
Kitab seçərkən – 1
XI Bakı Beynəlxalq Kitab Sərgisində “Alfacin” nəşriyyatının stendinin qarşısından keçərkən naşir Mübariz Həsənov məni söhbətə tutdu. Rəhbərlik etdiyi nəşriyyatın Göygöl şəhərində fəaliyyət göstərdiyindən, rayon rəhbərliyinin kitaba, ədəbiyyata marağından və şərait yaratmasından, nəşr etdiyi kitablardan danışdı, sonra Orxan Arazın “Helenendorfun sonuncu şahidi” kitabını mənə bağışladı. Maraqlı sürpriz oldu. Həm bölgədə fəaliyyət göstərən belə bir nəşriyyatımızın olmasından, həm Orxan Arazın bu mövzuda kitabının çapından məmnuniyyət duydum.
Orxan Araz tanınmış nasir, jurnalist, tədqiqatçıdır. Uzun illərdir Almaniya və Türkiyədə yaşayır. Azərbaycan sevdalısıdır, dostumuzdur. “525-ci qəzet”də çoxlu yazıları çap olunub, dəyərli kitabların müəllifidir.
Tədbirlərdən baş açılan kimi vaxt edib bu yığcam kitabı oxumağa başladım və elə birnəfəsə bitirdim.
Orxanın Azərbaycana sevgisini bilirəm. Ona görə də bu kitabında da gəzdiyi kəndlərimiz, bölgələrimiz, orada yaşayan insanlarımız barədə məhəbbətlə söz açmasını təbii qarşıladım.
Amma bu kitabda əlbəttə ki, Helenendorfun sonuncu şahidi adlandırdığı Sami adlı qəhrəmanla təsadüfi görüşü, sonra macərayla onu yenidən axtarıb tapması və sonuncu şahidin təsirli söhbətlərini həyəcanla, coşquyla qələmə alması məni valeh etdi.
Orxanla əlaqə saxladım, kitabına görə təbrik etdim. Düzü, heç soruşmadım bu Sami obrazı uydurmadır, təxəyyüldür, yoxsa gerçək insandır. Kitabın yazılmasından illər keçib, yəqin ki, əsərin yaşlı qəhrəmanı gerçək, real insan imişsə də, dünyasını dəyişmiş olar.
Amma onun danışdığı xatirələr, əhvalatlar çox təsirlidir və Helenendorfun tarixinə, vaxtilə orda yaşayan almanların taleyinə, məişətinə, mədəniyyətinə, həyat tərzlərinə nisgil və hüzn dolu səyahətdir.
Mən arzu edərdim ki, Orxan Araz əsərin əsas məğzini təşkil edən bu qəmli hekayəni ayrıca əsər kimi işləsin, almancaya çevirib orada da nəşr etdirsin. Bu həm də Azərbaycan-Almaniya dostluğuna, vaxtilə Helenendorfda yaşayan almanların hüznlü taleyinə bir daha diqqət cəlb edər.
Əziz dostumuz Orxan Arazı bu kitaba görə təbrik edir, yaradıcılıq şövqünün azalmamasını arzulayıram. Göygöllü naşirimizə də təşəkkürümü bildirir, belə sürpriz nəşrlərlə bizi təəccübləndirməyə davam etməsini diləyirəm.
İlkin mənbə: Reshad Mecid
Şuşa haqqında: >>>> 525.az
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru