Yer üzünün əşrəfi insandır. Belə deyirlər, belə də var. İnsanlığın şah əsəri də anadır! Ana! Anaya “müqəddəs varlıq” təsadüfi olaraq deyilmir. Odur ki, insan üçün mühüm əhəmiyyətli bir çox anlayışların qarşısında “ana” sözü yazılır: ana Vətən, ana dili, ana təbiət, ana yurd, ana torpaq.
Ana mövzusu həmişəyaşar, əbədi, əzəli və həm də yeni bir mövzudur. Ana obrazı həmişə məhəbbətlə tərənnüm olunub. Hər bir qadının şərəfi, böyüklüyü, ülviliyi onun analığındadır. Həyatdakı bütün uğurluğumuz üçün anaya borcluyuq və nə qədər çalışsaq da, onun borcunu qaytara bilmərik. Ana körpəlikdən ta həyatı sönənə kimi bizim qulluğumuzda durur, qayğımıza qalır, bizdən ötrü narahat, nigaran olur, gecələr sübhədək beşiyimiz başında oyaq qalır, xoşbəxtliyimiz naminə ömrünü şam kimi yandırır.
Yaradıcı simalar ona görə də qadın gözəlliyini ana obrazında ümumiləşdirmiş və əbədi obraza, qəhrəmana çevirmişlər.
Rembrant misli görünməmiş sənətkarlıqla çəkdiyi ana rəsmini “Madonna” adlandırmışdır. Bu əsər dünya incəsənətinin son dərəcə qiymətli sərvətlərindən biridir.
“Madonna” italyan dilində “Allahın anası”, “ilahi qadın” deməkdir. Rəssam rənglərin sehrli dili ilə ananı müqəddəsləşdirmiş və onu ən ülvi məqamda – ana qəlbinin hərarətini körpəsi ilə bölüşəndə canlandırmışdır. Sonralar bir çox madonna rəsmləri meydana gəlmişdir. Həmin portretlərin hər birində uşaq ananın sol qoynunda təsvir edilib. Niyə? Bu təsadüfdürmü? Yoxsa burada bir qanunauyğunluq var?
Sən demə, körpə ananın bətnində ananın ürək ritminə öyrənir. Dünyaya gələndən sonra uşaq sol qoyunda tutulanda ananın ürək döyüntülərinin sədaları altında özünü rahat hiss edir, sakitlik, dinclik tapır, ananı incitmədən yuxuya gedir.
Müasir analar da, çox güman ki, bu möcüzədən xəbərdardırlar, onlar da uşaqları qucaqlarına alanda övladlarını sol qoyunlarında tuturlar.
Körpəni yatıranda ana ona layla çalır. Həzin laylanın sədaları altında uşaq tezcə yuxuya gedir.
Şair Adil Cəmilin “Anama layla” şeirlər kitabını (Bakı: Elm və təhsil, 2020) oxuyanda xəyal məni qanadlarına alıb uzaqlara – analı günlərimə, anasız illərimə apardı. Valideyni, xüsusən də ananı itirmək çox böyük dərd, qüssə, fəlakətdir. Ana itkisi sarsıdıcıdır. Babalarımız təsadüfən deməmişdir: “Uşaq atadan deyil, anadan yetim qalır!”
“Anama layla!” Necə gözəl mənalandırmadır! Kaş övladlar anaya laylanı onun sağlığında çalaydılar. Ana yorğun olanda, ana dilxor olanda, ana narahat olanda, ananın yuxusu gələndə niyə ona layla çalmayaq?!
Kaş analar dünyalarını dəyişməyəydilər! Onsuz da analar dünyadan köçmürlər, daim bizimlədirlər!
Laylanı balalarına, övladlarına analar çalırlar. İnsanların ən zərif, kövrək hissləri övladla bağlıdır. Fəqət Adil Cəmil “Anaya layla” deyir. İtirdiyi anasını yada salaraq kövrəlir, ağlamsınır, bu gen dünya ona dar gəlir:
Hicran məni dara çəkir,
Sən yatan məzara çəkir.
Ey dərdimə yanan, lay-lay,
Anam lay-lay, anam lay-lay.
Adil Cəmilin kövəkliyindən, böyüklüyündən, zənginliyindən irəli gələn bir təşəbbüsdür, çox gözəl, çox uğurlu deyilişidir: “Anama layla!”
Anam deyib öyündüyüm,
Həsrətində üyündüyüm
Daş sükutlu sonam, lay-lay,
Anam lay-lay, anam lay-lay.
Şairi ağrıdan, için-için ağladan bir ana yoxluğudur, bir də Vətən dərdi. Çörəyi dizi üstə olan, şərəfsiz ermənilər şairin doğma yurd-yuvasını tutublar. Ananı doğma torpaqda dəfn etmək oğula qismət olmadı. Ana yurd həsrəti ilə dünyasını dəyişdi:
İndi ananın ruhu şaddır, oğul da sevinclidir. Doğma torpaqlarımız düşməndən azad edilib. Ali Baş Komandanın başçılığı altında müzəffər silahlı qüvvələrimiz erməni ordusunu darmadağın etmiş, düşməni torpaqlarımızdan, o cümlədən 1993-cü il aprelin 2-də erməni faşist işğalçılarının əlinə keçmiş Kəlbəcərdən də qovmuşdur!
Adil Cəmil ana niskili ilə “Anamın xatırəsinə” şerini də qələmə alıb. Ana heç zaman unudulmur, xatirəsi həmişə əzizdir, sağlığında da, cismən həyatdan köçəndə də. İfadə tərzinin mükəmməlliyi diqqət çəkir:
Bir qəmli dastan idi
Bu sabah bitdi anam.
Şair yaşadığı ağrını acı-acı, göz yaşı tökə-tökə, sızıldaya-sızıldaya, ürəyi sıxıla-sıxıla dilə gətirir:
Canımdan can qoparıb,
Son mənzilə o varıb
Dünyanı da aparıb
Dünyadan getdi anam.
Şairin qənaətincə, “dünyadan köçən anası dünyanı da özü ilə aparıb”. Budur, Adil Cəmilin ustalığı. Söz oynatmır, sözdən çələng hörür, sözün qüdrətini önə çəkir.
“Anama layla” kitabında ana mövzusundan başqa bir çox mövzularda şeirlər də vardır ki, onlar da maraqla oxunur, onlar düşündürür, tərbiyələndirir, yaxşı şeir yazmağın yolunu göstərir. “O yanda, bu yanda” bu kitaba daxil edilmiş birinci şeirdir. Elə bu ilk şerilə şair adamı öz təsiri altına salaraq, kitabı vərəqləməyə, digər şeirlərlə də tanış olmağa səsləyir:
O yanda yer qazılır
Kəhrizə çıxmaq üçün.
Bu yanda çay tələsir
Dənizə çıxmaq üçün.
İblis qatır aranı
Qan dizə çıxmaq üçün.
Hamı Həccə tələsir
Təmizə çıxmaq umun.
Yaşayırıq – gecədən
Gündüzə çıxmaq üçün (“O yanda, bu yanda” şeirindən).
Var ol, şair! Bəli, elə anlar olur ki, insan həyatdan küsür, bezir, xoşbəxtliyə çata bilmir, bir tikə çörəyə möhtac olur, şərə düşür, tora düşür – onda gecəsi-gündüzü ona haram olur. Yalnız “Yaşayırıq – gecədən, Gündüzə çıxmaq üçün”.
Bəzi harın adamlar da, məsləki – pul, məqsədi – yarınmaq, yalaqlanmaq, satılmaq, satmaq, mərdimazarlıq və pislik etmək, tor qurmaq olanların da aqibəti belə olur.
Adil Cəmil əslən Kəlbəcərdəndir. Bu rayon ölkəmizin dilbər guşəsidir. Havası təmiz, suyu ondan da tərtəmiz, dağlar qoynunda məskən salıb, yaşıllığa qərq olub, bulaqları bumbuz. Təbiəti gözəl! Belə yerin adamları da saf olur, dostcanlı, mərd, comərd, əli, dili düz, qonaqsevən olur.
Bu yerlərin sakinləri 30 illik həsrət çəkdilər. Adil kimi. Ağı dedilər, bayatı oxudular. “Vətən, hey!” səsləndilər.
“Anama layla” ərsəyə gələndə hələ torpaqlarımız azad olunmamışdı. Doğma yurdu üçün qəribsəyən, darıxan, özünə yer tapmayan Adil Cəmil qələmə sarıldı. Ah çəkməkdən usanmadı. “Qürbətdə qalan vətənə” baxa-baxa yazdı:
Ah çəkib uzaqdan Murova baxdım,
Kəlbəcər adında girova baxdım.
Dən düşən saçımda qırova baxdım…
Yazdan ayrılmamış qış hardan gəldi? (“Hardan gəldi” şeirindən).
Necə də gözəl ifadə olunub: “Ah çəkib uzaqdan Murova baxdım, Kəlbəcər adında girova baxdım”.
Kəlbəcər kimi gözəl diyarın girov olmağı, düşmənin burada at oynatması nəinki Adilin, eləcə də uzun müddət bizim hamımızın dərdi idi. Fəqət hamıdan daha çox Adil yandı-yaxıldı: “Gündoğan tərəfə baxan kəndimin, Qibləsi dəyişib günbatan oldu” – deyə haray qopardı, axşamlar kəndini yuxuda gördü, gündüzlər gözləri önündə canlandırdı, əzizlədi, oxşadı.
Adil Cəmil şeirlərində bu gününü, sabahını fikirləşməyi, ömrü mənalı yaşamağı, onu bada verməməyi insanlara tövsiyə edir. Şairin qənaətincə, həyatın mənası barədə düşünməyən, xoşbəxtliyin yollarını arayıb tapa bilməyənlər axırda peşman olur. Şeirdəki şəxs kimi:
Mən ömrümü “qurban olum” –
Deyə-deyə qurban verdim (“Qurban verdim” şerindən).
İnsanlar başqalarından ötrü fədakarlıq göstərməklə yanaşı özlərini də düşünməli, ömürlərini bihudə yerə qurban verməməlidirlər:
Sən demə arzular xam xəyal imiş,
Xəyallar Adili xamladı getdi (“Karvan köç elədi” şeirindən)
Şairin “İşğal günü” şeiri də maraqla oxunur, poçtalyonun yurd yerini tərk etməməsi adamda bir yandan fərəh, qurur hissi oyadır, digər yandan onu gözləyən acı tale təəssüf hissi oyadır:
Kəndimizin poçtalyonu
Kənddə qaldı işğal günü.
Obaya xəbər daşıyan
O insandan
Heç çıxmadı xəbər-ətər.
İşğal günü kəndi tərk etməyən poçtalyonu burada qalmağa vadar edən müəyyən səbəblər var. Əvvəla, o, yataq xəstəsi idi. Yalvarırdı ki, onu yerindən tərpətməsinlər. “Qurumuşdu ayaqları, Söz tutmurdu dodaqları”. İkincisi, onu kənddə qalmağa, burada ölməyə məcbur edən Vətən sevgisi idi: “Bura mənim obamdır, ömrüm-günüm burada keçib, qalıb burada ölüm” – deyirdi.
Poçtalyonun taleyi, təbii ki, bəllidir. Qocaya, xəstəyə, körpə uşağa, qadına rəhm etməyən erməni faşistləri, söz yox ki, poçtalyonu tapan kimi, şübhəsiz, qanına qəltan etmişdilər. Adil Cəmil demişkən:
Zülm varmı bundan betər
Ölüm varmı bundan betər.
Kitabda qandonduran bir fəryad var: oğul dərdi, oğul yoxluğu. Valideyn üçün övladı itirməkdən böyük dərd-sər təsəvvürə gəlməzdir.
Adil Cəmi onu için-için ağladan, sızladan bu hiss (dərsinə şərik oluram, əziz dost) dilə belə gətirir:
Daha varlığıma bu dünya dardı,
İşıqlı nə varsa aparıb getdin.
Dilimdə bir “oğul” kəlməsi vardı,
Onu da dilimdən qoparıb getdin (“Ay oğul atası, oğulsan tabla” şeirindən. Orxana ithaf).
Adil Cəmilin kitabda toplanmış digər şeirləri də uğurludur. Diqqət yetirək: “Soruşmayın əhvalımı” (Dünya fani, ömür hədər, Gedən gəlməz, gələn gedər), “Göy üzü səs saxlancıdır” (Məməm-mənəm deyənlərin, Mənliyində “Mən” yoxmuş), “Fikir adlı şum yerində” (Dağlar mənə dağ çəkəndən, Dağ görmədim dağım kimi), “Ay zalım fələk” (Gürşad əvəzinə, leysan yerinə, Gözümün yaşını tökdürdün mənə), “Dərdim” (Belimdə şələ var vallah öluncə, Neçəki diriyəm diridi dərdim) və s.
Kitabdakı şeirlərin bir qismində qardaş Qırğızıstan, onun təbiəti, insanları anılır. “Böyükçöl”, “Qırğız yaylasında”, “Ər Manasın aulunda”, “Bir vadidən gördüklərim”, “Çu çayı” və s. şeirlər bu qəbildəndir.
“Anama layla” kitabını vərəqləyib sona çatırdım. Öz-özümə: “Adil nə əcəb kitaba sevgi şeirləri daxil etməyib?” – deyə fikirləşirdim ki, nəhayət, axtardığımı tapdım: ”Uzanan ayrılıq ömür qısaldır”, “Bizim sevgi”, “Görüş yerində”, “Yanmağıma yanmıram”, “Səni düşünərkən”, “Bir sevda dəlisiyəm”. “O eşqin sarayı uçmayıb, gülüm”, “Sən”, ”Sən görmədin”, “Keçib” və s.
Sinəsində yeridiyin
Yamac oldum – sən görmədin.
Yollarına kölgə salan
Ağac oldum – sən görmədin.
Bu yerdə üzümüzü Adil Cəmilə tutaraq deyirik: başqa sevənlər də sən dərdə olublar, ürəyini sıxma. Gözəl şeirlər yaz, ürəyini də sıxma. Sevilən şairsən!
ŞƏHİD-ŞAİRİM (Şəhid Xəyyam Hüseynin kitabı haqqında) Bir kitab var qarşımda əlimə götürürəm ovcumun içinə qor salır, yerə qoyuram yeri yandırır , göyə qoyuram göyü alova bürüyür…Nə aça bilirəm, nə bükə bilirəm! Açsam, içindən çıxan ana naləsi, bacı fəryadı, ata ahı, həyata keçməmiş arzular, yarımçıq qalmış xəyallara davam gətirə bilməyəcəyimdən qorxuram, örtsəm günah edəcəyimdən!.. Çünki, bu müqqəddəs nəzm nümunələrini oxumamaq bir oxucu kimi ən böyük günah, bir qələm yoldaşı kimi ən böyük qəbahət, bir vətəndaş kimi ən böyük səhv olardı… Düşüncələrimdən yola çıxaraq, qəlbimin son təpərindən dayaq alıb yenidən kitabı əlimə götürürəm. Və diqqətlə incələməyə başlayıram… Nədir bu kitabı digərlərindən fərqləndirən cəhət? Gəlin birlikdə araşdıraq! Tərtibatına baxsaq çox da qalın olmayan, bəyazlığı ilə gözləri qamaşdıran 111 səhifə, 93 şeirdən ibarət nəfis şəkildə hazırlanan bir mətbəə nümunəsidir. Adı da “Qələm nümünəm” adlanır elə. Üst qabığında da elə bir qeyri adilik nəzərə çarpmır ilk baxışdan ta ki, kiçik nüansların fərqinə varanadək. Kitabın üzəri arxa fonda – iki rəngdən ibarət vətəni xatırladan illüstrasiya, öndən- əyninə hərbi geyim geyinmiş, əlində qələm, qarşısında dəftər olan bir oğlan şəklindən tərtib olunmuşdur. Müəllifin adı isə kitabın adından sonra, elə şəklin düz başındaca yerləşdirilmişdir. Keçdik əsas məsələyə…Kitab haqqındakı əsas, ilkin və dərin təəsüratlar isə bu adın və adın qarşısındakı təxəllüsü oxuduqdan sonra yaranmağa başlayıır insanda. Bilirsiniz ki, şifahi xalq nümunələrindən bu günədək yazarlar öz əsərlərində müxtəlif cür ayama, ləqəb və təxəllüslərdən istifadə ediblər və hələ də etməkdədirlər. Lakin, bu müəllifinin adının qarşısında yazılmış təxəllüs elə bir təxəllüsüdür ki, dünyaynın bütün titullarından, fəxri adlarından ən alisi, zirvələrindən ən ucası, məqamlardan isə ən müqəddəsidi: Şəhid Xəyyam Hüseyin… Bəli, bu kitabın digər kitablardan, müəllifin digər müəlliflərdən fərqi hamınıza məlum oldu artıq. Məhz məqalənin bu yerində onun yaradıcılığı ilə tanış olmayan hər kəsin ağlına ilk olaraq belə bir sual gəlir: kimdir Xəyyam və nədən yazıb? 25 yaşına yenicə qədəm qoyan bu gənc Göyçay rayonun Məlikkənd adlanan kəndində dünyaya göz açmışdır. Hələ kiçik yaşlarından Vətən sevdalısı kimi tanınan bu uşaq nəzmə olan marağı, şeir yazmağa olan həvəsi ilə həmişə öz yaşıdlarından sözün yaxşı mənasında fərqlənmiş və seçilmişdir. Özü boy atıb, böyüdükcə onunla birgə qəlbində yuva salan bu sevda, bu həvəs daha da böyüyür, ürəyindən gələn saf, təmiz duyğular qələmə sirayət etməyə başlayır zaman-zaman. Poeziyayla yanaşı, həmçinin bədii qiraətə də meylini salmış bu gənc, vaxtaşırı ifa etdiyi şeir nümunələrini sosial şəbəkələrdə paylaşmış və oxucuların, izləyicilərinin rəğbətini qazanmağı bacarmışdır. Ürəyimi görməmişəm, nə bilim, Bəlkə elə damar yeri ağrıyır. Bu dünyanın əyri daşı ağrımaz Bu dünyanın hamar yeri ağrıyır… Deyərək, poeziyaya ilk addımlarını atan Xəyyamın yaradıcılığını tematik baxımdan 3 yerə bölmək olar: lirik, sosial-ictimai və bir də Vətən- Qarabağ mövzulu şeirlər. Lirik nümunələrinə nəzər salsaq, ən ülvi, ən həssas duyğulardan bəhs etdiyi zamanlarda belə sanki, gənc adam əcəlinin bir addımlığında olduğunu əvvəlcədən duyub, hiss etmiş və sətir-sətir qələmə alıb, şeirə çevirmişdir: Demirəm gözündə sel olsun yaşın, Qırışsın üz-gözün, ağarsın başın. Ölsəm unutmasın məni yaddaşın Ağla mənim üçün ağla gözəlim! Dünyayla da çəkiləsi tamam ayrı haqq-hesabı, çək-çeviri varmış bu balaca oğlanın. Gəlişindən, gərdişindən heç sevmədi dünyanı sanki! Sanki, barışmadı, barışa bilmədi yalanın doğrunu, qaranın ağı, nahaqqın haqqı üstələdəyi fani həyatla. Elə-bil, göylərçün yaranmışdı o ta yardılışdan, yerlər üçün deyil!… Hər addım başında düşüb tələyə, Ya dilin kəsilər, ya gözün çıxar. Əzəldən belədi bu dünya onsuz, Mərdlərin evini namərdlər yıxar! Hər iki şeir parçasını o oxuduqda şairin söz aləminə yeni-yeni qədəm qoyduğunu, bu yolda təzə-təzə irəlilədiyini sezməmək mümkün deyil! Elə məhz bu nüansı nəzərə alaraq, Vətən, yurd mövzuları kimi dərin mövzulara müraciət edəcəyini təxmin etmək olmur! Halbuki bu mövzuda olan şeirlərinə kitabda tez-tez rast gəlinir və hətta məna cəhətdən digər mövzulu şeirlərini üstələyir desək yalan olmaz! Damarında qan qarışıq milli dəyərlər, vətən təssübü, torpaq sevgisi daşıyan qəhrəmanımız bir şeirində “Bağışla bizi, Şuşa!’” deyərək sanki el oğullarını mübarizəyə səsləyir, susaraq təslim olmamağa çağırırdı: Bəs, hanı bu elin nər oğulları, Babəki, Nəbisi, ər oğulları! Mübariz ruhuna tən oğulları?! Bağışla, ay Şuşa, bağışla bizi! Və beləliklə, bu şeirlə də Vətən qarşısında borcu və sınağı başlayır Xəyyamın. Yaşadığı torpağın önündə əfv diləyən igidimiz öz istəyilə Qarabağ uğrunda gedən 44 günlük müharibəyə qoşulur. Ön cəbhədə döyüşən gənc, qanlı-qadalı müharibənin ilk günlərində, döyüşlərin birində qəhrəmancasına şəhadət zirvəsinə yüksəlir! Yana-yana səsləndiyi Şuşanın əfvini, fəthini görmək də qismət olmur heç ona…Bir namərd gülləsinə tuş gəlir cavan yaşında. Arzusu-muradı gözündə, xəyalları ürəyində köçür bu dünyadan. Arxasınca gözüyaşlı Ana, qəlbi yaralı Ata, bir cüt küskün ürəkli bacı qoyub gedir. Və bir də qanını yerdə qoymayan, qisasını sonunadək almış Vətən!.. Nə yaxşı qəbirdə baş çəkdin mənə, Yolunda qalmışdı, gözüm neçə vaxt. De, Xəyyam, soyuqdu bürün kəfənə! Qoy isitsin səni bu qara torpaq! Onun igidlikləri, qəhrəmanlıqları haqqında yazmaqla bitməz məncə! Yaşadığı bu qısa ömründə qələm yoldaşı kimi, ölümündən sonra çap olunmuş kiçik kitablıya müharibə və poeziyanı bir araya gətirərək böyük bir dərs, əvəzsiz bir irs qoydu hər birimizə Xəyyam! Danışdığı, yazdığı sözlərin canı bahasına olsa belə arxasında durmağı, başladığımız mübarizənin sonuna qədər getməyi və sonu ölüm olsa belə qorxulara təslim olmamağı öyrətdi bizə! Bu gün övladlarımıza öyə-öyə danışıb bitirə bilmədiyimiz, adını qəhrəmanlıq nümunəsi, igidlik misalı kimi anıdığımız şairimizə bütün Azərbaycanın adından Tanrıdan rəhmət diləyirik! Və deyirik: Nə yaxşı ki, sən də keçdin bu dünyadan! Məkanın cənnət olsun, Şəhid-şairim!…
Susuzluqdan yanmış çöllərə, “mərhəmət”,- deyib inləyən çarəsiz qəlblərə, qəbirlərdən “imdad” ,-deyə səslənərək göyə uzanmış körpə qız əllərinə, əli-qolu bağlanmış, üstünə qaya, daş qoyulub əzilən, köz üstündə yeridilən, mal kimi alınıb-satılan kölələrə, ALLAHa şərik qoşub HAQQI bilməyənlərə, insan haqqı bilməyənlərə, haram (faiz) yeyənlərə, Doğru yoldan sapanlara, zinakarlara, oğrulara, əyyaşlara, çəkidə aldadan, qeybət qıranlara, halalı qoyub harama əl uzadanlara, cinlərə əsir olub cadu ilə insan taleyi ilə oynayanlara GƏLdi MÜBARƏK QURAN!!!
Allahın YAZIsı müqəddəsdir. Yazısın (QURAN) ı təhrif edəni sevməz. Yazıları yandırmayın, onların ATƏŞi sizinkindən ÇOXdur
Allah ayıb bilməsəydi ÖLÜlərin ÜSTünə ÖRTük çəkməzdi.
TorPA(K)qla bizi ya Rəbb, mən səndən UTANıram.
Göydən ilmə-ilmə ENdi NAXIŞlar
RƏBBim SƏXAVƏTli, hər GÜN bağışlar,
AC qalANDA yada düşsün YAĞIŞlar.
SONu B(H)ərəkətdir, SONu NEMƏTdi
ALLAH ƏMR edir,
MƏLƏK lər YAZır,
Şeytan pusur, fürsət axtarır
ADAM da öz bildiyini edir
Allah adamı ol.
Sorun olmasaydı sual olmazdı
Sual olmasaydı cavab olmazdı
Cavab gecikəndə sən kəndinə bax
Yerə, Göyə,Buluda,
bir də SƏSsizliyə bax
Taleyimin izi ilə YOL gedirəm,
hərdən SAVAŞıram…
hərdən BARIŞıram…
sonra GÖYə baxıb GÜLÜMSƏyirəm:
Ordan necə görünürəm?…
SEVin bir-birinizi!
Qoy DÜŞMƏN çatlasın!
O heç əvvəllər də sevməmişdi
ADƏM babamızı,
HƏVVA anamızı,
HAMIMIZI….
Bitib tükənməyənin sorağındayam. BİRi Ondan XƏBƏR gətirdi VAXTı ilə, DE(:)di ki,Görünməyəni yalnız QƏLBinlə DUYa BİLərsən, yetər ki, onu təmiz saxla. Ən çətini də elə budu: Zibilliyin içində GÜL kimi QALmaq.
Bir parça çörəyi bir quşa yetirən ALLAH öz QULUnu heç AC BURAXMAz. Nəfs-Nəfəs DƏNGƏmiz pozulmasın.
Dalğa nə QƏDƏR GÜClü gəlsə də ÇƏKİlə bilir. Bu ədəbdən əsirgəmə bizi ULU YARADAN!
Birini öldürməyə nə var ki, BACARırsansa DİRİlt onu, çətin OLanı budu. Rəbbim üçün çətin olan yoxdur:həm öldürür, həm dirildir.
Bizi Diri saxla, ey YERin GÖYün SAHİBi!
Sənin DOSTun Mənim də DOSTumdur. Dost doğrunu söylər, DOĞRU YOLa çəkər, ADına ləkə gətirtməz. Həm səhvlərini(mi) DÜZəldər, həm (ruzi) bağışlar, həm də əhv edər. DOS(T)DOGRU YOL bəxş et bizə İLAHİ. Ən böyük DOST ALLAHdır!
ALLAHın SÖZü hər yerdə keçərlidir. AYAQ ÜSTə ölənə BAXsan tanıyarsan ÖZünü.
Yaradan ƏLini çəkdiyi ADama da YARATmaq GÜCü verir, gücün yetdi-yetmədi nəsə yaratma; altında qalıb əzilərsən, malzemen çatmamış əlbət. KİTABı OXU, təhlükəsizlik QAYDAlarına ƏMƏL et, yoxsa kəndini də, digərlərini də yakarsın adam olacaq hərif.
Göndərdiyi KİTABı hərf-hərf, sətir-sətir OXUyub ƏMƏL ETmək ÜÇün
Mənə GÜC VERən ALLAH bir öyrənci kimi mənə bir MÜƏLLİM (s.a.s) də göndərdi, Yer Üzü hələ belə Müəllim GÖRməmişdi. HƏYATı BAHAsına şagirdərini QORUdu. SALAM OLSUN Ona. Əlhəmdulillah.
BİR GÜN SEÇİM qarşısında QALdı:
Ya Allahın Gözündən DÜŞ(əcəksən),
Ya da Elin DİLınə DÜŞ(əcəksən)
O ikİNCİni seçdi. 1500 ildir hələ də SEVİLir.
(p.s. Hz. Xədicə anamıza Cənnətdə tikilən EV İNCİdən)
Caynaqlarını mənə göstərib, dişlərini qıcırdadan şeytan, bil ki, MƏN BAŞ QOYduğum YERə ALLAH DAŞ qoyar, necə ki, ətrafında TƏVAF ETmək hər kəsə yaraşmaz, ÜSTü ÖRTülü, qara ÇADRAlı görəndə bir az gen dayan, ağzın həmən sulanmasın.
Allah bir QAZAN VERdi Əlimə, ərzaqlarını da GÖNDƏRdi;mən fikirləşirəm YEməyi neçə nəfərlik edim ki,hər kəs DOYsun, SÜFRƏdən əliboş, AC gedən OLMAsın . YA Rəbb yardım et, resepti sən daha yaxşı bilirsən, duzu əskik, ya da şor olmasın;məni üzüqara eləmə…
EhtiyAC və möhtAC qardaş oldular, aclar bir SÜFRƏ (Quran)dən YEyərlər.
Məni tapmaq üçün bu qədər YOLları keçməli idin. İndi de görüm nə gətirmisən?…
5 noyabrda Sumqayıt şəhər İ.Qayıbov adına 1 saylı məktəbin 2e sinifi Qarabağımızın azadlığını, “Zəfər bayramını” qeyd edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin bir dəqiqəlik sükutu ilə açıq elan olunduqdan sonra 2e sinifinin sinif rəhbəri Gülgəz müəllimə çıxış edərək, şagirdlərə və qonaqlara günün önəmindən bəhs edib. Daha sonra sözü şəhid analarına verib. Tədbirdə şairə Esmira Günəşin dəvətiylə iştirak edən şəhid Ruslan Məmmədovun anası Rəna xanım və şəhid Niyaməddin Ələkbərovun anası Həcər xanım çıxış edərək, şəhid övladlarının xatirəsini yaşadan hər kəsə təşəkkür edərək, hər tədbirin onlar üçün təsəlli olduğunu bildiriblər.
Daha sonra şagirdlərin bir-birindən maraqlı çıxışları ilə davam edən tədbirin sonunda şairə Esmira Günəş çıxış edərək qonaqlara və tədbirin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə, xüsusilə də valideynlərə təşəkkürünü bildirərək, valideynlerin sinif adından şəhid ailələri üçün hazırladıqları hədiyyələri təqdim etməsi üçün müəlliməyə təqdim edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra şagirdlər və qonaqlar birlikdə şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Gülgəz müəllimə şagirdlərə vətən müharibəsi qəhrəmanlarımızın məzarlarını göstərərək onlar haqqında məlumatlar verib. İlin ən yadda qalan tədbiri 1 nömrəli məktəbin 2e sinfinin tədbiri olub.
Bayram günlərində telefonuma gələn təbrikdə çox söz yazılmır. Yazılan sözlərdən biri məni həmişə çox duyğulandırır. “Əzizim” sözü. Hər dəfə də “Əzizim, səni təbrik edirəm!” – yazılır. Bu sözə görə bütün bayramları sevir və səbirsizliklə gözləyirəm. Hətta hərdən bayramların sayının az olduğuna təəssüflənirəm. Yaxşı ki, yaşım çoxdur və Sovet dövrünün bayramları da yadımdadır. Məni təbrik edən adam da o dövrün nümayəndəsi olduğu üçün, bir də görürsən artıq təqvimimizdən çoxdan silinmiş bayramları da yada salır. Yada salır dedim, yadıma bir əhvalat düşdü. Elə həmin bu “əzizim” kəlməsini mənə hər bayram ərmağan edən insanla əlaqəli.
Özüm-özümü tərifləməyim, amma bir qədər qəribə görünsə də, deməliyəm ki, cavanlıqda çox gözəl və Bakıda ən yaxşı geyinən qızlardan idim. Valideynlərim tez-tez xarici səfərlərdə olur və oradan mənə son dəbdə olan geyimlər gətirirdilər.
Biz şəhərin düz mərkəzində, bizdən bir qədər aralıda da uzaq qohumumuz, Solmaz xalamgil yaşayırdı. Qohumumuzun Sahib adlı bir nəvəsi də var idi. Bu hündür boylu, enlikürək oğlan özündən o qədər razı idi ki, sanki Bakıda bundan yaraşıqlı, bundan ağıllı, bundan bacarıqlı ikinci adam yox idi. Anam da, rəfiqəm də bilirdilər ki, mən bu oğlana aşiqəm. Bu boyda şəhərdə gözüm ondan başqa bir adamı görmürdü. Mənə yaxınlaşan hər kəsdə məhz onun cizgilərini axtarır, ona oxşarlıq gəzirdim. Bunu o özü də hiss edirdi. Məni görəndə danışıb-gülər, mənimlə zarafat edər, amma yaxınlığa doğru bir addım da atmazdı. O qədər ciddi oğlan idi ki, onun zarafatı da, gülüşü də mənə qəribə gəlirdi.
Mənim ona olan münasibətimi hamıdan yaxşı rəfiqəm bilirdi. Bilirdi ki, onu görəndə əllərim əsir, özümü itirirəm. Hər dəfə Sahibdən danışanda deyirdi: Sən də qəribə qızsan ee. Bir addım at da! O nə bilsin ki, sən onu sevirsən?
Ancaq mən həmişə susur və necə deyərlər “yarımı pünhyanı sevirdim”. Sahib mənim ilk məhəbbətim idi. İlk məhəbbbətin adətən uğursuz olduğu haqda kitablarda çox oxumuşdum, ancaq nə zamansa roman qəhrəmanları kimi gizli bir eşq yaşayıb, sonra ömrüm boyu əziyyət çəkəcəyimi güman edə bilməzdim.
İsti yay günlərindən biri idi. Qaynar şualarını Bakının küçələrinə örpək kimi sərən günəşin istisi nəinki insanları yandırır, hətta küçənin asfaltını əridirdi. Rəfiqəmlə dərsdən çıxıb bizə gəldik. Evimiz nisbətən sərin idi. Bir qədər dincəldikdən sonra rəfiqəm üzünü mənə tutub gözlərini qıydı və:
– Sən o yaraşıqlının telefon nömrəsini bilirsən?- deyə soruşdu.
– Nə yaraşıqlı? – deyə mən rəfiqəmin kimi nəzərdə tutduğunu dərhal anlayıb soruşdum.
– Güya bu şəhərdə ikinci yaraşıqlı var sənin aləmində? – deyə rəfiqəm zarafat etdi.
– Neynirsən onun telefon nömrəsini?
– Zəng edib deyəcəm ki, sənin dərdindən burada saralıb solan var.
– Dəlisən?!
– Niyə dəli oluram? Qoy bilsin də. Bəlkə bir reaksiyası olar o daş ürəklinin.
– Yox. Lazım deyil.
– Ver görüm onun nömrəsini. Mən bilirəm nə edəcəyimi.
– Nömrəni tapıb verərəm, amma mənim adımı çəksən səndən ömürlük inciyərəm.
– Yaxşı. Söz verirəm sənin adın olmayacaq, amma onunla bir zarafat etməliyəm…
O vaxt mobil telefonlar yox idi. Mən telefon kitabçasından Sahibin iş telefonunun nömrəsini tapıb rəfiqəmə verdim. Qız elə bunu gözləyirmiş kimi dəstəyi götürüb nömrəni yığdı.
Xəttin o biri başından “Allo” deyən ecazkar səsi o dəqiqə tanıdım. Qeyri-ixtiyarən əllərim əsdi. Mənə elə gəldi ki , o, bizi burada, bax elə bu otaqda görür. Mən əllərimlə üzümü tutub kənara çəkildim. Rəfiqəm əvvəllər heç vaxt onda sezmədiyim aktyorluq istedadını işə salıb salamlaşdı:
– Bağışlayın, nömrəni səhv yığmışam, – dedi.
Düşündüm ki, söhbət elə bu iki kəlmə ilə də bitəcək, lakin belə olmadı. İllər boyu gizlicə həsrətini çəkdiyim oğlan elə həmin ecazkar səsə bir qədər də nəvaziş qatıb:
– Buyurun, xanım. Siz hansı nömrəni yığırdınız ki? – deyə soruşdu.
Rəfiqəm kənarda həyəcandan əsdiyimi görüb gülümsədi və ağlına ilk gələn bir nömrəni dedi.
Xəttin o biri başında səslənən gülüşü eşidəndə həm təəccübləndim, həm də əsəbiləşdim. Bu azmış kimi, mənim idealım olan Sahib qır saqqız olub yapışdı rəfiqəmdən.
“Xanım, nə gözəl səsiniz var”, “yəqin özünüz daha gözəlsiniz”, “ sizi görmək istəyərdim” və sairə bu kimi ifadələri işlədərək rəfiqəmdən əl çəkmirdi.
Rəfiqəm də öz roluna necə məharətlə girmişdisə, heç çıxmaq fikri yox idi. O, gülərək nazla “Olar! Gəlin elə bu gün görüşək!” – deyəndə sanki ürəyim yerindən tərpəndi.
– Harda? Necə? – deyə Sahib sevincək soruşdu.
– Bu gün “Azərbaycan” kinoteatrının qarşısında. Axşam saat 7-də.
– Əla. Mənə çox uyğundur ora. Blirsiniz, siz sanki mənim oraya yaxın olduğumu və saat 7-də işdən çıxacağımı bilirmiş kimi təyin etdiniz görüş yerini.
Rəfiqəm bütün bunları həqiqətən bildiyindən bir qədər tutulsa da, özünü ələ aldı və vəziyyətdən ustaıqla çıxa bildi.
– Ha, ha, ha! Siz nə danışırsınız? Sadəcə mən şəhərdə başqa yer tanımıram. Ona görə oranı dedim. Vaxt isə valideynlərimin evdə olmayan vaxtdır. Evdən çıxa bilərəm.
– Olsun. Sizi gözləyəcəm.
Rəfiqəm dəstəyi yerinə asıb dərindən nəfəs aldı və divanda oturub gözlərini mənə zillədi.
Biz çinayət işləmiş müqəssirlər kimi bir-birimizə baxıb susurduq. Sonra rəfiqəm:
– Sən də buna vurulmusan! Salam verən kimi məni görüşə dəvət etdi. Eybi yox. Qoy getsin ora. Biz də səninlə gedib kənardan onun məni gözlədiyini seyr edərik.
– Mən heç yerə gedən deyiləm! – dedim.
Qəribə burasıdır ki, sevdiyim oğlan başqa bir qıza görüş təyin etdiyini eşidəndə təəccüblənsəm də, ürəyimdə ona qarşı mənfi nəsə oyanmadı. Uzun müddət ürəyimdə yer verdiyim o oğlan gözümdən düşmədi. Baş verənləri adi zarafat kimi qəbul etdim.
– Yaxşı gedib baxarııq! – dedim.
Bir qədər sonra anam zəng edib axşam evə gec gələcəyini dedikdə
– Hara gedirsən ki? – deyə soruşdum.
– Atanla kinoya gedəcəyik. Bilet alıb. Bu axşam “Azərbaycan” kinoteatrında yeni film nümayiş edilir, – dedi.
Anamla söhbətimi rəfiqəm də eşidirdi. Mən dəstəyi asıb:
– Biz bu axşam ora gedə bilmərik. Valideynlərim orada olacaqlar, – deyə mən yaranmış vəziyyəti rəfiqəmə izah etdim.
– Düzdür. Heyf. Onun məni orada necə gözlədiyini görə bilməyəcəyik! – deyə rəfiqəm planının pozulduğuna təəssüfləndi.
O gün rəfiqəm məni tək qoymayıb valideynlərim gələnə qədər mənimlə qaldı. Bir müddətdən sonra onllar gəldilər və xüsusi bir ruh yüksəkliyi ilə yeni filmdən və kinoya getdiklərindən danışdılar.
– Qızlar, siz də gedib baxın. Əla filmdir. Solmaz xala da getmişdi bizimlə, – deyə anam söhbətə başladı.
– Solmaz xala da sizinlə idi? – deyə mən təəccübləndim.
– Hə. Ona da bilet almışdıq. Kinoteatrın qarşısında da təsadüfən Sahibi gördük. Mənə elə gəldi ki, kimisə gözləyirdi. Gözü elə cavan qızlarda idi, – deyə anam mənə baxıb gülümsədi.
Rəfiqəm özünü saxlaya bilməyib güldü:
– Bəlkə kiminləsə görüşü var imiş? Siz mane olmusunuz? – dedi.
– Ola bilər. Cavan oğlandı da. Hər halda bizimlə filmi seyr etmək istəmədi.
– İstəməz də, – deyə yenə rəfiqəm dilləndi.
Ertəsi gün rəfiqəm yenə bizə gəldi, yenə Sahibin telefonuna zəng etdi:
– Necəsiz? – deyə soruşdu
– Siz görüşə niyə gəlmədiniz? Mən sizi gözlədim, – deyən Sahibin sualına rəfiqəm aktyorluq istedadının ən yüksək pilləsini nümayiş etdirdi:
– Siz mənimlə görüş təyin edib özünüz başqa qadınla görüşdünüz dünən axşam, – dedi
– Mən?! – deyə yazıq oğlan təəccübləndi
– Bəli, siz! Mən sizə yaxınlaşmaq istədikdə yanınızdakı qara saçlı qadını görüb geri döndüm.
Sahib necə bərk güldüsə səsi telefon dəstəyindən otağa yayıldı.
– Xanım, o qara saçlı qadın mənim nənəmdir! – deyib daha da bərk güldü:
– Demək siz gəlmişdiz ora? – deyə soruşdu.
– Əlbəttə. Nənəniz cavandır maşallah! – deyə Solmaz xalanı yaxşı tanıyan və o axşam Sahibin yanındakı qadının məhz nənəsi olduğunu bilən rəfiqəm heyrətləndi.
– Hə. Nənəm vaxtilə çox gözəl olub. İndi də təravətini itirməyib.
Solmaz xala həqiqətən çox gözəl qadın idi. Onun yaşı çox olsa da həmişə səliqəli və dəblə geyinər, özünə çox yaxşı baxardı.
– Gələn dəfə nə vaxt görüşək? – deyə Sahib soruşdu.
– Bu ara Moskvaya gedəcəm. Gələndən sonra sizə mütləq zəng edərəm, – deyə rəfiqəm görüşmək istəmədiyini bildirdi.
– Yaxşı olsun, əzizim! – deyib Sahib sağollaşdı.
Sahibin rəfiqəmə, tanımadığı, heç vaxt görmədiyi bir qıza əzizim deməsi məni çox məyus etdi. Mənə elə gəlirdi ki, hər kəsə əzizim demək olmaz axı! Mən o vaxtlar nə qədər sadəlöhv idim! Bütün bunlara baxmayaraq hər dəfə Sahibi görəndə hiss edirdim ki, qəlbimdəki boşluğu ancaq o doldura bilər. Əgər o vaxt mənə ümid versəydi, mənə evlilik təklif etsəydi, mütləq onunla ailə qurardım. Təəssüf ki, o bunu etmədi. Mən də sevgimi ürəyimin dərinliyində dəfn etdim…
Günlərin bir günü Sahib “Niyə ərə getmirsən ? Yoxsa ürəyində gizli sevgin var?” – deyə soruşdu. Gözlərinin düz içinə baxıb “Var!” – dedim. İstehzalı bir gülüşlə “Yoxsa o, mənəm?”- dedi.
Xeyr! Sən deyilsən, əzizim! – deyb ondan həmişəlik ayrıldım. Cürət edib “sənsən!”deyə bilmədim… Hətta ona “əzizim” deyərək əsəbimdən onun bir zaman rəfiqəmə dediyi sözü də özünə qaytardım.
Ondan sonra həyatımda çox şey dəyişdi. Başqa bir insanla ailə qurdum. İki oğul anası oldum. Xoşbəxt və firavan yaşadım, ancaq onu unuda bilmədim ki, bilmədim… İndi nə valideynlərim, nə Solmaz xala həyatda yoxdurlar. Onları xatirələrimdə yaşadıram.
Hərdən gənclikdə qürurumu sındırıb Sahibi sevdiyimi ona demədiyim üçün heyfsilənirəm. Çünki illər sonra o, mənə “əgər o gün, sənə sual verdiyim gün ürəyindəki mən olduğumu desəydin hər şey başqa cür olardı. Çünki o vaxtlar o qədər gözəl idin ki, mən özümü sənə layiq bilmirdim, ancaq səni ürəyimdə sevirdim və həmişə bu sevgini gizlətməyə çalışırdım, əzizim!” – dedi.
Bu dəfə “əzizim” sözü tamam başqa cür səsləndi. Bu söz indi ürəkdən deyilən və yalnız mənə aid söz idi.
Biz indi çox yaşlıyıq. Hər ikimizin nəvələrimiz var, ancaq mən yenə də onu görəndə özümü bir qədər itirirəm. Yəqin kitablardan oxuduğum ilk məhəbbət həsrəti elə bu imiş.
Bax, indi də gözüm təqvimdədir. Bayram yaxınlaşır axı.
Yenə mütləq ondan mənə təbrik gələcək. Yenə yazacaq “Bayramın mübarək,əzizim!”
Zaur Ustac زائـــور اوستاج بو گوز ظفر لیباسیندا سئوینج گؤز ياشی هر ایکی ساحلده دايانیب اَرلر آيریلیق آتشی ائله قارسیيیب ایچهرک قورودار آرازی نرلر * * * گؤيلردن بويلانیر تومریس آنامیز اَلینده قان دولو او مشهور تولوق خاین ياغیلارین باغری يئنه قان جانی اَسمهجهده، ایشلری شولوق * * * اوشاقدان بؤيويه هامی امیندیر تاریخ صحنهسینده يئتیشیب زامان بو دفعهبیريوللوق بیتهجک صؤحبت نه گذشت اولاجاق، نه ده کی، آمان * * * ایللردیر حسرتدن گؤزلری نَملی مامیرلی داشلارین گولور هر اوزو نئچه قرینهدیر قالمیشدی چیلپاق يامياشیل چايیرلا گلیب بو گوزو * * * آل دونون گئيینیر گونش هر سحر سمامیز ماسماوی، گؤي اوزو تمیز دومان دا يوخ اولوب، ایتیب بولودلار گؤزون آيدین اولسون، سئوین، آ تبریز 06/11/2022. باکی
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz! 06.11.2022. Bakı. Müəllif: ZAUR USTAC زائـــور اوستاج
(Onlar belə dua edərlər:) Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə əyrilik salma və bizə öz tərəfindən bir mərhəmət bəxş et! Sən həqiqətən(mərhəmət) bəxş edənsən. (Ali-İmran,8)
Hər başlangıcın sonu olduğu kimi hər sonun da bəlli bir başlanğıcı olur. Son heç vaxt birdən-birə gəlmir. Gələrkən müəyyən zaman intervalında xəbərdarlıqlarla, əlamətlərlə gəlir: yağışdan öncə buludlar kimi, gün doğmadan öncəki qaranlıq (hər qaranlıq gecənin bir gündüzü var)kimi, doğum sancısı, ölüm solğunluğu kimi….
Getdiyim haqqın yoludur,
Yoluma duman bürünür.
Mən yürüyürəm, arxamca,
Cansız kölgələr sürünür…
Allah Cənnəti və Cəhənnəmi yaratdı. Cənnətin yolunu tikanlarla, çətin, keçılməz maneələrlə,sınaqlarla, Cəhənnəmin yolunu isə nəfsə xoş gələnlərlə döşədi.
Şübhəsiz ki, kafirlərə nə malları, nə də övladları Allahın hüzurunda bir fayda verəcək. Onlar cəhənnəmin yanacağıdırlar (Ali-İmran,10)
Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının(müvəqqəti) mənfəətidir.Ən gözəl dönüş yeri Allah dərgahındadır.(Ali-İmran,14)
Haqq yolunu tutanlar bu dünyada cəhənnəm əzabından keçib əsl DOST (Allah)a qovuşur.
Hər şeyə hökmran olan Allah pak və müqəddəsdir! Siz Ona qaytarılacaqsınız. (Yasin,83)
Çətinliyə düşməyən, əziyyət çəkməyən insan son mükafatın həzzini ala bilməz. Əziyyətlə əldə edilmiş nemət daha qiymətli və əziz olur.
Torpaq ayağımdan çəkir,
Gözlərim qanlı yaş tökür,
ömrümə qaranlıq çökür
Bəxtimin ulduzu sönür.
Uca Allah ilk insanı-Adəmi yerdən götürülmüş torpaqdan yaratdı. Torpaq insan bədəninin xam maddəsidir. İnsan bütün həyatını torpa(k)qla bir olaraq keçirir. İnsan yerdə dünyaya gəlir, torpaqda ayaq açır, Yerin bitirdiklərindən qidalanır, sonda yerə əmanət olur. Yer, torpaq bizi ömrün qürubunda qoynuna alıb saxlayır.
Torpağın bitirdiklərindən, (insanların) özlərindən və bilmədikləri başqa şeylərdən bütün cütləri yaradan Allah pak və müqəddəsdir! (Yasin,36)
Dünyada bunca adam var,
Dərdimdən dərdlilər anlar,
Uzaqlaşdıqca insanlar,
Tək, uca Allah görünür…
Dərd –insanlara Allah tərəfindən verilmiş nemətdir.İnsan dərd çəkməsə, acının nə olduğunu bilməsə yardım etməz, anlayışlı olmaz, Allahın axtarışına çıxmaz. Acı çəkən, ağlayan uşaq anasına sığındığı kimi dərdli insan da Kainatın Yaradıcısını sorğular, Onu axtarar.
İnsan bir Can və Ruh daşıyır. Daşıdığı əmanəti sonda onu Yaradana təslim edir. Yolun sonu və son söz Əvvəl, Axir olan Allaha aiddir.
“ALLAH” şerində şair bunu təsdiqləyir:
İndi gördüklərim dərin yuxuma,
Ayılıb yenmişəm zəif qorxumu,
Özümdən alaraq ölməz ruhumu,
Yenə dərgahına gətirdim Allah.
Ruh ALLAHın nəfəsidir, ruh müqəddəsdir. Allah Hayy, Əvvəl, Axir olduğu üçün ruh da əbədidir, ölməzdir. Müəyyən zaman kəsiyində Cana verildikdən sonra ondan alınır. Ruhla bədən bir olduqdan sonra vəhdətdə yaşayır. Bədən ruhu, ruh da bədəni qidalandırır. Zaman bitdikdən sonra Əmanətlər Yaradıcıya təhvil verilir.
Ömür dedikləri bir anlıq imiş,
Bəxtimiz sarayı viranlıq imiş,
Dünya başdan başa qaranlıq imiş,
Yıxılıb özümü itirdim, Allah…
İnsan hansı zaman kəsiyidə yaşasa da ona ömrü qısa bir filmə sığacaq. Buna görə uzun müddət yaşansa da ömür bir an kimi gəlir. Dünya həyatı maneələrə, insana qaranlıq gələn çətinliklərlə doludur, bu qaranlıq, müəmma, çətinlık dolu həyatda insan istər-istəməz aciz qalır, aciz insan daha böyük qüvvəyə -Allaha hər zaman ehtiyac duyur.
Bu yalan dünyada
İki gerçək yaşadım,
Bir ömürdə
İki həyat yaşadım
Həyat qədər şirin yalan
Ölüm qədər
acı gerçək yaşadım.
Hər şey yalan…
Təkcə sən gerçəksən, Tanrım!
Hər şey iki
təkcə sən birsən, Tamrım!…
Hökmranlıq əlində olan Allah nə qədər ucadır! O, hər şeyə qadirdir.
O, hansınızın daha yaxşı əməl edəcək deyəsizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qudrətlidir, bağışlayandır. (Mülk.1,2)
Rəbbini inkar edənlər üçün cəhənnəm əzabı vardır. O necə də pis dönüş yeridir! (Mülk,6)
Göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa qadir deyilmi? Bəli, qadirdir! O, hər şeyi yaradandır, hər şeyi biləndir.
O, bir şeyin olmasını istədiyi zaman ona yalnız “Ol!”deyə əmr edər. O da dərhal olar. (Yasin, 82)