı tərk edəcək – bu, haqdır.
Buna görə anlayanı, duyanı
Saymamağın özü də bir günahdır.

NAMƏ
Sənə yazdığım namə,
Ürəyimin səsidir,
Dodağına qonacaq
Bir sevgi nəğməsidir.
Tez duyarsan misramdan,
Qəlbimdən gələn sözü.
Dərdinə dözməyirəm,
Ay mənim canım,gözüm.
Ürəyimə basmışam,
Sevgi sözün çiçək tək.
Mən ruhumla qalmışam,
Bu dünyada təkbətək.
Gözləyərəm cavabın,
Yazdığım hər sözlərin.
Dikiləcək yollara,
Həsrət çəkən gözlərim.
Darıxacaq ürəyim,
Sənsiz qaldığım gecə.
İnan kı,tənhalıqdan,
Halım olacaq necə?
Bükəcək yetim kimi,
Boynunu xəyallarım.
Gecələr üşüyəcək,
Darıxacaq qollarım.
Dan yeri söküləndə,
Qəlbim çiçək açacaq
Ümidlərim körpətək
Sevincindən uçacaq.

İNSAN

Yaradanın şah əsəri,
Adı dillərin əzbəri,
Yer üzünün baş dəyəri,
Adəmin övladı insan.

Yüz yol sınağa çəkilir,
Gözləri ömrə dikirlir,
Ömrü mənaya bükülür,
Adəmin övladı insan.

Bu dünyada gözü qalır,
Deyiləsi sözü qalır,
Yaxşılıqda izi qalır,
Adəmin övladı insan.

SÖZ OLSUN GƏRƏK

Başında papağın, altında atın,
Məqsədin, niyyətin düz olsun gərək.
Könlünü ram etsin ağıllı qadın
Sevincin, xoş günün yüz olsun gərək

Yediyin çörəyi etməsin zəhər,
Üzünə açılsın hər gün xoş səhər,
Canında qüvvətin,dizində təpər,
Kişitək hər sözün söz olsun gərək

Tanısın yerini, bilsin həddini
Qoymasın bükülə ər tək qəddini,
Aşmasın heç zaman sözün səddini
Küsüb barışmağa üz olsun gərək.

Gərəkdir nazını sən də çəkəsən,
Qayğıya, diqqətə, eşqə bükəsən.
İzi düşən yerə güllər əkəsən,
Atdığın hər addım öz olsun gərək.

İSTƏDİM

Pisə yaxşı demədim
Balıma şan istədim.
Heç vaxt haram yemədim
Tanrıdan can istədim

Nadanla barışmadım
Şər işə qarışmadım
Həddimi heç aşmadım
Ömrü rəvan istədim

Bir az gizli həsrəti
Bir az da səadəti
Tanrıya məhəbbəti
Eşqi pünhan istədim.

Düşdüm çox qaça-qaça,
Dərdimi alapaça,
Nifrəti paramparça,
Eşqi tamam istədim.

BİR AZ DA DOST CANLIYAM

Bir az əskim tüstülü
Bir az dəliqanlıyam.
Bir az sözüm ütülü
Bir az istiqanlıyam

Binadan gözü toxam,
Haqsız bir sözə yoxam,
Suçum yox ondan qorxam,
Sözü düz ünvanlıyam.

Bir az özündən küsən,
Kədərə,qəmə dözən,
Nahaqdan kənar gəzən,
İnsanam,imanlıyam

Şairəm öz dəmim var,
Əlimdə qələmim var,
Bir az söz aləmim var,
Bir az da dost canlıyam.

Kəsər vardır sözümdə,
Təpər vardır dizimdə,
Öz yolumda-rizimdə,
Əsl Azərbaycanlıyam.

DEYIR

Bəzən dilin demədiyin,
Əzəl andan gözlər deyir.
Tənha qalan çağlarında,
Qəlbə qonan sözlər deyir.

Razı qalmır bəzən çoxu,
Ömür yolun sayır heçə…
Sevən adam bilməz qorxu,
Gözdə yummaz, nakam köçə.

Könül verən canın verir,
Dadır eşqin şirin dadın.
Ömrün gözəl anın verir,
Ülvi tutar eşqin adın !

Susma, söylə gözlərinlə,
Açım sənə ürəyimi..!
Mənə söylə sözlərində,
Sonra bölüm çörəyimi !

Titrək səsin,əsən əlin,
Susan gözün deyir bəsdi.
Sevgi sözü baltək şirin ,
Ülvi addır,ülvi səsdir !

BU TALEYİ YAŞA BAŞDAN

Biz Tanrıya şükür etdik,
Nə kədərdən qaça bildik.
Bu dünyanı sevib, getdik,
Nə günəştək saça bildik.

İl aylara sığal çəkdi,
Aylar ili saldı yola…
Bil yaradan özü təkdi,
O, yaradan ola-ola.

Gileylənib , küsmə baxtdan,
Qəm kədəri qəlbdən boşa…
Gözləmə gəl, imdad vaxtdan,
Bu taleylə barış yaşa.

Saç ağardıb yuxu yozdum,
Səbr etdikcə gözüm güldü.
Qismətimdir, deyib dözdüm,
Kəm ömrümü hamı bildi !

Vaxt ötdükcə içim yandı,
Ta yoruldum qarlı qışdan.
Ay Mübariz ,ömür candı,
Bu taleyi yaşa başdan.

Müəllif: Mübariz SÜLEYMANLI (Ağaxan oğlu)

Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair-publisist

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Cəfər Cabbarlının anadan olmasının 125 illiyi

Vətənimin Xızı -Bərmək mahalı,
Dilimizin əzbəridir, sözüdür!
Xınalı dağların naxışı – xalı…
Azərbaycan gözəlliyin özüdür !

Xəbər verdiyimiz kimi bu il ölkəmizdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
28 aprel 2024-cü il tarixində Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədovun və TAİB-in sədri, akademik Sudeif İmamverdiyevin imzaladıqları tədbirlər planına əsasən növbəti tədbir Xızıda ədibin dünyaya gəldiyi ev-muzeyində düzənlənib.
TAİB-in sədr müavini Eyvaz Hümbətovun başçılıq etdiyi nümayəndə heyəti ən əvvəl Xızı rayonunun mərkəzində ucalan ümummili lider Heydər Əliyevin abidəsini,sonra şəhidlər xiyabanını daha sonra isə Cəfər Cabbarlının abidə- komplekslərini ziyarət edib,tər güllər düzüblər.


Tədbir Cəfər Cabbarlının ev-muzeyində davam edib.
Muzeyin direktoru Həcər Rəsulova TAİB gənclərinə və eləcə də digər qonaqlara ədibin həyat və yaradıcılığından bəhs edib,muzeyin yaranma tarixindən geniş söhbət açıb.
Qonaqları maraqlandıran suallara muzey rəhbəri cavablandırdıqdan sonra TAİB gənclər təşkilatının fəalları Cəfər Cabbarlı qısa və mənalı ömrü ilə bağlı qorunub saxlanılan materiallarla tanış olub,bəşəriyyətə böyük bir düha bəxş edən kiçik bir evin otaqlarını ziyarət ediblər.
Tədbir başa çatdıqdan sonra TAİB-in nümayəndələri Azərbaycan poeziyasının işıqlı simalarından biri,azman şair Mikayıl Müşfiqin də ev-muzeyini ziyarət ediblər.

Müəllif: Mübariz SÜLEYMANLI (Ağaxan oğlu)

Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair-publisist

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

I>>>>>>>>WWW.BEYDEMİR.RU


QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bayramınız mübarək olsun!

Mehriban insan, qayğıkeş və Vətənpərvər xanım , şair, yazıçı-publisist Təranə Məmmədə ithaf edirəm.

Təbim gəlib şeir qoşum,
Əli qızıl , könlü toxdan.
Ruhu sağlam ,gözəl insan ,
Ad-sanı var onun çoxdan !

Nə gözəl naxış toxuyur,
Əlvan – əlvan əsərləri.
Yazdığın ellər oxuyur,
Xatırlayır əsrləri.

Ürəklərə yol açıbdır,
Yazdığı hər hekayəsi.
Şeirləri nur saçıbdır,
Hər kəlmədə söz qayəsi!

Əynindəki mundirindən,
Qarabağın ətri gəlir.
Misrasından,cümləsindən,
Vətən adlı sətri gəlir !

Gül çöhrəli,nur üzlüdür,
Mələksima bir sonadır.
Azəridir dürr sözlüdür,
Xanım-xatın bir anadır.

Nə yaxşı ki hələ qalıb,
Sözə hörmət edən kəslər!
Haqq yolunu Tanrı salıb,
Ana deyib, Vətən səslər!

Müəllif: Mübariz SÜLEYMANLI

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mübariz Süleymanlı – Sevgi yağışı…

SEVGİ YAĞIŞI

Hanı mənim sənli dünyam?
Hanı mənim gözəl anım?
Odum sönüb közüm qalıb,
Çətin daha birdə yanam.

Hanı kövrək baxışların?
Hanı yağan göz yaşların?
Çox dəyişdi zaman bizi
Çətin nağıla inanım

Hanı sənlə qurduğumuz,
Kasıb koma,isti ocaq?
Hanı qoşa şəkillərdə ,
Lal məhəbbət qucaq-qucaq.

İndi sönən ümidlərin
Soyuq külü mənə bəsdir
İndi məni yaşadan da,
O günlərdən qalan səsdir.

Hanı göydən dərdiyim Ay?
Hanı o eşq,o hay- haray?
Qaytar mənə saf sevgimi,
Budur ömrümə düşən pay.

Hanı sənə baxdığım göz?
Hanı mənə verdiyin söz?
Özün mənə deyərdin ki…
Ədama döz,nazıma döz.

Hanı həsrət dolu baxış?
Ömrümüzdən keçsin bu qış
Gəlsin yenə bahar ətri
Çiçək-çiçək yağsın yağış.

Müəllif: Mübariz SÜLEYMANLI

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zəfərinə zəfər qatan “İrəvan” futbol komandası.

Zəfərinə zəfər qatan “İrəvan” futbol komandası.
“İrəvan “FK -nın 14 yaşlılardan ibarət komandası da bizi sevindirir.

Bu gün “İrəvan” futbol klubunun 14 yaşlılardan ibarət komandası
” Dalğa Arenada” “Mübariz ” FK klubu ilə üzləşib.
Belə ki, 14 yaş qrupundan ibarət “İrəvan” futbol komandası 6: 1 hesabılə rəqib “Mübariz” FK komandasını məğlub edib.
“İrəvan ” FK -nın 14 yaşlılardan ibarət futbol komandası bundan əvvəl 3:0 hesabilə “Rekord Bakı” komandasını məğlub etdi.
“İrəvan” FK nın 14 yaşlılardan ibarət komandasının baş məşqçisi Elman Şəfiyevdir.


Oyunu izləyənlər sırasında “İrəvan” İdman Şirkətlər Qrupunun rəhbəri, “İrəvan” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov,”İrəvan”FK nın prezidenti Zahid Niyazəliyev və vitse-prezidenti Həsən Həsənov da olub.

Müəllif: Mübariz SÜLEYMANLI

“İrəvan” FK-nın Mətbuat Xidmətinin rəhbəri

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mübariz Süleymanlı. Ay ana.

                    

AY ANA

Gözüm yolda qalıb,könlüm qan ağlar,
Dilim susar dinməz qəlbimi dağlar!
Yaddan çıxmaz anam, sənli o çağlar,
Canım fəda olsun sənə ay ana !

Fələk necə qıydı ana adına…
Zalım ölüm baxmaz bala andına…
Söylə ,necə çatım sənin dadına,
Canım fəda olsun sənə ay ana !

Körpə uşaq olum, baxım sözünə…
Layla deynən, başımı qoy dizinə !
Cənnət qapı qoy açılsın üzünə,
Canım fəda olsun sənə ay ana !

Qara telin bəyaz oldu neynədim,
Şaxta oldu,ayaz oldu neynədim..!
Nəzir oldu,niyaz oldu neynədim,
Canım fəda olsun sənə ay ana !

Ayaq açdım o an tutdun əlimdən,
Ana adı heç vaxt düşməz dilimdəm..!
Yıxılanda tez yapışdın belimdən,
Canım fəda olsun sənə ay ana !

Müəllif: Mübariz SÜLEYMANLI

İrəvan FK-nun mətbuat katibi.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru