Etiket arxivi: SEYMUR SÖNMƏZ

MÜƏMMALI MƏHƏBBƏTİN GİZLİ KODU – SEYMUR SÖNMƏZ

Seymur SÖNMƏZ

MÜƏMMALI MƏHƏBBƏTİN GİZLİ KODU

(hekayə)

Səma ilə ilk tanışlığı iki il əvvəl, sosial şəbəkədə olmuşdu.  Əslində dostluq təklifini də  qızın özü etmiş, “messenger”lə göndərdiyi bir neçə şəkil aralarında ilıq münasibətlər yaratmışdı. Hələ üzünü görməsə də ürəkdən vurulmuşdu qıza. Telefonla tez-tez danışırdılar. “Vatçap”da görüntülü danışıqlar davam etdikcə, ən gizli sirlərindən də halı olmuşdular…
     Səma Bakıya yaxın qəsəbələrdən birində yaşayırdı. İlk virtual tanışlıq zamanı dediyinə görə özəl ali məktəblərdən birində oxumuş, valideyinlərinin təhriki ilə yaxın qohumlarından birinin oğlu ilə nişanlanmış, toylarının üstündən heç bir il keçməmiş ayrılmışdılar. Səma özü imtina etmişdi bu evlilikdən. Günahı ərə getdiyi oğlanın özündən çox, onun valideyinlərinin ayağına “yazmışdı”. Qızın dediklərindən bilmişdi ki, gəlin köçdüyü ailənin imkanları geniş olsa da, buradan dava-dalaş əskik olmurdu. İki baldızından biri-böyüyü-iki il qabaq qonşu ölkələrdən birinə qaçıb getmiş, elə o vaxtdan da, ondan heç bir soraq gəlməmişdi. Qızların balacası isə orta məktəbi bitirən kimi ata-anasından xəlvət varlı bir kişi ilə bir müddət gizli yaşamış, ondan ayrılandan sonra isə, şəhərdəki gecə barlarının birində işə düzəlmişdi. Həmin qız da ata-ana tənbehindən bezərək, günlərin birində evi tərk edib harasa çıxıb getmişdi. Arabir anası ilə danışanda gürcüstan əsilli birisiylə ailə qurub, Rusiyada yaşadığını deyirdi. Səmanın əri də bu ailənin “zay” törəməsi idi. Narkaman dostları ilə gəzib dolaşır, evə qayıdanda da, hamının canını boğazına yığırdı…
   Səma bu müsibətə cəmisi on bir ay tab gətirə bilmişdi. Valideynlərinin etirazına baxmayaraq, ər evini tərk edərək geri qayıtmışdı. Atası bir müddət onunla küsülü qalsa da, axırda övladının taleyi ilə barışmalı olmuşdu. Əslində,  anasına dediyi kəlmələr atasının qulağına çatandan sonra kişi vəziyyətin ciddi olduğunu, qızın evdən baş götürüb gedəcəyini anlayaraq güzəştə getmişdi. Ürəyində düşünmüşdü ki, onsuz da Səmanın dönük taleyinin səbəbkarı özüdür, sonrakı biyabırçılıqdansa, elə bəri başdan övladına arxa-dayaq olub, onun incik könlünü şad etməyə çalışmalıdır…
Ailənin günü-güzəranı pis keçmirdi. Atası uzun müddət yaxın xaricdə hərbçi olduğundan yüksək pensiya alır, şəhərin ucqar yerlərindən birində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. On nəfərə yaxın işçisi var idi, həm ailəsini, həm də öz işçilərini dolandırmaq imkanında idi…
   Səma bir müddət evdə oturub, gücü çatdığı qədər anasına kömək edirdi. Günlərin birində işləmək arzusunda olduğunu evdəkilərə bildirəndə əvvəlcə atası bir az yumşaq şəkildə dedi:
     – A qızım, Allaha şükür, kasıb deyilik, ən yaxşı evlərdən birində yaşayırıq, Bağ evimiz, minik maşınımız da var. Sənin işləməyinə ehtiyac yoxdur axı!
Səma həmin vaxt kipriklərindən süzülən göz yaşlarında boğula-boğula söyləmişdi:
-Ata, onsuz da mənimki heç əzəldən gətirməyib. Evdə qalıb neyləməliyəm ki, Allaha şükür özün demişkən pula ehtiyacımız yoxdur, qardaşım və məndən böyük bacım ailə qurandan sonra köçüb Rusiyada yaşayırlar. Sənin oradakı keçmiş dostlarının köməyi ilə əlləri bir parça çörəyə çatıb. Burada qalıb işləməyimi istəmirsənsə, qoy gedib onlardan birinin yanında qalım. İnsafən bu dəfə anasıının özü də Səmanın tərəfini tutdu:
-Qızım, atanın elə deməyinə baxma, sənsiz yaşaya bilməz, axı  evdə səndən başqa kimimiz var ki? Allah qardaşının-bacının canlarını sağ eləsin, ayamda-sayamda bir dəfə üzlərini görürük. Sən də çıxıb gedəndən sonra bəs, biz kimin umuduna qalacağıq?
-Yaxşı, qızım, bu dəfə çalışacağam ki, sən deyən olsun, ancaq mənə bir az möhlət ver. İndi hər adama etibar etmək olmur. Çalışacağam ki, sənə adımıza layiq bir iş tapım. Atası idi bu sözləri deyən…
Aradan üç ay keçsə də iş barədə söhbət bir daha təzələnmədi. Səma  bunu üzə vurmasa da, atasından hələ də cavab gözləyirdi. Evdə bekar oturmaqdan yorulmuşdu, Sosial şəbəkədə elə də çox dostu-tanışı yox idi. Əslində başı daşdan-daşa dəyəndən sonra hər adama inanmırdı. İlk evlilikdən sonra qəlbinin dərinliklərinə qədər gedib çıxan psixoloji zədə sağalmaq bilmir, onu haldan-hala salırdı. Yasinlə xəyali tanışlıqdan sonra əhvalında bir az müsbət əlamətlər hiss olunmaqda idi. Ər evində eşitmədiyi şirin kəlmələri onun dilindən eşitdikcə hiss edirdi ki, sevgi adlı bir dəfedilməz qüvvə onun cismində peyda olmaqdadır… 
    Yasin ailənin ikinci övladı idi. Uşaq vaxtlarından atasız böyümüşdü. Ağır yol qəzası zamanı həlak olan atasının üzünü doyunca görə bilməsə də, həyatın sərt üzündən yetərincə halı idi. Böyük qardaşı dolanışıq dalınca xarici ölkələrdən birinə üz tutmuş, elə həmin yerdə də türk əsilli bir qızla ailə həyatı qurub yaşayırdı. Özünün deməsinə görə vəziyyəti yaxşı idi. Arabir anası ilə, bəzən də onun özü ilə danışırdı. Hələ geriyə qayıtmaq fikri yox idi. On üç yaşlı sonbeşik bacısı məktəbli idi. Şamaxının qədim məhəllələrinin birində babasından qalma bir evdə yaşayırdılar. Anası məktəblərdən birində xadimə, özü isə çörəkbişirmə sexində işləyirdi. Başqaları ilə müqaisədə dolanışıqları babat idi. Anasının  son vaxtlar giley-güzarı dilindən əskik olmurdu:
      -Bilmirəm heç nəyi gözləyirsən, sənin tayların çoxdan oğul-uşaq sahibi olublar. Bəlkə, qız kimi evdə qarıyıb un çuvalına tay olmaq istəyirsən? Yaşın bu gün-sabah otuzu haqlayacaq. Sən doğrudanmı özümüzə bab bir qız tapa bilmirsən? Əgər belədirsə, mən “arşın malçının” sözü olmasın, çadramı başıma örtüb sənə qız axtarım?
Yaxşı yadındadır, həmin vaxt Yasin anasını bağrına basandan sonra, onun vaxtsız ağarmış saçlarından öpərək demişdi:
    -Darıxma, ana, tezliklə səni sevindirəcəyəm.
Ana isə köksünü dərindən ötürərək ona xeyir-dua verib pıçıldamışdı:
   -Ancaq ehtiyatlı ol, ha… İndiki qızların bəzilərinin dilləri ilə ürəkləri arasında böyük məsafə olur. Çalış ki, bəyəndiyin qız,-mənim gəlinim-halal süd əmənlərdən biri olsun…
    Səma ilə ilk dəfə “kukla teatrının” qarşısında görüşmüşdü. Köhnə dostlar kimi bulvarda əl-ələ tutub xeyli gəzişəndən sonra, “Mirvari” kafesində çay içmişdilər. Həmin gün ilk dəfə görüşərkən qızın dediyi sözləri sonralar dönə-dönə xatırlamışdı: “Yasin, könlümü sənə verirəm, başıma gələnlərdən halısan, etibarsızlığı özümdən yox, səndən gözləyəcəyəm!” Eşitdiyi kəlmələr onu ruhən silkələsə də, cavabı gecikməmişdir: “Sən nə danışırsan, Səma, mən sənin taleyindən yaxşı halıyam, bununla belə əhdimdən-ilqarımdan geri dönən deyiləm, İnşallah, özün də buna şahid olacaqsan!”…
Növbəti görüşlər onların arasındakı sədləri büsbütün yox eləmişdi. Fürsət tapan kimi, xəlvəti bir yerə çəkilib bir-birlərinin boynuna sarılır, illər ayrısı kimi qucaqlaşırdılar. Bir-iki dəfə gözdən uzaq bir yerdə nahar da etmişdilər. Ad günü ərəfəsində görüşəndə Yasin qıza kiçik bir hədiyyə də almışdı. Bundan artığına onsuz da gücü çatmazdı…
    Günlər ötüb keçdikcə Yasin qıza elə bağlanmışdı ki, onsuz yaşayacağını heç təsəvvürünə də gətirmək istəmirdi. Ancaq qız nədənsə çox vaxt fikirli olur, Yasinin arzuladıqlarına rəğmən bəzən özünü qeyri-adi aparırdı. Səmanın laqeydliyini əvvəllər üzləşdiyi arzuolunmaz ailə həyatı ilə ilgili olduğunu düşünəndə ürəyində deyirdi: “Yəqin ki, keçirdiyi sarsıntının izləri hələ də  qəlbindən silinməyib. Baxanda, yaxşı qıza oxşayır, çox yaraşıqlıdır, düşünürəm ki, hər şey axırda istədiyim kimi olacaqdır!”
    Yasin Şamaxı ilə Bakının arasını su yoluna döndərmişdi. Səmadan ötrü dəli-divanə idi. Xəyallarında yer alan arzuladığı xoş günlərini Səmasız təsəvvürünə gətirmirdi. Təkcə nigarançılığı anasının verəcəyi rəydən, sevdiyi qızın boşanmış birisi olduğunu biləndə deyəcəyi sözlərdən idi. Ancaq bununla belə, Səmaya bəslədiyi sevgisinin yolunu heç xətrini dünyalar qədər istədiyi anası da kəsməyə qadir deyildi. Bilirdi ki, ürəyində anası onunla razılaşmasa da, gec-tez onun xətrinə güzəştə gedəcəkdi. Səma ilə evlənəcəyini qət edəndən sonra, aldığı əməkhaqqınından toy xərci üçün vəsait də toplamışdı. Bu vəsait yetərincə olmasa da, böyük qardaşının toya gəlməsə də, pul göndərəcəyinə əmin idi. Elə də daşürəkli deyildi qardaşı…
   Səma ilə növbəti dəfə görüşəndə toylarından da söhbət açmışdı. Qızın razılığını alandan sonra elçi göndərmək fikrində idi. Nədənsə Səma bu dəfə onunla bir az soyuq görüşdü. Səbəbini soruşanda dedi ki, şəhərdəki uşaq baxçalarından birinə işə düzəlib. Bir az vaxt istədi ki, özünə gəlib görsün ki, əli işə yatırmı? Ayrılanda da onu bir az soyuq tərzdə yola saldı. Dənizlə Nargin adasına gedib geri qayıdan gəmi ilə yarımsaatlıq gəzintidən də boyun qaçırıb: “İncimə, Yasin,-dedi-işdən icazəsiz çıxmışam, tez qayıtmalıyam!..”
     Sonuncu dəfə görüş üçün paytaxta gələndə, dəfələrlə etdiyi telefon zənginə cavab almadı. Qızın iş yerinin harada olduğunu bilsəydi oraya gedərdi. Ancaq Səma işlədiyi baxçanın ünvanını ona bildirməkdən imtina eləmişdi…
   Ürəyini tuta-tuta çox məyus halda geri qayıtdı. Günün müxtəlif vaxtlarında etdiyi zənglərdən sonra ancaq mobil telefonundan eyni sözləri eşitdi: “Zəng etdiyiniz telefon nömrəsi ya söndürülmüş, ya da əhatə dairəsindən kənardadır!.”
Az qala ürəyi partlamaq dərəcəsində idi. Yazdığı mesajlar da cavabsız qalmışdı.
Nə edəcəyini bilmirdi. Ertəsi gün, Səmadan üzücü bir cavab gəldi: “Yasin, məndən incimə, artıq yolun sonuna gəlib çıxmışıq. Buradan o tərəfə səninlə birgə getmək fikrim yoxdur, səbəbini soruşsan da deməyəcəyəm!..
   Yasini elə bil, qəfildən ildırım vurmuşdu. Əlləri əsir, dili söz tutmurdu. Səmaya sonuncu dəfə nəsə yazmaq istəyəndə, anladı ki, qız onu dostluqdan silmiş və telefon nömrəsini bloka atmışdı…
    Nə qədər fikirləşsə də, Səmanın gözlənilməz hərəkətinin yozumunu tapa bilmədi. Anasının sözləri yadına düşdü:  “Ancaq ehtiyatlı ol, ha… İndiki qızların bəzilərinin dilləri ilə ürəkləri arasında böyük məsafə olur. Çalış ki, bəyəndiyin qız,- mənim gəlinim-halal süd əmənlərdən biri olsun!..” Qəlbinin bulud harayını pışıltıyla dilinə gətirdi: “Düz deyirmişsən, ana, mən Səmanın kimliyini öyrənmədən, ona könlümü verdim. Gərək onun ilk dəfə mənə dediyi: “Etibarsızlığı özümdən yox, səndən gözləyəcəyəm!” kəlmələrindən nəticə çıxaraydım. Heç demə bu kəlmələr müəmmalı məhəbbətin gizli kodları imiş! Sən etibarlı idinsə niyə belə etdin, Səma?..

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏNİM PAYIZ MƏHƏBBƏTİM

Seymur Sönməz (Paşayev) – yazar.

MƏNİM PAYIZ MƏHƏBBƏTİM

​ ​ ​ ​ ​ Payizda taniş olmuşduq! O, rastıma elə bir məqamda çıxmışdı ki, xeyli vaxtdan bəri həyatıma rəng qatmaq gücündə olan birinin axtarışında idim. Tanış olandan sonra düşünürdüm ki, aramızdakı yollar uzaq olsa da, bizi qəlbən bir-birimizdən ayrı salmağa qadir deyildir. Sevdalı günlərimizin lap əvvəlində bu kəlmələri onun özünə də söyləmiş, o, mənə bunu əhdi-peyman kimi qəbul etdiyini bildirmişdi. Ancaq o vaxtlar hardan biləydim ki, bu sözləri onun qəlbi yox, dili-dilçəyi deyirmiş!
​ ​ İllərlə davam edən qarşılıqlı sevgimizdən son vaxtlar nədənsə ayrılıq qoxusu gəlməkdə idi. Nədənsə bizi birləşdirən yolların üstündən soyuq küləklərin əsib keçdiyini hiss etdikcə ürəyimdə gah özümü, gah da Jannanı qınayırdım…
​ ​ ​ Günlərin birində qəlbimdən keçənləri Jannanın özünə də deyəndə, o, and-aman edərək, əvvəlki kimi sevgimizə sadiq olduğunu bildirdi və hətta, belə düşündüyüm üçün məni bir az qınadı da…
​ ​ ​ ​ ​ ​ Onun bu barədə nə deməsindən asılı olmayaraq ürəyim dərinliklərində “şübhə toxumları” günbəgün cücərib boy verməkdə idi. Əslində, Janna öz niyyətini dilinə gətirməsə də, onun sözlərinə artıq inanmırdım. Gündən-günə aramızdan soyuq küləklərin keçdiyini bütün varlığımla hiss etdikcə, Jannanın bəhanələri də artıb çoxalmaqda idi…
​ ​ ​ ​ ​ Axırda ürəyimin diqtə etdiyini, Jannanın özü də təsdiq etməli oldu, özü də soyuq payız günlərinin birində! Onu qınasam da, acılamadım! Axı, o mənim​ sevdiyim idi! Ancaq bununla belə, birgə getdiyimiz yolun sonunda dedim ki: “Sənin haqqın yox idi, məhəbbəti oyun, mənisə oyuncaq hesab edəsən, yadında yaxşı saxla, günahların ömürün boyu səni tərk etməyəcək!…
​ ​ ​ ​ Bilmirəm, o dediklərimi anladımı? Təkcə bildiyim odur ki, o heç mənimlə sağollaşmadan öz yolu ilə çıxıb getdi. Mənsə özümü danladım və bu qənaətə gəldim ki, soyuq bir payız günündə rastıma çıxan bu qız, illər sonrası elə payızın dumanlı-çiskinli günlərinin birində də durna qatarına qoşulub, uzaqlara “uçub” getdi! Elə həmin gündən sonra kimsə “payız fəslini çox sevirəm”- deyəndə, yadıma özümün uğursuz məhəbbətim düşür! Bəlkə də mənim bəlalı sevgimin baiskarı payız oldu. Jannanın günahı ucbatından bu sevgi qaşqabaqlı payızın sınağından üzüağ, alnıaçıq çıxa bilmədi!..
​ ​ ​ Əslində üzünü qarlı-şaxtalı qışa tutan payız gündən-günə hərarəti azalan bir sevgiyə haradan “məlhəm” tapmalı, fikri-zikri indi də özgəsinin yanında olan bir qızı getdiyi yoldan necə qaytarmalı idi!..
​ ​ ​ Məni qınamayın, neyləyim, payızda sevib, elə payızda da itirdiyim dönük üzlü bir sevdaya görə, ilk vaxtlarda payızın əlvan çalarları kimi gözümə görünən və ürəyimə hökm edən bir qızı vaxtında tanıya bilmədiyimçün, hərdən payızla bərabər özümü də qınayıram! Niyə aldandım, niyə!!! Nədənsə hələ də bu sualın cavabını tapa bilməmişəm!..

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZDIM… – SEYMUR SÖNMƏZ

Seymur Sönməz (Paşayev) – şair.

SİNƏMİN AĞRIYIR SƏN OLAN YERİ
Məni dərd içində qoyub getmisən,
Sirrini hər yana yayıb getmisən.
De, bəlkə kiməsə uyub getmisən?
Mənim lal həsrətim dağdan da iri –
Sinəmin ağrıyır sən olan yeri!
* * *
Səni səsləyirəm hər addımbaşı,
Niyə ətəyindən tökmədin daşı?
Hələ də qurumur gözümün yaşı,
Bilmirəm ölüyəm, yoxsa ki, diri –
Sinəmin ağrıyır sən olan yeri!
* * *
İndi üzü dönmüş bəxtə nə deyim,
Bu eşqi de, necə vəsf edim, öyüm?
Hardasa çatdımı sənə gileyim,
Bildinmi, baş alıb gedəndən bəri –
Sinəmin ağrıyır sən olan yeri!
* * *
Qaçdın gözlərimin yuxusu kimi,
Qəfildən bulandın axar su kimi.
Puç oldum bir ömrün arzusu kimi,
Ötüb-keçən anlar dönərmi geri –
Sinəmin ağrıyır sən olan yeri!

TOXUNMA DUYĞULARIMA
Geç olar ox çıxıb,gedirsə yaydan,
Yüz il ömür sürsə düzəlməz nadan,
Qoy yatsın oyatma şirin yuxudan,
Sən canın toxunma duyğularıma.!
* * *
Nə olsun əhdinı,andını danıb,
Məndə qalaq-qalaq izləri qalıb,
Könlumü qırdığın yadıma salıb,
Sən canın toxunma duyğularıma.!
* * *
Dönük bir sevginin olmaz əlacı,
Hər şirin vusalın,sonluğu acı,
Tənəli baxışı atıb qıyğacı,
Sən canın toxunma duyğularıma.
* * *
İndi yadlar kimi kənar olmuşuq,
Nəmli kipriklərdən axar olmuşuq,
Bəlkə lap əzəldən elə buymuşuq,
Sən canın toxunma duyğularıma.

