“MİQ-17” də orijinallığı ilə seçilir Zaur Ustacın “BB” hekayələr kitabına daxil olan nümunələr içərisində diqqət çəkən hekayələr sırasında “MİQ-17” adlı hekayə öz bədii tutumu, məzmun və forma vəhdətinin dolğunluğu baxımından uğurlu sayıla bilər. Kitabda yer almış “Psixoloqun qəbulunda”, “Növbəti xəstə”, “Cücə oğrusu”, “Mələk”, “Qırmızı yarpaqlı ağac” və digər hekayələr kimi, “MİQ-17” də orijinallığı ilə seçilir. Mövzu aktuallığı ideya-bədii xüsusiyyətlər fonunda nə qədər cəlbedici görünürsə, hekayədəki ədəbi qəhrəmanın bir obraz kimi xarakterinin açılması da müəllif təhkiyəsi ilə həmahənglik təşkil edə bilir. Hesab etmək olar ki, bu, ilk növbədə müəllif qələminin yaradıcı işləkliyi, yazıçının həyat müşahidələrinin zənginliyi ilə sıx bağlıdır. Hekayədə müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən imtahana gəlmiş şəxsin düşüncələrindən, keçirdiyi daxili hiss və həyəcanlardan, rastlaşdığı hadisələrdən söhbət açılır. 2017-ci ilə təsadüf edilən tarix əslində ümumiləşdirilmiş zaman anlamındadır. Hekayədə adı çəkilməyən (elə digər iki qadın obrazının da adı çəkilmir və bunun özü belə oxucunun diqqətini mətnə kökləyir) əsas personaj imtahanda iştirak edən şəxs timsalında dəqiq və tutarlı faktlarla verilmişdir. İmtahan həyəcanı bu insanın da daxili aləmindən yan keçə bilməmişdir. Cibində evin açarı, xırda-xuruş pul (yol xərci) və cib dəsmalından başqa bir şey olmayan iştirakçı buraxılış məntəqəsindən ta imtahan zalına kimi bütün həyəcanları ilə birlikdə lazımı sənədlərlə bərabər nəzarət altında öz yerində əyləşincə imtahanqabağı düşündüklərinin hamısını bir anlıq unudur, masa arxasına keçərək öz taleyi ilə “çarpışıb-vuruşur”. Qəribədir ki, imtahan zalında əyləşən bir qadın isə bütün saatı yalnız tamaşaçı qismində iştirak edir. Əvvəlcə nəzarətçi qadınla yer üstündə qarışıq vəziyyət yaranır, sonra bir başqasının ona yaxınlaşıb astaca nəsə deməsindən sonra iştirakçı rahatlaşa bilir və əda ilə başqa bir yerdə əyləşərək imtahanın sonuna kimi özünü yelpikləməklə məşğul olur. Yaxın masaların birində əyləşən digər iştirakçı qadın isə həyəcanlıdır, partanın üzərinə üz-gözünü, alnını sildiyi salfetlər yığılıb. İmtahan suallarına döğru, dürüst cavablarla münasibətini ifadə edən və yaxın cərgələrdə əyləşmiş bu iki qadına diqqət yetirən şəxsin isə öz halal zəhməti ilə oxuyub dərs aldığı, indi də işə düzəlmək üçün imtahanda yalnız bilik və savadına arxalanması real faktlarla üzə çıxır. Sanki tamaşa salonunda əyləşibmiş kimi, imtahanı seyr edən, yer üstündə dolaşıqlıq yaradıb yersiz əda ilə öz müştəbehliyini nümayiş etdirən qadının necə təhsil alması, imtahanda nəyə və kimlərə arxalanması gözdən yayınan hal deyildir. Bununla müəllif sözü gedən sahədə baş verən neqativ halları pisləyir, qələmə aldığı hekayədə özünə məxsus yanaşma üsulu ilə bu kimi yarıtmaz vəziyyətlərə etirazını bildirir. Zaur Ustacın bu hekayəsində bəzi xırda qüsurlu cəhətləri nəzərə almasaq, ümumilikdə deyə bilərik ki, hekayədə müəllif öz niyyətinə nail ola bilmişdir. MÜƏLLİF: ZAUR ƏRMUĞAN
VƏTƏN YOLU Zirvələrə bayraq sancan oğullar keçib bu yoldan. Şir biləkli, Sinəsi boz qurd ürəkli, Qələbə diləkli Oğullar… Hər ayaq izi bir çiçək bitirib bu yollarda, ətri vətən dadlı. Hər nərəsi cəngavərlik hünəridir, Hər kəlməsi od qanadlı Arzuları yurd eşqindən zəfər çalan döyüşçümün. Əldə silah yol keçib igidlər buradan ayaq-ayaq. Dəmir atlar nərildəyib bu yollarda. Əsgər nəfəslidir torpaq. Döyüş kimi, Savaş kimi Sədalı, səslidir çaylar. Ərlərin, ərənlərin yoludur, Köksü qalxan, Əlləri, qolları süngü olan Övladların — sinəsini gərənlərin yoludur bu yol. Amalı, məramı ulu, Qalibiyyət dolu bir yoldur vətən yolu. Vətən andı içənlərin, Vətən üçün öz canından keçənlərin, Mübarizə meydanında mərdliyi bir şərəf bilib haqq yolunu seçənlərin yoludur bu yol.
MÜQƏDDƏS QİSAS Göylərə çəkilən şəhid ruhuna Tanrı sığal çəkir öz əlləriylə. Dünyanın göz açan al sabahına Şəhid ətri dolur yurd yelləriylə. * * * Yer üzü, göy üzü sarınmış cəngə, Torpağın qarası bir lalə rəngə. Nərələr təbildir bir gur ahəngə, Savaş meydanı da can çölləriylə… * * * Şəhid qanlarıyla yoğrulub torpaq, Təzədən, təzədən doğulub torpaq. Bir bax, məşəl olub, od olub torpaq Əbədi alovu qor dilləriylə… * * * Bil, adı mərdlikdir hər başdaşının, Qəddi dağ qəddidir qəlb sirdaşının. Gözlərdən süzülən o göz yaşının Çeşməsi ürəkdir ah selləriylə. * * * Şəhidlər torpağı vətən eləmiş, Bu çölü, bu dağı vətən eləmiş. Şəhidlər bayrağı vətən eləmiş, Gəlir səcdəsinə yurd elləriylə. * * * Oğullar zəfərlər çaldığı yerdə, Müqəddəs bir qisas aldığı yerdə, Şəhid məzarının olduğu yerdə Vətən çiçək açıb tər gülləriylə.
ŞƏHİD ADI Bu yağan yağışdan barıt qoxusu gəlir. Bu əsən küləkdən duyulur qan dadı. Ucalır Vətən göyünə torpaq olan canların şəhid adı.
VƏTƏN Ana yurdum, obamdır, Vətən elimdir mənim. Beşiyimdir, yuvamdır, Vətən evimdir mənim. * * * Çölüm, dağım, daşımdır, Ruhumdur, yaddaşımdır, Məzarım, başdaşımdır, Göyüm, yerimdir Vətən.
GƏLİR Bu otdan, çiçəkdən, Bu yeldən, küləkdən, Ağacdan, yarpaqdan, Havadan, torpaqdan Yurd qoxusu gəlir. * * * O atəş səsindən, Səngər nəfəsindən, O sipər canlardan, Tökülən qanlardan Qurd qoxusu gəlir.
ŞƏHİD Sipər oldun zərbələrə, Sinə verdin qəlpələrə. Zirvələrdən zirvələrə Hər dağı ucaldan şəhid. * * * Sən bir savaş fatehisən, Azərbaycan tarixisən. Əbədiyyət taleyisən, Torpağı ucaldan şəhid. * * * Taxtın uca göy üzündə, Al qanın vətən düzündə. Müqəddəssən el gözündə, Bayrağı ucaldan şəhid.
QƏLƏBƏM Zirvəsi buludlara dəyən sinəsi dağlı dağların, Gözlərini həsrətli yollara dikib səadət axtaran gözü yaşlı çiçəyinin talan yurdu bağların Könül dolusu gülür indi, Çağların milyon-milyon insanlarla Ümman-ümman sevincini bölür indi Qalibiyyət zəfəriylə, Bir qələbə xəbəriylə Vətən dediyim ocağım, odum, hey! Havam, suyum, torpağım, Daşım, izim, adım, hey! Andım, hey! Dan yerinə xoş müjdəli sabahla yetişdin sən, Ürəklərlə, Diləklərlə Sinə-sinə, qucaq-qucaq, Ağız-ağız, dodaq-dodaq görüşdün sən — Qələbəm mənim. Dilə gəldin Sən müqəddəs kəlam kimi, İnsanlara: “Gözün aydın olsun!” — dedin salam kimi. O bayrağın sancıldığı yerə mənim canım fəda. O əsgərin yarasına qanım fəda. Ər oğlu ər şəhidlərim!.. Hünərpərvər şəhidlərim!.. Köksü səngər şəhidlərim!.. Ruhunuz şad! Bu yer azad! Bu göy azad! Min-min mərdin cəsarəti, Ölüm-dirim savaşında sarsılmayan dəyanəti, Amalına sədaqəti bəxş eylədi yurda səni. Ey qələbəm! At belində mərdanəlik havasıyla yol gəldin sən. Övladına: “Get cəbhəyə döyüş!” — deyən, “Yağılara qan uddurub vuruş!” — deyən anaların duasıyla doğuldun sən, Ey qələbəm! İnadından dönməzlərin, Ölümüylə ölməzlərin al qanıyla yoğrulan torpağımdan göyərən nursan! Sən bir vətən vüqarı! Sən bir zəfər qüruru!
MÜQƏDDƏS QİSAS Göylərə çəkilən şəhid ruhuna Tanrı sığal çəkir öz əlləriylə. Dünyanın göz açan al sabahına Şəhid ətri dolur yurd yelləriylə. * * * Yer üzü, göy üzü sarınmış cəngə, Torpağın qarası bir lalə rəngə. Nərələr təbildir bir gur ahəngə, Savaş meydanı da can çölləriylə… * * * Şəhid qanlarıyla yoğrulub torpaq, Təzədən, təzədən doğulub torpaq. Bir bax, məşəl olub, od olub torpaq, Əbədi alovu qor dilləriylə. * * * Bil, adı mərdlikdir hər başdaşının, Qəddi dağ qəddidir qəlb sirdaşının. Gözlərdən süzülən o göz yaşının Çeşməsi ürəkdir ah selləriylə. * * * Şəhidlər torpağı vətən eləmiş, Bu çölü, bu dağı vətən eləmiş. Şəhidlər bayrağı vətən eləmiş, Gəlir səcdəsinə yurd elləriylə. * * * Oğullar zəfərlər çaldığı yerdə, Müqəddəs bir qisas aldığı yerdə, Şəhid məzarının olduğu yerdə Vətən çiçək açıb tər gülləriylə. 1oktyabr 2021
ŞEİR YAZANDA Yazam, yamac ətirli. Payızam, yağışları çətirli. Yayam. Qışam. Belə yaranmışam. Dörd fəsli yaşayıram bir anda, şeir yazanda. 3 may 2019
İŞIQ DA, ZÜLMƏT DƏ… Vaxtın da quş kimi qanadları var, Güzəştə getməyən iradları var. Zamanın qəribə təzadları var, İşıq da, zülmət də əkiz doğulub. * * * Talelər bir quru tükdən asılı, Çiyninə aldığı yükdən asılı, Pöhrələr rişədən, kökdən asılı, İşıq da, zülmət də əkiz doğulub. * * * Yalanı, gerçəyi özəyindədir, Nəyi var, nəyi yox, öz əlindədir, Kainat bir cəzbin üzərindədir, İşıq da, zülmət də əkiz doğulub. * * * Dünyanın sirrini bilməyib kimsə, Ha tut bu dünyanı, ağla, gülümsə. Əzəli yaranış, sonu ölümsə, İşıq da, zülmət də əkiz doğulub. Payız, 2016
VAXTI YOXDUR Yer fırlanır, göy fırlanır, Dünya, başın gicəlibdir. Bu sərsəri karuseldə İnsanlıq da kiçilibdir. * * * Çox çıxmışıq cızıqdan biz, Sonu nədir qurğumuzun? Vallah, bizə baş qoşmağa Vaxtı yoxdur Tanrımızın! 18 avqust 2018
HAQQA QƏBİR QAZDIRANLAR Çox göz yumub yalanlara Düzü düzdən azdıranlar. Meydan verər talanlara Pisi yaxşı yazdıranlar. * * * Fəndgir dinər ikibaşlı, Əlsiz qalar gözü yaşlı. Bilməz neylər başı daşlı, Yazıq yuxu yozduranlar. * * * Haqqın özü hesab çəkər, Haqq ucalar, nahaq çökər. Ərmuğan, bil, boyun bükər Haqqa qəbir qazdıranlar. 10 mart 2018
DE SÖZÜNÜ Büdrəsən də, qalx ayağa, Vurma yerə tez dizini. Dünya budur, həyat belə, İpəyindən seç bezini. * * * Biçiləni biçir dünya, İçiləni içir dünya, Keçilməzi keçir dünya, Kim doyurdar, kim, gözünü?! * * * Sinəni heç oyma nahaq, Ürəyinə qıyma nahaq. Vədəsinə uyma nahaq, Çox bozardıb tərs üzünü. * * * Dərd ümmandır, dərd dəryadır, Dərdsiz dünya nə dünyadır?! Barsız ömür boş səhradır, Əməlində gör özünü. * * * Pay gözləmə boğçasından, Vəfa umma axçasından, Pisi ayır yaxşısından, Əyrisindən seç düzünü. * * * Sual sorğu, nida cavab, Talelərin işi xarab. Bir gün varsa orda hesab, Doğru yolda tap izini. * * * Dünya bizdən bac alıbdır, Demə daha qocalıbdır. Qocaldıqca ucalıbdır, Gəz dağını, gəz düzünü. * * * Zaur, dünya baş aldadır, Verdiyini geri alır, Sonda tək bir məzar qalır, Vaxt var, yaşa, de sözünü. 3 fevral 2018
VARMI Oradan buraya gəldik, Ərsəyə-araya gəldik. Haradan hayana gəldik, Bu halda can tabı varmı? * * * Beş günü qaradır yerin, Hər yeri yaradır yerin. Gəlmişəm, buradır yerim, Daha bir əzabı varmı? * * * Dəryaya qərq olub dürrü, Gizlinə bürünüb sirri. Ha dolan bu küllü-ərzi, Suala cavabı varmı? * * * Vaxtımız ələkdən keçir, Qəbrimiz bələkdən keçir, İşimiz mələkdən keçir, Yenə bir hesabı varmı? * * * Əzəldən sonraya yol var, Adəmdən Tanrıya yol var, Dünyadan dünyaya yol var, Günah var, savabı varmı? 10 mart 2018
ALLAH, BURDAN DEVİR MƏNİ Hər ahım bir anı üzür, Nəfəs-nəfəs əriyirəm. Dərddən təzə dərd doğulur, Dərdi dərdə dirəyirəm. * * * Didilirəm didim-didim, Uduluram udum-udum. Can yormuşam addım-addım, Günlərimi sürüyürəm. * * * Dərd məhbəsdir, qəlb əsiri, Bitməz vaxtın kəm-kəsiri. Neyləyir dərd mən yesiri?! Ayaq üstə çürüyürəm. * * * Soruşmayın, bu nə haldır? Bu nə vaydır, nə məlaldır? Könlüm dolu, dilim laldır, Kilidlənib kiriyirəm. * * * Dərd bezdirib daha canı, Dərdi məndən qovan hanı? Ahlarımla bu dünyanı Mən özümə bürüyürəm. * * * Həyat, ölüm… yollar haça! Dərd çıxarmı, görən, puça?! Dərd çölündən qaça-qaça, Dərd içinə yeriyirəm. * * * Dərdmi belə sevir məni?! Dərd acgözdür, yeyir məni! Allah, burdan devir məni, Bax, yoluna yüyürürəm. 16 yanvar 2018
DARLIQ Ayaqlarım ilişib Yer kürəsi tələsinə. Təpiklərimlə döyəcləyirəm divarlarını dünyanın. Nə qaça bilirəm, Nə uça bilirəm bu darlıqdan. 30 yanvar 2018
YAŞAYASAN BU YAYI Söyüd çətirli, Çiyələk ətirli, Tut qoxulu, Oyaq-oyaq, yuxulu-yuxulu yay gəlir köhnə taxta məhəccərli, yaşıl sarmaşıqlı eyvana. Oturasan yay kölgəsində Dərdi bir yolluq olmayan kimi, Könlü qəhər-qəhər dolmayan kimi. Üzügülər, Gözügülər arzuların da dünyayla şirin-şirin zarafatlaşa çin çiçəklər işıq pəncərəsindən budaq-budaq, yarpaq-yarpaq daşa-daşa. Nə bir tələsi, qurğusu, Nə əzabları, Nə də can yoran sual-sorğusu ola həyatın. Ömür kimi, gün kimi dola həyatın. Yaşayasan bu yayı. 11 iyun 2018
BİLMİRƏM Ömür var-gəl edir vaxtın qapısı ağzında. Qapıdan içəridə bir həyat, çölündə ayrısı. Nəyi nəyə bağlayıb, nəyi nədən ayırır bu tale?! Olanına, olmazına Olummu, olmayımmı qane? Bilmirəm!.. 17 mart 2018
LÖVHƏ Ağaclar köksü göy uca dağ kimi, Bəyaz çiçəklər də ağ göyərçindir. Çör-çöplü yuvalar lap yumağ kimi, Gülən tumurcuğun yuxusu çindir. * * * Qızılı göldürmü qızıl lalələr?! Yel-yel ləpələnir yamac boyunca. Qol-boyun sarınıb tifil nanələr, Küləklər uğunur könlü doyunca. * * * Quşlar yığnaq qurub bir dar koğuşda, Hər damcı yeddi göy qatından gəlir. Əynini isladıb bu yaz yağışda, Qoxusu daşından, otudan gəlir. * * * Qalxıb dan yerindən yol gəlir bahar, Gözündə durulur bulud dolu su. Titrək nəfəsini bu torpaq duyar, Ilıq təbəssümü günəş dolusu. 11 mart 2018
YAĞIŞ DAMCILARI Yenə yağış yağır, damcı-damcı zər, Yenə yağış yağır, damcı təzə-tər. Buludlar alnından axır axın tər, Sellənib bir çılğın təşnəyə dönür. * * * Damcılar buludun odu, közüdür, Damcılar səmanın gülən gözüdür, Damcılar yağışın elə özüdür, Sədası şipşirin nəğməyə dönür. * * * Damcılar dupduru saf çeşmə kimi, Damcılar ətirli gül, qönçə kimi, Damcılar naz satır bir işvə kimi, Elə cilvələnir, qəmzəyə dönür. * * * Damcılar toxunub, ilmə-ilmədir, Damcılar söz-sözdür, kəlmə-kəlmədir. Damcılar boy atır, pöhrə-pöhrədir, Çətiri ucada zirvəyə dönür. * * * Su damır, bir bulud çatından gəlir, Yer üstə göylərin altından gəlir, Səmanın yeddinci qatından gəlir, Gəlir, xoş gəlişi müjdəyə dönür. * * * Damcılar, damcılar, ləçək damcılar, Hərəsi bir arzu, dilək damcılar. Göz yaşlarınımı mələk damcılar?! Könüldə bir ülvi səcdəyə dönür. * * * Damcılar yağışın öz yaraşığı, Paklıq mehrabında bir eşq işığı. Torpağın göylərlə qəlb barışığı Dinir dua-dua, qibləyə dönür. 11 sentyabr 2019
ƏBƏDİ BAHAR Bir zülmət içindən çıxıb günəşə, Özümlə gətirdim dünyama səni. Telinə taxdığım bircə bənövşə Əbədi bağladı yazına məni. 22 avqust 2018
ÖZÜNÜ MƏNDƏN QOPARMA Dilinə sözün yasağın, Qəlbinə kilid dodağın, Çəkilib əlin, ayağın, Bu yolun nədir niyyəti? * * * Aç mənə o lal sirrini, O zəhər, o bal sirrini. Bəxtə ver vüsal sirrini, Dur öldür diri həsrəti. * * * Göyümdən danı aparma, Sevdiyim anı aparma. Özünü məndən qoparma, Bu tale Tanrı qisməti. 10 mart 2018
İSTƏMİRƏM Mən ağladıqca Sən də süzülürsən gözlərimdən. İçim dolu sən imiş. Qorxuram, ayaqlarınla getdiyin kimi, göz yaşlarınla da tərk edəsən könlümü damcı-damcı. Daha ağlamaq istəmirəm. Qəlbimi sənsizliyə bağlamaq istəmirəm. 21 iyul 2018
SEVGİDƏN ÖTRÜ Həsrətə sevginin işığı düşdü, Ümidin ovcunda gəldin könlümə. Yollar ayrıcında sükut görüşdü, Bir anın özü də ömürmüş demə. * * * Tutub əlimizdən apardı bizi, Bu tale karvanı azmaya barı. Öpdük döngə-döngə məhəlləmizi, Qaçdıq küçəmizdən dünyaya sarı. * * * Kəsdik nəfəsini bəd şübhələrin, Çıxdıq dar içindən genişə yol-yol. Uymadıq felinə çox “bəlkə”lərin, Keçdik ay altından günəşə yol-yol Əbədi qalacaq sevgidən ötrü. Avqust, 2018
Bir gözəl arzulamışam. Elə gözəl ki, sevdiyim qədər sevə məni. Təkcə gözləriylə yox, qəlbiylə də görə məni.
DAHA HEÇ NƏ DANIŞMA
Kirpiklərin uzağa uzanan baxışlarının sonu bitməz həsrət vadisində yanıb qaralan qəm budağı. Damcı-damcı süzülən göz yaşların qəlbindən bir-bir qırılıb düşən küskün yarpaqlardır elə bil. Gözlərinsə, içinin güzgüsü. İçinin sazağı, bürküsü, İçinin yağışı, dumanı, Ümidi, gümanı, Səsi, Sükutu, Qəlbinin yanğılarda köz-köz alışan odu — Hər şey, hər şey gözlərində. Daha mənə heç nə danışma.
GECƏNİN SƏSSİZLİYİ
Gecənin səssizliyi Bir sükut yağışıdır. Gecənin səssizliyi Bir yağış naxışıdır. * * * Gecədə özgəlik yox, Gecədə doğmalıq var. Sirdaşım olub gecə, İçimdə tənhalıq var. * * * Gecənin səssizliyi Qəlbimdə dinən səda. Bu gecə bəyaz gecə, Bu gecə nurdan ada. * * * Dünyanın o başına Gedən yol burdan keçir. Yol uzun, yol kəsədir, Genişi dardan keçir. * * * Sözümü bircə-bircə Gecəyə danışıram. İçimdən süzülürəm, Gecəyə qarışıram. * * * Gecənin səssizliyi Sükutumun oxşarı. Könlümə gecə dolub, Dolub, yağsam, yaxşıdır.
XƏYALIN
Həsrət qaranlığında işıq-işıq anıram sevgimizi. Bir ürəklik gündüzlükdür qəlbimin otağı. Zülməti yarıb keçən bəyaz bir dünya hopub ruhuma. Sənin əvəzinə xəyalın gəlib qapıma.
XATİRƏLƏRLƏ BİR QALANDA
Tənhalığın səni xatırladır mənə. Narın yağışdan sonrakı torpaq qoxusutək, Bir bənövşə yuxusutək kövrəkliksən. Ümidsizlik ağrısını içimdən çıxaran həsrət acısı şirinmiş nə qədər… Bircə xatirələrdən ayrılmağım olmaya.
ÖMRÜMDƏSƏN
Evimdən getmisən, ömrümdən ki getməmisən. Nə olsun, əlyetməzindəsən əllərimin. Ötənlərin indi də duyum-duyum anılan illərimin. Sən hələ də özümdəsən, Ömrümdəsən.
BİR GÖRDÜM Elə sevdim səni sevgiyə tapınandan. Səni də, özümü də bir gördüm iki qəlbdə, ruhumuzu tanıyandan.
KÖNLÜMDƏ SƏN DİNƏNDƏ
Duyğularımın şeirləşən çağı! Səninlə qalmaq istəyirəm zamansız zaman boyu. Ruhumla yoğrulan ömür tikəsinə dad gətirənim. Harayıma dünyaları yetirənim. Çəkilər gözlərimin gecə yuxusu. Hopar içimə taleyimin olar-olmazından keçən sevincləri, qəm qarışıq yer-göy dolusu könlümdə sən dinəndə. Sən mənə: — Səninəm! — deyəndə.
YAYIN SON ÇAĞI
Başını tovlayıb alır ovcuna Bu yayın yerini payızın göyü. Qızaqol köynəktək bükülür qat-qat Vaxtın dolabında yayın bu günü. * * * Bol olur yağışdan payız buludu, Yayın dalınca mən ağlaya biləm. Alır əllərimdən yayımı payız, Bu yayı gizlədib saxlaya biləm. * * * Vida görüşüdür yayın son çağı, Kafe qapısıtək bağlanır üzü. Bir qonaqevindən ayrılıb gedir, Dinir xatirəli köçünün izi. * * * Vağzal yolundadır, orda gözləyir, O həsrət qatarı indicə gələr. Kövrək baxışımla ötürüb yayı, Əlacsız sükutum: “Hələlik!..” — deyər. * * * Geriyə boylanıb baxsam da hərdən, Payızın əlləri çəkir çiynimi. Kəsişən yollarda ayrılmaq da var, Qayıdıb dəyişim daha əynimi.
QOY OXUSUN GÖZLƏRİNİ GÖZLƏRİM Bir görüşün yollarına çən düşüb, Bir eşqinmi saçlarına dən düşüb?! Məndən özgə de, könlünə kim düşüb? Qoy oxusun gözlərini gözlərim. * * * Ürəyimi göynədəcək yanğısı, Telin olsun bu yaramın sarğısı. Kimdir, görən, o inamın oğrusu? Qoy oxusun gözlərini gözlərim. * * * Ümid dinir, güman dinir gözündə, Sükut dolu ümman dinir gözündə, Bir gerçəyi uman dinir gözündə, Qoy oxusun gözlərini gözlərim. * * * Kirpiyinin kölgəsimi gizlənən? Yad baxışla özgəsimi gizlənən? Bəlkə, mənəm öz-özüylə izlənən? Qoy oxusun gözlərini gözlərim. * * * Sevgilərdə doğru da var, yalan da, Sevgilərdə sayğı da var, talan da. Bu ömürdə olmayan var, olan da, Qoy oxusun gözlərini gözlərim. * * * Hansı vədə, hansı sözdür nəhs düşüb? Düz yozulan gərdişimiz tərs düşüb. Günah kimdə, qınaq kimdə, bəhs düşüb? Qoy oxusun gözlərini gözlərim. * * * Gülüm, and iç bu sevginin adına, Gülüm, yetək biz bu eşqin dadına. Ərmuğandır, sevib, düşüb oduna, Qoy oxusun gözlərini gözlərim.
ÜRƏYİMƏ Gözümdən axır göz yaşı, Nəmi yığdım ürəyimə. Dərdin mənə yol yoldaşı, Qəmi yığdım ürəyimə. * * * Ərşə çəkdin sən yuxumu, Həm azımı, həm çoxumu. Əkdin bircə dərd toxumu, Zəmi yığdım ürəyimə. * * * Bir gileyin min davası, Bir talanam, eşq yuvası. Köklənmişəm, var havası, Dəmi yığdım ürəyimə. * * * Məni məndən alan aldı, Məni məndə oda saldı. Kimim getdi, kimim qaldı? Kimi yığdım ürəyimə? * * * Ərmuğan, bil, dərdim çoxdur, Başım üstə şimşək çaxdı. Vayıma el şərik çıxdı, Cəmi yığdım ürəyimə.