
ARXASI BAĞLI VƏ KİMLƏRƏSƏ GÜVƏNƏNLƏR
1983-cü ildən başlayaraq indiyədək 3 minə yaxın informasiya və məqaləm 50-dən çox adda qəzet və jurnallarda dərc edilmişdir. Bəli, düz eşitdiniz. Nümunə üçün qəzet və jurnallardan saxlamışam. Kitablar müəllifiyəm. İşimlə əlaqədar olaraq uzun illər ərzində yüzlərlə müxtəlif idarələrin rəhbərləri ilə görüşmüşəm. Onlardam müsahibə almış və fəaliyyətlərini qəzetlərin səhifələrində işıqlandırmışam. Qeyd etmək istəyirəm ki, bəzi idarə rəhbərlərinin insanlarla münasibətdə mədəni səviyyələri çox aşağıdır. Baxmayaraq ki, idarə rəhbərlərinin əksəriyyəti ali təhsillidir, onların bəzilərinin davranışında etik normalardan kənara çıxılır, işçilərlə münasibətdə söyüş söyülməsinə, işçinin təhqir olunmasına, alçaldılmasına, bəzən əxlaqsızlığa rast gəlinir. Bir kollektivə rəhbərlik edən şəxs o kollektivin bütün üzvləri üçün nümunə olmağa çalışmalıdır. O, mədəni səviyyəsinin yüksəldilməsinə, insanlara qarşı hörmətlə yanaşılmasına, mənəvi, əxlaqi dəyərlərin özündə toplanmasına səy göstərməlidir. Məmurların içərisində ünsiyyət və davranışı normal olanlara çox rast gəlmişəm. Bəzən də etik qaydalara riayət etməyən, qarşısındakı şəxslə kobud danışanlar da olub…
…1994-cü ilin payız ayı idi. İşində onlarla nöqsanı olan, iş prosesində qanunsuzluqlara yol verən, işinə şəxsi qazanc mənbəyi kimi baxan bir kişi məmurla görüşüb müsahibə aldım. O, hiss edəndə ki, tənqidi məqalə yazacağam, əsəbi şəkildə dedi:
-Mən elə-belə adam deyiləm. Arxam da bağlıdır. Sənin yazınla mənə nə edəcəklər ki?
Oradan uzaqlaşdım. Bir neçə gündən sonra qəzetlərin birində “Arxası bağlı” başlıqlı tənqidi məqaləm dərc edildi. O dövrlərdə qəzet oxuyanların sayı çox idi. Bir neçə gündən sonra “arxası bağlı” olan şəxs redaksiyaya gəldi, mənimlə kobud danışdığına görə üzr istədi və söhbətində vurğuladı ki, tənqidi məqaləyə görə artıq onu prokurorluğa çağırıblar…
…2001-ci ildə Bakının Sabunçu rayonunun bir məktəbində oldum. Səhər saat 8 radələrində dərslər başlasa da, direktor saat 10-da işə gəldi. Kənardan onu müşayiət edirdim. Qadın direktor o qədər kök idi ki, hərbi hazırlıq müəlliminin “Jiquli” markalı maşınından düşə bilmədi. Təsəvvürünüzə gətirin: məktəbin iki nəfər xadiməsi maşına yaxınlaşdı, onlar direktorun qoluna girib maşından çıxardılar. Direktor maşından düşdükdən sonra, yavaş addımlarla təxminən 4-5 pilləkanı yuxarı çıxdı və məktəbin birinci mərtəbəsinə daxil oldu. Xadimələr onun qolundan bərk-bərk yapışmışdılar, sanki yıxılacağından qorxurdular. Direktor çox kök olduğundan güclə yeriyirdi. O, kabinetə daxil oldu. 10 dəqiqədən sonra mən onun kabinetinə daxil oldum və qəzet üçün məqalə yazmaq istədiyimi bildirdim. O, bir neçə sualıma cavab verdi. Sonra ona bir sual verdim:
-Siz maşından çətinliklə düşdünüz və çətinliklə öz kabinetinizə gəldiniz. Rəhbərlik etdiyiniz məktəb üç mərtəbədən ibarətdir. Heç olmasa ayda bir dəfə ikinci və üçüncü mərtəbəyə çıxıb siniflərə daxil olursunuzmu? Axı, məktəbin hər bir sinfində sizin iziniz olmalıdır.
Sualımı eşidən direktor bərk əsəbiləşdi:
-Mən göbələk deyiləm, yerdən də çıxmamışam. Çox yerdə mənim dostlarım var. Başa düşdün?
Sonra o, mənim tanıdığım bir neçə məmurun, jurnalistin, nazirlik işçilərinin adını çəkərək məni qorxutmaq istədi.
Bir neçə gündən sonra “İnsan hüquqları” qəzetində “Mən göbələk deyiləm, yerdən də çıxmamışam” başlıqlı tənqidi məqaləm dərc edildi. Məqalədə onun güvəndiyi “dostlarının” da adını çəkmişdim. Yazıda digər faktlar da var idi. Tənqidi faktlara tədbir görməkdən ötrü qəzeti üç yerə ünvanladım. Bir aydan sonra direktor işdən çıxarıldı…
…İnsan mənəviyyatının bir tərəfi də insanın yalan danışmamasıdır. Yalan ailədə və cəmiyyətdə bir çox mənfi fəsadlar törədir. Ləyaqətli insan yalan danışmamağa çalışır. Lakin cəmiyyətdə rastlaşdığımız yalanlar yetərincədir. Rastlaşdığım belə yalanlardan biri haqqında danışmaq istəyirəm.
1998-ci ilin söhbətidir. Qəzet üçün material hazırlamaqdan ötrü Bakının Sabunçu rayonunun böyük səhiyyə müəssisələrindən birinə getdim. Müdirənin yanında adam olduğu üçün qəbul otağında gözləməli oldum. Onu da deyim ki, müdirənin başı söhbətə qarışdığından qəbul otağında gözləyənlərin sayı səkkiz nəfərə çatmışdı. Mən düz bir saat gözləməli oldum. Gözlədiyim müddət ərzində qəbul otağındakı telefon beş dəfə zəng çaldı. Hər dəfə də telefonun dəstəyini götürən katibə müdirənin yerində olmaması haqqında müxtəlif cavablar verirdi: “Müdirə nazirlikdədir”; “Kimdir soruşan? Müdirəni İcra Hakimiyyətinə çağırdılar, günortadan sonra olacaq”; “Kimdir soruşan? Xanım ərazidədir. 15 dəqiqədən sonra olacaq”…
Bir saatdan sonra müdirənin yanındakı şəxs çıxdı. 15-20 dəqiqə ərzində müdirə qəbul otağındakı vətəndaşları qəbul etdi. Növbə mənə çatdı. İçəri daxil oldum. Kresloda qəşəng, cavan bir qadın əyləşmişdi. Onunla salamlaşdım, qəzetdə müxbir kimi çalışdığımı və qəzetin növbəti nömrəsi üçün materiaı hazırlamaq istədiyimi bildirdim. Katibəsinin onun təkidi ilə yalan danışmasının mənə çox pis təsir bağışladığını ona söylədim. Və müdirəyə dedim ki, əgər gənc qız işdə yalan danışmağı öyrənirsə, gələcəkdə şəxsi həyatında da yalan danışmaq onun üçün çətin olmayacaq. Sizin isə tabeçiliyinizdə olan işçilərə yalan danışmağı öyrətməyiniz, sizin öz işinizdə yalanların kifayət qədər olduğuna dəlalət edir. Yalan isə insanın ləyaqətini alçaldır, ona inamı, etibarı azaldır.
Mənim sözlərim müdirəni bir qədər qeyzləndirdi. O, qadına, ümumiyyətlə, insana yaraşmayan kobud sözlərlə əsəbi şəkildə:
-Mənə heç kim bu vaxta qədər belə irad tutmamışdı, mən elə-belə adam deyiləm, arxam da tam bağlıdır, sən kimsən ki, mənimlə belə danışırsan, – dedi və özünə bəraət qazandırmağa çalışdı.
Həmin qadının rəhbərlik etdiyi müəssisə barədə müsbət rəy dolansa da, sonradan onun işində çoxlu nöqsanların olduğu aşkarlandı. Bu isə yalanın ayaq tutub yerimədiyini sübut edir. Həqiqətin bir üzü var, yalanın min. Min yalan danışmaqdansa, bir həqiqəti söyləmək daha düzgündür…
…Rəhbərlik etdiyi müəssisədə qanunsuzluqlara, nöqsanlara yol verən bəzi kiçik çinli məmurlar hansısa vəzifəli bir, hətta bir neçə şəxsə güvənirlər. Bu, yolverilməzdir. Hər bir müəssisə rəhbəri işinə ciddi yanaşmalı, saxtakarlıqdan, hiyləgərlikdən uzaq olmalı, vəzifəsinə şəxsi qazanc mənbəyi kimi baxmamalıdır. Özünə hörmət qoyan, şərəfini, ləyaqətini gözləyən şəxs heç kəsə güvənməməlidir…
Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında