Etiket arxivi: ŞUŞA HAQQINDA ŞEİR

RƏŞAD MƏCİDİN ŞUŞA HAQQINDA ŞEİRLƏRİ – YAZARLARIN MAY SAYI

RƏŞAD MƏCİDİN YAZILARI

CIDIR DÜZÜ
Dərədə möcüzə, dağda möcüzə,
Torpağa bu qədər vurulmamışdım.
Gözəllik önündə heç vaxt, heç vədə,
Belə təzələnib durulmamışdım.
* * *
Dili tutulubmu torpağın, daşın,
Görən niyə belə səssizdir bu yer.
Haçansa Üzeyir ayağı dəyib,
Yəqin ona görə əzizdi bu yer.
* * *
Sükuta bürünüb Cıdır düzümüz,
Bülbülün səsinə dalandan bəri.
Torpaq dərd əlindən qayalaşıbdı,
Ellər Natəvansız qalandan bəri.
* * *
Göz dikib bu yerə yağılar yadlar,
Su olub düzündə axa bilməyib.
Nə qədər zirvələr fəth edib Qacar,
Amma bu zirvəyə qalxa bilməyib.
* * *
Burda daşları da qoruyaq gəlin,
Hansı bir daşdasa Vaqif qanı var.
Bura yaddaşıdır obanın, elin,
Burda hər bir nəslin öz ünvanı var.
* * *
Deyirəm, dünyada sevgi tapılmaz,
Övladın torpağa sevgisi kimi.
Bu yurd yaddaşımda qalacaq mənim,
Tarixin möcüzə sərgisi kimi.
1979

ŞUŞA
Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdı Şuşa.
Musiqi notudur cüt hecasıyla: Şu-Şa
Dilimin şəhdidir, dadıdı Şuşa.
* * *
Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Bilib eşidəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
* * *
Qoynuna hər gələn yüz xəyal eylər,
Qıraqda qalanlar qeylü-qal eylər,
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.
2021

Müəllif: Rəşad MƏCİD

RƏŞAD MƏCİDİN YAZILARI

ŞUŞA HAQQINDA 8 ŞEİR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Yaşa, Şuşa! –  ANAR

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Bu gün Xalq yazıçısı Anarın doğum günüdür! Doğum günü münasibəti ilə Anar müəllimi təbrik edir, uzun ömür, can sağlığı, fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Bu xoş gündə, “Şuşa ili”ndə sevimli yazarımızın Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad olunması münasibətiylə yazdığı “Yaşa, Şuşa!“ şeirini (525.az) oxucularımıza təqdim edirik:

YAŞA, ŞUŞA

Otuz illik həsrətimiz
Qırx dörd gündə çatdı başa,
Azad edildi Qarabağ
Azad oldu gözəl Şuşa,
Doğma vətənin qoynunda
Şuşa, sonsuzadək yaşa!

Cıdır düzü, Qırx pilləkan,
“Ərim gəldi” bir tamaşa,
Natəvanlı, Üzeyirli,
Nəvvablı, Bülbüllü Şuşa,
Xarı-bülbül güllü Şuşa!

Bulaqların buztək soyuq,
Yazı, yayı sərin Şuşa,
Dağların ucadan uca,
Dərələrin dərin, Şuşa.

Düşmənə ismarış etdik:
Dinc yolla rədd olub getsin.
Çağırdıq sülhə, barışa.
Hikkəsindən, lovğalıqdan
Sözümüzü eşitmədi,
İş qaldı hərbə, savaşa.
Şəhid verdik, zəfər çaldıq,
Sahib çıxdıq yurdumuzun
torpağında hər qarışa,
“Sən bu gün azadsan, Şuşa!”

Məscidlərin ucalıbdır
Minarələr qoşa-qoşa,
Öz dininlə, öz dilinlə,
öz xalqınla azad yaşa.

Cıdır düzümüzdə yenə
Köhlənlər çıxsın yarışa,
Yenə muğamlar səslənsin
hər tərəfdə, doğma Şuşa.
Daşaltı da fərəhlənsin,
axıb getsin köpüklənib
sevincindən daşa-daşa,
Canımızsan, gözümüzsən,
özümüzsən, əziz Şuşa.

Pənahəli xan dövründən
Düşmənlərin hər həmləsi,
hər hiyləsi
axırda çıxıbdır boşa,
sən bunu bilirsən, Şuşa.

İbrahim xan nəslinin
faciəli taleyini
“Qarabağnamələr” diliylə
bizə danışa-danışa
günümüzə gəldin, Şuşa

Dolayları aşa-aşa,
Bir gün sivri yamaclarla
Qaya dırmaşa-dırmaşa,
Düşmənlərlə əlbəyaxa,
Mərdcə vuruşa-vuruşa,
Ölüm-dirim məqamında
bəxtlə dalaşa-dalaşa
neçə əsgər qazi oldu,
neçə cavan şəhid oldu
qocalıb dolmadan yaşa
Sənin yolunda şəhərim,
Şəhərlər şəhəri Şuşa

Getsin o günlər gəlməsin,
Yağı özün qalib bildi,
Araq içib gəldi cuşa,
Cıdır düzündə rəqs etdi
Sevincindən coşa-coşa,
Əl qol atdı çaşa-çaşa
Boş-boşuna danışdı hey
Dili topuq çala-çala,
Dili dolaşa-dolaşa.
Belə səfeh əbləhlərə
Ürəyində güldün, Şuşa

Zəfər çalan ordumuz da,
Haqlı vətən davasından
Dəmir yumruqtək birləşib,
Qalib çıxan yurdumuz da
Layiqdir min-min alqışa.
Mətanət qalası Şuşa,
Həmişə, hər vaxt, hər zaman
Qeyrətin qalası Şuşa

“Qarabağ bizimdir” deyən,
İradəsiylə, əzmiylə
Sözünü yerə yetirən,
Cəsur Prezidentim, yaşa!

Əbədi var olsun Şuşa,
azad Şuşa, abad Şuşa,
gözüm Şuşa, bizim Şuşa!
Yaşa, yaşa, yaşa, yaşa! 

9 may 2021

İlkin mənbə: 525.az

Müəllif: ANAR

ANARIN DİGƏR YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru