Şair Mübariz Ağaxan oğlu Süleymanlı yaradıcılığından

VƏTƏNİM
Təbrizim – candaşım, Bakım – yaddaşım,
Naxçıvan,İrəvan – canım,qardaşım.
Qubamla Qəbələm yazılı daşım,
Vurğunam yaşına, Azərbaycanım!

Hünər kitabımdı Muğanım-Milim,
Qarabağ – od tutub alışan dilim.
Dərbənd xəzinəmdi,Lənkəran ləlim,
Qurbanam daşına, Azərbaycanım!

Şamaxı – dağlara sərilmiş xalı,
Gəncənin, Bərdənin eşqdi amalı.
Şeirdi, nəğmədi Qazax mahalı,
Dolanım başına, Azərbaycanım!

Zərli Zaqatala, səfalı Tovuz,
Qorqud yadigarı ecazkar Oğuz…
Yer çıraq-çıraqdı, göy ulduz-ulduz,
Gəlməzmi xoşuna, Azərbaycanım!

Ulu Savalanın başı qarlıdı,
Kəpəzim, Murovum çox vüqarlıdı.
Şuşamın dağları düz ilqarlıdı,
Dözməz göz yaşına, Azərbaycanım!

Qəzvin,Gilan,Mərənd, Miyanə,Zəncan, Ərdəbil,Urmiyə,Şəbustər bir can, Sarab,Sulduz,Heris el Azərbaycan, Bəzəkdir qaşına Azərbaycanım!

Yardımlı, Astara, Lerik dağlarım –
Həzin nəğmə deyən lirik dağlarım.
Dərdimə, sərimə şərik dağlarım,
Könlümə aşina, Azərbaycanım!

Ağbaba, Zəngəzur, Göyçə yaylağı,
Ağdərə, Əsgəran – ərlər oylağı,
Qubadlı, Cəbrayıl, Laçın torpağı,
Yaz qatıb qışına, Azərbaycanım!

Ordubadla Babək, Şahbuzla Şərur
Basılmaz qaladır, vüqarla durur.
Səpilib comərdlik, çilənib qürur
O baş-bu başına, Azərbaycanım!

Əlincə, Cavanşir,Ərk, Bəzz qalası,
Qobustan qayası yadda qalası.
Azıx mağarası qədimlik xası,
Söz deməz boşuna, Azərbaycanım!

Şəkinin,Şirvanın şirin nəvası,
Şınıxın, Qusarın məlhəm havası,
Göygöllə Batabat nağıl dünyası,
Çəkir ağuşuna, Azərbaycanım!

Gəzib dolanmışam burda hər yanı,
Ağdamı, Ağdaşı, Ağsunu tanı!
Zərdab, Saatlını həm də Salyanı,
Səməndər quşunam, Azərbaycanım!

Balakən, Beyləqan böyük məbədim,
Gədəbəy, Goranboy, Yevlax da qədim.
Borçalım-qoçağım, ilkim, əbədim,
Demə ki, naşınam, Azərbaycanım!

Bir topa günəşdi Göyçayın narı,
Qaxın suyu olub könül baharı.
Kəlbəcər, Tərtərin bitər qubarı,
Durram savaşına, Azərbaycanım!

Gözəldi Masallı, Cəlilabad da,
Şəmkir də, Şabran da, Sabirabad da.
Xızı da, Xaçmaz da hər bir saatda
Sondu təlaşına, Azərbaycanım!

Xankəndi, Xocalı qəlbimi dağlar,
Zəngilan, Füzuli durmadan ağlar.
Mübariz özünü eldən soraqlar,
Baş əy yurd daşına, Azərbaycanım!

TƏBRİZİM

Xallı ceyran otlayanda düzündə,
Kədər gördüm Təbrizimin üzündə.
Ayrılığın həsrəti var gözündə,
Ürəkləri dağlayandı Təbrizim.

Eynəlidağ boylananda Səhəndə,
Bəzz qalası itər dumanda – çəndə,
Topxanadağ taleyindən küsəndə,
Hönkür-hönkür ağlayandı Təbrizim

Bir tarixdi hər qayası,hər daşı,
Tanrım bilir nələr çəkibdir başı,
Savalanım Babadağın qardaşı,
Bulaqların çağlayandır Təbrizim.

Yazılıb şəninə minlərlə dastan,
Ana yurdum başdan-başa gülüstan,
Makı qədim tarix,Miyanə ostan,
Şəbustər,Xoy,Kəndivandır Təbrizim.

Dərələri bürünəndə dumana,
Gur çayları səsin salar hər yana,
Düzlərində lalə bitən Muğana,
Ümidini bağlayandır Təbrizim.

Çaldıran,Urmiyə,Ərdəbil candır,
Əhər ,Qəzvin,Heris,Sarab,Zəncandır,
Mənim ana yurdum Azərbaycandır,
Bərabərin olmayandır Təbrizim.

Dolanmışam Qaradağ mahalını,
Çox dadmışam Küləşlinin balını,
Xəlillinin soruşdum əhvalını,
Çiçəklərin solmayandır Təbrizim.

Gələn qonaq Kəlheybəri soraqlar,
Behruzumda dişçatladan bulaqlar,
Məzgər,Balan,Aynalıda var bağlar,
Dəmirçi kənd mərd dayandı Təbrizim.

Dildən düşməz Şəhriyarla,Şirazi,
Könül oxşar Marağanın hər yazı,
Yada salsan qəmli axan Arazı,
Mübarizi tez duyandı Təbrizim.

ÖZÜMƏ
Sən gələndə sevinmişdi çox adam,
Gedəndə kim ağlayacaq bəs səni?
Axirətə üz tutanda, arxadan
Çağıracaq hansı doğma səs səni?

Elə et ki, sevənlərin çox olsun,
Yaxşılıq səp tarlasına ömrünün!
Nəfsini boğ, gözün-könlün tox olsun,
Savab qazan cəfasına ömrünün!

Süleymana qalmayan bu dünyanı
Süleymanlı tərk edəcək – bu, haqdır.
Buna görə anlayanı, duyanı
Saymamağın özü də bir günahdır.

NAMƏ
Sənə yazdığım namə,
Ürəyimin səsidir,
Dodağına qonacaq
Bir sevgi nəğməsidir.
Tez duyarsan misramdan,
Qəlbimdən gələn sözü.
Dərdinə dözməyirəm,
Ay mənim canım,gözüm.
Ürəyimə basmışam,
Sevgi sözün çiçək tək.
Mən ruhumla qalmışam,
Bu dünyada təkbətək.
Gözləyərəm cavabın,
Yazdığım hər sözlərin.
Dikiləcək yollara,
Həsrət çəkən gözlərim.
Darıxacaq ürəyim,
Sənsiz qaldığım gecə.
İnan kı,tənhalıqdan,
Halım olacaq necə?
Bükəcək yetim kimi,
Boynunu xəyallarım.
Gecələr üşüyəcək,
Darıxacaq qollarım.
Dan yeri söküləndə,
Qəlbim çiçək açacaq
Ümidlərim körpətək
Sevincindən uçacaq.

İNSAN

Yaradanın şah əsəri,
Adı dillərin əzbəri,
Yer üzünün baş dəyəri,
Adəmin övladı insan.

Yüz yol sınağa çəkilir,
Gözləri ömrə dikirlir,
Ömrü mənaya bükülür,
Adəmin övladı insan.

Bu dünyada gözü qalır,
Deyiləsi sözü qalır,
Yaxşılıqda izi qalır,
Adəmin övladı insan.

SÖZ OLSUN GƏRƏK

Başında papağın, altında atın,
Məqsədin, niyyətin düz olsun gərək.
Könlünü ram etsin ağıllı qadın
Sevincin, xoş günün yüz olsun gərək

Yediyin çörəyi etməsin zəhər,
Üzünə açılsın hər gün xoş səhər,
Canında qüvvətin,dizində təpər,
Kişitək hər sözün söz olsun gərək

Tanısın yerini, bilsin həddini
Qoymasın bükülə ər tək qəddini,
Aşmasın heç zaman sözün səddini
Küsüb barışmağa üz olsun gərək.

Gərəkdir nazını sən də çəkəsən,
Qayğıya, diqqətə, eşqə bükəsən.
İzi düşən yerə güllər əkəsən,
Atdığın hər addım öz olsun gərək.

İSTƏDİM

Pisə yaxşı demədim
Balıma şan istədim.
Heç vaxt haram yemədim
Tanrıdan can istədim

Nadanla barışmadım
Şər işə qarışmadım
Həddimi heç aşmadım
Ömrü rəvan istədim

Bir az gizli həsrəti
Bir az da səadəti
Tanrıya məhəbbəti
Eşqi pünhan istədim.

Düşdüm çox qaça-qaça,
Dərdimi alapaça,
Nifrəti paramparça,
Eşqi tamam istədim.

BİR AZ DA DOST CANLIYAM

Bir az əskim tüstülü
Bir az dəliqanlıyam.
Bir az sözüm ütülü
Bir az istiqanlıyam

Binadan gözü toxam,
Haqsız bir sözə yoxam,
Suçum yox ondan qorxam,
Sözü düz ünvanlıyam.

Bir az özündən küsən,
Kədərə,qəmə dözən,
Nahaqdan kənar gəzən,
İnsanam,imanlıyam

Şairəm öz dəmim var,
Əlimdə qələmim var,
Bir az söz aləmim var,
Bir az da dost canlıyam.

Kəsər vardır sözümdə,
Təpər vardır dizimdə,
Öz yolumda-rizimdə,
Əsl Azərbaycanlıyam.

DEYIR

Bəzən dilin demədiyin,
Əzəl andan gözlər deyir.
Tənha qalan çağlarında,
Qəlbə qonan sözlər deyir.

Razı qalmır bəzən çoxu,
Ömür yolun sayır heçə…
Sevən adam bilməz qorxu,
Gözdə yummaz, nakam köçə.

Könül verən canın verir,
Dadır eşqin şirin dadın.
Ömrün gözəl anın verir,
Ülvi tutar eşqin adın !

Susma, söylə gözlərinlə,
Açım sənə ürəyimi..!
Mənə söylə sözlərində,
Sonra bölüm çörəyimi !

Titrək səsin,əsən əlin,
Susan gözün deyir bəsdi.
Sevgi sözü baltək şirin ,
Ülvi addır,ülvi səsdir !

BU TALEYİ YAŞA BAŞDAN

Biz Tanrıya şükür etdik,
Nə kədərdən qaça bildik.
Bu dünyanı sevib, getdik,
Nə günəştək saça bildik.

İl aylara sığal çəkdi,
Aylar ili saldı yola…
Bil yaradan özü təkdi,
O, yaradan ola-ola.

Gileylənib , küsmə baxtdan,
Qəm kədəri qəlbdən boşa…
Gözləmə gəl, imdad vaxtdan,
Bu taleylə barış yaşa.

Saç ağardıb yuxu yozdum,
Səbr etdikcə gözüm güldü.
Qismətimdir, deyib dözdüm,
Kəm ömrümü hamı bildi !

Vaxt ötdükcə içim yandı,
Ta yoruldum qarlı qışdan.
Ay Mübariz ,ömür candı,
Bu taleyi yaşa başdan.

Müəllif: Mübariz SÜLEYMANLI (Ağaxan oğlu)

Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair-publisist

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir