ANAM Adına palaz deyib, Atdı ayağımızın altına dünyanı… Adına gəbə deyib, Asdı gözümüzün qabağına dünyanı… Dünyamız gəbə qaldı, Biz anlayana qədər naxışlarda… Ata sözünü öz dilində çatdırdı bizə Anam… Kimə çatdı, kimə hələ yüz ildən sonra çatacaq… Hər iki halda fayda var Anamın sözündə, Sirli tarixim yatır; Anamın hər ilməsində, Hər naxışında, Hər palazında, Hər gəbəsində… Ata sözünü cejimlərə toxuyub, Xurcunlara doldurdu Anam… Övladlara sovqat olsun deyə… İlmə-ilmə, fərş-fərş, xalı-xalı Gözümüzün önünə sərdiyi dünyanın İpliyi, yunu olduğunu anlatdı Anam… Kimi anladı, kimi yüz ildən sonra anlayacaq… Hər iki halda fayda var Anamın sözündə, Sirli tarixim yatır; Anamın hər ilməsində, Hər naxışında, Hər palazında, Hər gəbəsində… Ərşi ərişlərə köçürdü, Zəmini bükdü dükcələrə… İpin ucunu biləyimizə bağladı, Kələfin ucunu itirməyək deyə… Bir nişanı min dəfə kirkidlədi, Qulağımızda sırğa olsun deyə…. Dünyanı çeşni-çeşni tanıtdı bizə Anam… Simgə-simgə, damğa-damğa Anamın arğacından keçdi dünya… Atamın toqqasından Anamın çeşnisinə köçdü dünya… Dünya hər zaman gəbədir yeni dünyaya!!!
Ana həsrətinin poetik fəlsəfəsi (Nicat Ərtürkün “Ana həsrəti” kitabı haqqında) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu yenicə işıq üzü görmüş “Ana həsrəti” adlı kitab haqqında olacaq. Azərbaycan poeziyasında ana obrazı hər zaman müqəddəs, toxunulmaz və dərin mənəvi məna daşıyan bir zirvə kimi qəbul olunub. Bu zirvəyə qalxmaq isə yalnız səmimi hiss, daxili ağrı və poetik məsuliyyət tələb edir. Tanınmış şair Nicat Ərtürkün “Ana həsrəti” adlı şeirlər kitabı məhz bu mənəvi zirvəyə doğru atılmış səmimi və məsuliyyətli bir addımdır. QISA ARAYIŞ Nicat Ərtürk – Qasımzadə Nicat Ərrəhman oğlu 1982-ci ildə Naxçıvan MR-nın Sədərək rayonunun Sədərək kəndində anadan olub. İxtisasca ali təhsili iqtisadçıdır. Azərbaycan Yazıçılar Birliynin üzvü, ədəbiyyat sahəsində müvəffəqiyyətlərə görə təqdim edilən nüfuzlu “Qızıl qələm”, “Ziyadar” kimi mükafatların laureatıdır. “Səsləyir Zəngəzur, Qarabağ bizi” və “Zirvələrin fatehi” adlı kitabların müəllifidir. Haqqında söhbət açdığımız “Ana həsrəti” kitabı müəllifin oxucularla üçüncü görüşüdür. Kitabdakı nümunələr mövzusundan asılı olmayaraq bəzən həddindən artıq pafoslu görünsə də, əslində olduqca səmimi və fərdilikdən uzaq, ümumiləşdirilmiş problemlərin çözümü yolunda atılmış cəsarətli addımlar kimi qiymətləndirilməlidir. Kitabın adından başlayaraq oxucu dərhal anlayır ki, burada söhbət sadəcə fərdi bir kədərdən deyil, ümumbəşəri bir duyğudan – ana həsrətindən, insan varlığının ən kövrək və ən saf nöqtəsindən gedir. “Ana həsrəti” həm konkret bir itkinin ağrısı, həm də insanın mənəvi dayağını itirməsinin fəlsəfi izahıdır. Kitabda toplanmış şeirlərdə insan varlığının mənası, həyatın faniliyi, zamanın amansız axını və mənəvi dəyərlərin önəmi poetik düşüncə müstəvisində təqdim olunur. Şair şəxsi hiss və yaşantılarını ümumbəşəri ideyalar səviyyəsinə yüksəltməyi bacarır. Bu xüsusiyyət Nicat Ərtürkün poeziyasını sırf emosional ağrıdan çıxarıb dərin fəlsəfi qatlara daşıyır. Kitaba daxil edilmiş şeirlər içərisində ondan artıq nümunə adı və məzmunu ilə birbaşa anaya, ana həsrətinə bağlıdır. Bundan əlavə topludakı digər şeirlərin də böyük əksəriyyətinin ya məzmunu, ya da mətn daxilində bəzi fraqmentlər ana adı, ana həsrəti ilə dolayısıyla əlaqəlidir. Ana obrazı şeirlərdə yalnız bir insan deyil, mərhəmətin, qayğının, ilkin saflığın və ruhun sığınacağı kimi təqdim olunur. Ana itkisi isə sadəcə fiziki ayrılıq deyil, insanın iç dünyasında yaranan böyük boşluq, mənəvi yetimlik hissidir. “Ana həsrəti” kitabında dil sadə, anlaşıqlı, lakin dərin məna yüklüdür. Şair bəzəkli ifadələrdən daha çox, oxucunun qəlbinə toxunan səmimi sözlərə üstünlük verir. Bu sadəlik poeziyanın təsir gücünü azaltmır, əksinə, onu daha da gücləndirir. Nicat Ərtürkün şeirlərində daxili ahəng, ritm və emosional tarazlıq diqqəti cəlb edir. Hər misra bir hissin, bir düşüncənin daşıyıcısıdır. Oxucu bu şeirləri oxuyarkən təkcə müəllifin ağrısını deyil, öz daxilində gizlənmiş ana həsrətini də kəşf edir. Kitabın “Anamın əziz xatirəsinə ithaf edirəm” sözləri ilə başlaması bu poeziyanın ideya-mənəvi xəttini əvvəlcədən müəyyənləşdirir. Bu ithaf kitabı sadəcə bir şeir toplusu yox, ruhi etiraf, minnətdarlıq və sədaqət manifestinə çevirir. Oxucu anlayır ki, qarşısında duran misralar yazı masasında deyil, qəlbin ən dərin qatlarında doğulub. “Ana həsrəti” müasir oxucu üçün təkcə poetik zövq mənbəyi deyil, həm də mənəvi düşüncə kitabıdır. Bu şeirlər insanı öz kökünə, dəyərlərinə, valideyn sevgisinin əvəzsizliyinə qaytarır. Sürətli və maddiləşmiş dünyada bu cür əsərlər oxucuya dayanmağı, düşünməyi və hiss etməyi xatırladır. Ana həsrətinin poetik fəryadı, ümumiləşdirilmiş nisgil, milli kimlik məsələləri, əcdadlara ehtiram, özünü tanıma və təqdim etmə yuxarıda qeyd etdiyim kimi demək olar ki, topluda yer alan bütün nümunələrin məğzində dayansa da, söhbətimizi Nicat Ərtürkün “Ana həsrəti” kitabında (səhifə 53) yer almış eyni adlı şeirindən gətirəcəyim misallarla daha da zənginləşdirmək istəyirəm. Ana obrazı Azərbaycan poeziyasının ən müqəddəs, ən kövrək və ən dərin qatlarından birini təşkil edir. Bu obraz təkcə doğmalıq, qayğı və mərhəmət deyil, eyni zamanda insanın daxili dünyasının dayağı, mənəvi sığınacağıdır. Məhz bu baxımdan Nicat Ərtürkün “Ana həsrəti” şeiri ana mövzusuna həsr olunmuş əsərləri (əsərlər) içərisində xüsusi emosional dərinliyi və səmimiyyəti ilə seçilir. Şeirin ilk misralarından etibarən oxucu faciəli bir dönüş nöqtəsi ilə üz-üzə qalır: Dəyişdi gözümdə, dəyişdi zaman, Fırlandı başıma fırlandı dünyam. Bu misralarda zaman artıq adi axarında deyil. Ana itkisi ilə birlikdə zaman anlayışı da mənasını itirir, dünya oxun ətrafında fırlanan ağır bir yükə çevrilir. Şair burada şəxsi ağrını ümumbəşəri hissə çevirir: ana yoxdursa, həyatın nizamı da pozulur. Şeirin növbəti bəndlərində sevincin göz yaşına, evin işığının sönməsinə çevrilməsi təsvir olunur: Xoş günlər bir anda kədər döndü, Sevinc göz yaşlarım qəhərə döndü. Ana evin ruhudur. Onun yoxluğu təkcə bir insanın itkisi deyil, bir ocağın sönməsi, bir ailənin mənəvi sütununun dağılmasıdır. Şair bu həqiqəti bədii dillə, lakin son dərəcə real duyğularla ifadə edir. “Ana həsrəti” şeiri eyni zamanda insanın psixoloji sarsıntısının poetik gündəliyidir: Bir əsər qalmadı səbri-dözümümdən. Burada artıq təskinlik yoxdur. Şair etiraf edir ki, ana həsrəti qarşısında ən möhkəm iradə belə sarsılır. Bu etiraf şeiri daha da səmimi və inandırıcı edir. Əsərin diqqətçəkən cəhətlərindən biri də taleyə və zamana yönəlmiş açıq etirazdır: Etiraz edirəm sənsiz zamana, İstədim ki, artıq zaman dayana. Bu misralar insanın acı qarşısında acizliyini, eyni zamanda üsyankar ruhunu əks etdirir. Şair üçün zaman artıq şəfa verən deyil, əksinə, ağrını uzadan bir gücdür. Şeirin hər bəndinin sonunda təkrarlanan: Anama həsrət qaldığım günü misrası bir növ şeirin ürək döyüntüsünə çevrilir. Bu təkrar oxucunun yaddaşına həkk olunur və ana itkisinin unutulmaz, dəyişməz bir həqiqət olduğunu vurğulayır. Nicat Ərtürkün “Ana həsrəti” şeiri sadəcə bir şəxsi kədərin ifadəsi deyil. Bu əsər ana sevgisinin əvəzsizliyini, ana itkisi ilə insanın daxilində yaranan boşluğu, zamanla belə sağalmayan yaraları poetik dillə ortaya qoyur. Şeir oxucunu həm düşündürür, həm də öz ana xatirələri ilə üz-üzə qoyur. Bu əsər bir daha sübut edir ki, ana həsrəti – zamanla keçməyən, sözlərlə təsəlli tapmayan, yalnız poeziyada nəfəs alan bir dərddir. Nicat Ərtürk bu dərdi səmimi, sadə və təsirli bir dildə ifadə edərək oxucunun qəlbinə yol tapmağı bacarmışdır. Nicat Ərtürkün “Ana həsrəti” kitabı Azərbaycan poeziyasında ana mövzusuna həsr olunmuş səmimi, dərin və fəlsəfi kitablar arasında öz layiqli yerini tutmuşdur. Bu kitab oxucuya təkcə bir şairin daxili dünyasını deyil, hər bir insanın qəlbində gizlənən ana sevgisini və həsrətini göstərir. “Ana həsrəti” – bir kitabdan daha çox, bir qəlbin səsi, bir ruhun etirafı və bir ömrün poetik xatirəsidir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik. 28.02 – 01.03.2026. Bakı.
Sənin yoxluğundan otuz il keçir, Bu gün otuz ildi sənsizəm, ana. Təzədən canımı canına köçür, Baxıram səmtsiz, yönsüzəm, ana, Bu gün otuz ildi sənsizəm, ana.
Özünü üşüdən çovğunlu qışam, Gəzib dən axtaran yetim bir quşam, Elə kövrəlmişəm, elə dolmuşam, Bu gün otuz ildi sənsizəm, ana.
O vaxt dedim:- yaşım otuz ikidi, Neçə arzularım hələ dik idi. Vallah, anasızlıq ağır çəkidi, Bu gün otuz ildi sənsizəm, ana.
Həsrətin sinəmdə bitib, dəyibdi, Sənsizlik qəddimi yaman əyibdi. Başım əllərinçün qəribsəyibdi, Bu gün otuz ildi sənsizəm, ana.
Bir bacı, bir qardaş itirib gəldim Qəmi ürəyimdə bitirib gəldim, Keçdiyim yolları götürüb gəldim, Bu gün otuz ildi sənsizəm, ana.
İçimdə qaynayır qadam, gəzirəm, Çoxuna ögeyəm, yadam, gəzirəm, Dərdimi deməyə adam gəzirəm, Bu gün otuz ildi sənsizəm, ana.
…Sənin yoxluğundan otuz il keçir, Bu gün otuz ildi sənsizəm, ana. Təzədən canımı canına köçür, Baxıram səmtsiz, yönsüzəm, ana, Bu gün otuz ildi sənsizəm, ana.
Bayatı və nağıllarımızdan başlayaraq bu günə qədər bütün bədii nümunələrdə ana, vətən obrazı ön sırada dayanıb. Çünki ana həyatın, insanlığın yaradıcısı, vətən isə onu boya-başa çatdıran, qayğısına qalıb xoşbəxtliyə qovuşduran məkandır ki, onu anaya bərabər tutub Ana Vətən adlandırırıq. Ana və Vətənlə bağlı şeiri olmayan şairə rast gəlmək qeyri-mümkündür. Yaradıcılığında ana obrazını daha canlı və qabarıq şəkildə oxucularına təqdim edən sənətkarlardan biri də çağdaş poeziyamızın sayılıb-seçilən, Vətənə və Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən igid əsgərlərimizə həsr edilən şeirlərin və onlarla bağlı oxunan mahnıların mətninin müəllifi olan məhsuldar şairə Mahirə Nağıqızıdır.
M.Nağıqızının yaradıcılığı geniş və çoxşaxəlidir. Onlarla fundamental elmi əsərin müəllifi olmaqla yanaşı, həm də elə bir o qədər də şeir kitabının müəllifi olan şairənin yaradıcılığında ana obrazı digər obrazlardan daha qabarıq şəkildə diqqəti cəlb edir. Onun yaradıcılığında Vətən, Ana obrazını bir-biri ilə müqayisə etmək qeyri-mümkündür. Anaya həsr olunmuş şeirlərini oxuyanda gözlərimiz qarşısında Vətən, Vətənə aid şeirlərini oxuyanda isə ana canlanır.
Mahirə Nağıqızının yaradıcılığı geniş olduğundan mən bu məsələ ilə bağlı fikirlərimi yalnız onun 2020-ci ildə nəşr olunan 411 səhifəlik “Onun daş nağılı” kitabında anaya həsr olunan şeirlərlə bağlı söyləyəcəyəm.
Şairənin yaradıcılğı boyu anaya həsr etdiyi şeirlərin sayı ilə bağlı fikir söyləmək qeyri-mümkündür.
Yuxarıda adını qeyd etdiyimiz kitabda şairənin anaya həsr olunan üç şeiri verilmişdir.
Təkcə 2018-ci ildə (bir neçəsi 2017-ci ildə qələmə alınmışdır) yazılan şeirlərin içərisində, yəni bir il ərzində şairənin anaya üç şeir həsr etməsi onun anaya olan tükənməz məhəbbətinin sözlə ifadəsi kimi də qiymətləndirmək olar.
Göz yaşı anaların əlindədir. Övladları xoşbəxtliyə qovuşanda da, analarından ayrılıb uzaq səfərə çıxanda da, uzaq səfərdən qayıdanda da anaların göz yaşı dayanmaq bilmir. Ananın sevincdən axan göz yaşının ağrısına tab etmək qeyri-mümkündür.
Övlad həsrətinin onun qəlbində yaradacaq kədəri əvvəlcədən duyan ana bu həsrətin qarşısını almağa gücü çatmayanda gücü göz yaşı axıtmağa çatır.
Övladın isə anasına “ağlama” deməkdən başqa əlacı qalmır. Mahirə Nağıqızının şeirində olduğu kimi övladı üçün ağlayan anaya üz tutaraq şairə deyir:
Yenə qəlbim göynətməsin qəlbini,
Ağ saçını suya sərib ağlama.
Kim böləcək bölünməyən dərdini,
Fəqan çəkib qərib-qərib ağlama.
Hər kəsə məlumdur ki, ananın bir “can” kəlməsi, saçımıza çəkilən bir sığalı ən ağrılı dərdimizin dərmanı, narahat gecələrimizin rahatlığıdır.
Lakin bunun qarşılığında bizim analarımızın dərdlərinə şərik olmağımız, onun dərdini azaltmağımız qeyri-mümkündür.
Şairənin “Anama” adlanan bu şeirini oxuyanda gözlərimin qarşısına Qarabağ döyüşlərində şəhid olan, yaxud gedib qayıtmayan oğulların yolunu gözləyən qəlbi dağlı anaların matəmli obrazları dayanır.
Şairə şeirin ikinci bəndində anaya bu dünyada hər şeyin gəldi-gedər olduğunu söyləməklə, hər bir kəsin bu gedər-gəlməz yolun yolçusu olduğunu diqqətə çatdırmaqla onun dərdini azaltmağa çalışır və bu məqsədlə yazır:
Ah eləmə, ahu-zarın hədərdi,
Bu dünyada hər şey gəldi-gedərdi,
Göz yaşımnan göyətmişəm bu dərdi,
Təsəlli ver, durub-durub ağlama.
Şairənin “Anama” (səh.273) adlanan digər bir şeirində isə hər səfərə çıxan zaman hər şeydən əvvəl ata ocağının ziyarəti, ana xeyir-duasıyla qarşılanıb o xeyir-dua ilə yola salınma anı-mənzərəsi göz önünə gəlir. Səfərdən əvvəl üz tutduğu ata ocağının istiliyini ana qucağının istiliyi ilə müqayisə edən müəllif yazır:
Gəldiyim həmin ev, həmin ocaqdır,
Sənin qucağıntək güvənli, isti.
Bilmirəm nə istək, nə umacaqdır,
Qəlbim bura çəkir hər səfərüstü.
Bu cür ziyarətə səfərə çıxan hər bir kəs üz tuta bilər. Ancaq bu şeirin elə birinci bəndini oxuyanda qəlbini birdən-birə kədər duyğuları öz ağusuna alır. Çıxdığı səfərin sonunun necə qurtaracağını dəqiqləşdirə bilməyən bir övladın yaşadığı duyğuların poetik ifadəsi kimi.
Şairə öz dərdini-sərini öz canından artıq sevdiyi anasından gizlədir, onun dərdinin üzərinə dərd gətirməkdən, sevincinin üzərinə kölgə salmaqdan qorxur. O, yenicə ayrıldığı anasını illərin həsrətlisi kimi əzizləyir, ondan bir an belə ayrılığı illərin həsrətinə bənzədir və yazır:
Elə bil illərdir səni görmürəm,
Bu gün də görməsəm nəyim var itər,
Xoşhal danışıram, dərd bildirmirəm,
Üzümdən olanı oxusan yetər.
Şairə dərdinin çoxluğunu dilinə gətirib, onsuz da dərdi böyük olan ananın dərdini artırmaqdan çəkinir, söyləyib, anasının da dərdinin üstünə dərd qoymaq istəmir.
Dərdini anasına söyləyib onun da dərdini artırmaqdan çəkinən övlad buraya təkcə ananı görüb, onunla xudahafizləşmək fikrində deyil. Onun bu səfərindən üzüaq, qalib dönmək üçün ana xeyir-duasına ehtiyacı var. Elə bu fikirlə də şairə yazır:
Elə bil təzədən doğulacam mən,
Titrək əllərindən tutsam bir kərə.
Ay ana, neyniyim, deyə bilmirəm,
Ver xeyir-duanı çıxım səfərə.
Övladını yola salan ana da narahatdır. Onun hansı yaşda olmasına baxmayaraq, o, anasının gözündə uşaqdır. Ana övladı üçün etdiyi duaların qədəri ilə kifayətlənmir, bunun üçün Tanrıya müraciət edir, onu köməyə çağırır. Övlad ananın yaşadığı həyəcanı, keçirdiyi təlaşı duyaraq öz ürəyində deyir:
Narahat baxırsan, gizli baxırsan,
Gəzirsən davamı öz ahında sən.
Bilirəm min dəfə gedib çıxırsan,
Durursan Tanrının dərgahında sən.
Şairənin anaya həsr etdiyi üçüncü şeiri də “Anama”(səh.272) adlanır.
Bu şeirdə anaların çəkdiyi əzab-əziyyət, övladlarına göstərdiyi əvəzsiz qayğı öz yuxusuna haram qataraq səhərdən axşamadək onların qulluğunda dayanmaq, buna baxmayaraq üzündə həmişə təbəssümü qoruyub saxlamaq kimi müsbət keyfiyyətlər öz əksini tapır. Müəllif beş bəndlik şeirdə yaratdığı ana obrazını oxucularına nümunə göstərir. Özünün çəkdiyi ağrı-əzaba baxmayaraq, həmişə övladlarının qarşısına gülərüzlə çıxan, öz dərd-sərini onlardan gizli saxlamağa çalışan müqəddəs bir ana obrazı yaradır. Milyonlarla analara nümunə ola biləcək bir ana obrazı. Şairə obaşdan durub sakitcə dolaşa-dolaşa (uşaqlar yuxudan durmasın deyə) ev işlərini yerinə yetirən anaya müraciətlə deyir:
Yadımdan çıxmaz ki, hər səhər erkən,
Elə gəzinərdin evdə yavaşdan.
Nə cür çatdırırdın, deyə bilmərəm,
O boyda işləri durub o başdan…
Bu qayğı təkcə ananın övladlarına göstərdiyi qayğının göstəricisi deyil, bu, həm də özündən sonra gələn xanımlara-qızlara nümunə göstərilən ana obrazıdır. Ana övladına nəyi isə sözlə deyil, nümunə ilə göstərmək istəyir. Göstərmək istəyir ki, övladını sevən əsl ana necə olmalıdır, onlara necə qayğı göstərməlidir. Bu, bu gün övladlarını kiçik yaşlarından körpələr evinə, internatlara atıb qaçan tək-tək ana adına ləkə gətirənləri analıq şərəfini qorumağa səsləyən bir acı çağırışdır.
Müəllif əsl ananın hansı keyfiyyətlərə malik olmasını bu şeirdə qabarıq şəkildə ortaya qoyur.
Müəllifin şeirinin qəhrəmanı namazını və orucunu bir dəfə də olsun yadından çıxarmayan, əsl və nümunəvi bir Azərbaycan qadınıdır. Tapdığına şükr edən, onunla kifayətlənən bir Azərbaycan qadını. Elə bütün bunları nəzərdə tutaraq müəllif yazır:
Hər günə şükr etdin sabah ertələr,
Yaddan çıxarmadın oruc namazı.
Bir nəfər görmədi, səni bir nəfər,
Həyatdan gileyli, bəxtdən narazı.
Bütün bu əzab-əziyyətinə baxmayaraq ana öz övladlarından qayğısını əsirgəmir, yorulub əldən düşsə də, bu yorğunluğu övladlarından gizləməyə çalışır. Bunun üçün o heç vaxt üzündən təbəssümü azaltmır, əksinə daha da çoxaltmağa çalışır. Öz acısını təbəssümlə pərdələməyə çalışır; bunu duyan şairə yazır:
Sənə açılan gün sənin deyildi,
Bizlə bölüşübsən lap əvvəlindən.
Necə saxlayırdın möcüzə idi,
Yorğun gözlərində təbəssümü sən?!
Müəllif şeirdə ananın üzündə yaşatdığı bu təbəssümü övladlarının həyatda qazandıqları ən qiymətli var-dövlət hesab edir. O hesab edir ki, uşaq yaşlarından başlayaraq ana təbəssümü ilə əhatə olunan hər bir kəsin qisməti xoş bir gələcəkdir.
Şairə bu fikri sözlə ifadə edərək yazır:
O gözün nuruyla dünya göründü,
Oradan başladı yolumuz bizim.
Həmin təbəssümdür, bəlkə də, indi,
Ən böyük sərvəti hər birimizin.
Müəllif şeirin sonunda belə bir nəticəyə gəlir ki, həyatda nə varsa, hamısının özünə görə qədəri, qiyməti var. Həyatda nə varsa o müəyyən dəyərə, qiymətə malikdir. Həyatda olan bir varlıq var ki, ona qiymət vermək, dəyər vermək, onu dəyərləndirmək insan düşüncəsindən kənar bir məsələdir. Bunu nəzərə alan şairə şeirin son bəndində deyir:
Ay ana, bilirəm bu kainatda,
Qiymətli nə varsa oyun-oyuncaq.
Hər şeyin qiyməti olur həyatda
Sənin qiymətini tapmadım ancaq.
Ana zəhmətinə, ana sevgisinə dəyər verməyi bacarmaq hər kəsə, hər övlada, hər şairə qismət olan qabiliyyət deyildir. Özü də analıq şərəfini daşıyan bir şəxsin-bir şairənin anaya verdiyi qiymət tamamilə başqa bir məsələdir.
Bizə elə gəlir ki, anaya həsr edilən bu şeirləri oxuyan hər bir gənc qız əsl ananın hansı keyfiyyətlərə sahib olmalı olacağını bu şeirlərdən öyrənəcək, bu şeirlərdə söylənənləri öz həyati istəklərinə çevirəcək.
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri doktoru, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru
Müasir rus ədəbiyyatının gənc şairələrindən (ixtisasca jurnalist) olan Vera Polozkovanın uşaqlar üçün yazmış olduğu iki şeir Cəvahir Tanrıverdinin tərcüməsində (Вера Полозкова. Стихи.):
MƏNİM ƏZİZ ANAM
Gəlib məqalə yazmağa Budur mənim əziz anam. İş başlayıb, mən qoynunda Bükülmüşəm, yurd salmışam.
Öhdəsindən gəlsin gərək Yüz iş, beş yüz bir sualın. Mən özümlə götürmüşəm Sarı topu, al qatarı.
O, əlbəttə, deyəcəkdir: “Sürüş, düş, öz otağın var.” Aydındır, burda lazımam, Hər ailədə bir birlik var.
Lap yatmaq vaxtı gəlsə də, Axşam düşsə də, getmirəm. Bilirəm, çətindir ona, Mən ki kömək etməliyəm.
Uğursuzluqdan, pislikdən Qaçıb sevgiylə durmuşuq. Qorxma, ana, səninləyik Mən, qatarım, bir də topum.