AĞLAMA DEDİYİM AĞLATDI MƏNİ
Qürbət eldə sevdim, sirdaşım oldu,
Həm çiçəkli yazım, həm qışım oldu.
Bəs, niyə çevrilib göz yaşım oldu,
Danıb öz əhdini, unutdu məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Ərşə qalxan kimi naləm-harayım,
Döndü qəm-kədərə hər günüm, ayım.
Qəfil əldən getdi qismətim-payım,
Bilmirəm heç niyə tez atdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Axırda bildim ki, yoxmuş vəfası,
Gözümdə zülmətə döndü səfası.
Dağdan da ağırmış demə cəfası,
Vara-dövlətəmi o, satdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Bir vaxtlar gözünün sildim yaşını,
Bahara çevirdim qarlı qışını.
Bəs, niyə üstümə çəkib “qoşunu”,
Aldada-aldada fırlatdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Seymurun qəlbini tutmadan dilə,
Neçə arzusunu çevirdi külə.
Niyyəti nəyimiş, bilmirəm hələ,
Dilim gəlmir deyəm, yaşatdı məni –
Ağlama dediyim, ağlatdı məni!
* * *
Bir quru salamla xatirə oyat,
Hərdən yoxuma gəl,başımı aldat,
Demirəm bir yolluq qəlbindən sök ,at,
Sən canın toxunma duyğularıma.

TALESİZ QADIN
Halına ürəkdən yanıram sənin,
Üstündən çəkilmir dumanın-çənin.
Sığışmır qəlbinə dağ boyda qəmin,
Döndünmü köləyə əlində yadın –
Puç oldu hər anın, talesiz qadın?!
* * *
De, niyə bəxtindən yarımadın sən?
Sevginlə bilikdə qarımadın sən.
Bir körpə saçını daramadın sən,
Qaldın arasında suyunan odun –
Bağlandı hər yanın, talesiz qadın!
* * *
Zülmətdə qərq oldu arzun-diləyin,
Nanə yarpağıtək əsdi ürəyin.
Baş əydin hökmünə acı küləyin,
Doyunca duymadın sevincin dadın –
Sızladı hey canın, talesiz qadın!
* * *
Hər yetən gəc baxdı üzünə sənin,
Elə hey qar yağdı izinə sənin.
Dərd-qəm kölgə saldı gözünə sənin,
Tənə yeri oldu tərsin-avandın –
De, varmı ünvanın, talesiz qadın?!

ÜRƏK OĞRUSU
Mən nankor sevgindən necə söz açım?
Necə söhbət edim ürək dolusu.?
Fikrinlə yaşarkən haraya qaçım?
Söylə!
Məni məndən edən ürək oğrusu.!
* * *
Nə unuda billəm, nədə ki, ata,
Dolanıram dərdə mən bata-bata,
Nə idi günahım axı dünyada?
Söylə!
Məni məndən edən ürək oğrusu.!
* * *
Əhdini danaraq andını pozan,
Sözü söz eyləyib kəlməni yozan,
Tərk edib getməyin bu qədər asan,
Söylə ?
Məni məndən edən ürək öğrusu .!
* * *
Sən getdin, sinəmdə sızladı qəlbim,
Artdı yoxluğunda, çoxaldı dərdim
Ömrümə bəs niyə gəlmişdin mənim?
Söylə!
Məni məndən edən ürək oğrusu!
* * *
Seymuru tərk etdin yol yarısında,
İnləyir bitən bu eşqin yasında,
Axtarım dünyanın bəs harasında?
Söylə-
Məni məndən edən ürək oğrusu.

GƏLMƏ
Qara saçlarıma qarlar ələnmiş,
Həyatın sınağı yaman çətinmiş,
Qamətim bükülmüş,qəddim əyilmiş,
Çarəsiz halımı biləndə gəlmə.!
* * *
Qaysaq bağlayıbdı qəlb mamırlanıb,
Xəyalım yıxılıb,uçub talanıb,
Gördüyün bənizdən əsər qalmaıb,
Anam göz yaşımı siləndə gəlmə.!
* * *
Yazdım necə kərə cansız kağıza,
Söz oldum dillərə,düşdüm ağıza,
Bir zaman vurğundum, yaza,payıza,
Ağac yarpaqların tökəndə gəlmə.!
* * *
Üstümə üstümə gəlir,zaman il,
Silə bilirsənsə,gəl qəlbimdən sil,
Mənim təbiətim dəyişkən deyil,
Nadanlar halıma güləndə gəlmə.
* * *
Bu yolda nə çəkdi,nə çəkdi Seymur,
Etmədi bir kərə,etmədi qürur,
Gəlirsən indi gəl,son arzum budur,
Gözlərim yumulub öləndə gəlmə.!

Müəllif:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru