Etiket arxivi: Müslimova Miyasət Şeyxovna

Sükut kölgətək çöküb düşür damların üstə

DAŞ TRİPTİX

1
Burada kimsə varmı?..

Sükut kölgətək çöküb düşür damların üstə,
boğazını göynədir divarlar arasında daş yuxulu tozlu gil, qəm süzülür qum kimi.
Qalxıb dinməz bir xəbər
ucalır göyə… göyə
öz daşını axtarır, əbədi sükunəti yalvarıb alsın deyə.

İçində bal quruyan kövrək arı şanları
toza dönüb sovrulur yellərin nəfəsiylə –
zirvələrin ovcuna qısılaraq uyuyur gil suvaqlı daxmalar.
Ehey, ehey! Hay verin! Burada bir kimsə var?..
Susqun keçmişi ilə burum-burum qarışır dumanlara qayalar,
Otlarıyla sağaldır bu dərin dərələrdə qırışları küləklər, hamarlanır çapıqlar.

2
Kəklikotu qoxulu çörək bişmir ocaqda, yayılmır acı tüstü kəndin damları üstə,
Çiyninə kuzə qoymur bulaq cığırlarında Ubranın1 qadınları.
İsti, cod nəfəsiylə inəklər toxunmayır ətirli tər otlara,
Qarşılamır dönəndə sürünü düşən axşam
Çayın şır-şır səsiylə, lak dilinin o doğma, qüssəli nəğməsiylə.

Kimsə olubmu burda?..

Ovuclarda soyuyur daşa hopub gizlənən əski, uzaq nəvaziş,
Tozlu dodaqlardasa acı dadır son öpüş.
Oh, “bağışla” sözünü çox gecikmiş olsa da qəbul edərmi göylər,
kədər dolub daşanda müqəddəs Vatsilunun2 lal sükutu içində,
üzdə şırımlar açsın tənha qalan günlərin sonsuz ümidsizliyi…

Kimsə var olacaqmı?..

3
Səslər – nitqin oğlan çağı,
dağların sözə nə ehtiyacı?
Nalı olmayan at kimi
şikəstdir burada danışan.
Səslər – nitqin qoşunu,
qədim sözlərin gəncliyi –
yaddaşla sağaldar yaraları.
Və ocağı geri qaytarar.
Ana sözü,
salam,
yaşa,
ata yaddaşı.
Nitqin unudulması –
köləlik,
yaddaşsız həyat –
təkcə toz.

26.09.2026

1 Ubra – Dağıstanın Lak rayonunda kənd
2 Vatsilu – Dağıstanın Lak rayonunda müqəddəs dağ

DƏRBƏND

Şahzadə Buduru ararsan demək –
Yoxsa Narın qala nəyinə gərək?
Enir arxasında sərt divarların
Dərbənd – qədim şəhər – dənizə sarı.
Bürküsü yayılır isti günlərin,
Yumşalır sərtliyi daş əsrlərin.
Cırcıramaların xor avazıyla
Zaman həzzə dalır şıltaq nazıyla.

Bəlkə də əsirəm burda özüm də,
Sonsuzdu qalanın səddi gözümdə.
Dolanbac, toxunma tor kimi yollar
Qədim məhlələrdən çıxardır səni
Açıq məzarlığın genişliyinə.
Mazğallar içindən boylanan dəniz
Yüngül və qayğısız, aydın, tər-təmiz.
Sanki yox heç sirli dərinlikləri,
Sanasan sular da bilmir duz nədir.

O qədim Roma da hələ mürəstə¹
Ağsaçlı Dərbəndin dizləri üstə.
Dənizin yanında – düşüb kölgəsi
Hələ xışıldayan çinarlar altda –
Mürgüyə dalıbdır o şirin-şirin.
Hündür divar üstə dayanmışam mən
Qor kimi isti yay pillələrində.
Közərir yaddaşı yüzilliklərin,
Qəfildən göynəyir, yanır hər yerim.

Xəzər basqınları – nalələr, ahlar,
Fars xanədanları – sonsuz tamahla,
Şirvanşah ordusu, ya Qızıl Orda,
Keçib xəlifələr, əmirlər burdan.
Suvanıb daşların çopurlarında
Mütləq hökmranlığın çox ağır yükü.
Ovcumun altında yanır bir qala –
Bu çılğın dünyanı soyudacağam.

Günlərin ilğımı içindən keçib
Yol açır əsrara nurani zəvvar.
Qırx sadiq əshabə daş əsgər kimi
Qoruyur Rəsula sədaqətini.
Bu daş sarkofaqlar qərar tutublar
Bir daş karxananın sükutu üstə.
Xəncər qəbzəsitək qəbir daşları
Susurlar dünyanın başı üstündə.

Məhəbbət cəzaya çevriləcəkdir –
Gəl unut Buduru, ovunmasız qəlb.
Vətənin yaddaşı daha böyükdür,
Tarix və itkilər salnaməsindən.
Evinə, yurduna qarşı günahdan
Yoxdur daha ağır başqa bir günah..
Bircə tək zamandır günahsız olan,
Çünki hər gizlidən odur xəbərdar,
Tanımır geriyə dönüş yolunu.

1 – mürəstə – yeniyetmə və ya gənc, “növrəstə” sözünün təhrifindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti).

04.11.2026

SEVGİ HAQQINDA BİR KƏLMƏ DƏ

İlğımlar uyuyur
dənizlərimin dibində.
İtkilərimin beşiyini
yırğalayır dalğalar.
Sevgidən bir kəlmə də –
o sözlərə tökülməz.
Onu sükut daşıyır.
Sevgi onun haqqında
danışmadan yaşayır.

Sevgidən bir kəlmə də –
yalnız
dənizin incəliyi
gücün qüruru və qüssəsi,
ucalığın bəslədiyi iradə.
Döyüşçütək sərt təkliyin döyünən qəlbi, sədaqətli əli.
Sevgidən bir kəlmə də…

14.11.2026

Müəllif: Miyasət Müslimova
Tərcüməçi: Zeynəb Cəmaləddin

Miyasət Müslimovanın yazıları

Zeynəb Cəmaləddinin yazıları

Mustafa Müseyiboğlunun irsi

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müslimova Miyasət Şeyxovna

Müslimova Miyasət Şeyxovna

16 kitabın müəllifi, şair, publisist, tərcüməçi, ədəbiyyatşünas, Rusiya Yazıçılar İttifaqının Dağıstan şöbəsinin sədri, Qafqaz Yazarlar Klubunun prezidenti, Qüds Beynəlxalq Yazıçılar İttifaqının üzvü, (Rusiya PEN Mərkəzi) – Müslimova Miyasət Şeyxovna, Dağıstanın Lak rayonunun, Ubra kəndində anadan olub.
D.R. Başçısının, D.R. görkəmli mədəniyyət xadimi kimi dörd dəfə təqaüd sahibi olub.
D.R. ədəbiyyat sahəsində Dövlət Mükafatı laureatı, “Qızıl qartal” respublika jurnalist mükafatı laureatı, Rəsul Həmzətov adına Respublika Mükafat Laureat adına layiq görülüb.
“İnsan hüquqlarının müdafiəsi” nominasiyasında “Qızıl qartal” respublika jurnalist mükafatı laureatı və s.
Şeirlər italyan, yunan, gürcü, fars, alman, osetin, lak, belarus, balkar, abxaz, noqay, Azərbaycan dillərinə tərcümə edilib.
D.D.U. – da, məktəblərdə dərs deyib, Dağıstan Respublikası Prezidentinin analitik – İnformasiya şöbəsini yaradıb və ona rəhbərlik edib, təhsil və elm nazirinin müavini, mətbuat və informasiya nazirinin müavini, Rusiya Federasiyası Dövlət Duması deputatının köməkçisi, Dağıstan Təhsilin İnkişafı üzrə İnstitutunun elmi iş üzrə prorektoru vəzifələrində çalışıb.
Hazırda – A. Taxo-Qodi adına Dağıstan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun Rus dili və ədəbiyyatı sektorunun böyük elmi işçisi vəzifəsində çalışır.

Təqdim etdi: Zeynəb CƏMALƏDDİN

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlunun irsi

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I