Dəyərli oxucular! 20 dekabr, Saat 13:00-da Bakı İdman Sarayında (Keçmiş Əl oyunları sarayı) keçiriləcək Bakı kitab sərgisində Vaqif Sultanlının oxucularla görüşü və imza saatı olacaq. Yazıçı ilə görüşmək üçün “Kritika” Nəşriyyatının stendinə yaxınlaşa bilərsiniz. Əlaqə telefonu: 055 430 89 71
Bu günlərdə “Yeni dünya düzəni və Güney Azərbaycan problemi” adlı elmi məqalələr toplusu yayınlanıb. Professor Vaqif Sultanlı və doktor İrəc İsmayılın hazırladığı, “Aveprint” nəşriyyatında yayınlanan kitabda Güney Azərbaycanın aktual problemlərinə həsr olunmuş müxtəlif məzmunlu araşdırmalar toplanmışdır.
Oxucuların mühakiməsinə verilən kitab Güney Azərbaycanla bağlı tarixi, siyasi-ideoloji və ədəbi-kulturoloji problemlərə aydınlıq gətirilməsi məqsədilə hazırlanmışdır. Burada bir tərəfdən tarixi-siyasi, qarşı tərəfdən ədəbi-kulturoloji səpkili araşdırmalara yer verilmiş, bu isə problemin hərtərəfli müstəvidə dəyərləndirilməsinə imkanlar açmışdır.
Vaqif Sultanlı və İrəc İsmayılın kitaba yazdığı “Güney Azərbaycan problemi çağdaş düşüncə axarında” adlı öz sözdə problemin aktuallığına diqqət çəkilir: “Çox təəssüf ki, demokratik dünya uzun illərdən bəri şovinist İran fars rejiminin basqıları altında inləyən, hər cür insani hüquqlardan məhrum olan, dar ağacına sürüklənən, məhbəslərdə, sürgünlərdə ağır işgəncələrdən ölümə tərk edilən, qürbətdə can verən Güney Azərbaycan Türklərinin taleyinə hələ də səssiz qalmaqdadır. Dəqiq olmayan statikstik bilgilərə görə, İran bu gün dünyada edamların sayına görə ilk yerdə dayanan dövlətlər sırasındadır. Ölkədə narkotik alveri adı altında məhkum edilən, dar ağacından asılan gənclərin böyük əksəriyyəti siyasi fəaliyyətlə məşğul olan şəxslərdir”. “Ön söz”də daha sonra Güney Azərbaycan probleminin çözüm yolları ilə bağlı məsələlərərə aydınlıq gətirilir: “Güney Azərbaycan probleminin həlli bölgə dövlətləri ilə bağlı əsrlərdən bəri həllini gözləyən bir sıra ortaq siyasi məsələlərin çözülməsinə imkan verəcəkdir. Başqa sözlə, Güney Azərbaycanın bağımsızlıq qazanması ilə yad güclərin əlilə parçalanmış vahid xalqın birləşərək gələcəkdə yaratmış olacağı Bütöv Azərbaycan dövləti bütünlükdə Şərqin taleyində həlledici rol oynacayacqdır”.
Kitaba daxil edilən, mövzu-problem baxımından çeşidli olan, biri digərini tamamlayan məqalələr Azərbaycan araşdırıcıları ilə yanaşı, Türkiyə və Misir alimlərinin əsərlərini də əhatə etməkdədir.
Bu günlərdə Azərbaycan Cümhuriyyətinin qurucusu, böyük siyasi lider Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında. Qafqaz məsələsinə dair” kitabı yayınlanmışdır. “Salman Mümtaz yayınları”nın nəşr etdiyi kitabı Azərbaycan türkcəsinə Vaqif Sultanlı və Əliheydər Yunisoğlu çevirrmişlər.
Qeyd olunmalıdır ki, M.Ə.Rəsulzadənin 1930-cu ildə Qafqaz İstiqlal Komitəsinin dəstəyi ilə Parisdə rus dilində yayınlanmış “Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” kitabı böyük mütəfəkkirin siyasi-kulturoloji görüşlərinin öyrənilməsi baxımdan son dərəcə önəmli qaynaqlardan biridir. Əsərin yarandığı dönəm istər Azərbaycan və Türkiyə, istərsə də digər türk xalqları tarixinin ən mürəkkəb, keçməkeşli dönəmi olduğundan problemə yanaşmada zamanın təsiri aşkar şəkildə duyulmaqdadır.
Türkçülük və turançılıq anlayışlarının siyasi yöndə deyil, kulturoloji aspektdə dərk olunması zərurətinə söykənən “Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” əsərinin rus dilində, həm də Paris şəhərində yayınlanması Rusiya mühacirətinin Fransada toplu halında məskunlaşması ilə bağlıdır.
Kitabın “Romantik düşüncədən gerçək birliyə” adlı ön sözündə professor Vaqif Sultanlı əsəri Türkçülük və çağdaş Turançılıq kontekstində dəyərləndirərək yazır: “M.Ə.Rəsulzadə əsərdə turançılıq ideyalarının Azərbaycanda, ümumən Qafqazda yayılmasının təbii səbəblərini önə çəkərək milli istiqlal məfkurəsinin onun gölgəsində gizlədilməsinə çalışan gizli və aşkar düşmənlərə qarşı özünün sərt mövqeyini sərgiləmişdir. Araşdırıcının fikrincə, ilk dönəmlərdə romantik səciyyə daşısa da, bu ideya zaman keçdikcə tarixi olayların axarında dəyişikliyə uğrayaraq gerçəkçi mahiyyət qazanmışdır. Lakin Türk Birliyinin yaranması həmişə öz aktuallığını qoruyub saxlayacaq zəruri vəzifələrdən biri kimi qalmaqdadır. Müəllif turançılıq ideyası altında ayrı-ayrı türk dövlətlərinin vahid imperiyanın çətiri altına girməsini deyil, öz bağımsızlıqlarını əldə etməsi, eyni məfkurəyə tapınmaqla yaranacaq mənəvi-kulturoloji birliyi nəzərdə tutulduğunu vurğulayır”.
Əsər Türk Birliyi ideyasının gerçəkləşməsi zəruriliyinin qaçınılmaz olduğu müasir dövrdə olduqca böyük önəm daşıyır. Çünki Məhəmməd Əmin bəyin bu gün aktuallaşmaqda olan problemin çözümünə mane olan tarixi-siyasi səbəblərə aydınlıq gətirilir.
Bu günlərdə məşhur Türkiyə yazıçısı Rəşad Nuri Güntəkinin (1889-1956) yaradıcılığında önəmli yer tutan “Dəyirman” romanı yenidən yayınlanmışdır. İlk dəfə Azərbaycan oxucularına 1994-cü ildə kiril əlifbasında təqdim olunan romanı “Kritika” nəşriyyatının yenidən yayınlaması əsərin aktuallığı, ideya müasirliyi, dərin sosial məzmunu ilə bağlıdır. Azərbaycan türkcəsinə yazıçı Vaqif Sultanlının uyğunlaşdırdığı romanda Osmanlının İmperiyasının son dönəmlərində Anadolunun mərkəzdən uzaq, yoxsul bir qəsəbə olan Sarıpinar əyalətində uydurma zəlzələ xəbərinin böyüyərək ölkənin və bütövlükdə dünyanın gündəminə gəlməsi satirik üslubda təsvir edilir.
Əsərdə rəhbər vəzifədə çalışanların daxili-mənəvi dünyası canlandırılmış, fərdi xarakter cizgiləri ilə seçilən səriştəsiz, intriqaçı dövlət məmuru tipləri yaradılmışdır.
Romandan hasil olan sonuc budur ki, vazifə sahibləri olmayan hadisələri sanki baş vermiş kimi göstərməklə, yanlışları ört-basdır etməklə zəncirvari şəkildə daha böyük problemlərə yol açır, idarəçilik sistemini gülüş hədəfinə çevirərək dövlətin nüfuzunu zədələyir.
Qeyd edək ki, 1987-ci ildə Türkiyədə “Dəyirman” romanının motivləri əsasında Barış Pirhasanın ssenarisi əsasında Atıf Yılmaz tərəfindən eyniadlı bədii film çəkilmişdir.
Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” adlı romanı yenidən nəşr olunmuşdur. “Kritika” nəşriyyatının yayınladığı, şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. İnsanlığın keçib gəldiyi yolun ənənəvi axarda deyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan verir.
“Səhra savaşı” romanı XXI yüzildə qloballaşan dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi-əxlaqi çöküş və humanitar böhranla müşayiət olunan bəşəri problemlərə sərt etiraz ruhu ilə seçilir. Süjet hörüyü fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın baş qəhrəmanı kimi canlandırılan Qocanın timsalında yer üzündə dərinləşməkdə olan ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın gerçək mahiyyətini aşkarlamağa yönəlik sorunlara aydınlıq gətirilməsinə çalışılır.
Qeyd edək ki, ilk dəfə 2015-ci ildə Azərbaycan oxucularına təqdim olunan roman daha sonra Türkiyə, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə yayınlanmış, haqqında müxtəlif səpkili araşdırmalar aparılmışdır.
Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlanıb. “Turan evi” nəşriyyatında yayınlanan kitaba müəllifin həyat və yaradıcılıq yolundan bəhs edən müxtəlif səpkili araşdırmalar – yubiley yazıları, esselər, ədəbi portretlər, tanıtım məqalələri, xatirələr daxil edilmişdir. Yazıçının doğumunun altmış beş illiyinə həsr olunmuş kitabın tərtibçisi və yayına hazırlayanı gənc yazar Fidan Vahid, redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir.
“Dənizlə sahil arasında” kitabına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Misir, Böyük Britaniya, Koreya, Rusiya və başqa ölkələrin alimlərinin Vaqif Sultanlı haqqında yazıları yer almışdır. Bunların içərisində Azərbaycan müəlliflərindən Rais Rəsulzadənin “Mənalı ömür yolu”, Əli Şamilin “Vaqif Sultanlının həyatının bəzi anları”, Almaz Əliqızının “Zolaqlı yuva”nın sakinləri”, Cavanşir Yusiflinin “Küldən təpəcik olmaz”, Bədirxan Əhmədlinin “Vaqif Sultanlı portretinin bəzi cizgiləri”, Müzahim İsmayılzadənin “Vaqif Sultanlının “Qul bazarı”, Elnarə Akimovanın “Ədəbi tənqid diskursu: bütöv Azərbaycan məramı ilə”, Salidə Şərifovanın “İnsan dənizi”nin problematikası və bədii üslub palitrası”, Ağaverdi Xəlilin “Vaqif Sultanlının “Kilidli dönüş” hekayəsində dönüş konsepti”, Sürəyya Sultanovanın “Bir ömrün özəti”, İradə Musayevanın “Vaqif Sultanlının “Səhra savaşı” romanı haqqında”, Osman Fərmanoğlunun “Uzaq illərin yaxınlığı – təsadüflər yazısı”, Yusif Yusiflinin “Sənətlə elmin vəhdəti”, Eluca Atalının “Zamanından üstün ziyalı”, Samirə Məmmədlinin “Söz savaşı, səhra günəşi, yaxud axına qarşı”, İlahə Dadaşovanın “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək”, Fərhad Mədətovun “Vaqif Sultanlının “Səhra savaşı” romanında fəlsəfi motivlər”, İlhamə Qəsəbovanın “Öyrədənlərin öyrədəni: Vaqif Sultanlı”, Xəyalə Zərrabqızının “Tək bir insan dənizi”, Şahnaz Kamalın “Mənim elmdə atam”, Ruhəngiz Sultanovanın “Mənim müəllimim”, Fəxriyyə İsayevanın “İnsan dənizi”ndə tənhalaşan qəhrəman”, Gülay Tahirlinin “Kölgə tənhalığı”, Cansel Cavidin “Fenomenal yaddaş tapıntısı”, Nəzrin Rəsulzadənin “Ölümsüz”, Fidan Vahidin “Dənizlə sahil arasında…”, Sel Canın “Həyat, Qələm və Ölüm, ”Fəxriyyə Yüksəlin “Vaqif Sultanlının “İnsan dənizi” romanında şəxsiyyətin ikiləşməsi”, Elmir Həsənin “Ölüm yuxusu” və “Ölmək asan deyil” əsərlərində ölüm mövzusunun mahiyyəti”, Nəzrin Mirzəlinin “Adsız qəhrəmanların taleyi” yazıları diqqəti çəkir.
Kitaba daxil edilmiş Əhməd Sami Elaydinin (Misir) “Keçmiş və gələcək arasında zaman metaforası”, Pərvanə Bayramın (Türkiyə) “Tarixə işıqtutan bir hekayə: “Kulikovo savaşı”, Burak Sarıcının (Türkiyə) “İnsan dənizi” romanı haqqında incələmə”, Alsu Kamaliyevanın (Tatarıstan), “Azərbaycan postmodern romanında fəlsəfi bir arayış”, Salavat İshakovun (Rusiya) “Tarixçinin bir neçə sözü”, Min Can Kimin (Koreya) “Vaqif Sultanlının sönmüş ulduzları”, Bakıtgül Kuljanovanın (Qazaxıstan) “Yaxşılığın özgələşməsi yoxdur”, Xurşidə Qədirovanın (Özbəkistan) “Həyat və xəyalların inikası”, Mixail Brannokun (Böyük Britaniya) “Tərs axın” kitabı ilə bağlı düşüncələr” və başqa yazılar müəllifin yaradıcılığına yanaşma tərzinin fərqliliyi ilə maraq doğurur.
Kitabın mühüm özəlliklərindən biri məqalələrin yazıldığı dildə təqdim olunmasıdır. Qeyd edək ki, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olan Vaqif Sultanlı “İnsan dənizi”, “Səhra savaşı”, “Ölüm yuxusu” romanlarının, “Sönmüş ulduzlar”, “Qul bazarı”, “Heçlik vadisi”, “Tərs axın” adlı hekayələr toplusunun müəllifidir. Onun elmi-nəzəri araşdırmaları “Ağır yolun yolçusu”, “Azadlığın üfüqləri”, “Ədəbi-nəzəri illüstasiyalar”, “İstiqlal sevgisi”, “Ömrün nicat sahili”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “Azərbaycan ədəbi tənqidi”, “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” və başqa kitablarda əksini tapmışdır. Vaqif Sultanlı həmçinin tərcümə yaradıcılığı ilə də məşğul olmuş, Sergey Jitomirskinin “Surakuzlu alim” tarixi romanını, Rəşad Nuri Güntəkinin “Yarpaq tökümü” və “Dəyirman” romanlarını, Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabını, habelə bir sıra dünya yazıçılarının hekayələrini Azərbaycan türkcəsinə çevirmişdir. Müəllifin bədii və elmi əsərləri dünyanın bir sıra dillərinə çevrilərək yayınlanmışdır.
SERGEY JİTOMİRSKİNİN “SİRAKUZLU ALİM” TARİXİ ROMANI YAYINLANIB
Bu günlərdə tanınmış rus yazıçısı Sergey Jitomirskinin tarixi mövzuda yazdığı “Sirakuzlu alim” romanı nəşr olunub. Qədim yunan mütəfəkkiri Arximedin həyat yolundan bəhs edən romanı Azərbaycan türkcəsinə yazıçı VAQİF SULTANLI çevririb.
Qeyd edək ki, “Srakuzlu alim” romanı Azərbaycan oxucularına ilk dəfə ötən əsrin səksəninci illərinin sonlarında təqdim edilib. “Kritika” yayın evinin illər sonar romanı təkrar nəşr etməsi əsərin mövzu-problem baxımından aktuallığından qaynaqlanır.
Əsərlərini daha çox sənədli-bioqrafik və elmi-fantastik üslubda yazmış Sergey Jitomirskinin (1929-2004) “Yaradılmış maşınlar” (1977), “Monqolustan və Tibet tədqiqatçısı P.K.Kozlov” (1989), “Lənətlənmiş Atlantida” (1992), “Qədim astronomiya və orfizm”, “Epikur” (2001), “Romul və Rem” (2003), “Misir hökmdarı” (2005) kimi roman və povestləri geniş oxucu kütləsinin marağını çəkmiş, ədəbi tənqid tərəfindən yüksək dəyərləndirilmiş və müxtəlif dillərə çevrilmişdir.
Sergey Jitomirskinin ilk dəfə 1982-ci ilə yayınlanan “Sirakuzlu alim” tarixi romanı onun yaradıcılığında önəmli yerlərdən birini tutur. Arximedin həyat yoluna işıq tutan əsər sadə, çəkici bir dillə yazılmış, alimin riyasiyyat və fizika sahəsində qazandığı elmi uğurlar bədii səpkidə canlandırılmışdır. Romanın mühüm özəlliklərindən biri burada yalnız baş qəhrəman kimi seçilmiş Arximedin həyat yolunun deyil, bütövlükdə antik dönəmin əfsanə örtüyünə bürünmüş tarixi mənzərəsinin yaradılmasıdır.
VAQİF SULTANLININ “İNSAN DƏNİZİ” VƏ “ÖLÜM YUXUSU” ROMANLARI İNGİLTƏRƏDƏ YAYINLANDI
Bu günlərdə yazıçı Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu”(The Human Sea &The Dream of Death) romanlarından ibarət kitabı Londonda nəşr edilmişdir. Tanınmış ingilis yazarı və ədəbiyyat araşdırıcısı Dr.Maykl Brannokun redaktəsi ilə yayınlanmış kitab Böyük Britaniyanın “Rossendale Books” nəşriyyatı tərəfindən “Modern dünya nəsri” seriyası ilə oxuculara təqdim olunmuşdur.
Qeyd edək ki, “İnsan dənizi” və “Ölüm yuxusu”romanları müəllifin dünya oxucularına təqdim olunan ilk kitabı deyildir. Belə ki, yazıçının hər iki romanı, həmçinin hekayələr toplusu müxtəlif dövrlərdə dünyanın bir sıra dillərinə çevrilərək, İngiltərə, Amerika, Almaniya, Danimarka, Türkiyə, Rusiya, Ukrayna, Misir, İran, Özbəkistan və başqa ölkələrdə nəşr olunmuşdur.
Vaqif Sultanlının yeni kitabına daxil edilmiş “İnsan dənizi” və “Ölüm yuxusu”romanlarını birləşdirən ümumi cəhət onların mənəvi-əxlaqi ovqata köklənərək yazılması, mövzu-problem və ideya baxımından aktuallığı, çağdaş dünyaya hakim olan ədalətsizliyə, insan taleyinə münasibətdə müşahidə edilən və getdikcə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz ruhu ilə seçilməsidir.
Bu günlərdə yazıçı Vaqif Sultanlının “Tərs axın” adlı hekayələr kitabı nəşr olunub. Azərbaycan Dövlət Nəşriyyatında yayınlanan kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı otuzdan artıq hekayəsi daxil edilib. Kitabın redaktoru və ön sözün müəllifi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Elnarə Akimovadır.
Kitaba müəllifin tarixi və müasir mövzularda yazılmış “Yovşan ətri”, “Ağ yol”, “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Vətən”, “Səhər dumanı”, “Mağara”, “Xurmayı saçlar”, “Qütb gecəsi”, “Kor düyün”, “İlan əfsanəsi”, “İlğım”, “Kufi xətti”, “Zolaqlı yuva”, “Çarpaz kölgə”, “Budda heykəli”, “Nəvayi-Qumru”, “Humayun”, “Kulikovo döyüşü” və başqa hekayələri daxil edilmışdır. Bəhs olunan əsərlərin əksəriyyəti Azərbaycan mətbuatında yayınlanmış, bəziləri isə ilk dəfə oxuculara təqdim olunur. Hekayələrin əsas mövzusu çağdaş dünyanı və yaşadığımız cəmiyyəti rahatsız edən mənəvi aşınma, əxlaqi çöküş, özgələşmə kimi ciddi sosial problemlərə söykənir. Real və şərti-metaforik üslubun kəsişimində qələmə alınan yazılarda müəllif mənsub olduğu sosial mühitin girovuna çevrilən insanların duyğu, düşüncə, həyəcan, sarsıntı və iztirablarını əks etdirməyə çalışmışdır.
Kitaba “Tərs axın” – susqun nəşmələrin hekayəsi” adlı ön söz yazan tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova hekayələrlə bağlı düşüncələrini aşağıdakı kimi ümumiləşdirir: “Bütün mətnlər modernist nəql texnikasının elementləri üzərində qurulub. Yəni ənənəvi təhkiyəyə önəm verən mətnlərdə mütləq səbəb-nəticə əlaqələri, qırılmayan xronologiya axtarılırsa, burada zaman-məkan sərhədsizliyi hakimdir. Müəllif hadisələrin nə əvvəlini göstərir, nə ortasını. Demək olar ki, bütün hekayələrdə “son problematikası” var. Ruhsal və fizioloji bitkinlik mənasında hakim olan “son” – bütün hallarda aqibət duyğusunun əlaməti kimi səciyyələnir. Əksər hekayələrdə hadisələrin təsviri, ardıcıllıqla nəqli yoxdur, əhvalatlar minimuma endirilib. Çünki müəllifin məqsədi hansısa ömür hekayətini anlatmaq deyil. O, təhkiyəsinin mənəvi, bədii, coğrafi sərhədlərini genişləndirərək insan obrazını ümumiləşdirir, onu hardasa lokal çərçivədən çıxarır, çağdaş dövrümüzün problemləri, gerçəkləri fonunda insan faktoru mövzusuna baxış edir, zaman və fərd qarşıdurmasının, həyat-ölüm problematikasının pafosdan uzaq bədii həllini verməyə çalışır”.
Bütövlükdə dil-üslub, forma-məzmun rəngarəngliyi ilə seçilən hekayələr müəllifin yaradıcılıq xronologiyasının real, gerçək mənzərəsinin canlandırılması baxımından maraq doğurur.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!