Etel Lilian Voyniçin “Ovod” romanı insanın vicdanı ilə dövlərin mənafeləri arasındakı daimi toqquşmanı göstərən ağrılı bir aynadır. Romanın qəhrəmanı Artur– şəxsiyyət axtarışı, ədalət uğrunda apardığı mübarizə yalnız XIX əsrin Avropasını deyil, bu günkü dünyamızın dəhşətli suallarını da yenidən gündəmə gətirir. Arturun keçdiyi yol müəllimlikdən inqilabçılığa, təqiblərdən ölümə doğru – hüququn sadəcə əmr və qadağalardan ibarət olmadığını, onun mənəvi-prinsipsel əsaslara söykəndiyini xatırladır. Dövlətin yaratdığı qanunlar, bəzən insanın təməl ehtiyaclarını, azadlıq və ləyaqət hislərini boğmaq üçün alətə çevrilir; “Ovod” isə göstərir ki, əsl hüquq insanın vicdanından gələn dəyərsizləşdirilə bilməyən haqqıdır. Əsər azadlığın ikili mahiyyətini açır: o, bir tərəfdən xarici basqıya, diktaturaya, senzura və təqiblərə qarşı müqavimət deməkdirsə, digər tərəfdən insanın öz daxilindəki qorxu ilə üz-üzə gəlməsi, özünə xəyanət etməmək cəhdidir. Arturun təkcə hakimiyyət orqanlarına yox, həm də sədaqətsizlik, qorxu və mənəvi inamsızlıqla mübarizəsi, bugünkü cəmiyyətdə özünü “normal” göstərmək üçün hətta ədalətsizliyə xidmət edənlərin də vicdanında soraq salır. Müasir dünyada kadr islahatları, qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi barədə danışarkən, əslində bu romanın vasitəsilə vurğulanan məsələni – hər bir fərdin özündə başlamalı olan vicdan və məsuliyyət hissini unutmamalıyıq.
Bu gün korporativ maraqların ön plana çəkildiyi və hüquqi demokratiyanın kağız üzərində qaldığı müasir reallıqlarda “Ovod”un səsi hələ də canlıdır. Saxta informasiya kampaniyalarının, sarsıdıcı sosial bərabərsizliklərin hökm sürdüyü bir dövrdə, Arturun fədakarlıq ideyası elə ilkin insani məqsəd – həqiqət və ədalət axtarışıdır. Bu, sadəcə tarixi inqilabın əks-sədası deyil, həm də bugünkü mənzərədə hələ də davam edən insan hüquqlarının pozulmasına qarşı kəskin etirazdır. Biz “Ovod”da ədalətin ən yüksək fəlsəfi zirvələrini görürük: qanunvericilik yalnız kağız parçası deyil, onun ruhunda insan ləyaqətinə hörmət dayanmalıdır.
Sonda demək olar ki, “Ovod” yalnız üsyan romanı deyil, həm də hüquqi və mənəvi seçimin metaforasıdır. Arturun taleyi bizə xatırladır: sükut və itaət seçimi hər zaman mümkündür, lakin ədalətsizliyə göz yummamaq, insan olmağın azadlıq təməlidir. Bu gün hər birimiz fərdi səviyyədə öz “daxili “Ovod”umuzla üz-üzə gəlməli, öz vicdanımızın sərhədlərini tanımalıyıq. Əsərin göstərdiyi ən vacib dərs budur: həqiqi dəyişiklik qanunların cərgəsində bitmir, o, hər birimizin içində başlaya bilər. Arturun yolu yalnız fiziki mübarizə deyil, həm də “öz-özünə qarşı dürüstlük” müsabiqəsidir, müasir cəmiyyətdə isə bu müsabiqənin qalibi olmaq üçün, əvvəlcə, özümüzü bütün sosial rol və etiketlərin arxasında gizlətməməliyik. Bu, həm hüquqi, həm də fəlsəfi məsələdir və Voyniçin romanı onu bütün bəşəriyyətə ünvanlayır.
Sən məni dalğa-dalğa, ləpə-ləpə oxuyursan, Mən səni misra-misra , vərəq -vərəq yazıram. Sən məni ümman -ümman , nehir -nehir dinləyirsən, Mən səni qaya-qaya , sahil-sahil susuram. Qulağına şeir pıçıldayıram Təptəzə, dupduru , tərtəmiz, ləkəsiz. Çox bənzəyirik bir -birimizə , Bircə fərqimiz var, Sən qayaya söykənirsən , mən sənə, Anam dəniz , sonam dəniz !
****
Ayaq altında üşüyürdü yollar, Sapsarı xəzəllər külək vurduqca qımıldanırdı yerlərində yorğun -yorğun. Qollarını qucaqlayıb oturmuşdu yol qırağındakı üryan ağaclar , üst -başından tökülən ümidsizlikdən utana -utana dayanmışdılar ağac kimi. Buludlar çətirini açmışdı torpağın üstə, Sonuncu nəfəsini verirdi son bahar .
Qaçmışam bu şəhərin Boz küçələrindən, Silməmişəm ayağımın Toz izlərini. Küsmüşəm insanın Saxta üzündən, Görməmişəm dindarın Saf inancını. Danışsam, çıxaram Xəlqin düşməni, Sussam da, olaram Üz göstərəni. Yox, dinməyəcəm, Bəsdir, sən canı, İnanmıram beləsinə, Dəhşətdir axı. Düşmürəm qocaların İti dilindən: Heç söz də dinləmir Bu ağılsız gənc. Sözlərim onlarçün Qəpik dəyəri, Sözləri paslanmış Dəmir qədəri. Nəysə, bezdim e, Yazmıram daha, Köhnə ədəbiyyatları Açmıram daha. Gətirin oradan qələmimi, Sındırıb, gedirəm, Baxmıram dala.
İnsanın Zamanla yaşanan ömrü, onun həyatının rəngarəngliyini yaradaraq, həyat naxışına öz həyati töhfəsini verməkdədir. Qəlbin həyat nuru, həmişə insanlığın dərdlərinin ocağını alovlandırır.. Könül duyğularının asosial məntiqi, daima həyatın unudulmayan canlılığını üzə çıxardır. Seadet Qerib in lirikasının həyati-ruhi duyğusallığı bəşəri varlığın həyati gedişini izlətdirir insana. Şairənin “Ömür ” şerində daha kövrəldici hisslərlə yaşanan həyat sürəcinin gedişi , zamanı geridə buraxaraq, inssnın həyat sevdasına yön verir. …
Zaman axıb gedir, Ömür tükənir, Təqvimdə vərəqlər ,bir-bir tökülür. Mənimlə ağlayır, yenə də payız, Ürəkdən , ümidlər qopur-sökülür!
…
Duyğuların həyat enerjisi, düşüncənin fikir zənginliyini üzə çıxardır. Insanın Zamanla yaşanan ömrü, onun həyatının fərdiliyinin açarıdır. Təbiətin şıltaqlığı kimi, insan hisslərinin də həyat dəyişiminin rəngarəngliyi insan ruhunun həyati istəyini doğrulayır. Səadət Qəribin lirikasının düşündürücü tərəfi, insani münasibətlərin təbiətə uyğun metafizikliyidir . ….
Nə zaman Qəlbimə bahar gəldisə, Tələsik, özünü yetirdi payız.. Saralan duyğular xəzəl olduqca, “Leysan yağışlar”ı töküldü,saysız!
… Insanın mənəvi həyatı, onun duyğularının sirli xəzinəsidir . Hisslərin yaratdığı həyati münasibətlər, fikir mübadiləsinin idraki fəlsəfi anlamı ilə özünün idraki-ruhi düçüncədəki yerini tutur. Fikir duyğusallığının ictimai-ruhi xarakteri, insanın mənəvi dünyasının ruhi-psixoloji halının duyarlılığını artırır. Səadət Qəribin lirikasının həyati psixolojisi öz rəngarəng çalarları ilə könüllərə həyat duyarlılığını aşılayır..
..
Vüsalın yolları görünməz oldu, Fələk, yollarıma çəkib “səd”ləri. Ürəyim bir köhnə,”məzarlıq” olub, Nə qədər arzumun var, “cəsədləri”!
…
Xəyallar, insanın könül mülkünün “həyat atmosferi”dir. Ümidlərin həyat gerçəkliyinə çevrilməsi, xəyalların sağlam ruhundan asılıdır. Sevginin həyat alqısı, insanın ümid və xəyallarının “həyat ortağı”dır. Səadət Qəribin lirikasının düşündürücü həyat ruhu, sağlam həyat ruhu ilə insanın fikir mübadiləsini həyata bağlayır. … “Kəfən”siz dəfn etdim xəyallrımı, Sevgimin cücərən şirin çağında. Hansı birisini söyləyim indi? Hələ də qalmışam,”Hicran Dağı”nda! … Həyatın davamlılığı, insanın könül yolunun keşməkeşli yaşamının sevinci-kədəri ilə çeşidlənir. İnsan ruhunun həyat dərdlərinin metaforası, onun həyat düşüncəsinin hikmətini anlamaqdan keçir. Sevginin həyat alqısı, insanın yaşam döngüsünün həyati təhlilidir. Səadət Qəribin lirikasının həyati dərinliyindəki sevginin gücü, insanın fikir duyğusallığının ictimai xarakterini üzə çıxardır. .. Bir yol, sevinmədi pərişan könlüm, Bir Ürək dolusu, Sözüm olsa da.. Daha vüsalına, Gümanım yoxdur , Sevdiyim adamda, “Gözüm qalsa” da!
.. Poeziya dünyası insanın könül dünyasının həyat işığının axtarışıdır.. Qəlbin həyat aynası, insanın fikir və düşüncəsinin hikmətini sərgiləyir. Həyati hikmətin ecazkarlığı, insani hisslərin yaratdığı duyğuların həyat vəhdətini doğrulayır. Səadət Qəribin lirikasının həyati kreativliyi, fikir mübadiləsinin həyata şüurlu münasibətini əks etdirir. Şairənin könül duyğularının həyat ahəngində ,insan ruhunun həyati qayğılarının diriliyi var. Uğurlar arzulayıram Şairə xanıma.
Boğuldum göz yaşında, Sığal-sığal boğuldum. Payızın ortasında Təzə vüsal doğuldu.
****
Tüstüsü başından çıxır buludun, Hirsini dağlara , daşlara tökür. Tökür ağaclara , tökür yollara, Yuvalara tökür, quşlara tökür, Mənim bu yağışa yazığım gəlir.
Kimin baharından keçir görəsən, Kimin payızına , qışına yağır? Kimin ocağına , kimin külünə, Kimin ürəyinin başına yağır? Mənim bu yağışa yazığım gəlir.
Bulud da sözünü yağışla deyir, Harayı yağışdı, hayı yağışdı. Göyündən Yerinə əliboş gəlmir, Sovqatı yağışdı, payı yağışdı, Mənim bu yağışa yazığım gəlir.
Pəncərə -pəncərə yağır səhərə , Pəncərə- pəncərə islanır şəhər. Yuyunur , daranır yağışın altda, Yağış paltarında nazlanır şəhər, Mənim bu yağışa yazığım gəlir.
****
Zaman keçdikcə gözünün qabağında köhnəlir hər şey– duyğular , arzular , Şəkillər , xəyallar . Əvvəlcə köhnə şəhər üzünə durur təp-təzə donda , sonra küçələr, adamlar. İtirsən öz içində addım -addım, ləpir -ləpir. Tanımır səni təzə pöhrələnən ağaclar , İşığı gözünə düşür göydələnlərin , Maşınların siqnal səsinə diksinir ayaqların , Büdrəyirsən və səndən qabağa düşən təptəzə ayaq izinin üstündən ləngər vura-vura keçirsən , Sakit -sakit, qorxa-qorxa ,aram -aram keçirsən. Külək qovur səni dalan-dalan, küçə -küçə, Baxırsan ki, nə yolların , nə küləyin , nə şəhərin yadındasan, Payıza bir sevgi etirafı edirsən gizlicə bahar donlu, bənövşə ətirli, tərtəmiz, Heç kim eşitmir səni , Səsin içində boğulur. Və tək -tənha , qap-qaranlıq gecələrin birində, nimdaş paltarında təptəzə ayrılıq şeiri doğulur… Zaman keçdikcə köhnəlir hər şey– –duyğular , arzular , Şəkillər , xəyallar, Şəhərlər , yollar, Sevgilər , yalanlar…
****
Bu bahar özüylə sevgi gətirə, Döyə qapımızı sevgi bu bahar. Od qoya sopsoyuq ayrılıqlara, Bir ümid doğula , gözündə vüsal, Xəyallanasan.
Yadından çıxara ömrün qışını, Baxtına gün doğa təzədən, Allah. Tuta əllərindən bahar sevdası , Gözdə qəm sevinə , saçda dən , Allah, Nağıllanasan.
Hardansa bir işıq düşə yoluna, Gözünün içinə səadət baxa. Sənə unutdura xəyanətləri, Bütün ağrıların yadından çıxa, Sığallanasan.
Bu bahar bizimçün gələ bu dəfə, Qova başımızdan həsrəti , nolar. Çıxara sevgini gün işığına, Üstündən götürə töhməti , nolar, Vüsallanasan..
****
Dənizkənarı parkda hər gün skamyalar yol, göyərçinlər sevgi gözləyir. Ağaclar yan -yana düzülüb şəkil çəkdirirlər uşaqlarla , quşlarla , adamlarla , daşlarla. Şəkli dənizə düşür bəxtəvərliyin. Ləpələr küləklə yarışır, Sahildə sevişir qum dənələri. Ləpirlər quma batır addım -addım, Böyük ləpirlər xırda ləpirlərə qarışır. Qarğalar dən axtarır sahillə dənizin qovuşduğu yerdə, Yağış yağır hərdən , Budaq -budaq yuyunur ağaclar , Dənizdə əks -səda verir addım səsləri, yarpaq xışıltısı , araba cırıltısı , körpə qığıltısı , Bir ayağı göydən asılan xoşbəxtliyin bir ovuc içi boyda sevincinə əl çalır sular . Baxışlardakı yorğun sevincdə gizlənir min illik qayğılar . Gecələr dənizə düşür ayın şəkli, Külək ayın üzünə çırpır suları dalğa -dalğa , Yanaqları islanır Ay gözəlin. Qaranlıqda uzaqdan adama bənzəyir ağacların qaraltısı , Saçlarında yağış, gözündə dəniz, sinəsində sahil , qollarında quş yuvası. Gecənin qoynunda səhəri gözləyir burda hər nə var — Dəniz, dalğalar, sahil, yelləncəklər , hasarlar , ağaclar, quşlar…
****
Döşəməsi gil, divarı şirəli evlər vardı , Pəncərəsi səmaya baxardı.. Çəpərləri qamışdan , Doqqazları taxtadan quralıydı, Qapıları qonaqlı , qaralıydı. Dörd tərəfi çiçəkli, otluydu, Qızları həyalı, Oğlanlatı ağ atlıydı. Çörək ətirliydi, Sevgi çətirliydi. Tox idi İti, pişiyi , tavanından asılardı uşaq beşiyi . Xallı , xalçalıydı, Mütəkkəli, nalçalıydı. Gecələr hamı lampa başına yığışardı , Nənələr nağıl danışardı, Nəvələr noğullaşardı. Göz açıb yumunca dəyişdi hər şey, Sökdülər döşəməsi gil , divarı şirəli evləri , Qonaqlı evləri, qaralı evləri. Divar -divar sökdülər , Hasar -hasar sökdülər. Yerində daş imarətlər ucaldı , Bacasından tüstü çıxmayan, Pəncərəsindən günəş baxmayan. Nənələr babalar köç etdi, Atalar, analar qocaldı. Sonra cığırları kol , Adamları qaramat basdı . Sevgilər bölündü , azaldı, kiçildi, Evlər rəngiylə, adamlar paltarıyla seçildi. Kişiləri adıyla yox, cibiylə çağırdılar, Hasarıyla, qapısıyla ,bacasıyla ,”Cip”iylə çağırdılar. Sonra nifrət başladı , Sonra paxıllıq , bəddua, göz yaşı , Sonra hamı şeytanı daşladı. .. Döşəməsi gil, divarı şirəli evlər vardı, Pəncərəsi səmaya baxardı…
****
Qadın gəncliyini divardan asmışdı, Özü isə otaq-otaq dolanırdı qocalığın başına. Hər dolandıqca bir buğda dənəsi boyda ömründən sürüşüb düşürdü ayaqları altına. Axsayırdı, Amma yenə addım -addım yeriyirdi ağrılarının üstünə. Arada başını qaldırıb divardakı qadına gülümsəyirdi , Öpüşürdü baharla qış. Kölgəsi düşürdü otağın küncünə, Çevrilib çıqqaçıqla vaxt üyüdən saatına gülümsəyirdi. Sonra ehmallıca barmaqlarını üzünün qırışlarına, İyirmi ildən qalma günəş ləkələrinə sürtürdü, Dodağının çatına gülümsəyirdi. Daha sonra boynunun ardına düyünlədiyi ağappaq saçlarını qapqara, ilməsi qaçmış yaylığı ilə örtürdü. Nəfəsi kəsilirdi tənhalıqdan, Boğurdu divarlar bu səssiz, səmirsiz, yarımçıq qadını, Xəyallar gözünə batırdı. Qapını açıb havaya çıxırdı və günə verirdi ayaqlarının yelini, Pillələr arxasınca daş atırdı….
Hər yay Novxanıda olan bağ, Arif və Gülnazın həyatının bir parçası olmuşdu. İki ciddi jurnalistin, hər ikisi ağır iş günləri, stress və qarışıq dünyadan qaçmaq üçün təkcə bir neçə günlük sükut və tənhalıq axtardıqları bir yer idi. Yolda təndir, pendir, qarpız, pivə alıb yola düşdükləri anlarda, hər şey onlar üçün sadə və doğma olurdu. Ancaq bağa çatdıqda Gülnazın “yenə gəldik də bu xaraba xanaya” ifadəsi hər şey dəyişib, alt-üst edirdi.
Arif, sanki hər şeyin fərqində olan bir adam kimi, kaset pivələrini alıb, bağın köhnə hasarlarının yanında özünə bir yer tapırdı. Gülnaz isə, yavaş-yavaş bağın dörd hasarı arasında sıxılır, narahat olurdu. Arifin sadəcə sakitcə pivə içməsi və keçmiş günlərin xatirələrinə dalması onun qarşısında sadəcə bir divara bənzəyirdi. Kənddən uzaq olan bu bağda həm içindəki tənha, həm də bağın dəyişən havası onları narahat edirdi.
Qonşuluqdakı bağ isə, Mirzə kişinin 3 il əvvəlki vəfatından sonra, nizam-intizamsız şəkildə böyüyən yabanı bitkilərlə dolmuşdu. Bu bağın təsiri onların bağlarına da sirayət etmişdi. Həmid Herisçinin dediyi kimi, “hər Bakılı öləndə, Abşeronun bir bağında ölər”, deyə düşünürdü Arif, amma bu dəfə bu bağda çox şey ölmüşdü.
Bağdan sonra isə dənizə getdilər. Dənizdə turistlər, idmançı oğlanlar, narahatlıqla ətrafa göz gəzdirən gənc qızlar vardı. Dənizin qoynunda sükut vardı, amma gülnazın içindəki sözləri durmadan çıxırdı. Arif başını aşağı salıb, pivəsini içdi və onun sükutuna qayıtdı.
Bir vaxtlar çox xoşbəxt idilər. İndi isə, Gülnaz özünün fərqli bir yerə getmək arzusunu açıqca bildirdi. “Ayda başlama da, insan gəzməlidir, başqa ölkələr görməlidir, camaat antalyada, kəmərdə, bodrumda kef eləyir, sən də elə novxanıdan, o cındır, iyvermiş bağdan yapışmısan, başa düşə bilmirəm, nə var o bağda axı, vallah adam özünü orda asmaq istəyir” dedi, amma bu sözlər Arifi sanki zamanın və məkanın gerçəkliyindən tamamilə uzaqlaşdırmışdı. Arif isə düşündü: “Bir vaxtlar yaşayırdım, indi isə buradayam, burada təkrar-təkrar, özümü həbs etmiş kimi hiss edirəm.”
Gülnazın nə qədər danışdığına, nələr dediyinə fikir vermədən Arif, əslində heç nəyi dəyişə bilmədiyini anladı. Onlar artıq bağda deyil, yaşadıqları bir dövrün əksini görürdülər. Arifin içindəki suallar çoxdan cavabsız qalmışdı və indi, sahildəki o sükutda yalnız keçmişi xatırlamaq istəyi vardı. Arif özünü Xəzərin qoynunda tapdı, o arxası üstə üzməyi çox sevirdi, Sahildə sifətindən zəhrimar yağan gülnaza baxıb, elə burdan üzə üzə Qazaxıstana, Türkmənistana getməyi düşündü, orada, Mərkəzi Asiyada geniş səhralar, meşəliklər, uca dağlar, böyük məscidlər var idi, bu böyük əraziləri gəzmək həmişə arzusu olmuşdu, lakin, ailə-məişət qayğıları bu arzuların önündə sədd idi.
Bəlkə də bir vaxtlar şeir yazdığı, konsertlərə getdiyi o dövr artıq arxada qalmışdı. Artıq onun arxasında uzun saçlar yox, tökülən saçlar və böyüyən qarnı vardı. Pivə, araq artıq zəhərli bir alışqanlıq olmuşdu. Gülnaz isə çoxdan artıq danışmağa başlamışdı. Arif düşünürdü: Bəlkə də bir vaxtlar daha fərqli yaşadım, səhvlər elədim, içdim, gəzdim, şeir yazdım, dedim, güldüm, ağladım, sevdim, sevildim amma indi hər şey bozdur, bir birinin təkrarıdır…
Bir neçə saat keçdi. Arif sahilə çıxıb, Gülnazın yanında uzandı, o, həmişəki kimi Gülnazın deyinməklərinə yenidən qərq oldu. O, başını aşağı salaraq düşündü:
“Mən bir vaxtlar yaşayırdım… Mən bir vaxtlar azad idim… Mən bir vaxtlar gənc idim…”
(esse) Bu gün on il əvvələ 09.03.2011 səyahət edərək gənc bir qızın Norveçdə ilk baharını təsvir edəcəyik. Bəli, gənc qız isti və daima qaynar bir həyatın dövr etdiyi bir ölkədən, ilin çox hissi qış olan və yorğan kimi torpağın üzərini örtən bəyaz qarın möcüzələr yaratdığı bir nağıllar ölkəsinə köç etmişdir. Mart ayında bu gənc qızı sirli-sehrli nağıllar ölkəsi Norveçdə ilk qarşılayanda elə məhəbbət və təmizlik rəmzi sayılan «ağ qar» olmuşdur. O qar ki, bahar ətirli, sevgi dolu və gözü ay kimi işıqlı o qızın həyatını bahardan qışa dəyişmişdir. Amma bu qış insanı üşüdən, qəlbini sıxan və evə çəkən bir qış deyildir. Bu yarı qar, yarı yağış və yarıdan çoxu yaşıllıqların xalça kimi ətrafa salındığı, şam,palıd ağaclarının sıx yerləşdiyi və maralın,ceyranın süzdüyü yaşıl meşələrin əsrarəngiz gözəlliyi ilə əhatə olunduğu « yaşıl qış» idi. Norveçdə ilk baharda gördüyü hər yarpaqda, hər güldə Vətən qoxusu,duyğusu və oxşarlığı görən gənc qız bir neçə il belə yaşamışdır. Qərb ölkədə kimi gördüsə Azərbaycan baharından, güllərinin ətrindən,rəngindən, quşların oxumasından, çeşmə bulaqlardan danışmış və onların xəyalı ilə özünü Norveçin«yaşıl qış» na öyrəşdirmişdir. O «yaşıl qış» ki, sanki canlı,təbii və ecazkar bir rəssam tablosudur. Bu tablo vasitəsi ilə o gənc qız həm öz sevgisini tapmış ,həm də Vətən həsrətini qisməndə olsa unuda bilmişdir. Ağacların əksinin üzərində yer aldığı, göyü üz kimi təmiz göllər, bu göllərdə üzən nadir, gözəl quş növləri gənc qızı Norveçi sevməyə sövq etmiş və nigarançılıq hissini azaltmışdır. Təbiətin ecazkarlığı gənc qızın qəlbini ovsunlayaraq onu öz ağuşuna almağa başlamışdır. İlk baharda onun ilk sirdaşı,qəlb yoldaşı və yaxın dostu da elə bu füsunkar təbiət olmuşdur. O,təbiətdən aldığı güc və qüvvədən irəliləyərək cəmiyyətdə hər hansı bir mövqey əldə etməyə çalışmış özünü Norveç cəmiyyətinin və təbiətinin bir hissəsi kimi qəbul etməyə başlamışdır. Norveç baharının simvollarından biri də yasəmən gülüdür. O yasəmən ki, rəngi,gözəlliyi,ətri, nazı və zərifliyi ilə neçə-neçə qəlbləri fəth edən və ovsunlayan qadına çox bənzərliyi vardır. AĞ,tünd və açıq bənövşəyi rənglərdə Norveç təbiətinin simvolu olan yasəmən may ayında tanrının bəxşişi kimi hər tərəfi gözəllik çələnginə bürüyür. Yasəmən bu gənc qızıda ovsunlamış , qəlbində sevgi hissi yaratmış və qəribçilik hissini unutdurmuşdur. O,hara getsə, hara dönsə ancaq yasəmən görür ,dərib saçına taxır öz xəyal dünyasını qura-qura “yaşıl qış”ı sevməyə və əzizləməyə başlamışdır. Norveçdə yazın əsas simvollarından biri də yağışdır. O yağış ki Norveç meşələrini su ilə təmin edən və ecazkar yaşıllığın yaranmasının ilk və tək səbəbi nur yağışı… Ancaq gənc qız hər yağış yağanda sanki bir qaranlığa qərq olar və nigarançılıq hissi onu rahat buraxmazmış. Yaz yağışının nigarançılığı qızı çox üzərdi və o Vətəndən,ailəsindən, öz doğma güllərindən nigaran qalarmış. Gənc qız Norveçdə əsrarəngiz “yaşıl qış”da hər yağış yağanda öz kiçik yuvası və sevdikləri üçün nigarançılıq hissi keçirərmiş və “Təkcə səndən nigaranam” deyərmiş: “Gəlib, hərdən düşər yada, hərdən düşər yada, O günlər bir nağılsa da, şirin nağılsa da. Bütün dünya dağılsa da, dünya dağılsa da, Təkcə səndən nigaranam, səndən nigaranam..” (Baba Vəziroğlu)
Quşların oxuması, dələlərin bir ağacadan o biri ağaca sürətlə qaçması, maralların yol üstündə və ya meşədə adama boylanması da Norveç təbiətinin möcüzələrindəndir. İllər ötdükcə maralların sakit baxışı, dələlərin həyəcan və qorxu ilə qaçması və quşların xoş nəğmələri qənc qızın qəlbini ovsunlayır və “yaşıl qış”a olan sevgisini daha da artırırdır. Belə ki, qarlı bir bahar günündə Norveçə gələn gənc qız zamanla bu ölkənin hər fəslini sevmiş, öz nağıl dünyasını yaratmış və qəhrəmanlarını isə həm Azərbaycan, həm də Norveçdən seçmişdir. O, qəlbində iki ölkəni birləşdirən bir nağıl yaratmış və onu belə adlandırmışdır:“ Yarı məndə, yarı səndə” “Çiçək ətri gül üzündə, Min məna var hər sözündə. Bir buluduq göy üzündə Yağış məndə, dolu səndə”.(Nüsrət Kəsəmənli)
Şair Təranə Dəmir yaradıcılığında bunu yaşamağa dəyər
Fb-də bir çox yaradıcı dostlar var ki, onların şeirlərin hər dəfə oxuyanda, düşüncəmə hansısa məntiqli bir söz və yaxud da hansısa oxuduğum bir aforizim hakim kəsilir. Çox zaman fikrimi başqa şeylərlə məşğul etmək istəsəm də, o hissin təsirindən çıxa bilmirəm. Bu hal bir neçə dəfə təkrarlandığından o şairin yaradıcılığına istinad etmək məcburiyyətində qalıram. Çünki, təsirinə düşdüyüm həmin şairin şeirlərinin mənə yaşatdığı gözəlliyi, heç, təbiətin gözəlliyindən belə alıb əvəzləyə bilmirəm… Artıq neçənci dəfədir ki, gözəl yaradıcılığı ilə məni tilsimləyən şairimiz Təranə Dəmir imzasıyla yaradıcılığın paylaşan dəyərli şairimizin şeirlərin oxuyanda, istər-istəməz yaddaşıma, – “gözəl söz” və “sözün qüdrəti” kimi fikirlər, düşüncəmə sarmaşıq kimi sarılıb qalır. Doğrudan da, onun şeirləri haqqında fikir söyləməyin özüdə, insanda tərəddüd dolu bir məsuliyyət yaradır. Amma, qəlbimdə sakitlik yaratmaq üçün, bəzən məcburiyyət qarşısında qalanda, fikirlərimi, düşüncəmə toxumağa cəhd edirəm. Bu dəfə də belə oldu. Dəfələrlə gözəl şeirləri ilə oxucu kimi məni valeh edən, ruhuma məlhəm kimi yayılan sözlər, bu niyətimdə dəstəkçim olduğuna əmin oldum… Azərbaycanımızın böyük şair və mütəfəkkiri Məhəmməd Füzulinin söz haqqında söylədiyi bu beyt Təranə Dəmir şeirlərin oxuyanda düşüncəmə hakim kəsildi.
Mən gözəl bir süfrə açdım sözdən əhli – aləmə, Onda min zövq artıran hər dürlü nemət düzmüşəm. Kim gəlir-gəlsin, aparsın hər nə istər xatiri, Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm!
Bəli, şair Təranə Dəmir yaradıcılığın izlədikcə onun da sözdən böyük bir süfrə açdığının şahidi oluram. O süfrədə söz gözəlliyi, söz qüdrəti, Təranə Dəmir yaradıcılığın əsas qayəsini özündə büruzə verir. Çünki, elə böyük mütəfəkkir Məhəmməd Füzuli demiş,
Söz mənadan aslıdır, məna sözdən hər zaman, Bir-birindən aslıdı, necə ki, cisim ilə can.
Böyük mütəfəkkirin dediyi, – “sözün mənadan, mənanın sözdən” – asılılığı, Təranə Dəmir yaradıcılığında elə gözəl nizamlanır ki, bunu görmədən keçib getməkdə heç doğru olmazdı. Onun, ruh oxşayan istənilən şeirinə istinad etmək olar:
…İndi adamlar yox ,yollar darıxır, Ağaclar, çiçəklər, yarpaqlar, tikanlar, kollar darıxır. İndi həsrət əsir zamanın başı üstə, Ayrılıqlar uzanıb gedir liman -liman, qatar-qatar.. Daş ömrü yaşayır bütün dünya..
Bundan gözəl söz, məna bağlılığını necə təsəvvür etmək olar…? İndi adamlar yox, yollar darıxır adam üçün… Ağaclar, çiçəklər, yarpaqlar, tikanlar, hətta kollar da darıxır… Zamanın başı üstündə həsrət əsir. Ayrılıqlar uzanır qatar-qatar gedir. İndi daş ömrü yaşayır bütün dünya. Çünki…,
Hara baxırsan daşdı. Ürəklər daş , küçələr daş, Binalar daş , hasarlar daş. Başına daş yağır, Yoluna daş çıxır, üzünə daş baxır. İndi adamlar yox, xəyallar darıxır,
Hər şey daşlaşmış bir dövürdə yalnız xəyallarında qalan…,
İçində məhəbbət, saçında sığal, ruhunda bahar .
-da darıxır. Çünki,
-Hərdənbir naguman sevdalar doğulur, Boğazında ip, baxışında tərəddüd, qolunda qandal. Üzü qışa gedir bütün arzular, Başında qovğa, dilində külək, Gözündə yağış,əynində sazaq. İndi adamlar yox, kitablar darıxır, Arasında yalın -yalavac misralar, Nöqtələr, nidalar ,suallar…
Şairin digər şeirlərində də, ahəngdarlıq, rəngarənglik, sözün mənaya, mənanın sözə bağlılığı hər bir misrasında özünü büruzə verir. Məsələn:
Həqiqəti gəzə- gəzə Dolanmışıq sərhəd-sərhəd. Baxıb görmüşük haqq hanı, O yan zülmət, bu yan zülmət.
Bir şair qəlbinin harayıdır ki, onun narazılığının qəlbindən süzüb gəldiyi kimi poetik cizgilərlə görünməkdədir. Bizə görünən haqqın zülmət içində olması, bir vətəndaş ürəyinin sızıltısıdır.
Bizi kənd -kənd , şəhər -şəhər Küsdürüblər özümüzdən. Bir azca sevgimiz vardı, O da düşüb gözümüzdən.
Bəli, ümüd verən bir az sevgimiz vardı ki,- “O da düşüb gözümüzdən.” – deyir, gözəl şairimiz.
Üzümüzə gülə -gülə Boynumuza çıxana bax. Pambıq ilə baş kəsənə, Evimizi yıxana bax.
Bu haqsız dünyanın eybəcərliyini, bu cür poetik çalarlarla cilallamaq şairin söz zənginliyini göstərir. Dünya şöhrətli, Fransanın romantik şair və yazıçısı Viktor Hüqo deyir ki, -” Gözəl ifadələr gözəl fikri bəzəyir və qoruyub saxlayır”. Eynən gözəl şairimiz Təranə Dəmirin şeirlərində olduğu kimi.
Yer günahsa, Göy günahsa Bəs hardadı bu haqq , Allah? Şeytana gücün çatmırsa , Başımızı burax , Allah.
Bəli, şairin bir qəlb üsyanı kimi,- “Şeytana gücün çatmırsa , Başımızı burax , Allah”. Çağdaş Azərbaycan Ədəbiyyatının böyük potensiala malik şairi olan Təranə Dəmir yaradıcılığı boyu, hər bir şeirində sözün gözəlliyin və qüdrətin qoruyub saxlaya bilir. Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə deyir ki, – “Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal mülk tələf olur gedir, amma söz qalır”. Şairin digər bir şeirinə nəzər salsaq, görərik ki, söz elə gözəl, lokanik dediyindən, fikir əzəməti özün biruzə verib.
-Bu qız bu oğlandan küsüb deyəsən, Başını qaldırıb üzünə baxmır. İstəyir çevrilib yanından gedə , Onda da ayağı sözünə baxmır.
Və yaxudda bir başqa şeirində…, Hamımızın Səhər-axşam gedib, gəldiyimiz yolun yol olma qismətini elə incəliklə verib ki, elə bil ki, bir canlının tablosunu yaradır.
Bu yol neçə qışdan, bahardan keçib, O dərədən keçib, bu yaldan keçib, Neçə ayrılıqdan, vüsaldan keçib, Nələrdən keçməyib yol olanacan?
Vurub dağa, daşa özünü gəzib, Çəkib Yerin, Göyün nazını, gəzib, Heç vaxt qatlamayıb dizini, gəzib , Dolanıb özünə sarılanacan.
Uzana -uzana incəlib bu yol, Döyülə-döyülə dirçəlib bu yol, Elə ayaq üstə dincəlib bu yol, Yüyürüb nəfəsi daralanacan.
Belində nə qədər yükü var, Allah, Günahı, əzabı, görkü var, Allah, Bu yol ağrı çəkib o ki var , Allah Özünə yol tapıb , yol alanacan.
Təranə Dəmir yaradıcılığının hər bir şeirində bu mükəmməllik, gözəllik, inanıram ki, istənilən oxucunu özünə çəkib, onu aslı vəziyyətə salar. Onun istənilən şeirinə istinadımda söz gözəlliyini və söz qüdrətini gördüyümdən daha bir şeirinə müraciət edərək, gözəl şairimiz haqqında düşüncələrimi, böyük çətinliklə də olsa yekunlaşdırmağı qərarlaşdırdım. Çünki, o tilsim düşüncə, ondan ayrılmaq da çətindir…
Dilimi “döz” aparır, Ya səhv, ya düz, aparır, İçimi söz aparır, Çölümdən yapışmışam.
Kim göndərib bu dərdi? Dərddi, yoxsa qədərdi? Bu nə gözəl kədərdi, Əlindən yapışmışam.
Azərbaycan Ədəbiyyatının görkəmli şairlərindən biri olan Süleyman Rüstəm deyir ki, – “Sanıram ki, yer üzünə işıq salan ulduzlar, köçüb getmiş dühaların qocalmayan sözüdür”. İnanıram ki, şair Təranə Dəmir yaradıcılığında deyilmiş sözlərin hər biri, çağdaş şerimizin qocalmayan sözlərindən olacaq, daimi ulduzlar kimi öz parlaqlığını qoruyub saxlayacaq. Şair Təranə Dəmir yaradıcılığına baxışımda Məhəmməd Füzulidən sitatlarla başladığım kimi, sözümü də, elə böyük mütəfəkkirin fikirləri ilə bitirmək istəyirəm:
-“Ey könül ! Söz xəzinəsini açsan, Dinləyən şəxsi gözlə yormayasan ! Bəs edər bu verdiyin inci gövhər , İnci də çox olanda dəyəri itər”. Ancaq bir həqiqəti bilirəm ki, Təranə Dəmir yaradıcılığı heç kimi yormaz və işlətdiyi gövhər sözlər də dəyərdən düşməz… Böyük səmimiyyətlə şairimizə yaradıcılıq uğurları ilə bərabər can sağlığı və uzun ömür diləyirəm.
Müəllif: Elxas Comərd AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü
Strabon özünün məşhur “Coğrafiya” kitabında yazır:
“Müqəddəs Burun da daxil olmaqla qərb sahilləri düz TAQ çayının töküldüyü yerə qədər İberiyanın (müasir İspaniya və Portuqaliya əraziləri nəzərdə tutulur. – Y.O.) qərb tərəfinin başlanğıcıdır.
Cənubdan isə – Ana çayının töküldüyü yerə qədər cənub tərəfin başlanğıcıdır. Hər iki çay mənbəyini şərqdən götürür. Amma TAQ o biri çaylardan daha böyükdür və birbaşa qərbə axdığı halda, Ana cənuba dönərək vilayəti İkiçayarasına salır… Ölkənin dərinliklərində KARPATAN, OREATAN və VETTONLAR (kursiv mənimdir- Y.O.) yaşayırlar… Bu əyalətdən mənbəyini Ana və Taq çayları kimi eyni yerdən götürən BATİY çayı axır..
…Çayın adına uyğun olaraq ölkə Batik adlanır, əhali isə onu TURDETAN adlandırır. Arada əhalini turdetan, bəziləri isə turdul çağırırlar. Bir sıra yazarlar onları bir xalq, bir qismi isə müxtəlif xalqlar hesab edir. Axırıncıya Polibi aiddir və təsdiq edir ki, turdullar turdentlərin şimal qonşusudur, amma indi onların arasında heç bir fərq tapmazsan. Turdentlər iberiyalılar arasında özlərini ən mədəni hesab edirlər. Onların əlifbası mövcuddur, qanunlar və öz tayfalarının tarixinə aid poemalar yazırlar (özlərinin dediyi kimi, yazılarının 6000 il yaşı var).Başqa iberiyalılar da yazı ilə tanışdırlar, amma onların hərfləri fərqlidir, belə ki, onların dilləri ayrıdır”.
Göründüyü kimi e.ə. I əsrin sonunda, eramızın əvvəllərində Avropanı gəzən və qələmə alan Strabon bizə türk toponimləri, hidronimləri və etnonimləri haqqında kifayət qədər məlumat verir. Bunun üzərindən sükutla keçmək mümkün deyil.
Başlayaq Strabonun İberiyada göstərdiyi TAQ və ANA hidronimlərindən. Adi gözlə də, heç bir şərh vermədən görmək olur ki, hər iki çayın adı türkcədir. Bəs bu qədər türk toponimləri, hidronimləri və etnonimləri e.ə. I əsrdə indiki İspaniya ərazisinə necə gedib çıxıb? Nəzərə alaq ki, bu adların bu yerlərdə öz təsdiqini tapması üçün yüz illər, bəlkə də min illər gərəkdir. Bəzi tarixçilər təsdiq edirlər ki, e.ə. V əsrdə biz qədim türklər olaraq Mərkəzi Asiya çöllərindən kənara çıxmamışıq. Elə isə bu adlar Avropanın qərbinə necə gəlib çıxdı? Haradan qaynaqlanır bu adlar? Özü də bu adları Strabon yunan dilinə tərcümə etmir. Yerli xalqlar bu adları necə söyləyir və tələffüz edirsə, Strabon da elə yazır.
Məlumdur ki, “TAQ” sözü indi də bir çox türk dillərində, o cümlədən də Azərbaycan türkcəsində işlədilir. “Taq (ğ) Azərbaycanda üzüm ağacının bir qoluna deyilir. “Taqım” orduda alayın bir hissəsidir. 1969-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) nəşr olunan “Qədim türk sözlüyü” kitabında “taq” sözü bərkidilmək, nəyinsə bir hissəsi anlamını verir.
Qeyd etmək lazımdır ki, qədim şumer dilində bu söz müasir türk dilindəki kimi “birlədirmək”, “yaışdırmaq”, “sancmaq” anlamlarını verir.
XI əsrdə yaşayıb-yaratmış M.Kaşğari də taq və tağ sözlərini eyniləşdirir. Bundan başqa müəllif “tağ” sözündən əmələ gələn sözlərə də diqqət yetirir:
Tağay – dayı;
Tağık – dağa çıxmaq;
Tağıl – korlamaq;
Tağla – dağılmaq.
Strabonun göstərdiyi “Ana” çayının adı isə – minillərdir “ANA,APA,ABA” kimi işlədilən bu söz şumer dilində də “AMA” kimi işlədilmişdi.
“Qədim türk sözlüyü”ndə də “ana” sözü indi başa düşdüyümüz anlamda verilir.
Daha sonra Strabon qeyd edir ki, ölkənin dərinliklərində karpatan, oretan və vettonlar yaşayırlar. Maraqlıdır ki, bu etnonimlərə indiyə qədər bizim türkoloqlar diqqət yetirməyiblər. Göründüyü kimi bu sözlər mürəkkəb sözlərdir və təmiz türkcədir. Fonetik dəyişikliyə uğrasa da bu sözlərin anlamı bu gün də başa düşülməkdədir.
Strabon qeyd edir ki, bu əyalətdən Batiy çayı axır və çayın adına uyğun olaraq ölkə Batik adlanır, əhalisi özünü turdul deyə çağırır. Turdullar haqqında yuxarıda bəhs etdik.
Qeyd etdiyimiz kimi İberiya Avropanın lap şərqində yerləşir, yəni günəşin batdığı yerdə. Bu baxımdan çay qərbə axdığı üçün çayın adı Batiy, ölkə isə çayın adına uyğun Batik adlanır.
Mahmud Kaşğaridə də Bat sözü müxtəlif mənalar verir:
Bat – batmaq, gözdən itmək;
Batıs – bataqlıq, çayın dərin yeri;
Batsıs – qərb;
Batur – batırmaq, bağlatmaq.
“Qədim türk sözlüyü”ndə də “bat” sözü müxtəlif çalarlarda və mənalarda işlədilir:
“I Bat – üzümün suyunun sıxılması,
II Bat – pis, gərəksiz,
III Bat – tez, cəld; iglig ersar bat onulurkim xəstədirsə tez sağalar.
IV Bat – batmaq, baş vurmaq; kün batti – günəş batdi”
Bu gün də dilimizdə işlədilən sözləri – günəş çıxan tərəfi Doğu, günəş batan tərəfi Batı, şimalı – Quzey, cənubu isə Güney kimi işlədirik.
Daha sonra Strabon yazır:
“… Məhz bu körfəz vilayətində iberiyalılar bastetan adını daşıyırlar (onlara bastul da deyirlər)… Kalpa dağı yerləşir…
Əgər daxili dənizdən xarici tərəfə üzsən, bu dağ sağda qalır, ondan 40 stadiya kənarda Kalpa şəhəri yerləşir…
… Bunlardan daha güclü və şöhrətlisi isə əsası Marsel tərəfindən salınmış Kordubdur…
… İberiyalı keltlər arasında Konisturq, liman şəhərləri arasında isə daha məşhuru Asta şəhəridir…
Hər halda, təbiətlə tanış olan insanlar… Bu yerlərdə özləri üçün şəhərlər və başqa yaşayış yerləri saldılar. Bu şəhərlər siyahısına bunlar daxildir: Asta, Nabrissa, Onoba, Ossonoba, Menoba və başqaları…
… Salaq sakinləri əsrarəngiz və zərif parçadan hazırlayırlar…”.
Çox güman ki, Bastul / Basdul kimi işlənə bilər. “Bas” sözü feil funksiyasını daşımasına baxmayaraq, müxtəlif formalarda indi də müasir dilimizdə işlədilməkdədir; basmaq, basdırılmaq, basdırma, basıntı (toplantı), basar, Basqal və s. Qeyd edək ki, Qaraxanlılar dövlətində bir türk tayfasının adı Basmal idi.
M.Kaşğari “Divanü-lüğat-it-türk” kitabında “Bas” sözünün müxtəlif anlamlarını verir:
“Bas = basmaq,üstünə çökmək, yıxmaq, qamarlamaq;
Basa = sonra;
Basar = dağ sarmaşığı;
Basık = düşmən tərəfindən basılmaq;
Basın = zəif saymaq, zülm etmək;
Basruk = basqı.
“Qədim türk sözlüyü”ndə də “bas” sözü müxtəlif çalarlarda verilir:
“1.bas – basmaq; iğac, qaya qum bari gop basar – ağac, qayalar, qum hamısı tam sıxır;
2.bas – möhür vurmaq; tamqalarımızı basip bertemiz – biz öz möhürümüzü vurduq;
3. bas – sıxmaq, basıb keçmək;
4. bas – hücum etmək; qirqiz bodiniq uda basdimiz – gecə qırğız xalqına hücum etdik;
5. bas – əldə etmək; er qızı basdi – kişiqadını əldə etdi;
Basa – sonra; men anda basa keldim – mən ondan sonra gəldim.
Basal – soğan;
Basan – yas;
Basar – dağ sarımsağı;
Basquci – idarə edən, hakim;
Basiq – gecə hücumi;
Basil – idarə olunan;
Basin – məğlub olan;
Basinc – sıxışdırılan”.
“Dul” sözü ilə bağlı “Türkün gizli kitabı” kitabında yazırdıq:
“D.Aytmuradov çinşünas İ.Biçurinə istinadən qeyd edir ki, “dul+qa” bir çox türk tayfalarında dəbilqə mənasını verir. Müasir Azərbaycan dilində də “dulusçu” sözü indinin özündə də əldə saxsı qablar düzəldən sənətkara deyirlər. Bəlkə də “basdul” sözü saxsı qablar basan, yəni düzəldən tayfalara deyirlərmiş.
Azərbaycanda əri və ya arvadı ölmüş şəxsə dul deyirlər.
Asta şəhərinin adı da maraq kəsb edir. Belə ki, müasir türk dillərində “asta” sözü “yavaş”, “ləng”, “aramla” mənasını verir. “Asta yerişli” sözü indi də işlənməkdədir. “Asta” sözü “giriş qapısı” mənasındadır. Qazaxıstanın paytaxtı Astana şəhəri bu anlamdadır. Azərbaycanın cənub bölgəsində, ölkəyə giriş hissəsində Astara şəhəri yerləşir”.
Qədim türkçədə “Ast” – küçə, “astın” – aşağı, alt mənasını verir.
Strabon da qeyd edir ki, liman şəhərləri arasında ən məşhuru Astadır, ölkəyə giriş buradan başlanır.
Hər halda eradan əvvəl indiki İspaniya ərazisində Asta şəhərinin olması və indiyədək bu adın eyni mənada müasir türk dillərində saxlanılması və işlənməsi, özlüyündə bir çox mətləblərdən xəbər verir. Daha bir ehtimal da mövcuddur. Yuxarıda Orxon-Yenisey abidələrindən yazanda, qeyd etmişdik ki, L.N.Qumilyov bu abidələrdən bəhs edərkən naməlum “az” tayfasının adını çəkmiş və onların haradan gəldiklərindən məlumatsız olduğunu bildirmişdir. Asta şəhərinin adı ehtimallara görə, As / az tayfasının adından götürülə bilər.
As / az tayfası haqqında professor Firudun Ağasıoğlu yazır: “Azərbaycan ölkə adının kökündəki azər boy adının yaranmasında özək olan az boyu türk etnosu içində çoxsaylı soylardan biridir. Aziya / Asiya adındakı paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır. Bunun səbəbi az / as boylarının vaxtilə qədim Azərbaycandan Batı, Quzey və Doğu ölkələrə olan köçü ilə bağlıdır. Üç-dörd min ildir ki, bu boylar tarixi mənbələrdə xatırlanır”. Daha sonra müəllif qeyd edir ki, müxtəlif türk xalqlarının boy-soy (tayfa-nəsil) bölgüsü kimi diqqəti çəkən və tərkibində az / as komponentini yaşadan etnonimlər maraq kəsb edir. Məsələn, başqort-katay boyundaki as, assı soyları balkarların as adlanması, A.Vamberin özbəklərin 32 əsas boy sırasında as boyunu qeyd etməsi, qırğızların azıq boyu, qədim Azərbaycan əhalisinin az adlanan bir qisminin sonralar azər boyu kimi tanınması az / asların türklüyünə şübhə qoymur.
Maraqlıdır ki, Az tayfasının Troyadan (müasir Türkiyə ərazisindən – Y.O.) Avropa və İslandiyaya köç etməsi haqqında “Kiçik Edda” abidəsi də lazımı qədər və ətraflı məlumat verir. Hətta orada qeyd edilir ki, aslar Troyadakı (Turoba) adətləri, Türkel, Anar, Atlı kimi şəxs adlarını və digər toponimləri özləri ilə Avropaya aparmışlar. Yeri gəlmişkən, yəhudi yazarı Rafail Nidelman özünün “İnsan tarixində müəmmalar, sirlər və kodlar” kitabında Troya haqqında maraqlı məlumat verir. O yazır ki, Sultan Mehmet Fatih 1453 -cü ildə İstanbulu fəth edəndə belə bir ifadə işlədib: “Konstantinopolu almaqla mən Troyanın yerlə-yeksan olunmasının qisasını alıram”. Hələ bir neçə il əvvəl “Türkün tarixinə yeni baxış” kitabında yazmışdım ki, Avropada VII əsrdən başlayaraq “türk” sözünün şərhini verməyə çalışıblar. Bu o zaman başlanıb ki, Troya əfsanəsi yazılı şəkildə təsdiqini tapdı və troyalıların türk köklü olduğu versiyası irəli sürüldü. Buna əsasən Troya çarı – TORQUDUS-un adının türk adına çox uyğun gəlməsi idi”.
Maraqlıdır ki, Troya şahzadəsinin adı Qöktar, anasının ismi isə Qökua olub, türk adlarından heş nə ilə fərqlənmirlər. Homerin şəhadətinə görə Troyada yaşayan tayfalardan biri isə “turşa” adlanırdı.
Əgər özüm şəhid baş leytenant Həsənağa Abdullazadəyə həsr olunmuş “Yüz on ikinci gün” kitabını bir gecəyə oxuyub başa vurmasaydım, bu münasibətlə keçirilən tədbirdə Milli Məclisin deputatı Fariz İsmayılovun, Gömrük Akademiyasının rəisi general-mayor Qulu Novruzovun romanı birnəfəsə oxumaları haqqında geniş ictimaiyyətə bəyan etmələrinə bəlkə də, sözgəlişi deyim kimi qəbul edərdim. AMEA Elmi Kitabxanasındakı tədbir əslində dəyərli söz adamı, şeirləri, qəzəlləri, hekayələri ilə çoxdan tanıdığım şirvanlı yazar Naibə Yusifin yeni kitabının təqdimatından daha çox 9 mart 1993-cü il təvəllüdlü Vətən Müharibəsi Qəhrəmanının anım mərasimi kimi yadda qaldı. Təbii ki, tədbirin əsas səbəbində və mərkəzində yazıçının ciddi axtarışları, faktları bədii təfəkkürünün süzgəcindən keçirərək, yüksək sənətkarlıqla qələmə aldığı “Yüz on ikinci gün” romanı dururdu.
El arasında deyildiyi kimi, ağzınacan dolu olan zalda əlavə stulların düzülməsinə ehtiyac bir tərəfdən şəhid ruhuna ehtiramdan doğurdusa, digər tərəfdən yüksək təşkilatçılığın (millət vəkili Fariz İsmayılov, ev sahibləri) nəticəsi olaraq üç saata qədər davam edən tədbirin sonunda belə dağılmaq istəməyənlərin maraqlarından və duyğulanmalarından irəli gəlirdi.
Millət vəkillərinin, elm və sənət adamlarının, şəhid ailələrinin və cəbhədaşların iştirakı ilə keçirilən tədbir haqqında müxtəlif mənbələrdə məlumat yayıldığını nəzərə alaraq, diqqəti maraqla oxuduğum romanın məziyyətlərinə yönəltmək istəyirəm. Xüsusən şəhidlər haqqında bədii ədəbiyyata, film və tamaşalara daha çox marağım daxilində xeyli yaradıcılıq nümunələri ilə tanış olduğumdan bu mövzunu az-çox qavradığımı, təvazökarlıqdan uzaq olsa da, bildirməliyəm.
“Yüz on ikinci gün” romanı bir tərəfdən yazıçı təxəyyülünün məhsulu kimi yüksək bədii keyfiyyətləri ilə seçilirsə, digər tərəfdən axtarışlar, araşdırmalar, faktların dəqiqləşdirilməsi və yerli-yerində, səmərəli istifadə olunması nöqteyi-nəzərindən maraqlı və cəlbedicidir. Döyüş səhnələrinin təsviri, vətən yolunda canını qurban verməyə hazır olan igid oğullarımızın hər bir hərəkətini, danışığını, hiss və həyəcanını təbii və canlı çalarlarla ifadə etmək bacarığı yazıçının ağır məsuliyyətə vicdanla yanaşmasının təzahürüdür. Ancaq oxucu belə bir dolğun əsərin ərsəyə gəlməsində təkcə məsuliyyətin kifayət etmədiyini, qələm sahibinin mənəvi aləminin, torpaq, yurd sevgisinin buraya qatıldığını da elə ilk sətirlərdən hiss edir və sonadək bu təsir altında qalır. Yazıçı sanki özü də bu döyüşlərin iştirakçına çevrilir, igid oğullarla nəfəs alır, dediklərinin, düşündüklərinin səlnaməçisinə çevrilir. Və sözsüz ki, belə ürəklə və ürəkdən yazılan bu bədii əsər əbədiləşən qəhrəman obrazları kimi yaddaşlardan silinməyəcək, oxunacaq və ədəbiyyatımızın ən yaxşı nümunələri sırasında dayanacaq.
Çox yaxşı haldır ki, müəllif Həsənağa Abdullazadənin qəhrəmanlığını dar çərçivədə qələmə almır. Romanda general-mayor Polad Həşimovun, şəhid mayor Vüsal Vəliyevin və digərlərinin obrazları ən çətin məqamlarda rəşadət, dəyanət rəmzi kimi oxucuya təqdim olunur.
Əsərin süjet xətti qəhrəmanlıq, vətən sevgisi üzərində qurulub. Həm də bu sevginin ailə münasibətlərindən, halal ana südündən, zəhmətkeş ata qayğısından qaynaqlandığı bütün əsər boyu oxucunu duyğulandırır. Qadın yazarın qələmində çağdaş ədəbiyyatımızda Səmilə ana və Şakir ata obrazları yaranır. Onlar, xüsusən Səmilə ana yeganə ciyərparasının atdığı hər addımda himayəçi olmaq istəyir, elə bir oğul böyüdürlər ki, elin-obanın yaraşığı, fəxri, qüruru kimi ana-ataya başucalığı gətirir. Ana oğluna “Həsənim” deyə onu oxşayıb əzizləyir. “Anam” xitabı dilindən düşməyən Həsənağa da nəinki ana-atasının, bütün qohumların, qonşuların, müəllimlərin sevimlisinə çevrilir. Onu böyüdən valideynlərin bir sözünü iki eləmir, ev işlərində onlara köməklik göstərir. Baxıb qürurlanan valideynlər ocaqlarına sahib çıxacaq belə bir övlad üçün fərəh hissi keçirirlər. Ancaq!..
…Hər şey də elə bu ancaqdan başlanır. Vətənin dar günündə onun müdafiəsinə qalxmaq, mənfurları torpaqlarımızdan qovmaq missiyasını amalına çevirən Həsənağa Abdullayev ilk dəfə böyük sözündən çıxmağa cürət edir, fikrində qəti olduğunu bildirir. O vaxtdan ananın dərdləri də böyüyür. Seçim qarşısında qalan Səmilə ana övlad sevgisini vətən sevgisinə qurban verməkdən başqa çıxış yolu
qalmadığını başa düşür. Yazıçının bədii təxəyyülü bu sevgiləri bir-birinə qarşı qoymur, əksinə doğmalaşdırır, qovuşdurur, daha güclü, daha duyğulu bir məcraya yönəldir. Nəyinsə baş verəcəyini hiss edən ana oğlunun qeyrətdən doğan vətən sevgisinə təslim olur, bunun Allahın dərgahında haqq, ədalət işi olduğuna inanır. Sənsiz yaşaya bilməyəcəm deyən valideynlər şəhid övladlarını tanıtmaq, yaşatmaq üçün canlarına qəsd etməkdən vaz keçirlər, bu yolda son anacan gedəcəklərinə and içirlər. “Yüz on ikinci gün” kitabının ərsəyə gəlməsi, keçirilən möhtəşəm tədbir da bu istəkdən doğan reallıqdır.
SÖZARDI: Yeddinci sinifdə oxuyarkən o vaxt Kənd Zəngilandakı məscidə sığınmış kitabxanadan tapıb oxuduğum Viktor Hüqonun “Səfillər” kitabında Jan Valjan obrazının 3-4 səhifədə bədii boyalarla təsviri diqqətimi cəlb etmişdi. Qəhrəmanını güclü göstərmək üçün yazıçı elə ştrixlərdən istifadə edib ki, oxuyanda Jan Valjan sanki canlı kimi əzələlərinə qədər göz önündə canlanır və belə birisinin aşmış at arabasını çiyinləri ilə qaldıracağına şübhə etmirsən. Sonra yazıçı Bayram Bayramovun, Əli Vəliyevin, Süleyman Rəhimovun… əsərlərində çoxlarına uzun-uzadı gələ biləcək ana yurdumuzun füsunkarlığının bədii təsvirini sevməyə başladım və məhz bu təsvirləri dəfələrlə təkrarlamaqdan doymadım.
Hər bir müqayisə qüsurludur prinsipinə yox deyərək, “Yüz on ikinci gün” romanında ana dərdindən və vətən sevgisindən doğan hiss və duyğuların bu qədər canlı və inandırcı təsvirinə görə xanım yazarımız Naibə Yusifin söz dünyasına heyranlığımı ifadə etməyə bilmərəm. İnanıram ki, roman bundan sonra da oxuna-oxuna seviləcək və sevilə-sevilə oxunacaq!