Yaşa, Şuşa! –  ANAR

ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Bu gün Xalq yazıçısı Anarın doğum günüdür! Doğum günü münasibəti ilə Anar müəllimi təbrik edir, uzun ömür, can sağlığı, fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Bu xoş gündə, Şuşa ili”ndə sevimli yazarımızın Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad olunması münasibətiylə yazdığı “Yaşa, Şuşa! şeirini (525.az) oxucularımıza təqdim edirik:

YAŞA, ŞUŞA

Otuz illik həsrətimiz
Qırx dörd gündə çatdı başa,
Azad edildi Qarabağ
Azad oldu gözəl Şuşa,
Doğma vətənin qoynunda
Şuşa, sonsuzadək yaşa!

Cıdır düzü, Qırx pilləkan,
“Ərim gəldi” bir tamaşa,
Natəvanlı, Üzeyirli,
Nəvvablı, Bülbüllü Şuşa,
Xarı-bülbül güllü Şuşa!

Bulaqların buztək soyuq,
Yazı, yayı sərin Şuşa,
Dağların ucadan uca,
Dərələrin dərin, Şuşa.

Düşmənə ismarış etdik:
Dinc yolla rədd olub getsin.
Çağırdıq sülhə, barışa.
Hikkəsindən, lovğalıqdan
Sözümüzü eşitmədi,
İş qaldı hərbə, savaşa.
Şəhid verdik, zəfər çaldıq,
Sahib çıxdıq yurdumuzun
torpağında hər qarışa,
“Sən bu gün azadsan, Şuşa!”

Məscidlərin ucalıbdır
Minarələr qoşa-qoşa,
Öz dininlə, öz dilinlə,
öz xalqınla azad yaşa.

Cıdır düzümüzdə yenə
Köhlənlər çıxsın yarışa,
Yenə muğamlar səslənsin
hər tərəfdə, doğma Şuşa.
Daşaltı da fərəhlənsin,
axıb getsin köpüklənib
sevincindən daşa-daşa,
Canımızsan, gözümüzsən,
özümüzsən, əziz Şuşa.

Pənahəli xan dövründən
Düşmənlərin hər həmləsi,
hər hiyləsi
axırda çıxıbdır boşa,
sən bunu bilirsən, Şuşa.

İbrahim xan nəslinin
faciəli taleyini
“Qarabağnamələr” diliylə
bizə danışa-danışa
günümüzə gəldin, Şuşa

Dolayları aşa-aşa,
Bir gün sivri yamaclarla
Qaya dırmaşa-dırmaşa,
Düşmənlərlə əlbəyaxa,
Mərdcə vuruşa-vuruşa,
Ölüm-dirim məqamında
bəxtlə dalaşa-dalaşa
neçə əsgər qazi oldu,
neçə cavan şəhid oldu
qocalıb dolmadan yaşa
Sənin yolunda şəhərim,
Şəhərlər şəhəri Şuşa

Getsin o günlər gəlməsin,
Yağı özün qalib bildi,
Araq içib gəldi cuşa,
Cıdır düzündə rəqs etdi
Sevincindən coşa-coşa,
Əl qol atdı çaşa-çaşa
Boş-boşuna danışdı hey
Dili topuq çala-çala,
Dili dolaşa-dolaşa.
Belə səfeh əbləhlərə
Ürəyində güldün, Şuşa

Zəfər çalan ordumuz da,
Haqlı vətən davasından
Dəmir yumruqtək birləşib,
Qalib çıxan yurdumuz da
Layiqdir min-min alqışa.
Mətanət qalası Şuşa,
Həmişə, hər vaxt, hər zaman
Qeyrətin qalası Şuşa

“Qarabağ bizimdir” deyən,
İradəsiylə, əzmiylə
Sözünü yerə yetirən,
Cəsur Prezidentim, yaşa!

Əbədi var olsun Şuşa,
azad Şuşa, abad Şuşa,
gözüm Şuşa, bizim Şuşa!
Yaşa, yaşa, yaşa, yaşa! 

9 may 2021

İlkin mənbə: 525.az

Müəllif: ANAR

ANARIN DİGƏR YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.